Məktəb vaxtında hər kəs qiymət almaq üçün şeir əzbərləyər. O şeirlər sonralar da yaddaşlardan çıxmır. Ancaq elə şeirlər var ki, oxuyanda başqaları ilə paylaşmaq üçün əzbərləyirsən. Yazarlarımız sonuncu dəfə hansı şeiri əzbərləyiblər? Ümumiyyətlə, şeir əzbərləməyə münasibətləri necədir?
Kulis.az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.
Seyran Səxavət: “Axırıncı dəfə 60 il bundan əvvəl şeir əzbərləmişdim: “Dərsə gedən bir uşaq” şeirini. Şeir əzbərləməyə pis baxıram. Əzbərləyən adam deyə bilər, ona görə əzbərləyirəm ki, başqalarına da oxuyum. Şeiri gərək özün oxuyasan. İkinci bir adam – ata, ana dünya fatehi olmamalıdır aranda. Şeir intim məsələdir. Şeiri əzbərləyən yox, onu əzbərlətdirən adam mənə çatmır. Şeir havadı, onu əzbərləmək necə olur?
Aqil Abbas: “İndi şeirləri oxuyuram. Son zamanlar əzbərlədiyim şeir olmayıb. Axırıncı dəfə hansı şeiri əzbərləmişəm deyə bilmərəm. Bəzən oxuduğun şeir əzbər yadında qalır. O şeir ki səni tutur, aparır özü ilə, bir də görürsən ki, həmin şeir yaddaşındadır. Məsələn, mən əsasən cavanları oxuyuram. Bir də görürsən, Cəlil Cavanşirin, Qismətin, Aqşin Yeniseyin şeirləri tutur məni, yaddaşıma hopur. Ən çox bildiyim şeirlər Vaqif Bayatlı ilə Vaqif Səmədoğlunun şeirləridir. Onların yaradıcılığının 70 faizini əzbər bilirəm. Azərbaycanda çox yaxşı şeir bilən iki adam tanımışam. Biri hamımızın bildiyi Zəlimxan Yaqub idi. O birisi isə Rəfiq Zəki Xəndan. Rəfiq Zəki bir neçə dildə şeir bilən bəlkə də yeganə adam idi. Ondan sonra Rəşad Məcid çox şeir bilən adamdır. Biri də mən. Biz Rəşadla Ağdama qədər şeir deyə bilərik. İndi də hərdən şeir deyirik yol gedə-gedə. Amma ikimizin bircə fərqi var: mən ancaq gözəl şeirləri əzbər bilirəm, Rəşad isə mənasız, düşük şeirləri də. Elə şairləri əzbərləyir ki, gülməyim tutur. Mənə deyir şeiri, xeyli əylənirik. Təbii ki, zarafatla o şeirləri əzbərləyir. Mənə görə, şeir bilməyən adam riyaziyyatçı, fizik ola bilməz. Texniki fənlərdə üstünlük qazana bilməz. Çünki şeir beyni möhkəmləndirən bir şeydir”.
Salam Sarvan: “Camal Sürəyyanın "Dayanacaqda üç nəfər" şeiri”
Aqşin Yenisey: “Mənim şeir yaddaşım çox zəifdir. Məktəbdə ən çox şeir əzbərləmək üstündə çırpılmışam. Heç öz şeirlərim də yadımda qalmır. Ümumiyyətlə, mənə görə şeir gündəlik həyat ehtiyacı deyil, nə yazmaq, nə oxumaq üçün. Çox intim yiyəsizlikdə şeir yadıma düşür, yenə də həm yazmaq, həm oxumaq üçün. Yanımdakı ikinci adam həmişə məni şeirdən uzaqlaşdırır, yenə də həm yazanda, həm oxuyanda. Axırıncı dəfə orta məktəbdə Süleyman Rüstəmin "Çapayev" poemasını əzbərlədiyim yadıma gəlir, amma ədəbiyyat müəllimimiz ağır eşitdiyi üçün bütün poemanı taxtanın qarşısında öz bildiyim kimi bədahətən qoşub danışmışdım, hətta, uşaqların xahişi ilə bir az da uzatmışdım ki, onlara vaxt qalmasın”.
Pərviz Cəbrayıl: “Düzü, sonuncu dəfə haçan şeir əzbərlədiyimi xatırlamıram. Yəqin ki, bu, universitetdə olub. Deyəsən, Nəsimidən iki qəzəl əzbərləmişdim. Nəsimidən bilirdim, sadəcə, o qəzəllər mənə lazım idi, müəllim qiymətimi kəsib 4 yazsaydı, qəzəlləri ona deyəcək, irfandan danışa-danışa adam olmadığını izah edəcəkdim. Ancaq "əla"mı aldım, üstəlik, iki qəzəl də qazancım oldu. Bir beytini deyim:
Surətin nəqşində hər kim görmədi nəqqaşini,
Vahibi-surət onun gözsüz yaratmış başini.
Ondan sonra ancaq oxuyarkən yadımda nə qalırsa qalır. O da ancaq Salamın şeirlərindən qalıb”.
Cavid Zeynallı: “Sonuncu dəfə Vaqif Bayatlının şeirini əzbərləmişəm: "Səni niyə belə sevdim". Ondan əvvəl isə Nəsiminin "Etməgil" qəzəlini əzbərləmişdim. Şeir əzbərləmək zövqdür, ləzzətdir, insanın yaddaşını, hafizəsini formada saxlayır, hərəkətə gətirir. İmkan düşdükcə çoxlu şeir əzbərləmək lazımdır. Məsələn, tək qalanda adamı darıxmağa qoymur, dost məclisində deyib ortalığa rəng qatırsan, kolorit gətirirsən. Amma ən vacibi tək qalanda öz-özünə şeir oxumaqdır”.
Mübariz Örən: “Axırıncı dəfə yəqin ki institut illərində olub. Məmməd Arazın bir şeri vardı, "Bir qəbir yanında". Xəyyamsayağı bir şeir idi. Xoşuma gəlirdi. Orda-burda, dostlar arasında deyib əhval yaratmalı şeir idi. Lakin yaddaşım məni bu sarıdan həmişə yarı yolda qoyub. Əzbərlədiyim şeiri deyən zaman həmişə ən maraqlı yerində tutulub qalmışam. Şeirin bir misrası yadımdan çıxdımı, vəssalam, öldür, ardı yada düşməz. Odur ki, şeir əzbərləmirəm; onsuz da əzbərləməyimin xeyri yoxdu”.
Tehran Əlişanoğlu: “Orta məktəbdən şeir əzbərləməkdən zəhləm gedib. Özləri əzbərlənib həmişə yaddaşımda. Ən çox yadımda Sabir və Füzulidən beytlər qalardı. İndi onlar da uçur yaddaşımdan. Misal deyəndə beyti axıracan çatdıra bilmirəm. Qocalmışam... Əfsus, qocaldım, ağacım düşdü əlimdən. Sədheyf, cavanlıq...”
Əsəd Qaraqaplan: “Arkadaş Özgerin bir neçə şeiri, Atilla İlhandan “Ben sana mecburum” və “Üçüncü şəxsin şeiri”ni əzbərləmişəm. Eldar Baxışdan və Əli Kərimdən də olub. Salam Sarvanın bir sərbəst şeirini əzbərləmişəm - "Sənsiz yaşaya bilirəm, amma yaşaya bilmirəm, bilmirəm". Şeir əzbərləmək mənim üçün bir az da ritual, ayin kimidir. Özümü onda çox rahat hiss edir, ruhumu hüzurda görürəm. Elə öz şeirlərimi də əzbərləyirəm ki, ayinim tamam olsun”.