Sonuncu Orxan
Cəmil Əlibəyov atamın əmisidir, mənim də babam sayılır. İndi sual verə bilərsiniz ki, axı sənin əsl baban atanın atası sayılır, niyə onu baban kimi təqdim edirsən. Vallah bizlərdə belədir, təkcə atamın atasına yox, elə onun əmilərinə də baba demişik həmişə. Nəsə, bunlar önəmli deyil.
Cəmil Əlibəyov təkcə mənim babam yox, o cümlədən Azərbaycanın tanınmış şəxsiyyəti, ziyalısı, ədəbi çevrədə bir çox yazarın tanınmasına, sevilməsinə dəstək olan, onlara işlədiyi “Azərbaycan gəncləri” qəzetində geniş meydan verən, yazdığı romanlarla, tərcümə elədiyi əsərlərlə ədəbiyyat tarixində yeri olan qələm adamıdır.
Bunu öz yanımdan demirəm, ona olan münasibəti görmüşəm, eşitmişəm. Hətta bir dəfə bukinist Elman dayının mağazasında onun kitablarını axtaranda Elman dayı mənə belə bir sual vermişdi ki, Cəmil müəllimin kitablarını heç soruşan yoxdur, siz nə əcəb belə maraqlanırsınız?
Açığı təqdimat verməyə çəkinmişdim, utanmışdım bir az, amma utancaqlığımı boğub dedim ki, mən onun nəvəsiyəm. Elman dayının gözləri parıldamışdı və mənə qayıdıb demişdi ki, Cəmil müəllim Azərbaycanın barmaqla sayılacaq ziyalılarındandır.
Həqiqətən bu fikir məni qürrələndirmişdi. Onda ona olan münasibətin səmimi, ürəkdən gələn münasibət olduğunu başa düşmüşdüm.
Birinci dəfə onun “Özümü axtarıram” povestini oxumuşdum. Açığı məni bir o qədər təsirləndirməmişdi əsər. Kolxoz-sovxoz, kəndli münasibətləri fonunda Səmayənin keçirdiyi hisslər məni öz təsirinə salıb duyğulandıra bilməmişdi, gözlədiyim sonluqla bitməmişdi əsər. Mən “Özümü axtarıram” sözündə daha böyük mətləblər axtarmışdım, amma əsərin sonuna kimi bunu tapa bilməmişdim. Bəlkə də məyusluğum buna görə idi. Amma yazıçının qələminin gücünü bir əsərə görə qiymətləndirməzlər, ona görə ikinci əsərini, “Qış macərası”nı oxumuşdum. Əsərdə neftçi Nəzər kişinin ölümlə təkbətək qalmaq səhnəsi məni o situasiyanın içinə sala bilmişdi, elə bilirdim o qayığın içində mənəm, qayıq çevrilib altında qalmışam. Təsvirlər bu qədər canlı, dolğun gəlmişdi mənə.
Mənim Cəmil Əlibəyovla birbaşa ünsiyyətim ilk dəfə onun Bilgəhdəki bağ evində olmuşdu. Onda atamla onu yoluxmağa getmişdik. Mən də bu görüşə çox həvəsli idim, çünki haqqında bu qədər xoş sözlər danışılan adamı yaxından görüb ünsiyyətdə olmaq mənə olduqca maraqlı gəlirdi. O, bizi sevinclə qarşılamışdı. Xoş-beş, on beşdən sonra mənim hardasa oxuyub oxumadığımı soruşmuşdu, atam da araya mənim şeir yazmağımı salıb mövzunu dəyişmişdi. O, mənim şeir yazmağımı eşidəndə çox sevinmişdi, kimləri mütaliə etdiyimi soruşmuşdu. Onda hələ ciddi ədəbiyyatdan xəbərim yox idi, bir-iki yazıçının adına çəkməklə kifayətlənmişdim. Bir də şeirləri yanımda götürməkdən çəkinmişdim, amma o məni buna görə tənbeh elədi və dedi ki, payızda Tarqovıdakı evimizə köçəndə şeirlərini ora gətirərsən, oxuyub fikrimi deyərəm.
Payız gəlib çatanda bir yığın şeiri qoltuğuma vurub onlara yollandım. Yolda öz-özümə deyirdim ki, görəsən şeirlərimi bəyənəcək, ya yox? Nəhayət gəlib evlərini tapdım, qapını döyüb içəri girdim. Hal-əhvaldan sonra kağızları ona uzatdım.
Şeirlər haqqında ümumi fikirlər deyirdi, bir də bir-iki şeirimin misrasını dəyişdirmişdi. Onda hələ on yeddi yaşım var idi, iradları etirazsız qəbul edirdim. Amma indi olsaydı şeirimin bir misrasını dəyişməyə belə qoymazdım heç kimi. Bir də bir şeirimə belə bir irad bildirmişdi. Əvvəlcə şeirə baxaq:
Hər dəfə xəyal olub
Gözlərimin önündə dayananda
Səni istəyirəm...
Hər dəfə əlçatmaz yuxulardan oyananda
Qaranlıqdan qorxan körpələr kimi ağlayıram
Onlar analarını istəyir, mənsə səni
Cəmil Əlibəyov axırıncı misranın üstündən xətt çəkib mənə demişdi ki, heç vaxt ananı kimləsə müqayisə eləmə. Bir anlıq öz-özümə düşündüm ki, mən bəlkə bu misrada ana məfhumunu dəyərsizləşdirmişəm. Axı belə deyildi, mən tamam başqa kontekstdən yanaşmışdım məsələyə. O vaxt ürəyimdə bu fikrə qəzəblənmişdim, amma cınqırımı çıxarmadım. İndi başa düşürəm ki, onun mənə belə deməyi əslində sovet əxlaq kodeksinin izləri idi. O, sədaqətli sovet vətəndaşı idi, özünü bu cür tərbiyə eləmişdi - onun üçün toxunulmaz şeylər var idi. Yəqin mənim misram ondakı şüuraltı əxlaq instinktlərini oyatmışdı və bu cür reaksiyaya çevrilmişdi.
O, sonra mənə kitabxanasından Sabirin, Məmməd Arifin kitablarını bağışlamışdı. Hətta kitabxanasını mənə bağışlayacağını da demişdi. Heyf ki, arzusu baş tutmadı. Amma mənim şeir yazmağıma, onun yolunu davam etdirməyimə çox sevinirdi.
Qəribə çöhrəsi var idi, nurlu adam idi. Danışa bilməsə də (səs telləri işləmirdi) adama xoş ovqat bəxş edirdi. Bir sözlə onu ifadə eləsəm bu cür deyərdim: “Nəcib kişi”. Bax, o, belə adam idi. Çox heyf ki, mən onunla az ünsiyyətdə oldum, ondan çox şey öyrənə bilmədim. Həqiqətən bu imkanları qaçırdığıma peşmanam. Ondan ancaq mənə kitabları xatirə qaldı.
İndi bilmirəm oxucuları onu nə ilə xatırlayacaq?! Çingiz Aytmatovdan çevirdiyi “Ağ gəmi”, “Ana tarla” povestləri ilə? Yoxsa Jorj Sandın “İndiana”sıyla? Ya bəlkə öz qələmindən çıxan “Qış macərası”, “ İlk məhəbbət”, “ Qayaların göz yaşı” romanları ilə? Bəlkə, köməyə ehtiyacı olan hər kəsə xeyirxah əlini uzadan bir insan kimi?