Kulis.az filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovun Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Musalıya yazdığı açıq məktubu təqdim edir.
2013-cü ilin yanvar ayında mənim üçün sürpriz olan bir hadisə baş verdi. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Musalı adlı gənc bir tədqiqatçı «Azərbaycan təzkirəçilik tarixi» adlı kitabında mənim şərəf və ləyaqətimi alçaldan, məni təhqir edən və uzun illər ərzində ağır zəhmətlə qazandığım elmi imicimə zərbə vuran bir sıra qərəzli cümlələr yer aldı. Onlardan ən başlıcası həmin kitabın 25-27-ci səhifələrində gedən və məni açıq-aşkar plagiatlıqda ittiham edən fikirlərdir. Bunların adi tədqiqat səhvi nəticəsində deyil, «Qara məni basınca, qoy qaranı mən basım» prinsipi ilə qərəzli şəkildə yazıldığını diqqətə çatdıraraq bildirmək istəyirəm ki, bütün bunlar Vüsalə Musalının iddia etdiyi kimi deyil, onun təxəyyülünün «daş yuxularıdır». Bunu belə bir fakt da təsdiq edir ki, iki səhifə yarım həcmində olan eyni fikirlər nöqtə-vergülünə qədər, Vüsalə Musalının çapa hazırladığı və 2012-ci ildə yenidən nəşr olunmuş üçüncü kitabında da – N.Qarayevin «XIX əsr Azərbaycan ədəbi məclisləri» adlı kitabına yazdığı ön sözdə də təkrar edilmişdir (s.3-5).
V. Musalının öz səhvini başa düşüb məndən üzr istəyəcəyini düz bir il gözlədim. Hər şeyi onun cavanlığına bağışlamaq istədim. O isə bunu başa düşmədi. Bu səbəbdən də V.Musalının mənim haqqımda yazdığı şər və böhtanlara cavab olaraq bu gün onun özünə yazılı şəkildə müraciət etmək istəyirəm.
Hörmətli Vüsalə xanım!
Mən, Əkrəm Bağırov 1979-cu ilin avqust ayından Əlyazmalar İnstitutunda işləyirəm. Fars dili və farsdilli Azərbaycan ədəbiyyatı üzrə mütəxəssisəm. Mənim iştirakım və imzam ilə hal-hazıra qədər iyirmiyədək kitab işıq üzü görmüş, yüzə qədər elmi və elmi-kütləvi məqaləm çap olunmuşdur. Bir tərcüməçi kimi ömrümün on ilini Əfqanıstan və İranda çalışmışam. Ölkəmizdə keçirilən müxtəlif səviyyəli zirvə görüşlərində tərcüməçi kimi iştirak etmişəm. Əfqanıstan müharibəsi veteranıyam.
Cənab Prezident İlham Əliyevin sərəncamı ilə hazırlanmış, çap olunmuş və pulsuz olaraq məktəb və kitabxanalara paylanmış «Farsca-azərbaycanca» və «Azərbaycanca-farsca» lüğətlərin həmmüəllifiyəm. Ömrümün altmış ilini arxada qoyduğum bir vaxtda təqribən otuz il bundan əvvəl, gənclik illərində hazırladığım və tərcüməçi kimi həmmüəllifi olduğum bir əsərlə bağlı Siz – Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirmiş, fars dilini bilməyən və əlyazmaçı olmayan Vüsalə Musalı özünüz də yaxşı bilirsiniz ki, mənə qərəzli surətdə şər və böhtan atmısınız.
Qərəzin haradan qaynaqlandığının təfərrüatına varmadan (Yəqin ki, Sizin yazılarınızda olan kobud səhvləri və plagiat faktlarını şifahi olaraq üzünüzə dediyimə görə!) Sizin hazırkı iddianızla bağlı cavab olaraq bildirmək istəyirəm ki, mərhum tədqiqatçı-alim, özünə və yaradıcılığına həmişə hörmətlə yanaşdığım köhnə həmkarım Nəsrəddin Qarayev bu gün Siz tərəfdən mübahisə predmetinə çevrilmiş Mir Möhsün Nəvvabın «Təzkireyi-Nəvvab» əsərini 1975-1980-ci illərdə beşillik plan işi kimi çapa hazırlamalı idi. Məlum olduğu kimi, fars dilində olan bu əsərdəki şeir nümunələrinin yarısı fars və yarısı da Azərbaycan dilindədir. Avtoqraf nüsxəsi ərəb qrafikasında olan bu əsər Mir Möhsün Nəvvabın 150 illik yubileyi üçün 1983-cü ilə qədər Azərbaycan KP Mərkəzi Komitəsinin tapşırığı ilə çap edilməli idi. Əlyazmalar İnstitutunun mərhum direktoru, prof. Cahangir Qəhrəmanov o zaman Nəsrəddin Qarayevdən əsəri çapa təqdim etməyi tələb etdikdə məlum oldu ki, əsər çapa hazır deyil. N.Qarayev əsərin yalnız azərbaycanca olan şeirlərini ərəb əlifbasından müasir əlifbaya çevirmişdi.
Bu iş N.Qarayevin 25.XI.1981-ci il hesabatında da qeyd olunub. N.Qarayev farsca şeir və mətnlər üzərində çalışdığını, lakin onların tərcüməsinin çətin olduğunu bildirdikdə C.Qəhrəmanov bu işi mənə tapşırdı. Mən əvvəlcə təzkirədəki farsca bioqrafiyaları işləyib tərcümə etdim və N.Qarayevə təqdim etdim. Mən o zaman N.Qarayevə kömək etdiyimi fikirləşirdim və onların məhz N.Qarayevin adı ilə çap olunacağını düşünürdüm (O zaman mən başqalarına da müdiriyyətin xahişi ilə təmənnasız belə köməklər etmişəm). Bir müddət sonra farsca şeirlərin tərcüməsi də mənə tapşırıldı. İş ciddiləşdi. Şeirlərin tərcüməsinə başladıqda, işin böyük həcmini və vaxtın azlığını nəzərə alıb əlavə kömək istədim.
C.Qəhrəmanov mənə kömək üçün bu gün tanınmış alimlər olan Nizami Məhərrəmovu, Kamil Allahyarovu və mərhum Fərrux Fərmanovu da bu işə qoşdu. Onların hər üçü xaricdə işləmiş professional tərcüməçilər idi. İnstitutun fotoqrafı Seyfəddin Məmmədvəliyev təzkirənin avtoqraf nüsxəsinin fotolarını mənim göstərdiyim səhifələr üzrə çıxararaq mənə verir və mən də dörd nəfər arasında tərcümə üçün onları paylaşdırırdım. Tərcümələri mütəmadi olaraq iş prosesində təhvil alaraq makinada yazdırır və avtoqraf nüsxə əsasında müvafiq səhifələrə qoyub, təzkirəni çapa hazırlayırdım. Qeyd etməliyəm ki, tərcüməçilərdən Nizami Məhərrəmov Əlyazmalar İnstitutuna (o zaman Əlyazmalar Fondu idi) 1982-ci ilin yazında işə qəbul olunub. Demək, tərcümə işi də o tarixdən sonra həyata keçirilib. Bir faktı da diqqətinizə çatdırmaq istəyirəm ki, N.Qarayev 1982-ci ili yataqda keçirib və payızında rəhmətə gedib. Kitabın əsas redaktorunun – Məmmədağa Sultanovun da Əlyazmalar İnstitutuna 1982-ci ildə qayıdışını nəzərə alsaq (M.Sultanov 1976-1981-ci illərdə AMEA-nın Şərqşünaslıq İnstitutunda işləyib.) Sizin «Təzkireyi-Nəvvab» əsərinin 1980-ci ildə N.Qarayev tərəfindən tərcümə edilərək M.Sultanov tərəfindən redaktə olunub arxivə təhvil verilməsi kimi bir iddianız öz dəyərini itirir.
Sizin bu iddianızı puç edən daha bir fakt da var. Kadrların arxivində 1985-ci ildə keçirilmiş bir elmi şuranın protokolunun surətini Sizə təqdim edə bilərəm. Orada «Təzkireyi-Nəvvab»ın çapa hazırlanmasının tezləşdirilməsi haqda qərar var. Demək, təzkirə üzərində bizim işimiz ən azı 1985-ci ilə qədər davam edib. Həmin arxivdə tapdığımız daha bir sənəd isə – makinaçı, mərhumə Sona Əhmədovanın 1989-cu il hesabatında təzkirənin M.Sultanov tərəfindən redaktədən sonra təmiz variantının 1989-cu ildə yazıldığı qeyd olunur. Həmin təmiz variantın bir nüsxəsi elmi arxivdə 247 nömrəsi ilə mənim adımda mühafizə olunur. O nüsxənin üzərində N.Qarayevin və mənim adım əsəri tərtib edənlər kimi gedib, tərcüməçilər isə Ə.Bağırov, N.Məhərrəmov, K.Allahyarov və F.Fərmanovdur. N.Qarayevin gördüyü işlə – transliterasiya, mənim gördüyüm iş – çapa hazırlama fərqli olduğundan bu variant kitabın 1998-ci il çapında müdiriyyət tərəfindən dəqiqləşdirildi. Bu haqda naşir Vasif Quliyevin də izahatı var. Əsər tam şəkildə çapa hazır olsa da, onu çap etmək o dövrün məlum hadisələri ilə bağlı mümkün olmadı. «Elm» nəşriyyatı da başqa dövlət nəşriyyatları kimi durğunluq vəziyyətində idi. Təzkirənin çapı ilə bağlı müxtəlif nəşriyyatlara etdiyimiz müraciətlər cavabsız qaldı. O müraciətlərdən birinin surətini Sizə təqdim edə bilərəm. Orada mən heç bir təmənna güdmədən təzkirənin çap edilməsini xahiş edirəm.
Qarabağa aid materialların çap məsələsi gündəmə gəldikdən sonra əsər «Şuşa» şirkətinin sifarişi və maddi dəstəyi ilə «Azərnəşr»də çap olundu.
N.Qarayevin gördüyü iş onun plan işi idi. Bu iş üçün o maaş almışdı. Biz isə müdiriyyətin şifahi tapşırığını yerinə yetirmişdik və təbii ki, heç bir qonorar təmənnamız yox idi. Təki təzkirə çap olunaydı. «Şuşa» şirkəti o zaman mənim hazırladığım başqa kitabları da çap edib və mən o kitabların da çapından heç bir maddi təmənna güdməmişəm. Kitabların çapı bütün elm adamları üçün olduğu kimi mənim üçün də həmişə sevinc mənbəyi, mənəvi qida və dəstək olub. O illərdə nəinki kitab, adi bir məqaləmizin çapı bizim üçün böyük bayrama çevrilirdi.
İddianızda qeyd olunmuş bir məqama da aydınlıq gətirmək istəyirəm. 175 və 176 nömrəli qovluqlar N.Qarayevin əlyazmalarıdır və onun arxivinə məxsusdur. Lakin 152, 153, 154 və 155 nömrəli qovluqlar – makina yazıları, kollektiv əməyin məhsuludur və hamımıza məxsusdur. O qovluqlardakı materialları isə çapa mən hazırlamışam və fars dilindən olan tərcümələri M.Sul-tanov redaktə edib. O qovluqların içində olan hər vərəqdə M.Sultanovla yanaşı mənim də çox-saylı yazı və qeydlərim aydın oxunur. Bunu Ədliyyə Nazirliyinin ekspert rəyi də təsdiq edir. O qovluqların üstü arxiv mühafizəçisi Lora Əliyeva tərəfindən yazılıb və oradakı iddia etdiyiniz «Hazırlayan» və ya «Tərtib edən: N.Qarayev. Bakı – 1980-ci il» yazıları səhvdir. «Tərcümə edən: N.Qarayev» yazısı isə Sizin uydurduğunuz ağ yalandır. Qovluqların üzünü yaxşı-yaxşı oxuyun. Bilin ki, «yalan ayaq tutar, lakin yeriməz» deyiblər. Lora Əliyeva da bunu öz izahatı ilə təsdiq edir. Arxiv dəftərində bu qovluqların arxivə 1989-cu ildə qəbul edilməsi yazısı da bunu sübut edir. Bir də ki, o qovluqların üzərində yazılmış «Əlyazmalar İnstitutu» yazısı onların 1980-ci ildə deyil, 1986-cı ildən sonra – yəni Respublika Əlyazmalar Fondunun Əlyazmalar İnstitutuna çevrildiyi tarixdən sonra yazıldığını sübut edir. Elmi arxivin özü 1983-cü ildə yaranıb. Bunları görmək və dəyərləndirmək üçün inventar kitabına baxmaq kifayət edər. Məntiqlə fikirləşdikdə belə bir sual ortaya çıxır: dövlət planında olan və yubiley üçün nəzərdə tutulmuş bir əsər.
1980-ci ildə hazır olsaydı nəyə görə çap olunmayıb arxivə təhvil verilirdi. «Elm» nəşriyyatının o dövr çap kataloq-planlarına nəzər salsaq yəqin ki, «Təzkireyi-Nəvvab»ın da adını orada görərik. Çox təəssüf ki, əsər neçə illərdən sonra hazır oldu və bir o qədər də sonra Vasif Quliyev kimi yurdsevərlərin köməyi ilə çap olundu. Həm də çox təəssüf ki, bu kitabın hazırlanması və çapında xidmətləri olmuş insanların, o cümlədən mənim əməyim bu gün Siz tərəfdən qərəzli şəkildə şübhə altına alınır.
175 və 176 nömrəli qovluqları və onların içində olan əlyazmaları mən 2013-cü ilə qədər görməmişəm və orada olan tərcümələrdən də xəbərim yoxdur. Bu gün o əlyazmaları vərəqlə-dikcə neçə-neçə şeirin «farsca olduğuna görə tərcümə edilmədi» sözlərini oxumaq olar. O zaman müdiriyyəti qane etməyən, zəif və yarımçıq icra olunmuş tərcümələr isə kitabda gedən və bizə məxsus olan tərcümələrdən əsaslı surətdə fərqlənir. Bəzən sadə tərkibli cümlələrin tərcümələrinin bir-birinə bənzəməsi isə filoloji – sətri tərcümənin xüsusiyyətlərindən irəli gəlir.
Hörmətli Vüsalə xanım!
Neçə illər bundan əvvəl təzkirənin tərcümə və çapa hazırlanmasındakı əməyimizi təsdiqləyə biləcək şahidlərdən bəziləri bu gün də həyatdadır və canlı insanlardır. Mənə qarşı qurduğunuz şou xarakterli bu kampaniyanın şər və böhtan olduğunu onlar da təsdiq edə bilərlər.
Hörmətli Vüsalə xanım!
Bu gün Sizin sayənizdə mübahisə predmetinə çevrilmiş və Əlyazmalar İnstitutunun elmi arxivində 152, 153, 154, 155 və 175, 176 nömrələri ilə mühafizə olunan qovluqlarla nəhayət ki, uzun müddətdən sonra xüsusi nəzarət altında da olsa təmasda olmağa mənə imkan verib şərait yaratdılar. Otuz illik tarixi keçmiş yaddaşımda bir daha canlandı. O qovluqları əyani şəkildə görüb birlikdə vərəqləsək şübhə etmirəm ki, Sizin üçün də çox şey aydın olar və vicdanınız oyanar, əməllərinizdən utanarsınız. Mən o qovluqları ötəri də olsa vərəqlədikdən sonra tam əminliklə bir daha təsdiq edə bilərəm ki, təzkirənin 1998-ci il çapında olan bioqrafiya tərcümələrinin müəllifi mən özüməm!! Makina yazıları olan qovluqlardakı (152, 153, 154, 155) üstündən xətt çəkilmiş bioqrafiyaların hər birinin yanında ayrıca vərəqdə yazılmış və əlavə edilmiş bioqrafiyalar var. Sizin iddia etdiyiniz kimi əgər N.Qarayevin əlyazmasında olan və makina yazılarında üstündən xətt çəkilmiş bioqrafiyalarla 1998-ci il çapında təqdim olunmuş bioqrafiyalarda bir o qədər də fərq yoxdursa bəs nəyə görə N.Qarayevin bioqrafiya tərcümələrinin makina yazılarının üstündən xətt çəkilərək oraya hər biri ayrıca vərəqdə olan tərcümələr – mənim tərcümələrim əlavə olunmuşdur. Fərqlər redaktə xarakterli olsaydı, mən onları N.Qarayevin tərcümələrinin makina yazıları üzərində də edə bilərdim. Mən bioqrafiyaları ayrıca tərcümə edib N.Qarayevə təhvil verdim. Məsələn, s.91-92, 111-112 və s. baxmaq kifayət edər ki, məntiqi bir nəticə alınsın. Belə bir maraqlı məqam da var. N.Qarayevin bioqrafiya tərcümələrində düzgün oxunub yazılan toponim mənim icra etdiyim tərcümələrdə bəzən səhv yazılmışdır. Məsələn, s.91-də Sarıcallı toponimini mən səhv olaraq Sarıca Əlili kimi oxuyub yazmışam. N.Qarayevin əlyazmasında bu toponim düzgün olaraq Sarıcallı kimi yazılmış və mənim də səhvimi N.Qarayev düzəldərək Sarıcallı yazmışdır. Sual olunur, əgər sonradan əlavə olunan bioqrafiya tərcümələrinin müəllifi N.Qara-yevdirsə, nə səbəbə gözəl bildiyi toponimin adını səhv yazır?! Demək, mən N.Qarayevin bioqrafiya tərcümələri üzərində deyil, o mənim bioqrafiya tərcümələrim üzərində redaktə xarakterli qeydlər etmişdir və tam səmimiyyətlə deyə bilərəm ki, N.Qarayevin mənim bioqrafiya tərcümələrim üzərində redaktə xarakterli qeydləri ona da bir tərcüməçi kimi müəlliflik hüququ verirsə, kitabın yeni nəşrində tərcüməçilərin dörd deyil, beş nəfərin adının yazılmasına, kitabı çapa hazırlayan və gələcəkdə də hazırlayacaq bir şəxs kimi mən etiraz etmirəm. Allah N.Qarayevə rəhmət eləsin və ruhu şad olsun!
Şeirlərin fars dilindən edilmiş sətri tərcümələrinin makina yazıları ilə azərbaycanca şeirlərin transliterasiyalarının makina yazılarını müqayisə etdikdə bir maraqlı cəhət də diqqəti cəlb edir. Sətri tərcümələrin kənarında onların avtoqraf nüsxədə olan müvafiq vərəq nömrəsi də qeyd edilmişdir (məs. 236a, 430b və s.) Azərbaycanca şeirlərdə bu hala rast gəlmirik. Çünki tərcümə edənlərlə transliterasiya edən – N.Qarayev başqa-başqa şəxslərdir. Bu qovluqlarda olan vərəqlərin növü də bir-birindən fərqlənir. N.Qarayevin gördüyü transliterasiya işi ağ vərəqlərdə, bizim etdiyimiz tərcümələr isə sarı vərəqlərdə çap olunmuşdur. Bu özü də məntiqi faktlardan biridir. Yaxşı yadımdadır, «Təzkirə»nin 1998-ci il çapındakı 534-542-ci səhifələrin həm tərcümə, həm də transliterasiya işləri mənim tərəfimdən icra olunmuşdur. Bu haqda makina yazısının 1038-ci səhifəsində mənim öz qeydim də var. O hissə təzkirənin 1913-cü il çap nüsxəsindən götürülüb və N.Qarayevin nə əlyazmasında, nə də makina yazısında var. Makina yazısına sonradan əlavə etmişəm. Səhifə nömrələrinin pozulması da buna sübutdur.
Və ən nəhayət, təzkirədə olan farsca şeirlərin demək olar ki, yarısını tərcümə etmiş Nizami Məhərrəmovun əlyazması olan bəzi səhifələri də makina yazıları olan qovluqların içində tapmışam. Onun özü də bu yazıların ona məxsus olduğunu imzası ilə təsdiq edib.
Hörmətli Vüsalə xanım!
Bütün bu deyilənlərdən sonra, axı hansı məntiqlə Siz kitabın titul səhifəsində adları yazılmış dörd tərcüməçinin üzərindən xətt çəkərək yalnız məni ittiham edir və bütün işin N.Qarayev tərə-findən görüldüyünü iddia edirsiniz. Bu özü qərəzçilikdən xəbər verən bir faktdır. N.Qarayevin adının tərcüməçilər sırasında getməməyinin bircə səbəbi var, o da mərhum həmkarımızın bircə tərcüməsinin də bu kitabda yer almamasıdır. Çox təəssüf ki, N.Qarayevin icra etdiyi transfoneliterasiya işinin çox ağır və məsuliyyətli bir iş olduğunu və bu səbəbdən onun adının tərcüməçilərdən əvvəl yazıldığını Siz dərk edə bilməmisiniz.
Hörmətli Vüsalə xanım!
Siz gəncsiniz, enerjiniz və imkanlarınız çoxdur.
Bildiyiniz işdən yapışın. Bilmədiyiniz şeylərdən nə danışın, nə də yazın. Çap etdirdiyiniz kitablarda olan qüsurlar və Müəlliflik Hüquqları Agentliyinin də istəmədən, məcbur olub təsdiq et-diyi plagiat faktları barədə isə gələn yazılarda.
Bir azərbaycanlı kimi Sizin – Vüsalə Musalının, Moskva Dövlət Universitetinin professoru S.Q.Antonovanın əsərini tərcümə – plagiat edərək öz adınıza çap etdirdiyiniz kitaba yerləşdirdiyinizə – vicdanlı alimə yaraşmayan bir əmələ görə utanıb xəcalət çəkən həmkarınız...