Anar: “Onlar mənə düşmən mövqedədirlər, nifrət edirlər”-MÜSAHİBƏ

Anar: “Onlar mənə düşmən mövqedədirlər, nifrət edirlər”-MÜSAHİBƏ
11 dekabr 2012
# 15:42

Kulis.Az saytının baş redaktoru Qan Turalının AYB sədri, Xalq Yazıçı Anarla müsahibəsi

“68-ci ildə mən hələ də sosializm ideyasına inanırdım”

- Gəncliyinizin 1968-ci ilin avqustunda, Çexoslovakiyaya rus tanklarının girməsi ilə bitdiyini yazırsınız. Və əlavə edirsiniz: Çexoslavakiyaya girən rus tanklarının tırtılları altında yalnız qısa ömürlü Praqa baharı deyil, bizim nəslin və şəxsən mənim sosializm ideyalarına son inamımız da xıncım-xıncım doğranıb töküldü. 1937-ci ili siz yaşamasanız da, o dövrün ağrıları sizin uşaqlıq illərinizdə də davam edirdi. 1937-yə, 1956-cı il Macarıstan müdaxiləsinə və Praqa baharının ölümünə də kifayət edən bu qədər böyük inam hardan idi?

- 1968-cı ildə gəncliyimi, 20 yanvarda isə sanki həyatımı itirdim. Bu, bəzi adamlarda ironik münasibət yaradıb. Səbəbini bilmirəm. Çingiz Hüseynov mənim dostumdur, mənim yubileyimdə çıxış da etdi. Amma Nərimanov haqqında romanda adımı çəkmədən bu pasajı gətirir və başlayır dolamağa.

O illərdə SSRİ-yə inam hələ də vardı. 1956-cı ildə XX qurultay oldu. Xruşşov məruzə ilə çıxış etmişdi. Əvvəl o məruzə gizli saxlanırdı, ancaq sonradan hamı xəbər tutdu. Bu məruzəni universitetdə oxudular, məruzədə Stalin dövrü çox ciddi tənqid edilmişdi. Biz də ümid yarandı ki, bundan sonra belə şeylər olmayacaq. Sonra Macarıstan hadisələri oldu, öz-özümüzə dedik ki, yəqin bu, sonuncu həmlədir, əks-səda kimidir. Bununla qurtarır, bundan sonra gözəl günlər yaşayacağıq. Doğrudan da bir müddət, Mirzə Cəlil demiş, nəfəs genliyi oldu. Biz də o dövrdə yetişdik. Bəzən bunu deyirəm, sizin ədəbi nəsil bunu da düz yozmur. O dövrdə yetişmək bizim xüsusi xidmətimiz deyildi. Cəlil Məmmədquluzadə yazır ki, “Molla Nəsrəddin”i zəmanə yaratdı. Bizi də 60-cı illərin ab-havası yaratdı. Bir az sərbəst söz demək olurdu, heç kim bizdən tələb etmirdi ki, kolxozdan, fəhlə sinfindən, partiya katibindən yazın. 68-ci ildə mən hələ də sosializm ideyasına inanırdım. İnsanların, xalqların bərabərliyi pis ideya deyil. Ancaq Çexoslovakiya hadisələrindən sonra heç bir ümidim qalmadı.

- Ataol Bəhramoğlu haqda yazınızda isə qeyd etmişdiniz ki, o, kommunizm ideyalarından danışanda biz gülürdük...

- Biz bilirdik axı, işin içində idik, o isə kənardan gəlmişdi. Nazim Hikmət haqqında yazdığım sənədli romanda bunu izah etmişəm. Qərbdəki solçuların faciəsi ondan ibarət idi ki, onlar kapitalizmin eybəcər cəhətlərini görür, qəbul etmirdilər, - necə ki biz kapitalizmin nə olduğunu görürük-ancaq elə düşünürdülər ki, bunun alternativi Sovet İttifaqıdır. Belə bir fikir var: ”Sosializm təbliğatı ilə bağlı bizə nə dedilərsə, yalan çıxdı, kapitalizm haqqında nə dedilərsə, doğru çıxdı. Sovet İttifaqına Pikasso da, Nazim də, Sartr da inanırdı. Ancaq Nazim gəldi və gördü ki, belə deyil.

- Haqqınızda yazılan məqalələrin birində oxumuşdum ki, 1960-cı illərin əvvəllərində səhv etmirəmsə sizin Cənubi Amerika müəlliflərindən etdiyiniz və “Azərbaycan” jurnalında çap olunan tərcümələriniz “Biz yazırdıq ona görə ki, narazı idik” adlanırdı. Siz Sovet dövründə nədən narazı idiniz? Maddi olaraq yazıçılar o zaman daha təminatlı idi. Siz də, başqa nəsildaşlarınız da hər zaman o dövrdə yazdıqları əsərləri indi də heç bir dəyişiklik olmadan çap edə biləcəklərini deyirlər. Və elə bu cür də çap etdirirlər. Maddi olaraq təmin edilmisiniz, mənəvi olaraq da əsərlərinizi yazmısınız. Bir cümlənizi xatırlayıram: “Ədəbiyyat qadağalarla inkişaf edir, azadlıq isə onu məhv edir”. Bəs problem nədədir?

- İspan yazıçısı Ana Mariya Matutenin bir əsərini tərcümə etmişdim. Bir qız vardı, indi rəhmətə gedib, Əsədullayeva idi familiyası, yazmışdı ki, indi biz başa düşürük ki, bunu çap etdirməklə Anar öz reaksiyasını bildirirmiş.

Deməli, belə bir lətifə var. İki sərçə olur, biri Sovet İttifaqından, o biri isə ABŞ-dan uçur. Sovet sərçəsi o birindən soruşur ki, sən hara uçursan? Cavab verir ki, Sovet İttifaqına uçuram, çünki tayları elə gətirirlər ki, bir dən də yerə düşmür, mən də bir şey edə bilmirəm. Sovet sərçəsi deyir ki, bizdə elə şey yoxdur, dənin yarısı yerə tökülür, biz də kef edirik. ABŞ sərçəsi soruşur ki, bəs yaxşı sən niyə getmək istəyirsən? Sovet sərçəsi cavab verir ki, cik-cik etmək istəyirəm. (gülür).

Dən vardı. Bir ssenari yazmaqla maşın ala bilərdim. Kitablarım böyük tirajla çıxırdı. Amma “cik-cik” etmək istəyirdik. Amansız senzura vardı. “Qobustan”nın hər nömrəsinə qəmiş qoyurdular. İndi bilirəm ki, çıxartdığım materialları KQB-yə göndərirlərmiş. İşçilərimdən soruşurdular ki, Anarın yanına kim gəlib. Yəni maddi təminat hər şey demək deyil. Halbuki maddi təminat indikindən yaxşı idi.

- Nərimanovun şəkilinin öndə olmasına görə də danlamışdılar sizi...

- Hə, səhər tezdən məni oyatdılar ki, səni Mərkəzi Komitənin katibi çağırır. Onu da dedilər ki, Toğrul Sadıqzadəni də tap gətir. Toğrulu tapdım, gəldik Mərkəzi Komitəyə. Toğrul dedi ki, kimin yanına çağırıblar? Katibin adını dedim-indi adını çəkməcəyəm, rəhmətə getdiyinə görə- Toğrul bildirdi ki, bəs katib Cəfər deyil? Cəfər Cəfərovu çoxdan çıxartmışdılar, dedim ki, 6-7 aydır, Cəfəri uzaqlaşdırıblar. Nəsə keçdik katibin otağına, gördük stolun üstündə “Qobustan” jurnalı, Toğrulun çəkdiyi bir şəkil vardı: Mikoyan, Nərimanov, Orconikidze, arxa fonda İçəri Şəhər. Nərimanovun çiyini bir az qabağa çıxmışdı, katib dedi ki, bu nədir? Dedim ki, Mikoyanla Orconikidze İçəri Şəhəri yaxşı tanımırlar, ona görə də Nərimanov bələdçilik edir. Yumordan məhrum katib yenə öz dediyində durdu, dedi ki, 37-ci il olsaydı, indi sizi içəri basmışdılar. Toğrul dedi ki, narahat olmayın, bizdən basılan olub. Onun atası Seyid Hüseyn, anası Ümgülsüm idi. İkisi də sürgün olunmuşdu. Toğrul dedi ki, rəssamları çox incidirsiniz, hətta cücələri bikef çəkdiyimizi də deyirsiniz. Katib dedi ki, bu şəkli çıxarmalısınız, dedim, olmaz. Dedi ki, niyə? Cavab verdim ki, mətbəədə mənə deyərlər ki, nə olub, əks-inqilab baş verib ki, inqilabçıların şəklini çıxarırsınız. Bildirdim ki, mətbəəyə məktub yazarsınız, onlar çıxardar. Yazmadı, jurnal da çıxdı. Belə şeylər çox olub.

“Böyük əsərlərimin hamısı senzuraya məruz qaldı”

- Sizin belə bir fikriniz də vardı ki, ədəbiyyat qadağalarla inkişaf edir, azadlıq isə onu məhv edir...

- Bu, mənim fikrim deyil. Və bu fikri yanlış anlayırlar. Bu, Ande Jidin fikridir. Kamyu Nobel mükafatı alanda bu fikri səsləndirmişdi. Demişdi ki, çoxları Jidin bu fikri ilə razı deyil, ancaq mən razılaşıram, ədəbiyyat əsarətdə yaranır, azadlıqda məhv olur. Əsarət ədəbiyyat üçün müqavimət gücü verir. Sənin vicdanın varsa, çalışırsan ki, müxtəlif yollarla nəsə yazasan. İndi ezop dilinə gülürlər, halbuki bəşəriyyət iki min ildir bu dildən istifadə edir. Mənasız şey olsaydı, istifadə etməzdilər.

Bir vaxtlar belə bir qadağa vardı: 37-ci il yazmaq olmazdı. Mən də “Macal”da yazdım ki, onlar 36-cı ildə Bakıya gəldilər, bir il sonra azad olunmuş mənzillərdən birinə köçdülər. Aydındır ki, 37-ci ili nəzərdə tuturdum. Belə dolayı yollardan istifadə edirdik.

Vaqifin bir şeiri vardı: “Uzaq yaşıl ada”. Deyirdilər ki, yaşıl ada deyəndə kimi nəzərdə tutursan, Türkiyəni? Bu cür mənasız şeylər çox olurdu.

“Gün keçdi” filmində səslənən mahnıda-onun da sözlərini Vaqif yazmışdı- belə bir misra vardı: “Yağışın əlindən qaçıb bir küncə, dayandıq üzümüz Məkkəyə sarı”. Dedilər ki, bu da olmaz. Başqa bir misra da vardı: “Dəniz bağlandı yay kinosuna”. Deyirdik, yaxşı Məkkəni başa düşdük, dini yerdir, bəs bu yay kinoteatrı sözünə niyə etiraz edirsiniz? Cavab verirdilər ki, elə bilərlər yay kinoteatrları planlarını yerinə yetirmir.

- Sovet vaxtı senzorların intellektual səviyyəsi necə idi?

- Senzorların arasında İdris Qasımov vardı. Deyəsən, rəhmətə gedib, o bizə çox kömək edirdi. Senzuranın bir xüsusiyyəti vardı. Əvvəl balaca redaktor vardı. Mətn bu redaktorda ilişirdisə, vəssalam. İlişmədi keçib gedirdi. İlişirdisə, redaktor şöbə müdirinə verirdi. Şöbə müdiri deyirdi ki, görən burda nə var, qoy baş redaktorla məsləhətləşim. Baş redaktor fikirləşirdi ki, mütləq burda nəsə var, sədrə təqdim edirdi. Axırda da gəlib çıxırdı Mərkəzi Komitənin katibinin stolunun üstünə. Amma İdris bəzi şeylərin üstündən keçirdi, özü də zəng edirdi ki, bax, bunu elədim.

Nəyə etiraz edirdilər? Qubad Qasımov vardı, Üzeyir Hacıbəyovun qohumu, bir məqalə yazmışdı. Məqalədə bir yer vardı: Üzeyir Hacıbəyovun iştirak etdiyi bir məclisdə Əli bəy Hüseynzadə də iştirak edir. Deyirdilər ki, Əli bəy Hüseynzadənin adını çəkmək olmaz, o pantürkistdir. Çıxardılar onun adını.

- Sizin əsərləriniz necə ciddi senzuraya məruz qalıbmı?

- Əlbəttə, çox qalıb. Bəzən elə olurdu ki, yazdıqlarımı əvvəl Moskva, sonra bizimkilər çap edirdi. Məsələn, “Anlamaq dərdi”ni birinci dəfə “Novıy mir”də çap etmişdilər. Burda isə İsmayıl Şıxlı “Azərbaycan” jurnalında çap etmək istəyəndə senzurada ilişdi. Yazmışdım ki, Cəlil Məmmədquluzadə rus xalqını sevirdi, ancaq onun təbəəsi kimi yox. Onu da yazmışdım ki, o, pantürkizmin, panislamizmin əleyhinə olduğu kimi ruslaşdırma siyasətinin də əleyhinə idi. İndi sizə elə gəlir ki, bunlar hamısı asandır. Ancaq söz demək çətin idi. İsmayıl Şıxlı deyirdi ki, bu axı “Novıy mir”də çap olunub. Deyirdilər ki, nə olsun, bu jurnal partiya əleyhinə bütün materialları çap edir. Sağ olsun, İsmayıl Şıxlını axırda birtəhər keçirdi. Cabir Novruza da minnətdaram, o, “Molla Nəsrəddin-66”nı, “Yaxşı padşahın nağılı”nı, “Dədə Qorqud dünyasını” çap elədi. Bunların üçü də ilişmişdi. Ümumiyyətlə, mənim elə irihəcmli əsərim olmayıb, senzurada ilişməsin. “Ağ liman”, “Dədə Qorqud”un ssenarisi, “Gün keçdi” filmi çətinliklə keçib. “Sübhün səfiri” filmindən isə donos yazıblar.

- “Anlamaq dərdi”ndə Müsavat sözü də vardı. Buna da ilişmişdilər?

- O sözə ilişmədilər. “Anlamaq dərdi”nin ruhu onları qane etmirdi. Əvvəllər yazırdılar ki, Mirzə Cəlil ateist idi, ətalətə qarşıydı. Doğrudur, Mirzə Cəlil ətalətə qarşı idi, ancaq onun başqa tərəfləri də var axı. Heyf ki, siz görməmisiniz, “Sübhün səfiri”ndə də Axundovu ateistlik imicindən çıxarmağa çalışdım. Çünki Axundov belə təqdim olunur ki, ateistdir, ruslara xidmət eləmişdi. Doğrudur, Axundov ruslarla işləyib, ancaq Şeyxülislamla dostluq edibsə, demək, ateist deyilmiş. Sadəcə fanatizmə qarşı olub. Bunlar sovet dövründən qalan qəliblərdir. Biz bacardığımız qədər bu qəlibləri pozmağa çalışdıq.

- Sizin “Anlamaq dərdi” essenizdə Lenin adı da iki dəfə çəkilmişdi... Demək bunlar da yazını xilas etmirdi?

- Bir dəfə Zaqulbada seminarda idik. Partiya işçiləri olan Zaur Rüstəmzadə və Plaviski-o sonra 20 noyabr faciəsində həlak oldu-bizə seminar keçirdilər. Orda Lenindən bir sitat gətirdim: “Cavan nəsil kommunizmə ayrı yolla gələcək, onların yolu fərqli olacaq”. Səhəri Plaviski mənə yaxınlaşdı və dedi ki, Lenindən təzə antisovet sitat tapmamısan ki?

Komsomol xətti adı ilə bizə mütəmadi seminarlar keçirdilər. Rayonlara gedirdik. Canlı bir proses gedirdi.

- Mikayıl Rəfilinin Cəlil Məmmədquluzadə haqqında bir fikri var: deyir o, kommunist deyil. Xatırlayırsınız bu fikir?

- Mikayıl Rəfili çox böyük alim idi. Ancaq düşünülməmiş addımları oldu. Məsələn, Sabir haqqında yazmışdı: “Sabirin kişiliyi çatmadı...” Sabirdən kişi adam vardı ki?

Ancaq Mirzə Cəlillə bağlı fikri başqa bir adını çəkmək istəmədiyim yazıçı deyib. Mirzə Cəlilin dəfn mərasimində də bildirmişdi ki, Mirzə, bir sənin xırda burjua səhvlərini təkrarlamayacağıq.

“Sənin bir dostun var e... murdar təxəllüslü”

- Siz AYB-dən kənarda olan ədəbiyyatın varlığını qəbul edirsinizmi? Mən bu sualı AYB sədri Anara yox, Xalq Yazıçısı Anara verirəm...

- Əlbəttə qəbul edirəm. Yazıçılar Birliyi ədəbiyyat yaratmır ki... Ola bilsin ki, nələrisə tənzimləyir, ədəbiyyatın inkişafına, yazıçılara kömək edir, mükafatlar üçün təqdimat verir. Amma Yazıçılar Birliyi ədəbiyyat yaratmır təbii ki. Ədəbiyyat jurnalların ətrafında yaranır. Həmişə belə olub: “Molla Nəsrəddin” məktəbi də, “Füyuzat” məktəbi də. Rusiyada da belə olub həmişə. İncimə, Yazıçılar Birliyindən kənarda elə adamlar var ki, onları düzəltmək mümkün deyil. Mən başa düşürəm ki, onlar mənə düşmən mövqedədirlər, mənə nifrət edirlər. Səbəbi indiyə qədər aydın deyil mənə, bilmirəm mən bunlara nə etmişəm. Amma qalanlarının üzünə Yazıçılar Birliyinin jurnallarının qapıları açıqdır. Gəlin, çap olunun, sizə kim nə deyir ki? Mən heç kimə deməmişəm ki, onu çap et, o birini yox. Mənim əleyhimə danışan insanların Yazıçılar Birliyinin jurnallarında dərc edilməsi problemi yoxdur. Ədəbiyyatdırsa, çap olunsun. O başqa məsələ ki, Azərbaycan ədəbiyyatına pornoqrafiyanın gəlməsinin əleyhinəyəm. Sorokin, Limonov mənim yazıçılarım deyil və istəmirəm ki, bizim ədəbiyyatda onlar kimi yazanlar olsun.

- Amma bir vaxtlar sizin özünüzü də açıq-saçıq elementlərə görə tənqid ediblər...

- Ediblər, ancaq mənim yazdıqlarım pornoqrafiya deyil. Limonovun yazdıqları pornoqrafiyadır, ondan o tərəfi yoxdur. Mən də istəmirəm ki, bizim ədəbiyyatda bu olsun.

O vaxtlar Rasim Qaraca mənə bir şeirini göndərmişdi ki, bunu çap etmirlər. Mən də bu şeiri göndərdim “Ədəbiyyat” qəzetinə və dedim, əvvəldə yazın ki, bunların alternativ ədəbiyyat dediyi budur. Rasim Qaraca buna görə məndən incidi. Adam öz yazdığından inciməz ki... Mənə göndərmisən çap et, mən də etmişəm də. İntəhası, o “Ulduz”da çap olunmağını istəyirdi, ancaq Elçin razı olmurdu, mən də “Ədəbiyyat”a göndərdim.

- Ancaq Rasim haqqında yazmışdınız ki, onu istedadsız saymıram.

- Yenə də bu fikrimdə qalıram. Mən Allah adamıyam, heç kimin haqqını yemərəm.

- Xoşunuza gələn şeirləri var?

- Olmasa deməzdim ki, istedadlıdır. Mənim əleyhimə hər dəfə yazı yazan bir cavan oğlan var-Aqşin, o da istedadlıdır. Sadəcə bunlar korlanırlar. Onlara elə gəlir ki, Anara, Elçinə sataşmaqla böyük qəhrəmanlıq edirlər. Bu, qəhrəmanlıq deyil. İndi prezidentdən tutmuş kimə deyirsən tənqid yazmaq olar. Bu yolla özlərini təqdim etmək istəyirlərsə, etsinlər. Və yaxud sənin bir dostun var e, indi bilmirəm, dostundur ya yox, murdar təxəllüslü (Söhbət [email protected] adlı emaili yazılarına qoyan Elnur Astanbəylidən gedir-Red.), hər dəfə yazır ki, xalqsız xalq şairi Anar. Adamın beyni bundan o yana işləmir. Azərbaycanda da, kənarda da hamı bilir ki, mən Anaram. Bu Rzayev də yazır, guya bununla məni vurur. Gülməyim gəlir...

- Elnurun, Murad Köhnəqalanın əsərlərini oxuyursunuzmu?

- Yox, oxumuram. Arif Əmrahoğlu gəlib dedi ki, Murad çöldə qalıb, ona ev vermək lazımdır. Çalışdım, Şüvəlanda ona bir mənzil düzəltdirdim. Gəlib mənimlə ikiəlli görüşdü Murad, mənə təşəkkür elədi. Mənimlə ikiəlli görüşən adamlardan qorxuram. Bu Murad da belə oldu, bir həftə sonra mənim haqqımda təhqirlər yazmağa başladı.

“Aqşin hər yerdə əleyhimə danışır”

- Bəs müxalif yazarların məqalələrini necə oxuyursunuz?

- “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə abunəyəm. Orda olan yazıları oxuyuram. O biri qəzetləri almıram. Əleyhimə yazı olanda gəlib deyirlər. Saytlara baxmıram. Ancaq gələn ildən baxacam.

- Siz AYB və “Ədəbiyyat” qəzetinin yubileyində Qismət haqda xoş sözlər deməklə gəncliyə olan inamınızı ifadə etdiniz. Amma bu cür mötəbər bir tədbirdə misal üçün Yazıçılar Birliyinin qurultayında Aqşinin bir şeiri oxuyarsınızmı?

- Qurultayda şeir oxumurlar axı. Qiraət ustası da deyiləm. Ümumiyyətlə, sizin nəsildə qəribə bir şey var: təklikdə mənə hörmətini bildirir, sonra isə aqressiv münasibətlə yadda qalır. Aqşin birinci kitabını mənə vermişdi, üstünü də yazmışdı, mən də oxudum, xoşuma gəldi. Aqşin sanki qorxuya düşdü ki, Anara kitab bağışlamağımı kimlərsə yaxşı qarşılamaz. Bəlkə də bunu ona demişdilər də. İndi hər yerdə mənim əleyhimə danışır. Nə o kitabı ver, nə də onun dalından qaç.

- Necə fikirləşirsiniz, Yazıçılar Birliyinin sədri olmasaydınız haqqınızda bu qədər yazı yazılardı?

- Yəqin ki, yox. Bunların hamısı yorğan davasıdır. Məni daha çox müxalifət qəzetləri tənqid edir. Ancaq mənim hansısa məmurla konfliktim olanda həmin məmuru müdafiə edirlər.

- Məsələn...

- Neçə dəfə olub da belə şeylər.

- İstəyirsinizmi, adını çəkdiyimiz adamlar Yazıçılar Birliyinin üzvü olsun?

- Olsun, niyə olmasın ki...Əlbəttə istəyirəm.

- Onların AYB üzvü olmadıqlarına görə narahat olursunuz?

- O mənada narahat oluram ki, istedadlı adamların Yazıçılar Birliyinin üzvü olmasını istəyirəm. Bundan başqa istəyirəm ki, o adamlar Yazıçılar Birliyinin üzvü olmasalar belə, bizim ədəbi jurnallarda çap olunsunlar. Qonorar da veririk. Bəzən şikayətlənirlər ki, qəzet pis çıxır. Mən də deyirəm, siz qəzetə yazmırsınız, ona görə də pis çıxır. Təkcə gənclərə demirəm, Ramiz Rövşənə, Vaqif Bayatlıya, başqalarında deyirəm. Siz yazın ki, qəzet yaxşı çıxsın. Kənardan baxıb deyirsən ki, pis çıxır, bu, olmadı ki...

Ardı var...

# 6334 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #