Atası Anna Axmatovaya öz soyadını niyə qadağan etmişdi?

Atası Anna Axmatovaya öz soyadını niyə qadağan etmişdi?
21 sentyabr 2016
# 12:51

Kulis.az Xanım Aydının tərcüməsində “Anna Axmatovanın ürəyini çürüdən senzura” yazısını təqdim edir.

XX əsrin I yarısının ən məşhur və istedadlı şairi, tənqidçi və ədəbiyyatşünası Anna Andreyevna Axmatova (1889-1966) yaradıcılığa akmeistlərin cərgəsində, inqilabaqədərki dövrdə başlamışdır. Lakin yaradıcılığının bədii-fəlsəfi dərinliyinin zirvəsi dövrü Sovet hökuməti illərinə təsadüf etmişdir. Onun ilk şeirlər kitabı – “Külək” 1911-ci ildə çap olunmuşdu. 1914-cü ildə ikinci kitabı 1000 nüsxə tirajla çap olunaraq xeyli məşhurlaşmışdı. Üç ildən sonra onun üçüncü kitabı “Ağ sürü” iki dəfə çox tirajla çap olundu. Axmatova üçün şeirlər insanlara həqiqəti söyləmək üçün yeganə vasitə idi. O, özünü psixoloq, insan ruhunu yaxşı bilən bir şair kimi tanıtmışdı. Yazdığı sevgi şeirləri onun insan duyğularının dərinlik və düşüncələrinin hər bir vəziyyətini necə gözəl hiss etdiyini göstərirdi. Bundan başqa Axmatovanın lirikası təkcə özünün yox, həm də xalqının faciələrinin düşüncəsi ilə zəngin idi.

Axmatova taleyinə bir çox çətinliklər düşmüş, sınaqlardan çıxmışdır. Oğlunun saysız-hesabsız həbsi, ərinin güllələnməsi, dövlətin ona dəyişkən münasibəti (gah ona heyran olur, gah da ki, ümumiyyətlə, silib atırdılar) yaradıcılığına təsir göstərmişdir. Axmatovanın bir çox əsərləri nəinki özü sağ ikən, hətta dünyasını dəyişəndən iyirmi-otuz il keçəndən sonra belə çap olunmamışdı. Lakin buna baxmayaraq, onun adı həm SSRİ-də, həm də mühacirətdəki geniş poeziya dairələrində şöhrət qazanmışdı.

20-ci illərin əvvəllərində Anna Axmatovanın 2 kitabı çapdan çıxır – “Podorojnik” və “Anno Domini”. Məhz elə bu iki kitabın işıq üzü görməsi ilə yaradıcılığının Sovet ədəbiyyatına, Sovet oxucusuna yararlı olub-olmadığı şübhə altına alınır. Fikirlər müxtəlif idi. N.Osinski (əsl adı Obolenski Valerian Valerianoviç – iqtisadçı, dövlət və partiya xadimi, publisist) yazırdı: “Biz əvvəllər düşünürdük ki, Axmatova və oxucular ayrı-ayrı qütblərdədirlər. Və onun ictimai oriyentasiyası şübhəsiz ki, köhnə burjuadan mayalanıb. Lakin Anna Axmatova həyatımızın əsl inkişafının heç bir fırıldaqçının, yalançının deyil, əsl rus xalqının özünün etdiyi inqilab olduğunu və bu yolun geriyə dönüşünün olmadığını başa düşdü. O, hiss edir ki, bu cür yeni, təzə həyat (qoy tənqidçilər məni şablon sözlərə görə bağışlasınlar) inqilabdan yaranır.” Tənqidçi Q.Leleviçsə (əsl adı Labori Qileleviç Kalmanson) yazırdı: "Axmatova şübhəsiz ki, daxilən ədəbi mühacirdir!"

1925-ci ildə bolşeviklərin Ümumrusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin "Bədii ədəbiyyat üzrə partiya siyasəti haqqında" qətnaməsi qəbul olundu. Və Anna Axmatova çap olunmaqdan tamamilə məhrum edildi. O, gündəliklərində belə qeydlər aparmışdı: "Moskvada keçirilən şeir gecələrimdən sonra mənim ədəbi fəaliyyətimə son qoyulması ilə bağlı qətnamə verilmişdir. Bütün redaktorlar məni jurnallarda və almanaxlarda çap etməkdən imtina etdilər. Mən Nevskidə Marietta Sergeyevna (yazıçı) ilə görüşdüm. O dedi: "Görün necə vacib bir şəxsiniz ki, sizin haqqınızda Mərkəzi Komitə qətnamə imzalayıb. Həbs də etmir, amma çap olunmağa da icazə vermir".

Qətnamə verildikdən sonra Axmatova düz on dörd il çap olunmadı. Bütün bu zaman ərzində o, tərcümə işləri ilə məşğul olmuş və yalnız 1939-cu ilin mayında Konstantin Mixayloviç Simonov (yazıçı, şair, kino ssenaristi, jurnalist, ictimai xadim) “Moskva almanaxı”nda çap etmək üçün ondan şeirlər istəmişdi. Bu diqqət, deyilənlərə görə İosif Stalinin yazıçıların mükafatlandırılma mərasimində söylədiyi replika ilə bağlıdır: “Bəs Axmatova hanı? Niyə heç nə yazmır?”

1940-cı ilin mayında Axmatovanın “Altı kitabdan” adlı məcmuəsi çap olundu. Məcmuədə bir çox “təhlükəli” əsərlər vardı. Məsələn, “Rekviem” – “Və daş söz düşdü...”dən “Hökm” şeiri. Bu şeirin başlığında adı olmayanda onu sevgi şeiri kimi oxuyurdular.

Daş söz düşdü

Mənim hələ də sağ qalan sinəmə.

Heç nə olmaz, ax buna hazırdım.

Birtəhər mən baş edərəm.

Bu gün mənim çox işim var:

Gərək yaddaşımı sonacan öldürüm.

Ürəyimi daşa döndərməliyəm.

Yenidən yaşamalıyam.

Yox, deyil... Yayın isti xışıltısı

Pəncərəmin o tayında bayram kimi...

Mən çoxdan duymuşdum bunu –

Günəşli gün, bomboş ev...

Lakin Anna Andreyevnanın sevinci uzun sürmədi. Ümumrusiya Kommunist Partiyasının Mərkəzi Komitetinin Orqanizasiya bürosunda 9 avqust 1946-cı il iclasında Andrey Aleksandroviç Jdanov (Sovet partiya və dövlət xadimi) Anna Axmatova haqqında bu cür sözlər demişdi: "O, rahibə, ya əxlaqsız qadındır. Daha doğrusu, duaları əxlaqsızlığa qarışan, poeziyası isə havalanmış qadının buduar (keçmişdə varlı qadınların qəbul otağı) və ibadətxanalar arasında qalan əxlaqsız qadının poeziyasıdır!" Bu çıxışın nəticəsində Ümumrusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinun Orqanizasiya bürosunun 14 avqust 1946-cı ildə məşhur qətnaməsi verilmişdi. (“Zvezda” ("Ulduz") və “Leninqrad” jurnalları haqqında)

“Ümumrusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin Orqanizasiya bürosu qeyd edir ki, Leninqradda nəşr olunan ədəbi-bədii jurnallarda iş qənaətbəxş deyil... “Zvezda” jurnalı Sovet ictimaiyyətində və ədəbi və ictimai-siyasi aləmdə xeyli tanınmış “sima” olan yazıçı Axmatovanın əsərlərini də hər cür vasitəylə məşhurlaşdırır. Axmatova bizim xalqın poeziyası üçün yad, yabançı nümayəndədir. Onun pessimizm və ruh düşkünlüyü ilə mayalanmış, köhnə salon poeziyaları qoxusu gələn, estetizm və dekadentliyin burjua-kübar poeziyasında ilişib qalmış, öz xaqı ilə ayaqlaşmaq istəməyən, uyğunlaşmayan şeirləri gənclərimizin tərbiyəsinə pis təsir edir və Sovet ədəbiyyatı üçün məqbul sayılmır... Mərkəzi Komitə qeyd edir ki, xüsusilə “Leninqrad” jurnalının işi heç də ürəkaçan deyil. Jurnalda Mixail Mixayloviç Zoşenkonun şit, duzsuz, bayağı, cəfəng çıxışları, Axmatovanın boş, siyasi cəhətdən laqeyd şeirləri üçün səhifələr ayrılır... Axmatovanın tematikası açıq-aydın fərdidir və şeirlərindəki fikirlər şəxsi nöqteyi-nəzərdən yazılmışdır. Onun poeziyası dəhşətli dərəcədə eybəcərliklərlə doludur. Onun poeziyası havalanmış qadının buduar (keçmişdə varlı qadınların qəbul otağı) və ibadətxanalar arasında qalmış əxlaqsız qadının poeziyasıdır. Şeirləri əsasən qəm, kədər, sıxıntı, ölüm, məhkumluq, mistika ilə hörülmüş sevgi və erotika motivləri üzərindədir.

Bu yeni zərbə Axmatovanı dəhşətli dərəcədə sarsıtmışdı.

Axmatova deyirdi ki, tanıdığı bütün adamlar Mərkəzi Komitənin "Zvezda" və "Leninqrad" jurnaları ilə bağlı 14 avqust 1946-cı il tarixli qətnaməsini, müharibə haqqında elan kimi yadlarında saxlamışdılar.

Faina Ranevskaya (kino və teatr aktrisası) xatirələrində yazırdı: "Qətnamə verilən kimi mən özümü Leninqrada yetirdim. Qapını Anna Axmatova açdı. Mən onun dodaqlarının rəngsizliyindən qorxdum. Hər ikimiz susurduq. İstədim onu çaya qonaq edim, imtina etdi. Evdə yeyiləsi heç nə yox idi. Dükana qaçdım, lazımi bir neçə şey aldım. İstəyirdim onu bir az yedizdirim. Çarpayıda uzanıb titrədirdi. Yeməkdən də imtina etdi... Sonra onu həyətə gəzməyə çıxardım. Aradan çox günlər ötəndən sonra o dedi: “Bir mənə deyin görüm, texnikasıyla Hitleri torpaqlarından qovan mənim bu nəhəng ölkəmin, tanklarla qoca bir qadının döş qəfəsindən keçmək nəyinə gərəkdir axı?!”

Bundan sonra Axmatovanı Yazıçılar İttifaqından çıxartdılar. Onu yemək vərəqəsindən məhrum edərək, aclıqla ölümə məhkum etdilər.

Ona qədər Yazıçılar İttifaqında Axmatovaya işçi vərəqəsi, 500 rublluq limit, taksidən istifadə etmək üçün aylıq 200 rublluq kitabça verirdilər. Onun əlavə otağa haqqı da var idi. Əlavə otağı onun əlindən ala bilməmişdilər. Çünki həmin vaxta Lyova Qumilyov (Anna Axmatova və Nikolay Qumilyovun oğlu) artıq cəbhədən geri qayıtmış və kiçik bir otaqda yaşayırdı. Qalan hər şeyin isə o biri aydan sadəcə verilməsini dayandırdılar.

İşçi vərəqəsiylə o, gündəlik 800 qram çörək almaq hüququna malik idi. Vərəqəsiz isə bir bütöv çörəyi bazarda 100 rubla almaq olurdu. Bir ay yarımdan sonra vərəqələri qaytardılar. Lakin çap olunmağa, ödənişli çıxışlar etməyə qadağalar qoyulmuşdu ki, bu da ölümlü sonluq demək idi.

Sentyabrın 28-i Yazıçılar İttifaqından zəng vuraraq Axmatovanın vərəqəsini götürmək üçün çağırış etdilər. Ötən ay üçün də işçi vərəqəsi verdilər. Mən onunla birlikdə dükanımıza getdim. Lakin orda ötən ay üçün olan vərəqə üzrə nəsə verməkdən imtina etdilər. Guya ki, qeyd olunmayıb, ona görə verə bilməzlər. Sonra Lyova ilə ikinci dəfə getdik. Yenə də imtina etdilər... Bizi Kazan kilsəsinin yanındakı növbətçi dükana yönləndirdilər. Uzun-uzadı məsələni izah etməyə çalışdıq. Lyova kiminsə avtomobilinə söykənərək, arabir tutarlı replikalar atırdı. Nəhayət ki, dükanın müdiri içəridən çıxaraq bildirdi ki, biz onlarda olan ərzaqlardan ala bilərik. Çörəyin isə əvəzində un verə bilərlər. Sabah artıq yeni ay başlayır. Biz hər şeyə razı idik. Lyova un kisəsini, mən isə ərzaqlar olan torbalardan yapışdım. O vaxtdan sonra Anna Axmatovaya hər ay bir işçi vərəqəsi verilirdi".

Verilmiş qətnaməni hər yerdə – yaradıcı ziyalı dairələrində, məktəblərdə, zavodlarda, fabriklərdə, hətta az qala kolxozlarda da müzakirə edirdilər.

Jdanovun qətnaməsinin ardınca 1946-cı ildə ədəbiyyatşünas, tənqidçi Viktor Osipoviç Pertsovun (1940-cı ildə o, Axmatovanın “Altı kitabdan” məcmuəsinin çıxması ilə əlaqədar xoş sözlər yazmışdı.) “Novıy mir” (“Yeni dünya”) jurnalında çap olunan məqaləsi gəldi. Pertsov yazırdı: “Bu il ədəbi-siyasi həyatımız indidən uzun illər sonrakı inkişafımızı təyin edən hadisələrlə zəngindir: partiya bizə yeni güclə, yeni ruhla poeziyanın işi və poeziyanın “işçi sıralarındakı” yerini xatırlatdı”. Pertsov hesab edirdi ki, Jdanovun Anna Axmatova haqqında dediklərinə nəsə əlavə etməyə ehtiyac yoxdur. V.Sidelnikov “Sovet folklorşünaslığında təhrifetmə və riyakarlığa qarşı” məqaləsində Axmatovanı satqınlıqda ittiham edir. Bunu da Axmatovanın Puşkinin “Qızıl xoruz” nağılını xarici mənbələrə bağlandığını elan etməsi ilə əsaslandırırdı. Tənqidçi deyirdi: “Xaricilərə qarşı bundan böyük yaltaqlıq ola bilməzdi!”

Bir çoxları qətnamədən narazı qalaraq, Axmatovanın halına acıyırdılar.

Axmatova qətnamədən çox sarsılmışdı. O, xeyli vaxt xəstə yatdı. Nevroz, ürək, aritmiya, furunkulyoz və s. xəstəliklər canını bürüsə də zahirən yaxşı görünməyə çalışırdı. Xatirələrində yazır ki, tanımadığı adamlar ona çiçəklər, meyvələr göndərirlər. Heç kim ondan üz döndərməyib. Heç kim ona xəyanət etməyib. Əksinə, daha çox şöhrət – məzlumluq şöhrəti tapmışam. Camaatın təəssüfünü, mərhəmətini, sevgisini qazanmışam. Heç əvvəllər adımı eşitməyənlər belə, indi məni oxuyur. Cəmiyyətin insana marağı onun çəkdiyi əzablara görə deyil, maddi rifahından asılıdır. Axmatova deyirdi ki, onlar mənə gərək bağ evi, şəxsi avtomobil hədiyyə edərdilər, xüsusi pay ayıraydılar. Amma gizli şəkildə çap olunmağımı da redaksiyalara qadağa qoyaydılar. Və and içirəm ki, hökumət artıq bir ildən sonra istədiyi nəticəni əldə edə bilərdi. Hamı bir ağızdan deyəcəkdi: " Görürsüz, yedi, yağlandı. Burnunu dik tutdu. Neynir daha yazmağı? Axı o, nə şairdi? Adi qadındır. Bax o zaman heç mənim şeirlərimi də oxumayacaqdılar. Mənə sonsuz nifrət bəsləyəcəkdilər.” Qətnamədən sonra Zoşenkonun özünü zəhərləməyə cəhd etdiyini eşidəndə Axmatova demişdi: "Yazıqlar, bunların heç nədən xəbəri yoxdu! Ya da ki, unudublar daha! Bütün bunlar 1921-ci ildən üzü bu yana baş verir. Zoşenko üçün bu ağır zərbədir, mənimçünsə sadəcə təkrardır".

Anna Axmatovanın Yazıçılar İttifaqına üzvlüyünün yenidən bərpa edilməsi 14 fevral 1951-ci ildə baş tutdu. Həmin vaxt Stalin hələ sağ idi. Ola bilər ki, bu, Stalinin Anna Axmatovaya olan xüsusi münasibətindən irəli gəldiyinə dəlalət edir. Anna Axmatovanın bərpasından sonra rəsmi Sovet ədəbiyyatına qayıtmağa cəhd göstərmiş və “Eşq olsun dünyaya!” məcmuəsində dərc olunmaq üçün material hazırlamışdı. Həmin məcmuəsində Axmatovanın da şeirləri yer almışdı.

Lakin müəyyən dairələr məcmuənin işıq üzü görməsini hər cəhdlə əngəlləyir, ləngidir, vaxtı uzadırdılar. Və beləliklə də, məcmuə heç cürə çap olunmadı. Axmatovanın növbəti kitabı – “Şeirlər” məcmuəsi 1958-ci ildə işıq üzü gördü. “Eşq olsun dünyaya” məcmuəsindən ora beş şeir əlavə edilmişdi. Bundan sonra Anna Axmatova aktiv ədəbi həyata yenidən qoşuldu.

Ömür boyunca Anna Axmatova müxtəlif irili-xırdalı faciələr və senzuralarla üzləşmiş, yaradıcılığına qadağalar qoyulmaqla qol-qanadı sındırılmış, mənən hər dəfə yıxılsa da, yenidən güc tapıb ayağa qalxmağı bacarmışdı. Lakin onun həyatında aldığı ilk senzura hökumətdən yox, atası A.A.Qrenkodan olmuşdu. Bəlkə də, bu, onun şair ürəyinə vurulan ən ağır senzura yarası olmuşdu. Onun atası Annanın yaradıcılıqla məşğul olmasını istəməmiş və ona "Qorenko" soyadını daşımağa qadağa qoymuşdur. Bu səbəbdən də o, əsl soyadından imtina edərək, ulu nənəsinin soyadını – Axmatovanı soyad kimi qəbul etmiş və rus ədəbiyyatının gümüş dövrünə qızıl hərflərlə Anna Axmatova adını həkk etmişdir./kaspi.az/

# 1040 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #