Mütaliə yazıçılığın əsas şərtlərindən biridir. Yazıçılar özündən əvvəlki yazılanları oxuyaraq öz cığırlarını açırlar. Bəs bizim yazıçıların mütaliə prinsipləri necədir? Necə seçim edirlər? Nəyə əsaslanırlar? Müasir ədəbiyyata, yoxsa klassikaya üstünlük verirlər?
Kulis.Az bu barədə yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik.
Elçin
- Mütaliədə mənim üçün xüsusi bir prinsip yoxdur. Kitab sədaqətli bir dostdur, özü gəlib səni tapır. Mənim üçün hansısa bir üslub üstünlüyü yoxdur, istedadlı əsər var. Klassika ilə müasirlik arasında zəncirvari bağlılıq var. Güman edirəm ki, mükəmməl klassika baqajın yoxdursa, müasiri qiymətləndirmək çətin işdir, olsa-olsa, üzdən getməkdir.
Kamal Abdulla
- Hal-hazırda semiotikaya, informasiya nəzəriyyəsinə aid əsərləri,
mifologiya ilə ədəbiyyatın əlaqəsini ortaya qoyan kulturoloji elmi
əsərləri, bəzilərini bir daha oxuyuram. “Dədə Qorqud”un poetikasına həsr etdiyim monoqrafiyanın 1-ci hissəsini (birinci kitabını) bitirmişəm. Seçimim buna əsaslanır. “Dədə Qorqud”a tamam yeni rakursdan baxış çox böyük mənəvi ləzzət verir. Gözlənilməz üfüqlər açılır. Bədii ədəbiyyata gəlincə... Klassika illərlə içində yaşadığın doğma ev kimidir. Hər küncü tanışdır. Əlbəttə, klassika!
Səfər Alışarlı
- Mənim mütaliəm prinsiplər dövrünü çoxdan keçib qurtarıb. İndi yalnız özümü yazı prosesinə kökləmək üçün, bir də fövqəladə dərəcədə maraqlı bir şey əlimə keçəndə oxuyuram. Hər yeni əsərin birinci səhifəsini diqqətlə oxuyuram: əgər poza varsa, bədii məntiq dəmiri dəlmirsə, metafora gözümü bərəltmirsə, mətnin musiqisini eşitmirəmsə, keçirəm vərəqləməyə: dialoqları oxumuram, müəllif təhkiyəsini ordan-burdan oxuyuram, mənə maraqlı görünən heç nə tapmıramsa, əsəri büküb kənara qoyuram.
Hərdən hesabat-təhlil xətrinə oxuyuram, müəllifə fikir bildirmək üçün: onda məcburam əvvəldən-axıra oxumağa.
Kitab rəfimdə ünlü isimlər çoxdur. Məsələn, hərdən Leonid Andreyevi, Heminqueyi, Qorkini, Bulqakovu, Kastanedanı, Pamuku, Markesi və başqalarını oxuyub keçmiş zamanlarımı, yəni ilk dəfə oxuyarkən onlardan nəsə öyrənməyə çalışdığım vaxtları xatırlayıram. Kamyunu, deyərdim ki, bütün fransız ədəbiyyatını oxuyanda nəsə öyrənmək olmur. Mənə elə gəlir ki, nə vaxtsa Fransa dövləti tənəzzül eləyib bir Afrika ölkəsinə çevrilsə, onun ədəbiyyatı da Saxara səhrasında ölümə məhkum olacaq.
Gənc ədiblərə tövsiyə olaraq deyə bilərəm ki, mütaliə yazıçı üçün istedadın yarısı qədər mühümdür. Onu ciddi ədəbiyyatçıların yönətimi ilə həyata keçirmək lazımdır. Azərbaycanda ədəbiyyat professoru çox olsa da, həqiqi ədəbiyyat adamlarını barmaqla saymaq mümkündür.
Etimad Başkeçid
- Xüsusi bir mütaliə prinsipimin olduğunu deyə bilmərəm. Məktəb illərində, çoxları kimi, əlimə keçəni oxuyurdum. Tələbəlik vaxtı, əsasən, tədrisə daxil edilmiş əsərləri mütaliə edirdim, çünki çatdırıb imtahan verməliydim. İndi isə daha çox ixtisaslaşmış mətbuatda adı hallanan müəlliflərin əsərlərini tapıb oxumağa çalışıram. Bayram günlərində Moskvadan bir tanışımın gətirdiyi “Oxucu” romanını (Bernxard Şlink) oxudum, bu yazıçını özüm üçün kəşf etdim. Amma yəqin ki, bütün bunları “seçim prinsipi” adlandırmaq olmaz.
Sahilə İbrahimova
- Necə gəldi oxuyuram. Səliqəsiz və sistemsiz. Elmi, bədii, publisistik qarışıq. Bu pisdi, amma day mənimki belə gətirib.
Mübariz Örən
- Boynuma alım ki, ilkin mütaliəm elə də sistemli olmayıb; həm, texniki təhsil almağım bu yöndə məni nabələd edib, - yol göstərənim olmayıb, - həm də, bilirsiniz, sovet dövrü dünya ədəbiyyatı dilimizə tam rəngarəngliyi ilə tərcümə olunmamışdı, mütaliə imkanları sən deyən geniş deyildi. Rus dilinə yiyələnməyim bu sarıdan qol-qanad açmağıma xeyli imkan yaratdı. Amma bir şey də var: əvvəllər əsər oxuyurdum, indi mətn oxuyuram; əvvəllər oxucu kimi, indi “müştəri” gözüylə. Son vaxtlar mütaliə “siyasətimdə” ciddi dəyişikliklər baş verib. Əgər bir mövzuya baş vururamsa, istəyirəm həmin motivdə fərqli üslublarda (hətta fərqli janrlarda) yazılmış bir neçə əsəri (müasir, yaxud da klassika) ardıcıl, müqayisəli oxuyum. Bu, mənə nə verir, bilmirəm, hər halda bu da özüm üçün bir təzəlikdi.
Qismət Rüstəmov
- Bu sualın cavabı ayrıca bir essenin mövzusudur. Son illər daha çox çağdaş dünya ədəbiyyatını oxuyuram. Seçim bir necə cür baş verir: ya artıq əsərlərini oxuyub sevdiyin bir müəllifin hansısa yazısında, müsahibəsində adını çəkdiklərinə istinad edirsən, ya prestijli mükafatların uzun və qısa siyasına düşən, həmin mükafatı qazananlar arasından seçirsən, yaxud artıq peşakar oxucusunsa, adi bir nəşriyyat bülletenindəki kitab tanıtımlarından belə sənə lazım olanı təyin edirsən. Bir də bütün zamanlar üçün olan kitablar var ki, daim onların içindən oxumadıqlarını oxuyursan, bəzən müəyyən yaşdan sonra bəzi kitablara təzədən qayıtmaq ehtiyacı hiss edirsən, bəziləri kitabları isə şüurlu şəkildə bir az sonraya saxlayırsan. Mən Azərbaycan və dünya klassiklərinin təxminən 80 faizini tələbəlik illərimdə oxuyub bitirmişəm, indi zaman-zaman bəzi əsərlərə qayıtsam da, maraq dairəm daha çox XX əsrin modern klassikləri deyilən yazıçılar, sonra indi yaşayıb-yaradan böyük ustalar, bir də əlbəttə ki, istər bizdən, istərsə də dünyadan öz nəsildaşlarım, həmyaşıdlarımdır. Antik yunan filosofu Heraklitin məşhur fikri var: bir çaya iki dəfə girmək olmaz, çünki çay axır və ikinci dəfə girdiyin çay artıq başqa çaydır. Mən bunu həmişə kitablara da aid edirəm, daimi inkişafda, axtarışda olan insan üçün eyni kitabı iki dəfə oxumaq mümkün deyil, çünki ömür axır, sən dəyişirsən və oxuduğun kitab da səninlə birgə başqalaşır.