O gecə atamı öldürmək üçün baltanı götürdüm… - Bir dəlinin gündəliyi

O gecə atamı öldürmək üçün baltanı götürdüm… - Bir dəlinin gündəliyi
4 iyun 2019
# 09:00

Kulis.az Oğuz Ayvazın “Bir dəlinin gündəliyi” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Axşamlar dəlilər dəhlizin küncünə yığışıb siqaret püfüldədir, keçmişdən, qadınlardan, yuxulardan söhbət edirdilər.

Bir gecə yuxudan hövlnak oyanıb dəhlizə çıxdım. Rus qozbel çömbəlib öz-özünə danışırdı. Yaxınlaşıb ona qulaq verdim.

“Həyatımı zibil gününə saldılar. Bu gün Rusiya dağılacaq. Atam ölməlidir! Hamı ölməlidir! Niyə məni tərk etdiniz? Bu gün dünya dağılacaq! Qarışqalar azadlıq istəyir, tarakanlar isə onları yeyir. Bütün qarışqalar insanlardan yaxşıdırlar. Bütün qarışqalar mənim balalarımdır. Xahiş edirəm, qarışqaları tapdalamayın, öldürməyin. Ey yazıq, adamcığazlar. Bəsdirin! Qulağımı apardınız.”

Rus qozbelin boyu az qalırdı iki metrə çatsın. Sarışın idi, barmaqları pianoçuların barmaqları kimi uzun və səliqəli görünürdü. Tez-tez şalvarını yuxarı çəkər, həmişə də öz-özünə danışardı. Heç kimlə dialoqa girməzdi. Qozbel dəlixana divarlarının tənhalıq abidəsiydi. Deyilənə görə, atası yüksək vəzifəli məmurdu. Atasının qaydaları ilə yola getməyən qozbel tezliklə ağlını itirir. Universitet həyatı yarımçıq qalır, qadınlarla münasibəti alınmır, dostları onu lağa qoyur. Bütün bunlar onu bura gətirib çıxardır.

Ona “kak dela?” dedim. Cavaba baxın: “Mən həmişə yaxşı hiss etmək istəmişəm. Amma məni dəyişdirmək istədilər. Başqa bir həyatla. Nu eta jizn? Vot eta jizn. Çort pabiri. Ey tı çelovek? Tı çelovek ili?”

Diqqətlə onun gözlərinə baxıram. Gözlərinin dərinliyində itmiş, qeyb olmuş bir şəhər görürəm. Gəlin o şəhərə köçək. Rus qozbeli yaxından tanıyaq. Gəlmək istəməyənlər bəri başdan desin. Sonra yolun ortasında deməsin ki, mən geri qayıtmaq istəyirəm.

“Adım Vasyadı. Rusiyanın Moskva şəhərində anadan olmuşam. Uşaqlığım qorxunc keçib. Atam hər gün anamı, məni döyərdi. Tut ağacının çubuğu ilə bizi vururdu. Allahın hər günü içirdi. İçə bilmədiyi günlərin heyfini bizdən çıxardırdı. İndinin özündə tut ağacına nifrət edirəm. Harda tut ağacı görsəm o əzablı, ağrılı günlər yadıma düşür. Başıma ağrılar girir. Bir gün atam evə fahişə gətirmişdi. Oyuncaqlarla dolu otağımda onların səsi qulaqlarımda cingildəyirdi. Qapının arasından onlara göz qoyurdum. Həmin gün xoşbəxtlikdən anam bazara getmişdi. Atam üzündən-gözündən pudra yağan qadını öpür, qoxlayır, gülür, həzzini yaşayırdı. Qadın soyunmağa başladı. Öyrədilmiş adamlar kimi atamla necə lazımdısa sevişdi. Bütün bu mənzərələr uşaq yaddaşıma köçürülürdü. Evin qapısı açıldı. Anamın səsi gəldi: Vasya, Vasyaaa... Tez anamın qabağına qaçdım. Ətəyindən yapışıb susdum.

- Nə olub, Vasya?

- Heç nə...

- De görüm

- Atam mənim otağımda...

Anam iti addımlarla mənim otağıma götürüldü. Və bu da xəyanətin mənzərəsi. Anam içindən ağlayırdı. Atam qışqırır, söyür, qadın lüt, saçları yastığa yayılıb. Bir də tavanda gəzişən siqaret tüstüsü...

Bütün bunlardan sonra anamla evdən ayrıldıq. Nənəmgilə getdik. Uzun qış gecələrində nənəmin nağılları məni ovundururdu. Anam aptekdə işləyir, evə yorğun gəlirdi. Günlərim darıxdırıcı, boz keçirdi. Nənəm çox vaxt yatırdı. Evin pəncərəsindən axıb keçən həyata baxır, atamı düşünürdüm.

Görəsən atam neynəyir? Yenə içir? Gəlin onun yaşadığı həyata kirayə köçək”.

Atasının halı:

“Dünənki içkidən başı zoqquldayır, ağzı acı dadırdı. Bir azca araq, ya da bir bakal olsaydı bəsiydi. Ancaq araq və pivə üçün aşağı düşməyə dəyməzdi. Onsuz da bu vaxt bütün dükanlar və kafelər bağlı olurdu. Təzədən gözünü yumub yatmağa cəhd etmək də özünü aldatmaq idi. Fikirləşdi ki, görəsən soyuducunun küncündə-bucağında içki-zad qalmayıb ki? Amma xasiyyətindən halı idi. Bu evdə onun əlindən içki dayanar? Əlinə içki düşən kimi başına daş salırdı. Yerində oturub dolabın üstündəki siqaret qutusunu açdı. İçində iki-üç dənə qalmışdı. Dükanlar açılana qədər bir təhər başını qata bilərdi. Ac qarnına çəkməyə adətkardı. Ancaq nədənsə bu dəfə siqaret çəkməkdən vaz keçdi.

Ayağa qalxanda əyninə baxdı. Şalvarının böyür-başı çirklənmiş, maykasının cırılmış parçası sallanırdı. Ürəyi araq üçün gedirdi. Bu elə bil duyğu idi ki, ondan qaçmaq qeyri-mümkün idi. Əlinə bir şey keçməyəcəyinə ümidli olmasa da hər ehtimala qarşı içki şüşələrini bir-bir əlinə alıb silkələdi. İçində heç nə olmadığını anlayıb onları bir-bir yerinə qoydu. Sonra hamama keçib həvəsiz halda üzünə su vurdu. Başını qaldıranda güzgüdə özünü gördü. Sifəti codlaşmış, gözünün altı torbalanmış, qara zolaqlar əmələ gəlmişdi, burnu isə heç deyiləsi deyildi. Buratina kimi burnu qıpqırmızı idi, üzünü ağappaq tüklər örtmüşdü. Saqqalını sığalladı. Bir an gülümsünüb qapını açdı. Çölə çıxanda gözü qaraldı, başı fırlanır, ürəyi bulanırdı. Təcrübəsindən bilirdi ki, bir azdan bu keçib gedəcək. Deyəsən, dünən içdiyi araq heç fərli deyildi. Son vaxtlar araqların da zayı çıxmışdı. Adamı kefləndirməkdən çox, yuxu basırdı”.

Hə… Bu da belə… Bir müddət keçdikdən sonra atam içkinin başını buraxdı. Dövlət idarəsində işləməyə başladı. Anamı da, məni də evə qaytardı. Amma...

Yeniyetmə yaşıma gəlmişdim. Qadınlarla münasibətlərim alınmırdı. Çarə fahişlərin yanına getmək idi.

Axşamüstü kafelərin birinə yollandım. İçki sifariş verib, ətrafı müşahidə etməyə başladım. Qısa ətəkli, yorğun, ənlik-kirşanlı qadınlar diqqətimi çəkirdi. Onlar fahişə idi. Onlardan ən gəncini əlimlə işarə edib yanıma çağırdım. Cəld yerindən durub yaxınlaşdı, çoxdanın tanışı kimi yanımda oturub gözlərini mənə dikdi. Bu an fahişələr oturan masaya baxdım: onların üzündəki sonsuz kədər mənə toxundu. Adını bilmədiyim fahişəyə "istəyirsən dostlarını da çağır” - dedim. Gülümsədi. Yəqin elə bildi ki, zarafat edirəm.

- Biri sənə bəs eləmir?

- Adın nədir?

- Sara. Neynirsən ki?

- Saat neçəyə qədər burada işləyirsən?

- Səhər altıya kimi.

- Bəs yorulmursan?

- İnsanam da, yoruluram. Amma öyrəşmişəm. Yaxşı, qurtar bu söhbəti. Keçək otağa?

Bir şey demədim. Qarşımdakı pivəni sonuna qədər içib ayağa qalxdım. Onun arxasınca otağa getdim. İçəridən çox pis iy gəlirdi. Mələfə, döşəkağı, yastıq döşəməyə səpələnmişdi. Elə cəldliklə soyundu ki, bütün ehtirasım soyudu.

- Sara, gəl, bir az söhbət edək.

Gülərək çarpayıya uzandı. Gözlərini tavana dikdi. Öz həyat hekayəsindən danışmağa başladı. Onun səs tonunda qeyri-səmimilik vardı. Standart, şablon hekayələr danışırdı. Bilirdim ki, basıb-bağlayır. İnanmasam da, qulaq asırdım. Sonra mənasız lətifələr danışmağa, şit-şit gülməyə başladı. Susmaq bilmirdi. Nədənsə belə daha kədərli görünürdü.

İki dəqiqədən bir gülməyi əsəblərimə toxundu. Sanki qarşımdakı qadın deyildi. Mənə elə gəldi ki, sevdiyi insanlar Günayın üz cizgilərini, vücudunu, saçını, gözlərini belə unutmuşdular. İndi o, öz bədənindən pul qazanan böyük bir boşluğa bənzəyirdi. Heç nə ifadə etmirdi. Yəqin fahişələr bədənlərini satarkən ürəklərini də hərraca qoyurlar. Sara dinc durmurdu. Mazaqlaşırdı. Mənim isə istəyim onunla yatmaq deyildi. Birdən-birə ağlımdan qəfil bir fikir keçdi. Fahişələr öz qadın statuslarını dəfn etdiklərinə görə artıq kişilər üçün yalnız orqazma çatmaq vasitəsidirlər.

- Sara heç sevmisən?

O ayağa qalxdı. Paltarını geyindi. Güzgüdə saçını-başını düzəltdi. Özünə sığal verdi. Bir xeyli otağın içində fırlandı. Yerə dağılmış əşyaları yerbəyer etdi. Sonra mənə baxıb dedi:

- Hə…

Gözlədim ki, danışsın. Amma elə hey susurdu. Susqunluğu çarəsizliyindən xəbər verirdi. Sara məni düşüncələrimdən ayırdı:

"Bir dəfə kafeyə bir oğlan gəlmişdi. Məni seçmədi. Başqası ilə otağa keçdilər. O oğlan hər dəfə gəlirdi. Həmişə də başqaları ilə gedirdi. Neçə dəfə yanına yaxınlaşmaq istədim, amma məni uzaqlaşdırırdı. Səbəbini bilmirdim. Sonra oğlan yoxa çıxdı. Daha gəlmədi. Hər dəfə rəfiqələrimlə onun haqqında söhbət edirdim. Rəfiqlərim deyirdi ki, o, yataqda çox yaxşıdır. Onlara əsəbiləşirdim. Üstlərinə qışqırırdım. Axırda dostum dedi ki, sən onu sevirsən. Mən hər yanıma gələn kişini ona bənzədirdim. Elə bil onunla sevişirdim. Sanki bir evdə, ər-arvad kimi”.

Sara danışır, mənsə düşünürəm ki, qadınların da sevgisi belədir. Nə vaxt onlara əzab verirsən, özündən uzaqlaşdırırsan, o zaman səni sevirlər. Görəsən, bir fahişəni sevmək necə olardı? Yaxud fahişənin sevgisi…

Bu an oxuduğum roman yadıma düşdü. Türk yazıçısı Suat Dervişin “Fosforlu Cevriye” romanı. Qadın yazıçının qələmə aldığı dramatik əsərdə sonda Cevriye ona heç vaxt toxunmayan, onunla yatmayan, onun fahişə olduğunu unutduran bir kişini sevir və sonu faciə ilə nəticələnir. Cevriye o kişini xilas etməkdən ötrü öz canından keçir. Nədənsə, oradakı kişinin Cevriyəyə verdiyi sualı xatırlayır və istəyirəm ki, Günaydan da bunu soruşum: “İnsanları sevirsən?” Cevriyenin cavabı belə idi: “Hə... Lənətə gəlmiş insanları sevirəm”.

Saraya baxıram. Yanıma çağırıram. Gözlərinin içində məhv olmuş uşaq bağçası görürəm. Soruşuram:

- Sara, insanları sevirsən?

Bu yerdə qapı döyülür. Müdir Sarayı çölə çağırır. Sualım cavabsız qalır...

Gecə evə yollanıram. Anam qışqırır: Vasya hardaydın? Atam qəfil qabağıma çıxır. Əlində də tut ağacının çubuğu. Başlayır o ki var məni döyməyə. İçkili də deyil. Anam yalvarır, burax balama vurma. O bizim Vasyamızdı. Çifayda. Atam quduz it kimi dişləyir hər yerimi. Evdən qaçıram. Binanın içində səhərə qədər yata bilmirəm. Sitə-sitə günəşli günlər arzulayıram. Artıq içimdə atama nifrət hissləri baş qaldırmışdı. Onu öldürmək istəyirdim. Bunun üçün nə lazımdısa edəcəkdim. Azad dayının bağından paslı bir balta əkişdirdim. Gecə atamı balta ilə öldürəcəkdim.

Axşam evə toplaşmışdıq. Atam televizora baxır, tez-tez donquldanırdı. Anam isə yemək bişirirdi. Darıxdırıcı saatların keçməsini səbirsizliklə gözləyirdim ki, atamın başına balta ilə vurum. Onun qana bulaşmış sifətini görüm. Sonra düşünürdüm ki, onu tut ağacının çubuğu ilə döyüm.

Gecə yaxınlaşırdı. Atam bizə heç bir söz demədən yatağına keçdi. Anam da zalda yuxuya getdi. Eyvanda gizlətdiyim baltanı çıxardım. Atamın yanına yaxınlaşdım. Zərblə onun başına vurdum. Başı yerə düşüb dığırlandı. Tut ağacının çubuğu ilə başına başına vurur, sevinirdim. Bu gecə mənim zəfər gecəm idi.

Bütün bunları ağlımdan keçirdim. Atam mənə tərəf qanrılıb kefimi soruşdu

- Kak dela, Vasya?

- Yaxşılıq, papa.

- Nəsə olub sənə?

- Yoox, heç nə...

Atam başıma tumar çəkib otağına çəkildi. İstədim, elə arxasına keçib balta ilə boynuna vuram. Sonra bu fikirlər ağlımı başımdan aldı. Evdən çölə çıxmamağa başladım.

Atamın vəzifəsi yüksəlmişdi. Məni hərbçi etmək istəyirdi. Mən isə aktyor olmaq istəyirdim”.

Vasya 15 il keçmişdi ki, bu dəlixana divarlarının sakininə çevrilmişi. Divara baxa-baxa sözləri boşluğa axıdırdı.

“Tut ağacı, tutlar. Qara tut, xar tut, ağ tut. Bütün tutları həbs edin. Tutlar məni döyür, lənətli tutlar.”

ardı var...

# 4200 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #