Kulis.az Asiman İsmayilzadənin “Master və Margarita Şeytan balında” yazısını təqdim edir.
« …Mən hələ ömrümdə bu qədər qəribə bir mərasim görməmişdim. Böyük bir salonda kiçik masalarda oturub yemək yeyərkən akkordeonda çalınan musiqi, kiçik bir ayı balası, qəfəsdə zebrlər, keçilər bizi müşayiət edirdi. Yeməkləri və şərabların çoxluğunu təsvir edə bilməyəcəyəm. Yemək salonundan əlavə çox böyük və lüks bir salonda isə insanlar kabab yeyir və Qafqaz rəqsi edirdilər. O gecə saat iki, üçün yarısı ikən biz artıq oranı tərk etmək istədik, ancaq bizə icazə vermədilər. Yadıma gəlir ki, biz evə özümüz yollanmaq üçün qərarlaşanda onlar buna etiraz etdi və konsulluğun maşınlarından birində oranı tərk etdik. Bizim tanımadığımız, lakin bütün Moskvanın tanıdığı və mənə elə gəlir ki, xaricilər olan hər məkanda tapılan bir kişi də maşında bizə qoşuldu. Sürücünün yanında əyləşdi. Dəqiq xatırlayıram ki, biz evə çatanda hava ağarırdı… »
Sonradan Mixayıl Bulqakovun xanımı Elena Sergeyevna xatirələrində o gecəki təəssüratlarını belə yazmışdı.
Həmin sözügedən gecə «Master və Marqarita» romanının məşhur səhnəsinə («Şeytanın evində böyük Bal») ilham vermişdir.
XX əsrin şedevrlərindən sayılan Bulqakovun mistik romanı bir-birinə çox incə xətlərlə bağlı olan üç fərqli süjetin birləşməsindən doğur. Şeytanın və köməkçilərinin Moskvaya gəlməsi və Moskvanı bir-birinə qatması, İsa çarmıxa çəkiləndə Qüdsdə prefekt olan Pint Plat və İsanın dialoqları və sonrasında yaşananlar, nəhayət Master və Marqarita arasındakı məhəbbət...
Əsərin bəlkə də ən maraqlı hissəsi Şeytanın keçirdiyi Böyük Bal və onun təsviridir.
Burada qonaqları müşayiət etməyi tələb olunan Marqarita üçün hər şey qeyri-adi məcrada cərəyan edir. Cəhənnəmdən gələn qonaqları qarşılayan Marqarita dünyanın dörd bir yanından Şərin Yer üzərindəki təmsilçiləri ilə tanış olur.
Qonaqları qarşılama mərasimində sonda gələn iki qonaq xüsusi vurğulanır, ancaq onların adları yazılmır. Bəzi tənqidçilər, o cümlədən 1994-cü ildə əsəri 7-ci incəsənətə çevirən, və kinoteatrlarla qovuşduran rejissor Yuri Kara kitabda belə bir vurğu edilməsə də, sonda gələn və həmişə Şeytanın mərasimlərinə ən axırda çatan iki qonaqdan birinin Hitlerə bir işarə olduğunu düşünür.
İndi isə qayıdaq Bulqakovla xanımının da iştirak etdiyi və Bulqakova əsərdəki Şeytanın Balı üçün ilham verən həmin bala.
Oktyabr inqilabından bir il sonra ABŞ öz diplomatik korpusunu geri çağırdıqdan sonra 1919-cu il sentyabrın 4-ü ABŞ-ın Sovet İttifaqındakı konsulluğu tamamilə bağlanmışdı.
Ancaq 1933-cü ildə yenidən bərpa olunan əlaqələrdən sonra sovet hökuməti yeni təyin olunan səfir Uilyam Bulit üçün iki fərqli məkan təklif edir və Bulit səfirliyin binası olaraq Spaso evini seçir.
Spaso evi keçirdiyi fərqli mərasimlərlə məşhur olsa da, sözsüz ki, ən yaddaqalanı və fərqlisi Spaso evinin Bulit tərəfindən təşkil edilən Yaz festivalıdır.
Bulqakov və xanımı da Stalinin bütün məmnun olmamasına baxmayaraq o gecə orada idi.
Adi ballardan fərqli olaraq orada sadəcə yemək və rəqsdən əlavə Moskva zooparkından bir çox heyvan gətirilmişdi. O gecə ortalıqda dolaşan balaca ayı balasına şərab içirmiş, gecənin sonunda zebrlərdən biri evdən qaçmışdı.
«Master və Marqarita» əsəri hər nə qədər yazılsa da ki, Sovet İttifaqının saat kimi işləyən sisteminin bir həmlə ilə çökdürülməsinə işarə edir və dövrü tənqid edirdi.
Ancaq əslində baxılası aspekt başqadır.
Amerika səfirliyindəki balı bir az daha bəzəyib romanında Şeytan balına çevirən Bulqakov romanda Şeytan Volandın Moskvanın başına açdığı hadisələri təsvir edir, Şeytanın köməkçilərinin şəhərdəki nizamı necə dağıtdığını nəql edirdi.
Bəlkə o Amerikanı Soveti içdən çürüdəcək bir Şeytan olaraq görürdü?
Əsərdəki daha bir maraqlı epizod sanki eyni ifadə ilə səsləşir.
Şeytan Voland və köməkçiləri «Variete» teatrında «qara cadu» məzmunlu bir tamaşa göstərirlər. Tamaşada qadınlar üçün pulsuz olaraq Qərbdən gələn geyimlər təqdim edilir. Paltarların gözəl və pulsuz olmasına görə səhnəyə axışan qadınlar üç-üç, beş-beş şubalar, libaslar götürür və oradaca geyinirlər. Tamaşa bitəndən və insanlar çölə çıxandan sonra birdən-birə geyimlər yoxa çıxır və qadınlar çılpaq qalır.
Hər şeyi yerli-yerində var ikən Qərbdən gələn geyimlərə hücum çəkərək nizamı pozan qadınlar sonda öz geyimlərindən də olurlar.
Sanki Bulqakov burada da Qərb kapitalizminə işarə edir.
Bu kitab həqiqətən də dövrünün ən yaxşısı olaraq qiymətləndirilməyə layiq idi. Hətta bir dəfə qəhrəmanı Master kimi Bulqakov da əsərini çap etməyə icazə ala bilmədiyi üçün yandırmış, sonradan onu əsərin üzərində yenidən işləməyə həvəsləndirən isə məhz Amerika konsulluğu olmuşdur. Bu mənada Master hardasa, demək olar ki, avtobioqrafik obrazdır.
Əsərdə Amerika ilə yanaşı sovet senzurası da sətiraltı tənqid edilmişdir.
Kitab əsasında onlarla teatr tamaşası, opera, balet, film, animasiya, tele-serial çəkilmiş, bir çox müasir mahnılara ilham mənbəyi olmuşdur.