Kulis.az fransız yazıçı Gi de Mopassanın “Mademuazel Koko” hekayəsini təqdim edir.
Biz psixiatriya xəstəxanasından çıxanda həyətin bir küncündə ucaboy, arıq bir kişi hansısa xəyali iti çağırırdı. Kişi elə hey mülayim, zəif səslə təkrar edirdi:
– Koko! Bura gəl, əzizim! Yanıma gəl, Koko!
Kişi belə deyib əlini dizinə çırpırdı, adətən insanlar heyvanı yanlarına çağıranda belə edirlər. Mən xəstəxananın həkiminə həmin kişini göstərib soruşdum:
– O arıq kişi kimdir? Niyə bu xəstəxanaya düşüb?
– Ah, o arıq kişini deyirsən? O heç də maraqlı insan deyil! O Françoz adında bir faytonçudur. O itini çayda boğub öldürəndən sonra dəli olub!
Mən həkimdən xahiş etdim ki, o kişinin başına gələnləri mənə danışsın.Adətən belə adi, yazıq görkəmli insanlar ürəyimizə daha çox təsir edir. Həkimə həmin kişi haqda onun dostu olan mehtər danşıb. Budur, həmin arıq kişinin həyat hekayəsi:
– Parisin kənarında yaşayan varlı bir burjua varmış. Sena çayının sahilində onun böyük malikanəsi varmış. Françoz bu ailənin faytonçusu imiş. O çox xeyirxah, mərhəmətli, sadə bir insanmış, onu aldatmaq çox asanmış.
Bir gün o işdən qayıdanda arxasınca bir it düşür. Əvvəlcə o itə əhəmiyyət vermir, amma görəndə ki, it ondan əl çəkmir, o geri dönüb itə baxır, bilmək istəyir ki, bu iti tanıyır, ya yox. Yox, o bu iti tanımır. Dişi it imiş, dəhşətli dərəcədə arıq imiş. İt dayanmadan faytonçunun arxasınca qaçır, ona baxanda ac olduğu açıqca hiss olunurmuş. Françoz iti qovmaq istəyir.
– Rədd ol! Rədd ol!
İt bir neçə addım geri çəkilir, şöngüyüb gözləməyə başlayır. Elə ki faytonçu yoluna davam edir, it yenidən onun arxasınca qaçır.
Kişi aşağı əyilir, özünü elə göstərir ki, guya yerdən daş götürür. İt bir az uzaqlaşır, amma yenidən kişinin arxasınca gedir.
Nəhayət, faytonçu Françozun bu itə yazığı gəlir, onu səsləyib yanına çağırır. İt qorxa-qorxa ona yaxınlaşır. Françoz onun belini tumarlayır, onun miskin görkəminə baxıb kövrəlir.
– Gəl, gəl gedək!
İt həmin dəqiqə quyruğunu bulayır. Sanki hiss edir ki, faytonçu onu qəbul edib, tez təzə sahibindən qabağa qaçır.
Françoz tövlədə itə samandan yer düzəldir, sonra mətbəxə gedib ona çörək gətirir. Çörəyi yeyəndən sonra it yatır. Malikanə sahibi it haqda eşidib faytonçuya onu saxlamağa icazə verir. İt çox sədaqətli imiş.
Françoz iti çox sevirmiş, elə hey təkrar edirmiş:
– Bu it insan kimidir. Sadəcə danışa bilmir.
Françoz itə qırmızı dəridən xalta düzəltdirir, xaltanın üstündəki mis lövhəyə aşağıdakı sözlər həkk edibmiş: Mademuazel Koko, faytonçu Françoza məxsusdur.
Koko ildə 4 dəfə balalayırmış. Françoz hər dəfə itin balasından birini götürər, o biri küçükləri isə insafsızcasına çaya atırmış.
Əvvəlcə bağban itlərdən şikayət edir, bir müddət sonra aşpaz şikayətlənir. Çünki itlər hara gəldi girirmiş, sobanın altına, buz qutusuna, kömür yeşiyinə. İtlər həm də nə görsələr oğurlayırmış. Malikanə sahibi şikayətlərdən təngə gəlir, Françoza əmr edir ki, Kokonu rədd etsin. Faytonçu Kokonu azdırmaq istəyir. Onu yük maşınının sürücüsünə verir ki, Parisin o biri tərəfinə aparıb orda azdırsın. Koko elə həmin gün geri qayıdır, çox yorğun halda, ayaqları yaralı vəziyyətdə.
Françoz bir qərar qəbul etməli idi. Qatar bələdçisinə beş frank verir, tapşırır ki, iti Qavr şəhərində yerə atsın. Üç gün sonra Koko yenə də qayıdır. Yorğun, ayaqları yaralı...
Malikanənin sahibinin ona yazığı gəlir. Amma Koko həyətdə olanda o biri itlər də onun yanına gəlməyə başlayır. Hətta bir dəfə ziyafət vaxtı itlərdən biri yekə bir hinduşkanı aşpazın gözləri önündə oğurlayıb aparır, aşpaz hinduşkanı itin ağzından ala bilmir.
Bu dəfə malikanə sahibinin səbri tükınir, Françoza hirsli-hirsli deyir:
– Əgər sabah səhərə qədər bu iti çaya atmasan səni işdən çıxaracam, eşidirsən?
Yazıq Françoz şoka düşür, nə edəcəyini bilmir. Ona ayrılmış otağa gəlir, pal-paltarını çamadana yığıb getmək istəyir. Ancaq bir az götür-qoy edir, başa düşür ki, bu iti özüylə hərləsə özünə normal iş tapa bilməyəcək. Malikanə sahibi ona normal zəhmət haqqı verir, onu yeməklə təmin edirmiş. Françoz başa düşür ki, itə görə işini əldən verməyə dəyməz. Səhər dan yeri söküləndə Koko ilə vidaşlaşmağı qərara alır.
Gecə o çox narahat yatır. Dan yeri söküləndə o möhkəm bir kəndir götürür, sonra iti götürmək üçün tövləyə girir. İt sahibini görüb silkələnir, sonra onun yanına gəlir.
Françoz fikrindən daşınmaq istəyir. Kokonun qulaqlarını tumarlayır, onun burnundan öpür.
Bir az aralıdan saat səsi eşidilir. Səhər saat 6 olur. Françoz daha tərəddüd edə bilməzdi. O gedib tövlənin qapısını açıb iti çağırır:
– Gəl! Gəl!
İt quyruğunu bulayır, tövlədən çıxır.
Onlar çayın sahilinə çatırlar. Françoz suyun dərin olan tərəfinə gedir. Sonra o əlindəki kəndiri Kokonun xaltasına, kəndirin bir ucuna isə ağır daş bağlayır. Sonra Kokonu dəli kimi öpür, kənardan baxana elə gələrdi ki, o heyvanla yox, insanla vidalaşır. İti sinəsinə sıxır, onu yırğalayıb deyir:
- Mənim əziz Kokom! Mənim şirin Kokom!
Koko məmnun-məmnun mırıldayır.
Françoz 10 dəfə cəhd edir ki, Kokonu çaya tullasın, amma cəsarəti çatmır. Bir az sonra o bütün cəsarətini toplayıb var gücü ilə iti çaya tullayır. Koko əvvəlcə üzməyə çalışır, Françoz bir vaxtlar onu çayda yuyunduranda üzdüyü kimi. Ancaq üzə bilmir, çünki kəndirə bağlanmış daş onun başını aşağı dartır. Daş Kokonun başını suyun altına dartanda o suda batan insan kimi sahibinə baxır, sanki ona yalvarır. Əvvəlcə bədəninin yuxarı hissəsi batır, dal ayaqları yuxarıda yellənir. Nəhayət, suda görünməz olur. İtin batdığı yerdə su köpüklənir, sanki çay qaynayırdı. Françox 10 dəqiqə it batan yerdən çəkilmir. Elə hey öz-özünə deyir:
- Görəsən yazıq heyvan suda batanda mənim haqda nə düşünürmüş?
Həmin hadisədən sonra demək olar Françoz ağlını itirir. O bir ay xəstə yatır, hər gecə itini yuxuda görür. Ona elə gəlirmiş ki, itin onun əllərini yaladığını hiss edir, onun hürməyini eşidir. Həkim çağırırlar. Bir müddət sonra o sağalır. Bundan sonra keçmiş malikanə sahibi onu Ryan yaxınlığındakı Biesard şəhərindəki malikanələrinə aparırlar. İyun ayı imiş. Bu malikanə də Sena sahilindəymiş. O hər gün səhər mehtərlə birlikdə çayda çimirmiş.
Bir gün yenə də çayda çiməndə Françoz mehtəri səsləyir:
–Bir ora bax! Gör sudakı nədir? Deyəsən məni yenə də işdən çıxaracaqlar!
Diqqətlə baxanda suda qalmaqdan şişmiş it leşi görürlər.
Françoz it leşinə tərəf üzüb zarafatla deyir:
–Ah, gör tilovumuza nə düşüb, dost! Gör nə boydadır! Heyf ki, ölüdür!
Françoz leşin lap yanına qədər üzəndə görür ki, leş demək olar çürümək üzrədir.
Qəflətən o it leşinə diqqətlə baxır. Lap yaxına gedir. İtin boğazından tutub xaltaya diqqətlə baxır. Hələ də rəngi dəyişmiş xaltadan sallanan, artıq yaşıl rəngə çevrilmiş mis lövhəyə həkk olunmuş sözləri oxuyur: Mademuazel Koko, faytonçu Françoza məxsusdur.
Ölmüş it sahibini tapmaq üçün yüz mildən çox məsafə qət edibmiş. Həmin vaxt Françoz dəhşətlə bağırır və sahilə tərəf üzür. Sahilə çatanda paltarını geyməmiş kəndə doğru qaçır. O dəli olur!
İngiliscədən tərcümə: Sevil Gültən