Xəbis qadın - Cek Londonun hekayəsi

Xəbis qadın - <span style="color:red;">Cek Londonun hekayəsi
1 oktyabr 2017
# 16:45

Lorettanın Santa Klaraya getməyinin arxasında Billi ilə ayrılmaq məqsədi dayanırdı. Billi isə bunu anlaya bilməmişdi. Bacısı ona xəbər vermişdi ki, Billi bütün gecəni otaqda gəzə-gəzə ağlayıb. Loretta özü də bütün gecəni yatmayıb ağlamışdı. Deyzi bunu bilirdi, çünki, Loretta onun qollarında ağlamışdı. Deyzinin əri Kapitan Kitt də bundan xəbərdar idi. Lorettanın göz yaşları və Deyzinin verdiyi narahatlıq onun yuxusunu qaçırmışdı.

Ancaq təbii ki, Kapitan Kitt yuxusunu qurban vermək istəmirdi. Bundan başqa, Lorettanın nə Billi ilə, nə də bir başqası ilə evlənməyini də istəmirdi. Kapitan Kitt hesab edirdi ki, Deyzinin ev işlərində bacısının köməyinə ehtiyacı var. Lakin o bunu hamının yanında demirdi. Bunun əvəzində isə söyləyirdi ki, Loretta, evlilik haqqında düşünmək üçün hələ çox gəncdir. Lorettanı Xanım Heminqueygilə də yollamaq Kapitan Kittin ideyası idi. Orada heç bir Billi olmayacaqdı.

Loretta Santa Klaraya getməzdən əvvəl onu inandırdılar ki, Kapitan Kittin ideyası yaxşı ideyadır. Birincisi, Billi inanmasa da, Loretta Billi ilə evlənmək istəmirdi. İkincisi isə, Kapitan Kitt inanmasa da, Loretta Deyzini qoyub getmək istəmirdi. Lorettanın Santa Klarada olduğu iki həftə ərzində o tamamilə əmin oldu ki, Billi ilə evlənmək istəmir. Lakin Deyzini tərk etmək istəmədiyi barədə əmin deyildi. Bu ona görə deyildi ki, o, Deyzini az sevir, ona görə idi ki, bu barədə bəzi şübhələri var idi.

Lorettanın gəlişi günü Xanım Heminqueyin ağlına anlaşılmaz bir plan gəldi. Sonrakı gün o, həyat yoldaşı Cek Heminqueye bildirdi ki, Loretta o qədər saf bir varlıqdır, əgər onun bu şirin sadəlövhlüyü olmasaydı, o şəksiz-şübhəsiz bir axmaq sayılardı. Bunu sübut etmək üçün Xanım Heminquey həyat yoldaşına bir neçə şey deyərkən, əri gülməkdən özünü saxlaya bilmədi. Üçüncü gün Xanım Heminqueyin planı daha da bəlli oldu. Daha sonra o, məktub yazmağa başladı. Sonda isə zərfin üzərində belə yazdı: “Cənab Eduard Başford, Afina Klubu, San Fransisko”.

“Əziz Ned!”- məktub belə başlayırdı. Xanım Heminquey bir zamanlar, evlilik həyatına başlamazdan əvvəl Ned onu üç həftə içində möhkəm sevmişdi. Lakin, o daha əvvəldən ona qarşı fikri olan Cek Heminqueyə razılıq verdi. Özünün də ona qarşı ürəyi var idi; Ned Başford filosofanə tərzdə bu məsələ üzərində ürəyini sındırmadı. Sadəcə fəlsəfədən topladığı oxşar təcrübə ehtiyatını daha da artırdı. O, mahir və temperamentli bir yunan idi, yorğun yunan. Nitşedən sitat gətirməyi sevərdi; bunun əlaməti olaraq da coşqun həqiqət axtarışı xəstəliyinə tutulmuşdu; bu axtarış onu kifayət qədər təcrübəli, gözüaçıq, dərindüşüncəli və daha heç vaxt gənclik çılğınlığını həqiqət sevgisinə bulaşdırmayacağı qədər ağıllı etmişdi. “Görünüşə ibadət etmək…”- o tez-tez bu ifadəni sitat gətirirdi – “…formalarda, səslərdə, sözlərdə, görünüşün bütün Olimpsində inanmaq”. Bu müstəsna sitatı həmişə belə bitirirdi: “Bu yunanlar dayaz olublar – DƏRİNLİKDƏN UZAQ!”

O, əslində yorğun və əzgin gənc bir yunan idi. Qadınlar “xəyanətkar və yalançı” olur sözlərini günlərcə təkrarlayır, bu isə onu özünün fəlsəfi sakitliyindən pessimizmə aparıb çıxarırdı. O, qadınların sədaqətinə inanmırdı, lakin öz alman ustadına sadiq qalaraq, qadınların yalançılığını ört-basdır edən maskalarını da qopartmırdı. Onları görünüşünə görə qəbul etməyə və bunu da ən yaxşı şəkildə etməyə razı idi. O dayaz idi – DƏRİNLİKDƏN UZAQ.

“Cek deyir ki, sənə mütləq çatdırım ki, burada böyük bir hovuz var və gələndə balıq tilovunu da gətir” – xanım Heminquey öz məktubunda yazırdı. O, məktubda digər şeylər barəsində də yazdı. Xanım Heminquey dedi ki, ona başdan-ayağa həqiqi, ləkəsiz, günahsız bir qadın göstərəcəm. “Yer üzü hələ belə kələksiz, eyibsiz qönçə görməyib” ifadələri ilə o öz niyyətini ifadə etdi və ərinə qalibanə tərzdə dedi: “Əgər bu dəfə də Nedi evləndirə bilməsəm…” cümləsinin sonunu ifadə etmək üçün söz tapa bilmədiyindən yarımçıq qoydu.

Ürəyinə daman bütün pis şeylərin əksinə olaraq, Loretta, Santa Klarada özünü xoşbəxt hiss edirdi. Əslində, Billi ona hər gün yazırdı, lakin onun məktubları mövcudluğundan daha az əziyyət verirdi. Həmçinin, Deyzidən uzaq düşmə sınağı onun gözlədiyi kimi də ağır olmadı. Həyatda ilk dəfə idi ki, Deyzinin parlaq və yetkin şəxsiyyətinin kölgəsində qalmırdı. Xanım Heminquey təvazökarcasına və utanmadan arxa plana çəkilərkən, Loretta bu cür əlverişli şərtlər altında sürətlə ön plana gəlirdi.

Loretta özünün zəif bir işartı yox, gur bir işıq olduğunu kəşf etdi. Tamamilə şüursuz şəkildə baş verənlərin kiçik mərkəzində olurdu. Pianonun qarşısına keçəndə onun üçün səhifələri çevirən və müəyyən mahnıları seçən kimsə tapılırdı. Əl dəsmalını yerə salanda biri onu götürürdü.

Gəzintiyə çıxanda, çiçək toplayanda kimsə onu müşayiət edirdi. O, sakit suya, yemlə bir yerdə tilovu onun leskasını sualtı köklərə və kola ilişdirmədən atmağı öyrənmişdi.

Cek Heminquey balıq tutmağı yeni öyrənməyə başlayanları öyrətməyə həvəsi olmurdu və çox vaxt balıq tutmağa özü tək gedirdi. Ona görə də, Ned Başfordun Lorettaya tamaşa etmək üçün kifayət qədər vaxtı var idi. Belə ki, Loretta onun bütün fəlsəfəsinə uyğun idi. Qızın mavi gözləri oğlanın birbaşa diqqətində idi və fikrinin dərinliyində Ned onlardan məmnun olurdu. Lakin onun fəlsəfəsinə görə, o gözlərin dərinliyində bir hiyləgərlik olacağını da unutmaq olmazdı.

Qamətində çiçək zərifliyi, şəffaf forfor kövrəkliyi vardı. Bütün bunlardan zövq alan Ned, etiqad etdiyi Bernard Şounun və həyat fəlsəfəsinin ziddinə gedirdi.

Loretta çiçək açmışdı. O, çox sürətlə şəxsiyyətini inkişaf etdirir, özündə Deyzinin əbədi arzu və istəkləri ilə bağlı olmayan arzu və istəklər kəşf edirdi. Cek Heminquey onu əzizləyir, Alisya Heminquey ərköyünləşdirir, Ned Başford isə müntəzəm şəkildə qeydinə qalırdı. Onlar onu daha da şıltaqlaşdırıb, etdiyi səfehliklərə güldükcə, o da gözəl və zərif qadınların hamısında gizlənən xırda tiranlıq hisslərini özündə inkişaf etdirirdi. Ətrafı ona həmişə Deyzi ilə yaşamaq arzusunu unutdururdu. Billi ilə tərəf müqavili olmaq istəyi, daha onu əvvəlki kimi həvəsləndirmirdi. Billini daha çox gördükcə Deyzidən uzaqda yaşaya bilməyəcəyindən daha çox əmin olurdu. Ned Başfordu gördükdə isə Deyziyə olan ehtiyacını unudurdu.

Beləcə, Ned Başford başqa hər şeyi ağlından çıxartdı. O, dərinliklə dayazlıq arasında çaş-baş qalır və onların eyni olduğunun fərqinə varana qədər reallıqla görüntünü bir-birinə qarışdırırdı. Loretta başqa qadınlardan fərqli idi. O, maskasız, göründüyü kimi idi. Ned bunları Xanım Heminqueyə danışanda Xanım Heminquey onunla razılaşır və ərinə məharətlə göz vururdu.

Bu həmin vaxt idi ki, Loretta, Billidən həmişəkindən fərqli olan bir məktub almışdı. Əsasən onun bütün məktubları pataloji olurdu. Bu məktub isə onun əzablarının, əsəblərinin yuxusuzluğunun və ürəyindəki vəziyyətin, simptomlarının uzun təsvirindən ibarət idi. Daha sonra ard-arda əvvəllər heç vaxt etmədiyi ittihamlar gəlirdi. Bütün bunlar Lorettanı ağladacaq qədər sərt, üzünə dəhşətli ifadə gələcək qədər həqiqi idi. O, bu faciəni nahar stoluna da gətirib çıxartdı. Bu isə Cek və xanım Heminqueyi şübhələndirdi, Nedi isə narahat etdi. Onlar Nedə izah gözləyici nəzərlərlə baxdılar, lakin o başını yellədi.

“Axşama qədər nə baş verdiyini öyrənəcəm” – xanım Heminquey ərinə dedi.

Lakin Ned günorta saatlarında qonaq otağında Lorettanı yaxaladı. Loretta dönüb getmək istəyəndə Ned onun əllərindən tutub saxladı. O, yaş kirpik və titrəyən dodaqlarla Nedlə üz-üzə dayandı. Ned ona sakit və mərhəmətlə baxdı. Qızın kirpikləri daha da yaşlandı.

“Bəsdi, ağlama balaca” – mehribanlıqla dedi.

O, əllərini onu müdafiə edərcəsinə Lorettanın çiyninə qoydu. Loretta isə yorğun uşaqlar kimi üzünu onun çiyninə söykədi. Ned uzun sürən xəstəlikdən ayılmış kimi, yunanlara xas olmayan şəkildə valeh olmuşdu.

“Ah, Ned, bir bilsəydin mən necə də xəbisəm!”- Loretta onun çiynində hönkürdü. Ned iltifatla gülümsədi və Lorettanın saçının ətrini içinə çəkərək dərin nəfəs aldı. O, qadınlar barədə təcrübəsiz olduğunu düşünüb yenidən dərin bir nəfəs aldı. Ned öz-özünə dedi: “Bu, onun saf uşaq şirinliyindən – ağ qəlbinin genişliyindən irəli gəlir.”

Daha sonra qızın hönkürtüsünün artdığını gördü.

“Nə olub sənə, balaca?”- o, əzizləyici və daha çox ata nəvazişi tərzdə soruşdu – “Cek səni incidir, yoxsa əziz sevimli bacın daha sənə yazmır?”

Loretta cavab vermədi və Ned hiss etdi ki, onun saçından öpməlidir. Vəziyyət bir az da bu cür davam etsə idi, o, artıq nə edəcəyini bilmirdi.

“Söylə görüm, nə edə bilərəm səninçün?” – Ned mehribanlıqla soruşdu.

“Deyə bilmərəm. Sən mənə nifrət edəcəksən. Ah, Ned, çox utanıram!”

Ned inamsızcasına güldü və dodaqları ilə yüngülcə qızın saçlarına toxundu—elə yavaş toxundu ki, qız özü də hiss etmədi:

“Əziz balaca, hər nədirsə gəl bunu unudaq, mən sənə demək istəyirəm ki, səni”

Loretta sevincdən hönkürdü və daha sonra isə inildədi:

“Çox gecdir!”

“Çox gecdir?” – Ned təəccüblə təkrarladı.

“Ah, niyə mən? Niyə mən?” – qız inildədi.

Ned ürəyində soyuq bir ürpərti hiss etdi.

“Nə?”- o, soruşdu.

“Ah, mən… o… Billi…”

Mən elə xəbis qadınam ki, Ned! Bilirəm ki, sən bir də heç vaxt mənlə danışmayacaqsan”.

“Bu Billi…”- Ned tərəddüd etməyə başladı. – “O sənin qardaşındır?”

“Xeyr… O… Mən bilmirdim. Mən çox gənc idim. Heç nə edə bilməzdim. Ah, indi dəli olacam! Dəli olacam!”

Bundan sonra Loretta onun çiyninin və ona sarılan qolunun boşaldığını hiss etdi. Ned nəzakətlə onu özundən araladı və böyük stula əyləşdirdi. Loretta üzünü əllərinin arasında gizlədib yenidən hıçqırdı. Ned hiddətlə bığlarını eşdi, daha sonra özünə də bir stul çəkib oturdu.

“Mən… Mən başa düşmürəm,” – o dedi.

“Mən elə bədbəxtəm ki”- Loretta nalə qopardı.

“Niyə bədbəxtsən axı?”

“Çünki… O… O istəyir ki, mən onunla evlənim”.

Nedin sifəti bir qədər açıldı və o əlini ehmalca qızın əllərinin üstünə qoydu.

“Bu hansısa qızı qəmgin etməməlidir”- Ned arifanə tərzdə bildirdi. – “Çünki, sən onu səbəbsiz sevmirsən—Sən dəqiq onu sevmirsən?”

Loretta qəti şəkildə başını və çiyinlərini silkələdi:

“Nə?”

Başford əmin olmaq istəyirdi.

“Yox”- Loretta yerindən sıçradı. – “Mən Billini sevmirəm! Sevmək istəmirəm!”

“Əgər sən onu sevmirsənsə onun sənə sadəcə təklif etməyi sənin özünü bədbəxt hiss etməyin üçün səbəb deyil”- Başford əminliklə davam etdi.

Loretta yenidən hıçqırdı və hıçqırıqlarının ortasında ağlamağa başladı:

“Bütün bədbəxtlik də bundadır. Kaş mən onu sevəydim. Ah, kaş ölərdim!”

“Yox, əziz balacam, boş yerə narahat olursan”. O, digər əlini də o bir əli ilə çarpazlayıb qızın əllərinin üstünə qoydu. “Qadınlar hər gün belə edir. Ona görə ki, onlar ya fikrini dəyişir, ya da qərar verə bilmir. Xoşagəlməz sözlə ifadə etsəm, yəni kişini yoldan çıxarıb aldadırlar.

“Yoldan çıxarmaq!”- qız başını qaldırdı və yaş dolmuş gözləri ilə ona baxdı. -“Ah, Ned! Kaş ki, hamısı bu olardi!”

“ Hamısı?”- Ned əllərini qızın əllərindən yavaş-yavaş çəkərək boğuq səslə soruşdu. O nəsə demək istədi, lakin dinə bilmədi.

“Amma mən onunla evlənmək istəmirəm”- Loretta etirazla daha da irəli getdi.

“Onda evlənmə” – Ned məsləhətini bildirdi.

“Lakin mən onunla evlənməyə məcburam”.

“Məcbursan?”

Loretta başı ilə təsdiq etdi.

“ Bu elə-belə söz deyil”.

“Bilirəm, deyil”- Loretta titrəyən dodaqlarına nəzarət etməyə çalışa-çalışa səssiz-səmirsiz razılaşdı. Sonra da daha astadan danışmağa başladı. – “Mən xəbis qadınam, dəhşətli dərəcədə xəbis. Heç kəs mənim necə xəbis olduğumu bilmir, Billidən başqa”.

Araya səssizlik çökdü. Ned Başford qaşqabağını sallayıb Lorettanın üzünə qəribə-qəribə baxdı.

“O…Billi bilir?”- Ned nəhayət soruşdu.

Könülsüz baş hərəkəti və od tutub yanan yanaqlar buna bir cavab oldu.

Ned dəryalara qərq olan bir dalğıc kimi bir qədər öz-özüylə danışdı.

“Mənə bu haqda danış”- Ned çox ucadan dedi. “Sən mənə hamısını danışmalısan”.

“Bəs sən məni bağışlayacaqsan?”- Loretta titrək, nazik səslə soruşdu.

Ned tərəddüd etdi, uzun bir nəfəs aldı və düşüncələrə qərq oldu.

“Bəli”, Ned əlacsız tərzdə dedi. “Mən səni bağışlayacam. Danış”.

“Mənə deyən olmamışdı” – qız söhbətə başladı. Biz tez-tez bir yerdə olurduq. – “O zaman mənim dünyadan xəbərim yox idi”.

Qız düşünmək üçün fasilə verdi. Başford səbrsizcəsinə dodağını dişlədi.

“Əgər mən bilsəydim…”

Loretta yenidən dayandı.

“Hə, davam elə” – Ned təkid etdi.

“Biz demək olar ki, hər axşam bir yerdə olurduq”.

“Billi ilə?”- Ned qızı qorxudan qəzəblə soruşdu.

“Əlbəttə, Billi ilə. Biz bir yerdə o qədər olduq ki… Əgər mən bilsəydim… Bir adam yox idi ki, mənə desin… Mən çox uşaq idim…”

Loretta yenə nəsə deməyə hazırlaşdı və həyəcanla ona baxdı.

“Əclaf!”

Ned hirsindən boğularaq ayaqları üzərinə düşdü. İndi artıq yorğun yunan kimi yox, həddən çox əsəbi gənc bir adam kimi.

“Billi əclaf deyil, o yaxşı adamdır” – Loretta, Başfordu təəccübləndirən tərəddüdsüz bir tərzdə Billini müdafiə etdi.

“Mən güman edirəm ki, indi də bunun sənin öz günahın olduğunu deyəcəksən” – Ned kinayə ilə dedi.

Qız başı ilə təsdiq etdi.

“Nə?”- Ned qışqırdı.

“Hamısı mənim günahımdır” – qız qəti şəkildə dedi. – “Mən ona imkan verməməli idim. Günahkar olan mənəm”.

Başford aşağı-yuxarı addımlamağını dayandırdı və danışmağa başlayarkən səsi batdı.

“Yaxşı” – o dedi. – Mən səni heç nədə günahlandırmıram, Loretta. Sən çox dürüst oldun. Lakin Billi haqlıdır, sən səhvsən. Sən ona ərə getməlisən”.

“Billiyə?” – Loretta zəif, güclə eşidilə biləcək səslə soruşdu.

“Bəli, Billiyə. Mən bu işə kömək edəcəm. O harada yaşayır? Mən bunu edəcəm”.

“Amma mən Billi ilə evlənmək istəmirəm!” – qız qorxudan ağladı.- “Ah, Ned, siz bunu etməyəcəksiz, hə?”

“Edəcəm”- Ned sərt şəkildə cavab verdi. – “ Sən bunu etməlisən. Başa düşürsən?”

Loretta üzünü kreslonun arxasında gizlədib hıçqırtı ilə ağlamağa başladı.

Başford dinlədiklərindən yalnız bir şey başa düşə bilmişdi: “Amma mən Deyzini qoyub gtmək istəmirəm! Qoyub getmək istəmirəm!”

Ned qətiyyətlə irəli-geri addımlayırdı. Daha sonra isə dinləmək üçün dayandı.

“Mən necə bilə bilərdim ki?”- Loretta ağlayırdı. – “O mənə demədi. O vaxta qədər heç kim məni öpməmişdi. Heç vaxt fikirləşməzdim ki, öpüşmək belə dəhşətli ola bilər… o vaxta qədər ki….. o mənə yazana qədər. Mən bu səhər ondan məktub aldım”.

Nedin sifətinə işıq gəldi. Elə görünürdü ki, sanki, işıq onun üzərində parıldayır.

“Sən buna görə ağlayırsan?”

“Yo-Yoox”

Nedin ürəyi yenə ayağına düşdü.

“Bəs onda niyə ağlayırsan?”- o ümidsizcəsinə soruşdu.

“Ona görə ki, sən dedin ki, Billi ilə evlənməlisən. Mən isə Billi ilə evlənmək istəmirəm. Deyzini tərk etmək istəmirəm. Mən nə istədiyimi bilmirəm. Kaş ki, öləydim”.

Ned başqa cəhdə əl atdı.

“Bura bax, Loretta, açıq de. Bu öpüşə görədir? Sən mənə hər şeyi demisən?”

“Mən… Mən sənə hər şeyi demək istəmirəm”

Loretta qərq olduğu səssizlik içində yalvarıcı nəzərlərlə ona baxdı.

“Deməliyəm?” – o sonda titrək səslə dedi.

“Deməlisən!”- Ned əmiranə şəkildə dedi. “Sən hər şeyi deməlisən”.

“Yaxşı, bəs… mütləq?”

“Mütləq!”

“O…mən…biz… o…” – kəkələməyə başladı. Daha sonra isə birnəfəsə dedi – “Mən ona imkan verdim və o məni öpdü”.

“Davam elə!”- Başford ümidizlik içində əmr etdi.

“Elə bu” – qız cavab verdi.

“Elə bu?”- Ned inamsızlıqla dilləndi.

“Elə bu?” – qızın səsində də sual var idi.

“Deyirəm yəni, daha pis heçnə?” – Ned öz bacarıqsızlığından tamamilə xəbərdar idi.

“Daha pis?”- Loretta açıq-aşkar təəccübləndi. – “Başqa nəsə necə ola bilər ki! Billi dedi ki…”

“O bunu nə vaxt dedi?”- Başford qəflətən tələb etdi.

“Bu səhər aldığım məktubunda, Bill dedi ki, mənim…bizim…əgər biz evlənməsək bizim öpüşümüz dəhşətli ola bilər”.

Başfordun başı fırlandı.

“Billi başqa nə dedi?”- o soruşdu.

“O dedi ki, əgər qadın kişiyə onu öpməsinə icazə verirsə qadın onunla evlənir- əgər evlənməsə pis iş tutmuş olar. Billi həmçinin dedi ki, bu adətdir; mən isə dedim ki, bu pis, xəbis adətdir.

Bilirəm, mən dəhşətli adamam,…” – Loretta cəsarətlə əlavə etdi- “…ancaq öz əlimdə deyil” .

Başford qeyri-ixtiyari siqaret çıxartdı.

“Siqaret çəkə bilərəm?”- o kibriti yandıra-yandıra soruşdu.

Bundan sonra artıq özünə gəldi.

“Mən üzr istəyirəm” – kibrik və siqareti kənara tullayaraq qışqırdı. – “Mən siqaret çəkmək istəmirəm. Mən bunu heç istəmirəm. Mən istəyirəm…”

O, Lorettanın üzərinə əyildi, əllərini öz əllərinin içinə aldı, kreslonun qoltuğunda oturdu və ehmalca bir qolunu ona sarıdı.

“Loretta, mən axmağam. Mən bunu demək istəyirəm. Başqa demək istədiklərim də var. İstəyirəm ki, sən mənim arvadım həyat yoldaşım olasan”.

Bundan sonra səssizlik içində həyəcanla gözlədi.

“Mənə cavab ver”:- O, təkidlə dedi.

“Mən razılaşaram… əgər…”

“Hə, davam elə. Əgər nə?”

“Əgər mən Billi ilə evlənməli olmasam”.

“Sən hər ikimizlə evlənə bilmərsən”- Ned səsini qaldırdı.

“Bu cür adət yoxdur… necə… Billi necə dedi?”

“Yox, bu adət deyil. İndi mənlə evlənərsən, Loretta?

“Mənə əsəbləşməyin” – Loretta qaşqabağını salladı.

Ned onu qollarının arasına aldı və öpdü.

“Əgər belə adət olsaydı yaxşı olardı” – Loretta onun qollarının arasında güclə eşidilə biləcək səslə dedi. – “Ona görə ki, onda mən səninlə evlənməli olardım, elə deyil, Ned, əzizim?”

Tərcümə etdi: Günel Təhməzzadə /sim-sim.az/

# 1670 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #