Vəli Xramçaylı: “Babam Stalinin məktəb yoldaşı idi” MÜSAHİBƏ

Vəli Xramçaylı: “Babam Stalinin məktəb yoldaşı idi” MÜSAHİBƏ
7 avqust 2013
# 11:44

Kulis.az şair Vəli Xramçaylı ilə müsahibəni təqdim edir.

- Vəli müəllim, son vaxtlar ədəbi mühitdə az-az görünürsünüz? Bu, nəylə bağlıdır?

- Bilirsiniz, indi əvvəlki ədəbi mühit yoxdur, bizim ədəbiyyata gəldiyimiz dövrün, 70-80-ci illərin ədəbi mühiti yoxdur. Ədəbiyyata dəxli olmayan çoxlu “şairlər” peyda olub, onlar kitablar, qəzetlər buraxırlar, açıb baxırsan, ədəbiyyatdan başqa nə desən orda taparsan. Ancaq heç şübhəsiz ki, ədəbi proses davam edir, istedadlı gənclər gəlir. Hər şeyi zaman özü həll edir, ən böyük və ədalətli mühit zamanın özüdür.

- Bəs o dövrdə nə var idi ki, indi o yoxdur?

-O dövrdə çap olunmaq çox çətin idi, senzura vardı, müxtəlif maneələr vardı. Amma buna baxmayaraq ədəbi mühit çox qaynar idi, sözün çəkisi vardı. Şair bir şeiri ilə bütün ölkədə məşhurlaşa bilərdi. Qadağalar müəyyən mənada ədəbiyyatı qoruyurdu, istedadsız adamlar ədəbiyyata kobud desək, soxula bilmirdilər. Vaxtilə mən ədəbi tənqidi qəbul etmirdim. Amma indi görürəm ki, ədəbi tənqid mütləq lazımdır. Ədəbi tənqid olmayanda ədəbiyyat yönləndirilmir, kim nə istəyir, yazır, meyarlar itir. Cızmaqaraçıya deyən olmur ki, sənin yazdığın əsər deyil, maklaturadır. Amma mən həmişə senzuranın əleyhinə olmuşam. Senzura bəzən istedadlı adamları da ədəbiyyatdan incik salırdı. Amma vicdanlı ədəbi tənqidin mən həmişə tərəfdarı olmuşam. Halbuki indi qərəzli tənqid daha çoxdur.

- Sizin ədəbiyyata gəldiyiniz dövrdə ədəbi dərnəklər çox idi. İndi demək olar ki, belə dərnəklər yoxdur. Sizcə, buna ehtiyac varmı?

- Ədəbi dərnəklərin üstün cəhəti o idi ki, ciddi diskussiyalar gedirdi, sağlam ədəbi müzakirələr aparılırdı. O dərnəklərdə yetişmiş şairlər yeni yazanları sınağa çəkirdi, gənclər sərt, amansız tənqid hədəfinə tuş olurdu. Amma nəticədə onlar şair kimi formalaşırdılar.

- İlk şeiriniz nə vaxt çap olunub?

- 1978-ci ildə universitet qəzetində ilk şeirim çap olunub. O vaxt Bakı Dövlət Universitetində oxuyurdum və yenicə şeir yazmağa başlamışdım. Amma mənim ədəbiyyata gəlməyimdə Vaqif Cəbrayılzadənin böyük rolu olub. Mən şeirlərimi 1981-ci ildə “Ulduz” jurnalına aparmışdım, o vaxt Vaqif məni heç tanımırdı. Şeirlərimi oxudu və dedi ki, sən şairsən. Beləcə, şeirlərim jurnalda çap olundu. 1985-ci ildə mən “Azərbaycan təbiəti” jurnalına gəldim və ustad şairimiz Məmməd Araz məni təmənnasız işə götürdü. Mənim bir şair kimi formalaşmağımda Məmməd Arazın böyük rolu olub. 17 il “Azərbaycan təbiəti” jurnalında onunla çiyin-çiyinə çalışmışam. Aramızda ata-oğul münasibəti yaranmışdı. Ədəbi tərbiyəni də mən ondan əxz etmişəm.

- Sizin dövrdə də gənclər yaşlıları inkar edirdimi? Bu, hansı formada olurdu?

- İnkarçılıq bütün zamanlarda olub və bu, təbii prosesdir. Bizim dövrdə hecada yazanlar sərbəst şeir yazanları qəbul etmirdi, sərbəstdə yazanlar hecaçıları bəyənmirdi və bu inkarçılıq uzun müddət davam elədi. Xalq şairi Süleyman Rüstəm başda olmaqla ədəbi avtoritetlər gəncləri amansızcasına tənqid edirdilər, onları Xun Vey Binçilikdə ittiham edirdilər. Amma onlar da geri çəkilmirdilər. Bu, yenilikçə köhnəliyin mübarizəsi idi. Mən buna normal baxıram. Mənim fikrimcə, şeir vəznlə ölçülməməlidir, qafiyə ilə yazmaq şərt deyil, şeir istedadla yazılmalıdır. Hər şeir yazılanda öz vəznini gətirir. Sözü qafiyələndirib yazmaq hələ poeziya demək deyil. Başlıca meyar istedaddır. İnsan sonradan şair olmur, o, anadan şair doğulur.

- Çətinliklərdən danışdınız. Sizin hansısa çap probleminiz olubmu?

- Mən 60-70-ci illərin şairlərini çayxanalarda görmüşəm. Biz gənclər də o çayxanalara gedirdik. Mən onların yanında şeir oxumaqdan çəkinirdim. Mənim qardaşım, rəhmətlik Eldar da şair idi, Eldar Nəsibli. Biz ikimiz də Sibirdə doğulmuşuq. Bir dəfə tələbə vaxtı bir neçə şeir oxudum və dedim ki, bu şeirlər tələbə dostumundur, xahiş edirəm bunları çap edəsiniz. Sonra qardaşım bildi ki, bu şeirləri mən yazmışam və mənə dedi ki, mən sənə heç bir köməklik edə bilmərəm. Yaxşısı budur, şeirlərini “Ulduz” jurnalına apar, Vaqif Cəbrayılzadəyə təqdim elə. O, obyektiv, vicdanlı oğlandır, sənin şeirlərini çap edəcək. Doğrudan da Vaqif məni çox yaxş qarşıladı, dediyim kimi şeirlərimi çap elədi.

Amma şeirlərimin qaytarılan vaxtları da çox olub. Meşin qapılar idi, adamın burnunun üstündən vurub geri qaytarırdılar. Çap olunmaq olduqca çətin idi. Bu mənada siz çox xoşbəxt nəsilsiniz, çap olunmaq dərdiniz yoxdur. İlk kitabımı 1982-ci ildə “Yazıçı” nəşriyyatına təqdim elədim, kitabı rəyə yolladılar. Tənqidçi Vaqif Yusifli müsbət rəy yazdı, sonra Nəriman Həsənzadə müsbət rəy yazdı, yenə də saxladılar. 1985-ci ildə mən “Azərbaycan təbiəti” jurnalına işə qəbul olunanda gördüm ki, mənim kitabımın əlyazması Məmməd Arazın stolunun üstündədir. Məmməd Araz da müsbət rəy yazdı. Bununla belə, yenə kitabın çapı yubandı. Nəhayət, 1987-ci ildə kitabı tematik plana saldılar, 88-ci ildə işıq üzü gördü. İlk kitabımın çapı 6 il yubandı. Yadımdadır, “Azərbaycan” jurnalında İsa İsmayılzadə mənim şeirlərimi “zaqon”a salmışdı, getdim yanına, dedi başqa şeirlər gətir. Apardım, yenə ordan cəmi iki qısa şeir seçib verdi. Belə çətinliklər vardı. Deyirdilər sosializm yarışlarından yaz, gətir, çap edək. Amma mən Məmməd Arazın sözüylə desək, “ürəyimsiz kəlmə” yazmamışam.

- O dövrdə şeir kitabları Leninə, partiyaya həsr olunmuş şeirlərlə açılırdı. Sizdən də bunu tələb etmişdilər?

- Mənim ilk kitabımın altı il yubanmağının səbəbi də elə bu idi. Nəsli Sibirə sürgün olunmuş adam Leninə necə şeir yaza bilərdi?

- Babalarınız haqqında bir az geniş danışardınız. Necə olub ki, Sibirə sürgün olunmusunuz?

- Mənim babalarım varlı olub. Bir babam Əmiraslan Qori Seminariyasında Stalinlə birlikdə oxuyub. Orda varlı balaları təhsil alırdı. Stalin də uşaqların cibinə girirmiş. Babam da bunun üstündə Stalinlə dalaşır. Sonra yoldaşlıq məhkəməsində bunları barışdırırlar. O, təhsilini başa vurandan gəlib kəndin koxası olur. Çox savadlı adam idi, rus dilini mükəmməl bilirdi. Bir qardaşı Türkiyəyə qaçmışdı, sonra da özü getdi. O, demişdi ki, mən qoymayacağam ki, sinəmə bolşevik gülləsi dəysin.

Babam Məmməd Əmin Rəsulzadə ilə çox yaxın olub. 1918-ci ildə Nuru Paşa bura gələndə babama müraciət edib ki, biz sizi xilas etməyə gəlirik. Babam türklərlə birlikdə Bakının, Qarabağın azad olunmasında iştirak edib. Sonra onları həbs edib “xalq düşməni” adıyla güllələdilər, bizi də Sibirə sürgün elədilər.

1955-ci ildə, mən anadan olan il bizə bəraət verildi. 1956-cı ildə Vətənə qayıtdıq. Mənim ana babam Şərif Şikəstə şair olub, Səməd Vurğunun ustadı olub. Səməd Vurğun bizim məktəbdə müəllim işlədiyi dövrdə 1 il babamın evində qalıb. Sonra onu da müsavatçı kimi həbs edib sürgünə yollayıblar, daha sonra isə müsavatçı şair kimi 1937-ci ildə güllələyiblər. O da çox savadlı adam olub, Firdovsinin “Şahnamə”sini bizim dilə tərcümə edibmiş. Sonra biz o əlyazmalarını tapa bilmədik. Qorxudan bütün əlyazmaları quyuya atıbmış.

Onun oğlu Cavad Hüseyn Cavidlə sürgündə birlikdə olub. O danışırdı ki, Cavid sürgündə olanda “Cəllad və casus” adlı bir pyes yazmışdı, əsər demək olar ki, tamamlanmışdı, bir gün niyəsə əsəbiləşdi və əlyazmasını peçə atdı. Biz də gec xəbər tutduq. Biz onu orda qoruyurduq.

- Vəli müəllim, nəslinizin tarixçəsini yazmaq barədə düşünürsünüzmü?

- Demək olar ki, xeyli hissəsini yazmışam. İyirmi ildir ki, “Sürgün” adlı bir roman üzərində işləyirəm, artıq əsər tamamlanmaq üzrədir. O əsərdə nəslimizin tarixçəsi müfəssəl şəkildə qələmə alınıb.

- İndiyədək neçə kitabınız çıxıb?

- Yeddi şeirlər kitabım çıxıb. Bu günlərdə də “Vəlinin hücrəsi” adlı kitabım işıq üzü gördü. Bu kitabda əsasən ithaf şeirləri yer alıb.

- Gənclərdən kimləri oxuyursunuz?

- Aqşin Yenisey çox gözəl yazır. O, təpədən-dırnağa şairdir. Gənc olduğu üçün müəyyən qalmaqallara gedir, məncə, getməsə daha yaxşı olar. Elə sən özün çox gözəl yazırsan. Şərif Ağayarı mütəmadi oxuyuram.

- Yazıçılar Birliyinin üzvüsünüz?

- Bəli, oranın üzvüyəm. Amma orda gedən proseslərə heç vaxt qatılmamışam. Orda təqaüd oyunları gedir, fəxri ad, ev davaları gedir. O təşkilat 37-ci ildə “intriqa” yuvası olub, bir-birindən donos yazıb qələm dostlarını gedər-gəlməzə yollayırdılar. Mənim o təşkilatdan heç bir umacağım yoxdur. Bircə onda səhv elədim ki, təqaüd üçün ərizə yazdım. Mənə dedilər bu, sənin halal haqqındır, niyə ərizə yazmırsan? Mən də yazdım, təqaüdü də vermədilər. Ən böyük səhvimi onda elədim.

- Neçə ildir bu nəşriyyatda çalışırsınız?

- Mənim gəncliyim bu nəşriyyatda keçib. 30 ildir burdayam. “Azərbaycan təbiəti” jurnalı bağlanandan sonra “Ocaq” qəzetini təsis etdim. Çətinliklə də olsa, ayda bir-iki dəfə qəzeti nəşr edirəm. Bu qəzet sırf ədəbi-publisistik qəzetdir.

- Qəzetlə dolanmaq mümkündürmü? Yoxsa dolanışığınız başqa sahədən çıxır?

- Qəzetlə ailə saxlamaq mümkün deyil. Xanımım müəllimədir, oğlum da, qızım da işləyir. Mən Yazıçılar Birliyinə təqaüd üçün ərizə yazanda xanımım dedi ki, yazma. Bir ailə ki, bir şairi saxlaya bilmədi, daha nooldu? Həmişə onun sözündən çıxmışam. Amma gərək bu dəfə onu eşidəydim. Heç nədə bəxtim gətirməsə də arvad sarıdan bəxtim gətirib (gülür).

- Vəli müəllim, dediniz ki, indi qəzetlə dolanmaq mümkün deyil. Həm də qəzetə tələbat yoxdur. Bəs onda bu qəzeti çıxarmağa nə ehtiyac var?

- Bura axı mənim iş yerimdir. Mən işimdən ayrıla bilmərəm. Düzdür, bura bir bataqlıqdır. Amma bu nəşriyyatın gözəl vaxtları, gözəl ənənələri vardı. Mən burda Nəriman Həsənzadə, Məmməd Araz kimi nəhəng insanlarla çalışmışam. Ömrümün ən gözəl, işıqlı xatirələri burayla bağlıdır. Burdan necə ayrıla bilərəm?

- Həm də burda çoxlu içki məclisləri olub.

- Mən arağı ilk dəfə 1990-cı ilin qara yanvarında içməyə başlamışam. O vaxtdan içirəm. Həmişə də çalışmışam ki, arağı hörmətdən salmayım. Araq gözəl nemətdir, süfrənin şahıdır. Amma yerində və əndazəsində içmək lazımdır. Bu haqda bir şeirim də var:

Hər gün yandırardım dost çırağını,

Çoxdandı almıram səs-sorağını,

Açıram könlümün qəm varağını,

İndi hardasınız, araq dostlarım,

Yetişin, son dəfə vuraq, dostlarım...

Kənan Hacı

Ağa Cəfərli

# 2310 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
#
#
# # #