Kormak Makkartinin 180 səhifəyə sığışdıra bildiyi möhtəşəm şedevri çox az oxucunun haqqı ilə başa düşə biləcəyi, hər bir oxucunun isə qəlbində dərin iz buraxacağı bir əsərdir.
2006-cı ildə yazılan postapokaliptik roman, elə həmin ildə Ceyms Teyt Blək mükafatına, 2007-ci ildə isə dünya şöhrətli Pulitser mükafatına layiq görülmüşdür. Kitab 2009-cu ildə Con Xilkautun rejissorluğu ilə ekranlaşdırılmışdır. Kiçik bir tanışlıq verək ki, yazıçının daha əvvəl yazdığı kitabı ("Bura qocaların yeri deyil") əsasında çəkildiyi film 4 Oskar mükafatı almışdır.
Tənqidçilərin iddia etdiklərinə görə yazıçı Kormak Makkarti əsərlərində Ernest Heminquey və Sola Bellounun ənənələrini davam edir. “Nyu-York Tayms” resenzentləri Folknerdən sonra Kormak Makkarti kimi yazıçı görmədiklərini söyləmişdilər. Bəziləri hətta onun "Qanlı Meridian" əsərini "Mobi Dik"ə bənzətmişdir. "Yol" əsəri ilə isə yazıçı Tomas Pinçon və Dona Delilloya tay tutulmuşdur.
Məzmun...
Zaman bəlli deyil. Məkan bəlli deyil. Qəhrəmanların adı yox. Ata və Oğul. Qarşıda uzun təhlükə dolu bir YOL var. Yol harda başlayır? Hara gedir? O da bəlli deyil. Bəlli olan tək bir şey var. Dünya artıq biz bildiyimiz dünya deyil. "Yaxşılar" yoxdur. "Pislər"dən qaçmaq lazımdır. Bəlli olan tək bir şey var. O da işıqdır. Balaca oğulun ürəyində daşıdığı bəlkə də dünyada qalan son "Yaxşılıq" işığıdır.
Dünya bəlli olmayan bir kataklizmdən sonra məhv olmuş bir vəziyyətdədir. Evlər yanıb. Salamat qalan heç bir şey yoxdur. Qalan evləri sahibləri qorxu içində tərk etmişdir. Hər yerdə insan cəsədləri var. Yemək və yaşayış şəraiti yox dərəcəsindədir. Yaşayanlarsa sağ qalmaq uğrunda amansız və vəhşi bir mübarizə aparırlar.
Əsərin baş qəhrəmanları Ata və Oğul sağ qalmaq uğrunda mübarizə aparan insanlardandır. Onlar yol gedirlər. Yolun hardan başladığı məlum deyil. Getdikləri yer "Uzaq"dır... "Cənub"... "İsti və Günəşli yerdir"...
Ətrafdakı təhlükə konkret olaraq ac, yoxsul, bir parça çörəyə görə qarşılarına çıxan istənilən insanı yeməyə hazır olan gözü dönmüş insanlardan, insanların aciz, köməksiz və nəzarətsiz olmaqlarından istifadə edib ətrafa xaos, cinayət, terror saçan, aciz insanları oğurlayıb onları qul kimi işlədən cinayət qruplaşmalarından və təcavüz təhlükələrindən ibarətdir. Ata və Oğul Ana tərəfindən atılmışdır. Əyinləri çirkab içindədir. Üstlərində sadəcə yol çantaları və ancaq lazımi əşyalardan ibarət təkərli kiçik bir market arabası var. Onlar neçə ildir ki, yol getdiklərini xatırlamırlar. Artıq ay və il hesablarını itiriblər. Təqribən on yaşında olan Oğulun normal həyat və insanlar haqqında ümumiyyətlə anlayışı yoxdur. Qarşılarına çıxa biləcək istənilən insan potensial təhlükədir. Buna görə mütəmadi olaraq hərəkət etmək məcburiyyətindədirlər. Yüzlərlə mili aşıb "Ora", "Uzaqlara", "İsti və Günəşli Diyara" çatmalıdırlar.
İnanılmaz təhlükələrdən tük payı qurtarırlar. Gah qarşılarına çıxan aralarında hamilə qadınların da olduğu bir-birlərinin arxasınca boyunlarından zəncirlə bağlanan qulları aparan qırmızı geyimli qorxunc qruplaşma, Oğulu oğurlamaq istəyən naməlum gənclər, yemək üçün evlərinin zirzəmisinə insanları yemək kimi yığan, orqanlarını hissə-hissə kəsib yeyən ev sahibləri və bütün bunların qarşısında övladını qorumalı olan atanın dramı oxucunu kitaba kilidləyir. Ata nəyin bahasına olursa-olsun, öz oğlunu qoruyacağına və atıb getməyəcəyinə söz verir.
Əgər bir insanın yanında onun qorumalı olduğu övladı varsa onda pis insanlar daha təhlükəli, havalar daha soyuq, yeməklər isə daha az görünür. İrəlidə yaxınlaşan ağır və soyuq qış artıq xəstə atanın gücünü tükəndirməkdədir. Kim bilir bəlkə də bu qış Ata üçün sonuncu olacaqdır. Kim bilir bəlkə də atanın yoxluğu on yaşlı uşağı bütün bu təhlükələrlə baş başa qoyacaqdır.
Bəlkə dünyada çox az kitab ola bilər ki, oxucunu son 50 səhifədə deyil, ən başından, ilk 3 səhifəsindən təsirləndirməyi bacarsın. Buna səbəb hər şeydən öncə əsərin uğurla seçilən ideyasıdır. Əsəri oxuculara anlaşılmaz edən tərəfi kitabda hadisələrin naməlum şəraitdə baş verməsi olur. Qəhrəmanların kimlikləri, görünüşləri, hadisələrin zamanı və məkanı haqda heç bir məlumat yoxdur. Sadəcə bir yerdə Atanın Oğulun saçını kəsərkən yerə düşən saç telinin təsvirindən başa düşmək olar ki, Oğulun qızılı saçları var. Qəhrəmanlar sadəcə "Ata", "Oğul", "Cavan", "Yad", "Qoca", "Bir adam" kimi adlandırılmışdır. Hətta qəhrəmanlara ayrı-ayrı vaxtlarda ünvanlanan "Siz kimsiniz?" sualları belə cavabsız qalır.
Bəli, əsərdə hadisələrin naməlum şəraitdə davam etməsi kitabı müəyyən dərəcədə cansıxıcı etmişdirsə də, çox az oxucu başa düşmüşdür ki, yazıçı əsərdə hadisələrə və qəhrəmanlara dərin mənalı simvolika yükləyib. "Naməlum" deyə başa düşdüyümüz hadisələr isə professionallıqla oxucuların fantaziyasının öhdəsinə buraxılmışdır.
Hər bir oxucu psixoloji cəhətdən əsəri fərqli şəkildə qəbul edir. Kiminin ağlına gələn ilk şey müharibə olur, kiminin ağlına uydurma zombi hekayələri, kiminin yadplanetlilərlə savaş, təbii fəlakətlər, bəzilərinin ağlına isə dini qiyamət hekayələri gəlir. Qəhrəmanlar da hər oxucunun xəyalında fərqli şəkildə canların, düşmənlər də onların gözündə qorxularının simasında öz əksini tapır. Və bununla da hər oxucu burada öz hekayəsini tapır.
Əgər kitabı daha yaxşı başa düşmək istəyiriksə, o zaman hadisələrin simvolik mənasını anlamalıyıq. Ətraf zülmətlə və pis insanlarla doludur. Mərkəzdə "İnsan" durur: Ata və Oğul. Bəşəriyyət və onun tarixi, böyükləri, xadimləri, sərkərdələri. Əsərdə bir yerdə Ata və Oğulun qarşısına Qoca çıxır. Onların varları-yoxları kiçik bir arabaya sığışmışdır. Onu da sonda Ata simvolik olaraq tullayır. Üzərində sadəcə onun ölüsünün üstünü örtəcək ədyalı qalır. O uzun bir yola çıxıb. Yaranış və Ölüm arasında uzanan təhlükələrlə dolu yola... Pislərdən gizlənmək lazımdır. Kimi zaman "əsrlərlə" yoxluq içində vurnuxur. "Ata" belə ruhdan düşür. Kimi zaman gözə görünməz əl onları Cənnət bağçalarına gətirir. Bəzən yaxşı insanları tanıya bilmir, bəzən pislərə qucaq açırlar.
Əsərdə iki söz müxtəlif mənalarda çox tez-tez işlənmişdir. "Atəş" (başqa mənada "işıq") və "yaxşı" sözüləri.
- Ata biz niyə Cənuba gedirik?
- Çünki biz "işıq" aparırıq.
Başqa yerdə:
- Ata yaxşı olmaq yaxşıdır?
- Bəli, yaxşıdır.
- Yaxşı.
Və sonda tunelin axırında görünən işıq...
Əsər bizə öyrədir ki, hər hansı şəraitdə oluruqsa olaq, dünyada ən sonuncu insan olaraq qalsaq belə, önəmli olan sağ qalmaq deyil, önəmli olan insan olaraq qalmaqdır.
Ən çox bəyənilən məqam gözlər önünə sərilən ibrətamiz insanlıq hekayəsidir. "Yaxşılığın hekayəsi"... Oxucuları təsirləndirən ən böyük məqam Ata və Oğul münasibəti olur. Atanın oğlu ilə səbr, qayğıkeşliklə söhbət etməsi, ən çətin anlarda belə ona güvənməsi, səhvini bağışlaması, vədinin üzərində durması, atalıq borcunun öhdəsindən sonuna qədər gəlməsi oxucuların gözlərini yaşardır. Oğul bataqlıq içində yetişən bir çiçəyə bənzəyir, onun ürəyi və ruhu yaxşılıqla doludur.
Əsərin bir yerində "Ürəyim və ruhumla isindim" deyir 10 yaşlı Oğul. O insanlarda pislik görməyi bacarmır, pisliklərə sadəcə əlləri ilə gözlərini yumur, pisliyin mövcudluğuna ümumiyyətlə inanmaq istəmir. O, anadan olduğu ilk gündən dünyada istisnasız olaraq sadəcə pislik görməsinə baxmayaraq yolda qarşılarına çıxan insanlara yemək verməkdə atasına israr edir. Arxada buraxdığı insanları isə heç bir zaman unutmur. "Yaxşı" olmaq vəzifəsini balaca çiyinlərinə böyük məsuliyyətlə alır və sonuncu səhifəyə qədər bu vəzifəni layiqi ilə daşıyır. Atası ona bir "İşıq" daşıdığına inandırır. İnandırır ki, biz "Cənuba - Günəşlər ölkəsinə" bu işığı aparmaq üçün gedirik. Bu işıq ürəyimizdə yaxşılıq və sevgi işığıdır. Dünyada ən son işığı belə olsa bütün dünyanın qaranlığı içində son mənzilinə qədər daşımalıyıq. Sonda ən son nəfəsini itirərkən ata oğlunun üstündə həqiqətən bəyaz bir işıq görür və deyir:
"Ətrafına bax. Dünyanın böyük tarixinə. Elə bir Peyğəmbər yoxdur ki, onun adını bu gün hörmətlə anmasınlar. Həyatda nə olursansa ol, nə edirsənsə et, bil ki, Doğru və Yaxşılıq yenə sənin tərəfindədir."
Ata məsuliyyətsiz və əhlikef anaya qarşılıq olaraq öz borcunu unutmur. Oğlunu təhlükələrdən son damla qanına qədər qoruyur. Bununla da təhlükələrlə boğuşmaqla qalmır, oğlunu qayğısından da kənar qoymur. Uşağın oxucuları heyran edəcək məna dolu suallarına yazıçı atanın dili ilə ibrətli cavablar verir.
Yazıçının əsəri adlandırdığı "Yol"u əsərin ilk səhifəsindən son səhifəsinə qədər uzanır. Simvolik olaraq bəşəriyyətin tarix yoluna, yaxud da həyat yoluna bənzədilmişdir. Qəhrəmanlar dəyişən, həyəcanverici hadisələrin fonunda həm quruda, həm suda, həm yerin altında, həm də yüksək dağlıqlarda olurlar. Yazıçı çox uğurlu bir ideya seçməsi ilə yanaşı öz əsərinə təsvir edilməsi çox çətin bir atmosfer yükləmişdir. Oxucuların əksəriyyəti əsərdə baş verən real hadisələri anlamağa çalışsalar da, çox az oxucu əsərin simvolik incə mənasını tutmağı bacarmışdır.
Bir hadisəni xəyalda canlandırmaq çox asandır. Hər kəs gecə yatmamışdan əvvəl beynində onlarla xəyal qurur, onlarla həyat yaşayır. Yalnız yazıçı adını daşıyan insanlar bu xəyalları təsvir edə bilirlər. Və yalnız istedadlı yazıçılar təsvir olunması çətin atmosferi bir əsərə çevirməyi bacarırlar.
Əsərdə hadisələrin gedişatında gözə görünməz bir əlin, ilahi bir varlığın hadisələrə yön verdiyi hiss olunur. Onların yemək tapmaqlarında, təhlükələrdən qurtulmağı bacarmaqlarında, bəzənsə yaşadıqları ağır çətinliklərdə ilahi bir nəfəs duyulur.
Mənfi rəylərə sadəcə iki məqam daxil olub. Birincisi informasiya azlığı, hadisələrin naməlum şəraitdə cərəyan etməsi. İkincisi isə əsərdə dəhşət saçan qorxulu anlar olmuşdur. Məsələn əti yeyilən körpə uşaqlar, əsir aparılan hamilə qadınlar, yemək üçün zirzəmiyə yığılan, imdad diləyən insanlar. Səhnələr oxuculara gecə yatmaqda narahatlıq verə bilər.
Hər nə qədər yazıçının təxəyyülünün məhsulu olsa da əsərdə təsvir olunan hadisələr sonuna qədər günümüzün və gələcəyimizin reallığından ibarətdir. Əsər çox inandırıcıdır və çox az şey başa düşə bilən oxucuları belə təsirləndirməyi bacarmışdır.
Sultanxanım K-m.