Cavid Ramazanovun hekayəsi - “SƏYAHƏT”

<b>Cavid Ramazanovun hekayəsi - <span style="color:red;">“SƏYAHƏT” </b>
5 may 2018
# 14:00

Kulis.az Cavid Ramazanovun “Səyahət” hekayəsini təqdim edir.

Əhməd qardaşı Fəridlə pəncərə şüşələrini nəfəsiylə isidib şəkillər çəkəndə atası İsmayıl həyətdə qar təmizləyirdi. Əhməd görürdü ki, neçə vaxtdır atasının işi elə ancaq bundan ibarətdir: o, gün boyunca əlində bel hıqqananaraq evin qarşısını, cığırları qardan kürəyir, səhər yuxudan duranda isə qarın yenə hər yanı işğal etdiyini görürdü. İsmayıl qarda əlləşməkdən təngə gəlmişdi.

Dekabrın axırlarında qar qısa müddət ərzində elə aramsız və intensiv şəkildə yağmışdı ki, dünyaya ağappaq bir korluq hakim kəsilmişdi: kiçik, bəyaz zərrəciklər torpağın, ağacların, damların və səslərin üstünü örtmüşdülər. Elektrik xətləri sıradan çıxmış, kəndi şəhərə birləşdirən yol qardan keçilməz idi.

“Allahın lənətinə tuş gəlmişik, bu qar axırımıza çıxacaq”, - bir gün tələf olan toyuq-cücəni hindən çıxararkən İsmayıl qəzəblə dedi, sonra o, mənasız bir səbəb ucbatından arvadını möhkəmcə kötəklədi. Əhmədə də bir sillə çatdı. Onda Əhməd vəziyyətin ciddiliyini öz yanan sifətində başa düşdü və yağan qara o, da artıq şübhəylə, nigarançılıqla baxmağa başladı.

Şaxta adamın ətini dişləyirdi, nə qədər yorğana bürünsən də, sobaya qısılsan da, soyuq yenə bir yol tapıb soxulurdu canına.

Yeni il yaxınlaşanda, İsmayılla arvadının narahatçılığı daha da artmağa başladı. Bayram azuqəsi üçün şəhərə gedib bazarlıq etmək lazım idi, İsmayılın cibləri isə bomboşdu, “işıq yox, su yox, yollar bağlı, elə bil göydən qar yox, daş yağır!” - o, pəncərədən çölə baxıb deyinirdi. Amma bayrama iki gün qalmış İsmayıl evə kefi durulmuş halda gəlib işgüzar bir tövrlə arvadına şad xəbər verdi: “Çayxanada Öməri gördüm, televizorları göstərmir. Deyir, Yeni ili televizorsuz keçirmək olmaz, gərək axşam onlara baş çəkəm”.

İsmayılın başı texnikadan yaxşı çıxırdı: kimin televizoru, soyuducusu, radiosu sıradan çıxırdı, ona müraciət edirdi, o, həm də elektrik enerjisi olmayanda kiçik sovet televizorlarının maşın mühərrikinə qoşulub işlədilməsində əməllicə ustalaşmışdı. Ərinin verdiyi xəbərdən sevinmək əvəzinə, qadın şübhəli tövrdə “Hansı Ömər?”, - deyə soruşdu.

“Hansı olacaq, yuxarı başda qalan”.

Qadın bir anlıq duruxub nəsə fikirləşdi, sonra xəbər aldı: “Nəsə verəcəkmi?”

- Üzümə salıb dedim ki, gərək hörmət eləsin, iki gündən bayramdı, uşaqların könlünü xoş eləmək lazımdı.

- Nə dedi?

- Dedi: arxayın ol.

- ... ora hava qaralandan sonra getməyin heç ürəyimə yatmır amma.

- O nə deməkdi?! Niyə?

- Bu soyuqda, qaranlıqda...

- Adam gündüzlər olmur da evdə, axşam gəlir.

- Gedirsənsə, onda heç olmasa, Əhmədi də apar özünlə...

Axşam anası Əhmədi kələm kimi qat-qat sarıdı, uşağın üstündə o qədər paltar vardı ki, bircə qara gözləri görünürdü. Atayla oğul yola çıxdılar.

Ömərgilin evi tək-tük ailənin yaşadığı yuxarı səmtdəydi. O, tərəfə gedən köhnə yolun düz böyründə qədimi böyük bir qəbiristanlıq vardı. Qəbiristanlığın neçə yaşının olduğunu heç kim dəqiq bilmirdi, içində yer qalmadığından, neçə on illiklərdi ölənləri burda basdırmırdılar daha. Baxımsız qaldığından cəngəlliyi xatırladırdı qəbiristanlıq. Bir dəfə Əhməd gündüz vaxtı sinif yoldaşlarıyla bura ölü pişik balası basdırmağa gəlmiş, amma içəri girməyə cəsarət etmədən pişiyi qəbiristanlığın içinə tolazlayıb geri qaçmışdılar. İndi birinci dəfə idi Əhməd buranın bu qədər yaxınındaydı. Qaranlıq hələ tam qarışmamışdı, göz gözü görürdü. “Sənin ulu babaların burda dəfn olunub”, - İsmayıl oğluna böyük bir sirr verirmiş kimi qürurla dedi.

“Hansıdı ulu babamın qəbri?”, - Əhməd maraqlandı.

- Mənim atam - sənin baban - göstərmişdi, lap içəri tərəfdə olmalıdı.

- O, görünən yekə qəbirmi?

- Əlini aşağı sal, qəbiri heç vaxt barmaqla göstərməzlər.

- Niyə ki?

- Çünki günahdır.

- O, qəbirdi?

- Yox.

- Bəs o, kimin qəbridi elə yekə?

- Bilmirəm, yəqin hansısa varlı adamın.

- ...ata, bura adamlar qəbirüstünə gəlirlərmi?

- Yox.

- Bəs o biri qəbiristanlığa gedirlər axı.

- Burda qəbirlər çox köhnəlib, adamlar qəbirlərin kimə aid olduğunu unudublar.

- Anam deyir, qəbirüstünə gedəndə ölülərin ruhu şad olur.

- Düz deyir.

- Bəs burdakılar heç kim gəlməyəndə tək qalmırlar?

- Sən indidən belə şeylərin dərdini çəkmə, böyüyəndə çəkərsən.

Qəbiristanlıqda bəzi məzardaşları o qədər köhnəydilər ki, əksəriyyəti uçulub torpağa qarışmış, üzərlərində nəhəng ağaclar ucalmışdı. Qardan qədlərini əymiş ağacların bəziləri qəbiristanlıqdan yola əyilib yolçulara təzim edirdilər. Birdən Əhməd qeyri-adi bir şeyin fərqinə vardı, çevrilib arxaya boylananda da eyni şeyi gördü, necəsə bayaqdan buna heç fikir verməmişdi – demə, getdikləri yol qardan təmizlənibmiş. Bu, həqiqətən inanılmaz idi. Hər yerdə qar qurşaqdan olduğu halda, burda rahatca gəzmək olurdu. “Ruhlar təmizləyib!“ – Əhməd tükləri ürpərərək düşündü. “Qorxursan?” – atası soruşdu.

- Yox.

- Dəqiq?

- ...

- Qorxma.

- Ata, bu yolu kim təmizləyib?

- Kim olacaq, Ömərin oğlanları. Diribaş uşaqlardı.

- Nəynən təmizləyiblər?

- Traktornan.

- Onların traktoru var ki?

- Yəqin, hardansa gətiriblər də.

- ... ata, o həqiqətən düzdü ki, Ömər iblisdən törəyib?

- Sus! Axmaq-axmaq danışma!

- Axı hamı danışır.

- Hamı qələt eləyir!.. Qəbiristanlığın yanında belə şeylər danışmazlar, günahdı!

İş orasındaydı ki, Ömərgilin evi qəbiristanlığın düz böyründə idi, evdən beş addım aralıda qəbirlər vardı. Qəbiristanlıqla aralarında adicə bir hasar belə olmadığına görə, kənddə Ömərgil barədə söz-söhbətlər gəzirdi. Üstəlik araq ölüsü olan Ömər harda nə danışdığına, necə hərəkət etdiyinə fikir verməzdi, Qurban və Ramazan bayramlarında belə araq iylənərdi. Kimsə Ömərə iblis ayaması qoşmuşdu, deyirdilər ki, o, iblisdən törəyib.

Əhməd qəbiristanlıq tərəfə baxmamağa çalışırdı, ancaq gözləri dinc durmurdu yerində, elə bilirdi, sirrli səssizliyə bürünmüş qəbiristanlığın içindən indicə üzlərinə işıq düşəcək, ya da ruhlar qarşılarını kəsəcək. Qəbiristanlığın barısı bəzi yerlərdə uçulub yerə dağılmışdı. Yerə tökülüb qalan çay daşlarından mistik bir əhval ruhiyyə sezilirdi. “Ata, bəs Bahaddin?” – Əhməd yenə sual verdi. “Səsini ud dedim sənə!” – İsmayıl bu dəfə daha sərt xəbərdarlıq edərək, oğlunun əlini silkələdi.

Əhməd naçar səsini kəsdi. O, məktəbdə uşaqlardan eşitmişdi ki, nə vaxtsa Bahaddin adlı bir adam gecə yarısı çırpı yığdığı yük maşınıyla bu yolla qayıdarkən qəza törədib. Qəzadan sonra o, ölüm yatağında havalanmaq dərəcəsinə çataraq, danışırmış ki, maşınla gedərkən qabağını gəlin paltarında bir qadın kəsib. O, maşını saxlayanda gəlin onu kəndə çatdırmasını xahiş edib. Qaranlıqda qadının üzünü görmürmüş Bahaddin. Qadın maşının kabinəsinə qalxıb, biraz vaxt yol gedəndən sonra isə birdən barmağındakı üzüyü çıxararaq Bahaddinə uzadıb. Elə bu an Bahaddin gəlini tanıyıb: ağ paltardakı bu gənc qız demə, onun uzun illər əvvəl çox gənc yaşda vəfat edən və bu qəbiristanlıqda dəfn edilən anası imiş. Bahaddin onu tanıyanda özünü necə itiribsə, maşınını qəbiristanlığın barısına çırpıb.

Bu əhvalat kənddə hamının dilində olsa da, bircə Əhmədin atası inanmırdı, “nağıldır da, danışırlar” deyirdi, ümumiyyətlə, o, bu cür söhbətlərə inanan adamları axmaq və cahil adlandırırdı.

Ata oğul nəhayət, Ömərgilə çatdılar. Qapını döyüb içəri girməklərilə isə vaxtsız gəldiklərini başa düşdülər. Araq qoxan evdə təzəlikcə dava-dalaş düşənə oxşayırdı, Ömərin arvadının saçları pırtlaşmış, sifəti ağlamaqdan şişmişdi. Ər-arvad qonaqları görən kimi əl-ayağa düşdülər. Ömər sifətinə sərxoş bir gülüş qondurub “Xoş gəlmisiz, huşsuz başım, tamam yadımdan çıxıb sizin gələcəyiniz”, - dedi. Qadın mətbəxə cumdu. Ev sahibi qonaqların altına stul çəkməklə məşğul olanda, İsmayıl “Əgər, vaxtsız gəlmişiksə, gedək”, - söylədi, amma Ömər eşitməyib, mətbəxdəki arvadına səsləndi: “arvad, qonaqlara bir çay gətir görüm ordan!“

Əhməd oturduğu stulda qurcuxaraq ora-bura boylanırdı. Gəldikləri evdə qeyri-adi heç nə yox idi, kənddəki adi evlərdən biriydi: əksər ailələr kimi bu ailə də görünür, qışda evin bir gözündə, odun sobası yanan balaca otaqda qalırdı. Masanın ortasındakı ağ neft çırağının gur işığında aydın görünürdü ki, otağın divar kağızları saralıb, tavanı his tutub. Köhnə divan, masa və stullar cırıldayırdı, divardakı saat, qırmızı rəngli maralların təsviri olan kiçik xalça və süni qızılgüllər hamının evində olanın eynisi idi. Alçaq şkafın üstündəki kiçik sovet televizorunun böyründə “Kinder sürpriz”dən çıxmış xırda oyuncaqlar gözə dəyirdi.

Ömərin arvadı əlində sini ilə peyda olanda sifətindəki qızartılıq çəkilmişdi, qadın Əhməddən kefini soruşub əliylə başını sığalladı. Əhməd onun əlində və səsində məzlumluq duydu.

Çayın yanında paxlava verilmişdi. Paxlava! Özü də Novruz bayramına xeyli qalmış. Amma Əhməd ondan bir dişlək almışdı ki, peşman oldu: ağzının içi tüklə dolmuşdu, elə bil ağzında hörümçək toru vardı, geriyə tüpürmək olmazdı, Əhməd boğazı yırtıla-yırtıla daş kimi qırıntıları çimçəşərək uddu. Atası isə paxlavasını axıradək həvəslə yeyib işə girişdi.

“Hə, qohum, nə təhər gəldiz bu qaranlıqda, qorxmadız?” - Ömər İsmayıldan soruşdu.

- Gəldik də, elə də çətin olmadı... Yolu qardan kim təmizləyib?

- Vallah mən də bir gün gördüm yolu təmizləyirlər. Mənim bu qonşum Abdulla yaman qoçaq adamdı, görüb ki, rayona gedən yolu təmizləyirlər, bir maşını da dartıb, bura gətirib.

- Təmiz açıblarmı rayon yolunu?

- Hə, amma üstündən iki maşın keçən kimi şüşə kimi oldu təzədən, qar əriməsə xeyri yoxdu əşi... Sənin bu oğlan neçənci sinifə gedir?

- Dördüncü.

- Maşallah, göz yumub açırsan, görürsən uşaqlar böyüyüblər. Mənim əkizlər də səkkizdə oxuyurlar artıq.

Ömərin ağzından çıxmağıyla əkizlərin peyda olmağı bir oldu. Əhməd onları məktəbdən tanıyırdı. Əkizlər bir almanın iki yanağı kimi bir-birinə o qədər bənzəyirdilər ki, onları ayırd etmək mümkün deyildi heç cür. Həmişə bir yerdə olar, bir ağızdan danışar, bir vaxtda da hərəkət edərdilər. Əkizlər Əhmədin qarşısındakı divana keçib oturdular.

Sobada odunlar fısıldayırdı, pəncərə şüşələri istidən tərləmişdilər. Əhmədin də bədəni od tutub yanırdı, elə bilirdi üst-üstə geydiyi paltarların altındakı kiçicik vücudundan göyə tüstü dumanı qalxır, ancaq qalın jaketini çıxarmağa utanırdı. Dörd gözlə gözləyirdi atası işini bitirsin çıxıb getsinlər, atasının işi isə bitmək bilmirdi ki, bilmirdi.

İsmayılın televizorun üstündəki işi lap uzun çəkdi. Axırda vəziyyət o həddə çatdı ki, hamı onun televizoru düzəldə biləcəyindən əlini üzdü. Əhməd jaketini çıxardı. Ömərin arvadı fasiləsizcə əsnəyirdi, əkizlər isə bir-birinə söykənib mürgüləyirdilər.

“Bu televizor düzələnə oxşamır, hə?”, - səbrini boğa bilməyən Ömər dilləndi axır ki.

“Boşluq hardadı tapmışam, səhərdən onu axtarırdım, beş dəqiqəyə həll edəcəm”, - İsmayıl əmin etdi.

“Sən qəbiristanlığa sürüşməyə gedirsən?”, - Ömər üzünü çevirib Əhməddən soruşdu.

Əhməd başını buladı.

“Niyə getmirsən, bizimkilər hər gün sürüşürlər”.

“Harda sürüşürlər, qəbiristanlıqda sürüşməyə yer varki?”, - İsmayıl təəccübləndi.

“Bu qəbiristanlıqda yox, təzə qəbiristanlıqda”, - əkizlər mürgüdən ayılıb dilləndilər.

- Nətər sürüşürsüz?

- Altımıza böyük torba qoyuruq, sürüşürük. Xizəkdə sürüşənlər də var, amma xizək yaxşı getmir, torba yaxşıdı. İldırım sürətiylə sürüşür.

“Bütün kənd ordadı, çılpaq təpədə üzü aşağı sürüşürlər, - Ömər cuşa gəldi: kefdi vallah, dünən ordaydım mən də. Bir də gördüm ölü basdırmağa gələnlər meyiti yerə qoyub sürüşürlər, hahaha...”

“Əstəğfürüllah. Yox, əşi!” - İsmayıl inanmadı.

- Ona hesab bir şey idi, ölünün üstünə tələm-tələsik bir-iki qarış torpaq atıb sürüşməyə başladılar. İndiki uşaqlara malades vallah, yüz ildir o çılpaq təpə ordadı, bir dəfə sürüşmək ağlımıza gəlməyib. Qarın üstündə çıxıntılar da düzəldib qırışmallar, sürüşəndə çıxıntıya dəyirsən, bir də görürsən göyün üzündəsən, ləzzət alırsan. Adam uşaq kimi sevinir vallah...

Göz boyda ekranı olan televizor və balaca elektrik lampası yandı – İsmayıl televizoru düzəldə bilmişdi. Hamı sevincdən çəpik çaldı.

Ata oğul çölə çıxanda gecə çoxdan düşmüşdü. Ev arxada qalandan sonra, İsmayıl fənəri yandırıb ovucundakı pullara baxdı. “Ata, nə qədər pul verib?” – Əhməd soruşdu. “Sənə aid olmayan işlərə burnunu soxma”, - atası onu acıladı. Amma İsmayılın səsindəki məmnuniyyətdən hiss olunurdu ki, haqqı yaxşı ödənilib. “Ömər sərxoş adam olsa da, ustanın haqqını heç vaxt yeməz!” - evə çatan kimi atasının anasına belə deyəcəyindən Əhməd əmindi.

Göyün üzü açıq idi, ulduzlar görünürdü. “Ata, daha qar yağmayacaq, göydə ulduzlar var”, - Əhməd dilləndi. “Hə, yağmaz daha, amma gecə şaxta düşəcək, hər yan buz bağlayacaq. Çatanda çoxlu odun apararıq evə, sobanın altında səhərə qədər qupquru olacaqlar”.

- Ata, sabah mən də qəbiristanlığa sürüşməyə gedə bilərəmmi?

- Sənin xizəyin yoxdu.

- Altıma torba qoyub sürüşəcəm, hamı elə eləyir. Kartof yığılan yekə torbalar var e, bizim zirzəmidəkindən, onlarla.

- Sən hələ balacasan. Gələn il gedərsən.

- Tək getməyəcəm... Əmioğlu da gedir, bizim qonşu Sərxan da. Deyiblər gəl. Onlarnan sürüşəcəm. Nə olar, qoy gedim.

- Gərək anandan icazə alasan, anan narahat olur sənə görə.

- Sən icazə versən, ana da verəcək. Nə olar, ata, qoy gedim, nə olar...

- Yaxşı, Sərxangil sənə göz-qulaq olacaqsa get, amma qəbirlər olan yerdən uzaqda sürüşərsən. Eşitdin?

- Yaxşı!

Əhməd əvvəlcə icazə ala biləcəyinə inanmırdı. Görünür, atasının kefi kök vaxtına düşmüşdü. İndi bir anasını yola gətirmək qalırdı, o da o qədər çətin olmayacaqdı. Əhməd xoşbəxtcəsinə fikirləşirdi ki, atasının cibindəki pulla hələ bayrama onlara partladan, fişəng də alınacaq. Sürüşmək razılığını alandan sonra, ehtiyat edib bu barədə soruşmaq istəmirdi, amma onsuz da qardaşının iki ayağını bir başmağa dirəyib bunları aldıracağından əmindi. Əhməd sevinirdi.

Göydə sayrışan iri, parlaq ulduzların işığında yolçular ağızlarından çıxıb havada əriyən buxarı görürdülər. Ata oğul yolu yarılamışdılar. Əhməd qəbiristanlıq tərəfə baxmırdı daha, fikri sabahkı günün və bayramda partladacağı fişənglərin yanındaydı. Uşaqlar danışırdılar ki, bazara təzə fişənglər gəlib, yekə, özü də uzun müddət partlayır. Əhmədin xəyalında göyün qaranlıq üzündə çiçək kimi açan fişəngin min bir zərrəsi min bir parlaq rəngə çalırdı. Tətildən sonra məktəb açılanda sinif yoldaşlarına İblis Ömərgilə getdiyini də danışacaqdı, amma qeyri-adi heç nə görmədiyindən nə danışacağını bilmirdi. Bircə Ömərin arvadı ona bir neçə dəfə məcburən tüklü paxlava yedirtmişdi. İyrənc idi paxlavalar! Evin ortasına tüpürməmək üçün zorla saxlamışdı özünü.

İsmayıl da oğlu kimi xəyala getmiş, necə daha çox pul qazana biləcəyini götür-qoy edirdi, televizor düzəltməklə, toyuq-cücəyə ümid olmaqla kasıbçılıqdan yaxa qurtara bilməyəcəkdi. Bir gündə 40 toyuğu qırılmışdı! Toyuqlar on gün xəstəlikdən sallaq durdular, qanadlarını bellərində saxlamağa taqətləri yoxuydu, pinqvinə oxşayırdılar bu görkəmlərilə. İsmayıl on gün gecə-gündüz onların keşiyində durdu, hər cür dava-dərman düzəldib içizdirdi, amma bütün əziyyətinə baxmayaraq, axırda hamısı tələf oldular. Kaş xəstə olanda hamısını kəsib satardı bazarda. Gör nə qədər ziyana uğramışdı! Nəsə sanballı işə girişmək lazımdı. Bəlkə Bakıya köçsün? Bakıda əlbəttə ki, televizorları, soyuducuları xarab olan adamlar vardı, gör orda nə qədər pul qazana bilərdi...

Xəyala getmiş yolçuların ayaqları altında xırtıldayan qarın səsini çıxsaq, ətrafda tox bir sakitlik vardı. Kəhkəşandakı irili-xırdalı milyonlarla ulduz keşikçitək yolçuları evlərinə müşayiət edirdilər. Nağılvari bir gecə idi. Deyərdin belə gözəl gecədə heç bir pis hadisə baş verə bilməz. Amma verdi... Birdən dünya elə bil kökündən sarsıldı. Göy üzündəki ulduzlar söndülər. Əvvəlcə küt bir səs eşidildi, ardınca da qəbiristanlıq tərəfdən xaincə pusquda durmuş nəhəng bir şey nərildəyərək yolçuların üzərinə gəlməyə başladı. Atası hövlnak Əhmədin qolundan dartaraq qabağa cumanda, ikisi də təntiyib dizləri üstə yerə yıxıldılar. Bir-iki addım arxalarında nəhəng şey şaqqıldayaraq yerə çırpıldı və onların arxasınca gəlməyə başladı. Ayağa qalxıb arxaya baxmadan qabağa götürüldülər, daha doğrusu ata qaçır, oğlunu arxasınca sürüyürdü. Yalnız Əhməd ağrıdan “Ata, ata, qolum!”, - deyə qışqıranda atası onu sürüdüyünü başa düşdü. O, cəld oğlunu qucağına götürdü və ta evə çatıncaya qədər qaçdı. Evin arxadan kilidli qapısını yumruqlayıb arvadını çağıranda İsmayılın nəfəsi qaralmışdı, ürəyi dəlicəsinə qabırğalarına çırpılırdı. Arvadına “Qapını bağla, tez”, - deyəndə səsi zorla çıxdı.

Hər şey bir anın içində baş vermişdi, Əhməd heç nə başa düşməmişdi. O, qurğuşun kimi ağırlaşmış göz qapaqlarını açanda gördü ki, anası əlində su stəkanı, ağlayaraq dayanmadan onun üzündən, alnından öpür. Atası çılpaq qollarını, ayaqlarını ovuşdururdu, balaca qardaşı isə yuxudan durub ağlamsınaraq onun üzünə baxırdı. Əhməd nəsə demək istədi, amma deyə bilmədi, küt-küt ətrafındakılara baxdı və gözləri qaraldı...

Əhməd bir də gözlərini açanda artıq səhər idi. Çöldə kimsə ucadan atasını çağırırdı. O, yerindən qalxıb pəncərəyə yanaşanda pilləkənin ucunda əlində çanta tutan Öməri gördü, Ömər aşağıdan yuxarıya, pilləkənin başında dayanan İsmayılla arvadına baxırdı. “Bizim əkizlər yolda sənin çantanla papağını tapıblar... hər şey qaydasındamı?”, - Ömər soruşdu.

- Hə yaxşıdı, sadəcə uşaq qorxub biraz.

- Qorxub?? Salamatçılıqdı?

- Hə, qorxub...

Ömər pilləkələri qalxmağa başladı. Əhməd təzədən yerinə girəndə, Ömər artıq onun böyründə oturub qabarlı əlləriylə üzünü sığallayırdı: “Uşağın üstündə dua varmış. Can bala, can...”

“Nəydi o elə?” – İsmayıl soruşdu.

“Bilmirsən??” – Ömər əməlli başlı təəccübləndi.

İsmayıl gözlərini döydü.

“Ağacın budağı qopub. Qarın ağırlığına tab gətirməyib. Yaxşı ki, üstünüzə düşməyib... Yaxınlığınıza düşdü?”, - Ömər gözlərini bərəltdi.

- Deyəsən, başımıza düşürdü, son anda yayına bildim. Mən elə bildim nəsə başqa şeydi.

- Başqa nə ola bilər ki?

- Nə bilim, adamın ağlına min cür şey gəlir. Elə bil dünya adamın başına çökürdü, o cür səs gəldi...

- Lap yekə budaq olub, ona görə.

Ömər beş dəqiqə oturandan sonra çıxıb getdi. Əhməd yatdığı yerdən pəncərəyə baxırdı: səma yenə bulanıqlaşmışdı, göydən tək-tük qar dənələri düşürdü.

Ailənin Yeni ili çox sönük keçdi. Heç belə sönük bayramları olmamışdı. Hər şey Əhmədin könlünü açmağa hesablanmışdı. Qəbiristanlıq yolundakı hadisədən sonra qorxudan dili tutulmuşdu Əhmədin, danışa bilmirdi, üstəlik gözləri azca şüşələnmiş, üzünə təhlükəli bir solğunluq çökmüşdü. Həkimlər deyirdi ki, heç nə yoxdur, şok effekti keçsin, dili açılacaq. Əhmədin anası isə rayon həkimlərinə inanmırdı: “Uşağı Bakıya aparmaq lazımdı”, - deyib durmuşdu. Amma həkimlərin dediyi doğru çıxdı, təxminən bir həftə sonra ana qapını açıb evə girəndə Əhmədin balaca qardaşıyla danışdığını gördü, qadın ağlaya-ağlaya gedib uşağını möhkəmcə qucaqladı...

Günlərin bir günü göyün üzü də nəhayət, açıldı. Qarlar əriyirdi, damlaların səs-küyü aləmi bürümüşdü, nəsə canlılıq duyulurdu təbiətdə, deyəsən, erkən gəlirdi yaz. Amma hələlik alçaqdan uçan qaranquşlar gözə dəymirdi, hərdənbir tənha, kahin qarğalar peyda olur, bir də qarınlarını genəltmiş boz sərçələr ortalıqda vurnuxurdular. Əhməd sabahdan məktəbə gedəcəkdi, artıq tamamilə sağaldığına qərar verilmişdi. Odur ki, onun üstündə heç əvvəlki kimi əsmirdilər də. O, evdə təkbaşına günorta yeməyi yeyirdi. Atası balaca qardaşını özüylə şəhərə aparmışdı, anası isə həyətdə paltar yuyurdu. Əhməd yeməyini bitirib, boşqabla çörəkqabını aparıb mətbəxə qoydu, masanın üstündəki çörək qırıntılarını təmizlədi. Özünə bir çay süzdü və gəlib pəncərənin qarşısında dayandı. Yox, belə gözəl havada evdə oturmaq olmazdı. Əhməd çayını axıradək içmədən, paltarlarını geyinib həyətə düşdü. Paltar yumaq üçün yandırdığı ocaq tüstülənsə də, anası ortalıqlarda görünmürdü, böyük ehtimalla, qonşulara baş çəkməyə getmişdi.

Əhməd darvazadan keçib, gəlib yolun ağzında dayandı. Elə bil min ildi yola çıxmırdı, hər şey ilk dəfə görürmüş kimi yeni idi. Günəşli qış gününün sahibsiz, darıxdırıcı küçəsi vardı qarşısında – çılpaq ağaclar, elektrik dirəkləri, havadan asılı duran naqillər. Bir neçə dəqiqədən sonra bir at arabası peyda oldu. Arabanı sürən his-pas içindəki bir cavan oğlan çürük, qara dişlərini göstərərək Əhmədə müəmmalı şəkildə güldü. Xeyli aralanandan sonra o, bir neçə dəfə arxaya boylanaraq gülməyinə davam etdi. Görəsən nəyə gülürdü? Əhməd başa düşmədi, üst-başına göz gəzdirdi, güləsi bir şey yox idi...

Əhməd çevrilib tərəddüdlə darvazalarına tərəf boylandı. Nəyisə götür-qoy edirmiş kimi bir neçə an yerində qərarsızca vurnuxdu, sonra isə yerindən tərpənərək, yol aşağı düşməyə başladı. Diqqət cəlb etməmək üçün qarşısına çıxan adamların üzünə baxmamalı, yeyin addımlarla irəliləməliydi. Atası bu saatda hələ şəhərdən gəlməzdi, anası isə böyük ehtimalla qonşularla xeyli laqqırtı vuracaqdı. Yeyin tərpənsə, heç kim duyuq düşmədən düz vaxtında evdə ola bilərdi.

Əhməd həyatında ilk dəfə idi təkbaşına uzun bir səyahətə çıxırdı, birdən birə ağlına gələn fikrə heç cür müqavimət göstərə bilməmişdi, ayaqları özündən ixtiyarsız irəli atılmışdı. Bərbərxananı keçdi, köhnə dəmirçixananı keçdi, qəssabxananı keçdi, mağazanı arxada qoydu - ən əsası mağaza idi, satıcı onların yaxın qohumu idi, içəridə müştəri olduğundan Əhmədi fərq etməmişdi. Beləliklə, Əhməd təxmini tanıdığı bir çox yerləri arxada qoyduqdan sonra, sağ tərəfə, ara küçəyə döndü. Üç inək yolu kəsib ona tamaşa edirdi. Qorxmamaq lazım idi. Əhməd barının böyrüylə addımladı, inəklərin yanından sivişib keçdi və kiçik çayın üstündəki dəmir körpünü adladı. Nəhayət, istədiyi yerə gəlib çatmışdı. Təzə qəbiristanlığın dəmir barmaqlıqlı alçaq qapısının qarşısında idi. Yolu düz gəlmişdi! Əhməd yuxarı boylandı - uşaqların altlarına torba, xizək qoyub sürüşdükləri cığır burdan aydın görünürdü. O, bu qədər yolu bir şeyi dəqiqləşdirmək üçün qət eləmişdi, bilmək istəyirdi uşaqların sürüşdüyü yerdəki qar əriyib, ya yox. Qar ərimişdi. Özü də məhz sürüşülən yerdə. İki tərəf qar olsa da, ortada qalın, qara bir cığır qaralırdı. Çoxlu torbalar gözə dəyirdi ətrafda, uşaqlar sürüşdükləri torbaları atıb getmişdilər...

Təzə qəbiristanlığın qapısından beş on metr aralıdakı qəbirdaşlarındakı adamlar elə bil nə üçün gəldiyini bilirlərmiş kimi təəssüflə Əhmədin üzünə baxırdılar. Böyür başlarında kiçik ağaclar, kollar boy atan lal və dilsiz məzarların üstündə nazik qar təbəqəsi və rəngləri solmuş süni güllər vardı. Meh əsib ağacların budaqlarını, kolları tərpədirdi. Əhməd uzaqdan uzağa bir neçə an məzardaşlarındakı yorğun adamlarla baxışdı... Və geri qayıtdı.

Üç inək hələ də yolun düz ortasında dayanmışdı. “Görən bunları niyə içəri salmırlar”, - Əhməd düşündü. Atası inəkləri günün bu vaxtı heç vaxt yolda saxlamazdı. O, əvvəlki kimi böyürdən sivişib keçmək istəyəndə, inəklərdən birinin hərəkət etdiyini gördü. Var gücüylə qaçmağa başladı. Bir də arxaya çevriləndə gördü ki, inək uzaqda durub key-key ona baxır.

Boğazı qurumuşdu Əhmədin, əsas yola çatanda qarşısına çıxan bulağa yanaşdı. Buz kimi sudan içərkən o, birdən özündə nəsə qəribəlik hiss etdi. Bədəni ürpərmiş, dişləri gizildəmişdi. Lakin qəribəliyin mənbəyi olan hissiyat əslində soyuq deyildi, nəsə çox dərinlərdən sezilər-sezilməz bir duyğu cücərirdi. Son vaxtlar Əhməd bir neçə dəfə bu duyğunu güclə də olsun hiss etmiş, heç vəchlə isə dərk edə bilməmişdi. Amma indi həyatında ilk dəfə təkbaşına çıxdığı uzun yolu geriyə qət edərkən, bu duyğu gizləndiyi qaranlıqdan çıxıb əməllicə biruzə verirdi özünü. İndi onu bütün hüceyrələrində hiss edirdi Əhməd. Nə baş verdiyini dəqiq anlamaq üçün o, yerindən tərpənməyib bir neçə an özünə diqqət kəsildi. Dərisini, nəfəs almağını, azca üşüyən əllərini və yerə təmas edən ayaqlarını hiss etdi. Necə də qəribə idi.

Dünyanı mavi bir örtük kimi örtən ucsuz-bucaqsız səmada ilıq Günəş parıldayırdı. Yerbəyerdə əriməmiş qarlar işıldayır, yolun kənarındakı arxdan uzaq dağlardan gələn su qıjıldayaraq axırdı. Əhməd evlərinə tərəf addımlayırdı. Yanından səs-küylə bir traktor gəlib keçdi, traktorun balaca kabinəsində sürücüylə bərabər, Ömərin əkizləri də vardı, Əhmədi tanımadılar.

Yenə üzə çıxmışdı həminki hissiyat. Qəbiristanlıq yolundakı hadisəyə görəmi, uzun müddət xəstə yatdığına görəmi, nəyəsə görə, Əhməd tamamilə başqalaşdığını hiss edirdi, son vaxtlar ona hakim kəsilən anlaşılmaz və yad duyğulardan baş açmaq heç də asan deyildi. Amma birdən Əhməd keçirdiyi hissin sanki dəqiq adını tapdı, gözlə görülməz görünən, əllə tutulmaz əllə tutulan oldu, o, “Mən adamam!”, - dedi. Bir daha yerində duruxub özünə diqqət kəsildi, hə, elə idi ki, var: onun sadəcə özünə məxsus olan bir vücudu, ruhu, düşüncələri vardı. Bəli, bu bədən ona məxsus idi! Halbuki əvvəllər bir bədənə sahib olduğuna heç vaxt fikir verməmişdi. Əhməd kiçicik əllərini gözlərinin qarşısında açıb yumaraq, “Mənim əllərim, mənim bədənim... Mən adamam”, - dedi.

Evlərinə çatdı, darvazanı açıb içəri girəndə üzlərindən nigarançılıq yağan anası və atası təəccüblə Əhmədə baxdılar. Əhmədsə zivədən asılanlara baxdı - günəş işığında bərq vuran ağ örtüklər elə bil bu dəqiqə qanadlanıb göyə uçacaqdılar.

# 2948 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #