Kulis.Az yazıçı Əkrəm Əylislinin “Əylisdən Əylisəcən” memuarından hissələri təqdim edir.
Əkrəm Əylislinin Qaqarinli XATİRƏLƏRİ
Stalinlə səhərə qədər içmiş yazıçı - Əkrəm Əylislinin xatirələri
"Fikrət Qoca Əlcəzairdə fransızlara qarşı vuruşmaq istəyirdi"
Əkrəm Əylisli Nazim Hikmətin yalanını necə tutdu?
Nəhənglərin döyüşü: Əkrəm Əylisli ilə Mirzə İbrahimovun davası
Amma, deyirəm, məmləkətim (“aşağılı-yuxarılı”) o zaman cani-dildən məni tərbiyə etməyə girişəndə, nə yaxşı ki, mənim “tərbiyə sarıdan” bir o qədər də məmnun olmadığıma haradasa sidqi-ürəkdən inanan adamlar da vardı. Və yer üzünün bütün ağzıgöyçəkləri – “özümü reklam etdiyimə görə” – indi məni fitə basıb, daş-qalaq eləsə də, özümün tərbiyə sarıdan bir o qədər də mağmun olmadığıma siqdi-ürəkdən inanan o adamların bu gözəlin yer üzündə həqiqətən var olduğuna (məni tərbiyə eləmək niyyətindən hələ də əl çəkməyənlərin acığına) çoxluca misal gətirəcəyəm.
Məsələn, müsəlmanlığı qəbul eləmiş və türk dilini (hətta onun azəricəsini də) yaxşıca öyrənmiş ƏHMƏD ŞMİDE adlı bir alman ədəbiyyatşünası və tərcüməçisi – elə o 70-ci illərin düz əvvəllərində - mənə Qərbi Berlindən göndərdiyi məktubunda yazırdı: “Kitabınızı böyük bir həzz ilə oxumuşam. Şunu deməyə icazə veriniz ki, mən uzun illərdən bəri bu dərəcədə gözəl bir nəsr əsər oxumadım. Lap ürəyinizin qanı ilə qələmə aldığınız nə qədər də aydın şəkildə anlaşılar! Sizdən təvəqqe edirəm ki, zəhmət çəkib Azərbaycan dilindəki özgə əsərlərinizin adını bildirəsiniz. Onda mən hörmətli dostum Abbas Zamanovdan xahiş edərəm ki, bunları mənə göndərsinlər. Könül istəyir ki, Sizin hər bir əsəriniz mənim doğma alman dilimdə də səslənsin. Ana dilimdə nəql etmək istədiyim əsərlərin başında Sizin “Adamlar və ağaclar” durar. Şayət qismət olsa bu dəyərli kitabı tərcümə eləmək mənim üçün böyük hadisə olacaq. Bu günlərdə “May günü” hekayənizin tərcüməsini qurtarmışam”.". (Məktubun yazıldığı tarix 28.11.1971).
Moskvadan - Əziz Şərif: "Sizin əsərlərinizlə tanışlıq mənə bir növ təsəlli vermiş oldu, sanki məni əzən bir ağırlığı çiyinlərimdən alıb kənara atdı. (26.VI.71).
Yenə Moskvadan – Marietta Şahinyan: “Kitabınız təzəliyi, səmimiliyi, doğruluğu və sadəliyi ilə məni heyran etdi. Siz XIX əsr Azərbaycan klassik ədəbiyyatının izi ilə gedirsiniz və mən sizin o dövrdə yetişən yazıçılarınızı yüksək qiymətləndirir və sevirəm. Mirzə İbrahimova və Rəsul Rzaya mənim səmimi salamlarımı yetirin". (10.IX.71).
Ukraynanın Jitomir vilayətinin Koşelovka kəndindən ədəbiyyat müəllimi Lavrenyuk: “Mənim dərs dediyim məktəbin şagirdləri Sizin “Yunost” jurnalında dərc edilən hekayənizi oxuduqdan sonra başqa əsərlərinizlə də tanış olmağa böyük həvəs göstərirlər. Rus dilində çıxan kitablarınızı bizə göndərsəydiniz, mən və şagirdlərim Sizə çox minnətdar olardıq".
Yenə Ukraynadan Valentin Sibko: “Ümidvaram ki, may ayının axırınacan povestlərinizin tərcüməsini qurtarıb, hekayələrinizin tərcüməsilə məşğul olmağa başlayacağam. Etiraz etməsəydiniz, kitabınızı gözəl povestiniz “Kür qırağının meşələri” adı ilə nəşr edərdik".
Polşanın Qromnik qəsəbəsinin məktəblisi Marina Tsaba: “Mənim 15 yaşım var. 8-ci “b” sinfində oxuyuram. Mən Sovet İttifaqı ilə çox maraqlanıram, atam mənə çoxlu jurnal və kitablar alır. Bu yaxınlarda Polşa jurnalında Sizin “Kür qırağının meşələri” əsərinizi oxudum. Çox xoşuma gəldi. Sizdən çox xahiş edirəm ki, şəklinizi mənə göndərəsiniz”.
Yenə Polşadan D. Bruskina: “Mən “Tuqodnik kulturalni” qəzetinin əməkdaşıyam. Bu yaxınlarda Sizin rus dilində çıxan bir kitabınızı əldə etdim. Fəxr edirəm ki, mənim kitabxanamda indi belə bir kitab da var. Qəzetimizin noyabr nömrələrinin birində Sizin haqqınızda böyük məqalə dərc ediləcək”.
Tallindən Lilleorq Jakko: “Hörmətli Əkrəm Nəcəf oğlu! Məşhur xanəndə və aktrisa Marlen Ditrix haçansa deyib ki, məni heyran qoyan adamlarla görüşmək xoşbəxtliyi mənə nəsib olanda, mən heç bir tərəddüd etmədən, onlardan üstü avtoqraflı şəkil istəyirəm. Əsərlərinizi sevə-sevə oxuyandan sonra mən də belə bir xahişimi cavabsız qoymayacaqsınız”.
Bolqarıstanın Plovdiv şəhərindən Sofiya Janovska: “Mən Sizin əsərlərinizin bolqar dilinə tərcüməçisiyəm. Plovdiv nəşriyyatında Sovet ədəbiyyatı şöbəsinin redaktoruyam. Bu günlərdə “Literaturnaya qazeta”da Sergey Zalıginin Sizin haqqınızda yazdığı heyranlıqla dolu məqaləni oxudum. Biz həmin məqaləni Sizin bolqar dilində nəşr ediləcək kitabınızda ön söz kimi vermək istəyirik. Bu barədə öz fikrinizi təcili surətdə bizə yazmanızı xahiş edirəm".
Yenə Bolqarıstandan Donka adlı bir xanım: “Adamlar və ağaclar” kitabınızla Avropanın səyahətinə çıxmağınız məni çox sevindirir. İnanıram ki, bu kitabın həyatı təkcə Avropanı dolanmaqla bitib qurtarmayacaq. Sizə yeni yaradıcılıq uğurları arzulayıram".
Kabardin-Balkar avtonomrespublikasının Kotlyarevskaya stanisasından kitabxanaçı A.Turanin: “Kür qırağının meşələri” povestinizi oxuyandan öz rəyimizi yazıb “Drujba narodov” jurnalına göndərmişik. Müdiri olduğum kitabxananın oxucuları məndən xahiş edir ki, onların Sizinlə görüşünü təşkil edim. Buna razılıq versəydiniz, biz hamımız Sizə minnətdar olardıq. Coşqun Terek sahillərindən Sizə salam göndərərik”.
Moskvadan Bobrıkin: "Kür qırağının meşələri”ni birnəfəsə oxuyub, Sizin kimi istedadlı bir adamla şəxsən tanış olmağımla fəxr elədim".
Ukraynanın Vinnitskaya vilayətinin Qranov kəndinin sakini feldşer Suvorin: “Sizin yaradıcılığınızla mən ilk dəfə 1971-ci ildə “Adamlar və ağaclar” əsərinizlə tanış olmuşam. Bu əsəri çox bəyənmişəm. O zamandan bəri Sizin yaradıcılığınızı həmişə izləyirəm. Bu yaxınlarda “Kür qırağının meşələri” povestinizi böyük maraqla oxudum. Mən Sizi böyük sovet yazıçısı və qüdrətli söz ustası hesab edirəm. İmkan tapıb kitablarınızın birini öz avtoqrafınızla mənə göndərsəydiniz, bu, məndən ötrü ən gözəl hədiyyə və ömürlük sevinc olardı".
Orenburq vilayətinin İlek kəndindən Jenakayev: “Respublikanızda olarkən kitabxanada Sizin əsərlərinizlə tanış oldum və onları çox sevdim. Bu yaxınlarda belə bir xoş xəbər eşitdim: “Güllü paltar mövsümü” adlı yeni kitabınız nəşr olunub. Sizi ürəkdən təbrik edirəm".
Haradansa – Borşovski deyilən bir qəsəbədən bir qrup məktəbli: “Salam, əziz Əkrəm Əylisli, öz əsərlərinizlə bizə və bütün insanlara bəxş etdiyiniz xoşbəxtliyə görə Sizə minnətdarıq. Bir öz məktəbimizdə ədəbiyyat muzeyi yaratmaq istəyirik. Burada Sizə həsr olunmuş ayrıca guşə olacaqdır. Sizdən xahiş edirik ki, şəklinizi bizə göndərəsiniz”.
Əlimin altında – Əndicandan, Düşənbədən, Daşkənddən, Riqadan, Vilnüsdən, Minskdən, Tbilisidən, Kişinyovdan, Praqadan, Budapeştdən, Qarsdan, İstanbuldan, Şamaxıdan, Naxçıvandan, Ağdamdan, Kəlbəcərdən bir qalaq başqa məktublar da var. Və siz inanın ki, məni zaman-zaman və hər dəfə də yeni bir şeytani həvəs və ehtirasla “tərbiyə eləmək” fikrinə düşənlərin bu müdhiş allahsızlığı bu gün də bu dərəcədə həddini aşmasaydı, mən bu məktubların bir sözünü də ömrüm boyu mətbuat səhifəsinə çıxarmazdım. Deyirlər: mərdi qova-qova namərd eləmək olar. İndi mənim öz barəmdə özümə yazılan belə tərifli sözləri öz əlimlə mətbuat səhifəsinə çıxarmağım kiminsə, kimlərinsə nəzərində namərdlik olmasa da, hər halda nanəciblik kimi görünə bilər. Ancaq inanıram ki, məkrsiz və qərəzsiz oxucu bu küçük “özünüreklamın” hansı ehtiyacdan doğduğunu mütləq duyacaq və bu məcburi qeyri-təvazökarlığı ürək genişliyi ilə mənə bağışlayacaqdır.
Bu barədə lap indinin özündə də əsəbiləşmədən fikirləşə bilmirəm: o cür cani-dildən tərbiyə eləməkdə axı o adamlar məni kimə oxşatmaq istəyirdilər? Mənim özümə oxşamağım bu adamlara axı niyə sərf eləmirdi: bəlkə ona görəydi ki, onlar da özlərinə oxşamaq istəyirdilər, ancaq, nədənsə, oxşaya bilmirdilər. Görəsən, o adamlar mənə baxanda kimi görmək istəyirdilər: Əli Vəliyevimi, Mehdi Hüseynini, İsmayıl Şıxlınımı? Bəlkə məndən Çingiz Aytmatov düzəltmək istəyirdilər? Axı Çingiz Aytmatov olmaq mənim nəyimə lazım idi: mənim ki, ədəbiyyat estradasından zəhləm gedirdi və üstəlik, mən qırğız həyatından rus dilində ekzotik mif uydura bilməzdim – bu, mənim sənətim deyildi. Görəsən, yuxarıda oturanlar Mirzə İbrahimovun yazıçı yetişdirmək və yazıçı tərbiyə eləmək sahəsindəki “böyük təcrübəsinin” də mif olduğunu niyə bilmirdilər: axı onun (Mirzə müəllimin) cürbəcür qurultaylarda, plenumlarda ağız dolusu təriflədiyi, öz saysız-hesabsız məruzə və məqalələrində Azərbaycan ədəbiyyatının böyük nailiyyəti kimi qələmə verdiyi əsərlərin və müəlliflərin heç biri heç vaxt Yevlaxdan o yana keçməmişdi!.. Bəlkə zaman elə Mirzə müəllimin özünə əlimyandıda əvəz axtarırdı və bu yerdə kiminsə nəzəri məhz mənim vücuduma zillənmişdi. (Sənin qulun olum, Pərvərdigara, nə yaxşı ki, məni bu ölümdən də qurtara bildin!..)
Nağıllarda deyildiyi kimi, yenə “birin qoyub, o birinə keçək”. Və söhbəti əvvəlki axarına salmaq üçün Şmidenin 71-ci ilin yazında göndərdiyi məktubun bir cümləsinə xüsusi diqqət yetirək: “Bu günlərdə “May günü” hekayənizin tərcüməsini qurtarmışam”. Və elə bu, “May günü” hekayəsi (“Kür qırağının” həngaməsi hələ qurtarmamış) məni “tərbiyə eləmək” məsələsində Yazıçılar İttifaqına yeni impuls verdi.
