Kulis.az Maksim Qorkinin “İnsanın doğulması” hekayəsini təqdim edir.
Bu əhvalat 92-ci ildə, aclıq ilində, Suxum ilə Oçemçiri arasında Kodor çayı sahilində, dənizin yaxınlığında olmuşdu, burada dağ çayının şəffaf sularının nəşəli gurultusu arasından dəniz dalğalarının boğuq şırıltısı aydın eşidilir.
Payızdır. Kodorun ağ köpüklərində dəfnə, gilas ağaclarının yarpaqları iti üzən xırda qızıl balıqlar kimi hərlənir, batır-çıxırdı, mən çayın yuxarısında daşların üstündə oturub fikirləşirdim ki, yəqin qağayılar və qarabatdaqlar da yarpaqlan balıq bilir və aldanırlar, buna görədir ki, onlar orada, sağ tərəfdə, ağacların arxasında, dənizin şarıldadığı yerdə incik bir halda çığırırlar.
Başımın üzərindəki şabalıd ağaclan qızılı rəngə çalır, yerə əl boyda çoxlu yarpaq tökülmüşdür. O biri sahildəki vələs ağacının budaqları artıq çılpaqdır və yırtıq bir tor kimi havada asılıb qalmışdır; sarı-qırmızı dağ ağacdələni bu torun içərisinə düşmüş kimi atılıb-düşür, qara dimdiyini ağacın qabığına vuraraq cücüləri qovur, uzaq şimaldan gəlmiş qonaqlar - çevik arıquşları və tünd-göy rəngli sitta quşları isə cücüləri dənləyirlər.
Məndən sol tərəfdə dağların zirvəsini tüstü kimi ağır buludlar bürümüşdü, yağış ehtimalı vardı; bu buludlardan yaşıl yamaclara kölgələr uzanırdı; bu yamaclarda ölgün şümşad ağaclan bitir, qoca fıstıq və cökə ağaclarının oyuqlarında isə "məstedici bal" tapmaq olur ki, bu bal qədim zamanlarda Böyük Pompeyin soldatlarını özünün məstedici şirinliyi ilə sərxoş edərək, mətanətli romalıların bütöv bir legionunu yerə sərmişdi; arılar bu balı dəfnə ağacı və xanıməli çiçəklərindən hazırlayırlar, "ötüb keçən" adamlar isə balı oyuqdan çıxarır və buğda unundan bişirilmiş lavaşa yaxıb yeyirlər.
Qəzəbli arının möhkəmcə sancmış olduğu mən də şabalıd ağaclarının altında daş üstə oturub belə edirdim - balla dolu bir qazançaya çörək batırır və yorğun payız günəşinin tənbəl-tənbəl bərq vurmasına tamaşa edərək yeyirdim.
Payız zamanı Qafqazda - böyük hükəmaların - həm də onlar həmişə böyük günahkardırlar - öz keçmişlərini vicdanın iti nəzərlərindən gizlətmək məqsədilə tikdirdikləri zəngin kilsəni xatırladır, sanki bu qızıl, firuzə və zümrüddən tikilmiş böyük bir məbəddir, sanki hükəmalar dağları türkmən elində, Səmərqənddə, Şamaxıda ipəkdən toxunmuş əlvan xalılarla bəzəmişlər, bütün dünyanı və hər şeyi qarət edib buraya, günəşin qarşısına gətirmişlər ki, ona müraciətlə desinlər:
- Səninki - Səninkilərdən - Sənə.
...Mən, iri gözləri fərəhli uşaq gözlərinə bənzəyən çalsaçlı, uzunsaqqallı nəhəng adamların dağlardan enərək hər tərəfə səxavətlə rəngarəng cavahirat səpib torpağa zinət verdiklərini, dağların zirvələrini qalın gümüş təbəqələri ilə, onların çıxıntılarını isə cürbəcür ağaclardan ibarət canlı qumaşla örtdüklərini görürəm; bərəkətli torpağın bu parçası onların əlləri ilə son dərəcə gözəl bir şəkil alır.
Yer üzündə insan olmaq nə qədər böyük bir vəzifədir, insan nə qədər qəribə şeylər görür, gözəlliyə sakitcəsinə valeh olan insanın ürəyi necə bir iztirabla şirin-şirin döyünür!
