Yeddi bucaqda Kamal Abdullanın “Uçuş”u – MÜZAKİRƏ

Yeddi bucaqda Kamal Abdullanın “Uçuş”u – MÜZAKİRƏ
24 fevral 2016
# 14:08

Kulis Kamal Abdullanın “Uçuş” hekayəsinin müzakirəsini təqdim edir.

Elnarə Akimova

“Uçuş” hekayəsi situasiya, arxetiplər sırası və personaj heyəti ilə K.Abdullanın bura qədər yazdıqlarının davamıdır. Məncə, “Edam vaxtını dəyişmək olmaz” K.Abdulla yaradıcılığı üçün daha fərqli düşüncə konteksti cızırdı. Bu hekayədə isə yazıçının özünün özünə qayıdışı, eyni informativ mənbələrdən gələn kodların, əksər mətnlərində olan detalların təkrar işlənməsi var. Bu öz yerində… İndi isə keçək hekayənin təhlilinə.

Hekayə K.Abdulla yaradıcılığı üçün xarakterik olan şərti-metaforik elementləri, zaman və məkan fövqündəki gerçəkliklərə söykənən paralel, sirli dünyalar modelini, real və mistik həyat antitezalarını, nağıl və rəvayət kimi folklor janrlarındakı arxetipləri yenidən bədii müstəviyə gətirməklə, daha çox təsəvvüf kosmoqoniyasının nişanələrini ehtiva edir. Eyni zamanda hekayədə bəzi kodların etiologiyası onları M.F.Axundzadə, C.Məmmədquluzadə mətnlərinə yönəltmiş olur. Fərqli interpretasiyada amma, sanki Molla İbrahimxəlil, Şeyx Nəsrullah başqa biçimdə zühur edir. Dərviş Dərdəçarə Aladağ kəndinə gəlib insanlara uçmaq öyrədir. Amma klassik mətnlərdən fərqli olaraq burada ilk qabağa duran, uçmaq riskinə gedən tapılır: səyyah Dünyamalı. Müəllif onun ləqəbini səyyah kimi təqdim edir və bu, onun cəsarətinin motivasiyasını ortaya qoyur. Məsələn, etimologiyası sufizmə söykənən Dərviş arxetipi daha çox Allaha yüksəliş, tərkidünya olub səmaya pərvaz etmək amilini simvollaşdırırsa, Səyyah bir növ sehrli ruhlarla insanlar arasında vasitəçilik edir. Maraqlıdır ki, səyyah Dünyamalı hekayənin ancaq əvvəlində gözə dəyir və missiyasını yerinə yetirib gözdən itir. Çünki Dünyamalı kişi burada medium rolunu oynayır. Dərviş Dərdəçarə (bu personaj bir az da “Sehrbazlar dərəsi”ndəki Hüsnükərəm dərvişi xatırladır) isə hekayədə həqiqət, ilahi saflığa çağırışı simvolizə edir. Onun səmada dağın ətrafına vurduğu geniş dövrə sufi rəqslərində əsas göstərici sayılan dairəvi hərəkətə, varlığın dairə kimi təsvir olunmasına işarə olaraq fərqli modus kəsb edə bilir: “Gərəkdir, ürəkdən istəyəsən bunu. Gözəl olan sonrasıdı. Sonra adamın canına illərlə yığışıb qalmış bütün qaramatı, çirki və pası, bütün nifrini və kini, bütün küdurəti səmada itib gedir. Sən olursan balaca uşaq təkin günahsız və məsum bir bəndə”. Amma bu proses baş vermir, çünki buradakı “Uçuş” daha çox tənəzzülü şərtləndirmiş olur, çünki yuxarıya deyil, aşağıya doğrudur. Yuxarı uçuş Tanrıya - əbədiyyətə, aşağı uçuş – insana aparır. “Artıq göyə pərvaz edənlərin çoxu uçmaq, yüngülləşmək, təmizlənmək naminə yox, itirdiklərini axtarmaq, başqa həyətlərdə nə baş verdiyini görmək, özünə dəxli olmayan şeylərdən hali olmaq üçün uçurdu. Adamlar uçmaqla uçmamaq arasındakı fərqi artıq hiss etməyirdilər”. Ona görə Aladağdan uçan insanlar üçün uçmağın feyzi öz cazibədarlığını tez itirir, ruhun deyil, cismin yüksəlişi onlarda heç bir təbəddülat yaratmır, çünki onlar göydə olsalar da yer problemləri ilə uğraşırlar: Mürsəl əminin gözü itmiş toyuğunu gəzir, Məşdəli ilə Kərəmin gözlərindən həyətə girən kölgə belə yayınmır, hətta göydə haldan düşmüş Şahsənəm arvad da özünə gələn kimi az əvvəl pəncəsindən xilas olduğu ölümü deyil, Həlimənin gəlişini fikirləşir.

K.Abdullanın bütün hekayələrində alışdığımız gözlənilməz rakurs, şüuraltını oynatmaq prosesi ilə burda da qarşılaşırıq: yəni qəzetdə uçuş barədə xəbərin verilməməsi oxucunu bura qədər yazılanlara inandırıb “hafizənin gerçəkdən silinməsi” anlamına gəlirsə, sonradan Məmişin “Hər şey onun yadında qalmışdı. Hər kəsin uçuşunu yada salıb danışıb gülürdü” sözləri oxucu beynini qarışdırır və yenidən labirint düşüncə məkanına sürüklənirsən: bəlkə uçuş Aladağ kənd camaatının illüziyalarında, xəyallarında, söhbətlərində imiş?

İlqar Fəhmi

Şəxsən mənimçün hekayənin əsas tərəfi daha çox ədəbi mühitə müraciətdir. Və həm də etiraz... primitiz, keyfiyyətsiz məişət realizminə qarşı etiraz. Dünyanın təkcə küçələrdən, avtobuslardan, kreditlərdən, borclardan, məhkəmələrdən və sair məişət problemlərindən ibarət olmadığını bildirmək...

Uçuş da məhz bu baxımdan mənimçün əhəmiyyətli detaldır. Rus dilində bir ifadə var, "prizemlyonnı" ... bilmirəm Azərbaycan dilində onu hansı sözlə ifadə etsəm daha uğurlu olar. Sətri tərcüməsi olan "Yerə bağlılıq" kəlməsi təbii ki, o fikri vermir... Amma şərti olaraq bu cür tərcümə etsək, əslində bu hekayə məhz "həmin yerə bağlılıq"a qarşı üsyandı... və bu çağırış son illərdə bir çox ünlü ədiblərimiz tərəfindən səsləndirilir. Səbəb də yəqin ki, məlumdur. Müasir ədəbi gəncliyin sosial məişət problemlərinə ifrat dərəcədə marağı və diqqəti... insanın üç gözü var. İkisi yerə baxır biri göyə. Son onillikdə sanki göyə baxan göz bağlanıb. Və bu hekayə və son dövrlərdə yazılan oxşar mesajlı əsərlərin çoxu məhz həmin üçüncü gözün açılmasına bir çağırışdır. Hər halda mən belə düşünürəm....

Seyfəddin Hüseynli:

Hekayəni oxumaq və özlüyümdə müəyyən qədər təhlil etmək üçün çox az vaxtım olsa da onu deyə bilərəm ki, “Uçuş” Kamal Abdullanın artıq ənənəyə çevirdiyi hekayə tərzində növbəti uğurlu əsərdi. Reallıqla irreallığın, duyğu ilə gerçəkliyin sərhədlərinin nə qədər şəffaf olduğunun aşkar bədii təcəssümüdür. Amma bu fikir həm də o baxımdan yerinə düşür ki, reallıqla irreallığın tamamilə fərqli olduğunu, əslində iç-içə olmadığını sübut edəcək nə var ki. Bu mənada K. Abdullanın silsilə hekayələrini, xüsusən də hələlik son “Uçuş” hekayəsini həmin anlayışların əslində biri digərindən ayrı olmadığını göstərir.

Sözün açığı bu hekayə süjeti baxımından mənə insanın cənnətdən qovulması mövzusunu birbaşa xatırlatdı. Əslində cənnətdə, səmada qərar tutmalı olan bu əşrəfi-məxluqat dediyimiz insan necə olur ki, nəfsinə yenilir və özünü Yerdə - torpaqda sürünməyə məhkum edir. Belə çıxır ki, “Uçmaq üçün yarananlar sürünə bilməzlər” tezisi insanın timsalında özünün doğrultmur. Bir çox məşhur əsərlərdə hansısa kəndəmi, şəhərəmi gəlib ordan reportaj hazırlayan, müsahibə götürən məşhur ədəbi qəhrəmanlar K. Abdullanın “Uçuş” hekayəsindəki Həlimə obrazı timsalında mənə əslində şeytanın kiçik bir həmkarını xatırlatdı. Əzəli-ilkin dincliyi, asudəliyi, məsumluğu, belə deyək öz iblisanə marağı ilə pozmağa cəhd etdiyini ola bilsin Həlimə o qədər də anlamır. Amma hər halda onun cəhdi artıq bu narahatlığın ilkin rüşeymlərini ortaya çıxartmaqdadır. Sətiraltı da olsa belə məlum olur ki, özünün təmin olunan istəyi, ehtirası Həliməni bu fikirdən daşındırır.

Ümid edək ki, K. Abdullanın hekayəsindəki sıldırımdan uçmağa vərdiş edən Aladağ camaatının bu halı oxuculara, təhlilçilərə qeyri-inandırıcı gəlməyəcək, ən azı insan bədəninin aerodinamik xassələrini, uça bilmək imkanlarını araşdırmağa girişməyəcəklər. Elə bilirəm ki, mətnin düzgün anlaşılmasında, dürüst qavranılıb yozulmasında bu cəhətin xüsusi rolu olacaq. Son olaraq bu məqamı da deyim ki, “Uçuş”daki məkanın və hadisələrin mənə insanın cənnətdəki halı və oradan qovulması ilə bağlı süjeti xatırlatmağının bir səbəbi də budur: əski türkcədə “cənnət” sözünün ekvivalenti “uçmaq”dır.

Əsəd Cahangir

Kamal Abdullanın az qala bütün əsərlərini, hətta bəzi elmi əsərlərini də oxuyanda bir məsələni hiss etmişəm - vaxtilə Allah onu nəsə bir sirrdən agah edib, ona nəsə qeyri-adi qabiliyyət verib, yəni onu nədəsə seçib, amma sonra hansısa səbəbdən bu qabiliyyəti alıb ondan. Və indi onun bütün yazdıqları vaxtilə malik olduqlarına bir daha qovuşmaq həsrətinin ifadəsidir. Məncə, Füzulidəki həsrətin də kökündə bu durur. Ümumən bədii yaradıcılığın psixoloji motivasiyasında bu durur. Çünki əgər bu qabiliyyət sənə ümumən verilməsə, yazmağın anlamı yoxdur. Yox, əgər o qabiliyyət səndən alınmasa yazıçı yox, peyğəmbər, ən azı mistik olarsan. "Uçuş" hekayəsi də möcüzə gözləyib onu görməyən adamın təəssüfünü ifadə edir. Bəzən bu hekayədə postinsan axtaranlar olur. Məncə, bu yanaşma yanlışdır. Düzdür, burda uçmaq - levitasiya qabiliyyətindən söz gedir. Amma bu postinsanın yox, protoinsanın levitasiyasıdır. Cənnətdə Adəm də uçurdu, amma o postinsan yox, ilk insan, yəni proto insan idi.

Mehman Qaraxanoğlu

K.Abdulla nəsrimizin uçuş zolaqlarını, məntəqə və uçaqlarını, ümumən, hava məkanlarını, onlardakı səsləşmələri (Qrammatikanı!) tez-tez “dəyişir” və heyrətləndirir...

Ümidsizlik, inamsızlıq epoxasında yaşayırıq. Hətta səhvlərimizi düzəltməyə də vaxt yoxdu! Həqiqət budur ki, bir-birimizə vaxt vermirik. “Uçan” ağsaqqalın Həliməni o tərzdə yola salmağı dəhşətdi, çağımızın - XXI əsrin acı reallığıdır. Əsas məsələ İnamdı, yerdə qalanlar təfərrüatdır. Məlum olur ki, Həliməni də bu kəndə bağlayan Sevgi imiş... Təcili bütün uçuşları təxirə salmaq lazımdır! Çünki İnam ölüb!!! Nə olsun uçursan, tüpürüm sənin uçuşuna! Hanı sənin İnamın?!

“Uçuş” ziqzaqlı ideyalarla zəngindir, teziz və anti-tezis üzərində qurulub. Təhkiyəçi öz işini – nəqletmə işini görüb oxucunun qarşısından çəkilir. Buyur, yol sənindir! Azərbaycan nəsrində bu cür “geriçəkilmə” və “yoxolmanın” möhtəşəm təməlini Haqverdiyev və C.Məmmədquluzadə qoyub. Təbii ki, onlar da bunu rus və Avropa nəsrindən gələn əsintilərə rəğmən eləyiblər. Bu, dünya nəsrinin qəbul etdiyi ən gözəl yoldur. Azərbaycan nəsri, konkret olaraq Azərbaycan təhkiyəçisi Ərəbzəngi eqosundan xilas ola bilməyib. O, oxucuya sarı gedən suyun qabağını özünəməxsus bir əda ilə kəsir... Necə deyərlər, suyu “filtrdən” keçirib oxucuya ötürür. Bilirsiniz niyə? Əvvala, qorxur. Qorxur ki, oxucu onu “düz” başa düşməz. İkincisi, bir oturuma Koroğlu qırx qazan plov aşırdığı kimi, o da öz qəhrəmanlarına beynində nə var “yedirdərək” guya onu “dünyəviləşdirir” Nəticədə struktur və dialoqlar mətnin stixiyasına deyil, təhkiyəçi intellektinə tabe olur. Sözügedən hekayədə dialoqlara diqqət edin. Çox sadə və pritçavaridir.

Görün bəşəriyyəti nə fəlakətlər gözləyir: Yerdə bir-birinə kömək etməyi “yadırğayan” insanlar bunu Göy-də edirlər. Öz dərdlərini unudub halı pisləşən Şahsənəm qarıya həyan olan Mələk arvad, Məşdəli, Kərim kişi yavaş-yavaş Yerə enirlər. Bu da ayağı yerə dəyən kimi kirə bulaşan Şahsənəmin murdar istəyi: — “Sonra mənə deyərsiz bu qancığın qızı nəyə gəlmişdi…”

Belə-belə işlər…

K.Abdullanın ədəbi taktikasına fikir verin. Yeni obrazını – Həliməni hələ qəhrəmanlar göydə pərvaz edərkən mətnə daxil edir. Özü də çox yumşaq bir “toxunuşla!”

Müəllif sanki bu uçuşa da üsyan edir: Əgər birinin dərdinə çarə Yerdədirsə, göyə uçmağa nə hacət?! Məmişin dərdinin məlhəmi Həlimədir. Bəs gələcək “qayınata” nə eləyir? Qızın əşyalarını çamadana yığdırıb yola salır. Sonra Həlimənin qəzetdə çap olunan məqaləsindən bilinər ki, o, bu kənd adamlarının uçuşu barəsində bir kəlmə də yazmayıb. Həlimə məktəbdən, onun qarovulçusu Məşdəlidən, bir də Şahsənəmin nəvəsi Gülsümlə Məmişin gələcək arzularından yazıb... Gedərkən Məmişi də özü ilə aparan Həlimə, həqiqətən, oğlanın dərdinə çarə edir. Bunu bir həftədən sonra qayıdan Məmişin rəngi-rufundan da bilmək olur…

Yenə belə-belə işlər…

Hekayədə insanın təkcə fiziksəl uçuşundan söhbət getmir. Bu, ruhi uçuşdu!

Və hekayənin İnsanlığa ötürdüyü mesajlar bunlardır:

Ayda ən azından bir dəfə (Hekayədə hər ayın son cümə günü!) insan öz içində dövrə vurub kini, kudurəti, kiri atıb təmizlənməlidir.

Bunu Ustadsız eləmək mümkün deyildir. (Hekayədə Dərviş!) Şərq bu ahəngi pozduğundan başı bəlalar çəkir.

İtirdiklərinin axtarışına çıxma, ey İnsan! Onları sən itirmisən və məlumdu ki, sən də “tapacaqsan” Qazancın nə olacaq?! Bir çil toyuq? Absurdluq! Əsl həqiqətdə isə itirdiklərindən daha çox itirəcəksən! Daha uçmağın nə mənası?

Yer kürəsi Sevgisiz qalıb. Həlimələri geri çağırın! (Yeri düşmüşkən, K.Abdulla bu hekayədə qadına tamam “ayrı” bir rakursdan baxır. Onun qadın qəhrəmanlarına az-çox bələd olan bir oxucu kimi deyirəm. O, qadını, qadın obrazlarını, ümumiyyətlə, “bağışlamır.” Və doğru da eləyir! Onun əsərlərində qadın həmişə “iş başında” tutulur. “Tutularaq” oxucunun ixtiyarına verilir. Amma burada Həlimə nəinki bağışlanır, həm də ona bəraət qazandırılır. Qəzetdə çıxan məqaləsi fonunda…)

“Hər ayın axırıncı cüməsi” (Məhz cümə!), “məhərrəmlik zamanı”, “La ilahə illəllah”, “kəlmeyi-şəhadət”, “Dərviş” “Yuxu”, “Səyyah”... Bunlar açar sözlərdir. Həm də “itirdiyimiz” açar sözlər... (Və ya təhkiyəçinin əvvəlki mətnlərində “ilişib qalan” sözlər!) Əgər onları tapıb yerinə (Özümüzə!) yığsaq, qanadlarımız çıxacaq...

Müəllifin hər bir hekayəsi sanki sirlər şəbəkəsinə qoşulan fləş kimidir. Oxucu da öz işarələrini ora yerləşdirə bilər. Tənhalaşan insanı xilas eləməyin bir yolu da elə budur. Sən özün də hekayə ilə danışırsan – o, sənə işarətlər ötürür, sən də virtual olaraq onunla müsahib olursan.

Əgər kimsə deyirsə, mövcud ictimai-siyasi-tarixi şərait və ovqat yazıçının dünyagörüşünə və üslubuna təsir etmir, ağ yalan demiş olar. K. Abdulladan oxuduğum son dörd hekayə (“Sağlıq”, “Bir sevginin hekayəsi”, “Kamera teatrı”, “Uçuş”) bu qənaəti daha da möhkəmləndirir.

K.Abdulla nəsri öz sosial-fəlsəfi məzmunu və estetikası ilə dünyəvidir. Onun bütün yaradıcılığı (Elmi, poetik, esse yaradıcılığı, dramaturgiyası və nəsri) dünya şöhrətli kinorejissor Verner Hersoqun bu fikrinin əyani təsdiqidir: “Manevr et, çaşdır, amma həmişə demək istədiyini çatdır”

Alpay Azər

Kamal Abdulla hekayələrində magik realizmə sadiq olmağa davam edir. “Uçuş” hekayəsində göydə uçan əyalət adamlarının psixologiyası ironik-yumoristik çalarlarla yaxşı açılıb, məncə. Mənə görə, epizodik obraz görünə bilən Şahsənəmin Məşdəli və Mələyin köməyilə yerə endirilməsi və iki daşın arasında qoca Şahsənəmin “Sonra mənə deyərsiz bu qancığın qızı nəyə gəlmişdi” deməsi. Jurnalist Həlimə obrazı ilə bağlı olanlar hekayənin maraqlı detallarındandır. Bircə sonluğun bu cür açıq qalması mənə tam aydın olmadı. Bilirəm, nəzəriyyə deyir ki, bu, elə magik realizmin mahiyyətindən gəlir. Amma bu cür sonluq adamı bir az müəmmalı vəziyyətdə qoyur. Hekayə mənə həm də formalizm, yəni, məndə yaratdığı vizual effekt, assosiasiyalar baxımından da maraqlı gəldi. Bu hekayə əsasında qısa və ya tammetrajlı film də çəkmək olar.

Mirmehdi Ağaoğlu

Mənə həmişə müəmmalı görünüb, Markesin əsərlərindəki fantasmaqorik elementlər haradan qaynaqlanır? Bunun bir səbəbi, başlanğıcı, istinad nöqtəsi olmalıdı ya yox, öz-özünə yarana bilməz axı? Belə şeyləri təkcə yazıçı təxəyyülünün ayağına yazmamalı, real dünya ilə də nəsə bir bağlantısı, əlaqəsi olmalıdır. Özü də bu müəmma təkcə Markeslə bağlı olmayıb. Məsələn, Conatan Svifti “Qulliverin macərları”nı və ya Luis Kerrollu bir qızcığazın sehirli dünyaya səyahətini yazmağa vadar edən gizli qüvvənin adı nə idi. Sonralar bu cavabın bir hissəsini sehrli varlıqlardan yazan, “Üzüklərin sahibi”, “Hobbitlər” kimi romanların müəllifi Con Ronald Tolkinin bioqrafiyasında tapdım. Sən demə Tolkin pərilərin, cırtdanların varlığına inanırmış.

Bu yaxında Markesin “Anlatmaq üçün yaşamaq” əsərini oxuyanda isə onun fantasmaqorik dünyasının bir çox sirləri mənim üçün aşikar oldu. Bircə nümunə deyim kifayətlənək.

Onda hələ Markesin beş yaşı varmış. Günün birində eyni paltarlar geyinmiş, üst-başı toz içində, alınlarına küldən xaç çəkilmiş xeyli cavan oğlan qəfildən Markesin babasının evinə doluşur. Markes bu hadisəni yazanda deyir: “... O illərin ən böyük fantaziyasını yaşadım...”

Bu oğlanlar Markesin polkovnik babasının Min gün müharibəsi zamanı müxtəlif qadınlardan olan oğulları imiş. Onlar sözləşib atasıgilə gəliblər. Şəhərə çatanda isə kül ayininə qatılıblar, rahib də hər birinin alnına küldən xaç işarəsi çəkibmiş. Gerisini “Yüz ilin tənhalığı”nı oxuyanlar bilirlər. Məsələ burasındadır ki, “Yüz ilin tənhalığı”nın oxucuları bunları fantaziyanın məhsulu, fantasmaqorik element hesab etdikləri halda, bu hadisə həyatda baş veribmiş. Deməli oxucunun fantastik, mistik bildiyi şeylər əslində yazıçıların real həyatı ilə birbaşa bağlıdır.

Bəs görəsən Kamal Abdullanın əsərlərindəki mistik, daha doğrusu fantasmaqorik ovqat hansı real həyat impulsundan qaynaqlanır. Bax bu sualın cavabı mənim üçün çox maraqlıdır. Ondan ötəri ki, müzakirə etdiyimiz bu “Uçuş” hekayəsində də, elə “Labirint” adlı hekayələr kitabındakı “Bilgə əhvalatları” silsiləsindən olan hekayələrdə də əhvalatlar hansısa tarixəqədərki mistik zamanda deyil, bizim dövrümüzdə, bizim zamanımızda baş verir. Koordinatları daha dəqiq verməyə çalışsaq, bax elə indicə mənim bu yazını yazdığım yerdən hardasa 10-15 km şimal-qərbdə, hansısa bir Bakı kəndində baş verir.

Hekayənin əvvəlində bu məkan irrasional, xəyali bir yerə bənzəsə də, sonradan Ala dağın başını bürümüş duman seyrələn kimi müəmma pərdəsi də itir. Biz bu kəndi yaxından görürük. Olsun ki, kəndin adı şərtidir, amma bu kənd var, realdır, Azərbaycandadır. Və Dərdəçarə adlı dərviş bu kəndin camaatına uçmaq öyrədib. Markesin “İki qanadlı çox qoca mələy”inin sakinləri ilk dəfə mələk görəndə heyrətləndikləri kimi Aladağ kəndinin sakinləri də uçan adamla ilk dəfə qarşılaşanda eyni şoku yaşayıblar. Özü də bu dərviş Şeyx Nəsrullah xislətli deyil, o, insanları aldatmaq istəmir, sanki onları Allaha bir qədər yaxınlaşdırmaq üçün, Yerin şər-xatasından bir qədər ucada tutmaq üçün gəlib-xilas etmək üçün. Amma Dərdəçarə onları xilas edə bilirmi?

Nəfsi ucbatından cənnətdən qovulan insan, növbəti xilasını, heç olmasa ayda bircə dəfə mələk olmaq şansını belə zorlayır, ona öz tamahını qatır. Göylərə ucalmaq yerinə yerdə “itmiş toyuğu”nu axtarır. Nəfsinə qul olan insan ona verilmiş bu sehirli hədiyyəni artıq görməzdən gəlir: “Adamlar uçmaqla uçmamaq arasındakı fərqi artıq hiss etməyirdilər.”

Amma Aladağ camaatının uçmaq qabiliyyətini gərək kənar adamlar bilməsin. Allah eləməsin, sirr faş olsa onların bu sehirli qabiliyyətindən kimlər, hansı məqsədlər üçün istifadə edər? Kim bilir! Həlimə isə onların bu sirrini faş etməyin bircə addımlığındadır. Bu yerdə Hitlerin Tibetə göndərdiyi ekspedisiyalar yada düşür. Yaxşı o ekspedisiya heç nəyə nail ola bilmədi, yaxşı ki, Tibet monaxlarının qabiliyyətlərini öz Şər məqsədi üçün istifadə edə bilmədi.

Nolsun ki, aladağlılar üçün uçmaq da uçmamaq kimi bir şeydir, və artıq bu sehirli hədiyyə də onlar üçün öz mahiyyətini itirib. Çevrilib bəşəriyyətin tarixinə baxanda heyrət etməyə bilmirsən. Sveyq demiş insanlığın nə qədər “ulduzunun parladığı anları” olub. İnsan o dəyərli hədiyyələrin hansını məhv edib, adiləşdirməyib ki? Hamısını. Bircə sevgidən başqa. Uçmağı öyrənsə belə bu ucalığa əli çata bilməyib, onu kirlədə bilməyib,. Yaxşı ki, Məmişlə Həlimənin sevgisi Aladağ camaatını “aşkara çıxmaqdan” xilas edir, dünyamızı xilas etdiyi kimi. Deməli hələ xilasa ümid var və bu xilas ancaq və ancaq sevgi adlı sehirli qüvvənin hesabına mümkündür.

# 1347 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #