Kulis.az Mübariz Cəfərlinin “Su” hekayəsini təqdim edir.
-...Baba, ətraf quraqlıqdı, amma bu kiçik yerdə cənnət yaranıb. Çünki cənnətməkan yerin tən ortasından çay axır. Necə olur bu?
- Allahın yaratdığı möcüzələrin sayı-hesabı yoxdu, bala...
- Yaxşı ki, bəxtim üzümə güldü, bura gəlib çıxa bildim, yoxsa ucsuz-bucaqsız səhrada ya vəhşi heyvanlara yem olacaqdım, ya da susuzluqdan öləcəkdim. Daha mən burdan heç yana gedən deyiləm. Amma bir şərtim var, baba, mənim kim, nəçi olduğumu soruşma, hardan gəlib, hara getdiyimi də xəbər alma...
Qoca dünyanın gərdişindən agah olanlara xas təbəssümlə gülümsünüb ağır-ağır başını tərpətdi:
- Yaxşı.
Səhranın cəhənnəmindən qurtulansa sorğu-suallarına ara vermədi:
- Burda elə ikimizik?
- Hə.
“Qurtulan” qulaqlarına inanmırmış kimi gözlərini bərəldib ürkək-ürkək yan-yörəyə nəzər yetirdi:
- Elə sənnən mən? – deyəsən, canına qorxu düşdüyündən səsini yavaşıtdı.
Qoca təsdiqlədi:
- Hə.
“Qurtulan” duruxub səsini kəsdi, lakin qəfil gülüb əlini-əlinə vurdu, qoca oturduğu iri kötüyün üstündə qurcalanıb aşağıdan-yuxarı müsahibinə baxdı.
- Yaxşı ki, elə ikimizik, baba, adamlar bizim nəyimizə gərəkdi, day heç kəsdən qorxub çəkinməyə dəyməz... Elə ikimiz yaşayarıq burda, mer-meyvələrdən yeyərik, çayda çimərik, çayın göz oxşayan dupduru suyu hər gün bizi təmizləyər...
- Su səni təmizləyə bilməz, sənin ruhun təmizlənməlidi...
- Bəs, ruh nə ilə təmizlənir ki?
- Yəqin ki, elə su ilə... – qoca gözlərini yumdu, sanki bayaqdan elə pal-paltarlı özünü çaya vuranı, əynindəki yaş paltarından süzülüb kötüyün dibinə axan suyun fərqinə varmayanı görmək istəmirdi, çünki görsəydi dilinin ucundakıları nagüman-nagüman da olsa yerli-yataqlı deyə bilməzdi. – Amma can özü hazır olmalıdı təmizlənməyə...
- Deyəsən, qocanın sözlərindən “qurtulan”ın ağlı bir şey kəsmədi və ürəyində özünü qınadı. “Qoca nəsə demək istəyir, ancaq inanmır mənə... Özüm düz eləmədim. Dedim ki, mənnən heç nə soruşma... Hardan biləydim ki, buralarda bu qocadan savayı ins-cins yoxdu? Neynək, çıxış yolu var, qocanın könlünü almaq üçün hər şeyi ona danışmaq gərəkdi, çünki qoca da olsa həyandı, təkbaşına heç nə eləmək olmaz, elə təklikdən, tənhalıqdan adamın bağrı çartlayar...”
Əyilib yerə qoyduğu heybəsinin ağzını açdı və bir ovuc qızıl çıxarıb qocanın ayağının altına tökdü, qoca qızılın cingiltisindən kirpiklərini bir-birindən ayırsa da ayağının altına baxmadı.
- Biz üç yoldaş qızıl axtarmağa yollanmışdıq, baba... Başımıza min bir müsibət gəlsə də sonda gizlədilmiş qızıl küplərini tapdıq... Amma bölüşə bilmədik. Qərara gəldik ki, vuruşaq, kim güclüdüsə, qızıllar da onun olsun. Yoldaşlarım məhv oldu, mən qalib gəldim, baba... Mənim zərrəcə günahım yoxdu... Çünki şərt kəsmişdik... Şərt şərtdi... Onlar da məni öldürə bilərdilər, belədə onların da günahı olmayacaqdı... Niyə dillənmirsən, baba? Suçlu olsam da əzab-əziyətimlə yumuşam günahımı, ölməmişdən o dünyanı görüb gəlmişəm... Sən özün necə, günahkar bilirsən məni?
- Mənim nə deməyimin fərqi yoxdu, məqamı yetişəndə sənin əsl dəyərini verən verəcək. Nigaran qalma, o tərəzidə əyər-əskik olmur. İntəhası, bir kisə qızıla görə min bir əzaba qatlaşmağın özü ağılsızlıqdı. İstəsən, mən sənə üç söz öyrədərəm. O sözləri gecəyarısı sidq-ürəklə çayın qırağında yavaşca desən, gözlərini yumub açınca çayın bütün suyu qızıla dönər.
“Qurtulan”ın yaş, soyuq bədənindən isti bir gizilti keçdi:
- Bəs, nəyi gözləyirik, baba? – bədəninin xoş giziltisindən səsi də titrədi. – İnanmıram ki, ömrünün bu çağında hökmdarlar kimi yaşamaq istəməyəsən. Özüm sənin qulun olaram, baba...
- Di gəl, bu işdə bir “əmma” var... Axı, çayın suyu qızıla dönsə, bu cənnətməkan yer məhv olar. Elə biz özümüz də susuzluqdan ölərik...
“Qurtulan” beynindən ildırım sürəti ilə keçən fikirləri dilinə gətirdi:
- Qoy məhv olsun! Bizim buralarda nə itimiz azıb? O ki qaldı susuzluqdan ölməyimizə, ona da çarə var... Sənin daxmandakı bütün qabları, səhəngləri bardaqları, əlimizə keçəni su ilə doldurub ehtiyat yığarıq, sonra qızıldan yükümüzü tutub yola düzələrik, yolçu yolda gərək... Görürsən, baba, hər şey elə su içmək kimi asandı...
Qoca ağappaq saqqalını tumarlayıb bu dəfə acı-acı gülümsündü, dikəlib ayağa qalxdı, irəli yeriyəndə “Qurtulan” nədənsə, çəkingən-çəkingən bir-iki addım geriləyib kürəyini iri, həmişəyaşıl ağacın gövdəsinə dirədi.
Qoca:
- Bəri dur, - deməsiylə bahəm, əlinin işarəsiylə də onu çağırmalı oldu.
Naməlum qorxu “qurtulan”ın canından çıxmadığından döyükə-döyükə xəbər aldı:
- Nolub?
- Heç nə, qulağını bəri gətir, gecəyarısı çayın bütün suyunu qızıla çevirəcək üç sözü deyəcəm sənə...
“Qurtulan”ın gözləri işıldadı, irəli cumub az qala qocanın ağzının içinə girdi...
... Deməli, hər şey hazırdı, hər şey ölçülüb biçilib, bütün bardaqlar su ilə doludu, lazımi ehtiyat görülüb, indi qalır üçcə kəlmə sözlə çayın suyunu qızıla çevirmək və qızıldan yükünü tutub tez-tələsik yola çıxmaq... Elə səhər açılmamış yola çıxmaq məsləhətdi, gün qalxanda səhrada yerimək bir yana, addım atmaq cəhənnəm əzabına çevrilir.
... “Qurtulan” gəlib çıxdığı cənnətməkan yeri neçə kərə o baş-bu başa gəzib əldən-ayaqdan düşsə də qocanı tapa bilmədi. Daxması da bomboşdu, köhnə taxtı da... Çarəsizlikdən səsinin yoğun yerinə salıb bir-iki ağız qocanı da çağırdı: “Baba! Baba! Hardasan, ay qoca, gedirik!” Gecənin qaranlığında səsi əks-səda verib özünə qayıtdı, qocadan hay çıxmadı.
Gah yeriyə-yeriyə, gah yüyürə-yüyürə qocanı axtarmağı onun bir “uzaqgörənliyinə” də kölgə saldı, gecə gözü yola çıxmağı alınmadı. Boş-boşuna vaxt itirdiyinə görə özünü qınasa da dərinə getmədi. Çünki təskinliyə də bəhanəsi vardı; əvvəla, qızıl, sonu görünməyən qızıl əlinin altında idi, ikincisi, qocanı tapmasa da onu axtarmaqla ürəyi rahatlamışdı ki, day mənlik deyil, günah məndən keçdi, nəhayət, üçüncüsü, elə dan yeri söküləndə, göz-gözü görəndə yola çıxmaq yaxşıydı, səhranın istisi bir zülümdüsə, soyuğu lap dəhşətdi, neynək, xeyirsiz ziyan yoxdu. Belə fikirləşsə də ürəyini ağlına gətirmək istəmədiyi bir fikir də deşirdi. Bəlkə qoca kömək gətirməyə getmişdi ki, gəlib çayın qızılını daşıyıb aparsınlar, silib süpürləsinlər, “qurtulan” nə vaxtsa bir də qayıdıb xəzinəsindən qızıl götürmək istəsə görsün lələ köçüb, yurdu qalıb. Qovmaq istədiyi fikir get-gedə böyüyüb-böyüyüb bütün varlığına hakim kəsilirdi, alnını soyuq tər basırdı, dodaqları quruyurdu, ancaq daha getməli idi, nə olacaqdısa, olacaqdı, oturub gözləməyin mənası yoxdu, gözləməyin sonu faciəli ola bilərdi, necə ki, qızılaxtaran yoldaşları... nə isə... Allaha pənah...Fəhmən hiss eləyirdi ki, daha ləngimək olmaz, bacardıqca tez buralardan uzaqlaşmaq gərəkdi. Ehtiyat üçün götürəcəyi su qabının birini də daxmada qoyacaqdı. Qocaya...
Yanğısını yatırmaqdan ötrü taxta mizin üstündəki parçı başına çəkdi. Ağzına yumru qızıl sikkələr gedəndə, mırıq dişləri gözlənilməz təmasdan gizildəyəndə düzü-düzünə ağlı yerindən oynadı, yaxşı ki, boğazına getməmişdi qızıl. Boğulub ölərdi. Ağzındakıları hirs-hikkə ilə mizin üstünə tüpürəndə qulağına qocanın xırıltılı, boğuq səsi gəldi. “Axı mən sənə dedim ki, çayın bütün suyu qızıla çevriləcək. Sənin ehtiyat üçün yığdığın su da çayın suyudu...”
“Qurtulan” udqunub əvvəlcə çarəsiz-çarəsiz ətrafına boylandı, qəfil dəli kimi hövllənib ağzını bərk-bərk bağladığı bardağın, qulplu səhəngin, dəmir su qabının ağzını açdı, qablar ağzınacan qızılla dolu idi. Şüşə qabın içinə pərçimlənmiş sikkələr alnını pəncərəyə dayayıb ağappaq səmaya baxan məhbusun sifətindəki sarımtıl kölgəyə bənzəyirdi. O isə məhbus deyildi, qurtulmuşdu. “Qurtulan” qocanın iri taxtına yayxanıb qəhqəhə çəkirdi, gülüşündən nəinki daxmadakı qızıl sikkələr, çayın qızıla dönmüş suyu da bir-birinə dəyib cingildəyirdi, “qurtulan”sa bunun fərqinə varmırdı, çünki bircə səsi qalmışdı, hərəkət eləmək nədi, qımıldanmağa da halı yoxdu. Deyəsən, yavaş-yavaş bütün bədəni qızıla çevrilirdi...
2015