Dedin, özünə yaxşı bax / Ha baxdım, səni gördüm... – Yeni Şeirlər

 Dedin, özünə yaxşı bax / Ha baxdım, səni gördüm... – Yeni Şeirlər
17 iyul 2019
# 15:27

Kulis.az Elnaz Eyvazın yeni şeirlərini təqdim edir.

Gözlərim
yol çəkir ki, Sən,
gələndə
büdrəməyəsən...

***

Necə ki pişik balasını
dişində gəzdirir,
elə gəzdirirəm
canımı, dost...

***

Dedin, özünə yaxşı bax.
Ha baxdım, səni gördüm...

***

Bir ovuc xatirəm var,
bölüb-bölüşmədiyim.
Gözləmək necə olur,
yüz il görüşmədiyim?
Səbəbini bilmədən
ömür boyu darıxdım.


Ömrümün laçın çağı
səni yada buraxdım.
İllərin uzağından
alıb gətirdin məni.
İndi quru xəyalam,
bir kəs itirdin məni.


O məndən nə qalıb ki?
Başdan-başa xatirə.
Bu qədər sevdiyini
adam necə itirər?
Səhəri dirigözlü
açdım, Günəş çıxmadı.


Necə oldu əllərin
göz yaşımı silməyə
bir kərə darıxmadı?
İndi əllərin də boş
tumar qalmayıb mənə.
Mənim tumar payımı,
vermisən özgəsinə...

***

Nə qədər uzun olur, olsun:
əl boyda kəndirlə
ölçüləcək qədərdir ömür...

***

Nərgiz fəslində
daha çox üşüyər əllərin,
nərgiz qoxulu qadın...

***

Hamı gedir -
gec-tez.
Kimi öz ayaqlarının,
kimi də
özgə çiyinlərinin üstündə...

***

Gözlərimin çəkdiyi yollar
getdiyim yollardan
uzun gələr...

***

Qalxanda təngnəfəs olmuşdular,
düşəndə zəhmət olmadı
gözümdən düşənlərə...

***

Çiynin
hansı təkbaşınanın
ümid yeridir görən...

***

Saatın kəfgirindən tutub
özümə bir pay da
ömür çəkmək istəyirəm...

***

Axşam düşür,
hamı evinə tələsir.
Pəncərəyə qaçıb
səni evinə aparan vaxta boylanıram...

***

Adamlar
ayrı-ayrı damların altında yatanda
daha çox bir olurlar:
bir yerdə olmaq istəyi
qoymur ayrı olmağa,
yoxsa nə var ki ayrılmağa...

***

Səhər
Günəşi gördüm:
əllərimdən öpüb üşüdü...

***

Mən -
Sənin sevgini daşıyan qataram;
gecikə bilərsən, tələs.
Mənzilbaşına vaxtsız çataram,
ürəyini kimə açarsan bəs?!

# 4102 dəfə oxunub

Oxşar xəbərlər

"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

15:00 12 oktyabr 2025
Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

15:20 9 oktyabr 2025
“Adam tərbiyəsiz olmaz! Onu ən ağır şəkildə və publik biabır edəcəm!” – “Park”ın baş redaktorundan tənqidlərə cavab

“Adam tərbiyəsiz olmaz! Onu ən ağır şəkildə və publik biabır edəcəm!” – “Park”ın baş redaktorundan tənqidlərə cavab

11:00 9 oktyabr 2025
"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

"Əsl tənhalar heç vaxt özlərinə tənha demədilər" - Aysel Əlizadə

11:30 7 oktyabr 2025
"Kruq ədəbiyyatı"

"Kruq ədəbiyyatı"

12:00 4 oktyabr 2025
Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

13:00 3 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər