Kulis.Az Ədəbiyyat üzrə Nobel mükafatı laureatı kanadalı Elis Munronun “ParisReview”-nın 137-ci sayında çap olunmuş müsahibəsini təqdim edir.
Nobelli yazıçı Kanadanın Ontario əyalətinin Klinton şəhərində ikinci həyat yoldaşı Cerri Fremlinin doğulduğu evdə yaşayır. Arxasında böyük bağçası, qeyri-adi gülləri və ağacları olan evdə. Munro ətirli və özünün becərdiyi tərəvəzlərlə hazırlanan sadə yeməkləri özü bişirir. Qonaq otağının divarları isə döşəmədən tavan kimi kitablarla çəpərlənib, bir küncdə isə kiçik yazı masası var, burada Munro işləyir. Orada olduğumuz üç gün ərzində müsahibələrimiz on doqquzuncu əsr memarlıq nümunəsi olan Bedford otelində kiçik bir otaqda reallaşdı. Munor və əri Klintondan 20 mil uzaqlıqda yerləşən Qodriçdə böyüdüklərindən onlar yemək yediyimiz, həsəd apardığımız və yanından keçdiyimiz hər binanın tarixini bilirlər. Kanadadakı sonuncu səhəri Munronun böyüdüyü evdə oluruq. Atasının tikdiyi bu şirin, kirəmit evin qapıları “Ağ örtük”, “Həyat yoldaşımla necə tanış ola bilərəm” kitablarında oxuduğumuz o nəhəng sahəyə açılır. Munro olduğumuz hər yerdə birdir, zərif və yumoristik bir səssizlik var onda. Munro, “Açıq Sirlər” (“Open Secrets”), “Qızların və qadınların həyatı” (“Lives of Girls and Women”), “Şən kölgələrin rəqsi” (“Dance of happy shades”), “Gənclik dostu” (“Friend of my youth”) kimi onlarla hekayə toplusunun müəllifidir. Bu sadə görünə bilər amma onun yazdıqlarında illər və böyük ustalıq tələb edən sadəlik var. It seems simple—but her writing has a perfect simplicity that takes years and many drafts to master. Sinta Ozik dediyi kimi: “O bizim Çexovumuzdur və müasirləri arasında ən çox oxunan yazar olmağa iddialıdır”
- Bu səhər doğulub böyüdüyünüz evə qayıtdıq. Bütün uşaqlığınız burada keçib?
- Bəli. Atam ölənə kimi fermadakı bu evdə yaşayırdı. İndi bu fermanın arxa tərəfində hətta gözəllik salonu da var, deyəsən, mətbəxi isə ümumiyyətlə söküblər. Bura çox dəyişib.
- Tarla ilə kəsişən və “Ağ örtük” hekayəsində təsvir etdiyiniz təyyarə yolunu gördük.
- Hər bura bir müddət aeroport olub. Buranı icarəyə götürən kişinin təyyarə hobbisi var idi. Burada balaca təyyarəsini sürmək üçün xüsusi yol saldırdı. O heç vaxt ferma işlədə bilməzdi, çünki həvəsi yox idi, odur ki, köçüb getdi, təyyarə instruktoru oldu. O hələ də yaşayır və sağlamlığı da yerindədir.
- Birinci toplunuz olan “Şən kölgələrin rəqsi”-ndəki hekayələrdə buranın, uşaqlıq dünyanızın əksi var. O hekayələr həyatınızın hansı dövrlərində yazılıb?
- Bu hekayələri yazmaq on beş ilimi aldı. “Kəpənəyin bir günü” (“The Day of Butterfly”) birincisi idi. Bunu yazanda hardasa iyirmi bir yaşım olardı. “Gəzinti üçün təşəkkürlər”-i (“Thanks for the ride”) yazdığımı da çox yaxşı xatırlayıram, onda birinci övladım beşikdə düz yanımda yatırdı, yəni iyirmi iki yaşım var idi. Həqiqətən gecikmiş saydığım hekayələr isə otuz yaşlarımda yazıldı, biri də “Şən kölgələrin rəqsi” idi. O topluda ən gec yazılanı isə “Şəkillər” (“İmages”) idi.
- İndi onlar haqqında nə düşünürsünüz? Onları yenidən oxuyursunuzmu?
- O topluda erkən yaşlarda yazdığım bir hekayə var “Parıldayan evlər” (“The Shining House”), onu hardasa iki-üç il bundan əvvəl xüsusi bir gecədə oxumuşam. Həmin hekayənin ilk dəfə çap olunduğu “Tamarak Revyu” qəzetinin ildönümü idi. Amma deyim ki, o vaxt yazdığım hekayələri oxuyanda bir çox şeyləri görürəm. Bəzi şeylər var ki, mən bilirəm ki, indi yazsam, əsla o cür yazmaram, orda istifadə olunan üsullar, artıq köhnə üsullardır.
- Dediniz ki, hələ yazmaqda olduğunuz şeyləri dostlarınıza göstərmirsiniz.
- Bəli, nəyisə yazıramsa, yəni bitməyibsə, onu heç kimə göstərmirəm.
- Tez ailə qurmusunuz. Yəqin ki, bu qarımış deyingən kimi antipatiya qazanmaq qorxusundan deyildi.
- Məncə, mən bilirdim, içimdə hiss edirdim ki, evlənməsəm, qarımış qoca olacam.
- Kollecə gedənə kimi artıq siz ciddi bir yazıçı idiniz.
- Bəli. Çünki başqa nəsə olmaq şansım yox idi, çünki pulum yox idi. Bilirdim ki, universitetdə ancaq iki oxuya bilərəm, çünki onda təqaüd ancaq iki verilirdi. O müddət mənim həyatımın tətili idi, möhtəşəm zamanlar idi. Yeniyetmə dövründə ev işləri mənim boynuma düşürdü, universitet illəri yeganə müddətdir ki, mən həmin illərdə ümumiyyətlə, ev işi görməmişəm.
- İki illik universitet həyatından dərhal sonra ailə qurdunuz.
- Bəli, universiteti bitirən kimi evləndim, iyirmi yaşım var idi. Vankuverə gəldik. Qısa müddətdə sadə və normal bir həyat qurduq, övladımız oldu. Hamiləlik dövründə mən olduqca ümidsiz yazırdım, çünki düşünürdüm ki, bundan sonra yazmaq fürsətim olmayacaq. Hər hamiləlikdə doğuşdan öncə mən belə olurdum. Halbuki bu elə də böyük bir problem deyildi.
- Yazmaq üçün xüsusi zamanlarınız olubmu?
- Uşaqlar balaca olanda onlar məktəbə gedəndə vaxtım olurdu. Həmin illər ən ağır işlədiyim illər olub. Yoldaşımla kitab mağazamız var idi, orada işləməyimə baxmayaraq, günortaya kimi evdə qalmalı olurdum. Ev işlərini görürdüm, sonra yazırdım. Sonralar mağazada işləmədim və hamı qəlyanaltı üçün gələnə kimi işləmək imkanım olurdu.
- Yazmağa başlayanda hekayənin necə gedəcəyini həmişə əvvəlcədən bilirsiniz? Yəni süjet əvvəlcədən aydın olur?
- Həmişə yox. Hər hekayə yaxşı olmaq istəyən hər hekayə adətən dəyişə-dəyişə gedir. İndi yazdığım hekayə soyuqdur və mən hər səhər onun üzərində işləyirəm, əslində mən onu bəyənmirəm, amma bilirəm ki, bir nöqtədə o dəyişəcək və mən onun içində olacağam. Adətən yazmadan öncə mənim hekayələri ilan tanışlarım olur. Yazmaq üçün rejimim yoxdur, hadisələr, təsvirlər ağlıma gəlməlidir, düşüncəmdə canlanan şeyləri yazmağa başlayanda tamamilə hekayənin içində oluram.
- Yanlış cığırla getdiyinizi necə anlayırsınız?
- Elə olur ki, bir gün yazıram və düşünürəm ki, bu əladır, həmişəkindən daha çox yazmışam. Səhəri gün oyanıram və hiss edirəm ki, artıq mən o hekayə üzərində işləmək istəmirəm. Hiss edirəm ki, yazıya qarşı məndə dəhşətli istəksizlik var, onu davam etmək üçün mütəmadi özümü məcbur edirəm, onda bilirəm ki, o hekayə ilə bağlı nəsə yolunda deyil, nə isə yanlışdır. Ümumiyyətlə, hekayənin dörddə üçü yazılıbsa, mətn artıq istədiyimi almışam deməkdir. Amma bayaq dediyim kimi hiss edirəmsə, o hekayəni silirəm. Sonra bir-iki gün depressiyada oluram, sağa-sola fırlanıram, yaza biləcəyim yeni bir şey haqqında düşünürəm. Lakin çox vaxt mənim məhz sildiyim hekayə ilə bağlı ağlıma nəsə gəlir, onu necə yazmalı olduğumu görürəm. Çox vaxt “bunu unut, işə yaramır” dediyim hekayələrdə belə olur.
- Sizin geniş trayektoriyanız olduğu hamıya bəllidir, amma nədənsə yazılarınızda biz əsasən kənd mənzərələrinin yaratdığı emosionallığı görürük. Həqiqətənmi siz məhz burada yaşanan və eşitdiyiniz hekayələri daha çox əks etdirirsiniz, yoxsa şəhərdə yaşadığınız dövrlərdə topladıqlarınız da kifayət qədər əksini tapır?
- Əgər siz kiçik bir şəhərdə yaşayırsınızsa, müxtəlif tip insanlardan fərqli çox şey eşidə bilərsiniz. Şəhərdə siz yalnız özünüz kimi yaşayan, düşünən insanlardan nə isə eşidə bilərsiniz. Bunların da çoxu sizin dostlarınız və yaxınlarınız olacaq. Bunun da çoxu kriminal olardı, yəni mən istədiyim müxtəlif tipli məlumatları, hekayələri yalnız şəhərdə yaşamaqla toplaya bilməzdi. Belə deyək ki, rəngarənglik olmazdı.
- Sizin üçün hekayələri quraşdırmaq və hadisələri düzmək asandırmı?
- Mən çox az hallarda şəxsi quraşdırmadan istifadə edirəm, indi isə yazdıqlarımın əksəriyyəti sadə müşahidələr nəticəsində alınan hekayələrdir. Əgər mümkündürsə, məsələn, Uilyam Makvell kimi, siz sadəcə öz uşaqlığınızdan istifadə edirsiniz, geri qayıdırsınız və onun müxtəlif mərhələlərində yaşadığınız hadisələri gözünüzün önünə gətirib, hekayədəki hadisələrin süjetinə çevirirsiniz. Bundan sonrakı mərhələdə isə sizə lazımı materialları öz övladlarınızın yaşadıqlarını müşahidə etmək verə bilər. Məncə, ən məsləhətlisi daha çox müşahidə etməklə topladığınız hadisələr əsasında hekayə yazmaqdır.
- Elə hekayə varmı ki, onu siz özünüz bəyənirsiniz, başqaları yox. Məsələn, həyat yoldaşınız, sizin bəyəndiyiniz, amma onun bəyənmədiyi hekayə varmı?
- Mən “Narıncı küçənin buz meydanındakı ay” hekayəsini çox sevirəm, amma Cerri onu bəyənmir. Bu hekayə onun mənə uşaqlığı ilə bağlı danışdığı məzəli bir əhvalat üzərində yazılıb, düşünürəm ki, o hekayənin tamamilə fərqli bitəcəyini gözləyirdi. Açığı mən gözləyirdim ki, o bunu bəyənəcək, amma çoxlu müzakirədən sonra dedi ki, ən yaxşılardan deyil. Bu yeganə hekayədir ki, mənim yazarlığımı mübahisə mövzusu elədi və bir müddət çətinə düşdük.
- Cerri sizin doğulub-böyüdüyünüz yerdən cəmi 20 mil uzaqda böyüyüb. Heç düşünmüsünüzmü ki, Cerrinin xatirələri və ya lətifələri birinci həyat yoldaşınız Cimin danışdıqlarından daha çox işinizə yarayır?
- Cim Toronto yaxınlığında doğulmuşdu. Lakin onun böyüdüyü mühit fərqli idi. O Torontoda işləyən və professional kimi tanınan əksər kişilərin yaşadığı yuxarı təbəqə insanlarının şəhərindən idi. Şiver demək olar ki, Nyu-York yaxınlığında bir yerdir. Mən heç vaxt özünü təbəqəyə aid edən, yəni yüksək təbəqə kimi fərqləndirən insanların arasında olmamışdım, onların olduqca maraqlı dedikləri şeylər, cəhənnəm kimi idi. Mən sonralar anladım ki, əslində bu qədərinə dözməklə çox böyük fədakarlıq etmişəm. Cerri isə danışarkən mənə elə gəlir ki, böyüyərkən bumdan nəzərimdə qalmayan və ya çox zəif xatirə olan şeylər aydınlanır – düzdür, fermada böyüyən bir qızla, şəhərdə böyümüş oğlanın arasında təbii ki, xeyli fərq var. Çünki bizim ən yaxşı halda rəfiqələmiz olurdu, hətta azadlığımız belə yox idi. Ona görə böyüyərkən görmədiyim maraqlı yerləri, hadisələri dinləmək olduqca maraqlı olur.
- Şərqə qayıtmağınızın səbəbi Cerri idi, yoxsa iş?
- İş. Həm də mən birinci ərimlə Viktoriyada düz on il yaşamışdım. Ora balaca şəhərdir. Orada elə bir çevrə var ki, bütün dostlarınız sizi və ailənizi tanıyır və mənə elə gəlirdi ki, evlilik bitdikdən sonra eyni çevrədə qalmaq çox çətindir. Bu ikimiz üçün də yaxşı qərar idi, o gedə bilmədi, çünki orada kitab mağazası, işi var idi. Mən Torontodan xeyli uzaqda York Universitetindən təklif aldım, kreativ yazı fənninin tədrisi üçün. Hərçənd pulum olmamağına baxmayaraq, o işi çox davam etdirə bilmədim, nifrət edirdim və buraxdım. Ora dəhşətli idi. 1973-cü il, gənclər ancaq dəbdə olan şeylərə sahib olmaq istəyirdi, mütəmadi onlara qışqırma lazım gəlirdi, cəmi bir qız tələbəm var idi, o da danışanda səsi eşidilmirdi, onlara nəsə çatdırmaq, vermək üçün çox yol sınadım və tərk etdim işi.
- Buraya qayıdanda həm də yazmağa qayıtmaq qərarı almamışdınız.
- Mən heç vaxt yazmaqla bağlı fikirlərimin üzərindən qərar qəbul etmirəm. Heç zaman qadağa qoymaram. Mən heç zaman sizin nəzərdə tutdunuz yazmaq üçün əlverişli şərait, əlverişsiz şərait anlayışlarını dərk edə bilməmişəm. Bunlar mənim üçün səbəb olmayıb. Yazmağa mane olan tək şey digər işlərdir.
- Nədənsə hər bir gənc yaradıcı insan hansısa bir mərhələdə mütləq mənəvi qırıqlıq yaşamağa məhkum olur.
- Əgər qadınsınızsa, bu daha pisdir. İlk evliliyimdə yaşadığım və ruhuma sığışdırmağa çalışdığım zəiflik o qədər çox idi ki, bu məni sındırdı. Hələ də hər gün uşaqlarıma zəng vurub, dəfələrlə hər şeyin yolunda getdiyindən əmin olduqlarını soruşuram. Bu bəlkə də qorxudur, o nəsə zərərli bir qida qəbul edirmiş kimi hiss edirsiniz.
- Necə bir qiraətçi idiniz? Daha çox kimlərin əsərləri sizə təsir edirdi?
- Otuz yaşıma kimi oxumaq həqiqətən də mənim bütün həyatım idi. Xüsusilə Cənubi Amerika yazıçılarının əsərləri məni hərəkətə gətirdi və mən əmin oldum ki, mən sadə kənd həyatından, insanlarından və yaşadığım həyatda mənə çox yaxşı məlum olan şeylərdən də yaza bilərəm. Bunu da xüsusi qeyd etməliyəm ki, Cənubi Amerika ədəbiyyatından ən çox sevdiklərim qadın yazıçılar idi. Məsələn, Folkneri oxumağı o qədər də sevmirdim. Bəyənərək oxuduğum müəlliflər Eudora Uelti, Flenneri Konnor, Katerina Porter, Karson Kullers və digərləri idi.
- Sehrli (fantastik) realizmə münasibətiniz necədir?
- “Tənhalığın yüz ili” əsərini çox sevirəm. Onu sevirəm, amma bunu imitasiya eləmək olmaz. Bunu yaratmaq asan görünür, amma deyil. Qarışqaların körpəni daşıması, bakirələrin göyə qalxması, patriarx öləndə gül yağışının yağması heyrətamiz səhnələrdir.
- Həftənin neçə günü yazırsınız?
- Həftənin yeddi günü yazıram, səhər saat yeddidən saat on birə kimi yazıram. Sonra bir müddət digər işlərlə məşğul oluram. Axşama kimi kiçik fasilələrlə yazıram. Yatana kimi. Harasa getməliyəmsə, xüsusi məclislər varsa, həmin günlərin payına düşən iş saatlarına əvvəlki bir neçə gün arasında bölürəm və ya həmin gün gedənə kimi ancaq işləyirəm. Bu məndə məcburi deyil, instinktivdir. Hətta hər gün üç mil gəzinti də instinktivdir.
Tərcümə etdi: Elcan Salmanqızı
Kaspi.az