Bəli, bəzən çox çətin olur, insanın sinəsi yandırıcı nifrətlə dolur və qüssə ürəyin qanını acgözlüklə sorur, lakin bu həmişəlik belə olmur, axı günəş də çox zaman insanlara baxanda bərk kədərlənir: o, insanlar üçün çox zəhmət çəkmişdir, adamcıqlar isə onun umduğu kimi çıxmadılar...
Aydındır ki, yaxşılar da az deyildir, lakin onları yamamaq və ya - daha yaxşısı - yenidən düzəltmək lazımdır.
...Sol tərəfimdə, kolların üstündə qara başlar tərpəşir: dənizin dalğalarından qopan gurultu və çayın şırıltısı içərisində zorla eşidiləcək qədər yavaşcadan insan səsləri gəlir - bunlar, Suxumda şose yolu çəkib, indi Oçemçiriyə işləməyə gedən "aclardır".
Mən onları tanıyıram - oryolludurlar, onlarla birlikdə işləmişəm və dünən sahildə günəşin doğmasını qarşılamaq üçün onlardan tez, hələ gecə ikən çıxıb gəldim.
Onlar dörd kişi və bir qadın idi; bu enlisifətli gənc qadın hamilə olub yekə qarnı az qala burnuna dəyirdi, göy-boz gözləri sanki qorxudan bərəlmişdi. Kolların üstündən onun sarı yaylıqlı başını görürəm, onun başı küləkdə yellənən çiçəklənmiş bir günəbaxan kimi yırğalanır. Onun əri Suxumda çoxlu meyvə yediyi üçün toxluq edib ölmüşdü. Mən barakda bu adamların arasında yaşayırdım: rusların xoş adəti üzrə bu adamlar öz bədbəxtliklərindən o qədər çox və ucadan danışırdılar ki, çox ehtimal, onların yanıqlı səsləri beş verst ətrafa yayılardı.
Bunlar öz müsibətlərinin əlində aciz qalmış qaşqabaqlı adamlar idilər, müsibət onları öz doğma, yorğun, bərəkətsiz torpaqlarından ayırmış və payızda külək xəzinələri qabağına qatıb apardığı kimi, buraya gətirib çıxarmışdı; burada yad təbiətin gözəlliyi bu adamları valeh edib gözlərini qamaşdırmış, ağır əmək şəraiti isə lap əldən salmışdı. Onlar solğun, qəmgin gözlərini şaşqın bir halda qırparaq, burada hər şeyə nəzər salır, məzlum-məzlum bir-birinin üzünə gülür və yavaşcadan deyirdilər:
- Bəh, bəh... nə gözəl torpaqdır...
- Elə bil lap aşır-daşır.
- Elədir... amma nə edəsən ki, daşlıqdır...
- Demək lazımdır ki, pis torpaqdır...
Bunu deyib onlar Kobıl çəmənini, Suxoy ovalığını, Mokrenkoy düzünü - doğma yerləri yada salırdılar, bu yerlərin hər bir ovuc torpağı babalarının külüdür, bu yerlərin hər bir qarışı onların xatirindədir, burada hər şey onlara tanış və əzizdir, bu yerlər onların təri ilə suvarılmışdır.
Onların yanında ucaboylu, dik, taxta kimi düz bir qadın da var idi, onun çənəsi at çənəsinə bənzəyirdi, kömür kimi qara, çəp gözlərində donuq bir ifadə var idi.
Axşamlar bu qadın, sarı yaylıqlı o biri qadınla birlikdə barakın dalına keçər və orada çınqıl qalağının üstündə oturar, yanağını ovcunun içinə qoyub, başını yana əyərək, zil və qorxunc bir səslə oxuyardı:
Qəbiristandan...
O yandakı yaşıl çəməndə -
Qum üstünə...
Yaylığımı döşəyirəm mən...
Səbrim çatmır...
Gözləməyə yan deyəsən...
Gələcək yar...
Düşəcəyəm səcdəyə mən də.
Sarı yaylıqlı adətən boynunu əyib, qarnını süzərək susardı, lakin bəzən gözlənilmədən tənbəl və qalın xırıltılı bir kişi səsi ilə birdən mahnıya qoşular və yanıqlı sözlər oxuyardı:
Ah... əzizim...
Ah... insafsız, bimürvət,
Tale deyil...
Səndən mənə gəlir əziyyət...
Cənub gecəsinin bürkülü qaranlığı içərisində bu ağlar səslər şimalı, qarlı düzənlikləri, boranın vıyıltısını və canavarların uzaqda eşidilən ulaşmasını xatırladırdı...
Sonra çəpgöz qadın isitmə xəstəliyinə tutuldu və onu brezent xərəyə qoyub şəhərə apardılar - o, xərəyin üstündə titrəyir, qəbiristan və qum haqqındakı mahnısını oxumaqda davam edirmiş kimi böyürürdü.
...Sarı yaylıqlı baş, havada qərq olaraq gözdən itdi.
Mən səhər yeməyini qurtardım, qazançadakı balın ağzını yarpaqlarla örtdüm, dağarcığımı bağladım və zoğal ağacından kəsilmiş əlimdəki dəyənəyi cığırın sərt torpağına vura-vura, gedənlərin dalınca tələsmədən yola düzəldim.
Budur, mən də yolun dar, boz zolağındayam; sağ tərəfdə tünd-göy dəniz dalğalanır; sanki gözə görünməz dülgərlər min-bir rəndə ilə onu rəndələyirlər - və sağlam qadının nəfəsi kimi nəm, ilıq və ətirli küləyin qovaladığı ağ yonqar qıjıltı ilə sahilə qoşur. Kiçik bir türk gəmisi sol böyrü üstə əyilərək Suxuma tərəf üzür; gəmi, öz qalın ordlarını şişirdib ən ciddi bir adam tövrü alan, gəzən bir Suxum mühəndisi kimi yelkənlərini qabartmışdı. O mühəndis nədənsə, sakit əvəzinə "sakiç" və çox yerinə "çıx" deyirdi.
- Sakiç! Çıx zirək olsan da, dərhal səni polisə təslim edərəm...
O, adamları polisə göndərməyi sevərdi; odur ki, indi, qəbir qurdlarının yəqin, çoxdan onun sür-sümüyünü də gəmirdiyini düşünmək adama xoş gəlir.
...Adam asanlıqla yeriyir, sanki havada üzürsən. Xoş düşüncələr, ala-bəzək donlara bürünmüş xatirələr hafizəmdə yavaşcadan yallı gedirdi, qəlbimdəki bu yallı dəniz dalğalarının ağ yalları kimi üzdədir, orada daha dərinlərdə isə sakitlikdir, orada gəncliyin aydın və oynaq ümidləri, dənizin dibindəki gümüşü balıqlar kimi sakit-sakit üzür.
Yol dənizə doğru uzanır, dalğaların qaçıb gəldiyi qumsal sahilə doğru qıvrılaraq sürünürdü - kollar da dalğaların üzünə baxmaq istəyir, onlar su düzənliyinin mavi genişliyinə baş endirmiş kimi yolun üstündən dənizə doğru əyilir.
Yel dağdan əsirdi - yağış yağacaqdı.
...Kolların arasında bir inilti eşidilir - bu, həmişə qəlbi məhrəm bir təsirlə sarsıdan insan iniltisidir.
Kolları aralayıb həmin sarı yaylıqlı qadının, kürəyini qoz ağacının kötüyünə dayayaraq oturduğunu görürəm; onun başı çiyninə düşmüş, ağzı biabırçı bir halda açılmış, gözləri dəli gözləri kimi bərəlmişdir, o, əllərini yekə qarnının üstünə qoymuşdur və elə qeyri-təbii, qorxunc nəfəs alır ki, qarnı titrəyə-titrəyə qalxıb- düşür, qadın isə əlləri ilə qarnını tutub canavar dişinə bənzəyən sarı dişlərini ağardaraq, boğuq bir səslə böyürür.
Mən ona tərəf əyilərək:
- Nə olub - vurmuşlarmı? - deyə soruşdum, - o, narın qumun üstündə yalın ayaqlarını, milçək kimi, bir-birinə sürtür və ağır başını yırğalayaraq xırıldayırdı:
- Çə-kill... həyasız... rə-ədd ol...
