Kulis.az Məmmədrza Afiyətin farscadan tərcüməsində Səməd Behrənginin “Çuğundursatan oğlan” hekayəsini təqdim edir.
Neçә il bundan әvvәl bir kәnddә müәllimlik edirdim. Mәktәb bir qapısı, bir pәncәrәsi olan kiçik otaqdan ibarәt idi vә özü dә kәnddәn tәqribәn yüz metr aralıda yerlәşirdi. Otuz iki şagirdim var idi. On beşi birinci, sәkkizi ikinci, altısı üçüncü, üçü isә dördüncü sinifdә oxuyurdu. Mәni ora payızın axırlarında göndәrmişdilәr. Uşaqlar iki-üç ay müәllimsiz qaldıqlarından mәni görәn kimi sevindilәr. Dәrslәr dörd-beş gün lәng keçdi. Nәhayәt, uşaqları çöldәn, fәrş emalatxanalarından, ordan-burdan birtәhәr ki, yığa bildim. Uşaqların çoxusu dәrs olmadığından xalçaçı Hacıqulunun karxanasında işlәmәyә getmişdilәr. Zirәklәri gündә on-on beş qran әmәk haqqı alırdı. Hacıqulu buraya şәhәrdәn gәlmişdi. Çünki kәnddә karxana açmaq ona daha sәrfәli idi: şәhәr fәhlәlәri daha çox әmәk haqqı tәlәb edir vә gündә qırx qrandan az almırdılar. Amma kәnddә yüksәk әmәk haqqı iyirmi qrandan otuz qrana qәdәrdi.
Kәndә gәlişimdәn on gün ötmәmişdi ki, bәrk qar yağdı, yer buz bağladı. Soyuğun qabağını almaq üçün qapı-pәncәrәnin dәlmә-deşiyinә kağız yapışdırdıq. Bir gün üçüncü vә dördüncü siniflәrin şagirdlәrinә imla yazdırırdım. Birinci vә ikinci sinif uşaqları isә bayırda idilәr. Qapının arxasından nazik bir sәs eşidildi:
— Lәbu (1) gәtirmişәm, lәbu gәtirmişәm, uşaqlar! İsti, şirin lәbu!
Sinif nümayәndәsindәn soruşdum:
— Bu kimdir?
O dedi: — Özgә adam deyil ağa... Tarverdidir. Qışda lәbu satır. İstәyir sәn deyim içәri gәlsin.
Qapını açdım. Tarverdi çuğundur qazanı ilә içәri girdi. Baş-gözünü köhnә yun şalla sarımışdı. Ayağının birinә köhnә qaloş tayı, o birisinә isә adi kişi ayaqqabısı geymişdi. Köhnә, uzun pencәyi dizlәrinә çatırdı, әllәrini pencәyinin qolunda gizlәtmişdi. Burnunun vә barmaqlarının ucu şaxtadan qızarmışdı. On-on iki yaşı olardı.
O, salam verdi. Çuğundur qazanını yerә qoyub: — Ağa, — dedi, — icazә verin әllәrimi qızdırım?
Uşaqlar o saat Tarverdini peçin qırağına çәkdilәr. Oturmaq üçün öz sәndәlimi ona tәklif etdim.
Oturmadı vә dәrhal dedi:
— Yox, ağa, elә buradaca oturaram.
O biri uşaqlar da Tarverdinin sәsini eşidib otağa doluşmuşdular. Bir qәdәr qızışdıqdan sonra Tarverdi dillәndi:
— Ağa, çuğundur yemәyә meyliniz varmı?
Cavab gözlәmәdәn qalxıb çuğundur qazanına tәrәf getdi. Neçә rәng parçadan yamanmış nәm dәsmalı qaldırdı. Bu zaman qazandan buxar qalxdı. Çuğundurun üstündә dәstәli bıçaq var idi. O, seçib götürdüyü çuğundurlardan birini mәnә uzadıb dedi:
— Yaxşı olar ki, özünüz soyasınız, bәlkә mәnim әllәrimdәn... Biz kәndliyik, şәhәr görmәmişik. Adәt-әnәnәlәrini dә bilmirik.
O, dünyagörmüş qocalar kimi danışdı. Çuğunduru ovcuma qoydu. Qabığını soydum, tünd qırmızı vә xoş rәngli çuğundur oldu. Bir dişlәm vurdum. Çox şirin idi. Bu an sinfin lap axırında oturan Novruz dillәndi:
— Heç kәsin çuğunduru Tarverdininki kimi şirin deyil.
Sinif nümayәndәsi dә onun sәsinә sәs verdi:
— Ağa, bu çuğundurları bacısı bişirir, Tarverdi dә satır. Anası uzun müddәtdir xәstәdir.
Tarverdinin üzünә baxdım. Üz-gözündәn şirin tәbәssüm vә mәrdlik yağırdı. Şәrfini açmışdı. Başının tüklәri qulaqlarını örtmüşdü. O, üzümә baxdı:
— Hәrәnin bir işi var, ağa, — dedi, — bizim işimiz dә budur.
— Tarverdi, anana nә olub? — soruşdum.
— Ayaqları tutulub. Nә olduğunu doğrusu mәn özüm dә yaxşı bilmirәm. Kәndxuda deyir ki, iflic olub.
Atasını soruşmaq istәyәndә sözümü ağzımda qoydu.
— Ölüb!..
Uşaqlardan biri araya çökmüş sükutu pozdu:
— Ona qaçaq Әsgәr deyәrdilәr.
— Yaxşı at sürürdü. Bir gün dağların başında әmniyyәlәrin (2) atdığı güllәdәn hәlak oldu, özü dә atın belindә, — deyә Tarverdi sәslәndi.
O yan-bu yandan bir xeyli söhbәt etdik. Üç-dörd qrav da çuğundur verib getdi. Nә qәdәr elәdimsә, mәndәn pul almadı:
— Bu dәfә mәnim qonağımsan, — dedi. — Gәlәn dәfә pul verәrsәn. Elә bilmә kәndliyik. Biz dә bir şey qanırıq...
Tarverdi qarın üstü ilә kәndә tәrәf gedә-gedә ucadan deyirdi:
— Ay lәbu, isti, şirin lәbu! Gәlin, ay camaat, gәlin lәbu alın!
Uşaqlar mәnә Tarverdidәn çox şey danışdılar. “Solmaz adlı bir bacısı var. Özündәn iki-üç yaş böyükdür. Atası sağ ikәn pis dolanmırdılar. Sonra fәlakәtә düşdülәr. Әvvәl bacısı, sonra özü xalçaçı Hacıqulunun karxanasına işlәmәyә getdilәr. Bir müddәtdәn sonra Hacıqulu ilә sözlәri düşdü, karxanadan çıxdılar...”
Rzaqulu da, Әbülfәz dә Tarverdi barәdә bildiklәrini danışdılar:
— Ağa, bişәrәf Hacıqulu bacısına pis nәzәrlә baxırdı.
Tarverdi Hacıqulunu dәfә (3) ilә vurub öldürmәk istәyirdi.
Tarverdi hәr gün bir-iki dәfә mәktәbә baş çәkirdi. Çuğundurlarını satandan sonra hәrdәn gәlib sinifdә oturur, dәrslәrә qulaq asırdı... Bir gün ondan soruşdum:
— Tarverdi, eşitdiyimә görә Hacıqulu ilә dava elәmisәn. Bunun nә üstә olduğunu mәnә deyә bilәrsәn?
Tarverdi:
— Keçmişin söhbәtidir, ağa — dedi, — başınızı ağrıtmağa dәymәz.
— Әhvalatı bütün tәfsilatı ilә birәr-birәr danışsan, mәmnuniyyәtlә qulaq asaram, —dedim.
Tarverdi söhbәtә başladı:
— Mәn bacımla lap uşaqlıqdan Hacıqulunun yanında işlәyirdim. Bacım işә mәndәn qabaq düzәlmişdi. Mәn onun әlinin altında işlәyirdim. O iki tümәn alırdı, mәn dә ondan bir qәdәr az. İki-üç il әvvәl anam yenә dә xәstә idi, işlәmirdi. Karxanada bizdәn başqa otuz-qırx uşaq işlәyirdi. Elә indi dә işlәyirlәr. Sübhdәn bacımla işә gedib, günorta qayıdırdıq. Günortadan sonra gedib axşam evә dönürdük. Bacım karxanada başına çadra örtsә dә üzünü gizlәtmirdi. Çünki ustalarımız atamız yerindә idilәr. Burada özgә sayılan uşaqlardı, bir dә әrbabımız Hacıqulu. Sәnә nә deyim, ay ağa, axır zamanlar bişәrәf Hacıqulu gәlib bizim başımızın üstündә dayanır, gözlәrini bacımın üzündәn çәkmirdi. Hәrdәnbir dә әlini bacımın, mәnim başıma çәkir, öz-özünә gülә-gülә uzaqlaşırdı. Ürәyimә heç nә gәtirmirdim. Fikirlәşirdim ki, әrbabımızdır, bizә mәhәbbәt göstәrir. Bir müddәt ötdü. Bir dәfә cümә axşamı hәftәlik muzdumuzu alanda bacıma bir tümәn әlavә pul verdi: — Ananız xәstәdir, bu bir tümәni ona xәrclәyәrsiniz, — dedi vә bacımın üzünә qımışdı. Onun bu hәrәkәtindәn xoşum gәlmәdi. Heç nә olmamış kimi, bacım bir söz demәdi. Hәr ikimiz evә —anamızın yanına döndük. Hacıqulunun bacıma әlavә pul verdiyini bilәn kimi anam fikrә getdi, — bundan sonra sizә artıq pul versә götürmәzsiniz, — dedi.
Ertәsi gün ustalarımız vә böyük uşaqlar arasında pıç-pıç başladı. Onlar bir-birinin qulağına nәsә deyirdilәr, ancaq çalışırdılar ki, biz eşitmәyәk. Ağa, nә başını ağrıdım, o biri cümә axşamı hamıdan sonra muzd almağa getdik. Hacı özü tapşırmışdı ki, onun yanına ara xәlvәtlәşәndәn sonra gәlәk. Nә isә, әmәk haqqımızı almağa gәldik. Hacı yenә әlavә pul tәklif etdi:
— Sabah sizә gәlәcәyәm, —dedi, —ananıza sözüm var. —Bacımın üzünә baxıb şit-şit qımışdı. Qızın rәngi qaçdı, başını aşağı dikdi.
— Ağa, sәn allah, mәni bağışlayın. Bir dә, özünüz buyurdunuz ki, nә olub hamısını birәr-birәr danışım. Bәli, Hacının pulunu özünә tәrәf itәlәdim: — Hacı ağa, —dedim, bizә әlavә pul lazım deyil. Anamın acığı gәlir. — Hacı yenә özünü o yerә qoymayıb qımışdı vә dedi:
— Canım, axmaq olma, sәninlә, ananla deyil ki, xoşunuza gәlә, ya gәlmәyә.
Hacı pulu götürüb bacımın ovcuna basmaq istәdi. Bacım dala çәkilib bayıra qaçdı. Hirslәnmişdim, az qala ağlayacaqdım,- Gözüm mizin üstündәki dәfәyә sataşdı. Götürüb Hacıya tәrәf tolazladım. Dәfә üzünü parçaladı, qan axmağa başladı. Hacı haray çәkib kömәkçi çağırdı. Mәn bayıra qaçdım. Evimizә gәldim. Sonra nә olduğunu bilmәdim. Bacım anamın böyrünә qısılıb xısın-xısın ağlayırdı.
Axşam kәndxuda bizә gәldi. Hacıqulu mәnim әlimdәn şikayәtlәnib sifariş göndәrmişdi ki, mәn onlarla qohum olmaq istәmәsәydim, Tarverdini әmniyyәlәrin әlinә verәrdim, dәdәsini yandırardılar. Sonra kәndxuda üzünü anama tutub dedi:
— Hacı mәni elçiliyә göndәrib, ya “hә” de, ya “yox”.
Anam nә lazımdır dedi:
— Hacının şәhәrdә bir bölük arvad-uşağı var. Bundan әlavә, hәlә bir neçә siğә dә saxlayır. Mәni bağışla, ağa, lap kaftar itә oxşayır. Ağarmış saqqalından, tökülmüş dişlәrindәn utanmır, kaftarın biri, kaftar! Yüz qızım olsa, birini dә bu kaftara vermәrәm, öz dәrdimiz özümüzә bәsdir. Ay kәndxuda, sən yaxşı bilirsәn ki, belә adamlar biz kәndlilәrlә doğrudan-doğruya heç vaxt qohum ola bilmәzlәr.
Kәndxuda:
— Bәli, — dedi, — sәn düz buyurursan, Hacıqulu qızı siğә elәmәk fikrindәdir. Amma qәbul etmәsәn uşaqları karxanadan çıxaracaq. Sonra da әmniyyәlәrin dәrd-sәri başlayacaq. Bunu yadından çıxarma.
Bacım anamın böyrünә qısılıb hıçqıra-hıçqıra:
Daha karxanaya getmәyәcәyәm, —deyirdi, —ondan qorxuram... Mәni öldürәr...
Ertәsi gündәn bacım karxanaya getmәdi. Mәn tәk getdim. Üzünü dәsmalla bağlamış Hacıqulu qapının ağzında dayanıb tәsbeh çevirirdi. Qorxudan yaxınına getmәdim. O isә mәni görәn kimi dedi:
— Oğlan, gәl keç içәri, sәninlә işim yoxdur.
Mәn qorxa-qorxa ona yaxınlaşdım vә qapıdan keçmәk istәdikdә boynumun ardından tutub karxananın hәyәtinә itәlәdi. Sonra da yumruqla, tәpiklә başladı mәni әzişdirmәyә. O qәdәr vurdu ki, yuxa kimi yayıldım. Nәhayәt, әlindәn qurtarıb çığırdım:
— Bişәrәf! Mәnә dә qaçaq Әsgәrin oğlu deyәrlәr! — Tarverdi nәfәsini dәrib sözünә davam etdi:—Onu da deyim ki, elә oradaca öldürmәk istәyirdim. Ancaq fәhlәlәr tökülüb mәni tutdular, evimizә apardılar. Hirsimdәn ağlayır, özümü yerә çırpır, Hacını söyürdüm. Sifәtimdәn qan sızırdı. Nәhayәt, sakitlәşdim. Bir keçimiz var idi. Bacımla birgә qazandığımız iyirmi tümәnә almışdıq. Onu da satdıq. Topladığımız qәpik-quruşla bir-iki ay dolandıq. Nәhayәt, bacım çörәkçi bir arvadın yanında işә düzәldi. Özüm isә... Rastıma-qismәtimә düşәn hәr hansı işin qulpundan yapışdım. Birtәhәr ki, necә deyәrlәr, çulumuzu sudan çıxardırıq...
— Tarverdi, bacın nә üçün әrә getmir? —soruşdum.
O, utana-utana üzümә baxıb astadan qımıldandı:
— Çörәkçi arvadın oğluna nişanlanıb. İndi birlikdә çalışıb çehiz hazırlayırıq ki, toylarını elәsinlәr.
Bu ilin yayında keçmişdә müәllim olduğum hәmin kәndә gәzmәyә getmişdim. Çöldә, qabağında qırx-әlli qoyun-keçi otaran Tarverdiyә rast gәldim. Soruşdum:
— De görüm, bacının cehizini düzәldә bildinizmi?
— Bәli! — dedi, — Hәlә toyunu da elәdik. İndi öz toyum üçün pul yığmağa başlamışam...
1. Ləbu - çuğundur
2. Әmniyyә — jandarm.
3. Dәfә — xalçaçılıqda işlәdilәn alәt.
Mənbə: Kultura.az