Azza, ölüm nə deməkdir? – Hədiyyə Şəfaqətdən YENİ HEKAYƏ

Azza, ölüm nə deməkdir? – <span style="color:red;">Hədiyyə Şəfaqətdən YENİ HEKAYƏ
13 fevral 2017
# 17:40

Kulis.az Hədiyyə Şəfaqətin “Azza” hekayəsini təqdim edir.

Azza xəstələndi. Əvvəl yorğunluq, halsızlıq hiss etdi. Sonra baş hərlənməsi gəldi. Səhər gəzintisini təxirə salmalı oldu, sabahısı gün heç binanın birinci mərtəbəsindəki marketə də düşəmmədi, günortadan sonra yatağına girdi, düşünürdü ki, bir az dincəlsə, keçəcək. Üçüncü səhər anladı ki, yerindən qalxa bilməyəcək. Kiməsə xəbər etsinmi, gözləsinmi, qərar verəmmədi. Beləcə, bir gün daha keçdi və səhər səsə oyanıb aramsız döyülən qapını açmaq üçün yatağından qalxmalı oldu.

Sədəf boynuna atıldı, qarı səndələdi, divara söykəndi:

- Yaxşı, yaxşı, ay şeytan, yıxacaqsan məni.

Qızcığaz qollarını Azzanın boynundan açıb aşağı sürüşdü, nənəsi qadının xəstə olduğunu başa düşüncə qolundan yapışdı, otağa keçdilər. Sədəf nə olduğunu anlamırdı, səsini çıxarmadan arxalarınca gəldi, dodaqlarını salladı.

Azza divanın küncünə oturdu, Sədəfi yanına çağırdı, qızcığaz çiynini çəkdi. Nənəsi qonşusunun əlini tutdu, başını yellədi...

***

Azza qocalmışdı. Qısa saçlarında bircə qara tel qalmamışdı. Arıqlamış, əllərinin damarları çıxmışdı. Ancaq gümrahdı, baxışları canlı, üzü işıqlıydı. Səhərlər çıxıb evinin yaxınlığındakı parkda gəzişər, bir az oturar, sonra tələsmədən qayıdar, dəyişməyən qaydayla marketdən bir günlük ərzağını alar, mənzilinə qalxardı.

Sədəf Azzanı nənəsigildə görüb tanımışdı. Qarı onu götürüb dizlərinin üstündə oturtmuş, yenicə dil açan qızçığazı danışdırmağa çalışmışdı:

- Adın nədir sənin?

- Sədəf - qızcığazın qarıya qanı qaynamışdı.

- Mənsə Əzizəyəm...

Qadının adı heç cür Sədəfin dilinə yatmamışdı. Anası düzəltməyə çalışsa da “Azza” deyib durmuşdu. Qadın onu qucaqlayıb öpmüşdü - Nə gözəl addır bu, mənim xoşuma gəldi - demişdi...

Necə oldu, necə alındı, heç kim hiss etmədi, bir də baxdılar ki, qız hər gün Azzagildədir...

Sədəfin qədəmləri Azzanın evinə təzə nəfəs, təzə həyat gətirdi. Əslində bunu təkcə qarı hiss etmirdi, Sədəf də uşaq ağlıyla ürəyi hara çəkirdisə ora can atırdı. Azzanın özü kimi qəribə, isti, təmizlik qoxulu, səliqə-sahmanlı, az əşyalı iki otaqlı mənzili də ona nağıllardakı gizli aləmlər kimi görünürdü.

Azzanın evində divar boyu dolablarda hər cür kitab vardı, Sədəf onlara heyran-heyran baxmaqdan yorulmurdu. Qarı Sədəfi qucağına götürür, imkan verirdi ki, qız heyranlıqla baxdığı kitablardan istədiyini seçsin. Sonra xalçanın üstündə bardaş qurub oturur, Sədəfin vərəqləri çevirməsinə tamaşa edir, bitib-tükənməyən suallarına səbrlə cavab verirdi. Anası hər axşam işdən qayıdanda Azzanın mənzilinə qalxır, qızını evə aparırdı. Azza onu dərhal yola salmağa tələsməzdi. Anası divanda oturub nələrdənsə danışa-danışa, gözucu qızına da nəzarət edərdi. İlk vaxtlarda nəyəsə toxunub korlayacağından, kitabları cıracağından, qabları sındıracağından ehtiyatlansa da Azza belə şeylərə görə qızı tənbehləməyə icazə vermirdi.

...Sonunda Sədəf vərəqləri o yan-bu yana çevirməkdən doydu, kitablardakı şəkillər adiləşdi. Azza ona nağıllar, hekayələr oxumağa başladı. Bəzən anlamadığı şeyləri dinləməli olurdu. Amma Azzanın sözünü kəsmirdi, anlamadığını üzə vurmurdu. Azza qızın harda yorulduğunu başa düşürdü, sınayıcı baxışlarını ona zilləyib gülümsəyir, durub mətbəxə gedirdilər. Sədəf bilirdi ki, burda onu həmişə dadlı nəsə gözləyir. Azza ona hazır heç nə almırdı, özü hazırlayırdı. Sədəfdən nə istədiyini soruşur, onu da işə qoşur, bunu da əyləncəyə çevirirdilər. Xəmiri birlikdə kəsir, qızcığaz kiçicik barmaqlarıyla onları içləyir, bükür, qatlayır, yayır, anlaşılmaz şeylərə çevirir, unla, şəkərlə əlləşir, kremi üst-başına yaxırdı. Azza gülür, işin sonunda Sədəfin üst-başını, barmaqlarında quruyan xəmiri təmizləyir, sonra oturub hazırladıqları şirniyyatla çay içirdilər. Axır ki, Azza ona önlük tikməyi qərara aldı. Sədəf sakitcə oturub baxır, önlüyün nə zaman hazır olacağını gözləyirdi. Sonda qarı önlüyün bir küncünə cib tikdi, üstünə rəngli saplarla göbələkli, otlu naxış saldı. Sədəf heyrətə gəlmişdi, ilk dəfəydi belə şey görürdü, ona elə gəlirdi ki, bu cür naxışları yaratmaq ancaq Azzanın bacaracağı işdir...

Sonra kiçik musiqi dərsləri başladı... Azzanın pianosu Sədəfin indiyədək gördüyü ən yaxşı şeydi. Sadə otağının bir küncündə qoyulmuş bu alətdə Azza ona heç yerdə eşitmədiyi melodiyalar çalırdı. Sədəf ilk dəfə pianonun qapağını açıq görəndə dinc durmamış, toxunuşu ilə çıxan səsdən dik atılıb ağlamışdı. Azza yan otaqdan yüyürüb gəlmiş, səbəbi anlayınca gülmüş - Ay şeytan, qorxdunmu? - deyib onu bağrına basmışdı. Qızcığaz boynuna almamışdı...

Bəzən musiqinin müşayiətiylə nəsə oxuyurdular, əvvəl qarı səslənir, Sədəf təkrar edirdi. Sonra bütün mahnını birlikdə təkrarlayırdılar. Bəzənsə Sədəf Azzayla yanaşı piano arxasında oturur, dillərin yarısı enində olan kiçicik barmaqlarını qorxa-qorxa basıb götürür, alınan səsləri anlamağa çalışırdı...

Azzanın evindəki rəngarəng aləm heç zaman gözəlliyini itirmirdi. Bəzi günlərdə qarı onu rəngbərəng karandaşlarla qarşılayırdı, birlikdə nəsə çəkir, rəngləyirdilər. Sədəf ağac çəkməyi də, çiçək çəkməyi də, ev çəkməyi də Azzadan öyrənmişdi. Azza onun rəsmlərini səliqəylə dəstələyir, üst-üstə yığıb dolabında saxlayırdı...

Heç nə tapmayanda albomlara baxırdılar. Azzanın albomları dolub daşırdı, şəkillərdən hər yaşda, hər görünüşdə, hər geyimdə adamlar boylanırdı. Pianosunun üstü, otağının divarları çərçivəyə salınmış şəkillərlə doluydu. Kiçikli-böyüklü oğalanlar, qızlar. Sədəf barmağını adamlara tuşlayb:

- Onlar kimdir? - deyə soruşmuşdu

- Onlar mənim uşaqlarımdır.

- Bu qədər? - Sədəf inanmamışdı - adamın da bu qədər uşağı olar?

- Olar, niyə olmur ki? - Azza gülümsəmişdi

- Bəs nəvələrin? - Sədəf bunu aşkar qısqanclıqla soruşurdu, düşünürdü ki, yəqin onun gələ bilmədiyi günlərdə Azza nəvələriylə əylənir, onlara da oxumaq, rəsm çəkmək, pianoda çalmaq öyrədir.

- Nəvələrin də var? Hardadırlar bəs? - Sədəf istəyirdi onları görsün, yoxlasın görək Azza kimi daha çox istəyir?

- Nəvələrim bağçaya gedirlər, məktəbə gedirlər, uzaqlarda yaşayırlar.

- Uzaqlarda? - Sədəf anlamaq istəyirdi, üstəlik də Azzanı belə çox adamla bölüşmək fikri heç xoşuna gəlmirdi - onlar niyə uzaqlardadırlar?

- Çünki onların ana-ataları - gülümsəyirdi - yəni mənim uşaqlarım, uzaqlarda yaşayırlar.

Azza bezmədən, usanmadan sualları cavablandırır, yaddaşının təzələnməsi, xatirələrin canlanması özünə də xoş gəlirdi. Amma qızcığazın könlünü almağın bir yolu olmalıydı. Qarı tezliklə bunu da həll etdi, rəngli, xətlərin hörümçək toru kimi necə gəldi əyri-üyrü çəkildiyi kağızı gətirib ortalıqda açdı:

- Sədəfcan, bax, bu xəritədir, dünyadakı bütün şəhərləri burda tapa bilərik, gəl baxaq görək onlar indi hardadırlar?

Azza barmaqlarını gah o, gah bu irili-xırdalı dairələrin üstünə qoyur, rəsmlərdən boylanan adamları göstərir - bax, bu burda yaşayır, həkimdir, bu qızım musiqiçidir, o da buradadır deyirdi.

- Sən bu qədər adamın hansının harada yaşadığını necə yadında saxlayırsan? - Sədəf təəccüblə soruşurdu.

- Sənin də uşaqların olunca bunu anlayacaqsan...

Qızcıqaz dəfələrlə görmüşdü ki, Azzanın qonağı var, tanımadığı adamlar gah tək-tək, gah da ikibir-üçbir gəlirdilər, Sədəf onlara baxır, sonra şəkillərdəkilərdən hansının onlar olduğunu anlamağa çalışırdı. Bəzən Azza bu kişilərlə, qadınlarla harasa gedirdi, onu gəlib aparır, sonra birlikdə qayıdırdılar. Uşaqları ona hədiyyələr - əsasən də kitablar gətirir, oturub saatlarla söhbət edir, çay içirdilər. Azzanın qonaqları olanda Sədəf sakitcə oyununu oynayır, rəsmləriylə başını qatır, altdan-altdan da danışılanları dinləyirdi. Bəzən qonaqlar dağılmamış ardınca gələn anasıyla çıxıb getməli olurdu.

- Onun niyə bu qədər uşağı var? - Sədəf bunu heç cür anlayammırdı

Anası çaşıb qalırdı

- Nə bilim, yəqin belə istəyib.

- Sənin belə çox uşağın olacaqmı?

- İstəmirsənmi? - anası yüngülcə əlini sıxırdı.

- İstəyirəm, amma elə çox olmasın, mən onların adlarını yadımda saxlaya bilmərəm...

Bəzi günlərdə Sədəf qadını yazı masasında, kağızların arasında yaxalayırdı, Azza uşaqlarına məktublar yazmağı xoşlayırdı. Onlar da qarını cavabsız qoymurdular. Azzanın dolabı irili-xırdalı rəngli, şəkilli zərflərlə doluydu.

- Məktub nədir? - ilk dəfəsində soruşmuşdu Sədəf.

- Məktub gözəl bir şeydir, bir-birindən uzaq qalan insanları birləşdirir, nisgil, həsrət, sevinc aparıb gətirir. Məktublar vasitəsilə hal-əhval tutursan, sevinirsən.

- Niyə telefonla danışmırsınız ki, mesaj da var - Sədəf əsl zəmanə uşağıydı.

Azza gülümsəyirdi

- Telefonla da danışmaq olar, amma onda sözlər uçub gedir, sonra onları tapmaq olmur.

- Bəs məktublarda?

- Məktublarda elə olmur axı, onlar qalır, onlarda əllərin toxunuşu qalır, xəttə baxırsan bir? - məktublardan bir neçəsini açıb yan-yana qoyurdu - görürsən, hərəsi bir cür yazılıb. Mən uşaqlarımı həm də xəttindən tanıya bilirəm. Həm bir bax. Bunlar eyni adamlardır, amma hər məktubda fərqli nəsə olur. Bu o deməkdir ki, hər dəfə bir duyğuyla, həyəcanla yazılıb. Məktublarda hər şey nişanədir. Danışanda belə şeylər itib-batır...

Sədəf başını tərpədirdi, anlasa da, anlamasa da. Əsas odur ki, Azza onunla böyük adammış kimi danışır, ciddi-ciddi söhbətlər edirdi. Bu qızın xoşuna gəlirdi.

- Onlar sənə nə yazırlar?

- Birlikdə oxuyaqmı? - Azza qızın dərdini anlayırdı, zərflərdən birini açır, oxumağa başlayırdı. Uşaqları ona işlərindən, yaşadıqları yerlərdən, havadan-sudan yazırdılar. Yazırdılar ki, özünü qorusun, vaxtlı-vaxtında həkimə getsin, yeməyinə-içməyinə fikir versin. Azza oxuduqca səsi titrəyir, bəzən gözləri dolur, bəzən gülümsəyirdi. Amma ən maraqlısı Azzanın onlara cavab yazmasıydı. Qız bir təhər kətilə çıxıb dizləri üstə masaya əyilir, sinəsini qollarına dayayıb gözünü Azzanın əlinə zilləyirdi. Dəqiqə başı:

- Azza nə yazdın, Azza indi nə yazırsan, Azza, niyə elə yazdın, Azza kimə yazırsan? - suaları yağış kimi yağır, Azza tez-tez dayanıb ona cavab verməli olurdu. Sədəf adları heç cür yadında saxlaya bilmirdi, burdan da onun üçün oyun doğurdu. Albomları gətirib masaya tökür, şəkilləri bir-bir çevirib qarının indi kimə məktub yazdığını tapmağa çalışırdı.

- Uşaqlarına məndən də yaz

Azza gülümsəyirdi

- Əlbəttə yazıram, onlara səndən yazmamağım mümkündürmü, axı sən mənim dostumsan? - qarı onu aldatmırdı, çünki ona gələn məktublarda mütləq Sədəfə ünvanlı bir-iki cümlə olurdu.

- Azza, qoy mən də nəsə yazım.

Sədəfin nəsə yazması məktubun sonuna əyri-üyrü xətlər cızmaqdan ibarətdir. Azza bəzən onun balaca əlini vərəqin üstünə qoyur, barmaqlarının cizgisini məktuba köçürürdü. Sədəf bundan hədsiz xoşbəxt olurdu. Beləcə, bir məktubu yazmaq Azzanın bir neçə saatını alırdı.

Məktub hazır olanda Azza Sədəfi də götürüb poçta gedirdi. Qızın ən sevimli əyləncələrindən biri də buydu. Həm də bilirdi ki, qayıdanda yol üstü kiçik köşkə dəyəcəklər, qarı meyvə alacaq, evə əlidolu qayıdacaqlar...

***

Sədəf beş yaşını bitirəndə Azza ona yazmağı öyrətməyə başladı. Qız çox həvəsliydi. Azza onun kiçik barmaqlarından tutub kömək edirdi. Birlikdə çəkdikləri nizamlı xətlərə, işarələrə baxıb fərəhlənirdilər. Tezliklə hərflərə keçdilər, sonra sözlərə. Hər irəliləyiş ayrıca bayramdı. Sədəf dəftərlərini özüylə evə aparırdı, dil-boğaza qoymurdu, anasından atasına, atasından anasına yüyürür, gündən-günə yazmağı çoxaltdığı qısa kəlmələri təkrar-təkrar göstərir, təkrar-təkrar oxuyurdu.

- Azza, indi mən də məktub yaza bilərəm? - Bunu deyəndə artıq hərflərin yarısını öyrənmişdilər

- Əlbəttə yaza bilərsən, kimə yazacaqsan?

- Sənə - güldü Sədəf, başqa kimə yaza bilərəm?

- Yaxşı, Sədəfcan, amma gələcəkdə daha çox insana məktub yazarsan...

Ancaq hər şey heç də həmişə gözəl olmurdu. Bəzi günlərdə Azzanın üzü tutulur, dinib-danışmır, bütün günü mətbəxdə oturub gözünü pəncərədən uzaqlara zilləyirdi. Sədəf bunun nə olduğundan baş açmırdı, amma bilirdi ki, belə günlərdə Azzanın heç nəyə həvəsi olmur. Qızcığac dəftər-qələmini, karandaşlarını ortaya tökür, şəkilli kitablarını vərəqləyir, gözünün altıyla qarını süzürdü... Bəzən də dözmürdü, evdəki sükut onu narahat edirdi:

- Azza, gedək gəzməyə?

- Yox balaca, bu gün olmaz...

- Azza, piano çalaq?

- Sədəfcan, sabaha qalsa olarmı?...

- Olar..

Sədəf titrək səslə cavab verirdi, dodaqlarını büzürdü... Azza belə günlərdə adətən patefonu qurur, darıxdırıcılığıyla Sədəfi bezdirən uzun-uzadı, bitmək bilməyən musiqilər dinləyirdi. Bəzən əlinə toxumasını götürür, bəzən kitab qucağında düşüb qalırdı. Sədəf otaqları dolaşır, nəsə tapıb qurdalanır, çox zaman qayıdıb yanına gəlir, divanda yanında oturub susur, Azzaya qısılıb yuxuya gedirdi Sonra adətən gözlərini qarının yatağında açırdı, görürdü ki, Azzanın kefi düzəlib, üzünə gülür, atılıb boynuna sarılırdı, hər şey ötüb keçirdi...

***

Bir gün yenə Azza Sədəfi qapıda kefsiz qarşıladı, içəri keçdilər. Qarının yır-yığışından, geyim-kecimindən yol üstə olduğu görünürdü. Sədəf onun görünüşündən xoşlanmadı. Qara don geyinmişdi, başına şərf atmışdı, halbuki həmişə al-əlvan geyinməyi xoşlayardı.

- Azza, bu nədir? - Qız onunla rəfiqəsi kimi danışmağa adət etmişdi - niyə qocalar kimi geyinmisən?

- Sədəfcan, mən onsuz da çoxdan qocalmışam

- Yox, istəmirəm, dəyiş...

- Sədəfcan, gələn dəfə, indi gecikərəm...

Sədəf birdən ayıldı:

- Azza, harasa gedirik?

Azza adətən onsuz heç yerə getmirdi. Bahardı, may ayının yaşıllığı, çiçəkləri adamı səsləyib evdən çıxarırdı. Belə gündə gəzməyin yeri başqaydı. Havalar isindikcə Azza onu daha uzaqlara aparırdı. Ağaclar ayılmağa başlayandan üç dəfə dəniz sahilinə getmişdilər, iki dəfə də filmə baxmağa...

- Sədəfcan, hə, mən getməliyəm, ancaq sənsiz.

- Niyə, nə olub, həkimə gedirsən?

Anası onu harasa aparmayanda adətən həkimə gedirdi.

Azza susdu, Sədəf hiss elədi ki, Azza yenə kədərlidir:

- Xəstəsən, Azza?

- Yox, əzizim

- Onda məni də apar

- Sədəfcan, uzağa gedirəm, yorularsan

- Yorulmaram, yorulmaram. Apar, apar, apar...

Azza onu qucaqladı

- Sədəfcan, bu səfər özüm gedim, gələn dəfə hara getsəm səni də aparacam.

Sədəf dodaqlarını büzdü.

- Ay səni qısqanc qız. Əzizim, vacib işlərim var, mənə inanmırsanmı?

- İnanıram - Sədəf içini çəkdi, istədi qapıdan çıxsın

- Sədəfcan - Azza onu səslədi - gözlə, birlikdə düşək, yaxşımı?

- Yaxşı - qız dəhliz xalçasının üstündə bardaş qurub oturdu, eyniylə kitablara baxanda oturduqları kimi. Azza ona baxıb gülümsədi,

Azza beş-on dəqiqə ləngidi.

- Azza, sən bu gün qayıdacaqsan?

- Əlbəttə, balaca, bir-iki saata gələrəm...

Nənəsi Sədəfi Azzayla birgə qapının qabağında görəndə ayıldı.

- Keç sən, keç –deyib nəvəsini içəri ötürdü - Dünəndən yadımdaydı, necə unutmuşam - üzrxahlıq elədi. Azza barmağını dodaqlarının üstünə qoydu, içəriyə işarə etdi:

- Deyəsən küsdü məndən...

- Hə - nənəsi susdu. Sədəf dəhlizin küncündə gizlənib baxırdı, Azzanın ondan xəbərsiz neylədiyini bilmək istəyirdi...

- Allah o dünyasını versin - nənəsi yaylığını gözünə tutdu - mən də gedəydim səninlə..

- Yox - Azza sakitcə dilləndi - orda tək qalanda rahat oluram. Həm gör neçə ildir...

Nənəsi qapını bağlayıb içəri qayıtdı.

- Azza hara gedirdi?

- Sədəfcan, sən hələ balacasan, hər şeyi bilməyin öz vaxtı var.

Sədəf küsdü. Onu başdan edirdilər. Axşam anası gələndə də qaş-qabağı açılmamışdı

- Buna nə olub? - anası him-cimlə soruşdu. Mətbəxə keçdilər

- Məndən olub, yadımdan çıxıb ki, Azza - artıq özləri də qadını Sədəfin diliylə çağırırdılar - bu gün oğlunu ziyarətə gedəcək. Bu da qalxıb, Azza çıxhaçıxdaymış, tutdurub ki, hara gedirsən, məni niyə aparmırsan?

- Azza onu çox ərköyün öyrədib...

- İşin yoxdur, o, belə şeyləri bizdən yaxşı bilir - nənəsi etiraz etdi

- Gör neçə ildir - anası doluxsundu - illər necə keçir? Mən kiçik uşaqdım... Dağ boyda bala...

- Hə, demə heç... İllərin keçməyinə baxma, Azzanın dərdi keçməz...

***

... - Ana, ölmək nə deməkdir? - Sədəf arxa oturacaqda qurcuxdu, kəmər onu sıxırdı, qoymurdu tərpənsin

- Bu hardan ağlına gəldi?

- Sən dedin bu gün, Azzanın oğlu ölüb dedin...

- Sədəfcan... mən sənə necə başa salım, ölmək o deməkdir ki... - anası istəmirdi qızını qorxutsun, söz də tapmırdı izah etməyə - adam bir yerə gedir, daha qayıtmır...

- Heç qayıtmır?

- Elə deyirlər

- Məktub da yazmır? - Sədəfin yadına Azzanın yazdığı məktublar düşdü

- Yazammır, Sədəfcan

- Onda ölmək pis şeydir...

Araya bir anlıq sükut çökdü.

- Ana, bəs Azza hara gedirdi

- Oğlunun ziyarətinə

- Ziyarət hardadır?

- Sədəfcan, sən məni çaşdırırsan, yola baxammıram - qadın əliylə işıqlı küçənin döngəsindəki işıqforu göstərdi - az qala qırmızıda keçəcəkdik...

***

... - Azza, ölmək nə deməkdir? - Sədəf günlərdir beynini qurcalayan sualın doğru cavabını Azzadan eşitmək istəyirdi, bilirdi ki, nə olur-olsun, Azza heç zaman aldatmır

- Sədəfcan, bu hardan ağlına gəldi? - Sədəf qaşlarını düyünlədi, niyə böyüklər ilk bunu soruşurlar?

- Anam deyirdi ki, sənin oğlun ölüb. Oğlun daha qayıdıb gəlməyəcək, sənə məktub da yazammaz.

Sədəf ilk dəfədir qarını məktub yazan uşaqlarına qısqanmırdı, əksinə, indi istəyirdi ki, Azzanın oğlu qayıtsın, lap qayıtmasa da ona uzaqlardan məktublar yazsın...

- Hə, Sədəfcan...

Sədəf kədərləndi, ilk dəfədir onun Azzaya yazığı gəldi, hər nə qədər sayını itirdiyi uşaqları vardısa da, hiss edirdi ki, onlardan birinin çıxıb getməsi qarını kədərləndirir.

..Sədəf gözünü qarının ağzına zilləyib dayanmışdı, Azza hələ də əlindəki çörəyi didikləyib quşlara atırdı. Göyərçinlərin dəstəsinə sərçələr, qaratoyuqlar da qoşulmuşdu, quşlar kiçik loxmaları dimdiklərinə alıb harasa uçub gedir, bir azdan yenə qayıdıb gəlirdilər

- Sədəfcan, ölmək quşa çevrilməkdir.

- Quşa? - Sədəf ağzıaçıq qalmışdı - bu necə olur?

- Bilmirəm, Sədəfcan, amma bu deməkdir...

- Quşlar canlıdır?

- Hə, quşlar canlıdır

- Deməli ölmək heç də pis şey deyil... - Sədəf çəmənlikdəki quşlara işarə etdi - bütün quşlar adam olub əvvəl?

- Yəqin ki...

- Sənin oğlun da?

- Mənim oğlum da...

- Azza? - Bilmirdi bunu soruşsun-soruşmasın - Sən də öləcəksən?

Qarı susdu, qızcığacın qara gözləri ondan imdad diləyirdi, üzünə bir işıq yayıldı, həqiqətən kefi yerinə gəldi.

- Sədəfcan, nə danışdıq səninlə, adamlar ölmür ki, quşa çevrilirlər. Bəs hamı adam olub qalsa quşlar hardan olacaq? Sən quşları sevmirsən?

- Sevirəm Azza...

- Hə...

- Azza?...

- Bəsdir balaca, gedək səninlə bir az gəzək...

Sədəf başa düşdü ki, Azza daha danışmaq istəmir... Böyümüşdü, böyük qız olmuşdu, bəzi şeyləri anlaya bilirdi, sualını içində gizlətdi, onu da nə zamansa soruşacaqdı...

***

Sədəf hərflərin hamısını öyrənib bitirdi. İndi kiçik şəkilli kitabları sərbəst oxuyur, sözləri ard-arda düzüb cümlələr yaza bilirdi. Oxuduqlarını yadda saxlayır Azzaya danışırdı. Sentyabr ayında Sədəfin yeddi yaşı tamam oldu, onu məktəbə qəbul etdilər, birinci sinfə başladı. Qız indi Azzanı daha az görəcəkdi.

- Olmaz ki, mən heç məktəbə getməyim? Sən onsuz da mənə hər şeyi öyrədirsən

- Elə şey olarmı, Sədəfcan, mənim bilmədiyim şeylər var axı, həm də çoxlu-çoxlu, həm böyümüsən, indi daha çox şey öyrənmək vaxtın gəlib çatıb.

- Onları niyə öyrənməliyəm ki?

- Bilmirəm, Sədəfcan, gələcəkdə işinə yarasınlar deyə

- Sənin işinə yarayıblar?

- Yarayıblar - qarının başqa yolu yoxdu - üstəlik sənin məktəbdə çoxlu dostların olacaq, müəllimlərin olacaq, daha çox insan tanıyacaqsan

- Onlar mənim nəyimə lazımdır? - qız razılaşmamaq üçün israr edirdi

- Bilmirəm, Sədəfcan, bunu da yaşadıqca öyrənəcəksən...

***

...Azzanı xəstəxanaya yerləşdirməyi qərara aldılar. Sədəf olanlara qorxa-qorxa baxırdı. Azzanın yanından çəkilmək istəmirdi, lakin ev get-gedə doldu, təcili yardımın arxasınca qonşular gəldilər, sonra başqa adamlar. Sədəf onlardan bəzilərini xatırlayırdı, bəziləri bu evə qonaq olanda qarşılaşmışdılar, bəzilərinin şəkli albomdan, divardakı, pianonun üstündəki çərçivələrdən gülümsəyirdi. Azzanı xəstəxanaya da elə həmin adamlar dilə tutub apardılar.

Onu evindən öz ayağıyla çıxıb getməyə qoymadılar. Onun üçün xüsusi xəstə arabası gətirdilər, Azza istəmirdi, amma həkim, Sədəfcan bilirdi ki, o da Azzanın oğludur, anasının əlindən tutdu, onu sakitləşdirdi. Azza ona qulaq asmalı oldu. Sədəf qaş-qabağını sallamışdı, həkim onun saçlarını qarışdırdı, Sədəf başını qaçırdı, ona acıqlı baxdı.

- Yaxşı, yaxşı - həkim könlünü aldı - qoy anamız bir az da bizim yanımızda qalsın, qısqanclıq eləmə...

Sədəf qısqanclıq eləmirdi, amma Azzadan ayrı necə qalacağını anlayammırdı... Azza boynuna almasa da zəifləmişdi, qalxıb arabaya oturanda səndələdi, qolundan yapışdılar...

Sədəf onun əlini aşağıda - blokun ağzında buraxmalı oldu... Azza onun barmaqlarını dodaqlarına yaxınlaşdırdı, qıza nəsə demək lazımdı, elə-belə gedəmməzdi:

- Sədəfcan - səsi titrəyirdi - mən gəlincə özünə yaxşı bax, orda çox qalmayacağam...

... - Onlar niyə hamısı birdən gəlmişdi? - Sədəf axşam yatmazdan əvvəl anasından soruşdu, Azzanın uşaqlarını nəzərdə tuturdu

- Ona görə ki, Azza xəstələnib

- Mən hər gün gedirəm. Mən onu daha çox sevirəm

Anası gülümsədi:

- Sədəfcan, onlar da gəlirdilər axı?

- Hə, gəlirdilər, amma belə bir yerdə gəlmirdilər

- Sədəfcan, onlar artıq böyüyüblər, öz evləri, öz uşaqları, işləri var.

- Bəs niyə Azzanın nəvələri çox gəlmir onu yoluxmağa?

Anası mat qaldı, qız əvvəllər Azzanın başqa uşaqlarla əylənməsini heç qəbul edəmməzdi

- Məgər Azza səninlə darıxırdı?

- Yoox - qız çiynini çəkdi-darıxmırdı.

- Bəs eləsə bütün nəvələri gəlsə bilirsən Azzanın evi necə dolub-daşar? Azza qocalıb, sakitlik lazımdır, istirahət lazımdır. Nəvələrini görmək istəyəndə özü gedib onları yoluxurdu

Sədəf sonrakı günlərdə xəstəxanaya getdi... Azzanı tək adamlıq palatada yatırmışdılar, üzü ağappaq olmuşdu, əynindəki mavi köynək onu daha da arıq göstərirdi. Sədəf onun yanında çox qalammadı, əlini qarının gücsüz əlindən zorla ayırırdılar. Azzanı ziyarətə gələnlər çoxdu, dolabının üstündən çiçək əskik olmurdu, həmişə dəhlizdə kimsə növbə gözləyirdi...

Bir neçə gün sonra Sədəf özü xəstələndi, soyuqlamışdı, öskürürdü, nənəsigildə qalmalı oldu... Fikri Azzanın yanındaydı... Bir neçə dəfə xəstələnəndə onu Azza sağaltmışdı, otlar dəmləmişdi, gedib aptekdən dərman alıb gətirmişdi. Sədəf onun verdiyi dərmanları sözsüz atırdı...

- Mənə iynə vurmazlar ki? - Azza onu yoxlatmağa aparanda soruşmuşdu,

- Yox, Sədəfcan, sən sağlam qızsan, niyə iynə vursunlar ki?...

Sədəf onunla hara desən getməyə razıydı, lap xəstəxana olsun. Azzayla hər şey maraqlıydı. Azzayla getdiyi hər yerdə qarının uşaqlarından hansısa işləyirdi... Onlar hamısı qızcığazı tanıyırdılar, onu əziz adam kimi, zarafatla, şirin dillə qarşılayırdılar. Azza kiçik barmaqlarını qatlayaraq dəfələrlə Azzanın uşaqlarını saymağa çalışmışdı, amma bacarmamışdı...

- Azzanın niyə belə çox uşağı olub? - bu dəfə nənəsindən soruşurdu...

- Sədəfcan, onlar Azzanın öz uşaqları deyil ki, hamısı şagirdləridir - Sədəf bu həqiqətlə ilk dəfəydi üz-üzə gəlirdi, dolub qaldı, amma nənəsi nə dediyinin fərqində deyildi - Azzanın bir oğlu olub, o da müharibədə ölüb - nənəsi bilirdi ki, Sədəf artıq bu haqda eşidib

- Yox, ölməyib - Sədəf Azzayla söhbətini xatırladı - mən bilirəm...

***

Azza bir həftə sonra qayıtdı...

Onu xəstəxanadan buraxmaq istəməmişdilər, israr etmişdi, “məni evimə aparın” demişdi...

Sədəfin nağılları bitdi... Azza davamlı yatır, yalnız arabir qalxırdı. Evdə əlavə adam peyda olmuşdu, Azzanın gənc baxıcısı. Qarının yeməyini hazırlayır, dərmanlarını vaxtı-vaxtında verir, gələn-gedənini qarşılayıb yola salırdı. Üzügülər, gözəl qızdı, amma Sədəf onu sevmirdi, elə bilirdi bu qız olmasa Azza ayağa qalxacaq, öz işini özü edəcək, yenə marketə gedəcək, gəzintiyə çıxacaq. Azza bəzən gözdən yayınır, durub mətbəxə gedir, özünə çay süzür, pəncərənin qarşısında otururdu. Belə olanda baxıcı onu danlayır, qayıdıb yatağa uzanması üçün dilə tuturdu. Sədəf qarını çox danışdırmırdı, ona başa salmışdılar ki, Azza zəifləyib, onu yormaq olmaz. Lakin dərsdən çıxan kimi birbaşa Azzaya qaçırdı. Gəlir, yanında oturur, gündəlik dərsləri barədə nəsə deyir, dəftərlərini, qiymətlərini çəkdiyi rəsmləri, göstərirdi. Sədəf ev tapşırıqlarını da qarının evində hazırlayırdı, onu fikrindən daşındırmaq mümkün deyildi...

Azza onun gündəliyini yoxlamağı sevirdi, qız gözlərini onun üzünə zilləyir, qiymətlərinə baxan qarının üz cizgilərindən fərəh payını alırdı. Bir dəfə Sədəf gördü ki, Azzanın əlləri titrədi və gündəliyin vərəqini zorla çevirdi...

Qarının mənzilinin qapısı gəlib-gedənə görə həmişə açıqdı... Baxıcı qız Sədəfin dərsdən qayıtdığı vaxtı bilirdi, səssizcə evə gəlib bir anda ortalığa çıxmaq, Azzanın yanında peyda olmaq Sədəfin xoşuna gəlirdi. Qarı onun hənirini duyub gözlərini açır, üzünə gülümsəyirdi, sonra Sədəfi mətbəxə yollayırdı, orda onu çay, dadlı yemək gözləyirdi.

Azzanın xəstəxanadan qayıtmasından on gün keçmiş, günorta Sədəf ayaqqabılarını soyundu, gödəkcəsini çıxarıb asdı, çantasından gündəliyini götürüb dəhlizdəki dolabın üstünə qoydu. Mətbəxdən baxıcı qızın zümzüməsi eşidilirdi.

Sədəf hamam otağına getdi, Azza onu başa salmışdı ki, evə gələn kimi əlləri yaxşıca yumaq lazımdır...

Hamamdan qışqırtı qopdu, Sədəfin necə qorxduğunu söyləməyə ehtiyac yoxdu, Azza əl-üz yuyanın qarşısında yıxılmışdı... Baxıcı qız mətbəxdə çay dəmləyirdi, əlindəki qab yerə düşdü, dəli kimi hamama yüyürdü. Azzanın yataqdan durmasından xəbəri olmamışdı. Əlləri əsə-əsə telefonu götürdü...

On dəqiqə keçməmiş ev adamla doldu...

Azzanı apardılar...

Bu dəfə qarının yanına heç kimi buraxmırdılar... Sədəfi onu görmədən xəstəxanadan evə gətirmək asan olmadı...

***

...Çoxlu ağ quş uçurdu... Sədəf onların hardan peyda olduğunu heç bilmədi, amma bir də baxdı ki, saysız ağ quşlar onun ayaqları altında, ətrafında, başının üstündə dolanır... Sədəf ağ quşların qanadları arasından göm-göy səmanı gördü, göm-göy səmada topa-topa ağ buludları gördü. Ağ quşlar ağ buludlara qarışmışdı... Sədəf qorxurdu ki, ayağını atsa ağ quşları tapdalayar, yamyaşıl otların üstündə quşlar ağ çiçəklər kimiydi. Sədəf bilmirdi, quşlar çiçəkdir, buluddur, ya nədir... Quşların səssiz uçuşları heç dayanmırdı, bəzən də yumşaq lələklərinin ucları Sədəfin üzünə, əllərinə, çiyinlərinə toxunurdu

- Azzzaaaaa....

Sədəf onu görüncə qaçmağa başladı... O indi quşları tapdalamaqdan qorxmurdu, quşlar ayağının altından pırr edib qalxır, göyə millənirdilər... Azza ona yaxınlaşdıqca üzü dəyişir, addımları yüngülləşir, ayaqları, demək olar yerə toxunmurdu.

Sədəf indi duydu ki, Azza üçün necə çox darıxıb... Ürəyi köksündən çıxacaq qədər sevinirdi. Bir qədər də yaxınlaşanda Sədəf duruxdu, ona elə gəldi ki, bu onun tanıdığı Azza deyil, kimsə başqa bir gənc qızdır, dayandı və gördü ki, yox, bu elə Azzadır, onun gəncliyidir və ona tərəf yüyürməyə davam etdi...

Azzaya yaxınlaşdıqca ağappaq quşların qanadlarının səsi külək vıyıltısı kimi güclənirdi, qanadların havasından Sədəfin saçları üşüşürdü...

Sədəf bir də baxdı ki, ona tərəf özü boyda, özü yaşda bir qız uşağı qaçır... Nəfəsi tıncıxdı, qız ona gülümsəyir, totuq əllərini qabağa uzadırdı... Amma Sədəf onu tanıyırdı, heç düşünmədən tanıyırdı, əmindi, bilirdi ki, bu qızcığaz Azzadır...

Əlləri bir-birinə toxunacaq qədər yaxınkən Sədəf dayandı, yerinə mıxlandı, ürkək gözlərini ətrafında gəzdirib Azzanı axtardı, tapmadı... Ağappaq quşlar araya girmişdi, elədən elə, belədən belə uçuşurdular... Sədəf gördü ki, hər şey yavaşıyır, quşların qanadları daha ağır-ağır yumulub açılır, saçları daha ağır-ağır dalğalanır... Azza quşların içində təzədən peyda oldu. Sədəf gözlərinə inanmadı, o idi, tanıdığı, bildiyi, ağ saçlı Azza... Sədəf sevindi, Azzanın boynuna atılıb ona sarılmaq istədi... Azza əlini uzadıb onun əlindən tutdu... Bu bir an çəkdi... Yerindən tərpənməyə macal tapmamış Azza bir göz qırpımında ağappaq quşlardan birinə çevrildi, barmaqlarının ucu quş qanadı kimi Sədəfin əllərindən çıxıb göyə dartındı...

Sədəf başını yuxarı qaldırdı, yenə topa-topa ağ buludlu mavi səmada saysız-hesabsız ağappaq quşlar uçuşurdu. Sədəf bilmədi Azza onlardan hansıdır...

- Azzzaaaaa!.....

Anası qışqırıq səsinə oyandı, qızın otağına qaçdı...

Sədəfi sakitləşdirmək çətin olmadı... Qız heç qorxmamışdı da, ata-anasının həyəcanlı baxışları altında suyunu içdi, gülümsədi:

- Yuxuda Azzanı görürdüm...

***

...Anası zəngi basdı. Qapını Sədəfin tanımadığı bir kişi açdı, içəri keçsinlər deyə bir az geri çəkildi. Sədəf ayaqqabılarını necə gəldi çıxarıb Azzanın yataq otağına yüyürdü, orda heç kim yoxdu, yataq səliqəylə yığışdırılmışdı. Qonaq otağına qayıtdı. Birdəncə hiss etdi ki, evin havası dəyişib, iyi dəyişib, yadlıq var, özgəlik var. Divanda anası ilə yan-yana oturan başı örpəkli qadın əllərini qıza uzatdı, Sədəfi yanına çəkmək, qucaqlamaq istədi. Sədəf onun qollarının arasından çıxdı, anasına sığındı. Haraya gəldiyini anlamayan adam kimiydi, evdəki qəribə sükutun ağırlığı onun kiçik çiyinlərindən basırdı.

- Sədəfcan...

- Azza hanı? - səsi etiraz istəmirdi, qaşları düyünlənmişdi-mən Azzanı istəyirəm...

Anası donub qaldı

- Ana, gedək xəstəxanaya, Azzanı görmək istəyirəm!

Yad qadın içini çəkdi, anası Sədəfi bir az da möhkəm qucaqladı

- Sədəfcan, Azza uzaqlara getdi...

- Hansı uzaqlara? - Sədəf heç zaman səsini belə yüksəltməzdi - Necə yəni gedib? O mənə demədən heç yerə getməzdi. Məni Azzanın yanına aparın!

Adamlar dayanıb, susub gözlərini Sədəfə zilləmişdilər, onlar uşağa nə cavab verəcəklərini bilmirdilər. Qız Azzanın davasını heç zaman belə eləməmişdi...

Qızcığaz bu baxışlardan daha da coşdu, anlayırdı ki, nəsə elə deyil, nəsə bir şey var. Azza özü getsəydi onu xəbərdar edərdi, Sədəf bilərdi ki, bu, müvəqqətidir və səbrini basıb başını qatardı. Qız qorxdu, indi o Azzanı görmək istəməyini əsaslandırmağa ehtiyac duyurdu:

- Mən Azzanı görmək istəyirəm, ona yuxumu danışacam...

Kişi otaqdan çıxdı, yad qadın başını aşağı saldı, Sədəf ağlamağa başladı, o, hər şeyi anlamışdı, heç cür qəbul edə bilmirdi ki, Azzanı birdən-birə necə itirə bilər? İndi necə olacaqdı, indi o nə edəcəkdi? Azzanın yoxluğunun yerində qızın nəylə dolduracağını ağlına belə gətirmədiyi dərin bir boşluq qalmışdı. Anası əbəs yerə onu sakitləşdirməyə çalışırdı. Sədəfin içi-içinə sığmırdı, göz yaşları yanağı boyu axıb tökülürdü, hıçqırmaqdan ziyadə boğulana oxşayırdı...

Qadın ona su gətirdi. Əlacsız baxışlarını Sədəfin anasına çevirdi, başını yellədi.

Qız suyu içdi, bir az sakitləşdi, əlinin içiylə gözlərini sildi. Anası başını yellədi, o göz yaşlarını heç gizlətmirdi də...

- Sədəfcan...

Qızcığaz pəncərəyə yaxınlaşdı, artıq o günün çatdığını, Azzanın dediyi kimi, daha çox şey, hətta indi evdəki böyüklərin anlamadıqlarını da anlayacaq qədər böyüdüyünü düşündü...

Pəncərədəki çiçəklərdən biri təzəcə açmışdı, qıp-qırmızı ləçəklər çölün yağışlı havasında bir başqa canlı görünürdü, yamyaşıl budaqlar gün işığı axtarırmış kimi şüşəyə tərəf əyilmişdi. Sədəf həmişəki alışqanlıqla çiçəyin üzünü çevirdi, orda, pəncərədən o üzdə, həyətdə bir dəstə göyərçin quruldaşa-quruldaşa dənlənirdi...

Sədəf nəfəsiylə pəncərənin şüşəsinə hofladı, şüşə tərlədi, balaca barmaqlarının ucunu ehtiyatla hərəkət etdirərək şüşənin tərləmiş yerində quş şəkli çəkdi...

Dekabr - fevral

Görüntünün olası içeriği: 1 kişi, iç mekan ve yakın çekim

# 1974 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #