Görüşünə gəlmişəm, sən, ey gözü bənövşə... - “Səksənincilər" layihəsindən Şamxal Rüstəmin şeirləri

Görüşünə gəlmişəm, sən, ey gözü bənövşə... - “Səksənincilər" layihəsindən Şamxal Rüstəmin şeirləri
16 yanvar 2026
# 16:00

Kulis.az Nəriman Əbdülrəhmanlının təqdimatında “Səksənincilər” layihəsindən Şamxal Rüstəmin şeirlərini təqdim edir.

Şair Şamxal Rüstəm 1952-ci il mayın 1-də Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini (1975) bitirib. Əmək fəaliyyətinə 1969-cu ildə Şəmkir mətbəəsində mürəttib kimi başlayıb. Universiteti bitirəndən sonra təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, bölgə müxbiri (1975-1993) vəzifələrində çalışıb. Sonralar “Aypara” kiçik yaradıcılıq istehsalat müəssisəsinə (1993-2001), Şəmkir Xeyriyyə Fonduna (2001-2006) və “Yenilikçi” MMC-yə (2001-2010) rəhbərlik edib, “Qanun yolu” və “Jurnalist araşdırmaları” qəzetlərinin təsisçisi və baş redaktoru olub.

Ş.Rüstəm bədii yaradıcılığa erkən yaşlarından başlayıb, şeirləri 80-ci illərdən dövri mətbuatda dərc olunub, “Şəmkir şəhidləri” (1994), “Bir ocağın alovları” (1996), “Uşaqlar, dünyaya siz yiyəsiniz, Atalı-analı böyüyəsiniz” (1998), “Nəsillərə örnək insan” (2004), “Məni kimin qarğışı tutdu?” (2022) kitablarının müəllifidir. 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Ş.Rüstəm sonralar respublika mətbuatında müntəzəm çıxış edib, şeirlərinə musiqi bəstələnib. Əsərləri bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
Şamxal Rüstəm 2019-cu il noyabrın 14-də vəfat edib.

BİRCƏ BİLƏYDİM

Adını anmadığım babamın, nənəminmi,

Oduna yanmadığım qonşu qız Sənəminmi…

Eh, qəlbini qırdığım nə bilim, yüzmü, minmi,

Bircə biləydim məni kimin qarğışı tutdu.

Yetməmişəm çətində çox doğmamın dadına,

Çoxunu unutmuşam, çoxu gəlmir yadıma.

Bir quzu kəsilibmiş doğulanda adıma,

Bircə biləydim məni kimin qarğışı tutdu.

Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz,

Xata hər ömrü tutmaz, bəla hər başı tutmaz.

Süd əmmişəm döşündən, ana qarğışı tutmaz,

Bircə biləydim məni kimin qarğışı tutdu.

SİZ MƏNİ HEÇ NƏYƏ

TƏLƏSDİRMƏYİN

Vaxtında gəlibdi ürəyə ağrı,

Saçımın dəni də vaxtına düşüb.

Dünyada heç nədən gileylənmərəm,

Dünyaya gəlişim ağ günə düşüb -

Siz məni heç nəyə tələsdirməyin.

Vaxtında boşalar hər dolan bulud,

Şimşəklər nə bilər çaxmaqdan özgə.

İnsan sevincinə gecikmək olar,

İnsan harayına çatmaqdan özgə -

Siz məni heç nəyə tələsdirməyin.

Hələ nə yazmışam, hələ nəyim var.

Dağ yüklü bir ömrün enişindəyəm,

Hələ zirvələrlə döyüşməyim var -

Siz məni heç nəyə tələsdirməyin.

Vaxtında gəlibdi ürəyə ağrı,

Saçımın dəni də vaxtına düşüb.

Taledən hərəyə bir pay düşəndə,

Mənim də gecikmək baxtıma düşüb -

Siz məni heç nəyə tələsdirməyin.

QUŞLAR ÇÖP DAŞIYIR

YUVA QURMAĞA

Xoş gəlib, bu ilin yazı xoş gəlib,

Yığılıb yollardan boran, qar daha.

Ana təbiətə yır-yığış gəlib,

Quşlar çöp daşıyır yuva qurmağa.

Çiçəklərə layla çalır küləklər,

Dəyişir səma da, yer də təzədən.

Təzə məhəbbətlə, təzə ürəklə,

Köhnə yurd yerində bir də təzədən -

Quşlar çöp daşıyır yuva qurmağa.

Sən də sapandını saxla, ay uşaq,

Hər quşun könlündə bir murazı var.

Ovcuna sıxdığın o qara daşa,

Yarımçıq bir evin ehtiyacı var -

Quşlar çöp daşıyır yuva qurmağa.

Həzinlik bürüyüb aranı, dağı,

Bir baxın, necə də kövrəlmişik biz.

Ev-eşik tikməyi, yuva qurmağı,

Bəlkə də quşlardan öyrənmişik biz -

Quşlar çöp daşıyır yuva qurmağa.

Xoş gəlib, bu ilin yazı xoş gəlib,

Yığılıb yollardan boran, qar daha.

Ana təbiətə yır-yığış gəlib,

Quşlar çöp daşıyır yuva qurmağa.

BU DÜNYANIN ÖLÜMÜ VAR MİN CÜRƏ

Durnaların qatarında gözüm var,

Ürəyimdə neçə qatar söüm var.

Bu dünyada mənim bircə üzüm var,

Ha varaqla, ha soraqla, ha sına.

Dünya bənzər bir qalacıq bürcünə,

Sığınmışam bir balaca küncünə.

Bu dünyanın ölümü var min cürə,

Mən görəsən tuş olacam hansına.

NİYƏ QOPDU TUFAN

Niyə qopdu tufan, niyə yağdı qar,

O, gələsiydi.

Niyə gözlərini sıxdı buludlar,

O, gələsiydi.

Gecikdi, yollara qar yağıbdı, qar,

Tənhayam, soyuğam, buzam, ay gecəm.

Gözləri yol çəkən de, necə yatar,

Bir şirin nağıl tək uzan, ay gecəm.

Sevəni qorxutmaz nə qar, nə yağış,

Sevirsə, deməli, boranda gələr.

Gözlərəm, dözərəm, səhərə yaxın,

Hicran ürəyimi sıxanda gələr.

Yollarda, izlərdə tufan var, hələ

Demək, gəlişinə güman var, hələ.

Güman var hələ!

Ulduzdan od yanıb yanır asiman,

Göydə ay doğub.

Qapımı döydülər, odur ya tufan,

Deyəsən odur.

TORPAQ

Duman pərdə çəkir qürub yerinə,

Torpağa endikcə soyuyur günəş.

İnanıb andına, sədaqətinə,

Torpağın köksündə uyuyur günəş.

Antey də torpaqdan aldı hünəri,

Dizinə güc gəldi, gözünə işıq.

Torpaq-sinəsində ayaq izləri,

Biz onun qoynunda var axtarmışıq.

Ağrıdan sinəsi olubdu dağ-dağ,

Könlündən min aləm keçirmişik.

Çox zaman bizdəki etibara bax,

Ona su yerinə qan içirmişik.

Torpaq ayırmayıb qara kim, ağ kim,

Dar gündə, xoş gündə bizə sığınıb.

Gəlin ay insanlar, unutmayaq ki,

Torpaq bizimkidir, biz torpağınıq.

Duman pərdə çəkir qürub yerinə,

Torpağa endikcə soyuyur günəş.

İnanıb andına, sədaqətinə,

Torpağın köksündə uyuyur günəş

BELƏ QƏMLİ DAYANMA...

Görüşünə gəlmişəm,

Sən, ey gözü bənövşə.

Gözü nəmli dayanma,

Belə qəmli dayanma.

Var soyuğu, var odu,

Bu yol - sevgi yoludu.

Ürək sözlə doludu,

Belə qəmli dayanma.

Könlü bulud deyilsən,

Sınıq ümid deyilsən,

Sən ki, sükut deyilsən,

Belə qəmli dayanma.

Çiçək açsın üzündə,

Günəş gülsün gözündə.

Bir sevinc tap özündə,

Belə qəmli dayanma.

Eşqinlə dindi dünya,

Şadlan, sənindi dünya.

Sevənlərindi dünya,

Belə qəmli dayanma.

# 144 dəfə oxunub

Oxşar xəbərlər

Əcaba, bir tank nə görür yuxusunda? - Orxan Vəli Kanıkın şeirləri

Əcaba, bir tank nə görür yuxusunda? - Orxan Vəli Kanıkın şeirləri

11:16 15 yanvar 2026
Əllərin ilantək çevik - Mixay Emineskunun şeirləri

Əllərin ilantək çevik - Mixay Emineskunun şeirləri

11:00 15 yanvar 2026
Bəs niyə az görür səni şeirimiz? - Məmməd Araz

Bəs niyə az görür səni şeirimiz? - Məmməd Araz

12:49 14 yanvar 2026
Unutma, gözəllik aldadıcıdır - Edmund Spenserdən sonetlər

Unutma, gözəllik aldadıcıdır - Edmund Spenserdən sonetlər

13:30 13 yanvar 2026
“Xərclədim gəncliyi qara pul kimi...” - Əliağa Kürçaylı

“Xərclədim gəncliyi qara pul kimi...” - Əliağa Kürçaylı

14:30 12 yanvar 2026
Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada... - Lui Araqon

Xoşbəxt sevgi yoxdu ki, bu xaraba dünyada... - Lui Araqon

14:15 12 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər