Kulis.az İmran Bədirxanlının “Bütün Mələklərin harayı” yazısını təqdim edir.
Oxuculara hələlik birinci bölümü təqdim edilmiş “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanı, mənə görə, XXI əsr Azərbaycan realist nəsrində hadisəyə çevrilməyə iddialıdır.
Müəllifini şəxsən tanımadığım “Bircə” təxəllüslü nasirin qələminin məhsulu olan “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanının birinci bölümünü “kulis.az” saytından oxudum. Bəri başdan vurğulayım ki, əsər portalda (eləcə də, ona istinadla romanı yayımlayan digər saytlarda) minlərlə (mənim təxmini hesablamama görə, 8 minə qədər) oxucu toplayıb. Deməli, bu əsər maraq doğurub, diqqət çəkir, deməli, onda “nəsə var”. İlkin təəssüratım belədir: Bircənin nənəsinin xatirəsinə bağışladığı avtobioqrafik romanı çağdaş ədəbiyyatımızda bənzəri olmayan sənət nümunəsidir.
...Mələk ötən əsrin 70-80-ci illər Sovet Azərbaycanında böyüyüb boya-başa çatmış tipik əyalət qadınıdır. Az qala islamaqədərki ərəb dünyasında olduğu sayaq qız övladların arzulanmadığı çoxuşaqlı bir ailədə doğulan Mələk ağlı kəsəndən özünü anasına artıq yük, doğmalarına yad varlıq, qardaşları üçün nəslin adını, şərəfini zədələyə biləsi şübhəli məxluq sanıb.
O, bu ailədə natamamlıq komplekslərinin geniş spektrini əxz etməli idi. Amma eləmədi. Çünki o qüsurlu cəmiyyətdə Mələyə həyan olan, başını tumarlayan, saçlarını hörən, gecələr ona şirin nağıllar danışan, ölənədək nəvəsinə dəstək olan bir Nənə vardı. Xilaskar Nənə! Onu fiziki cəzalardan, acı tənələrdən qoruyan Nənə! Təlqin olunan şübhə, qəzəb və nifrət əvəzinə içini sevgiylə, səmimiyyətlə, su saflığıyla dolduran Nənə! Darısqal və kasıb daxmasında Mələyə dünyaya sığmayan böyük ürək bəxş edən Nənə! Bircənin bircə nənəsi!
Haşiyə: Müəllifin özünə təxəllüs götürdüyü “Bircə” sözü ilkin semantik mənasından savayı həm də maraqlı və fərqli etimologiyaya malikdir. Anadoluda, xüsusilə Ərzurum və ətraf bölgələrdə yaşayan səlcuq türklərində Bircə ataya, böyüyə müraciət formasıdır. Etnik cəhətdən özlərini həmin elatın xələfləri hesab edən respublikamızın Xaçmaz və Qusar rayonlarındakı türk kökənli əhalinin, ayrıca mənim doğulub-böyüdüyüm Həsənqala kəndi sakinlərinin leksikonunda Bircə müraciəti bu gün də yaşamaqdadır. Bu söz adətən qardaşı olmayan ataya ünvanlanır...
...Müəllif ərgənlik yaşına qədəm qoyan Mələyin intim duyğularını, zərif cinsin fizioloji çırpıntılarını necə varsa eləcə, bəzi məqamlarda hətta ədəbi etikanın sərhədlərini “pozan” formada, çəpərsiz təsvir edir. İntəhası, qəhrəmanının, yəni özünün yaşadıqlarını anladarkən yazar o dərəcədə səmimi, düzyana və xoşniyyətlidir ki, oxucu əsərdən aldığı təəssüratda “yasaq” çalarların olduğunu ağlına belə gətirmir.
Bircənin ədəbi məharəti, zahirən çox sadə görünən təhkiyə üslubunun çoxqatlılığı onun zəngin təfəkküründən, geniş dünyagörüşlü, mütaliəli, janrın meyarlarına bələd olmasından xəbər verir. Birinci bölümdə ailəsi, doğmaları tərəfindən Mələyin başına gətirilən müsibətlərlə oxucusunu az qala əvvəldən axıra kimi ekstrim-şokda saxlamağı bacaran müəllifin prozaik qabiliyyətinin mükəmməlliyinə heyran olmaya bilmirsən.
Bircənin şirin və çoxçalarlı təhkiyəsi yeni nəsil yazarların əksəriyyətində müşahidə etmədiyimiz ana dilimizin folklor kimi dupduru kəhriz qatından qaynaqlanmanın nəticəsidir. Başına gələn müsibətləri dastan kimi, nağıl kimi danışması müəllifin milli-filoloji köklərə bağlılığının bəhrəsidir. Olduqca maraqlı analitik müşahidələr, içinə enmələr, bənzətmələr, fərdi faciənin müqayisə, simvol və işarələrlə ictimailəşdirilməsi, müəllifin özünü modelləşdirməsi hazırlıqlı oxucunun gözündən yayınmır.
Onun öz dərdini, yaşadığı əzabları on illərlə yolunu gözlədiyi Dostuna xitabən anlatması, dilin alt qatlarında sərrast gəzişmələrlə çatdırması ayrıca qeyd olunmalı cəhətdir. Bəs qəhrəmanın “Dost” deyə üz tutduğu, imdad dilədiyi, intizarla yolunu gözlədiyi o kimsənə kimdir? Sevgilisi, Simurq quşu, Ədalət ilahəsi Femida, Ağ atlı oğlan, Mehdi, yoxsa Tanrının Özü? Bəlkə Mələk Dost deyəndə bunların hamısını eyni vaxtda nəzərdə tutur? Maraqlı priyomdur...
Haşiyə: Azərbaycan ədəbiyyatında qadın yazıçı çox olmayıb, avtobioqrafik roman yazanlar isə barmaqla sayılası qədərdir. Bunlardan ən məşhuru neftxuda Mirzə Əsədullayevin bolşevik inqilabından sonra Bakıdan Fransaya mühacirət etmiş qızı Ümmülbanu (Banin) xanımdır. Onun 1945-ci ildə Parisdə fransız dilində çap olunmuş “Qafqaz günləri” romanını 1989-cu ildə dilimizə Hamlet Qoca çevirib. Həm də qısa ixtisarla. Romanın Bakı milyonçularının həyat tərzi, bəzilərinin uşaqbazlığı, müəllifin bibisi oğlanlarının bağ qonşuları erməni qızıyla çıxardıqları intim oyunlar, o dövrdə zənginlərin dəbdə olan digər “maraqlı” məşğuliyyətləri təsvir olunan III fəslinin bir bölümü məhz bu səbəbdən tərcümə və çap olunmayıb. Ümumiyyətlə, “Qafqaz günləri” Ümmülbanunun özündən daha çox Bakı mühitindən, dövrün ictimai-siyasi, mədəni hadisələrindən bəhs edir.
...Bəli, “Cəhənnəmdən keçmiş mələk”də skeptik-mühafizəkar tənqidçinin erotik adlandıra biləcəyi açıq-saçıq səhnələr də var. Amma yuxarıda qeyd etdiyim kimi, bu təsvirlər o dövrü, konkret o situasiyanı yaşamış Azərbaycan qadınının əzab və iztirablarının çılpaq mənzərəsidir. Nə qədər ağrılı olsa da, oxucu bunların gerçəkliyinə şübhə eləmir. Üstəlik, həyatda baş verənləri bu qədər uğurla ədəbiyyat faktına çevirməyə parlaq istedad, peşəkar qələm, dərin təfəkkürlə yanaşı, böyük ürək və böyük cəsarət lazımdır.
Ötən əsrin ikinci yarısındakı Azərbaycan əyalətinin, həmin dövrün sosial-ictimai gerçəkliyinin geniş anlamda mental mənzərəsi Mələyin daxili monoloqlarında bütün çılpaqlığıyla göstərilir. Taleyin qəddarcasına sınağa çəkdiyi, həyatın acı dərs verdiyi Mələk Bircənin özüdür. Ərköyün nəvə, sözəbaxan övlad, diribaş qulluqçu, nümunəvi tələbə, vəfalı rəfiqə, həm də sözündən dönməyən inadkar azərbaycanlı qızı Mələk!
Müəllif özünün timsalında taleyinin xəritəsi sosialist Azərbaycanında cızılmış bütün Mələklərin, xüsusilə də əyalət Mələklərinin ümumiləşdirilmiş sosial-psixoloji obrazını yaradıb. Bu obraz yeri gələndə el-obanın qədim adətlərinə, cəmiyyətin şərqli-müsəlman tabularına, sakral dəyərlərinə qarşı çıxmağı da bacarır. Elə zifaf gecəsinin bir həftə uzanması qəhrəmanın gücə, zora xoşluqla boyun əyməməsinin, azad qadın iradəsinin simvoludur. Amma məğlubiyyət qaçılmazdır!
Bəs cəhənnəmin taybatay açılmış qapısından içəri keçməyə məcbur edilən Mələyi o dünyada nə gözləyir? Bunu romanın sonrakı bölümlərində görəcəyik.
P.S. Birinci bölümünün yenicə yekunlaşmasına baxmayaraq, mən sərlövhənin altında Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanının ədəbiyyatımızda hadisəyə çevriləcəyinə inandığımı yazdım. Bu qənaətim subyektiv olmaqla yanaşı, həm də sonrakı bölümlərdə müəllifin oxucuları, eləcə də ədəbi cameəni heyrətləndirməkdə davam edəcəyinə əminliyimdən irəli gəlir...