“Yusif” surəsi Qurani Kərimin başdan sona qədər süjetə bağlı qalan yeganə surəsidir.
“Yusif” surəsi xəyanətə, iftiraya uğrayan, məhbəsə düşən peyğəmbərin xilası haqqındadır.
Surədə Züleyxanın adı sadəcə olaraq qadın kimi keçir.
Bu surə Şərq ədəbiyyatının inkişafına çox güclü təsir göstərib.
Əbdürrəhman Camidən Nazım Hikmətə qədər Yusif və Züleyxa haqda onlarla əsər yazılıb, minlərlə şeirdə bu mövzuya istinad edilib.
Kulis.az Nəriman Qasımoğlunun tərcüməsində Qurani Kərimin “Yusif” surəsini təqdim edir.
Rəhman və Rəhim Allahın adıyla
1. Əlif ləm ra. Bunlar haqqı açıqlayan Kitabın ayələridir.
2. Biz Kitabı Qur'an olaraq ərəbcə nazil elədik bəlkə anlayasız [Məkkə əhlinə müraciətlə] onu.
3. Bu Qur'anı Biz sənə vəhy eləməklə qissələrin ən gözəlini danışırıq sənə. Bundan öncə qəflətdə olan kimsələrdən idin sən.
4. Bir zaman atasına demişdi Yusuf: «Atacan, on bir ulduz, günəşi və ayı gördüm yuxumda, gördüm mənə səcdə eləyir onlar».
5. Atası dedi: «Yuxunu danışma qardaşlarına, hiylə qurarlar sənə. Açıqca düşməndir şeytan insana.
6. Beləcə səni seçəcək, sənə yuxuların yozumunu öyrədəcək, sənə və Yaqub soyuna verdiyi ne'mətini tamam edəcək Rəbbin. Bir zamanlar ataların İbrahimə və İshaqa vermişdi həmin vergidən Rəbbin. Şübhəsiz, biləndir hər şeyi, müdrikdir Rəbbin».
7. Yusufun və qardaşlarının [on bir qardaşının] hekayətində həqiqətən ibrət dərsləri var onların əhvalatını soruşan kimsələr üçün.
8. Qardaşları dedilər: «Yusufu və onun doğma qardaşı Beniamini hamımızdan artıq sevir atamız. Bizlər isə görün neçə nəfərik. Açıqdan-açığa yanılıb sapmış atamız.
9. Öldürün Yusufu, ya da onu bir yerə tullayın, atanızın gözünə təkcə siz görünəsiz. Bundan sonra isə tövbə edib yaxşılardan olarsız».
10. Onlardan biri dedi: «Yusufu öldürməyin, atın quyunun dibinə, yoldan ötən kimsələrdən birisi tapıb aparsın onu. Ondan üzülüşmək istəyirsizsə əgər, belə eləyin».
11. Dedilər: «Ey atamız, axı niyə e'tibar eləmirsən Yusufu bizə? Biz onun yaxşılığını istərik, özgə bir şey istəmərik.
12. Qoy bizimlə yola çıxsın o sabah, bir yerdə gəzərik, oynayarıq, biz ona göz olarıq».
13. Ataları dedi: «Onunla getməyiniz məni açmayır. Qorxuram Yusufu canavar yeyə və sizin də bu işdən xəbəriniz olmaya».
14. Dedilər: «Biz bir dəstəyik, onu canavar yesə, lap acizik deməli».
15. Apardılar Yusufu. Hamılıqla qərarlaşıb quyunun dibinə atdılar onu. Yusufa vəhy elədik: «Onların bu əməlini mütləq özlərinə bildirəcəksən. Bunu eləyən zaman səni tanımaz onlar».
16. Axşam düşcək ağlaya-ağlaya gəldilər atalarının yanına.
17. Dedilər: «Ey atamız, biz getmişdik bir-birimizlə yarışaq, Yusufu da qoymuşduq şeylərimizin yanında. Onu canavar yedi. Doğru sözlü, düz əməlli olsaq belə onsuz da inanmazsan bizə».
18. Gətirdilər köynəyini, yalançı qan vardı üstündə onun. Yaqub dedi: «Tutduğunuz işi bərbəzəkli göstərmiş sizə nəfsiniz. Mənə də yaxşıca səbr eləmək qalır yalnız. Dediyinizə dözmək üçün Allah köməyim olsun».
19. Bir karvan gəlib dayandı. Bir nəfəri göndərdilər su gətirsin. Qabını quyuya salladı suçu. «Müjdə! Bu tapdığım bir oğlandır!» söylədi. Yusufu satmaq üçün tutub gizlətdi onlar. Onların nə iş tutduğunu bildi Allah.
20. Satdılar Yusufu dəyər-dəyməzinə, bir neçə dirhəmə, ondan tez üzülüşmək istəyirdilər.
21. Misirdə onu satın alan kimsə [padşahın vəziri] arvadına [Zəlixaya] söylədi: «Yaxşı bax ona, bəlkə xeyri dəydi bizə, bəlkə də övladlığa götürdük onu». Yusufu beləcə yer üzündə yerləşdirdik ki, yuxuların yozumunu öyrədək ona. Öz işini aşırandır Allah. Amma əksər adamlar bilməyir bunu.
22. Elə ki, yetkinlik çağına yetişdi Yusuf, Hikmət verdik, bilik verdik ona. Beləcə mükafatlandırırıq yaxşıları.
23. Qanı qızdı Yusufa evində qaldığı qadının, bağladı qapıları, «Gəlsənə yanıma» dedi. «Allah Özü saxlasın məni bu işdən. Ağam mənə yaxşılıqlar eləmiş [ona necə xəyanət edə bilərəm]. Zalımlar uğura uğramazlar» dedi Yusuf.
24. Arzulamışdı onu qadın və o da Rəbbinin doğruluğu göstərən dəlilini görməsəydi əgər, arzulardı bu qadını. Xəyanəti, zinanı ondan kənar eləmək istədik Biz beləcə. Sadiq bəndələrimizdəndi Yusuf, şübhəsiz.
25. Hər ikisi cumdular qapıya doğru. Yusufun köynəyini arxasından cırdı qadın. Qapının ağzında əri ilə üzləşdilər. «Sənin ailənə pislik etmək istəyənin nədir cəzası? Beləsi zindana atılmalı, yaxud da möhkəmcə döyülməli deyilmi?» dedi qadın.
26. «Mən ondan yox, o məndən kam istədi» dedi Yusuf. Qadının qohumu olan bir şahid dedi: «Onun köynəyi qabağından cırılmışsa əgər, qadın düz danışır, Yusuf yalan.
27. Və əgər onun köynəyi arxasından cırılmışsa, demək qadın yalan söyləyir, Yusuf doğru».
28. Görəndə ki, Yusufun köynəyi arxasından cırılmış, qadının əri dedi: «Bu dediyin siz qadınların məkrindən gəlir. Siz qadınlar yaman məkrlisiniz.
29. Yusuf, unut bu işi. Sən də ki, Zəlixə, məğfirət dilə. Artıq günah içindəsən, şübhəsiz».
30. Şəhərdəki arvadlar dedilər: «Öz quluyla eşqbazlıq eləyir vəzirin arvadı. Onun sevgisiylə bağrı yaxılmış. Açıqdan-açığa yolundan sapmış».
31. Onların bu qeybətini eşitcək dallarıyca adam saldı. Mütəkkələr hazırladı onlara və hər birinin əlinə də bıçaq verdi. [Arvadlar qabaqlarındakı meyvələri soyub yeməklə məşğul ikən] Zəlixə Yusufa dedi: «Çıx bunların qarşısına». Yusufu görəntək çaşqınlıqdan əllərini kəsdilər, «Allah, bu ki, bəşər deyil, gözəl bir mələkdir!» dedilər.
32. Zəlixə dedi: «Baxın, buna görə sizlər məni dilə-dişə salmışdınız. Ondan kam almaq istədim, o istəmədi. Dediyimi eləməsə yenə də, zindana atılacaq, alçalacaq».
33. Yusuf dedi: «Bunların dediyinə uymaqdansa zindana düşməyim daha yaxşı, Rəbbim! Bunların məkrini məndən uzaq eləməsən, meylim düşər bunlara, cahillərdən olaram».
34. Onun duasını qəbul buyurdu Rəbbi, qadınların məkrini uzaq elədi ondan. Allah eşidəndir hər şeyi, biləndir hər işi.
35. Görəndən sonra da Yusufun mə'sumluğunu, qərara aldılar bir neçə müddətliyə zindana salsınlar onu söz-söhbəti kəsmək üçün.
36. Onunla bərabər iki başqa cavan [saqi və aşpaz] da düşdü zindana. Onlardan birisi dedi: «Yuxumda gördüm şərab düzəltmək üçün üzüm sıxıram». Digəri də dedi: «Mən də gördüm çörək daşıyıram başımın üstə, quşlar ondan yeyirlər. Bizim üçün yoz bunları, biz səni yaxşılardan sayırıq».
37. Yusuf dedi: «Sizə ruzi olaraq təam gəlməzdən öncə yuxunuzu sizin üçün yozaram. Rəbbim mənə öyrətmiş çox şeyləri, bu da onlardan biri. Mən artıq tərk eləmişəm Allaha inanmayan, axirəti dananların dinini.
38. Atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Bizə yaraşan deyil nəyisə şərik qoşaq Allaha. Bu, tək Allahın bizə, bütün insanlara Onun lütfündən gəlir. Amma əksər adamlar yenə də naşükürlük eləyir.
39. Ey mənim zindan dostlarım, kim daha üstündür, müxtəlif tanrılarmı, hər şeyi qəhr eləyən tək Allahmı?
40. Siz Allahı qoyub yalnız sizin və atalarınızın qoyduğu bir para adlara [bütlərin adlarına] tapınırsınız. Bunların barəsində heç bir dəlil-fərman nazil etməmiş Allah. Hökm tək Allahındır. Təkcə Ona tapınmağı buyurmuş sizə O. Doğruya doğru yönələn din budur. Amma əksər adamlar bilməzlər bunu.
41. Ey mənim zindan dostlarım, biriniz yenə ağasına şərab süzəcək, o biriniz asılacaq və quşlar onun başından yeyəcək. Soruşduğunuz şeylərin hökmü verilmiş beləcə».
42. O iki nəfərdən birinə, canının qurtulacağını yə'qin eləyən kimsəyə Yusuf dedi: «Öz ağana [padşaha] mənim barəmdə danış». Ağasına bu barədə danışmağı ona unutdurdu şeytan, bir neçə il zindanda qaldı Yusuf.
43. Padşah dedi: «Yuxumda gördüm yeddi yekə kök inək basıb yeyir yeddi arıq inəyi. Bir də onu gördüm yeddi quru sünbül dolanmış yeddi yaşıl sünbülə. Ey ağalar, yuxuları yoza bilirsizsə əgər, yuxumun mə'nasını anladın mənə».
44. Dedilər: «Bu yuxun qarışıq xəyallardan ibarətdir. Xəyalların yozumunu bilmərik».
45. O iki nəfərdən biri, canı qurtulan kimsə xatırladı bu arada Yusufu, dedi: «Bu yuxunun yozumunu sizə bildirərəm mən, zindana göndərin məni».
46. «Yusuf, ey doğrucul insan, bu yuxunu yoz bizə - yeddi yekə kök inək basıb yemiş yeddi arıq inəyi və yeddi yaşıl sünbülə yeddi quru sünbül dolanmış. Mən də gedim adamlara bildirim bilsinlər bunu».
47. Yusuf dedi: «Yeddi il dalbadal buğda əkərsiz. Biçindən sonra yeyəcəyinizin az bir hissəsini saxlarsız toxumluq üçün.
48. Sonra yeddi il qıtlıq olacaq. Yığdığınız azuqəni yeyəcək bu illər. Bir az saxladığınızı saxlayacaqsız.
49. Sonra da bir il gələr, bol yağış göndərər insanlara Allah, meyvələri sıxıb şirəsini içər onlar».
50. Padşah dedi: «Onu yanıma gətirin». Padşahın göndərdiyi kəs gələndə onun yanına, Yusuf dedi: «Qayıt ağanın yanına, öyrən gör o qadınlar nəyə görə kəsmişdilər əllərini. Onların məkrini, şübhəsiz, bilir Allah».
51. «Yusufu başdan çıxarmaq istəyəndə sizə meyl saldımı?» dedi padşah qadınlara. «Allah eləməsin, bizlər ondan heç bir pislik görmədik» dedi onlar. «Haqq artıq üzə çıxmış, onu başdan çıxarmaq istəyən mən idim. Doğru sözlü, düz əməlli kimsədir o» dedi vəzirin arvadı.
52. Yusuf dedi: «Onların sorğuya çəkilməsini ona görə istədim ki, bilsin vəzir, mən ona xəlvətdə xəyanət eləməzdim, xainlərin əməlinə uğur qazandırmaz Allah.
53. Mən təmizə çıxarmaq istəmirəm nəfsimi. Nəfs elə şeydir ki, pisliyə meyllidir, nəfsi yalnız Rəbbim kəsər. Günahlardan keçəndir, Rəhimdir Rəbbim mənim».
54. «Gətirin, onu öz yanımda saxlayacağam» dedi padşah. Yusuf gələn kimi də ona üz tutub dedi: «Bu gündən bizim adamsan, yanımızda yerin var».
55. «Mənə tapşır ölkənin xəzinələrini, maliyyə işlərinə yaxşıca bələdəm mən» dedi Yusuf.
56. Yerləşdirdik yer üzündə beləliklə Yusufu, istədiyi yeri verdik ona. 2 Rəhmətimizi istədiyimiz kimsəyə verərik, yaxşıların əcrini zay etmərik.
57. Amma axirət əcri daha çox xeyir gətirər iman gətirənlər üçün, Allahdan qorxanlar üçün.
58. Yusufun qardaşları gəldilər onun yanına. Yusuf onları tanıdı, onlarsa Yusufu tanımadılar.
59. Onların yükünü hazırlatdı Yusuf, dedi: «Atabir qardaşınızı da gətirin yanıma. Görürsünüz, heç nəyin çəkisini mən əskik eləmirəm. Mənim kimi qonaqsevən bir adam heç yerdə ola bilməz.
60. Əgər onu yanıma götirməsəniz, heç nə verməyəcəm sizə. Və bir də bundan sonra mənə yaxın gəlməyin».
61. «Çalışarıq ayıraq onu öz atasından. Bunu mütləq edəcəyik» dedilər.
62. «Gətirdikləri pulları da qatın onların yükünə. Evlərinə çatantək bəlkə bunu bilələr və bəlkə biz tərəfə bir də gələlər» dedi Yusuf nökərlərinə.
63. Atalarının yanına qayıtdılar, dedilər: «Atacan, payımızı tərəzidə çəkmədən verdilər, çünki qardaşımız yanımızda yox idi. Onu bizə qoşub göndər. Göndər ki, alacağımızı lazımınca ala bilək. Xatadan-bəladan qoruyarıq biz onu».
64. «Öncə qardaşını sizə e'tibar eləmişdim, indi də onu sizə e'tibar eləməliyəm, eləmi? Xatadan-bəladan təkcə Allah qoruyar, mərhəmətlilərin mərhəmətlisidir O» dedi Yaqub.
65. Yüklərini açan zaman gördülər özlərinə qaytarılmış pulları. Dedilər: «Atacan, bundan artıq nə istərik, pulumuz da qaytarılmış özümüzə. Bu pulla yenə də azuqə gətirərik ailəmizə. Xatadan-bəladan qardaşımızı qoruyarıq. Bir dəvə yükünü də onun üçün alarıq, padşahın səxavəti önündə bu yük yüngül bir yükdür».
66. Onu əsla göndərmərəm sizinlə, əgər Allaha and içməsəniz ki, başınıza iş gəlməsə siz onu sağ-salamat mənə qaytaracaqsız» dedi Yaqub. Elə ki, and içdilər, «Allah Özü şahiddir bizim dediyimizə» dedi o.
67. «Oğullarım, Misirə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin sizlərə göz dəyməsin. Və bilin, mən bu söylədiyimlə taleyinizə Allahın yazdığından heç bir şeyi sizdən kənar eləyən deyiləm. Hökm tək Allahındır. Ona güvəndim. Qoy Ona güvənsinlər güvənmək istəyənlər» dedi Yaqub.
68. Necə söyləmişdisə ataları onlara, eləcə də daxil oldular Misirə. Bu onlardan Allahın əmrini sovuşduran deyildi. Fəqət ürəyinin arzusunu bildirmişdi dediyilə Yaqub sadəcə. Şübhəsiz, elm yiyəsiydi o, elm öyrətmişdik ona. Amma əksər adamlar anlamazlar nədir Allah vergisi.
69. Gəldilər Yusufun yanına. Qardaşı Beniamini basdı Yusuf bağrına, dedi: «Əsil qardaşın mənəm, onların işləkləri üzündən üzülməyəsən».
70. Onların yükünü hazırlayarkən Yusuf, öz doğma qardaşının yükünə o qızıl camı qatdı. Karvan yola düşəndə haray çəkdi harayçı: «Dayanın, karvan əhli, siz doğrudan-doğruya oğrular imişsiniz!»
71. Yusufun adamlarına sarı çevrilib «İtirdiyiniz nədir?» dedi qardaşlar.
72. «Padşahın camıdır itirdiyimiz. Bir dəvə yükü qədər ərzaq veriləcəkdir onu gətirən kəsə. Buna mən cavabdehəm» dedilər.
73. «Bu nə olan işdi, Allah. Siz ki, yaxşı bilirsiz, biz buraya gəlməmişdik pozğunçuluq törədək, oğurluq eləməmişik» dedi qardaşlar.
74. «Yalan dedinizsə, onda necə, hansı cəza verilməli oğurluq edən kəsə?» dedilər.
75. «Hər kimin yükündə tapılarsa itən şey, onda itki yiyəsinə nökər olar bu yük yiyəsi. Budur oğurluğun cəzası. Zalımlara cəzanı bu cür verərik» dedi qardaşlar.
76. Öncə o qardaşlarının, sonra Beniaminin yükünü yoxlatdı Yusuf. Çıxartdı bu yükün içindən camı. Belə bir tədbir qıldıq Biz Yusufun xətrinə. Yoxsa padşahın hökmünə qalsaydı əgər, ala bilməzdi Yusuf qardaşını yanına. Ancaq Allahın istəyilə nail oldu arzusuna. Pillə-pillə ucaldırıq kimi istəyiriksə. Hər elm yiyəsindən daha çox bilən bir başqa biləyən var.
77. «Bu oğurluq eləmişsə, qardaşı da oğurluq eləmiş bundan öncə deməli» dedilər. Yrəyinə saldı Yusuf bu dərdi, onlara açıb demədi. «Tutduğunuz şər mövqedir. Dediyinizi Allah daha yaxşı bilir» dedi öz-özünə.
78. «Ey vəzir, onun bir atası var, yaşı ötmüş qocadır [onu hamımızdan artıq sevir, ayrılığına tab gətirməz]. Bu oğlunun əvəzi götür başqa birimizi. Biz səni gerçəkdən xeyirxah adam bilirik» dedilər.
79. «Allah eləməsin, malımızı biz kimdə tapmışıqsa, onu da aparmalıyıq. Yoxsa ki, şübhəsiz, zalımlardan olarıq» dedi Yusuf.
80. Mə'yus olub bir kənara çəkildilər söhbət üçün. Böyük qardaş söylədi: «Allaha and vermişdi sizi atanız. Daha öncə də Yusufa qarşı nahaq iş görmüşdünüz. Bu torpaqdan ayrılası deyiləm nə qədər ki, geriyə dönməyimə izn verməmiş atam, yaxud Öz hökmünü mənə verməmiş Allah.
81. Qayıdın atanızın yanına, deyin: «Ey atamız, oğurluq eləmiş oğlun. Ancaq gördüyümüzə biz şahidlik elədik, başqa bir şey bilmədik. Görünməzi bilmərik.
82. Getdiyimiz diyarın, gəldiyimiz karvanın əhlindən də sən soruşa bilərsən. Dediyimiz həqiqətən doğrudur».
83. «Tutduğunuz əməli bərbəzəkli göstərmişdi sizə nəfsiniz. Mənə də yaxşıca səbr eləmək qalır yalnız. Bəlkə onları hamılıqla [üçünü də] yetirə mənə Allah. Şübhəsiz, hər şeyi bilən, müdrik olan təkcə Odur» dedi Yaqub.
84. Və onlardan üzünü yana çevirib «Yazıq Yusuf» dedi. Ağ düşdü gözlərinə dərd çəkib ağlamaqdan. Dərdini içində çəkirdi Yaqub.
85. Dedilər: «V-Allahi ki, ana-ana Yusufu əldən tamam gedəcəksən, axır öləcəksən».
86. Yaqub dedi: «Mən dərdimi-acımı təkcə Allaha açıram. Və sizin bilmədiyinizi mən Allahdan öyrənib bilirəm.
87. Ey oğullarım! Gedin soraqlayın Yusufu və qardaşını. Allahın rəhmətindən ümidinizi üzməyin. Allahın rəhmətindən ümidini ancaq kafirlər üzər».
88. Yusufun yanına qayıtdı qardaşları. «Ey vəzir, aclıq üz vermiş bizə, külfətimizə. Bir az mal da gətirmişik, payımızı tamam elə, sədəqə ver bizə. Sədəqə verənlərin savabını, şübhəsiz, verər Allah» dedilər.
89. «Siz cahillər Yusufa və qardaşına nə elədiyinizi bildinizmi?» dedi Yusuf.
90. «Yoxsa ki, olmaya sən Yusufsan?» dedilər. «Mən Yusufam, bu da mənim qardaşım. Bizə öz ne'mətindən pay vermiş Allah. Allahdan qorxan, səbr yiyəsi olan kəs bilsin, yaxşıların əcrini heç zaman zay etməz Allah» dedi Yusuf.
91. «V-Allahi ki, üstün tutmuş səni bizlərdən Allah. Və bizlər gerçəkdən suça batmışdıq» dedilər.
92. Yusuf dedi: «Bu gün sizi qınamaq artıqdan olar. Allah Özü keçsin günahınızdan. Mərhəmətlilərin mərhəmətlisidir O.
93. Aparın bu köynəyimi qoyun atamın üzünə, açılacaq gözləri. Və bütün əhli-əyalınızla yanıma gəlin» dedi Yusuf.
94. Karvan yola düşəndə ataları Yaqub dedi: «Ağlını itirmiş sanmayın məni, inanın, mən Yusufun iyini duyuram».
95. «V-Allahi ki, sən hələ də əzəlki çaşqınlıq içində vurnuxursan» dedilər.
96. Müjdəçi gölib qoyan tək köynəyi onun üzünə açıldı gözləri. Dedi: «Mən sizə demədimmi, sizin bilmədiyinizi mən Allahdan öyrənib bilirəm?»
97. «Ey atamız, Allahdan suçumuza məğfirət dilə. Gerçəkdən suçluyuq biz» dedilər.
98. «Sizin üçün Rəbbimdən mən məğfirət diləyəcəm. Şübhəsiz, günahlardan keçəndir. Rəhimdir O» dedi Yaqub.
99. Yusufun yanına gəldilər hamılıqla. Atasını, anasını [anası yox idi, burada ona uşaqlıqdan baxan analığı nəzərdə tutulur] bağrına basdı Yusuf, dedi: «Buyurun girin Misirə. Bundan sonra Allah qoysa arxayınçılıq içində olacaqsız».
100. Atasını, anasını taxta qaldırdı [yanında əyləşdirdi] o. Önündə əyilərək salamladılar onu. Yusuf dedi: «Atacan, bu olanlar bir vaxt yuxuda gördüklərimin tə'biridir. Yuxumu çin eləmiş Rəbbim. Yaxşılıqlar eləmiş mənə O, Mənimlə qardaşlarımın arasını pozandan sonra şeytan, zindandan çıxartmış məni, çöllükdən götirmiş sizi yanıma. İstədiyi bir şeyi incəliklə yoluna qoyar Rəbbim. Şübhəsiz, hər şeyi bilən, müdrik olan təkcə Odur».
101. «Rəbbim! Hökmranlıq verdin, yuxuların yozumunu öyrətdin mənə Sən. Ey göyləri və yeri yaradan, dünyada və axirətdə Sənsən menim işlərimi yoluna qoyan. Mən müsəlman ola-ola al canımı, əməli salehlərin sırasına sal məni».
102. Bu deyilənlər qeybə aid xəbərlərdir sənə vəhy eləyirik. Onlar [Yusufun qardaşları] birləşib hiylə qurarkən onların yanlarında deyildin.
103. Nə qədər istəsən belə gəlməzlər imana əksər adamlar.
104. Bu Qur'ana görə sən onlardan heç bir əcir ummayırsan. Bu Qur'an bir öyüddür, aləmlərdən ötrüdür.
105. Göylərdə və yerdə neçə-neçə ayə var ki, bunların yanından saymazyana ötərlər.
106. Ona şərik qoşmadan əksər adamlar inanmazlar Allaha.
107. Arxayınçılıqmı keçirirlər, saracaq onları Allahın əzabı axı, özləri də duymadan qöflətən yaxalayacaq onları qiyamət saatı axı?
108. De ki, «Budur mənim yolum. Mənim və ardıcıllarımın bəsirəti var, hamını çağırırıq Allah yoluna. Ucalardan ucadır Allah. Ona şərik qoşanlardan deyiləm».
109. Biz səndən öncə də şəhərlər əhlindən olan bir bölük adama vəhy vermişdik, elçilər olaraq yalnız onları göndərmişdik. Bir gəzib dolaşalar yer üzünü, görələr necə olmuş aqibəti öncə gəlib-getmiş olan nəsillərin. Axirət evi daha yaxşıdır Allahdan çəkinənlər üçün. Bunu düşünməzmisiniz?
110. Elə ki, peyğəmbərlər ümidsizliyə qapıldılar və təkzib olunduqlarını zənn etdilər [kafirlərə qarşı və'd edilən yardımın gəlməyəcəyini sandılar] o zaman onlara yardımımız yetişdi və istədiyimiz kimsələr nicat tapdılar. Suçluların üstünə gəldimi əzabımız, geriyə dönən deyil.
111. Şübhəsiz, peyğəmbərlərin qissələrində ibrət dərsləri var düşünən başlar üçün. Uydurma bir hədis deyil bu Qur'an, öncəki Kitabların təsdiqidir, açıqlamasıdır hər şeyin, göstərəndir doğru yolu, rəhmət verəndir iman gətirənlərə.