İsa Hüseynov: “Yaxşı rejissor olsa indi də ssenari yazaram”

İsa Hüseynov:  “Yaxşı rejissor olsa indi də ssenari yazaram”
6 dekabr 2012
# 08:30

İsa Hüseynovla evində, yazı masası arxasında iş başında söhbətləşdik. Əslində “Yazıçı xanımı” layihəsi üçün onun xanımdan müsahibə almağa getmişdim. Müsahibə bu günlərdə Kulis.az-da gedib. Heç rəva idimi ki, İsa Hüseynovla üzbəüz gəlib onun özü ilə həmsöhbət olmayasan. Dedim, gəlin, ssenarilərinizdən danışaq. Danışdıq, amma danışmaq istədiklərini deməyə də mane olmadım.

- Universitetin ikinci kursunda oxuyurdum, hamı cızma-qara eləyirdi, mən də həmçinin. Cəfər Xəndan bizim kursun rəhbəri idi, bir gün gəlib dedi ki, “Azərbaycan gəncləri” qəzeti müsabiqə təyin edib, kimin hekayəsi varsa, aparıb təqdim edə bilər. Mən də böyük tənəffüsdə “Arx” hekayəsini tamamladım. Sonra da aparıb verdim redaksiyaya. Oxudular, dedilər ki, yaxşı hekayədir, amma çap eləmək olmaz, çünki sonda qəhrəmanı öldürmüsən, Sovet ədəbiyyatında belə şey olmaz. Hekayənin axırını düzəldib aparıb yenidən “Azərbaycan gəncləri”nin redaksiyasında Qasım Qasımzadəyə verdim. Əli Vəliyev də onun yanında idi. Oxudular və qəhqəhə çəkdilər. Əli Vəliyev dedi ki, bu hekayəyə çox qonorar düşür. Sonra bu hekayəni üç dəfə yenidən işlədim, dəyişməli olduğum sonluğu sonradan düzəldib başqa yerlərdə çap etdirdim.

Mehdi Hüseynlə qohumluğum var, tələbə vaxtı tez-tez onlara gedib-gəlirdim. Bir qohumun evində qalırdım, bir dəfə Mehdi Hüseyn onlara qonaq gəlmişdi. Ev sahibəsi dedi ki, a Mehdi, neftin baha vaxtı bu uşaq səhərə qədər lampa işığında nə isə yazır, bir bax gör, bunun yazdıqları o neftin sərf etməyə dəyər, yoxsa yox?

Mehdi Hüseyn əlimdə yazdığım hekayəni alıb bir cümləsini oxudu- “Göy otluqda yeridikcə çəmənlik ayaqlar altında göy soğan kimi xışıldayırdı”. Dedi ki, səndən yazıçı ola bilər. Ondan sonra nə yazırdımsa, Mehdi Hüseynə oxuyurdum. Yavaş-yavaş povest yazmağa başladım. Nəhayət, kamilləşən vaxtımda ilk dəfə “Yanar ürək” adlı sərt bir roman yazdım. Bütün qəzetlər bu əsəri tənqid elədi, Moskvaya yazdılar ki, kommunisti təhqir etmişəm, raykomu yerdən-yerə vurmuşam. Onun ardınca “Doğma və yad adamlar”ı yazdım. Orda da ziyalını mənfi personaj kimi vermişdim. Bu romanım da tənqidlərə məruz qaldı. Plenumlarda, iclaslarda mənim bu iki romanım müzakirəyə qoyulurdu, məni az qala düşmən elan edirdilər.

“Doğma və yad adamlar” “İsa həqq, Musa həqq” adı altında işlənmiş variantda yenidən çap olunacaq.

- Sizin belə bir adətiniz var, əsərlərinizə dəfələrlə qayıdırsınız, “Yanar ürəy”i mən sonralar “İdeal” adı altında genişlənmiş variantda oxudum...

- Onu altı dəfə işlədim, yeddinci dəfə işləyəndə qeybdən mənə bir səs gəldi ki, bir romanı nə qədər işləmək olar? Diksindim. Mənə dedi ki, get pəncərənin qabağına, bax, orda bir qala var, yarımçıq tikilidir, sən o yarımçıq qalaya bənzəyirsən bu halınla. Sonra da dedi ki, sənə bir tarix danışacağam, əvvəlini bu romanından götür, sonunu necə desəm, elə yaz. Beləliklə, 1985-ci ildə “İdeal” çıxdı, dəfələrlə çap olundu.

- Ssenarilərinizdən danışmaq istəyirəm, hər yazıçı yaxşı ssenarist ola bilməz. Sizin ssenariləriniz adınızla bərabər çəkilir, şöhrət qazanıb.

- Ssenari yazmağa Moskvadan başlamışdım. Bir dəfə Mehdi Hüseyn dedi ki, sənə bir mövzu verəcəyəm, ssenari yazacaqsan. Dedim nə mövzu, dedi ki, 26-lar. Dedim, mən hara, 26-lar hara? Dedi ki, səni Sovet yazıçısı hesab etmirlər, Yazıçılar İttifaqından xaric etmək istəyirlər, bu ssenari sənin qurtuluşun olacaq.

Başladım 26-ların həyatını öyrənməyə. Şıxlinski soyadlı bir general dövlət arxivinə keçməyə kömək etdi. Araşdırdıqca ortada olmayan mətləblər çıxdı. Şaumyan yəhudidir, 26-lardan ikisi erməni olub, Əmirov və Əmiryan soyadlı, qalanları hamısı Bakı yəhudiləridir, Əzizbəyov da tat idi. İndi yenə araşdırıb ortaya çıxardığımız faktları təhrif edirlər, Şaumyana erməni deyirlər.

Ssenarini yazdım, “Mosfilm”in baş redaktoruna oxutdurdum, dedi ki, çox yaxşıdır. Bədii Şura qəbul etdi, Əjdər İbrahimov filmi çəkdi. Vəli Axundov filmdən sonra bizi qəbul edib dedi ki, indi Nəriman Nərimanovla bağlı ssenari gözləyirəm. Əjdər İbrahimovla birgə bu ssenarini yazdıq.

- “Ulduzlar sönmür” filminin ssenarisini?

- Bəli, amma mən o filmi sonradan dəyişdim, “Doktor Nərimanov” elədim, iki dəfə göstərildi, hamı da bəyəndi. İndi göstərmirlər. Bir gün Heydər Əliyev məni çağırdı ki, səndən Nəsimi haqda ssenari gözləyirəm.

Rəsul Rza Suriyadan Nəsimi haqda çoxlu material gətirmişdi, hamısını öyrəndim. Nəsiminin Azərbaycanca əsas iki divanı var, onun bütün həyatı da o divanlarda var. Onu bildinsə, Nəsiminin həyatını bilirsən. Yazdım. Moskvada Həsən Seyidbəyli ilə tələbəlik dostu olmuşduq. Ssenarini göstərdim ona, çox bəyəndi. Çəkilişdə birinci kadrdan montaja qədər özüm iştirak etmişəm.

- Sonra “Nizami” gəlir?

- “Nizami”ni rejissor korladı. İki rejissorun adı hallanırdı, yuxarıdan icazə vermədilər. Eldar Quliyevə tapşırıldı. Soruşdum ki, Nizami roluna kimi çəkəcəksən? Dedi ki, Müslüm Maqomayevi. Dedim ki, ondan Nizami olmaz. Kinostudiyanın direktoru da bəyənməmişdi bu namizədi. Ssenarimi də şikəst elədi. Orda mənim ssenarimdən çox az hissə qalmışdı. Ssenarilərin mənə bir xeyri oldu ki, maddi çətinlikdən qurtardıq. Yaxşı qonorar aldım, amma az qalmışdı ədəbiyyatdan ayrılam, çünki vaxtım ssenarilərə və filmlərin çəkilişlərinə gedirdi.

- Bütün çəkiliş prosesində iştirak edirdiniz?

- Hə, “Nəsimi”də bir dəfə İsmayıl Osmanlı Nəimidən deməli olduğu moizəni deyə bilmədi. Dedi ki, bu hissə məndə alınmır, deyə bilmirəm, getdi oturdu kənarda. Çağırdım onu, bir dəfə özüm obrazı oynadım və moizəni də dedim. İsmayıl Osmanlı dərhal rejissoru çağırdı ki, çəkin, hazıram. Bax, çəkilişlərdə belə əziyyətlər çəkirdim.

- Məncə “Tütək səsi” hamısından güclü alınıb...

- Cəmil Əlibəyov bir gecədə oxudu o ssenarini, mənə dedi ki, hansı rejissoru istəyirsən seç, çəkin filmi. Rasim Ocaqovu seçdim, aktyorları da bir yerdə seçdik, o filmə doğma balam kimi yanaşdım. Rasim Ocaqov da elə yanaşırdı, ona görə gözəl alındı.

- Aktyorlar mənə danışıblar ki, Yusif Vəliyevin Əmir Teymuru oynayanda sözlər yaddaşında qalmırmış. Siz isə yaxınlıqdakı arabanın altına girib sözləri Yusif Vəliyevə pıçıldayırmışsınız. Bir sözlə, suflyorluq etmisiniz.

- Yusif Vəliyev çox içdiyindən yaddaşını itirmişdi. Ta kadr başlayandan axıra qədər arabanın altında ikiqat qalıb sözləri ona diktə elədim. Mənim səsim çatmayan yerlərdə Əbdül Mahmudov kömək edirdi.

- Bu ssenarilərdən sonra artıq ssenari işi ilə vidalaşdınız?

- Çünki artıq kino sənəti öldü. Mən də başladım öz ədəbiyyatımla məşğul olmağa. Bütün əsərlərimi iki il müddətində yenidən yazdım, silsilə yaratmışam, millətin bioqrafiyasını yazmışam.

- İndi ssenari yazmaq istəməzsiniz?

- Yaxşı rejissor olsa yazaram. Qarabağ mövzusunda “Qəbiristan” əsərim var, onu işləmək olar.

# 2977 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #