Seyran Səxavət: “Mənə Qarabağla bağlı əsər lazım deyil”

Seyran Səxavət: “Mənə Qarabağla bağlı əsər lazım deyil”
30 avqust 2013
# 07:45

Kulis.Az yazıçı Seyran Səxavətlə müsahibəni təqdim edir.

- Adətən yazıçılar yaradıcılığa şeirlə başlayırlar. Sizdə isə deyəsən əksinə olub, elə nəsrlə də başlamısız.

- Bəli. Yaradıcılığa hekayə ilə, nəsrlə başlamışam. Hardasa 6-cı, ya da 7-ci sinifdə oxuyurdum. Bir hekayə yazmışdım. Qazaxıstanda xam torpaqlar deyilən yer vardı. Konkret ünvan göstərməmişdim, amma guya bizim kənddən bir oğlan ora işləməyə gedir. Orda da bir qızı sevir. Qız da bundan imtina eləyir. “Qaz-21” alıb gəlir, sonra qız buna yalvarır. Hind kinosundan da aşağı bir şey... Belə avara bir hekayə yazmışdım. Məktəb direktorumuz da ədəbiyyat müəllimi idi. Ona göstərdim. O da elə şeylər yazmışdı ki... Nə bilim, əsər bədii cəhətdən zəifdir. Heç mən bilmirdim bədii cəhət nə olan şeydir. Nə bilim mücərrəddir, nə bilim melodramadır, mən belə şeyləri bilmirdim. Amma direktor bilirdi ki, bizim məktəbdə belə sözlər keçmirlər axı. Bunu bilə-bilə mənə belə dedi. Sonra nə isə hiss elədim ki, bu xoşagələn deyil, başladım şeir yazmağa. Çırpıntılar, vurnuxmalar idi. Kənd uşaqları şəhər uşaqlarına baxanda tez cücərirlər. Hər cəhətdən. Lap elə sevgi cəhətdən də. “İki arzu” adında sevgi şeiri yazmışdım, bizim rayonda o vaxt “Qızıl Araz” qəzeti çıxırdı, orda çap olundu. Onda deyəsən 8-ci sinifdə oxuyurdum. Altına da imza qoymuşdular: Yağlıvənd kənd orta məktəbinin 8-ci sinif şagirdi Seyran Xanlarov. Xoşlarına gəlmişdi. Bu hekayədən min dəfə yaxşı idi də. Şeirdə belə deyir:

Sual verdi sevgilim
Bir gün üz tutub mənə,
Nədir arzun həyatda
Cavan oğlan, desənə?
Dedim həyatda yalnız
İki arzum var, ay qız:
Biri sənət dağının
Zirvəsinə ucalmaq,
Biri də ki, səninlə
Ömür sürüb qocalmaq.

- Yazmağa həvəsin yaranmasında yəqin mühitin də böyük təsiri olub...

- Yox-yox, qətiyyən. Bilirsiniz, mühit deyəndə mühit böyük anlamdır da, elə deyil? Tutaq ki, bizim kənddə elə bir mühit olsa bizim kəndin hamısı yazmalıydı. Mühit məsələsi sıradan çıxır, düzdümü? Mühit vacibdir, siz dediyiniz kimi. Amma mühit o vaxt vacib amilə çevrilir ki, adamın özünün içində də nəsə olur. Mən onda heç nə bilmirdim, eləcə yazırdım da. Heç nə bilmədən, ədəbiyyatın janrlarından xəbəri olmadan. Məsələn, mən kənddən həmişə yazılarımı göndərirdim Yazıçılar İttifaqına. Ordan da bizim direktorun dediyi məzmunda cavab gəlirdi ki, əsərləriniz bədii cəhətdən zəif olduğu üçün çap edə bilmirik. Özü də böyük konvertdə gəlirdi. O vaxt üçkünc əsgər məktubları olurdu. Bizim kəndin poçtalyonu vardı, oğlu mənimlə oxuyurdu. Adı Qaçay idi. Orta səviyyəli şagird idi. Poçtalyon hər dəfə o konverti mənə verəndə deyirdi ki, ala, Qaçayın boyunu yerə soxum. Yəni, Qaçaya niyə belə məktub gəlmir də. Konvertin çölü kəndi yandırırdı, içi də məni (gülür). Amma mən elə parta-part göndərirdim.

- Ədəbi mühitdə parlamağınız nə vaxta təsadüf etdi?

- Deməli, 1964-cü ildə universitetin ( Azərbaycan Dövlət Universiteti, indiki Bakı Dövlət Universiteti – red) şərqşünaslıq fakültəsinə qəbul oldum. O vaxt ora qəbul olmaq çox çətin məsələ idi. Mərkəzi Komitənin, Nazirlər Sovetinin uşaqları üçün bron bir fakültə idi. Təsəvvür edin, o fakültəyə ildə 7 nəfər qəbul olurdu. Çox çətin idi. Məsələn, ədəbiyyat fakültəsinə 60-70 nəfər qəbul olurdu. Amma bura 7 nəfər. Ora düşdüm. Amma bir bəxt amili də var.

Elə bilirdim ki, başqa bir ölkədə oxuyuram. Azərbaycan sektoru idi, amma mənimlə oxuyanların hamısı rusca danışırdı. Elə bil ki, bizim şərqşünaslıq fakültəsinin dövlət dili rus dili idi. Mənə çox pis gəlirdi, darıxırdım. Bir-iki kəndəvoy uşaqlar var idi, onlarla ünsiyyət qururdum. Onlardan biri də Aydın Abdullayev idi. Sonra Milli Məclisin deputatı oldu. KQB-nin polkovniki oldu ərəb şöbəsində. Böyük ədəbiyyatşünasımız, çox xeyirxah bir kişi, şair Qasım Qasımzadə onun bacısının əri idi. Sentyabr ayı idi, bununla söhbət edirdik, dedim, mən şairəm. Şeir yazıram yox e, şairəm. Dedi, oxuyaq şeirlərini. Dedim, oxuyaq. Bunun xoşuna gəldi. Qasım Qasımzadə ilə danışdı. Dedi, belə bir adam var. İnanırsınız, 6-7 ay uzandı Qasım müəllimgilə getmək. Bizim fakültə ilə Qasım müəllimin evinin arası heç 300 metr olmazdı. Hüsü Hacıyev küçəsində, yazıçıların binasında yaşayırdı. Axırı bir gün getdik. Həmin ərəfədə “Kirpi” jurnalında Qasım müəllimin dostluq şarjı çıxmışdı, onu bığlı, çox zəhmli göstərmişdilər. Dedim, ay allah, mən necə gedəcəm ora. Axırı getdik, manqalda kabab bişirirdi. Nə isə şeirləri oxuduq. Dəqiq yadımdadır, hinduşka kababı bişirirdi (gülür). Qasım müəllim də kənd adamı idi, allah ona rəhmət eləsin. O üç nəfərə kömək edib. Üçü də demək olar ki, ədəbiyyatda qaldı. Onlardan biri Ramiz Rövşəndir. Nüsrət Kəsəmənlini də mən apardım özümlə sonra. Və mən. Şeirləri oxudu, xoşuna gəldi. O vaxt yaşlı yazıçılar gənclərə uğurlu yol diləyirdilər və şəkli, onun haqqında yazı, şeirlər verilirdi. “Gənclər” qəzetində çap olundum. Ondan sonra məni televiziyaya çağırdılar. “Ulduz” jurnalında şeirlərim çıxdı. Sonra “Azərbaycan” jurnalına yol açıldı. Belə-belə, tale pis olmadı.

- Amma Yazıçılar Birliyinə üzvlüyünüz çox gecikdi. Qəbul etmirdilər, ya özünüz istəmirdiniz?

- Sırf ərincəklik idi. O vaxt Cabir Novruz baxırdı o işlərə. Gördüm ki, artıq uşaqlar hamısı üzv olublar. Getdim Cabir müəllimin yanına, dedim, mənə də anket verin. Dedi ki, sən üzv deyilsən ki? Dedim, yox. Yazıçılar İttifaqında, “Ədəbiyyat” qəzetində işləyirdim e, ancaq üzv deyildim. Həvəs göstərməmişəm. Kimdənsə gedib zəmanət almaq lazım idi. Məsələn, 3 yazıçı sənə zəmanət verməli idi ki, SSRİ Yazıçılar İttifaqına üzv keçməyə layiq bilirik. Bax, belə şeylərin dərdindən gec üzv oldum.

- Sizin vaxtınızda necə, regionçuluq problemi vardı Yazıçılar Birliyində?

- Düzü, mən elə bir şey hiss eləməmişəm. Görməmişəm ki, Qazaxdandırsa belə olmalıdır, nə bilim Gədəbəydəndirsə elə olmalıdır. Amma mafioz elementlər vardı da. Bizim kimi uşaqlar bizdən 20 yaş böyük yazıçıları, adlı-sanlı, qurşaqdan xirtdəyəcən orden-medallı adamları nə tənqid edə, nə də bir söz deyə bilərdik. Nadir hallarda onlar haqda nəsə demək olardı. 64-cü ildə Bakıya gəlmişdim. Onda eşitdik ki, Yazıçılar İttifaqında dava olub. Mehdi Hüseyn də rəhmətə gedib kabinetində. Biz də getdik ora. Bizim üçün maraqlı idi kimlər gəlir yasa.

- Dediniz ki, orden-medallı yazıçıları tənqid etmək olmazdı. Heç elə yazıçıları tənqid etmək keçib ürəyinizdən?

- Yox, mən heç vaxt tənqidlə məşğul olmamışam. Mən işləmişəm teatr-kino şöbəsində. Musiqidən yazmışam, kinodan yazmışam, ən çox da teatrdan yazmışam. Məsələn, iki tamaşa haqqında yazılarıma görə o tamaşalar dayandı.

- Hansı tamaşalar?

- Biri Ostrovskinin “Müdriklər” dramı idi, Əşrəf müəllim vardı, o qoymuşdu. Çox uğursuz bir tamaşa idi. Bir də Ramiz Fətəliyevin “Vəkil neyləsin” adlı bir tamaşası haqda çox sərt bir yazım vardı. Hətta orda soyutma bir toyuq qoymuşdular, toyuğa da bıçaq vurmuşdular. Bütün tərtibat bundan ibarət idi. Ondan sonra tamaşalar dayandı. Bilmirəm, mən yazdığıma görə dayandı, yaxud başqa səbəbə görə.

- “Qızıl teşt”, “Büst” pyesləriniz tamaşaya qoyulub.

- Üç pyesim gedirdi eyni vaxtda.

- Əsərləriniz tamaşaya qoyulması təklifi kimdən gəlmişdi?

- 88-ci ildə mənim 42 yaşım vardı. Mən yaşda adamın əsərinin “Azdrama”da getməyi qeyri-mümkün bir şey idi. Bu da təsadüfi oldu. Repertuarı müzakirə edirmişlər, yazıçılar, şairlər də dəvət olunubmuş. Onda mən də “Ulduz” jurnalında nəsr şöbəsinin müdiri idim. Tofiq Bayram da bunların repertuarını söküb də. Tofiq Bayram da emosional adam idi. Tənqid edib möhkəm. Həsən Turabov da deyib ki, biz əsər yazmırıq ha, biz oynayırıq, yazıçılar yazsın, biz də qoyaq da... O vaxt da mənim ”Qızıl teşt” povestim çıxmışdı. Tofiq Bayram da yaxşı bir məqalə yazmışdı. Deyib əsər var, zəng edin, xahiş edin, görüşün, Seyran sizin üçün pyes yazar.

Oturmuşdum, rəhmətlik Həsən Turabov zəng elədi, o vaxt da onunla mənim aram çox soyuq idi. Çünki o vaxt teatrdan tənqidi yazılar yazırdım. Çoxu da onun xoşuna gəlmirdi. Dedi, belə bir şey var? Dedim, var. Dedi, olar onu biz götürək? Dedim, sürücünü göndər gəlib götürsün. İki gündən sonra Həsən zəng elədi ki, biz istəyirik sən bunu pyes edəsən. Dedim, vallah mən ömrümdə pyes yazmamışam. Dedi, bu hazır pyesdir də, dialoqlar həddindən artıq çoxdur. Dedi, görüşək mənim otağımda, rejissor da gələcək. Getdim Fatmayı bağlarına, payız idi. Heç kəs yox idi, tülkülər, çaqqallar, bir də mən. Odun peçiylə zadıyla. Rejissor da 2-3 dəfə gəldi-getdi. Bəzi şeyləri başa saldı mənə. Mən heç vaxt pyes yazmamışdım. 12 günə yazdım, gətirdim “Azdrama”da oxudular. Mikayıl Mirzə oxuyurdu. Bomba təsir bağışladı.