Hekayə (gərək ki, Hüseyn Abbaszadənin redaktorluğu dövründə) “Ədəbiyyat və incəsənət” qəzetində çap olunmuşdu. (Onu Şmideyə, çox güman ki, Abbas Zamanov göndərmişdi). Hekayə çap olunan kimi Yazıçılar İttifaqında mənə qarşı yeni, əvvəlkindən də, kəskin, kampaniya başlandı. Kampaniyanın başında, əlbəttə, dahi tərbiyəçi Mirzə İbrahimov gedirdi. O zaman “Azərbaycan” jurnalının baş redaktoru vəzifəsində olan (öz aramızda adını “Doroqoy” qoyduğumuz) Cəlal Məmmədov da cani-dildən bu yeni “ifşa” kampaniyasına qoşulmuşdu. Elə bir partiya iclası yox idi ki, orada “May günü”ndən söhbət getməsin.
...Və Şmidenin o məktubu yazdığı vaxtdan təxminən bir il keçəndən sonra bir cüt boylu-buxunlu cavan oğlan – bir axşamçağı – mənim Bünyad Sərdarov küçəsindəki subay mənzilimə gözlənilmədən təşrif gətirdi və o təşrifdən belə məlum oldu ki, sabah filan vaxtda mən Dzerjinski klubunda KQB-nin hansı məsul bir işçisiyləsə görüşüb söhbət etməliyəm. (O vaxtacan mən heç vaxt KQB qapısı açmamışdım).
Ertəsi gün KQB-nin klubunda məni sorğu-suala çəkən o adamın ad-familini, təəssüf ki, yadımda saxlamamışam. Ortaboy, orta yaşlı, bozsifət kişi idi. Beləsini mən heç vaxt heç yerdə görməmişdim.: zalım oğlu heç kef-əhval da soruşmadı. Heç bir salamsız-kəlamsız:
- Sizin Qərbi Almaniyada hekayəniz çap olunub - dedi. -Siz onu hansı yolla Qərbi Almaniyaya göndərmisiniz?
- Mən Qərbi Almaniyaya heç vaxt hekayə göndərməmişəm. Kaqabeşnik birdən-birə bozardı, “Siz”dən, “Sən”ə keçib, az qala bağıra-bağıra:
Sən burda kimə kələk gəlirsən? - dedi. – Bəs göndərməmisənsə, o hekayə orda necə çap olunub?
Hekayə burda qəzetdə çap olunub. Yəqin ki, Qərbi Almaniyada da bizim qəzetləri alanlar var.
- Hansı qəzetdə çap olunub?
- "Ədəbiyyat və incəsənət" qəzetində.
Qebeşnik bir anlığa xəyala getdi. Bu dəfə də “sən”dən, "Siz"ə keçib:
Siz o hekayədə May bayramını ələ salmısınız, - dedi.
Özünüz də partiyaçısınız. Bunu necə başa düşmək olar?
Mən belə bir qebeşniki, aydın məsələdir ki, insan vücudunda görə bilməzdim. Bu adam ömrümdə ən çox qorxduğum və iyrəndiyim (yaxud iyrəndiyim və qorxduğum) iki adamı hələ bayaqdan mənim yadıma salmışdı: Əylisdə - bir binamus kolxoz briqadirini və Bakıda – ipləmə Qlavlit senzorunu. Hələ 61-ci ildə - birinci kitabım nəşr olunanda o Qlavlit senzoru öz heyvanlığı ilə düz 6 ay mənim anamı ağlatmışdı. Əylisdəki briqadir isə bir dəfə xeyli adamın içində mənim ən yaxın dostumu namussuzcasına təhqir eləmişdi: “Bir də səni kolxoz bağında görsəm, yığdığın o cəvizləri alıb, bir-bir bacın filankəsin filan yerinə soxacağam..."
Dostumun bacısı ərlik qız idi. Belə sözü insan olan o qədər adamın içində bir yetim uşağın üzünə heç cür deyə bilməzdi. Dostum doluxsunub ağladı. Mənsə, dözə bilməyib, briqadirin üstünə cumdum. Və onu necə itələdimsə, briqadir arxası üstdə tirtap yerə sərildi və üstəlik papağı da başından düşdü. Bu mənzərəyə tamaşa eləyənlərin yekdil qəhqəhəsi altında mən qaçıb o briqadirin əlindən canımı qurtara bildim, ancaq o binamusluğu mən heç vaxt unuda bilmədim.
Yaxşı, bəs bu KQB dəyyusun dərsini mən indi necə verməli idim. Həyasızlığı allahsızlığından və allahsızlığı həyasızlığından qalmayan bu, insan cildinə girmiş həşəratla mən necə rəftar eləməliydim. Yox, məni KQB-nin padvalına salsalar da, bu adama mütləq bir-iki “xoş” söz deməliydim. Hələlik canımı dişimə tutub, mərd-mərdanə dözürdüm: bu mənasız hədə-qorxunun nə ilə qurtaracağını gözləyirdim.
- Mənim hekayəmdə May bayramından söhbət getmir, - dedim. – Burada “May günü” yaz günü mənasındadır.
Verdiyim bu informasiya da qebeşnikə heç bir təsir eləmədi. Əksinə, onun gözlərinə baxanda mənə elə gəldi ki, əgər mən o hekayədə doğrudan da May bayramını ələ salmış olsaydım, burası – xalis karikatura təsiri bağışlayan – bu KQB məmurunun bəlkə daha çox ürəyindən olardı.
- Hekayəni tərcümə eləyən o almanla sən harda tanış olmusan?
- Heç yerdə. Mən o adamla tanış deyiləm. O mənə bir-iki dəfə məktub yazıb, mən də ona cavab yazmışam.
- Onun göndərdiyi məktubları saxlamısan?
Söhbət başlanandan bəri mən, bu yerdə, ilk dəfə qəbeşnikə yalan dedim:
Xeyr, saxlamamışam. Mən, ümumiyyətlə, heç kəsin məktubunu saxlamıram.
Bizim adamlar gəlib O məktubları sizin evinizdən tapıb çıxartsa, bəs onda nə deyəcəksən?
Deyirəm: yoxdu da! saxlamamışam! Cırıb tullamışam!.. – Və birdən-birə öz səsimdən özüm də hiss elədim ki, artıq hazıram. Yetişmişəm. Bir nazik tükə bəndəm. Burnuma padval iyi gəldi.
Bir müddət qəbeşnikdən səs çıxmadı. Sonra çıxdı. Ancaq bu səs onun bayaqkı səsindən xeyli fərqli idi:
- Sizə bir dövlət əhəmiyyətli, vacib iş tapşırmaq istəyirik. Hekayənizi tərcümə eləyən o alman sabaha Bakıya gələcək. Məsləhət belədir ki, elə sabahdan siz onnan görüşəsiz, bir yerdə olasız. Bizə də lazımi məlumat çatdırasız.
Səni, görüm, KQB padvalında can verəsən, ay kolxozun briqadiri!.. Bəlkə heç vaxt söymədiyim bir söyüş heç özüm də bilmədim ki, hardan dilimin ucuna gəlib.
- Binamus oğlu, binamus” – dedim. – Sənə kim deyib ki, mən şpionam. – Və birdən revanş götürüb, əks-hücuma keçdim. – Bayaqdan alçaq-alçaq ağzına gələni danışırsan. Bəyəm mən nəyəm sənin üçün?.. Küçə uşağıyam?.. Yoxsa bir cinayətim-zadım var, özümün xəbərim yoxdu. Mən hər kəsinən görüşə bilərəm: istəyir alman olsun, istəyir lap tünbətün qəbiləsinin başçısı olsun. Ancaq mən sənin üçün niyə xəbər daşımalıyam. Bəyəm mən şpiona oxşayıram!..
Mən sonralar da KQB məmurlarının hüzurunda hərdən “imtahan” verməli olacaqdım. Ancaq qebeşnikin bu cür heyvərəsinə bir də, heç vaxt heç yerdə rast gəlməyəcəkdim!.. O sözləri deyəndən sonra, siz inanırsınızmı ki, mən o adamın sifətində, nəhayət ki, hətta təbəssümə oxşayan bir şey də gördüm. O “təbəssüm” bir anın içində də birdən yoxa çıxdı. Qebeşnik top kimi yumrulanıb, dik ayağa qalxanda elə bildim ki, məni vuracaq. Amma vurmadı. Məni vurmaq istəyini elə bil udqunub, tüpürcək kimi, boğazından mədəsinə ötürdü.
- Sən tamam dəliymişsən ki! – dedi. – Yeri get. Əkil burdan! – Və mən yola düzəlib, hətta gedib qapının ağzına çatanda da hələ qebeşnik bağırmağında idi: Rədd ol! İtil!.. İdiot! Psix! Derevenşina. Ubiraysya k çertovoy materi!..
Sonra - KQB-nin klubundan çıxıb yavaş-yavaş evə gedəndə - yolda öz-özümə belə deyirdim:
- Getmək lazımdır. Hələ ki, gec deyil, bu əbləhxanadan baş götürüb qaçmaq lazımdır. Bəs necə qaçaq, hara qaçaq görəsən!.. Bəlkə gedək Əylis məktəbində müəllimlik eləyək? Yox, qardaş, daha səndən Əylis məktəbinə müəllim olmaz. Əylisdənsə, söz yox, Moskva yaxşıdır. Orda, necə olsa, paytaxt ab-havası var. Ədəbiyyata, yazı-pozuya qiymət verənlər var.
Doğrudur, rus dilində bədii söz yazmaq sənin işin deyil. Sən, qardaş, tək öz yurdunda, öz kəndində yox, həm də “öz dilində” doğulmusan. Elə “öz dilində” də yəqin öləcəksən. Ancaq, Allaha şükür, tərcüməçin ki, var. Sən yazarsan, o tərcümə eləyər. Olarsan, məsələn RƏSUL HƏMZƏTOV!.. Lap olarsan Çingiz Aytmatov. Hər halda Moskva KQB-sinin yəqin ki, sənnən işi olmayacaq. Amma yaxşı ki, gördük bunnardakı sifəti: bir yandan deyirlər, bizə Aytmatov kimi dünya üzünə çıxan yazıçılar lazımdıır, bir yandan da Allahın Qərbi Almaniyasında bir dılğır hekayən çap olunduğuna görə səni az qalırlar dar ağacından assınlar. Deməli: “bütövə dəymə, yarıya toxunma, doğra, doyunca ye”. Bunnarın məntiqindən belə çıxır. Hələ Çingiz Aytmatov bir yana dursun, elə o Vasya Belovun özü o gün Voloqdadan nə yazırdı? Yazırdı ki, bu günlərdə Qərbi Almaniyada təzə kitabım çıxacaq. Elə o Anahitin özü bildir Moskvada demirdimi ki, Hrantın Parisdə kitabı nəşr olunur. Bu adamların kitabı xaricdə bəlkə KQB-nin icazəsi ilə çıxır? Bəlkə bizim KQB-yə Moskvadan xüsusi tapşırıq verilib və yaxud bizim KQB bəlkə bütün ölkədə nümunəvi siyasi sayıqlıq göstərməyi könüllü surətdə öz boynuna götürüb?.. Sözə bax: “Sən o hekayədə May bayramını ələ salmısan”. Yəqin özü o hekayənin heз, bir cümləsini də oxumayıb – binamus oğlu binamus!.. Bəs ona bu yalan məlumatı kim verib görəsən? Bəlkə “Doroqoy” verib – Calal Cabbaroviç! Yaxud elə o Mirzə müəllimin özü!.. Olar. Bunnardan nə desən çıxar... Amma, sənin gözünə dönüm, Əkibala, yaman qan elədin axırda: o əclafın dərsini yaxşı verdin. Köpəyoğlu çox pis qudurmuşdu. Dəyyus öz aləmində, guya lotuluq eləyirdi... Tfu, lənət sənə, şeytan!.. Yox, qaçmaq lazımdır... Hətta “telli” sazı da əttökən şeypur səsi verən bu beyinsiz-ürəksiz pioner düşərgəsindən tezliklə baş götürüb getmək lazımdır!..
Bu Vətəndən heç vaxt heç yerə getməyəcəyimi ürəyimin dərinliyində lap yəqin bilə-bilə, o yolu gedə-gedə mən xəyalımda beləcə plan cızırdım. Və eyni vaxtda da, nədənsə, “Kür qırağının meşələri”ndən qulağıma Qədirin səsi gəlirdi: “İlbizlər, soxulcanlar, kərtənkələlər!.. Qınınıza çəkilmisiz, yaşamaqdansa sürünürsüz. Araq içmirsiz, pul yığırsız. Yumruq davası eləmirsiz, qiybət eləyirsiz. Hələ utanmayıb, Allaha da yaltaqlanırsız ki, sizin üçün o dünyada da rahat yer düzəltsin..."
...Bir-iki gündən sonra Şmideni televizorda gördüm. (Bəxtiyar Vahabzadə ilə bir yerdə idilər). O zaman alman şərqşünasını məndən məharətlə gizlətdilər. Şmidenin Bakıya başqa bir gəlişində mən onunla – “Azərbaycan” mehmanxanasının qabağında – təsadüfən rastlaşası oldum. Şmide kimisə gözləyirdi. Yanında bir nəfər – mənim tanımadığım adam da vardı. Elə o adam da məni Şmide ilə tanış elədi. Və o adam, telefonla danışmaq üçün bizdən bir-iki dəqiqəliyə aralananda Şmide sanki kimdənsə qorxa-qorxa mənə:
- Sizin nə çox düşməniniz var! – dedi və boylanıb ehtiyatla yan-yörəyə baxandan sonra bayaqkından da yavaş səslə əlavə elədi: - Əgər “Adamlar və ağaclar”ı Türkiyədə nəşr etdirsəm, burda Sizi incitməzlər ki?
- Yox, - dedim. – Məni nəyə görə incitməlidirlər?
Daha Şmide məndən heз nə soruşmadı və mən də ona ayrı heç nə demədim.
BU, MƏNİM ƏHMƏD ŞMİDE İLƏ İLK VƏ SON GÖRÜŞÜM OLDU.
Məndə yavaş-yavaş bir qəribə bədbinlik ovqatı başlanırdı və ən dəhşətlisi bu idi ki, daha yazmağa da ürək qızmırdı. Qızanda da – Qədir kimi “bioloji dissidentin” od püskürən nəfəsi mənim qələmimin ucunda, heç özüm də bilmədən, məsələn, “Büllur külqabının nağılı”ndakı Mirzə Manaf vücudda, məzlum, qorxaq, sanki ana bətnindən ona-buna baş əymək üçün doğulan ölü tale sahiblərinin xəstə ciyərinin boğuq xırıltısına çevrilirdi. O dövrdə - “Ulduz” jurnalında və “Ədəbiyyat qəzeti”ndə ara-sıra çap olunan “Şanlı məktub”, “Tarçı Vəli”, “Təmiz mahnı”, “Yaz havası”, Bal ətri”, “Əgər tapışmasaydıq”, “Göy sulu dəniz” kimi hekayələrimdəki bədbinlik, çıxılmazlıq ovqatı mənim əvvəlki, hətta ən qüssəli yazılarımın da heç birində heç vaxt olmamışdı.
Bir müddət canımı içkiyə basdım. Və yəqin ki, mənim, “pyanıska” həyatı keçirməyimə Allahın rizası olmadığına görə, hər içəndə bir-iki dost-tanışı acılayıb, özümə, az vaxtda, bir xeyli “təzə” düşmən də qazandım.
Burası heç nağıl süjetinə də sığışmayan (xalis “şekspirvari”!) komik və faciəvi bir şey idi: Yazıçılar İttifaqı povestdəki Qədiri söyüb-yamanladıqca mən elə bil onu, yəni Qədiri həyatda əvəz eləməyə bir qəribə ehtiyac duyurdum. Qədirin o povestdə Ərşada, Qeybullaya dediklərini həyatda kiminsə üzünə deməyə sanki mən hər addımda fürsət axtarırdım. “Sən üzünə marksist maskası taxmış miskin bir feodalsan!...” – Bu sözləri, öz kabinetindəcə - Süleyman Rüstəmdən tutmuş, Abbas Abdullayacan – xeyli adamın yanında mın bir gün bir iclasda Mirzə İbrahimovun gözünün içinə deyəcəkdim. Və üzündə ziyalılığın və alicənablığın – parıltısı düşmən gözü çıxaran – sürtük maskasını böyük həzz ilə gəzdirən həmin o “Doroqoy” ləqəbli Calal Cabbaroviç – Mirzə müəllimi müdafiə etməkdən ötrü – sıçrayıb ayağa qalxanda mən ona: “OTUR! – deyəcəkdim. – SƏNİN NƏ DEYƏCƏYİN MƏLUMDUR... VARLIĞIN ÜÇ QƏPİYƏ DƏYMƏZ VƏ SƏNƏ DİKTANT YAZDIRSALAR, “ÜÇ” ALA BİLMƏZSƏN. ANCAQ BİZƏ YAZMAQ DƏRSİ ÖYRƏDİRSƏN, ÇÜNKİ ALLAH SƏNİ DƏ BELƏ NADAN YARADIB!..”
Mən qapını çırpıb o iclasdan çıxıb gedəcəkdim. Və Məmməd Araz dalımca qaçıb, bir azdan Fioletov klubunun qabağında məni haqlayacaqdı: “Qayıt gedək. Qayıtmasan çox pis olacaq. Bunlar gedib yuxarılarda da aləmi qarışdıracaqlar. Sənin iclasdan qaçmağına siyasi rəng verəcəklər. Pis oldu, çox pis oldu Sakitcə oturmuşdum, birdən hirslənib çıxdın özündən. Calal Məmmədovu lap birtəhər elədin. Eybi yoxdu, yuxarıya çağırsalar, deyərsən, çox hirslənmişdim, özümü idarə eləyə bilmədim. Bərk ayaqda üzr istəyərsən, qurtarıb gedər. Ancaq iclasdan qaçmaq olmaz. Xeyrulla Əliyev də bərk narahat olub. Məni göndərdi ki, səni qaytarım iclasa".
On ildən də çox bir müddətdə həmişə özümə böyük qardaş saydığım Məmmədin sözündən çıxa bilməyib, mən təzədən o iclasa qayıdacaqdım. Ancaq bu hadisədən sonra, mən xeyli vaxt Yazıçılar İttifaqının kandarından ayaq içəri qoymayacaqdım... Və bundan altı-yeddi il sonra (bu dəfə mənim kabinetimdə!) biz Mirzə müəllimlə bir daha üzbəüz oturacaqdıq.
Amma yox. Bir azca səbir eləyin. Mirzə müəllimlə “Azərbaycan” jurnalının redaksiyasındakı bu görüşü qələmə almağa mən, deyəsən, çox tələsdim. Axı bizim – hələ Yazıçılar İttifaqındakı o “davalı” iclasdan xeyli qabaq – 1968-ci ildə (mən “Gənclik” nəşriyyatının baş redaktoru vəzifəsində təzəcə işləməyə başlayanda) Mirzə müəllimlə bir toqquşmamız da olmuşdu.
Nəşriyyatın tematik planında "Mirzə İbrahimovun dramaturgiyası" adlı kitab vardı. (Müəllifi Abbas Hacıyev idi). Adından da göründüyü kimi, bu kitab sırf nəzəri kitab idi, hətta bəlkə o dövrün neçə-neçə namizədlik, ya doktorluq dissertasiyalarından biri idi.
Mən hələ direktora heç nə deməmiş kitabın nəşrini dayandırdım. Sonra – məsələnin üstü açılanda – direktorla şərtimiz belə oldu ki, mən bu işin tam məsuliyyətini öz boynuma götürürəm və məsələ qəlizləşərsə, Mirzə İbrahimovun bu şərti qəbul eləməyinə mən hətta sevindim də. Çünki mən özüm də cavan yazıçı idim və buna heç bir şübhəm yox idi ki, Abbas Hacıyevin – məncə, özündən savayı heç kəsə lazım olmayan – o kitabının yerinə beş-üç gənc yazıçının ilk kitabını buraxmaq (bu işin ictimai əhəmiyyəti hələ bir yana dursun) elə Allahın nəzərində də, bəlkə, nəşriyyatın “markasını” xeyli yuxarı qaldıra bilərdi. Bir də, görünür, əvvəlcədən ürəyimə dammışdı ki, mən o nəşriyyatda çox işləyə bilməyəcəyəm – buna görə də, orda işləyəcəyim müddətdə heç olmasa ən istedadlı gənc yazıçılardan bir neçəsinin kitabının nəşr olunmasına yaman tələsirdim. Və bu işdə çox vaxt Rəsul Rza dadıma çatırdı, çünki nəşriyyatın direktoru mənim fikrimlə hesablaşmağa hərdən məcbur olsa da, hər halda Rəsul Rzanın sözündən çıxmağa heç vaxt cəsarət eləmirdi.
Mən o kitabın nəşr olunmayacağını Abbas Hacıyevə deyəndə Abbas müəllim mənim kabinetimdən elə “tüstülənə-tüstülənə” çıxdı ki, dedim yəqin ki, bir azdan şəhərin yarısı alışıb yanacaq. Amma o gün şəhərə heç nə olmadı. Və hətta bundan bir-iki gün sonra telefonun dəstəyini götürüb, Mirzə müəllimin səsini eşidəndə də mən o səsdə hər halda yaxın gələcəkdə şəhərdə hər hansı bir bədbəxt hadisə olacağını hiss eləmədim:
- Əkrəm, bala, axı sen bilirsən ki, mənim haqqımda nə qədər kitab çıxıb. Bir kitab az, bir kitab çox – mənə bundan nə olacaq ki?.. Ancaq, bala, axı Abbas Hacıyev də bizim tanınmış, görkəmli, böyük alimimizdi.
Ədəbiyyatımızın cəfakeş tədqiqatçısıdı. İndi, nə olar, bu kitabını da səhv eləyib, mənim pyesalarımdan yazıb. O kitab mənə lazım deyil, bala, xalqa lazımdır. Sən cavan oğlansan. Özün də ağıllı oğlansan. Sən gərək belə şeyləri biləsən axı...
Mirzə müəllim yəqin ki, özünün Yazıçılar İttifaqındakı kabinetindən zəng eləyirdi və Abbas Hacıyev də, söz yox, o kabinetdə idi.
Mən bir müddət Mirzə müəllimə deməyə söz tapmadım, çünki özü ilə bağlı olan hər şeyin özünə yox, məhz xalqa lazım olduğunu öz dili ilə demək qədərində müzür və miskin bir missiyanı əvvəlcədən boynuna götürən bir adamla "adam dilində" danışmaq doğrudan da çox çətindir.
- Axı biz o kitabı xalqa lazım olmadığına görə dayandırmamışıq, Mirzə müəllim. Bizim nəşriyyatın profilinə uyğun olmadığına görə saxlamışıqkere saxlamışıq.
Telefonda bir anlıq sükut. Sonra:
YAXŞI, BAXARIQ! – Mirzə müəllim dəstəyi yerə qoydu.
Və bu “yaxşı baxarıq”ın nə demək olduğunu mən bir müddətdən sonra, dəqiq desəm, 1971-ci ildə Mirzə İbrahimovun Azərbaycan Yazıçılarının V qurultayındakı məruzəsinə qulaq asanda az-çox dərk eləyə bildim: “Əkrəm Əylislinin fəlsəfi əsası dumanlı və qaranlıq olan “Kür qırağının meşələri” povesti oxucuda pessimist fikirlər doğurur, onu çıxılmazlıq və çarəsizlik girdabına atır. Povestdə müəllifin estetik pozisiyası aydın deyil. Povestin qəhrəmanı Qədir öz çirkin hərəkətləri ilə insanda ikrah oyadır. Qədirin daxili aləmi bizim etik və əxlaqi normalara sığmır” .
Oxucudan çox-çox istəyib, yenə, necə deyərlər, birini qoyub, o birinə keçəcəyəm.
"Gənclik” nəşriyyatının baş redaktoru vəzifəsində mən vur-tut ikicə il işlədim. Sonra – Mərkəzi Komitədə Cəfər Cəfərovun, Mətbuat Komitəsində İsrafil Nəzərovun yanına bir xeyli yol döyüb, axırda o nəşriyyatdan güc-bəla başımı götürüb qaça bildim. Bunu mən desəm də, deməsəm də, bilənlər yaxşı bilir ki, mənim o nəşriyyatda işlədiyim ikicə il həyatın o zamankı gedişatına, azdan-çoxdan, öz təsirini göstərmişdi. Məsələn, Əli Kərimin ilk sanballı kitabı – “Qaytar ana borcunu” – o zaman mənim səylərimin nəticəsində işıq üzü görmüşdü. O ikicə ilin içində Ramiz Rövşənin İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, Mövlud Süleymanlının – dövrün, Mirzə müəllimin təbirincə desək, “etik və əxlaqi” normalarına heç bir yöndən “aydın” cavab verməyən ilk kitabları biri-birinin dalınca nəşr edilmişdi. O zaman Rusiyanın özündə hələ təzə-təzə özünə yer eləyən – Antonov, Tendryakov, Maksimov, Belov kimi “şübhəli” müəlliflərin əsərlərindən və o dövrdəki intellektual-fəlsəfi hərəkatın önündə gedən Kamyu, Sartr, Erenburq tipli “mübahisəli” şəxsiyyətlərin publisistik çıxışlarından ibarət kitabların nəşri planlaşdırılmışdı.
Ancaq, burası da vardı ki, nəşriyyatda işlədiyim o iki ildə mən özümün də yazıçı olduğumu az qala tamamilə yadımdan çıxarmışdım. Maddi cəhətdən də heç nə yiyəsi olmamışdım: bunu maaşsız qaldığım ilk aylardaca aydınca hiss elədim. Bir yandan da o iki ildə heç nə yazmamağın acı peşmançılığı birdən-birə Əzrayıl kimi xirtdəyimə çökdü. İndi mən oradakı o boşluğu doldurmağa yaman tələsirdim və bəlkə buna görə də yazmaq məndən ötrü dəhşətli dərəcədə çətin olmuşdu.
Və həyatımın belə bir böhranlı zamanında mənə xəbər verdilər ki, Gənc Tamaşaçılar teatrı (Mədəniyyət Nazirliyinin təklifi ilə) “Nəğməkar bibim”i tamaşaya qoymağa hazırlaşır və mən, təcili surətdə, povesti səhnə üçün işləməliyəm. Bu münasibətlə mən – lap indinin özündə də hər yadıma düşəndə ürəyimi mülayim bir işıqla dolduran – gözəl bir yaz günü “TYUZ”un o vaxtkı baş rejissoru Nəsir Sadıqzadənin yanına getdim.
Nəsir müəllim (yəqin ki, MƏDİNİNİN povestdəki ağır taleyini pyesdə nisbətən yüngülləşdirməyi lazım bildiyinə görə) qadınların müharibə dövründəki çətin həyatına dair özünün də bir çox müşahidələri olduğunu söylədi və bu söhbətin əsnasında sözgəlişi dedi ki, öz kəndimizdə mən özüm belə bir hadisənin şahidi olmuşam: cavan, gözəl bir gəlin - əri müharibədən qayıdan gün – evdən kuzəni götürüb, guya bulaqdan su gətirməyə gedir və gedib Kürdə özünü boğur.
Bundan sonra Nəsir Sadıqzadənin nə deyib, nə demədiyini mən daha eşidə bilmədim, çünki onun sözgəlişi dediyi o “kuzə və gəlin” əhvalatından mənim qulağım da, ürəyim də bir povestin havası ilə artıq ləbələb dolmuşdu. Bir vaxt (Hələ Moskvada tələbə ikən) bir gecə yuxuda gördüyüm o çiyni kuzə ilə - suya getdiyi (ya sudan gəldiyi) o qəribə aran kəndinin bu dünyada bir konkret yeri-yurdu da vardımı görəsən?.. Aha, aman Allah, əgər o kənd Kür qırağında deyildisə, bəs haradaydı?..
Bax, “yazıçı fantaziyasının” belə-belə qəribə işləri də olurmuş! Mən hara? Kür hara, Ağdaş hara?.. Və madam ki, söhbət Kürdən, Ağdaşdan düşdü, mən o Nənəmovu – Fikrət Qocanı bir də necə yada salmaya bilərəm!..
Kür barədə, Kür qırağı barədə mənim xatirimdə nə varsa, hamısı birbaşa Fikrətlə bağlıdır. Mən Kürü – yaxın məsafədən – ilk dəfə Fikrətlə bir yerdə görmüşəm. Mən Kürün qırağında Fikrətlə, pis-yaxşı, qırqovul, balıq ovçuluğu eləmişəm... Bir dəfə, yayın cırhacırında (ömrünü Kür qırağında keçirmiş bir təzə tanışımızla) bolluca yemək-içmək götürüb, qayıqla Kürün o yankı sahilinə keçdik. Orda, bütün günü, balıq tutduq kabab çəkdik, araqdan-çaxırdan vurub, kef elədik.
Biz ordan geri qayıtmağa hazırlaşanda artıq gecə saat 12-ni keçmişdi. Hər tərəf süd kimi ay işığıydı. Birdən Fikrətin ağlına nə yerləşdisə, pal-paltarını qayığın içinə tullanıb, özünü Kürə vurdu. Kürsahili adamı olmasam da, üzmək məsələsində Nənəmovdan geri qalmadığıma arxayın idim. Fikrətin dalınca mən də suya atıldım. Çayın axarı – sahilə yetişəndə - bizi biri-birimizdən bəlkə üç-dörd yüz metr aralı sala bildi. Ancaq o üzməyin ləzzəti heç vaxt yaddan çıxmadı...
...Və heç vaxt unutmayacağım o yaz günü teatr binasından şəhərə çıxanda da mən elə bil yol getmirdim, Kürün məxmər sularında asta-asta üzürdüm. Şəhərdəki işıq da elə bil gün işığı deyildi, o xumar, xoşbəxt Ayın “ürəkçimizdirən” süd kimi işığıydı. O yolu gedə-gedə mənim damarlarımın içində, vallah, qan yerinə, elə bil Kürün suyu axırdı. Bəli, mən o gün o teatrdan ürəyimdə bir təzə povest aparırdım və ürəyimdəki o povestin yerinə cibimdə bir milyon pul olsaydı, inanın ki, o pul o povestin ləzzətini ver bilməzdi.
"Kür qırağının meşələri"ni mən düz altı günə yazdım. ("Nəğməkar bibi"nin səhnələşdirilməyi, əlbəttə, naməlum bir vaxta qaldı).
O povesti yazandan sonra ömrün nəşriyyatda itirilən o iki ilinin ağrısı azaldı. Məndə özümə az-çox inam yarandı, hörmət əmələ gəldi. Ancaq mən hardan biləydim ki, cəmi-cümlətani 15 kitab vərəqi həcmində olan bu yazı aylar, illər uzunu Mirzə müəllimin yuxusuna haram qatacaqdı, Azərbaycan ədəbiyyatının ideya-məfkurə saflığının keşiyində həmişəki kimi, yenə ayıq-sayıq dayandığını aşağıda, yuxarıda bir daha nümayiş etdirmək üçün bu xırdaca povest ona gen-bol meydan açacaqdı.
...İndi, çərxi-fələk bir qədər də gərdişi-dövran eləyəndən sonra biz Mirzə müəllimlə, bu dəfə, “Azərbaycan” jurnalının redaksiyasında üz-üzə dayanmışdıq. Özü də “çərxi-fələyin” bu dəfəki gərdişi, deyəsən, bir o qədər Mirzə İbrahimovun xeyrinə olmamışdı. (Mirzə müəllim daha Yazıçılar İttifaqının sədri deyildi). Bunu Mirzə müəllimin nəinki sınıxmış sir-sifətindən, hətta indicə başından çıxarıb, stolun üstünə qoyduğu bozumtul-göyümtül şlyapasının cüssəli “vidd-fasonundan” da görməmək mümkün idi. Əsəbiliyini imkan daxilində biruzə verməmək üçün, görünür, mənim kabinetimə girməzdən əvvəl də Mirzə müəllim öz içində xeyli “əməliyyat” aparmalı olmuşdu və onun öz içində apardığı o əməliyyatın qəhvəyi-sarımtıl “şirəsi” indi, (bir yüngülcə kosmetik boya kimi) Mirzə müəllimin solğun sifətində həkk olunmuşdu.
- Bala, Əkrəm, mənim o əsərimi niyə mətbəəyə göndərmirsən?
Söhbət Mirzə müəllimin artıq “Azdrama”da tamaşası qoyulmuş – “Don Juan” və yaxud buna oxşar “orijinal” adlı olan – pyesindən gedirdi. Redaksiyanın qovluğunda – burada neçə illərdən bəri yığılıb qalmış – bəlkə iyirmiyə yaxın pyes vardı. Və hələ mən bu işə təyin olunmazdan qabaq redaktor İsmayıl Şıxlı katiblik səviyyəsində məsələ qaldırmışdır ki, heç olmasa bir müddət jurnalda pyes dərc edilməsin.
Mirzə müəllimi, belə bir sıxıntılı və əsəbi vəziyyətdə görmək ürəyimi həqiqətən ağrıtdığına görə, bacardıqca mülayim və mehriban bir səslə:
- Vallah, özüm də çaşıb qalmışam, - dedim, - Mirzə müəllim. Redaksiyada, bəlkə on ildən bəri xeyli pyes yığılıb qalıb.
Ancaq, görünür, Mirzə müəllim evdən döyüşə tam hazır vəziyyətdə gəlmişdi:
- Sən mənim əsərimi başqalarıynan niyə qarşıdırırsan? – Bu sözləri Mirzə müəllim bir elə ucadan deməsə də, hər halda elə bir nifrət və qəzəblə dedi ki, mən ürəyimdə əlbəəl öz haqq-hesabımı aparmalı oldum.
Gördüm ki, mənim yumşaq danışmağımı bu adam zəiflik əlaməti hesab eləyib. Və bir daha əmin oldum ki, mən bu adamla yalnız Qədirin Qeybulla və Ərşadla danışdığı dildə danışmalıyam – bu nanəcib “missiyanı” tale namərdcəsinə mənim alnıma yazıb.
Ürəyimdə qərara gəldim ki, nə olur-olsun, bircə şantaja yol verməməliyəm.
Mən jurnalda pyes çap eləməyəcəyəm, - dedim. – Ayrı sözünüz varsa, buyurun.
- Niyə çap eləməyəcəksən?
Əvvəla, ona görə ki, pyes ilk növbədə səhnəyə qoyulmaq üçün yazılır, jurnalda çap olunmaq üçün yazılmır. İkincisi, bundan ötrü ayrıca jurnal var – “Qobustan” jurnalı. Az-çox bədii dəyəri olan pyesləri Anar o jurnalda həmişə çap eləyir. Üçüncüsü, mən sizin pyesinizin “Azdrama”da tamaşasını görmüşəm: çox bayağı və primitiv əsərdir.
Bu, sənin yanlış, subyektiv şəxsi fikrindi. Mənim əsərimin barəsində xalq bu fikirdə deyil.
Yenə: Xalq! Allah, özün kömək ol!
- Sizcə, jurnal redaktorunun şəxsi fikri ola bilməz?
Hamının şəxsi fikri ola bilər. Amma xalqın rəyi ilə razılaşmaq lazımdır.
- Pyesinizin haqqında xalq Sizə yazılı rəy verib?
Verib, bəli! - Bu yerdə Mirzə müəllim bir müddət fikrə getdi, ürəyində nəyisə götür-qoy elədi. – Mənə xalq teatrlarından gündə yüz dənə məktub gəlir. O pyesanı məndən istəyirlər. Mənə lazım deyil o pyesanın burda çap olunmağı. Teatrlarımıza və xalqımıza lazımdır.
- Azərbaycanda bəyəm neçə xalq teatrı var?
Onun sənə dəxli yoxdur. Sənin borcundu ki, jurnalda xalqın istədiyi əsərləri çap eləyəsən.
Sizin əsərinizin yerinə mən jurnalda heç bir xalq düşməninin əsərini çap eləməyəcəyəm, Mirzə müəllim. İstəyirsiz, bunu lap rəsmi kağızda yazım verim Sizə.
Mirzə İbrahimov – halsız bir şəkildə - yerindən durub, titrəyən gücsüz əlini stolun üstündəki şlyapasına uzadanda – mənə birdən-birə nə oldusa (bizi Yaradana and içirəm ki!) az qaldım uşaq kimi ağlayam, çünki Mirzə müəllimin güclü olmağı mənə heç cür sərf eləməsə də, onu bu dərəcədə gücsüz görməyi də mən heç vaxt arzulamamışdım. Bir də, axı haradasa Əylis vardı, o Əylisin – bu dünyada “GƏLƏCƏK GÜN” adlı bir kitabın olmağına haçansa mənimlə bir yerdə sevinən – dağı, daşı, otu, ağacı vardı. Və əgər bütün bunlar bu dünyada doğrudan da vardısa, indi kiminsə nəzərində bir az gücsüz görünməkdən axı mən nəyə görə bu qədər ehtiyat eləməliydim.
- Yaxşı, Siz deyən olsun, Mirzə müəllim, - dedim. – Sizin əsərinizi, istisna olaraq, elə bu gün mətbəəyə göndərəcəyəm. Mənə başqa sözünüz?
Allah, böyük Allah, axı sən niyə rəza bilmədin ki, mən bu yazıçıların hamısına həmişə yalnız yaxşılıq eləyim? Bax, elə bu Mirzə müəllimin gözlərində indi birdən-birə peyda olan bu – qohumluq, doğmalıq dərəcəsində - insani sifəti tez-tez və ya həmişə görməyi Sən mənə niyə qıymadın, Pərvərdigara: Axı mənim buna həmişə və bəlkə hamıdan çox ehtiyacım var!..
- Mənim sənə sözüm budu ki, bala, şəxsi ehtiraslara çox qapılma. – İndi Mirzə müəllimin yerinə elə bil Əylisin bir nurani qocası daşırdı. – Hələki, vəzifədəsən, çalış, adamlara yaxşılıq elə. Vəzifə müvəqqəti şeydir, oğul. Ancaq yaxşılıq bu dünyada həmişə qalır.
Bəli, tamamilə doğrudur, Mirzə müəllim. Ancaq siz gərək xalqdan bu dərəcədə uzaq düşməyəydiniz: Onda xalqın adından danışmağa, inanın ki, heç bir ehtiyac olmazdı!..
Mən Mirzə müəllimi kabinetdən – uzun koridor boyunca – pilləkənin başınacan aparıb yola saldım və qayıdıb, elə o saatca pyesi mətbəəyə göndərdim.
...Bundan təxminən 3 il sonra – Mirzə İbrahimov Yazıçılar İttifaqının sədri vəzifəsinə yenidən qayıdanda (və mən də hələ “Azərbaycan” jurnalının baş redaktoru ikən) biz onunla yenə görüşəcəkdik...