Kulis.az Gene H. Bell Villada-nın "Söz sehirbazı: García Márquez" kitabından bir hissəni təqdim edir.
"İyirminci əsrin ikinci yarısı Latın Amerikası romanının dövrü kimi xatırlanacaq". Maurice Nadeau və Raymond Sokolov adlı tənqidçilərin ayrı-ayrılıqda irəli sürdüyü bu fikrin reallaşıb-reallaşmayacağını zaman göstərəcək. Bununla belə, Latın Amerikasında roman yazma istedadında 1940-cı illərdə Borges və Carpentier, 1950-ci illərdə də Rulfo və Cortázar ilə başlayan partlayışın insan yaradıcılığının tarixində - müəyyən müddət çox ağrılar çəkmiş bir sivilizasiyanın ədəbiyyatı ilə bol məhsul verib başlıca əsərlərini meydana gətirdiyi - özünəməxsus bir an olduğuna şübhə yoxdur. Məsələ yalnız - yazdıqları nə qədər mükəmməl olsa da - bir neçə təsirli və universal yazarın meydana çıxması deyil, eyni zamanda həm latın amerikalı oxucular, həm də intellektuallar arasında ədəbiyyatın həqiqətən əhəmiyyətli sayıldığı, ədəbiyyat sahəsindəki fərziyyələrin və sənətin daha geniş diametrli ictimai-siyasi müzakirələrdə yer aldığı və beləcə imtina edilməz şəkildə Latın Amerikası xalqlarının həyatına töhfə verdiyi hissinin mövcudluğudur.
Xarici ölkələrdə yaşayan bir çox oxucunun gözündə Cənubi Amerika yaradıcılığının bu panoraması, əsərləri gündəlik həyatın həqiqi hekayəsi olan Tolstoyla xəyalpərəst bir romantik və həcvçi olan Dostoyevskinin xüsusiyyətlərini özündə birləşdirən kolumbiyalı Gabríel García Márquez-də konkretləşmişdir. Əlbəttə García Márquez adı ağla ilk öncə "Yüzilin tənhalığı" adlı romanını gətirir - indiki vaxtda bənzərinə çox rast gəlmədiyimiz bu mədəniyyət fenomenini. Bu böyük və kompleks kitab insan həyatının bütün mümkün yanlarını ehtiva etdiyi kimi, sənət və quruluşu baxımından da Melville, Joyce, Proust, Faulkner yaxud Nabokovun ən yaxşı əsərlərindəkinə bənzər bir incəlik və ustalıq sərgiləməkdədir. Eyni zamanda, kitab Kolumbiyada, Latın Amerikasında və dünyanın bir çox yerində çatdığı yüksək satış rəqəmlərini sürəkli qorumaqdadır. Keyfiyyətli sənətlə xalq hüzurundakı müvəffəqiyyətin bu cür bir araya gəldiyini görmək üçün fransız ailələrin Balzac yaxud Hugo-nun romanlarının növbəti hissəsini maraqla gözlədiyi və amerikalı tamaşaçıların Dickens-i görüb dinləmək üçün salonları doldurduğu 19-cu əsrə geri dönmək lazımdır.
García Márquez-in yazdıqlarının geniş oxucu kütlələri üzərindəki təsirini şişirtmək qeyri-mümkündür. Bəzi statistika və anekdotlar bu təsirin haralara qədər gedib çıxdığını izah etmək üçün kafi sayılmalıdır. Argentina nəşriyyatı Editorial Sudamericana 1967-ci ildə "Yüzilin tənhalığı"nın birinci nəşrini yayımladığı zaman ilk təxminlər on min ədəd civarında və daha sonra satışın ildən-ilə yavaş-yavaş davam edəcəyi istiqamətində idi. Gəl gör ki, səkkiz min ədədlik ilk nəşr bir həftədə tükəndi, həm də hamısı Buenos-Ayresdəki metro stansiyalarında yerləşən qəzet köşklərində satılmışdı. Çox keçmədən roman bütün qitədə fırtına kimi əsdi, bu günə qədər də sürəti azalmadı. Latın Amerika ölkələrində satılan kitab sayı çoxdan on milyon həddini aşdı.
"Yüzilin tənhalığı" o gündən bu vaxta qədər otuzdan çox dilə tərcümə olundu (yunanca və ərəbcə çıxan pirat nəşrlər də daxil). Pərəstişkarları arasında Bill Clinton da var - həqiqətən də onun ən sevdiyi roman olduğu vurğulanır. Prezident Clinton Ağ Evdəykən García Márquez-ə otuz il tətbiq olunan səyahət qadağasını götürdü; Xarici işlər nazirliyi 1960-cı ildə yazıçını təhlükəli adam sayaraq immiqrantlar üçün hazırlanan "qara siyahı"ya salmışdı. Ancaq bu qadağa yazarın ən məşhur kitabının Amerikadakı satışını məhdudlaşdıra bilmədi. Avon və Harper Collins nəşriyyatları milyonlarla cildsiz nəşrlər etdi. Şəhərətrafı qatarlarda, parklardakı sahillərdə yaxud şəhərlərarası qatarlarda saqqallı bir universitet tələbəsinin və ya qəşəng bir katibənin "Yüzilin tənhalığı"na gömüldüyü tez-tez müşahidə edilir.
Sovet Rusiyasında xarici nəşrlər satan mağazalarda kitab az qala bir milyon ədəd satıldı. Kitabın Rusiyada yaratdığı başa düşülən heyranlığa təsirli bir nümunə kimi - García Márquez-in özü tez-tez və məmnunluqla danışır bundan - orta yaşlı bir rus qadının həqiqətən oxuduğuna əmin olmaq üçün kitabı başdan-axıra qədər kağıza köçürdüyünü göstərə bilərik. Digər tərəfdən, "Yüzilin tənhalığı"nın rusca tərcüməsi García Márquez-in orjinal mətnindəki sevişmə səhnələrinə senzura qoyan tək tərcümədir; bu da cəmiyyət mühafizəkarlarını əsəbiləşdirəcək məsələnin yalnız yazar(lar)ın siyasi fikri olmadığına işarə edir.
Ancaq kitabın ən geniş və ən dərin təsirləri daha çox Kolumbiya və Latın Amerikanın o biri ölkələrində görüldü. Nəticədə də yazar bir növ qeyri-rəsmi qəhrəmana çevrilmiş, daha çox idmançılara və ya film ulduzlarına göstərilən növdən bir marağın hədəfi olmuşdu. Hazırda çox az seçmə yazar və yazdıqları öz həmvətənlərinin çox hissəsi tərəfindən tanınır. Halbuki Kolumbiyadakı səfərlərim əsnasında təsadüfən qarşıma çıxan insanların - tibb bacılarının, satıcıların, ictimai xadimlərin, bank işçilərinin, sənayeçilərin, bürokratların - "Yüzilin tənhalığı" romanını və yazarın digər kitablarını nə qədər yaxşı bildiklərini görmək məni həmişə təəccübləndirir. Oxucular da, jurnalistlər də García Márquez-dən danışarkən tez-tez ləqəbi 'Gabo'nu, hətta uşaqmış kimi 'Gabito'nu istifadə edirlər (New York Times qəzetinin E.L.Doctorow-dan Ed deyə bəhs etməsi kimi). Qəzetlər müntəzəm olaraq García Márquez-in romanlarına istinadən başlıq qoyurlar, yaxud hadisələrə onun fantastika və qəhrəmanları üzərindən baxırlar. Barranquilla-da adı 'Farmacia Macondo' və 'Edificio Macondo' olan şirkətlər gördüm... Santa Martada hətta müasir bir 'Hotel Macondo' var.
"Yüzilin tənhalığı"nın Latın Amerika ölkələrindəki oxuculara nə qədər təsir etdiyinə dair çox şey danışırlar. Meksikalı məşhur romançı Carlos Fuentes-in öz aşpazının García Márquez-in kitablarını oxuduğunu ifadə etməkdən xoşu gəlir. Kolumbiyalı yazarın özü, argentinalı bir xidmətçi qızın Macondo-nun hekayəsinin son səhifəsini bitirmədən işinə dönməyi rədd etdiyindən danışmışdı. García Márquez 1970-ci illərin əvvəlində Kubanın şəhərətrafına etdiyi ziyarəti məmnunluqla yada salır. Söhbət etdiyi kəndlilər ondan həyatını necə təmin etdiyini soruşublar. O da, "Yazı yazıram" deyib, "Nə yazırsınız?" sualına da, ""Yüzilin tənhalığı" adlı bir kitab yazdım" deyə cavab verib. O zaman kəndlilər hamısı bir ağızdan "Macondo!" deyə qışqırıblar.
García Márquez-in kitabının Latın Amerikanın şüurunu necə güclü ələ keçirdiyini göstərən ən təəccüblü nümunələrdən biri amerikalı romançı və jurnalist Ron Arias-ın bu şəxsi xatirəsidir:
Bir gün Karakasda dolu bir avtobusla səyahət etdiyimi xatırlayıram. Nahar fasiləsinə çıxmış katibəyə bənzəyən iki qadın "Yüzilin tənhalığı" kitabında oxuduqları bəzi hadisələrə gülürdülər. Mən də onlara qoşuldum; amma gördüm ki, avtobusun yarısı eyni vəziyyətdədir. Bu dediyim 1969-cu ildə baş vermişdi. Kitab ilin ən çox satılan kitabı idi. Oxuyan hər kəs romandakı ən sevdiyi qəhrəmandan danışırdı və birlikdə qəhqəhə çəkib gülürdük. Kitab hamımızı eyni duyğuda birləşdirmişdi, çünki tarixi olaraq hamımız Macondo-dan gəlirdik… Hamımızın hansısa inqilaba qoşulmuş bir yaxud iki tíosu (əmisi) vardı və əminəm ki, hamımızın həyatında kəpənəklərdən başqa şeyləri də qovan insanlar vardı.
Arias "Yüzilin tənhalığı"nın latın amerikalı oxuculara birbaşa təsirinin izini kitabda bol olan latın tiplərdə axtarmaqda haqlıdır; qapı eşiyində oturan yaşlı tío, köhnə mübarizələri xatırladan inqilabçı, islaholunmaz qadın düşkünü yaxud başlıca nümunə Ursulada olduğu kimi - inadkar və bezib usanmadan işləyən ana fiquru. Geriyə dönüb baxdıqda, Macondo-nun bənzərsiz müvəffəqiyyəti şəffaf və aydın üslubu, möcüzələrinin sakitcə təqdim edilməsi, hadisələri və macəraları sürətli bir tempdə izah etməsi, romantik eşqə dair maraq oyandıran əhvalatları, açıq-saçıq cinsəllik ehtiva edən bol saydakı səhnələri, xalq əfsanələrinə və fantaziyaya arxalanan, bir-birini izləyən əyləncəli hadisələri, bir qitənin müvəffəqiyyətsiz keçmişinin bütününə dair incə-incə eyhamları və nəhayət ədəbsizcə, lakin mərdanə təqdim edilən yumor duyğusu ilə əlaqələndirilə bilər. "Yüzilin tənhalığı"nda əvvəldən-axıra qədər altdan-altan bürokratiyaya qarşı bir qiyam var, amma cəmiyyətdəki əzilənlərin yaxud les misérables-in (səfillər) dünyagörüşüylə deyil, sıravi qəsəbəlilərin - güclülərin hücumuna məruz qalıb axırda yorulub-usansalar da mübarizəylə, oyunla və cinsəlliklə, çalışqanlıqla, ezoterik səylərlə, eşqlə və sadəcə yaşayaraq müəyyən mənada müqavimət göstərən şəxslərin dünyagörüşüylə...
