Yalançı qəbirdən necə ziyarətgah düzəltdilər? - HEKAYƏ

Yalançı qəbirdən necə ziyarətgah düzəltdilər? - <span style="color:red;">HEKAYƏ
19 iyun 2017
# 11:51

Kulis.az Hədiyyə Şəfaqətin “Ziyarət” hekayəsini təqdim edir.

Köhnə qəbristanlığın qırağıyla axan arxın suyu dup-duruydu. Adil kişi özünü saxlaya bilmədi, çömbəlib oturdu, suya əyildi, damarları qabarıb çıxmış əllərini qoşalayıb bir ovuc su götürdü, üzünə çırpdı, gözlərini ovxalayıb ikinci dəfə arxa əyilirdi ki, arxada dayanan maşının səsini eşidib ayağa qalxdı.

Maşından orta yaşlı adam düşdü, gözündəki eynəyini düzəldib ətrafa baxındı, Adil kişinin üstünə yeridi.

Adil kişi yaş əllərini uşaq kimi qeyri-ixtiyari köynəyinin ətəklərinə sildi, yaxınlaşan kişiyə sarı iki addım atdı.

Qonaq əlini uzatdı, yumşaq, ağappaq barmaqları qocanın qabarlı əlinin içində görünməz oldu.

- Sabahınız xeyir!

- Aqibətin xeyir, oğul!

Adil kişi qonağı sorğu-suala tutmadı, gözlədi, nə axtardığını, nə istədiyini özü desin, soruşacağını özü soruşsun. Amma ürəyində fikirləşirdi ki, əcəba, ala-bəzək şərfi miləmil köynəyinin yaxasına sallanan, köhnə idman ayaqqabılı, aşırma çantalı adam Allahın yadından çıxmış ucqar kənddə nə axtara bilər, kimin qapısına qonaq gələ bilər? Fikrində "böyük adam olub" gedənləri sadaladı; Bakıda olanı vardı, Rusiyada yaşayanı vardı, kim bilir kimin kimsəsidir? "Buraların adamı deyil, sir-sifətindən heç kimə oxşamır" - düşündü Adil kişi - "adamın cildi dəyişsə də, gözləri dəyişmir, heç kiminkinə oxşamır bununku..."

Qonaq ətrafı nəzərdən keçirib qocaya döndü, elə onda ikisi də hiss etdi ki, nəsə söyləmək lazımdır. Əvvəl adam gülümsədi, sonra Adil kişi qızıl dişlərini göstərdi:

- Oğul, kimi axtarırsan, kimin qapısına gəlmisən?

"Oğul” çevrilib gəldiyi maşına baxdı, biri yaşlı, biri gənc – iki qadın, on-on iki yaşlarında bir oğlan uşağı düşüb bir gözü onlarda, bir gözü dağda-daşda, ətrafı süzürdülər. Qonaq Adil kişinin qoluna girib onu bir az uzaqlaşdırdı.

- Ağsaqqal, buralara nabələdik, ziyarətə gəlmişik – maşına işarə elədi – oğlumdur, neçə ildir həkimlərdədir, neçə ölkə gəzdirmişəm, şükür, allahdan kömək gəlib, daha yaxşıdır, amma hər şeydə bir saya var, indiyəcən neçə qurbanolduğum pirdə ziyarətdə olmuşuq, hamısının sayasını görmüşük. Neçə aydır rəngi-rufu qaçıb, yorğunluğu keçmir uşağın, yeməyini-içməyini əskik etmirik, di gəl, düzəlmir ki, düzəlmir. İndi də buranı deyiblər, taa Bakıdan sorağını eşidib, gəlmişik.

Adil kişi səbirsiz adam deyildi, amma ürəyi sıxıldı, qonağın sözünü kəsdi:

- Hə, get-qayıtı deyirsiniz, o, bax, orda – əlini uzadıb köhnə dəyirmanın yanından təpəyə qalxan yolu göstərdi – o taydakı kəndə çatmamışdır. Düz gəlmisiniz, bir az da getsəniz çatacaqsınız.

Qonaq çiynini çəkdi:

- Get-qayıt?

- Hə də, Get-qayıt piri, düzdür, siz deyən çox gəlib gedəni olmur, amma olanımız budur – zarafata salmaq istədi.

Adil kişi sovet adamıydı – ziyarətə, pirə, dinə-imana bənd olmazdı, inananlara da lağ-lağıyla yanaşardı. Amma bu məsələ o məsələdən deyildi, elin adəti var, gələnlər onun tanıdığı, ərki keçən adamlar deyildilər, onca yoldan gəlmişdilər, səsini yarıda uddu.

- Yox, biz Çaylı ziyarətini axtarırıq – zənlə kişiyə baxdı.

Adil kişi çaşıb qaldı. Olmağına Çaylıydı, amma burda pir, ziyarət olduğunu bilmirdi. Heç qocalardan da belə şey eşitməmişdi.

- Sənə deyiblər burdadır? – ehtiyatla soruşdu, dönüb bir də uşağa, qadınlara baxdı.

- Hə, elə deyiblər – qonaq yarı əminlik, yarı şübhəylə dilləndi.

- Hm...

Adil kişi fikrə getdi, yaddaşını qurdaladı ki, bəlkə, ordan bir şey tapıb çıxara, alınmadı. Bir də qonağa, uşağa, onların söhbətini səbirsizliklə izlədikləri hiss olunan narahat qadınlara baxdı.

- Ağsaqqal, burda, dəyirmanın yaxınlığında olmalıdır. Ora dəyirman deyil – baxışlarıyla yamacdan azca yuxarıda, kiçik su şəlaləsinin üstündəki yarı xaraba tikilini göstərdi – Fərəhim kişinin dəyirmanı?

Adil kişinin nə deyəcəkdi, təsdiqləməkdən başqa əlacı qalmadı:

- Hə, Fərəhim kişinin dəyirmanıdır.

- Bura da qəbristanlıqdır – qonaq əlini uzadıb arxın o tayını, günün üfüqdən təzə yayılıb göz deşən şəfəqlərinin yol tapıb girə bilmədiyi qalın ağaclığı göstərdi.

Adil kişi yüzillik ağaclarının yarpaqları təzə-təzə saralıb qızarmağa başlayan qəbristanlığa elə baxdı, elə bil, birinci dəfəydi görürdü. Gözünü açıb buranı belə görmüşdü, deyəsən, atası da belə görmüş olmalıydı, babası da. Allah bilir, burada sonuncu ölü nə zaman basdırılmışdı. İçəridə, batıb çökən qəbir yerlərinin bəzisinin baş tərəfində yarı aşmış, yarı torpağa gömülmüş, parçalanıb dağılmış, qəbristanın ora-burasına səpələnmiş baş daşları vardı. Uşaq vaxtı bu qəbir daşlarının üstündəki rəngli naxışlara, əyri-üyrü ərəb hərflərinə çox baxmışdı.

- Qəbristanlıqdır.

Qonaq qocaya elə baxdı, sanki bu adamlara ümid qapısı açılmışdı, durub gəlmişdilər, Adil kişi qollarını çarpazlayıb dayanmışdı o qapının ağzında, deyirdi: “Olmaz!”. Ayaqları yerdən qeyri-ixtiyari qopdu:

- Oğul, bağışla, qocalmışam, huşum gedib-gəlir, yadıma düşdü indi, gəlin dalımca...

Qonağın kölgələnməyə başlayan sir-sifəti açıldı, qadınları çağırdı, onlardan biri maşından bir torba götürdü, uşağın əlindən tutub yaxına gəldilər. Adil kişi adlayıb arxı keçdi, qonaq uşağı qucağına alıb o üzə qoydu, sonra qadınların əlindən tutub keçməklərinə kömək etdi.

Adil kişi qabağa düşüb dar cığırla qonaqları hələ uşaqlıqdan bəri yerini xatırladığı, üstü rəngli yazılı, naxışlı baş daşının ortadan bölünüb yarısı torpaqda qalmış, yarısı üzüqoylu düşmüş məzarlardan birinin yanına gətirdi. Qonaqlar bir-birilərinə şübhəylə baxdılar. Adil kişi əlini qoyub başını məzar daşına uzatdı:

- Ziyarət…

Qonaqlar susub gözləyirdilər, Adil kişi etdiyinə özü inana bilmirdi, ürəyində “Allah, keç günahımdan” deyib əlini uşağa uzatdı:

- Qoçaq, tut əlimdən, səni bir dolandırım bura...

Uşaq ayaqlarını ehtiyatla basa-basa qocanın ardınca yarı uçulmuş məzarın ətrafına yeddi dəfə dolandı.

Adil kişinin ürəyi sıxılmağa başlamışdı, istəyirdi, tez çıxsın qəbristanlıqdan, qonaq onu dayandırdı:

- Ağsaqqal, bu əziyyətimizi də çək, bir dua ver bizim üçün.

“Yaman yerdə axşamladın, ağsaqqal” - düşündü Adil kişi. Gözünü qıyıb qəbristanlığın qırağından dolama keçən yola təzə-təzə yayılan gün işığına baxdı – “sarsaqlama, hələ səhər indi açılır”, yan-yana dayanıb nəsə ürkək-ürkək ətrafa boylanan qadınlara baxdı, “deyəsən, heç inanmadılar da, bu yaşında nə artistlik edirsən”, dərindən nəfəs aldı, əllərini qoşalayıb sinəsindən göyə açdı. Dodaqlarını açıb-yuma-yuma ürəyində adətən yaslarda, meyit üstündə mızıldandığı kiçik bir duanı pıçıldamağa başladı.

Elə ki, dua bitdi, əllərini üzünə çəkdi, ürəkdən “Amin” dedi, Allah üçünə qəlbinin dərinliyində, sidq-ürəkdən uşağa dua etməyi də unutmadı.

Qadınlardan yaşlı olanı çantasından təzə şərf çıxardı, ora-bura boylandı, amma, deyəsən, özünü inamsız göstərmək, ya da oyunpozanlıq eləmək istəmirdi, tərəddüd etmədən onu yarısı torpağa sancılıb qalan məzar daşına bağladı. Daha sonra bir şüşə su, iç-içə qoyulmuş bir neçə plastik stəkan çıxardı, hərəyə birini verdi, məzarın üstünə tökülmüş yarpaqları o yan-bu yana edib bir çimdik torpaq götürdü, şüşəyə töküb çalxaladı, hər fincana bir az süzdü. Adil kişi stəkanı burnuna tutub istər-istəməz qoxladı, nəsə çürümüş torpaq iyi verirdi, göz altından baxıb gördü ki, hamı onu gözləyir, “Allah niyyətinizi qəbul etsin! Amin!” deyib suyu başına çəkdi. Qonaqlar onu təkrar etdilər. Uşağın anası özüylə gətirdiyi dolu bağlamanı üç dəfə məzarın üstünə qoyub qaldırdı, qaytarıb çantasına qoydu.

Adil kişinin ayaqları yüngülcə əsirdi, canına qorxu çökmüşdü, tələm-tələsik qəbristanlıqdan çıxmaq istəyirdi.

Arxı adlayar-adlamaz qonaq kişi onun qolundan tutub saxladı:

- Bəs nəzirimiz? Onu kimə verəcəyik, sizə?

“Bir bu qalmışdı!” – Adil kişi mat qaldı, amma neyləyəsən, başladığı tamaşanı bitirməliydi. Gözü arxın qırağındakı iri, adam boyu kötüyə sataşdı, “ora qoyun, uşaq-muşaq götürər, ən yaxşı nəzir də odur”, - dedi. Kişi portamantından bir onluq çıxardı, qadınlara baxdı, nə düşündüsə onluğu qaytarıb iyirmilik çıxardı, daşın üstünə qoydu:

- Külək aparar axı?

- Aparmaz - Adil kişi kiçik bir daş götürüb pulun üstünə qoydu – heç nə aparmaz...

***

Qonaqlar qəbristanlıqdan çıxan kimi maşına doluşub geri qayıtmaq fikrindəydilər. Adil kişi buna imkan verərdimi? Qonaqları israrla qapısına tərəf çəkdi. Deyəsən, küçədəki səs-küy qazdan ayıq qonşuların diqqətini çəkmişdi. Yanaşı darvazanın kiçik tayı açıldı, Mərhəmət bir ayağını çölə qoyub qonaqlara boylandı. Adil kişi onu görüb dilxor oldu, fırıldaq adamdı Mərhəmət, üstəlik, hər şeyə göz qoyan, hər şeydə gəlir axtaran, söz-söhbət həvəskarıydı. Boynuna qoya bilən tapılmasa da, ətraf kəndlərdə mal-qara oğrusu kimi tanınmışdı. Amma imkan edə bilmədi qonaqları qapıdan içəri sala, nabələd adamları görən Mərhəmət həmişəki kimi üzlülüyünə saldı, “Xoş gəlmisiniz” - deyib qonaqlara tərəf gəldi. Qadınlı, kişili hamısının əlini bir-bir sıxdı. Adil kişiyə elə gəldi ki, Mərhəmət gənc qadının əlini əlində bir az çox saxladı, o da deyəsən, əlini geri dartdı. Qanı qaraldı. Üstünə bir də sual gəldi:

- Xeyir ola, Adil kişi, qonaqların uzaqdan gəlib deyəsən?

- Hə, elədir...

Adil kişi istəyirdi, qonşusunun sözünü kəsəsinə kəssin, gəl ki, qonaq nəzakət göstərmək fikrinə düşdü, qəbristanlığa işarə elədi:

- Sizin ziyarətə gəlmişdik, ağsaqqaldan da Allah razı olsun, yol göstərdi, kömək elədi, indi də çaya dəvət edib. Məlum, kənd yeridir, buraların adamları köhnə adamlardılar, qonaqcanlıdırlar, əskik olmayasınız.

Mərhəmət ziyarət məsələsini başa düşmədi, bir qəbristanlığa, bir Adil kişiyə baxdı, qoca onun gözünün dərinliyindəki tülkü təbəssümünü tutdu, gözüylə işarə elədi ki, sonra, sonra. Mərhəmət yerin altını-üstünü bilirdi, qonağın səsinə səs verdi:

- Allah nə niyyətə gəlmisinizsə, qəbul etsin. Düz edib gəlmisiniz, buranın ziyarəti sayalıdır, Allah istəyinizə çatdırsın...

Adil kişinin həyət-bacasında səs-səmir yoxdu. Kiçik oğlu səhərin gözü açılmamış işinə-gücünə çıxmışdı, qarısı, gəlini, nəvələri də payızın bu vaxtında bağ-bağatın məhsulunu toplamağa getmiş olacaqdılar. Amma evə bitişik artırmanın altında masanın başına qoyulmuş samovar dızıldayırdı, səhər yeməyi süfrəyə düzülüb üstü örtülmüşdü. Adil kişi əl-ayaq elədi, özü də olan-olmazdan gətirib qonaqların qabağına düzdü. Qonaqlar yumşaq təndir çörəyindən keçə bilmədilər, əvvəl bir az sıxılsalar da sonra açılışdılar, deyə-gülə oturub, yeyib-içdilər, məzarın üstündən qayıdan konfetin, şirniyyatın bir hissəsini süfrəyə qoydular, razılıq edə-edə çıxıb getdilər.

Adil kişi qonaqlarını qapının ağzından yola salıb ayıtdı, artırmada oturub bir-iki stəkan da çay içdi, süfrəni yığışdırdı, qonaqlar qoyub gedən şirniyyatı dolabın küncünə gizlətdi, çıxıb darvazanın qabağında oturdu, yol keçib-gedənlə hal-əhval tutdu, qayıdıb mal-heyvanın yerini təmizlədi. Bir də arvad-uşaq bağ yerindən qayıdanda əl-üzünü yuyub çıxdı günorta yuxusunu almağa. Qonaqları barədə evdəkilərə bir kəlmə də demədi.

İki gün sonra Mərhəmət başını çəpərin o üzündən bu üzünə uzadıb Adil kişini səslədi:

- A kişi, demədin axı, bu ziyarət məsələsi nədir? Baxdım, qavırrıxda yaylıq-zad da bağlayıblar. Təzə ocaq çıxar, yuxuda vergi verilər, xəbərimiz olmaz ha...

Adil kişi dilxor oldu, dodaqlatı donquldandı:

- Əşi, nə ziyarət, kimdirsə dədə-babaları burdan çıxıbmış, gəliblər bir ziyarət etsinlər. Qəbir-filan da tanımırlar, orda bir baş daşına bağlayıb getdilər. Mən də Allah qonağıdı, kəndimizə yol alıb gəlib, bir stəkan çay qoydum qabaqlarına...

***

...Üstündən ay yarım keçmiş Adil kişi qarısını da götürüb Sumqayıta getdi. Hər il belə edirdilər; yazı-yayı, payızın ilk günlərini kənddə qalır, əkin-biçinə, mal-heyvana baxır, soyuqlar düşəndə böyük oğlanlarının yanına gedib qışı orda keçirirdilər.

***

Aprelin isti havaları kənd-kəsəyi çiçəyə bürüyəndə Adil kişi kiçik oğluna xəbər yolladı ki, gəlirlər. Sumqayıtdakı böyük oğlu ata-anasını maşına əyləşdirib yola salanda qardaşına zəng edib dönə-dönə tapşırmışdı ki, vaxtında çıxsın qabaqlarına, qarı-qoca düşüb gözləyəsi olmasınlar. Nəvələrin böyüyü də atasına qoşulub getmişdi, kiçiklər süfrə açıb hazırlıq edən gəlinin əl-ayağına dolaşa-dolaşa həyət-bacada qaçışırdılar. Qonşular tökülüşüb gələcəkdilər, əlli-ayaqlı olmaq lazımıydı.

Çox keçmədi, dəmir darvazanın qabağında maşın dayandı, uşaqlar küçəyə yüyürdülər.

Adil kişi maşından düşüb qabağına qaçan nəvələrini qucaqladı, kəndin havasını sinəsinə çəkdi, bir az üşəndi, əlini atıb pencəyini götürdü, əyninə keçirə-keçirə ətrafa baxındı.

Bir anda nəzərləri yolun o biri tayında, qəbristanlıqda ilişib qaldı. Dönüb iri dəmir darvazanı açmaqla əlləşən oğluna baxdı, heç nə olmamış kimi öz işindəydi, darvazanın ağır tayını qırağa itələyib maşına yaxın gələndə Adil kişi qaşqabağını tökmüşdü:

- Bu nədi?

- Nə nədi, dədə?

- Necə nə nədi? – Adil kişi hirsləndi, alışdırıb damağının bir küncünə sıxışdırdığı papirosu çıxarıb hirsli-hirsli yerə tulladı – buraların halı nədir?

Oğlu çiyinlərini çəkdi, indi yadına düşdü ki, atasının heç nədən xəbəri yoxdur.

- Ziyarəti deyirsən?

- Nə ziyarət? – Adil kişi hövsələdən çıxdı.

- Qavırrıxda ziyarət yeri varıymış. Siz gedəndən sonra ara-sıra kimsə gəlib-gedirdi, sonra artdılar, indi demək olar, hər gün belə olur.

Başını qəbristanlığa tərəf qovzadı:

- Bir də görürsən, gətirib qurbanlıq heyvan-filan da kəsirlər. Qapımızı döyüb ət də verirlər...

Sonra nəzərlərini yan qapıya tərəf çevirdi, atasına yaxın gəldi, bilirdi ki, qonşularının qulağı itidir:

- Deyir, bunun babasıymış, ya ulu babasıymış qəbirdə yatan, gələn-gedən qapısına düşür, nəzirini sədəqəsini də bu yığır...

Adil kişi durduğu yerə ilişmiş kimi səndələdi, amma özünü toparlayıb oğlunun qolundan yapışa bildi. Oğlu bunu atasının uzaq yoldan yorulmasına yozdu, maşında oturub oğluyla ərinin söhbətini matdım-matdım izləyən anasına baxdı:

- Yaxşı, ay kişi, sən də otur maşına, həyətə sürüm, qarı da qaldı qapıda...

Adil kişi qəbristanlığın ətrafını dolduran maşınlara, iri kötüyün üstünə pərçimlənmiş nəzir qutusuna, içəriyə doğru uzanan daş döşənmiş cığıra baxa-baxa qalmışdı.

Aprel-may 2017

# 1894 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
#
#
# # #