Kommunist Partiyasının, rejimin əleyhinə yazılmış bir əsər idi. Əsəri tamaşaya çox istedadlı bir oğlan, cavan Bəhram Osmanov qoydu. Sonra özünü xeyli xırdaladı. İctimai baxışa qədər gecə-gündüz teatrda idik. Əslində ictimai baxışda 50, 70, 100 adam olmalıdır. Yuxarı-aşağı hamısı dolu idi. Artıq qadın “parixmaxer”lərində danışırdılar ki, belə bir şey var. Sonra da əsəri sıxışdırdılar. Azərbaycanda Moskvanın müxbirləri vardı, onlar məni müdafiə edirdi.

Məni hər gün Mərkəzi Komitəyə çağırırdılar ki, filan-filan yerləri çıxart. Mən də deyirdim ki, çıxartmayacam. Dedilər, bəs neyləyək? Dedim, bağlayın tamaşanı.

Evdə otura bilmirdim, inanırsınız? Bilet, bilet, bilet. 100-ə qədər tamaşa anşlaq oldu, yalan olmasın. Buxalteriya durur, sənədlər var. 10-cu tamaşa idi, ya 9-cu tamaşa, yadımda deyil. Hakimiyyət dəyişikliyi oldu. Vəzirov (Əbdürrəhman Vəzirov – red) gəldi. Buna kimsə nə demişdi, nə deməmişdi, o da gəldi tamaşaya baxmağa. Təqdir elədi. Moskva radiosunun müxbiri məndən müsahibə alırdı. O dedi ki, I katib sizin tamaşanıza baxıb. Bu həmişə olmur axı, siz buna necə baxırsınız? Dedim, teatrın qapısına gələnəcən I katibdir, içəri girdi oldu mənim tamaşaçılarımdan biri. Sonra siyasiləşdirdilər bəzi-bəzi adamlar, mənim heç vecimə də deyildi. Mən fəxr edirəm ki, elə bir əsər yazmışam. İndi kim kimi istəyir tənqid edə bilir. O vaxt qeyri-mümkün idi.

- İndi niyə müraciət etmirlər?

- Onu İsrafildən (İsrafil İsrafilov, Milli Dram Teatrının direktoru - red) soruşmaq lazımdır. Mən müraciət olunan tərəfəm də, edən tərəf olmadığıma görə mən sizə yalan deyərəm. Açığı, həm də mən özüm meyl eləmirəm. İsrafil elə bizim dostumuzdur. Hətta bir dəfə Mədəniyyət naziri rəhmətlik, fəlsəfə elmləri doktoru Zakir Bağırov mənə dedi ki, bəs biz “Qızıl teşt”i almışıq, necə istəyərik elə də edərik. 3 min manat da pul vermişdilər. Dedim, elə şey yoxdur. Əsəri almısız, qaytarın geri. Peşmançılıq pulu da məndən. Orda heç bir ixtisar aparmadım. Məndə qalır. Yəqin ki, AzTV-də də qalar. Qalmaz məndə var. Orda böyük aktyor heyəti vardı: Kamal Xudaverdiyev, Yaşar Nuri.

- Belə bir şeiriniz var:

Bərk-bərk yapışardım yaxandan,

ələ keçən yaxan olsa.

Nəsrin yolundan sapıb,

şeirin ocaq yerində ayaq saxladım.

- Fakt kimi deyirəm, fəxr kimi yox, tələbə vaxtı adamın kitabı çıxar? Tələbə vaxtı mənim kitabım çıxmışdı. İki şeir kitabının müəllifiyəm. Sonra mən İrana getdim işləməyə, ilk hekayəmi, ilk nəsrimi 75-ci ildə yazdım. Ordan göndərdim poçtla “Ədəbiyyat” qəzetinə. Üzeyir Hacıbəyova həsr olunmuş yubiley nömrəsində çap olundu. Mənə elə gəlir ki, nəsr bir az yaş istəyir. Özünü öymək olmasın, bir dəfə “Qızıl teşt” kitabının müzakirəsində Ramiz Rövşən bir söz dedi. Onunla biz universitetə “dokument” vermək növbəsində tanış olmuşduq. Yaşıdıq, eyni ədəbi nəsilik. O vaxtdan da dostuq. O demişdi ki, deməli, şairlərin xoşbəxtliyindən, nasirlərin bədbəxtliyindən Seyran Səxavət şeirdən nəsrə keçdi (gülür). Mənə qəribə suallar verirlər, nətər oldu şeirdən nəsrə keçdiniz. Lətifəsi sizdən uzaq. Dedim, balam, bu şeirin də materialı sözdü, nəsrin də. Bu bölgülər hamısı şərtidi (gülür). Mənim üçün ədəbiyyatın bir dənə janrı var, bir “izm”i var, o da sözdür. Sözün gücüdür, üzr istəyirəm, ruslar bunu işlədirlər, sözün spermasıdır əsas. Bildiniz? Bu janrlar zadlar mənlik deyil.

- Anar xatirələrində yazır ki, 1998-ci ildə Heydər Əliyevin qəbulunda fəxri adların verilməməyini təklif etdim. Onun da təklifini Polad Bülbüloğlu və mərhum Yusif Səmədoğlu dəstəkləyib. Sonra elə həmin ildə Xalq Yazıçısı fəxri adını alandan sonra bu adı almayanların onu qınayacağına görə təklifinin üzərindən xətt çəkib. Siz necə düşünürsünüz, ədəbiyyat adamlarına fəxri adlar verilməlidir? Və siz özünüzü Xalq Yazıçısı fəxri adına layiq bilirsinizmi, bu adla bağlı bir gözləntiniz varmı?

- Açığı, mən bu adı heç kimdən gözləmirəm. Amma istəyərdim. Bilirsiniz, nəyə görə? Eşitdiyimə görə Xalq Yazıçısı olana həm ayda 1000 manat pul verirlər, həm də mənzil-zad. Amma belə o mənə heç zad eləməyəcək. Əkrəmə (Əkrəm Əylisli – red) və ya başqalarına Xalq Yazıçısı adı verəndə dəyişmirlər, ağılları artmır ki? Mən səmimi adamam, istəyərəm, ancaq bir şərtlə. Bu ad nə istedadımı artırır, nə də azaldır. Ev adama mane olmur, mənim heç Bakıda evim yoxdur. Olanım, qalanım ancaq Mərdəkandadır. Belə götürəndə heç umacağım-zadım da yoxdur. Yeddi arxa dönənimi tanıyıram. Onların evləri də olub, eşikləri də. Və mənim ulu babam Hacı Murad xan heç vaxt Yazıçılar İttifaqından heç nə almayıb. Onun nəvəsi kimi mən də heç nə istəmərəm. Yenə deyirəm, o şərtlə istəyərəm ki, ev də olsun, pul da versinlər.

- Bəzi yazıçılarımız sosial şəbəkələrdə, mətbuatda Azərbaycan xalqının şairlərə, yazıçılara layiq olduğu qiyməti verməməyindən şikayətlənirlər. Buna münasibətiniz necədir?

- Qısaca deyəcəm. Azərbaycan xalqı onlara qiymət vermir deyən yazıçılara-mən demişəmsə mənə də aiddir, amma mən deməmişəm-, deyə bilərəm ki, Azərbaycan xalqı mənim aləmimdə, mən baxan tərəfdən belə görükür, hələ özünə qiymət verib qurtarmayıb. Özünə qiymət verib qurtarmayan bir şey ziyalısına-filanına necə qiymət versin? Özünə qiymət verə bilməyən, istər yaxşı mənada, istər pis mənada ondan qiymət ummağın özü belə sadəlövhlükdən bir qədər aşağı bir şeydir. Qısası bax budur.

- Ümumiyyətlə, siz yazıçının dolanışığını necə görürsünüz?

- Gəlin ayırmayaq. Mən adamların dolanışığını cəmiyyətin normallığı ilə əlaqələndirirəm. Hamı üçün şərait yaradılmalıdır ki, adamlar dolansın. Və dövlətdən heç bir umacağı olmasın. Əslində də belə olmalıdır. Şərait olmalıdır ki, normal cəmiyyət olsun. Mən bir düymə dükanını da saxlaya bilmərəm.

- Hansı kitabları oxumanız haqda sizdən açıqlama alırdıq. Dediniz ki, mən yazı yazanda kitab oxumuram. Bunu necə əsaslandırırsınız? Bəzi yazıçılar deyir ki, oxuya-oxuya yazıram.

- Elə deyənlər yəqin dahidirlər. Malı-malı qatmaq olmaz e. Loru dildə deyirəm. Oxumaq tamam başqa şeydir, yazmaq isə tamam başqa bir şey. Əgər bunlar bunu edirlərsə, desinlər də onu necə edirlər. Elə şey olar? Yazmaq bilirsən nətərdi mənim aləmimdə? Əslində yazmaq intim bir şeydir. Onun arasına başqa bir şey qatmaq olmaz axı. Necə olur mən həm oxuyuram, həm yazıram. 2-3 əsəri paralel yazmaq, bu, mənə çatmır. Belə şeylər əllaməçilikdir, orijinal görünmək üçündür.

Bir şey də deyim. Evdə arvaddı, uşaqdı, nəvədi bunlar anti-ədəbiyyat ünsürlərdir. Səsin çıxmağıyla, mətbəxdə boşqabın dınqıldamağıyla, hər şeyiylə. Lap yuxuna girməyiylə, inandırım sizi. Təcrübəmi deyim, mən bir yerə gedəndə bir ay ümumiyyətlə, heç nə etmirəm, inanın. Elə bil ki, döyüşə gedəcəm, idman eləyirəm ki, stolda oturanda yuxulamayım. Gedirəm yazı stolunun qabağında diz çökürəm, əlimi qaldırıram, sonra ruh yüksəkliyi ilə otururam stola. Elə olur ki, 10 gün, 15 gün birinci cümləm gəlmir. Əsas da birinci cümlədir. On cildlik roman yazırsansa, onların içində naz ilə sallana-sallana gələn o birinci cümlədir. Qalanları ona baxıb gəlir, elə bil rəhbərdi, nədir. Çox vaxt da birinci cümlə qüsurlu olur. Çünki sən sözü aparırsan orda. Bir adam olaraq, bir vücud olaraq, o sözü sən aparırsan. Ondan sonra əsl yazı, əsl ədəbiyyat başlayır. Artıq söz səni aparır. Biri var adam sözü apara, bu həmişə qüsurludur, etibarlı deyil. Amma söz hara apardısa onun əlindən tutub haracan desən getmək lazımdır. Pis yerə aparmaz.

- Bir oturuma nə qədər yazırsınız?

- Belə bir şey deyim sizə. Bəlkə heç kim bunu deməyib. Deməli, mənim xəttim dünya yazıçıları içində ən pis xətlərdən biri sayılmalıdır. Nə qədər romanlarımı, povestlərimi yazıq makinaya “diktovat” etmişəm. Çünki heç kəs oxuya bilmir. “Daş evlər” romanı yazanda mən belə bir şey hiss elədim. Makina vərəqi yoxdu, iki intervalla bir vərəqədən 9 səhifə çıxdı. Sonra mən fikir verdim ki, romanın ən yaxşı yerləri, özümün xoşuna gələn yerləri o ən sıx yazılan yerlərdir, görükür elə özüm də sıxılmışam. Bu birmənalıdır. Elə olub ki, bütün günü oturmuşam nəsə yazmağa, amma heç nə yazmamışam. O cümlə gəlməyib. Xüsusilə birinci cümlə. Elə olub 26 saat işləmişəm. Yəni, sutkanı da keçib. Bu səndən asılı olan bir şey deyil ki. Gərgin işləyəndə bir “buxanka” qara çörək, yarım “palka” kolbasa mənə bir ay bəs edir. Bir də kofe, siqaretim olsun. İşləyən vaxt adam yemək də istəmir. Yazı prosesinə yeməyi-zadı qatmaq olmaz.

- Qarabağ mövzusunda yazan yazıçılar adətən olanları, ya həddindən artıq şişirdirlər, ya da daha humanist yanaşırlar. Bu mövzuda yazan bir yazıçı kimi necə düşünürsünüz, bu cür əsərlər necə yazılmalıdır?

- Bəlkə də mövqeyim düz deyil. Mən neçə illərdir ki, bu mövqedəyəm ki, Qarabağ haqqında ən yaxşı əsəri Ali Baş Komandan yazmalıdır, Müdafiə Nazirliyi yazmalıdır. Mən realistəm. Mənə əsər lazım deyil, mənə Ağdam lazımdı, Şuşa lazımdı, torpaq lazımdı. Özü də bəyəm biz döyüşdən imtina eləmişik? Qüdrətli ordumuz var, zəhmət çəkib alsınlar torpaqları. Bəlkə də obrazlıdır, Səfər Əbiyev roman yazandır? Fantaziyam da var, sabah bir azərbaycanlı obrazı yaradım, getsin Yerevandan vursun Leninakandan çıxsın. Darmadağın eləsin hamısını. Mənə bu lazım deyil, Qarabağın bir kəndi lazımdı. Ədəbiyyat mövzusu deyil Qarabağ, artıq ədəbiyyat mövzusundan çıxıb.

# 2294 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
# # #