Bu gün Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı keçirilir.
17.40
Yazıçı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Elçin Hüseynbəyli çıxışında qeyd edib ki, alternativ lazımdır, əlbəttə, amma lider olan yerdə alternativ zərərli olur. Elçin Hüseynbəyli əlavə edib ki, Şabran ərazisində yazıçılar üçün istirahət mərkəzi tikiləcəkdi, növbəti dəfə sədr seçilərsə, Anar müəllim bu məsələni diqqətə çatdırsın.
Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə isə öz çıxışında, yazıçıları sözün keşiyində duran müqəddəs varlıqlar adlandırdı.
Daha sonra uşaq ədəbiyyat ilə bağlı vəziyyətin pis olduğunu dedi, bildirdi ki, uşaqlarımız buna görə dili yaxşı bilmirlər.
"Azərbaycan ədəbiyyatını dadlı-duzlu şəkildə təqdim etmək lazımdır ki hamı oxusun və sevsin. Dünyada ədəbiyyatla gözəl məşğul olan bloggerler var, amma bizdə yoxdur." - deyə Fatma xanım əlavə etdi.
O, tərcümə sahəsindəki problemlərdən, kitab mağazaları ilə bağlı məsələlərdən də söz açdı. Qeyd etdi ki, nəşriyyat yazıçını saxlamalı, ona qonorar verməlidir
15.55
Bir saatlıq fasilədən sonra AYB-nin XII qurultayı öz işini davam etdirdi. Yazıçı, millət vəkili Aqil Abbas çıxış edərək, bildirdi ki, Anar bundan sonra 10-15 il də sədr olacaq. Eyni zamanda kitabxanaların və kitab mağazalarının azlığından şikayətləndi.
Tanınmış şair Ramiz Rövşən isə bildirdi ki, Vaqif Səmədoğlunun yubileyindən sonra “Azdrama”da ikinci möhtəşəm tədbir keçirilir... O, gələcəkdə yaxşı dərgilər çap olunarsa keyfiyyətli ədəbiyyatın da yaranacağını diqqətə çatdırdı: “Cavanların şeirlərini oxuyuram. Yaxşı şeirlər var. Amma mən o şeirlərdə ruh görmürəm. Biz çox mexanikləşmiş dünyada yaşayırıq. Belə bir zəmanədə şairin vəzifəsi insana təbiilik gətirməkdir.
Yaxşı yazıçı, şair olmağın bir şərti var - əvvəlkindən daha maraqlı olmaq! Şairin fərqliliyi onun dünyayla necə görüşməyindən deyil, dünyanı necə görməyindədir”.
Gənc tənqidçi Elnarə Akimova çıxışında Anara səs verəcəyini bəyan etdi.
Millət vəkili Rafael Hüseynov çıxışında təklif etdi ki, Bakıda Mirzə Cəlilin heykəli qoyulsun. Dramaturq Əli Əmirli isə, jurnallardakı kadr islahatlarını yüksək qiymətləndirdiyini söylədi.
14.10.
Qurultayın işində bir saatlıq fasilə elan edildi.
13.20
AYB sədrliyinə yeganə alternativ namizəd Elxan Zal öz namizədliyini Anarın xeyrinə geri götürdü. O, bildirdi ki, namizədliyini verərkən Anar müəllim namizədliyini irəli sürməmişdi. Amma indiki şəraitdə, o, özü də, tanınmış yazıçıya səs verəcək.
12.50
Qurultayda TÜRKSOY-un ordeninə layiq görülən Xalq şairi Vaqif Səmədoğlu çıxış edərək, həm səhhəti, həm yeni ədəbiyyat, həm də yaşlı nəsil barədə həssas məqamlara toxundu. AYB-yə göstərilən dövlət qayğısının dünyada bənzəri olmayan xeyirxah iş olduğunu vurğuladı. Eyni zamanda, bildirdi ki, Anara səs verməklə öz xatirələrinə, keçmişinə səs verəcək.
12.35
Çıxışların ardınca Yazıçılar Birliyinin Mərkəzi nəzarət-təftiş komitəsinin hesabatı dinlənildi, komitənin sədri Qəzənfər Paşayev bildirdi ki, onların vəzifəsi birliyin gəlirlərinə və xərclərinə nəzarət etməkdir: “Biz bura gələndə 14 min manat üzvlük haqqı yığılmamışdı. Çalışdıq ki, bu boşluğu dolduraq. Ayrı-ayrı şəxslər köməkliklər olundu. “Bayatı” kitab mağazasından müəyyən gəlir götürmək mümkün oldu. Amma ədəbi nəşrlərdən, bildiyiniz kimi, qazanc götürmək mümkün deyil”.
Qurultayda Komitə üzvlərinin 9 nəfərdən 7 nəfərə endirilməsi təklif olundu. Bununla bağlı nizamnaməyə dəyişiklik edildi.
12.11
Rusiya Yazıçılar İttifaqının birinci katibi Yevgeni Sidorov Rusiya Azərbaycan ədəbi əlaqələrinsən, hər iki ölkənin yazıçılar birliklərinin bu sahədə gördüyü işlərdən danışdı.
Gürcüstanın mədəniyyət naziri Quram Odişari qurultay üzvlərini bu əlamətdar gün münasibəti ilə təbrik etdi. Bildirdi ki, Azərbaycanın böyük mədəniyyəti və ədəbiyyatı vardır.
Q.Odışarinin ardınca Tanınmış rus şairi İvan Draç çıxış etdi.
Bu dəqiqələrdə uzunmüddətli xəstəlikdən əziyyət çəkən Xalq şairi Vaqif Səmədoğlu qurultaya təşrif gətirdi. Qurultay iştirakçıları onu alqışlarla qarşıladı. Tədbirin aparıcısı Anar onu salamlayaraq rəyasət heyətinə dəvət etdi.
***
Qurultay nümayəndələrindən saat 11.00-a qədər Akademik Milli Dram Teatrında qeydiyyatdan keçməsi xahiş edilmişdi.
Qurultayın 439 üzvündən 361-i iştirak edir. O cümlədən tədbirdə Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, dövlət müşaviri Kamal Abdulla, xalq şairləri Zəlimxan Yaqub, Fikrət Qoca, Sabir Rüstəmxanlı, tanınmış qazax yazıçı Oljas Süleymenov və başqaları iştirak edir.
Qurultay Anarın giriş nitqi ilə başlayıb.
AYB sədri, Xalq Yazıçısı Anar çıxışına ötən qurultaydan indiyə qədər vəfat etmiş yazıçıları anmaqla başlayıb.
Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qrayev çıxış edərək bildirib ki, biz hələ də 50 yaşlı yazıçıları gənc kimi təqdim edirik və təəssüf, iki-üç qələm adamından başqa yazarlarımızı dünyaya tanıda bilməmişik.
Xarici qonaqlardan ilk çıxış edən yazıçı Oljas Süleymenov Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan, gələn il keçiriləcək Avropa oyunlarının ölkənin xarici əlaqələrinin möhkəmlənməsindəki əhəmiyyətindən danışdı.
Çıxışının sonunda O.Süleyemenov qurultay işçilərini Anara səs verməyə çağırdı.
Sonra türk şairi Ataol Bəhramoğlu çıxış etdi.
Qurultayın gedişi barədə mütəmadi məlumat verəcəyik. Bizi izləyin.