Kulis.az yazıçı Mübariz Örənin “Ağ buludlar” povesti haqqında söhbəti təqdim edir
İştirak edirlər: Rəhim Əliyev, Mübariz Örən və Səxavət Sahil
Rəhim Əliyev: Ədəbiyyat həvəskarlarını salamlayırıq, bu gün biz yığışmışıq ki, Mübariz Örənin “Azərbaycan” jurnalında çıxan “Ağ buludlar” povesti haqqında danışaq. Doğrusun deyim ki, mənim o qədər də bu jurnalları oxumağa vaxtım olmur, sosial şəbəkədə gördüm ki, QanTuralı “Ağ buludlar” povesti haqqında çox müsbət təəssüratını yazıb. Mən də Qan Turalının rəyinə inanan adamam, onun ciddi yazıçı qələmi var. Sonra Mübarizə zəng elədim, jurnalı gətirdi, mən də oxudum və gördüm ki, bu povest ədəbi hadisə sayıla bilər.
Bu povestdə iki şey mənim çox xoşuma gəldi. Birincisi, əlbəttə ki, onun ədəbi dilidi. Mən Nasir Mənzuri haqqındakı məqaləmdə də bu barədə yazmışam. Cənubda Azərbaycan ədəbi dilində, nəsr dilində gedən o proseslər, nəsr dilinin şablon üslubdan, cansız üslubundan, “Azərnforum” üslubundan çıxmağa can atdığını göstərir və bu yöndə bu tayda da axtarışlar davam edir. Mübariz az yazsa da, mən həmin tendensiyanı povestdə hiss elədim. Gördüm ki, bizim ədəbi dilimizdə, proza dilimizdə bir çevriliş prosesi gedir. Bu povest də mənim diqqətimi ilk növbədə, təhkiyədə, bizim müasir proza təhkiyəsində bir çevriliş yaratmaq, onu təzədən xalq danışıq dilinə qaytarmaq cəhdi özünə çəkdi. Bu, ədəbiyyatda ən mühüm cəhətlərdən biridir. Sovet vaxtında bu mümkün deyildi, çünki prozanı birbaşa orfoqrafiyaya tabe eləmişdilər. Amma bütün dünyada məlumdur ki, proza dili, proza üslubu ədəbi dil normalarından bir az kənarda da ola bilər. Yəni proza üslubunun öz sərbəstliyi var. Nasir Mənzurinin “Qaraçuxa”sı, “Avava”sından sonra, Qulamhüseyn Saidinin “Top” povesti haqqında yazmışdım, bu əsərlərin dili tamam ayrı bir şey di. Elə yeni bir proza dili ortaya gəlir ki, bu çox ciddi bir hadisədir, proza öz təbii dilini tapır. Bu povest də mənim diqqətimi daha çox buna görə çəkdi. Halbuki, Mübariz mənim tələbəm olub, onun stil məsələləriylə maraqlanan olduğunu görməmişəm. Elə bil fəhmlə yazıb.
İkinci cəhəti də bu əsərin qəribə bir mistikasının olmasıdır. Dərk olunmayan şeylər, həyatda gözlənilməyən, adi məntiqlə izah olunmayan həyat situasiyaları var. Mübarizin gəlib çıxdığı mistika deyim ki, maraqlı bir şeydir.
Səxavət də burdadır, Səxavətin də öz yazılarında bu cəhətlər var, mistika var, insest mövzusu da var. Deməliyəm ki, insest motivi Mübarizin əsərində də var və o dərin bir qatdadır. Hesab edirəm ki, bu da mistikanın bir formasıdır. Bir az da Sofoklun əsərinə oxşayır, düzdü, ordakı qəhrəman Tiran Edipin taleyi ilə oxşarlıq var. Qəhrəman özü də bilmədən gedib elə bir yerə çıxır ki, günah işlədir, insest baş verir.
Səxavət, bu məsələlər, bu qədim süjetlər sənin də yaradıcılığında var, insestin özü də qədim bir süjetdir, mifoloji, bəşəri bir süjetdir, sən də öz fikrini de, bu barədə, görək sənin təəssüratların necədir.
Səxavət Sahil: Romanı ilk dəfə mənə vermişdi Mübariz, oxumuşdum. Hərçənd ki, povest adlandırır, məncə, mahiyyəti və əhatəsinə görə romandı. Mənə də maraqlı gəldi ki, Mübariz Örən qədim süjetlə modern düşüncəni birləşdirə bilib və bu onun əsərində yaxşı formada bəhrəsini verib. Əvvəlki hekayələrinə baxanda “Ağ buludlar” onun yaradıcılığında yeni bir mərhələni başlayır. Bu haqda ayazı da yazmışam.
Rəhim Əliyev: “Ağ buludlar” haqqında yazmısan?
Səxavət Sahil: Bəli.
Rəhim Əliyev: Harda çıxıb?
Səxavət Sahil: “Kaspi” qəzetində və Artkaspi.az saytənda.
Rəhim Əliyev: Onları göndərsən oxuyaram.
Səxavət Sahil: Mübariz bu əsərlə açıq dənizə çıxıb, artıq onun getdiyi yol, istiqamət məlumdur. Çar Edip məsələsi dünya ədəbiyyatında geniş yayılıb, Şekspirdən bu günə qədər davam edir, dünyanın böyük sənətkarlarına təsir edir, əbədi süjetdir. Amma Mübarizdə bu süjetin yeni bir forması idi. Bu gün Azərbaycanda və dünyada baş verən ədəbi-bədii, ictimai-siyasi hadisələrlə bağlıdır.
İnsan öz həyatını, yaşayışını təmin etmək üçün öz yerindən başqa bir yerə gedir, xoşbəxtlik axtarır, lakin onun qaralandığı taleyi onu rahat buraxmır, axırda da öz günahının qurbanı olur. Bu tək özünün yox, həm də nəslinin günahıdır.
Əsərin diliylə bağlı Rəhim müəllim danışdı. Təbii ki, Mübarizin ən üstün cəhətlərindən biri onun, az yazmağına baxmayaraq üslubunu formalaşdırmasıdır. Adətən üslub, davamlı şəkildə yazanda meydan çıxır. Digər bir şeyi də deyim ki, hekayədən çıxıb, iri həcmli əsər yazanda üslubu qorumaq çox çətindir. Hesab edirəm ki, Mübariz “Ağ buludlar”da öz üslubunu qoruya bilib.
Əsərin bügünkü ədəbi mühitdə bir canlanma yaratması, bir neçə nəfərin buna öz münasibətini bildirməsi onu göstərir ki, əsər ciddi reaksiya doğurub, hadisədir...
Rəhim Əliyev: Bu barədə sənə nə məlumdursa, kimlər yazıbsa məlumat ver.
Səxavət Sahil: Əsərdən xəbər tutan jurnalın əməkdaşı Mübariz Cəfərli müəllifdən romanı çap etmək üçün istəyib. Daha doğrusu, Cavanşir Yusifli oxuyandan sonra məsləhət görüb, Mübariz Cəfərli də Mübarizdən əsəri alıb. Düzdü, jurnalda müəyyən ixtisarlar edilsə də, növbədənkənar çap eləyiblər. Bütün bunlar göstərir ki, bu gün bizim ədəbi mühitin belə əsərlərə ehtiyacı var.
Roman haqqında Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Azad Qaradərəli, Kənan Hacı, Mehman Qaraxanoğlu, Samirə Əşrəf və digərləri yazıb, öz fikirlərini bildiriblər.
Rəhim Əliyev: Sizin dediyinizdən belə çıxır ki, zənnim məni aldatmayıb, mən əsəri oxuyan kimi ilk səhifələrdən mənə təsir eləyən bu oldu ki, bu əsərin dilində qeyri-adi emosiya var. Bir var, hadisələr emosional olar, məsələn biri ağlayır, birinin də ona yazığı gəlir və s. Burda isə ən güclü emosiya Mübarizin təhkiyəsindədir. Bu, adi bir şey deyil, qeyri-adi bir şeydir, bu fitri istedadın əlamətidir. Buna, belə yazmağa heç vərdişlə də nail olmaq olmaz.
Deyəsən, Hegeldən qalmadır, üslub haqqında deyir ki, üslub insandır. Yəni hər insan bir üslubdur, bu da fitri bir şeydir. Təhkiyənin o emosionallığı o dildə ifadə olunandır. Xüsusən insan hisslərini, duyğularını sözə çevirməkdir. Bu cür əsərlər Azərbaycan prozası üçün təzəlikdir. Mübarizin əsərində də bunun güclü ifadəsi var və mənim diqqətimi cəlb elədi. Sənin dediyin kimi, hamı o dil keyfiyyətini hiss eləyib. Yenə deyirəm, bizim prozamızda üslubla bağlı böyük axtarışlar gedir. Görürsünüz, jurnal da həssaslıq göstərib, “Azərbaycan” jurnalı bir baryerdir. Elə insanlar var ki, ömrü boyu yazıb, amma orda çap oluna bilməyiblər. Sovet vaxtı beləydi, orda bir əsərin çıxmasa, səni prozaik hesab eləmirdilər. Düzdü, indi o şablon ölüb, amma yenə də, görürsən ki, jurnalın əməkdaşlarının bu işə maraq göstərməsi o deməkdir ki, yaxşı əsərdi, həm də onlar əsərin üslubundakı yaxşı xüsusiyyətləri görə biliblər.
Bu ədəbiyyat adamları üçün bir yenilikdir, onlar bu yeniliyi görürlər. Bu yenilik də, ilk növbədə, dillə bağlıdır, üslubla əlaqədardır. Mübarizin dili çox güclü ifadə qabiliyyətinə malikdir, bu dil yeni başlayan yazıçının dilinə oxşamır, çox ifadəlidir. Təsvir olunan mühit Azərbaycan mühiti deyil, Sibirdi, Rusiyadi, soyuq bir yerdi, bizə yad bir yerdi, bunları sözə sığdırmaq, sözlə ifadə eləmək elə də asan deyil. Bizim doğma mühitimiz deyil axı. Amma bunların hamısını Mübariz yaxşı bir dillə yazıb. Mən sizi inandırım ki, ədəbiyyatda təhkiyəni, üslubu az adam başa düşür, amma bu ədəbiyyatın inkişafında fundamental məsələsidir, ən böyük yaradıcılıq məsələsidir. Çünki istedad, təhkiyənin, bədii yazının, mətnin gücü ordakı emosionallıqda özünü büruzə verir, ifadəsini tapır və oxucuya da keçir. Bu çox böyük bir məsələdir proza yazan üçün. Böyük bir uğurdu. Mən Mübarizi təbrik edirəm. Əlbəttə, çox əsər yazmaqla deyil. Mübariz, neçə yaşın var?
Mübariz Örən: Əlli olacaq, gec başlamışam, 45 yaşımda başlamışam.
Rəhim Əliyev: Azərbaycanda yazıçıların hamısı gec yetişirlər, dediyim odur ki, çox əsər yazmaqla deyil. Nasir Mənzuri də elədi, Seyd Hüseyn də elədi. Seyd Hüseynin proza təhkiyəsini yaratmaqda böyük rolu olub. Əkrəm Əylisli ən yaxşı stilistlərdəndi, bizim prozamıza təsir eləyən adamdı. Əkrəmin də yaradıcılığı o qədər də böyük deyil, həcm etibarı ilə böyük deyil. Amma Əkrəm həmişə çalışıb ki, onun sözü, təhkiyəsi emosional olsun. Mübarizdə bu, qəribədir, başqa cürdür, elə bil, anadangəlmə bu cür yazmağı bacarır. Mən də mat qaldım ki, Mübariz nə qədər Rusiyada yaşayıb, amma xalq dilini necə bilir, o sözləri, onların ən dəqiqini necə bilir və yazır. Görünür, ya yaxşı müəllimi olub, ya da anası yaxşı bilib Azərbaycan dilini, kimdənsə onu eşidib, öyrənib. Həm onda söz duyğusu güclüdür, bu yaddaşın bir şəkli di. Birində səslər, birində üzlər, birində yollar yaxşı qalır hafizədə. Mübarizdə söz yaddaşı möhkəm və yaradıcı idi.
Mübariz Örən: Əkrəm Əylislidən söz düşmüşkən, deyim ki, Əkrəm müəllim də oxuyub bu yazını və mənə dedi, bu, povestdir. Roman da adlandırmaq olar, amma daha çox povestə uyğun gəlir. Məni çağırdı, bir yerdə oturub söhbət elədik, təriflədi, söz düşdü deyirəm, fikirlərini dedi. Münasibəti çox yaxşı idi.
Rəhim Əliyev: Mən dilinə heyran oldum, yəni o dildəki emosionallığa heyran oldum. Hadisənin özü o qədər emosional deyil. O, şimal mühitini, şimal təbiətini, o göllə əlaqədar yerlər var. Mistika-filan... Bunları nə cür gözəl təsvir eləyib. Yenə deyirəm, bu, Azərbaycan təbiəti deyil. Dünyanı sözə sığdırmaq yazıçılığın ən çətin işlərindən biridir. Hamı hər şeyi görür, amma onu sözə sığdırmaq, sözə çevirmək əsasdır.
Səxavət Sahil: Amma mühiti yad hiss eləmirsən oxuyanda. Ustalıqla yazıb.
Rəhim Əliyev: Mənim üçün maraqlı şeylərdən biri odur ki, burada nə qədər avtobioqrafiklik var? Səxavətdən soruşdum bununla bağlı bəzi şeyləri. Mübariz, bizə məlumat ver görək nə dərəcədə burda avtobioqrafik elementlər var.
Mübariz Örən: Təbii ki, avtobioqrafik deyil bu əsər.
Rəhim Əliyev: Bəs ordakı göl?
Mübariz Örən: Göl də sırf təxəyyülün məhsuludur. Bir az özüm də yazanda sirrə, sehrə düşmüşdüm. Mənə elə gəlir ki, getdiyim o yerlər ki var, hamısında sehrə düşmüşdüm, özümdən asılı olmayaraq. Əslində, belə bir məkan var, belə bir şəhər var, amma baqşa bir adla var, mən orda olmuşam. Orda “Müqqəddəs göl” adında bir göl də var. Təbii ki, o hadisələr olmayıb, elə bir məbəd yox di.
Əsəri yazanda bunlar öz-özünə alındı, hadisələr bir-birini açdı və getdi ora çıxdı.
Rəhim Əliyev: Ədəbiyyatda mistikanın yeri çoxdu, hərdən elə olur ki, yazıçının fantaziyası həyatda olandan da yaxşı şeylər uydurur.
Mübariz Örən: Rəhim müəllim, siz də dərslərinizdə deyirdiniz ki, yazdıqca beyindəki görünməyən qatlar açılır. Səxavət bilir, bu bir hekayəydi əslində, müəyyən səbəblərə görə kompüter xarab olmuşdu, hekayə itmişdi. Bunun bərpa cəhdi gətirdi buna çıxardı.
Səxavət Sahil: Yəni bunun özü də bir mistikayla yazılıb.
Mübariz Örən: Bəli, həqiqətən əsər mistikayla yazılıb. Əslinə yaradıcılıq elə mistik fəaliyyətdi çox cəhətdən. Amma ədəbiyyat həmişə insan taleyi haqdadı. Düzünə qalanda, tale məsələsi burda da aparıcıdı.
Səxavət Sahil: Əsərin taleyində irihəcmli əsər olmaq, povest, roman olmaq vardı ki, o hekayə kimi yazılanda itdi. Belə olmalıydı, görünür, burda da bir yazı mistikası var.
Rəhim Əliyev: Yaradıcı ağılın, insan ağlının sirlərindən biri budur. Mənim ən çox zəhləm gedən bir şeyi, yazını iki dəfə yazmaqdı. Əslində isə bir şeyi iki dəfə yazmaq mümkün deyil. Necə ki, suya iki dəfə girmək mümkün deyil, bu da elədi. Bir yazını ikinci dəfə yazanda yeni bir variantı yazırsan. Elə bil bir əsərin yeni variantını yazırsan, heç vaxt eyni ola bilməz.
Səxavət Sahil: Mən bu əsərin strukturu, quruluşu ilə bağlı demək istəyirəm ki, Azərbaycanda struktur qurmaq problemi proza yaranmışdan bu günə qədər var. Çünki əsərlərin çoxu tam deyil. Mən müasir yazarların ikisindən hiss eləmişəm ki, strukturu tam qura biliblər. Bu da ki, həm peşəkarlığın məhsuludur, həm də nəyi yazmaq istəməyin nəticəsidir. Bizdə elə yazışı var, deyir, başlayıram hekayə yazmağa, görürəm ki, roman alınır, romana doğru gedir. Qeyd-filan olmadan yazmağa başlayır, axırda tamam başqa bir şey alınır.
Əli Əkbərin “Sarı gəlin” romanının strukturu çox mükəmməldir, əsərin qurluşunu çox bəyənmişdim. Bir də Mübarizin bu “Ağ buludlar”ının strukturu elədir ki, heç bir qırıqlıq yoxdur, heç bir kənar şey yoxdu. Elə bil, burada hər bir cümləni zərgər dəqiqliyi ilə hazırlayaraq komplekt hala salıblar. Siz bunu dillə bağlayırsınız, bu təkcə dillə bağlı deyil. Hadisələrin baş verməsi və hadisələrin bir-biriylə bağlanması burda əsasdı. Elə yazıçı var ki, onun əsərini oxuyanda görürsən ki, hadisə baş verir, süjetlər bir-birini əvəz edir, heç nə aydın olmur. Dönüb təzədən oxumağa məcbur olursan. Amma dediyim bu iki yazıçıda, xüsusən də söhbət açdığımız “Ağ buludlar”da elə bir şey yoxdur. Hər bir hadisə, hər bir süjet bir-biriylə sıx bağlıdır, zəncirvari olaraq bağlıdır. Axırda da günahın yuyulması ilə bu hadisələr çevrəsi qapanır və artıq yazmağa heç nə qalmır. Mübariz əsərin sonun yazanda deyirdi ki, mətn bitib, yazmağa heç nə yoxdur. Onda həqiqətən də əsər bitmişdi. Əlavə yazılmırdı və bu təbii idi.
Rəhim Əliyev: Bir məsələni deyim, məndə bir sual qalıb. Dəqiq bilmirəm ki, axırda o qəhrəman ölüb, yoxsa ölməyib. Düzdü, ölməyə oxşayır, amma birmənalı deyil. Ədəbiyyatın gözəlliyi odur ki, birmənalı şey olmur, ədəbiyyatda birmənalı şey yaxşı deyil.
Mübariz Örən: Hər halda ordakı sürücü ki var, o it hürən tərəfə gedir, bu isə işıq gələn tərəfə gedir.
Rəhim Əliyev: Bəs nağılda necədi, müsbət olan hansıdı?
Mübariz Örən: İt hürən tərəf yaxşıdı, orda insan var. İşıq gələn tərəf artıq naməlumdu.
Səxavət Sahil: Həm də əsərin sonunun baş verdiyi məkan soyuqdu, şaxtadı. Qəhrəman da maşının qapısını açıb özünü soyuğun ixtiyarına verir, artıq o ölümə məhkumdu.
Mübariz Örən: Əslində, 20 dərəcə şaxtada, meşədə gedir, təbii ki onun sağ qalmaq şansı yoxuydu, ölür. Və onun ruhu babalarının ruhu kimi qovuşur ağ buludlara, Tura çayını keçib gedirlər.
Rəhim Əliyev: Bunu indi deyirsiz, amma romanda bunlar yox idi. Bir məsələni də deyim, qazaxlarla bizim ortaqlığımız çoxdu, mən orda əsgərlikdə olmuşam və görmüşəm. Orta Asya xalqları orda ümumi bir dil tapıb, düzəldib danışırdılar, hamısı da bir-birini başa düşürdülər. Əsərdəki o yerlərlə bağlı təsvirlər mənim çox xoşuma gəlir. Bir də diqqətimi cəlb edən odur ki, süjeti Azərbaycan mühitinə qoymayıbsan, Qazaxıstan mühiti ilə bağlayıbsan, amma elə bir fərqi yoxdur. Əsərin dili, təhkiyəsi o qədər istidir, o qədər təsirlidir ki, mühitin yad olması hiss olunmur.
İnsest mövzusunda da danışmaq olar, amma hesab edirəm ki bunu gələcək söhbətimizə saxlayaq. Oxucularımız üçün də bu çətin bir mövzudur. Mübarizi təbrik eləmək olar, yaxşı bir əsərdi, kitabını çap etdirmək istəyir.
Adamlar var aktyor olur, ömrü boyu çalışır, teatrda işləyir, amma heç bir aktyorluq qabiliyyəti də olmur. Elə adam da var, bir ağız oxuyur, görürsən ki, hazır müğənnidir, sənətkardır. Mübariz də bir az vaxt itirib, amma mən hesab edirəm ki, nə yazsa yaxşı olacaq, uğurlu olacaq, prozamızın hüdudlarını irəli aparacaq. Bir daha Mübarizi təbrik edirəm, oxucularımıza tövsiyə edirəm ki, bu əsəri “Azərbaycan” jurnalının 2017-ci il 3-cü nömrəsində çap olunub, oxusunlar. Bununla da söhbətimizi yekunlaşdıraq.
Mübariz Örən: Çox sağ olun, minnətdaram.