Mən məsələni anladım, - bir dəfə beləsini görmüşəm, - əlbəttə, qorxdum, geriyə çəkildim, qadın isə bərkdən, səsini uzadaraq uladı, partlamaq dərəcəsinə gələn gözlərindən axan bulanıq yaşlar, şişib tarım qırmızı üzünə töküldü.
Qadının bu vəziyyətini görüb ona doğru getdim, dağarcığımı, çaynikimi, qazançamı yerə atdım, onu arxası üstə yerə uzatdım və ayaqlarını dizdən bükmək istədim - o, əlləri ilə üzümə və sinəmə vuraraq məni itələdi, çevrildi və lap dişi ayı kimi xırıltılı səslə böyürərək iməkləyə-iməkləyə kolların içərisinə soxuldu.
- Quldur... iblis...
Onun qolları taqətdən düşdü, üzü üstə yerə yıxıldı və ayaqlarını əsəbi bir halda uzadaraq yenidən böyürdü.
Mən həyəcan içərisində, bu sahədə bildiklərimin hamısını tez xatırlayaraq, onu arxası üstə çevirdim, qıçlarını bükdüm - artıq qadından cift pərdəsi çıxmışdı.
- Uzan indi doğacaqsan...
Tez dənizə yüyürdüm, qollarımı çırmadım, əllərimi yudum, qayıtdım və mamalıq etməyə başladım.
Qadın, oda düşmüş qarağac kimi qıvrılır, əllərini dövrəsindəki torpağa döyəcləyir və solmuş otları qopararaq hey ağzına dürtmək istəyir, qan çəkmiş, vəhşiləşmiş gözlərə malik qorxunc, qeyri-insani sifətinə torpaq sovururdu, cift isə artıq düşmüşdü və uşağın başı çıxdıqca mən qadının ayaqlarının qıc olub sıxılmasına mane olmalı, uşağa kömək etməli və nəzər yetirməli idim ki, qadın otu, böyüməkdə olan əyilmiş ağzına dürtməsin...
Biz bir azca bir-birimizi söyürdük, o - dişləri arasından, mən də yavaşcadan söyürdüm, o, ağrının şiddətindən və bir də yəqin ki, utandığından, mən - pərtlikdən və ona yazığım gəldiyindən...
- Pərvərdigara, - deyə qadın xırıldayır; onun gömgöy göyərmiş dodaqları çeynəm-çeynəmdir və köpük içindədir, günəş qabağında sanki birdən-birə rəngi qaçmış gözlərindən isə dözülməz ana iztirabının bol yaşları axır və bütün bədəni ikiyə ayrılaraq qıvrılırdı.
- Sən rə-ədd ol, həyas...
O, zəif, sərilmiş əlləri ilə hey məni itələyir, mən isə təkidlə deyirəm:
- Ay səfeh, tez ol, doğ da...
Ona bərk acıyıram və mənə elə gəlir ki, onun göz yaşları mənim gözlərimə sıçradı; qüssə ürəyimi sıxır, çığırmaq istəyirəm və:
- Di tez ol! - deyə çığırıram.
Budur, əllərimə qırmızı bir insan düşdü. Göz yaşları arasından olsa da, mən, onu görürəm - o tamam qıpqırmızıdır və indidən bu dünyadan narazıdır, hələ anası ilə bitişik olsa da çırpınır, qalmaqal salır və qalın səslə çığırır. Onun gözləri göydür, qırmızı burnu yastı üzünə gülünc bir surətdə yayılmışdır, dodaqlan titrəyir və səsini uzadaraq:
- Ya-a... ya-a... - deyə təkrar edir.
O elə sürüşkəndir ki, az qalır əlimdən sürüşüb düşsün; mən diz üstə çöküb ona baxıram, qəhqəhə ilə gülürəm - ona baxdıqca fərəhlənirəm! Başım ona qarışdığından nə etmək lazım gəldiyini unutmuşdum...
- Kəs... - deyə anası yavaşcadan pıçıldayır, onun gözləri qapalıdır, bənizi solmuş, ölü üzü kimi torpaq rəngi almışdır, göyərmiş
dodaqları isə güclə tərpənir:
- Bıçaqla... kəs...
Bıçağımı barakda oğurlamışdılar, - göbək bağını dişimlə kəsirəm, uşaq oryollulara məxsus qalın bir səslə çığırır, anası isə gülümsəyir: onun çuxura düşmüş gözlərinin necə qəribə bir surətdə canlandığını, göy alovla alışıb yandığını görürəm - o, qaralmış əlini yubkasının üzərində gəzdirib cibini axtarır və qana bulaşmış dişləm-dişləm olmuş dodaqlan xışıldayır:
- Ta-aqətim... yoxdur... cibimdə qaytan var... göbəyini bağla...
Qaytanı çıxartdım, uşağın göbəyini bağladım, qadın getdikcə daha aydın təbəssümlə gülümsəməyə başlayır, elə qəşəng, elə aydın gülümsəyirdi ki, bu təbəssümdən az qala gözlərim qamaşırdı.
- Sən özünü düzəlt, mən isə aparım onu yuyundurum...
Qadın təlaşla dodaqaltı deyir:
- Muğayat ol - üsulluca... muğayat ol...
Bu qırmızı adam heç də onunla ehmallı davranmağı tələb etmir: o, yumruğunu düyümləyərək çığırır və sanki vuruşmağa hərif çağırır:
- Ya-a... ya-a...
- Ey, ey! Qoy canın bərk olsun, qardaş, yoxsa yaxın adamların dərhal başmı üzərlər...
Hər ikimizi fərəhlə qamçılayan dənizin köpüklü dalğası onu ilk olaraq islatdığı zaman, o daha ciddi və daha bərkdən çığırdı; sonra onun sinəsini və kürəyini şappıldatmağa başladığım zaman, o, gözlərini qıydı, çırpdı və zil səslə çığırdı, dalğalar isə bir-birinin ardınca onu isladırdı.
- Çığır, oryollu balası! Gücün gəldikcə çığır... Körpə.
Körpə ilə bərabər anasının yanına qayıtdığım zaman, o yenə də gözlərini yumub uzanmışdı və ciftin sancısından dodaqlarını çeynəyirdi, lakin buna baxmayaraq inilti və sızıltı içərisindən onun zəif pıçıltısını eşitdim:
- Ver... onu ver mənə...
- Hələ gözlə.
- Ver görüm...
Qadın bunu deyib zəif, titrək əlləri ilə koftasının yaxasını açdı.
Mən, təbiət tərəfindən iyirmi uşaq üçün hazırlanmış döşünü bayıra çıxarmaqda ona kömək etdim, savaşqan oryollunu anasının ilıq bədəninə dayadım, o dərhal məsələni anladı və susdu. Ana titrək səslə:
- İlahi, ilahi, - deyə içini çəkirdi və saçları dağınıq bir halda başını dağarcığın üstündə o tərəf-bu tərəfə çırpırdı.
Birdən o, yavaşca çığırıb susdu, sonra son dərəcə gözəl olan bu gözlər - doğan ananın müqəddəs gözləri yenidən açıldı; bu key gözlər - mavi göyə baxır, bu gözlərdə minnətdar, fərəhli bir təbəssüm yanır və əriyir; ana ağır əlini qaldırıb yavaş-yavaş özünə və uşağa xaç vurur...
- Allah, sənə çox şükür... ah... çox şükür...
Gözləri söndü, çuxura düşdü, qadın ağır-ağır nəfəs alaraq uzun müddət susdu və birdən ciddi, möhkəm bir səslə dedi:
- Ay oğlan, dağarcığımı aç...
Dağarcığı açdım, o, diqqətlə mənə baxdı, xəfif-xəfif gülümsədi, solğun yanaqlarında və tərli alnında sanki zorla seçilən bir qırmızılıq göründü.
- Çəkil o yana...
- Çox qurdalanma...
- Çəkil... çəkil o yana...
Mən yaxındakı kolların dalma keçdim. Ürəyim sanki yorulmuşdu, köksümdə isə elə bil ki, gözəl quşlar yavaşcadan ötüşürlər və dənizin susmayan şırıltısı ilə birlikdə bu təranə o qədər yaxşıdır ki, bunu il uzunu dinləmək olar...
Harada isə yaxınlıqda çay şırıldayır - sanki bir qız rəfiqəsinə öz sevgilisindən danışır...
Kolların dalından sarı yaylıq bağlanmış baş göründü, yaylıq səliqə ilə bağlanmışdı.
- Ey, ey, yaman tələsirsən ha!
O, kolun budağından yapışıb oturmuşdu, onun bozarmış üzü tamamilə solğun idi, gözlərinin yerində iri göy kölgələr görünürdü; o, riqqətlə pıçıldayırdı:
- Bax, gör necə yatıb...
Körpə şirin yatmışdı, lakin məncə bunun başqa uşaqlardan heç bir şeyi yaxşı deyildi, əgər fərq vardısa, o da şəraitdən asılı idi: Oryol quberniyasında bitməyən kolların altında, işıldayan xəzəl yığını üstündə uzanmışdı.
- Ana, sən də uzansana...
Qadın zorla dik tutduğu başını yırğalayaraq:
- Yox-yox, - dedi, - mən gərək şey-şüyümü yığışdıram, sonra da oraya...
- Oçemçiriyəmi?
- Hə-ə! Oraya getməliyəm. Bizimkilər, Allah bilə, neçə verst getmişlər.
- Məgər sən gedə bilərsən?
- Bəs həzrət Məryəm? O kömək edər...
İş ki, həzrət Məryəmə qaldı, - onda susmaq lazımdır!
O, kolun dibindəki körpəsinin narazı bir ifadə oxunan koppuş, balaca üzünə baxaraq, gözlərindən nəvazişkar bir işığın ilıq şüalarını saçır, dodaqlarını yalayır və yavaş-yavaş döşünü sığallayır.
Mən tonqal qalayıram, çayniki qoymaq üçün daşları yan-yana düzürəm.
- İndi, ana, səni çaya qonaq edəcəyəm...
- Yox a? Elə görək də... döşlərim, lap quruyub...
- Bəs niyə həmyerlilərin səni qoyub getdilər?
- Yox, niyə qoyub gedirlər! Mən özüm dala qaldım, onlar isə içmişdilər... Yaxşı da oldu, yoxsa onların yanında mən necə uzanardım...
O, mənə baxıb qolu ilə üzünü örtdü, sonra qan tüpürüb, utancaq bir halda gülümsündü.
- Bu ilkindirmi?
- İlkidir... Bəs sən kimsən?
- Sanki adamam.
- Əlbəttə, adamsan! Evlisənmi?
- Buna layiq olmamışam...
- Yalan deyirsən?
- Yalan niyə deyirəm?
O, gözlərini yerə dikib fikrə getdi:
- Bəs bu arvad işini haradan bilirsən?
Bax indi yalan danışacağam. Odur ki, dedim:
- Oxumuşam. Tələbəyəm - belə şey eşitmisənmi?
- Bəs necə! Bizim keşişin böyük oğlu da tələbədir, keşişlik oxuyur...
- Bax, mən də onlardanam. Yaxşı, qoy gedim, su gətirim...
Qadın başını oğluna tərəf əydi, nəfəs alıb-almadığına qulaq asdı və sonra dənizə tərəf baxdı.
- Yuyunmaq istəyirəm, amma suya bələd deyiləm... Bu necə sudur? Həm şordur, həm acı...
- Get elə bu suda yuyun - sağlam sudur!
- Yox-a?
- Doğru deyirəm. Özü də çay suyundan istidir, burada çaylar buz kimidir...
- Sən yaxşı bilərsən...
Yoldan, mürgüləyərək başı köksünə sallanmış atlı bir abxaz keçirdi; balaca və arıq at qulaqlarını şəkləyərək, dəyirmi qara gözləri ilə bizə baxdı və fınxırdı; başına tüklü dəri papaq qoymuş atlı da başını dik qaldırıb bizim tərəfə baxdı və yenidən başını salladı. Oryollu qadın yavaşcadan:
- Buranın adamları yöndəmsizdirlər, həm də vahiməlidirlər, - dedi.
Mən getdim. Dumduru və civə kimi oynaq su daşların üzəri ilə sıçraya-sıçraya axır, səslənir, suda xəzəllər fərəhlə oynaşır - qəribədir! Əllərimi, üzümü yudum, çayniki su ilə doldurdum; qayıdarkən kolların arasından görürəm ki, qadın həyəcanlı bir halda ətrafına baxa-baxa torpağın, daşların üzəri ilə iməkləyir.
- Nə istəyirsən?
Qadın diksindi, bozardı və altında nə isə gizlətdi, mən məsələni anladım.
- Ver, mən basdırım.
- Vay, qardaş! Harada basdıracaqsan? Bunu gərək hamamın paltar soyunan yerində döşəmə altında basdırarsan.
- Hə, deyərəm, tez burada sənə bir hamam tikərlər!
- Sən zarafat edirsən, amma mən qorxuram. Birdən heyvan yeyər... amma cift gərək torpaqda qalsın...
Qadın üzünü o yana çevirdi və yaş, ağır düyünçəni mənə verərək, utana-utana xahiş etdi:
- Sən Allah, bacardığın qədər dərin basdır... balama yazığın
gəlsin, yaxşı basdır...
...Mən qayıtdığım zaman, onu səndələyə-səndələyə və əlini irəliyə uzatmış bir halda dənizdən gələn gördüm, yubkası qurşağa qədər islanmışdı, üzü isə bir qədər allanmışdı və sanki daxildən parıldayırdı. Mən ona kömək edib tonqalın yanına gətirdim və təəccüblə düşündüm:
"Bu qadında heyvan gücü var!"
Sonra biz bal ilə çay içməyə başladıq və qadın yavaşca məndən soruşdu:
- Oxumağı atmısanmı?
- Atmışam.
- Görünür, içkiyə qurşanmısan?
- Yaman qurşanmışam, ana!
- Belə de! Axı, yadıma gəlir ki, səni Suxumda yemək üstündə müdirlə söyüşdüyün zaman görmüşəm, hələ onda ağlıma gəldi ki, görünür, bu adam əyyaşdır, yaman ötkəm adamdır...
O, şişmiş dodaqlarındakı balı dili ilə ləzzətlə yalaya-yalaya, göy gözləri ilə hey kolun dibinə, dünyaya gəlmiş oryollunun sakit-sakit yatdığı tərəfə baxırdı.
O mənə baxa-baxa ah çəkib:
- Görəsən, o necə yaşayacaq? - dedi. - Sən mənə kömək etdin, çox sağ ol... bu onun üçün də yaxşıdırmı - bunu artıq bilmirəm...
Qadın çay içdi, çörək yedi, xaç çəkdi və mən öz şey-şüyümü yığışdırınca, o, yuxulu bir halda yırğalanır, mürgüləyir və yenidən solğunlaşan gözləri ilə yerə baxaraq nə isə düşünürdü. Sonra ayağa qalxmağa başladı.
- Olmaya gedirsən?
- Gedirəm.
- Getmə, ana, amandır!
- Bəs həzrət Məryəm?.. Uşağı mənə ver!
- Uşağı mən apararam...
Bir qədər sözləşdik, o, güzəştə getdi və bir-birimizlə çiyin-çiyinə yola düzəldik.
Qadın təqsirkarcasına gülümsəyərək:
- Birdən yıxılaram ha, - dedi və əlini çiynimə qoydu.
Rus torpağının yeni sakini, məchul tale sahibi olan bu adam qucağımda yatır və möhkəm-möhkəm fısıldayırdı. Səthi yonqarların ağ şəbəkəsi ilə örtülmüş dəniz dalğalanır və şarıldayırdı; kollar pıçıldaşır, günəş günortadan əyilərək parlayırdı.
Yavaş-yavaş gedirdik, ara-sıra ana dayanır, dərin nəfəs alır, başını qaldıraraq ətrafını, dənizi, meşəni və dağlan nəzərdən keçirir və sonra oğlunun üzünə baxırdı - qadının, çəkdiyi iztirablar nəticəsində axıtdığı göz yaşlarından solğunlaşmış gözləri yenidən təəccüb ediləcək dərəcədə aydınlaşdı, onlar yenidən parlayır və tükənməz bir məhəbbətin göy alovu ilə yanırdı...
Bir dəfə də dayanarkən o, belə dedi:
- Pərvərdigara! Yaxşıdır, gör nə yaxşıdır! Kaş həmişə belə olaydı, kaş dünyanın sonuna kimi belə olaydı, oğlum, canım-ciyərim isə həmişə azad böyüyəydi, anasının yanından ayrı düşməyəydi...
...Dəniz səslənir, səslənirdi...