"Virtual brifinq”in budəfəki qonağı gənc yazar Ayxan Ayvazdır.
- Ayxan, xeylidir, müsahibə vermirsən, bir az özündən danış. Nə iş görürsən?
- Hesab edirəm ki, müsahibə də yaradıcılığın tərkib hissəsidir. Biz şou-biznes adamı deyilik axı, iki dəqiqədən bir müsahibə verək. Ya paltarımızdan, ya maşınımızdan, ya itimizdən danışaq. Yaradıcı adamın müsahibəsi də yaradıcı olmalı. Hekayə kimi, şeir kimi. Həm də son vaxtlar məndə belə bir düşüncə formalaşıb. Bu yaşda çox müsahibə vermişəm, çox danışmışam özümdən. Elə bil, deməyə sözüm qurtarıb. Axı, bir adam 26 illik həyatını müsahibədə nə qədər danışa bilər ki? Maraqsız olmaqdan həmişə qorxmuşam, həmişə. Ən sevmədiyim şeydir. İstəyirəm, həmişə diri, canlı və maraqlı qalım. Bir neçə dəfə müsahibə təkliflərini qəbul etməmişəm. Səbəbi də budur ki, biz gənclər danışmağa tələsməli deyilik. Müsahibə verməkdə bir az yekəxanalıq hissi də var. Mən filan yerə müsahibə verdim, məni filan yerə söhbətə çağırdılar. Müştbehlik yaradır bu. Və həm də özünü xərcləməkdir. Şair, yazıçı gərək bir az sirli qalsın. Bir də ki... Özündən danış deyirsiniz. “Təhminə və Zaur” filmində deyildiyi kimi, nə danışım axı? Şairanə desək, indi mənim müsahibə vermək deyil, müsahibə almaq yaşımdır. Özüm o qədər müsahibə alıram ki, hərdən danışmağı unuduram, dinləmə pozasına keçirəm. Müsahibə almaq da zülüm işdir, bilənlər bilir. Bu mənada enerjimi tükədirəm. Yazmaq istədiyim şeylər var, boynu-bükük qalıblar, nə vaxtsa onları dirçəltməyimi gözləyirlər. Hələki belə bir şəraitim yoxdur, amma həm də düşünürəm ki, bu mənə təcrübə qazandırır. Müsahibə alıram, reportaj hazırlayıram. Tanıyıram adamları. Və bu bir yazıçı üçün çox önəmlidir. Bir az depressivəm, əslində. Ümumən ədəbiyyata marağın getdikcə azaldığına şahid oluram. Bu məndə kədərli ovqat yaradır.
- Nəyə görə, əsasən öz həyatına aid yazırsan? Axı, ədəbiyyat bəşəridir. Aşıq gördüyün çalar, amma eşitdiyindən də dastan qoşar.
- Maraqlı sualdır. Bu yaxınlarda sonuncu Nobel mükafatçısı Kazuo İşiquro da bu məsələyə toxunmuşdu. Onun dediyinə görə, bildiyini yazmaq ən axmaq şeydir. Özü Yaponiyada doğulub, balaca vaxtından onu Britaniyaya aparıblar. Naqasakiyə atılan bombaların hekayəsini yaşlı adamlardan eşidib. Və “Tüstülü təpələr” romanında bundan yazıb. Deyilənə görə, əsər tutmayıb. Təbii ki, əsər bəşəri olmalıdır. Bunu uşaq da bilir. (gülür) Ancaq mən hesab edirəm ki, əslində, bütün yazıçılar öz həyatından yazır. Kafka qədər avtobioqrafik yazıçı tanımıram. Məsələ sadəcə, sənətkarlıqdadır. Mənim həyatım maraqlıdır. Səbəbi budur. Hələ həyatım mənim üçün xammaldır. Bu da bir mərhələdir. Mən hesab edirəm, o mərhələni artıq arxada qoyuram, amma nəzərə alın ki, memuar ayrı şeydir, xatirə ayrı şey, bədii əsər ayrı. Mən heç vaxt xatirə yazmamışam. Yaşadıqlarımı bədiiləşdirmişəm. Mənim yaşım azdır. Təcrübəm də. Yazanda gərək əvvəlcə özündən yazasan, yoxsa bəzi gənclər kimi... Biri Allahdan yazır, o biri peyğəmbərdən, başları çıxmayan mövzulara toxunurlar. Baxırsan ki, yazdığı eləcə tör-töküntüdür. Mən heç vaxt qaldıra bilməyəcəyim yükün altına girməmişəm.
- Hekayələr kitabın niyə tutmadı? Sənə elə gəlmirmi ki, ancaq qohum-əqrəba, dost-tanış oxudu? Yəni ciddi yazı yazan olmadı. Ən azından mən rast gəlmədim.
- Hekayələr kitabım tutmadı deyə düşünmürəm. Əslində, adı belə hələ də maraq dairəsindədir. Nə qədər müsahibə vermişəm bu kitabdan sonra. (gülür) Yazanlar da oldu. Əkrəm Əylislinin zəngini demirəm hələ. Amma mən vəzifəli yazıçı deyiləm axı, hamı sıraya düzülüb haqqımda yazı yazsın. Bu mümkün deyil. Azərbaycanda yalnız vəzifəli yazıçılar haqqında silsilə yazılar yazılır. Mən heç vaxt bunun arzusunda olmamışam. Adi bir oxucu rəyi daha maraqlıdır. Xeyli adam yazırdı ki, bu “Buri” nə olan şeydir? Gürcü sözünü kitaba ad eləmişəm deyə məni millətçilər qınamışdı. Bu qədər reaksiyanın qarşısında kitab tutmadı demək, ədalətsizlikdir. İki dəfə imza günü oldu. İndi az-maz kitab qalıb məndə. Gənc, heç bir vəzifəsi, reklamı olmayan yazıçı üçün bundan böyük nə uğur ola bilər ki? O kitabdan tam razıyam mən.
- Oğuz Ayvazı şair hesab edirsən? Hesab edirsənsə, əsaslandıra bilərsən?
- Oğuz şair deyil, şeir yazandır. Bir neçə şeiri var, xoşuma gəlir. Onun sadəcə, xətrinə dəymək istəmirəm. Məndən ömürlük küsər. Qardaşların arasını vurmayın. (gülür) Xahiş edirəm. Şeir yazır da. Nə pislik eləyir ki? Başqasının haqqına girmir ki? Əclaflıq eləmir ki? Yazsın. Bircə onu deyə bilərəm ki, Oğuz içi olan adamdır. O iç onu hara qədər aparacaq, bax, bunu mən də bilmirəm.
- Kulisdə nə var-nə yox?
- Əla. Hər şey qaydasındadır. Kulis mənim üçün məktəbdir. Hər gün ordan nələrsə öyrənirəm. İşdən daha çox məktəb kimidir Kulis. Mən də çalışıram ki, özümü göstərim. Kulis hazırda balaca nəfəslikdir. Ədəbiyyatın varlığını və hələ də ayaqda durduğunu bizə hiss elətdirən yeganə saytdır. Çalışırıq ki, bu hiss solmasın.
- Yaradıcılığını ideologiyaya və ya yaltaqlığa həsr edən yazıçı və şairlərə haqq qazandırırsan?
- İdeologiya ciddidir. Nazim Hikmət, Əziz Nesin kimi nümunələr var ortada. Onlar böyük adamlardır. Siyahını uzada da bilərik. Sadəcə, ikisi üzərində dayandım. Yaltaqlığı normal hesab edirəm. Bacarsaydım, mən də yaltaqlanardım. Yaltaqlıq da xüsusi istedaddır, hər kəsə nəsib olmur. Yaltaq adamları görəndə sadəcə kövrəlirəm. Bircə yaltaqlığı cavanlara bağışlaya bilmərəm. Hazırda yaltaq gənclik yetişir, görürəm. Bu məni iyrəndirir.
- "Qadına söyüş yaraşmır" dediyinə görə, səni "seksist" adlandırmışdılar. Hətta, təhqir olunmuşdun. Doğrudan elə düşünürsən, yoxsa diqqət çəkmək üçün elə yazmışdın?
- Bu haqda Aydın Talıbzadənin yazısı var. Çox gözəl yazıdır. Oxuyanlar bir daha oxusun, oxumayanlar da otursun, ciddi-ciddi oxusun. Yazıdan bir hissəni təqdim edirəm. Aydın bəy yazır: "Söyüş bir qayda olaraq kişilərin oynatdığı söz-qumbaralardır. Qadınlar, sadəcə, onları yamsılayırlar. Söyüş kişilərə, kişisəl cəmiyyətə xas bir təzahürdür. Kişilər yoxdursa, söyüş də yoxdur. Qadınlıq təbiətinə söyüş söymək tamam yad bir xüsusiyyətdir. Səbəbi gün kimi aydın, çünki söyüş birbaşa zor işlətməklə, güc tətbiq etməklə bağlı olan bir şeydir. Azyaşlı oğlan uşaqları söyüş söymək bacarığını göstərməklə özlərini kişilərə yaxınlaşdırırlar". Seksizm deyildi yazdığım, reallıq idi. Məncə, Aydın Talıbzadə dəqiq analiz verib. Yəni qadına söyüşü qadağan etmirdi mənim yazdığım. Mən söyüşü kişilərin ələ keçirdiyini diqqətə çatdırmışdım. Kişi cəmiyyətində hər şey kişiyə məxsusdur. Və bu anlamda qadına söyüş yaraşmır. Məsələ sadəcə, belədir. Onu da əlavə edim ki, qadınların özlərinə xas söyüşü xoşuma gəlir. Onların məni söyməsindən həzz alıram.
- Ümumiyyətlə, seksizm haqqında nə düşünürsən?
- Ciddi hesab etmirəm. Seksizm söhbəti artıq mənasını itirib. Qorxuram, bir qadına xoş münasibət göstərməyə, yaxud qadınlar haqqında fikir bildirməyə. O saat seksist elan edilirəm. Halbuki, dünyada qadınlar haqqında o qədər seksist fikirlər səslənib ki... Nitşe, Dostoyevski, Kafka, Bukovski. Mən seksist olum, qoy, cümlə-cahan kef eləsin. İstədikləri də budur. Halbuki, mən sadəcə, qadınlara nəzakət göstərmişəm. Seksizm cinsi ayrıseçkilikdir. Bizdə bunun davasını aparan mənasız adamları başa düşmürəm. A kişi, Azərbaycanda insan hüquqları tapdalanır, insanı insan yerinə qoymurlar. Nə seksizm söhbəti açmısınız e?
- Bəs, insan hüquqları tapdalananda niyə susursan?
- Mənim əlimdən bir şey gəlməz. Susmaq da mənim haqqımdır. Ən azından əclaflıq eləmirəm. Tapdanan insanın başından bir təpik də mən ilişdirmirəm. Həm də özümü mübariz adam hesab etmirəm. Qorxağam. Uşaqlıqdan belə olmuşam. Cəsarətim çatan yazıları yazmışam. Sadəcə, başımı ağrıtmaq istəmirəm. Hüzuru sevirəm.
- Ayxan, səncə, həyat niyə belədir? Sağa baxıb, sola vurur.
- Həyatı ciddiyə almaq lazım deyil. Onda məna axtarmaq da yersizdir. Yalnız yaşamaq lazımdır. Yaşamaq. Bütün ciddiyyətinlə. Ləyaqətlə yaşamaq.
- Sabir niyə şair deyil? Bu haqda yazın da var, amma istəyirəm, daha geniş cavab verəsən. Səncə, kütlə Sabiri böyük şair hesab etməklə yanılır, yoxsa necə?
- Sabir söhbətində məni yanlış anladılar. Məqsəd gündəmə gəlmək deyildi. Mən bəzən sadəcə, öz fikrimi yazıram, aləm dəyir bir-birinə. Bizim insanlar fikirə qarşı çox dözümsüzdürlər. Sanki Sabirin qiymətini mən verirəm. Mən deyəndə Sabir böyük şair olmur? Yazımda heç bir təhqir yox idi. Sabiri aşağılamamışdım. Sadəcə, onu böyük şair hesab etmədiyimi demişdim. Mənim estetikama yaddır Sabir. Və əsas məsələ. Mən hesab edirəm ki, biz Sabirdə ilişib qalmalı deyilik. Sabir hələ də aktualdırsa, deməli, cəmiyyət düzəlməyib. Deməli, bizim məhəlli problemlərimiz hələ də qalmaqdadır. Seymur Baycan demiş, bu xalq Sabir aktuallığını itirəndə düzələcək. Sabir aktual olduğu müddətdə biz bir misqal yol gedə bilmərik. Mən əslində, Sabiri misal çəkib, cəmiyyətimizin düzəlməsinə çağırış eləmişdim. Nə qədər Sabirin lağ-lağılarına əylənməliyik? Onu bəh-bəhlə tərifləyib heç düzəlmək haqqında düşünməməliyik? Sabiri qoymalıyıq qırağa artıq. Başqa yolu yoxdur çünki. İnkişafımız bundan sonra başlaya bilər. Sabir yenə Sabirdir. Onu ordan Ayxan yıxa bilməz. Sadəcə, hərdən biz şəxsiyyətlərimizi müzakirə etməkdən çəkinməməliyik. Onu toxunulmaz eləmək, bütə çevirmək olmaz. Xalq elə hücuma keçir ki, sanki bütün günü Sabir oxuyurlar. Ayxan yazanda yadlarına Sabir düşür. Tragikomik vəziyyətdir. Mən o yazıdan sonra gördüm ki, əslində, özüm Sabirə oxşadım. Məni təhqir eləyənlərin çoxusu Sabirin qəhrəmanları idi. Və mən də illər əvvəlin Sabiri kimi onlara baxıb təəssüflənirdim.
- Mirzə Ələkbər Sabirlə Zəlimxan Yaqubu necə fərqləndirə bilərsən?
- Bircə onu deyim ki, ikisi də mənim şairim deyil.
- Tərcümə kitabın var: "Bir ürəyin qürubu". O kitab səni qane edir? Hazırda tərcümə elədiyin əsər var?
- Hazırda tərcümə elədiyim kitab yoxdur. Düşünürdüm ki, Serqey Dovlatovun "Qoruq" romanını dilimizə çevirim, ərincəkliyim tutdu. Ümumiyyətlə, tərcümə kollektiv işdir, məncə. Tək adamlıq deyil. Bu mənada birinci tərcümə elədiyim kitabı uğursuz hesab edirəm. Çoxlu səhvlər var orada. Bircə Svayqın novellalarını bəyənirəm. Ona həqiqətən can qoymuşdum. Bir də ki, pul olmayanda yazmaq, tərcümə eləmək olmur. Yaxşı pul versələr, əlbəttə, tərcümə edərəm. Pulsuz olmur e, vallah olmur.
- Deyəsən, o kitabın haqqını ala bilməmişdin. Nə oldu ki? Niyə ala bilmədin?
- Hə, o vaxt bu məsələ mətbuatda gündəm olmuşdu. Seymur Baycanın təklifi ilə tərcümə etmişdim. Mənə bunun müqabilində cüzi də olsa, qonorar verəcəyini demişdi, amma kitab çap olunandan sonra vədinə əməl etmədi. Heç kitab haqqında danışmadı da. Bu mənə toxundu. İş görmüşdük, axı. Amma indi utanıram o məsələni mətbuata daşıdığım üçün. Seymuru çox sevirəm. O fədakardır. Ona bunu eləməməliydim. Əzab çəkirəm hər dəfə yadıma düşəndə.
- "Mən necə Polat Alemdar oldum" adlı kitabın var. Danış, görək, necə Polat Alemdar oldun, oxumayanlar da bilsin.
- O kitabı yazanda 15 yaşım vardı. İlk qələm təcrübəsiydi, amma camaat oxumadan lağ eləməyə başladı. Bizdə "mən"də nəsr yazmağı anlamırlar. Birinci şəxsin təkində yazmaq o demək deyil ki, yazdığın sənin başına gəlib. Mən o romanda həyatını serial qəhrəmanları kimi yaşayan adamlara ironiya eləmişdim. Komik bir romandır. Oxuyanlar da gülürlər, xoşlarına gəlir. Məqsədim də bu idi. Güldürə bilmişəmsə, deməli, söhbəti tutmuşam. O kitab adına görə, çox populyar oldu. Mənim də istəyim bu idi. Qəsdən adını elə qoymuşdum. Tələyə düşdü çox adam. Onların çoxu Martin Pajın "Mən necə idiot oldum" romanından xəbərsizdir. Mən elə adamlara durub, əsərimdən danışmağa ərinirəm. Ümumiyyətlə, hərdən bizimkilər üçün nəsə yazdığıma görə, peşimançılıq hissi keçirirəm. Bizim cəmiyyət ədəbiyyat cəmiyyəti deyil. Toy cəmiyyətidir, yas cəmiyyətidir, hoppanıb-düşmək cəmiyyətidir.
- Toy demişkən, bir ara toyu da baykot etmisən. Sabah evlənəsi olsan və qız tərəfi iki ayağını bir başmağa dirəsə ki, bizim qızımız toyla gəlin köçməlidir, köçdüyü evdə də toy çalınmalıdır, onda necə olacaq?
- Toy adətlərimizdən zəhləm gedir. Biz özümüzü həqiqətən zibilə salmışıq. İki adam birləşəcək deyə, 300 adamı yığ bir yerə, şadlıq sarayı tut, şəkillər çəkdir, nə bilim, ofisiantın cibinə pul bas. Bu nə hoqqadır, anlamıram. Evlənmək deyil, elə bil, məşəqqətdir. Hamı hər şeyə qarışır. Toydan sonra isə qurbağa gölünə daş atılır. Cütlüyün problemlərinə heç bir qohum-əqraba, dost-tanış yaxın durmur. Olmaz ki, o mənasız toyda içib tullanmaqdansa, bu gəncləri bir yerə çıxarasan? Mənə heç kim zorla toy elətdirə bilməz. Bu iki nəfərin qərarıdır, üçüncü şəxsin qarışması mümkün deyil.
- Yadındadırsa, biz bir dəfə şəhərin tozlu küçələri ilə gəzərkən, gənclər yaxınlaşdı və səninlə şəkil çəkdirmək istədi. Bu oxucu sevgisini necə qazanmısan? Sirri nədir?
- Məni sevən adamlar var. Hamısını tanıyıram. Bütün oxucularımla yeyib-içmişəm. Yəqin onlarla rastlaşmışdıq. Manıs kimi sevilmək istəməzdim. Şöhrət ən qorxduğum şeydir, çünki tünlüyü sevmirəm. Özümü rahat hiss etmirəm onda. Hərdən deyirəm ki, nə yaxşı şöhrət qazanmamışam, yoxsa elədiyim gic-gic hərəkətlər hər gün sosial mediada sərgilənərdi. (gülür)
- Sənin haqqında danışanda deyirlər ki, atası Eyvaz Əlləzoğlunun hesabına populyarlıq qazanıb. Bu haqda nə düşünürsən? Və atan özü bir yazıçı kimi niyə populyarlaşa bilmədi?
- Ölüm bizim ən yaralı yerimizdir, axı. Ağlaşmağı sevirik. Atam öləndən sonra məni yazıçı kimi qəbul etdilər, çünki əvvəl elə bilirdilər ki, yazdıqlarımı atam yazıb. Hesab edirəm, artıq atamın kölgəsindən çıxmışam. İndi mən atama görə yox, atam mənə görə tanınır. Tutaq ki, mən populyarlıq qazandım. Bəs, Oğuz? O niyə populyar olmadı? İstedad faktorunu görməzdən gəlirlər. Mən hətta, indi atamdan da yaxşı yazıram. Ondan daha çox şey bilirəm, çünki mən sağam, o ölü. Daim inkişaf etdirirəm özümü. Oxuyuram, filmlərə baxıram. Atamın populyarlaşmasına gəlincə... O özü belə istədi. Ona yad idi bu hiss. Və 80-ci illər nəsli ədəbiyyatı çox müqəddəsləşdirdi. Mən isə elə düşünmürəm. Ədəbiyyat həm də şoudur. Onu çox ciddiləşdirmək olmaz.
- Eyvaz Əlləzoğlu ilə sənin fərqin odur ki, sən Eyvazı "Ayvaz" elədin. Və o heç vaxt məşhurlaşmağa cəhd eləmədi. Sən indi populyarlaşıb, onun səhvini təkrarlamamaq istəyirsən, ya necə?
- O Eyvaz Əlləzoğlu idi, mən Ayxan Ayvazam. Bizim aramızda zaman fərqi var. O, 80-lərin adamı idi, mən 2000-lərin. Ona görə də, heç vaxt ona bənzəyə bilmərəm. Heç bunu istəməmişəm də. Məncə, "oğul atanın yolunu davam etdirməlidir” fikri çox mənasızdır. Həyatımda eşitdiyim ən mənasız cümlədir. Mən onun yolunu davam etdirmirəm. Qoy Ramiz Rövşən əvəzimdən cavab versin: "Özün öz yolunsan, ilan balası..."
- Ailədə üç istedad vardı - Oğuz Ayvaz, Gülbəs Ayvaz, sən. Dəniz Ayvaz da gəldi, dörd oldunuz. Sıralarınızı genişləndirməyi düşünürsünüz?
- İstəyirəm, alternativ Yazıçılar Birliyi açım. Başına da Gülbəsi gətirim. Bizim Anar da o olsun. (gülür)
- Son olaraq de, görüm, nə yazırsan? Gələcək planların nədir? Oxucular səndən nə gözləsinlər, nə vəd edirsən?
- İndi daha çox oxuyuram. Ciddi şəkildə. Modern yazıçıları daha çox izləyirəm. Dünyanın ən ciddi müasir imzalarını. Onlardan belə desək, çırpışdırıram. Tamam yeni bir mərhələyə adladığımı hiss edirəm. Romanım var, onu bitirəcəm. Qeyd götürdüyüm bir romanım da var, imkan olanda yazmağa başlayacam. Sadəcə, tələsmirəm. Nəsr ciddi şeydir. Və daha çox 30 yaşdan sonranın hadisəsidir. Təzə hekayələrim var. Üstündə işləməliyəm. Buna da vaxt lazımdır. Bir hekayəm var ki, dəhşətdir. Onu hələ heç yerdə çap etməyə qıymıram. Düşünürəm ki, o hekayənin havasına çoxlu hekayələr yaza bilərəm. Çap olunsa, o tilsim yox olacaq. Pulsuz hekayə çap etdirmək də istəmirəm açığı. Gərək azı bir yüzlük versinlər. O boyda əziyyətin qarşılığında cüzi məbləğdir, əslində. Amma bu mənə stimul verə bilər.
Söhbətləşdi: Hikmət Orhun, Məcid Həsənli, Sonuncu Orxan
yeniekinci.az