García Márquez ilə Latın Amerika xalqı arasındakı bu səmimi münasibət özünü ən çox 21 Oktyabr 1982-ci il sabahı, onun Nobel Ədəbiyyat Mükafatı aldığı açıqlandığı zaman xalqın bir anda coşub bu hadisəni qeyd etməsində göstərmişdi. "GABO NOBEL DE LITERATURA" yazırdı Kolumbiyadakı bir qəzet başlığı qısaca. O ərəfədə küçələrdə bayram edilirdi. García Márquez-in 1975-ci ildən bəri evi olan Mexiko City-də bir ibtidai məktəbin bütün şagirdləri El Pedregal-dakı bu evin qarşısında toplandılar və xor halında onu salamladılar. Növbəti saatlarda dayanmadan zəng çalan telefondan bir az uzaqlaşmaq istəyən yazar avtomobillə gəzməyə çıxdı; yolda yad adamlar siqnal verərək onu hörmətlə salamladılar. BMW-si svetaforda dayanıb García Márquez də avtomobili işlətməkdə çətinlik çəkincə yaxındakı avtomobildən bir nəfər "Ey Gabo," deyə qışqırdı, "sənin əlindən Nobel mükafatı qazanmaqdan başqa bir şey gəlmir!" García Márquez tayı-bərabəri görünməmiş bir şəkildə əvvəlki romançı mövqeyini aşıb kütləvi fenomen halına gəlmişdi; əsərləriylə yalnız heyranlıq və hörmət deyil, hər kəsin yaxınlığını və sevgisini də qazanmış, bir növ xalqın malına çevrilmiş şəxsiyyət olmuşdu...
Şəxsən yazarın üstün dühası və müvəffəqiyyətləri olmasaydı insanların göstərdiyi maraqla bağlı olan bu hekayələr söz-söhbətdən kənara çıxmazdı. García Márquez-in Nobel Ədəbiyyat Mükafatı bir çox şeyin rəsmi olaraq qəbul edilməsi mənasını verirdi: bunların arasında yazarın bütün dünyada oxunması (xüsusilə Üçüncü Dünya ölkələrində) və Alfred Nobelin vəsiyyətində açar bir ölçü olan köklü humanistliyi də vardı. İsveç Akademiyasının açıqlamasında, həmçinin García Márquez-in yüksək səviyyəli estetik normaları qarşısında hörmətlə əyildikləri, yazarın hər yeni əsərinin tənqidçilər tərəfindən dünya səviyyəsində əhəmiyyətli bir hadisə olaraq qəbul olunduğu da qeyd edilirdi. Onun müxtəlif kitablarında, fərqli vəziyyətlərdə təkrar-təkrar meydana çıxan müəyyən silsilə xarakterlə dolu böyük bir insan coğrafiyası yaratmasını da ifadə edən Nobel Komitəsi, García Márquez-in yazdıqlarının əhatəsini və diametrini Balzac və Faulkner kimi köhnə ustalarla müqayisə etmişdi. Daha da irəli gedilərək, "xəyalla gerçəyi müvəffəqiyyətlə birləşdirən" bir sənət yaratdığı üçün kolumbiyalı yazarın "müdhiş təxəyyülü" təriflənmişdi. Ədəbiyyat məsələlərində baş yormaq istəyənlər mükafat təsisçilərinin mətbuat açıqlamalarına ümumiyyətlə etibar etməzlər, lakin bu səfər Nobel komitəsi insan və yazar kimi García Márquez-in geniş ədəbi strukturu, təxəyyülü yaradıcı şəkildə istifadə etməsi, siyasi solçuluğu, müdhiş məşhurluğu və əlbəttə sənətindəki gözardı edilməsi mümkünsüz olan böyüklüyü kimi fərqləndirici xüsusiyyətlərini vurğulayaraq əhəmiyyətli məsələləri gündəmə gətirmişdi.
Leslie Fiedler kimi şimali amerikalı ədəbiyyat tənqidçilərinin "roman öldü" dedikləri vaxtdan elə də çox keçmədi. Həqiqətən də o ərəfələrdə Qərbdəki roman panoramasının (Almaniya xaric) nisbi olaraq qısır görünməsi, o cümlədən media kahini Marshall McLuha-nın ağzından düşməyən 'elektronik cənnət', sanki bədii nəsrin parlaq günlərinin sona çatdığına işarə edirdi. Lakin geriyə dönüb baxdıqda, şarlatanların öz torpaqlarındakı cılız məhsuldarlığı universal bir quraqlıq sandıqları aydın olur ki, həmin on illikdə latın amerikalı yazarların hamısı romanın və qidalandığı qaynaqların formaca və mədəni baxımdan yenilənə bilən olduğunu ortaya qoyurdular. Romanı öz-özündən qorumaq, onu avro-amerikalı bədii nəsr yazarlarının sığındıqları və dükan açdıqları dar kiçik dalanlardan və qıraq yollardan xilas etmək üçün ən böyük səyi göstərən də García Márquez idi.
1967-ci ildə avro-amerikalı oxucular arasında Latın Amerikada ədəbiyyat sahəsində yeni şeylər formalaşdığını hiss edənlər vardı. Kubalı Carpentier və argentinalı Cortázar-ın əsərləri romanın girdiyi qəlibin iti künclərinin nə yekun, nə də lazımlı olduğunu sübut etməkdə idi. Lakin kəskin fərqi yaradacaq roman "Yüz ilin tənhalığı" oldu. Fransız və amerikan yazısına nüfuz etmiş klostrofobik atmosferdən uzaqlaşan García Márquez qapıları və pəncərələri yenidən açdı, küçənin canlılığını öz içində əritdi, daxilində bütün böyük tarixi vəziyyətlərin əksiksiz yaradıldığı geniş bir panorama təqdim etdi bizə. Kitab tam bir avtoritar statusla, müdrik, maraqlı və diqqətli bir natiqin səsiylə yazılmışdı. Bu adam - bir afrikalı griot kimi və ya xalq dastanlarının və nağıllarının mahir nağılçısı kimi yaxud da qədim bir İncil katibi kimi - maqnatlardan kefsiz avaralara qədər cəmiyyətdə hər kəsin hər şeyini bilir, üstəlik onlar haqqında bütün dünyaya danışmağa da pis baxmır.
Həmçinin, Updike yaxud Butor-dakı kimi dörd, yaxud beş xarakter ehtiva edən romanların əvəzinə kolumbiyalı yazar içində ağla gələ bilən hər cür insan tipinin rolu olan böyük bir dünya yaratmışdır. Bu dünyada təşəbbüskar avanqardlara, qəhrəman inqilabçılara, haqq-hesabını bilən tacirlərə, əxlaqçı keşişlərə, qatı monarxistlərə, mərhəmətsiz mühafizəkarlara, ehtiraslı sendikatorlara, dayaz fürsətçilərə, dəli kahinlərə, ağılı başında elm insanlarına, dəbdən düşmüş iffət heyranlarına, dünyəvi şəhvət düşkünlərinə, eqzotik köçərilərə, həssas estetlərə, bürokrat və imperialistlərə, modabazlara və həyatı dəlicəsinə yaşayanlara və hələ bir çox adama yer vardı... Kiçicik də olsa həddini aşan romantikliyə qaçmadan həm acı, həm şirin münasibətlərdən, intriqalar və ya şəhvət ehtiva etməyən sıravi sevişmələrdən bəhs edilirdi. İnkişaf və çöküş, tam bir ciddilik və sadə komediya, kədər və sevinc vardı. "Yüz ilin tənhalığı" oxucu-yazarlara, erotizm və yumor ilə eşq və siyasət kimi şeylərin bəşəriyyətin böyük hekayəsinin müəyyən qismini əmələ gətirdiyini və onların yenidən ədəbiyyata aid ola biləcəyini xatırlatdı.
Təhkiyəsinin mərkəz nöqtəsi kimi bir qəsəbədəki ailənin tarixini seçən García Márquez insan müxtəlifliyinin belə bir panoramik araşdırması üçün ən uyğun vasitəyə müraciət etdi... İyirminci əsrin bəzi məsələlərinə həssas olan oxucu "Yüz ilin tənhalığı"nda son dərəcə incə bir sənətlə birlikdə mövcud olan siyasi baxımdan 'inkişaf etmiş” şüuru görə bilərdi. Qarşımızda Kafkadan, Faulkner, Virginia Woolf və avro-amerikalı digər müasirlərdən yaxşı dərs almış sol fikirli bir adam vardı. "Yüz ilin tənhalığı"nın bu məzmunda ən maraqlı tərəfi Stalin “qaydalarından” ayrılsa belə sol qanadda qalmasıdır. Şübhəsiz ki, García Márquez-i ən yaxşı tanıdan tərəfi sehrli və fantastik vəsaitləri unudulmaz bir formada istifadə etməsidir... Qəribədir ki, García Márquez-in özü “fantaziya” sözünə qarşıdır, bir neçə dəfə özünü, həm istifadə etdiyi forma, həm də mövzuları baxımından “real bir yazar” kimi xarakterizə etmişdir. García Márquez üçün “reallıq” yalnız gündəlik hadisələrdən və iqtisadi çətinliklərdən ibarət deyil, eyni zamanda xalq əfsanələrindən, inanclardan və evdə düzəldilən dərmanlardan da ibarətdir - yalnız “fakt”lardan deyil, sıravi insanların bu faktlar haqqında danışdıqlarından, yaxud düşündüklərindən də. Xüsusilə, Kolumbiyanın şimalındakı gündəlik həyat xalq əfsanələri və kor inanclardan bolluca bəslənir; xalqın bu xüsusiyyətini sənətinə yansıtmaq və bu şəkildə "hər çağdakı rasionalistlərin və stalinistlərin" daha geniş və daha çeşidli bir həqiqət üzərində "qurmağa çalışdıqları bütün məhdudlaşdırmaların" kənarına çıxmaq yetkinləşmiş García Márquez-in hədəflərindən biri olmuşdur. García Márquez'in əsərlərindəki “fantastiklik” böyük ölçüdə Latın Amerikanın həyati strukturundan gəlməkdədir.
García Márquez-dəki “fantaziya” növlərinin içində ən önə çıxanı, onun hiyləgərcə şişirtməsi, təhkiyəsində sürəkli amma diqqətli dozalarda həddindən artıq böyük şeylər təqdim etməsidir. Məsələn Macondo-ya arası kəsilmədən beş il yağış yağması, yaxud "Patriaxın payızı"nda olduğu kimi bəlkə də iki yüz il yaşayan bir diktator. Bununla yanaşı, García Márquez-in gördüyü formada, ölçüsüzlük Latın Amerikada reallığın bir parçasıdır. İki yaxası görülə bilməyəcək genişlikdəki çaylar, Avropada misli görünməmiş zəlzələlər və fırtınalar kimi. “Qasırğa” sözü Karib-hind dilindən gəlir və Cənubi Amerikada aylarla sürən yağış fırtınalarına şahidlik edilmişdi. (Aldous Huxley bir dəfə Wordsworth haqqında, "əgər şair yağış meşələrində böyüsəydi “təbiət” haqqında bu qədər optimist olmazdı", demişdi). Bu ölçüsüz reallığı çatdırmaq istəyən García Márquez xalqdan aldığı xəyal gücüylə daha da çox şişirtməyə gedir, tarixi nağıl kimi danışır, bizə, şəxsən özü Juan Vicente Gómez, Rafael Leónidas Trujillo və Somoza qəbiləsi kimi ətə-qana sahib qəribə şəxslərin dörd yüz illik mütləqiyyətlərinin çoxqatlı versiyası olan 107-232 yaşında bir diktator təqdim edir.
Həqiqətən də, həm "Yüz ilin tənhalığı", həm də "Patriaxın payızı" real həyatdan alınma tarixi vəsait ətrafında diqqətlə hörülmüşdür. Birinci kitab Amerikadakı bir çox universitetdə Latın Amerika tarixi və siyasət elmi dərslərində köməkçi dərs kitabları siyahılarına müntəzəm olaraq daxil edilir. Çünki "Yüz ilin tənhalığı" eyni zamanda siyasət haqqında əhəmiyyətli bir romandır; vətəndaş müharibələri, tətillər, hərbi təzyiqlərə toxunur və bütün bunlar Orwell və Sartre ilə birlikdə iyirminci əsrin böyük siyasi yazıçılarından biri sayılan adamın xəyal gücünün əsəridir. “Siyasi” burada sözün ən geniş mənasıyla istifadə edilməkdədir. Bir yazar kimi García Márquez istər Mühafizəkarların Macondo-ya səssizcə sızmaları formasında olsun, istərsə də isterik Arcadio-nun qatı, inqilabçı diktatorluğu, oxuma-yazma bilməyən bir karibli diktatorun hiyləgərcə manevrləri və populist nitqləri, fahişəyə çevrilmiş ürəksiz bir nənənin saxta eşqi və dil tökmələri yaxud humanist bir liberal stomatoloqun zorbalaşan xəstəsi üzərində qura biləcəyi ani bir suverenlik formasında olsun, iqtidarın ən dərin, ən məhrəm gizlinlərinə alışılmamış bir formada nüfuz etməkdədir...
Tərcümə: Misir Məmmədli
/kultura.az/