“Azərbaycan” jurnalının son sayında çap edilmiş romanlar haqqında müzakirədən narazılıqlar var. Xüsusilə tənqidçi Vaqif Yusiflinin fikirləri birmənalı qarşılanmayıb.
Vaqif Yusifli roman yazan gənclər haqqında bunları deyib: “Bugünkü cavanların iri həcmli nəsr vərdişlərinə yiyələnmədən romana keçmək cəhdləri bir meylə çevrilib. Yəni dediyiniz o toxumları səpmədən məhsul götürmək istəyirlər. Əli Əkbərin "Amneziya", Seymur Baycanın "Ana ürəyi", Sevinc Pərvanənin "Şəhər", Qaraqaplanın "Xilasroman", Nərminin “Aç, mənəm”, Pərvizin “Yad dildə”, Cəlil Cavanşirin “İtirilmiş əlyazma”, Qan Turalının "Musatafa", Aqşinin “Göləqarğısancan”ı və sair. Adı keçən mətnlər romandan daha çox, romana parodiyanı xatırladır. Bu müəlliflərin uğursuzluğunun bir səbəbi də odur ki, əksəriyyəti şairdir və şeirdən birbaşa romana keçmək istəyirlər”.
Kulis.az Vaqif Yusiflinin adını hallandırdığı gənclərin fikirlərini təqdim edir.
Qan Turalı: “Azərbaycan” jurnalındakı müzakirə naftalin iyi verən, heç muzey eksponatı olmağa da yaramayan ədəbi estetikanın aqoniyasıdır. Onların irəli sürdüyü mülahizələrin yavanlığını, kəmsavadlığını sübut etməyə ehtiyac yoxdur. Müasir ədəbi prosesinin mütərəqqi cəhətlərini anlamamaq, Kamal Abdulla, Pərviz, Seymur Baycan yaradıcılığına bu cür münasibət dəyirmi masa iştirakçılarının qüsuru yox, xarakteridir. Çünki iştirakçılar dünya mədəniyyətində son 30 ildə baş verən hadisələrdən xəbərsizdilər. Nə Azərbaycan ədəbiyyatının onlara, nə də onların Azərbaycan ədəbiyyatına dəxli yoxdur”.
Pərviz Cəbrayıl: “Vaqif kimi möhtərəm bir tənqidçi mənim yazdığımı heç olmasa parodiya hesab edirsə belə, bu mənim üçün böyük şərəfdir. Çox sevindim. Var olsun!”
Aqşin Yenisey: “Mən o adamları Qoqolun dili ilə desək ölü canlar sayıram. Onların apardığı müzakirənin heç bir əhəmiyyəti, mənası yoxdur. Bu adamlar sözün yox, 5-10 manat pulun ətrafında yığışıblar. Yazıçılar Birliyi sözün öldüyü yerdir. Özünüz də görürsünüz ki, onların hərəkəti, sözləri dərhal lağlağı obyektinə çevrilir. Heç kim Yazıçılar Birliyində baş tutan müzakirələrə, tədbirlərə ciddi yanaşmır. Redaksiyada bu roman müzakirələrini oxuyanda qəşş edib gülürdük, vallah”.
Cəlil Cavanşir: "Azərbaycan" jurnalının son sayında Əsəd Cahangirin ideyası ilə gerçəkləşən "Müasir Azərbaycan romanı: problemlər, mülahizələr" adlı müzakirəni oxudum. Əsrlər sonra AYB-nin ədəbi orqanının belə bir mütərəqqi ideya ilə çıxış eləməsi sevindirici haldır. İlk baxışdan mənə elə gəldi ki, AYB və onun orqanı ətalətdən silkinməyə cəhd edib. Amma təəssüf ki, bu sadəcə görüntüdür. Mən müzakirədə iştirak edən İntiqam Qasımzadə və Əsəd Cahangirin ədəbi zövqünə və obyektivliyinə, Elçin Hüseynbəylinin və Pərvinin ədəbi biliklərinə və mütaliəsinə şübhəylə yanaşıram. Hörmətli yazıçımız Seyran Səxavətin müasir Azərbaycan romanları ilə tanışlığının tam olduğuna inanmıram. Eyni zamanda müzakirə birtərəflidir. Müstəqil ədəbiyyat adamları - hansı ki, romançılıqda kifayət qədər böyük işlər görürlər - bu müzakirəyə dəvət olunmayıb. Bu müzakirələrdə Həmid Herisçi, Xanəmir, Rasim Qaraca, Pərviz, Şərif Ağayar və yaxud Qismət, Qan Turalı, Seymur Baycan da iştirak edə bilərdi. Niyə ancaq AYB üzvləri müasir romanı müzakirə etməlidir? Əsəd savadsız, hazırlıqsız adam deyil. Yanaşmalarından hiss olunur ki, ədəbi mühitlə tanışlığı var. Amma içindəki hikkə və qərəz onun ideya müəllifi olduğu layihəyə kölgə salır. Müzakirənin birtərəfli aparılması məni qane etmədi. Belə bir müzakirənin yenidən keçirilməsinin tərəfdarıyam. Ümümiyyətlə, Əsədin heyətinin tərifləyib göylərə qaldırdığı əsərlərlə, tənqid edib aşağıladıqları əsərləri müqayisə edəndə hər şey aydın olur".
Sevinc Elsevər: “Bu adamlar nəinki fiziki cəhətdən, mənəvi cəhətdən də bitiblər. Belə tənqid olar? Bir tərəfə deyir sən yaxşı yazırsan, digər tərəfə deyir sənin romanın alınmayıb. Bu murdar yanaşmadır. İndi ədəbiyyatda bu cür yanaşmalar o qədər də uğurlu sayılmır. Bunlar da bunun fərqindədir, ona görə çalışırkar ki, bu QİÇS təfəkkürü cavanlara da salsınlar, yazarlar bu tip adamlardan qorunsa yaxşı olar məncə”.