Kulis.az Yaşarın tərcüməsində Uruqvay yazıçısı Mario Benedettinin “Qrinviç meridiani kimi” novellasını təqdim edir.
- Siz də yerli malyorkalı deyilsiz, eləmi? – qonşu stulda əyləşən yeniyetmə qız soruşdu.
- Nə? Necə? – Kinyones diksindi, hətta onu hıçqırıq tutdu.
- Deyəsən sizi qorxutdum? – Qızın səsində istehza yox idi, sadəcə, kefi yaxşıydı.
- Məni hıçqırıq qəfil səksənməyimə görə tutdu. Bura, Palmaya az müddətə gəlmişəm.
- Deməli, Malyorkadan deyilsiz. Hətta siz ispan da deyilsiz.
İstintaqı yekunlaşdıra bilərik: mən argentinalıyam.
- Elə də bilirdim.
- Nəyə görə? – Kinyones diqqətlə qıza baxdı. O, qara şalvarda, ağ köynəkdəydi, bədəni hələ bir o qədər yetişməsə də özünü çox gözlətməyəcəkdi.
- Bilmirəm. Bəlkə də şalvarınızın millərindən, kibriti yandırmağınızdan, ya qadınlara necə baxmağınızdan.
- Xeyli inkişaf var. Əvvəllər bizləri ancaq ləhcəmizdən tanıyardılar.
- Mən sizə qırx üç yaş verərdim.
- Qırx bir.
- Yaşınızı azaltmırsız ki?
Onun bu sərbəstliyində nəsə bir qəribəlik vardı. Kinyones hiss elədi ki, qızdan xoşu gəlir.
- Mən uruqvaylıyam. On dörd yaşım var.
- Lap yaxşı.
- Sizin üçün maraqlı deyil?
- Niyə ki? Amma doğrusu son vaxtlar Avropada Laplat ölkələrindən gələnlə rastlaşmaq elə də nadir hadisə deyil.
- Mənim adım Susanadı. Bəs sizin?
- Kinyones.
Susana qabağındakı limonadın dadına da baxmamışdı.
- Sizin limonad isinəcək. Yaddan çıxarmayın ki, indi avqustdu.
- Soyuq içki mənə pis təsir eləyir.
Stəkanı ovcuyla götürüb limonadın isinib-isinmədiyini öyrənmək istədi, amma yenə ondan bir qurtum içmədi.
- Burda, Lornoda gəzişən isveç, holland, alman qızlar yəqin sizin də xoşunuza gəlir. Görürəm, bayaqdan onlara çox heyranlıqla baxırsız.
- Kefimdən asılıdı. Hərdən elə təkcə holland və bir də holland qızlara baxıram.
- Bəs sizi hansı qadınlar daha çox iştaha gətirir: miniatür döşlü, yoxsa sellulitli?
Kinyones heyrətlə ona baxdı.
- Bu sözləri hardan öyrənmisən?
- Aha, deməli, artıq «sənə» keçdik? Çox gözəl.
- Əlbəttə, niyə də yox.
- Sözlərə gəlincə, mən axı, savadsızam.
- Amma deyərdim ki, bu on dörd yaşınla sən mümkün olandan da artıq savadlısan.
Qız susub özünün nazik, zərif əllərinə baxdı. Elə bil dərisinin hər xırda cizgisi üzərində araşdırma aparırdı.
- Günün altında azca artıq qalan kimi səpirəm.
- Mən də.
Kinyones bu sözü elə-belə, susmamaq üçün dedi.
- Onda biz lap «Çil-çillər» duetiyik. Sən oxuya bilirsən?
- Kar xoruz kimi, xaric buraxa-buraxa.
- Amma mən bütün skripkalar kimi, xaric buraxa-buraxa.
- Malı mala qatma, yaxşı skripkalar da olur.
- Amma hamısı yalan deyir. Mən bilirəm. Çünki əmim skripkaçıydı, Allahın hər verən günü səhərdən-axşamacan elə hey dınqıldadırdı. Bəlkə duet sövdasına düşməyə hələ tələsməyək?
- Niyə «skripkaçıydı» deyirsən? Nədi, daha skripkaçı deyil?
- İndi xarratdı, xoruzu mişarla buraxır. Nə edəsən, sürgündəyik.
- Aha, deməli, sən sürgün olunanlardansan?
- Təbii ki, belə də olmalıdı.
- Xeyr, o qədər də təbii deyil. Burda uruqvaylı, argentinalıdan sürgün olunmayanı da var.
- Ən azı yarısı sürgün olunandı.
- Amma o biri yarısı...
- Sürgün olunanların uşaqlarıdı. Mən həmin o ikinci yarıdanam. Bəs sən?
- Birincidən.
- Buenos-Ayresdən çoxdan çıxmısan?
- Tukumandan. Buenos-Ayres bütün Argentina demək deyil.
- Yaxşı-yaxşı.
- Dörd il olar.
- Bəs Palmada nə işlə məşğulsan?
- İndi məzuniyyətdəyəm. Belə götürəndə, reklam işləriylə məşğul oluram. Bütün İspaniyanı o baş bu baş gəzib-dolanıram.
- Necə də maraqlıdı. Amma mən Almaniyada yaşayıram.
- Xoşuna gəlirmi?
- Belə də. Orda almanlardı.
- Yaxşı, de görüm, niyə mənimlə söhbətə başladın?
- Özüm də bilmirəm. Bəlkə də səni birinci dəfə gördüyümə görə.
- Sən də eləcə kiminləsə danışmaq həvəsinə düşdün.
- Yox, elə deyil. Əslində, mən həyatıma son qoymaq qərarına gəldiyimi kiməsə deməliyəm. Bu çox ciddi məsələdi. Təklikdə qərar qəbul etmək olmaz.
Qız ciddi danışırdı. Kinyones udqundu.
- Palmaya tək gəlmisən?
- Yox, atamla.
- Bu artıq yaxşılığa doğrudu.
- Hə, bir də atamın rəfiqəsiylə. Onlar bir azdan dalımca gələcəklər.
- Bəs anan?
- Almaniyadadı. Onlar artıq çoxdan bir yerdə yaşamırlar. Anamın da orda öz dostu var, bəlkə də yoldaşdılar, bilmirəm.
- Elə buna görə də sən özünü öldürmək istəyirsən?
- Aha. Sən mənə inandınmı?
- Zarafat eləyirdin?
- Zarafat-zad eləmirəm. Amma bilirəm ki, mənə inanan olmayacaq. Yox, mən bu qərara ona görə gəlməmişəm.
Kinyones yenidən veyil-veyil gəzişən turistlərə baxdı. Adətən o, «Mayami» kafesinin küçəyə çıxarılan stollarının arxasında əyləşərdi. Çünki yük maşınının Madrid qəzetlərini nə vaxt gətirdiyi burdan daha aydın görünürdü. Onda o, köşkə yaxınlaşıb qəzet-jurnallardan bir neçəsini alırdı ki, dünyada baş verənlərdən təcrid olunmasın.
- Söhbətin davamını eləyəcəksənmi?
- Bəlkə də. Belə görürəm, sən pis oğlana oxşamırsan, adın bədheybət olsa da. Ada bax, Kinyones.
- Xoşuna gəlmir?
- Düzünü desəm, iyrənc addı. Amma əlbəttə əsas adamın özüdü. Sən axı, yaxşı adamsan. Yaxşısan?
- Ola bilər.
- Deməli, yaxşısan. Əgər yaxşı adam olmasaydın, azca da tərəddüd eləməzdin, -dərhal deyərdin ki, yaxşı adamam.
- Görürəm, sənin hər şeyə öz şəxsi yanaşman var.
- Bəs necə. Birtəhər başımı girləməliyəm, axı.
Ofisiant əlində tutduğu boş məcməyi ilə yanlarından ötüb keçəndə Kinyones fürsəti qaçırmayıb ondan içməyə nəsə bir şey gətirməyini xahiş etdi.
- Ola bilsin, indi o məni yetkinlik yaşına çatmayanı yoldan çıxaran kimi qəbul edir.
- Ya da məni yetkinlik yaşına çatanı yoldan çıxaran kimi.
- Elələri də olur?
- Bəs nə. Sən həbsdə olmusan?
O, yenə diksindi. Hisslərini gizlətmək üçün eynəyini çıxarıb köhnə burun dəsmalıyla aramla sildi.
- Üç il.
- İspaniyada tək yaşayırsan?
- Tək.
- Bəs arvad-uşağın yoxdu?
- Arvadım var. Yaxşı, qulaq as, yaddan çıxarmamısan ki, intihar eləməyə hazırlaşan mən deyiləm sənsən.
- Haqlısan. Amma elə bilirəm deyəsən, sən məni ciddi qəbul eləmirsən.
- Mən səninlə səmimi danışıram. Doğrusu, səni ciddi qəbul eləmək istərdim. Belə daha rahat olardı. Amma bacarmıram.
- Həyatımın bu cür çiçəklənən bir dövründə dünyayla haqq-hesabı çürütmək istəyim səni heyrətləndirmir?
- Belə bəlağətli danışmığa son qoysaydın, sənə minnətdar olardım. Deməli belə, xeyr heyrətləndirmir.
- Bu barədə heç kim bilmir.
- Necə yəni heç kim? Mən bilirəm.
- Amma sən məni satmazsan, eləmi? Demək istəyirəm ki, mənə belə gəlir.
- Niyə axı, atanla bu barədə danışmayasan?
- Belə məsələlərdən onun başı çıxmır.
- Bəs mənim başım çıxır?
- Əmin deyiləm. Mən sizi ancaq sınayıram, başqa heç nə. Sən məni başa düşmək üçün kifayət qədər qocasan, amma gözlərin cavandı. Deməli, hər şey ola bilər.
- Buna görə də sağ ol.
- Bəs mənim gözlərim necədi?
- Yolunu azmış kimi.
- Sənin də hər şeyə öz şəxsi yanaşman var.
- Bəs necə. Birtəhər başımı girləməliyəm, axı.
Qız nəsə fikirləşə-fikirləşə qeyri-ixtiyari əllərini şalvarının üstündə gəzdirdi.
- Sən haçansa narkotik dadmısan? – Kinyones ən adi bir şey soruşurmuş kimi söz atdı.
- Hə. Amma nəsə mənə kömək eləmir. Nə o mənə yarayır, nə mən ona. Xarakterlərimiz uyğun gəlmir.
- Sənin üçün lap yaxşı.
- Ya da lap pis, bilmirəm. Bircə onu bilirəm ki, mənimki onunla tutmadı.
Kinyones Madrid qəzetləri yüklənmiş maşının köşkə yaxınlaşdığını görsə də yerindən tərpənmədi. Tələsməyin adı yox idi. Hələlik o qızla bir stol arxasında oturub qalmağa üstünlük verdi.
- Sənin atan da türmədə olub?
- Hə.
- O da zülüm çəkib, eləmi?
- Hə. Bir də bilirsən, mənim adım heç də Susana deyil.
- Nə danışırsan?
- Adım Elenadı.
- Niyə axı...
- Bilmirdim, sizə inanmaq olar ya yox.
- Bəs indi.
- İndi elə bilirəm, olar.
- Amma mənim adım təəssüf ki, elə bayaqkı kimi Kinyonesdi.
- Heyf. Amma ümid edirdim ki, sənin adın da dəyişəcək.
- Çox heyf.
- Sən heç vaxt ehtiyat tədbirlər görmürsən?
- Hərdən görürəm. Amma sən axı, Amerika kəşfiyyatının agentinə oxşamırsan.
Kinyones ikinci qədəhi içməyə başladı.
- Nədi, dadlıdı? Hə?
- Hə. İstəyirsən, sənə də bir şey sifariş eləyim.
- Amma şərab olmasın. Şərabdan nəsə səpirəm. Elə tanqodan da.
- Qulaq as, mən axı səndən nə səbəbə özünə qəsd eləmək istədiyini soruşmalıyam.
- Bu istək deyil, qərardı.
- Qərarın da hansısa bir səbəbi olur. Niyə bu qərara gəlmisən?
- Bir topa səbəbi var: mənim qocam, mənim qarım, qocamın rəfiqəsi, qarımın dostu, onların bizim ölkədə elədikləri söhbətlər, «orda», burda olanlar, bizim «bura» gəlib çıxmağımız.
- O «bura» haradı ki?
- Almaniya, Avropa. Bir sözlə bütün bu həftəbecər. Sən mütaliəni xoşlayırsan?
- Hə. Amma sən deyən elə də dəlicəsinə yox.
- Bəs musiqini?
- O da onun kimi. Bəs sən?
- Sənin kimi. Elə sənin kimi. Amma bunun məsələyə o qədər də dəxli yoxdu.
- Nədən başlayacaqsan?
- Klassiklər kimi lap əvvəldən. Yerimizdən qopub Avropaya gələndə mənim səkkiz, qardaşımın cəmi iki yaşı vardı.
- Hə, deməli, sənin hələ qardaşın da var. Bax bu, gözlənilməz oldu.
- Niyə gözlənilməz olur ki?
- Mən hətta and da içə bilərdim ki, sən evin tək uşağısan.
- Doğrudan da tək uşaqlara xas bütün çatışmazlıqlar məndə cəmlənib. Amma hər halda, mənim qardaşım da var. O, heç nəyi xatırlamır. Çünki o vaxt çox balacaydı. Amma mən xatırlayıram – Punta Karretasda iki ağacı olan həytimizi də, evimizi də. Sən Montevideonu görmüsən?
- Mən orda cəmi iki dəfə olmuşam, o da çoxdan, lap çoxdan. Amma Punta Karretası tanıyıram. Mayakını, nə bilim nəyini...
- Səni agah edim ki, mənim evimdən həmin o mayak görünmür. Amma əvəzində türmə görünür.
- Lənət şeytana.
- Biz Almaniyaya gələndə qocalar hələ bir yerdəydi. Bir yerdəydilər, amma yaman əsəbiydilər. Hər xırda şeyin üstündə çəkişirdilər. Amma yaxşı ki, hələ də hərdən-hərdən bir-birlərinə sevgiylə baxırdılar. Bu mənim üçün çox vacib idi. Marağa görə yox, məni düzgün başa düş, bu, mənim üçün onların hələ də bir-birlərinə lazım olduqlarına bir işarə idi. Hər nə də olsa mən də hamı kimi bir qızam, bəlkə elə ona görə də istəyirdim ki, onlarda hər şey yaxşı alınsın.
- Amma hər şey bitdi.
- Onlar elə hey mübahisə edirdilər, ən çox da siyasətdən. İkisi də solçudu, amma dərd burasındadı ki, ayrı dəstələrdəniydilər, ona görə də məğlubiyyətə görə biri o birini günahlandırırdı, nə bilim nəyisə bölüşmürdülər, mən yaxşı anlamırdım. Qulaqlarımı tutsam da xeyri yox idi, səslərini eşidirdim. Qardaşım var gücüylə qışqırıb ağlamağa başlayırdı. Onda onlar axır ki, susub qardaşımı sakitləşdirirdilər.
- Qardaşın da Palmadadı?
- Yox, o, qarıyla qaldı. Bizi böldülər.
- Bəs sonrası necə oldu?
- Hər şey belə də davam eləyirdi. Sonra elə bir gün gəlib yetişdi ki, onlar bir-birlərindən tamam soyudular. Mən bu dəhşəti qabaqcadan duydum. Yəqin elə buna görə də onlar axır ki, mənə, ay qız, sən başa düşməlisən ki, həyatda çox şeylər olur, bundan sonra atanla, anan ayrı yaşayacaq və ilaxır, deməyə özlərində cəsarət tapanda azca da özümü itirmədim. Mənə ən pis təsir eləyən bu «ilaxır» oldu.
Keçmiş Susana, indiki Elena axır ki, limonaddan bir qurtum daddı. Kinyones bu vaxt əsnəməməkdən özünü zorla saxlayırdı.
- Səni bezdirdim?
- Yox, istidəndi.
- Bax ha, əgər səni bezdirmişəmsə, burdaca saxlayaq. Bilirsənmi, «valideynlərimin» tarixçəsini indi sənə nəyə görə danışıram? Çünki biz səninlə bir də heç vaxt görüşməyəcəyik.
- Əminsənmi?
- Özün fikirləş. Birisi gün biz çıxıb gedirik, üç-dörd gün sonra da mən özümü öldürürəm. Bu işi ona görə burda görmək istəmirəm ki, qocanın başı ağrıyar, həm də onun məzuniyyətini korlamaq istəmirəm. Deməli, bizim bu söhbətimiz mənim dünyayla vida mərasimimdi.
- Həyatımda ilk dəfədi ki, dünyaya yazığım gəlir.
- Hə, sonra qoca rəfiqəsimi, yoldaşımı, ya həmyerilisimi deyim, onunla, qarı da dostumu, yoldaşımı, ya həmyerlisimi deyim, onunla razılığa gəldi. Nə isə, hərə öz tayını tapdı. «Vətən ya qəbir» (Uruqvay himnindən sözlər-tərc.). Onlara vətən, məndə ondan sonra gələn.
- Burda həmyerliləriniz çoxdumu?
- Var. Bir-birlərini tez-tez yoluxurlar, söz-söhbətləri də «ordan» vətəndəndi. Deyirlər ki, bəs orda işsizlikdi, nə bilim, qəzetləri bağlayırlar, mahnılara qadağa qoyurlar, kitabları müsadirə edirlər, insanları təqib edirlər, öldürürlər, onlara işgəncə verirlər.
- Doğrudan da belədi.
- Mən də bilirəm. Amma bütün bu söz-söhbətlər təkər kimi elə hey fırlanır, fırlanır, bütün bu olanları yaşamayan bizlər də sonu görünməyən bu hekayətə ancaq qulaq asmaqla günümüzü keçiririk. Bizdə də get-gedə həmin «oraya» bir nifrət yaranır. Mən ordan uşaqlıqda çıxanları nəzərdə tuturam. Özün fikirləş, axı, burda mənim qocam da, hələ desəm, qarım da iş tapa bilər, onları öldürmürlər, incitmirlər, biz cavanlar təhsil alırıq, özümüzə görə dostlarımız var.
- Əgər burda hər şey belə gözəldisə, onda sənin bu qərarını necə başa düşək?
- Bir az səbrli ol, Kinyones.
- Qulağım səndədi.
- Bir gün qardaşım, o qardaşım ki, indi, o vaxt biz bura gələndə mən olan yaşdadı, qocaya üzünü tutub dedi, heç vaxt Uruqvaya qayıtmayacaq. Necədi, hə? Qocanın az qala, gözləri hədəqəsindən çıxacaqdı. Səbəbini soruşmağa da macal tapmadı, qardaşım hər şeyi açıb tökdü, dedi ki, «o» ölkə başdan-ayağa üfunətdi. Onda qocanın gözləri az qala yox, həqiqətən hədəqəsindən çıxdı. Deməli belə, səni yormamaq üçün qısa eləyəcəm. Əgər əqidə deyilən şey kimdəsə doğrudan da qalıbsa bunu ya o qocada, ya o qarıda, ya da tanımadığım hansısa başqa uruqvaylıda tapmaq olar. Amma bu vaxt bilirsənmi, nələr baş verir? Onlar elə bir ucdan danışa-danışa, çəkişə-çəkişə, qışqıra-qışqıra özlərini elə göstərirlər ki, elə bil ya biz adda məxluq yoxdu, ya da bizlər daşdanıq. Amma biz daş deyilik, hər şeyi canına çəkən buluduq.
- Sən də buludsan?
- Hə, amma bir az başqa cürəsindən. Biz oraları tərk eləyəndə mən qardaşımdan böyük idim, ona görə də Punta Karretasdakı evimizin həyətini az da olsa xatırlaya bilirəm. Amma qardaşımı da başa düşürəm. Mənə elə gəlir ki, onun fikirlərini qulaq ardına vurmaq olmaz.
Qız nəfəsini dərmədən, sonsuz bir ilhamla danışırdı və Kinyones heyranlıqla onun göy gözlərinin narahat işartılarına baxırdı. Hiss elədi ki, ona nəsə ürək-dirək verməyə borcludu.
-İcazə ver, sənə bir söz deyim. İşdi-şayət, əgər sən bütün bu qurub-quraşdırdıqlarını intiharla yekunlaşdırmasan, deyək ki, təxminən beşcə ildən sonra kişi cinsinin gənc təbəqəsinin qəniminə çevriləcəksən.
- Kişi cinsinin AFR gənclərinin qəniminə?
- İstənilən ölkənin kişi cinsinin cavanlarının qəniminə.
- Mənə ancaq indi çatdı ki, bu bir komplimentdi. Sən təsadüfən mənə vurulmamısan ki, hə?
- Xeyr, mənim balam, narahat olma, davam elə.
- Bax, əgər, mənim qardaşım da həyətimizi xatırlasaydı, bu həddə gəlib çıxmazdı. Elə özümü götürüm. Mən onun kimi hər şeyi kökündən baltalamamışam. Amma əslində, mənim özümün də «ora» sən deyən dəxlim yoxdu. Mənim olsa-olsa Punta Karretasa bağlılığım var, amma həmin ölkə ya şəhər daha mənlik deyil.
- Demək istəyirsən ki, özünü alman kimi hiss eləyirsən?
- Qəti. Məgər mən kartoffelsalat xoşlayana oxşayıram?
- Üzr istəyirəm, amma mən kartof salatını xoşlayıram.
- Doğrudan da Buenos-Ayres camaatı seçmədi.
- Mən Tukumandanam.
- Hə, siz seçmə adamlarsız.
- Yaxşı, niyə axı sən özünü alman kimi hiss eləmirsən? Məgər hələ də burda özünə yaxşı dostlar, rəfiqələr tapmamısan?
- Niyə ki, mənim yaxşı dostlarım, yaxşı rəfiqələrim, hətta yaxşı itlərim, pişiklərim də var. Amma ən yaxşı pişiklərim də bilir ki, məndən alman çıxmaz.
- Sən ləhcəylə danışırsan?
- Mən almanca lap Villi Brandtın özündən də yaxşı danışıram. Amma məndə başqa bir ləhcə çatışmır.
- Hansı, mənəvi ləhcə?
- Sən Allah, bu qədər səfeh olma. Belə sözlərdən qusmağım gəlir.
- Bağışla, bağışla. Amma dediyin o başqa ləhcə nə olan şeydi axı?
- Başqa şeydi, vəssəlam. Hər şeyin adımı olmalıdı? Görürsənmi, bax elə bizim bu söhbət də sübut eləyir ki, sənin gözlərin belə cavan qalsa da, yaşın qırxı keçib. Hə, elə sən də hər şeyə ad verən nəsildənsən.
- Çox dəqiq dedin. Lüğət nəsli.
- Amma məsələ o qədər də sadə deyil.
- Mən artıq bunu görürəm.
- Vaxtımın bir hissəsini qarımla, bir də onun dostuyla keçirirəm. O, mənim xoşuma gəlir. Məqsədli, vicdanlı adamdı. Vaxtımın o biri hissəsini də qocamla, bir də onun Rozalbasıyla keçirirəm. Amma o qadın mənim elə də xoşuma gəlmir. Hər halda, özümə bu cür təlqin eləmişəm, artıq deyil.
- Əskik də deyil.
- Amma o yaralı evlərin arasında özümü evsiz kimi hiss eləyirəm.
- Səbəb elə budumu?
- Döz, Kinyones. Biri harasa gedəndə mən o birinin evində yaşayıram. Günlərin bir günü dördü də, daha doğrusu beşi də, çünki qardaşımı da özləriylə aparmışdılar, yola çıxdı: ikisi bir tərəfə, üçü o biri tərəfə. Mən də ortalıqda qaldım – Qrinviç meridianı kimi. Bu nəhəng şəhər həyatımda ilk dəfə büsbütün mənim ixtiyarımdaydı. Elə hər şey də onda baş verdi.
Kinyones gördü ki, o qız, iyirminci əsrin Dianası qəflətən simasındakı məhrəm cizgilərdən məhrum oldu.
- Nə baş verdi ki?
- Heç nə, – rəngsiz səsiylə dilləndi. – Eləcə, məni zorladılar.
- Nə danışırsan?
- Məni zorladılar, Kinyones. Evə qayıdırdım. Gecəyarısı. Tək. O, qəflətən qaranlıqdan çıxdı. Zürafə boylu, bədheybət məxluq. Lap kinolardakı kimi. Klassik kinolardakı kimi. Məni hansısa tikiliyə sarı sürüdü. Pəncəsiylə ağzımı qapadı. Heç lazım da deyildi, onsuz da qorxudan bütün bədənim qıc olmuşdu, köməyə adam çağırmağa heyim nə gəzirdi. Bax mənim siftəm belə iyrənc oldu. Kinyones, görürsənmi həyatda nələr baş verir. Bu murdarlığın içində mən ancaq bir şey barədə düşünürdüm – qocalarımı gözümün qabağına gətirirdim. Gülməlidi, eləmi? Bu haqq-hesabın axırında həmin vələdizna qanmadığım bir dildə danışmağa başladı. O, alman deyildi.
- Bəs kimiydi?
- Kim bilir. Elə bil danışmırdı, mızıldanırdı. Amma mızıltısı da yaman xırıltılıydı. Bunu sənə izah eləyə bilmərəm. Nəsə, çox dəhşətli mənzərəydi.
- Sən hər şeyi çox gözəl izah etdin. Bəs sonra nə tədbir gördün?
- Elə ki, o cənab istədiyini aldı, mənə yaxşıca ilişdirib aradan çıxdı. Birtəhər ayağa qalxa bildim. Qulağım tamam tutulsa da, qan içində olsam da elə bir ciddi xəsarət almamışdım. Ona görə də o yaralı evə, qarımın evinə özüm öz ayaqlarımla gəlib çıxa bildim. Əslində, bu hadisə o evdən bir-iki küçə o yanda baş vermişdi. Evdə də heç kim olmadığından aydın məsələdi ki, bu işlərdən də heç kim xəbər tutmadı. İndiyəcən də xəbərləri yoxdu. Əlbəttə, səndən başqa. Sən birincisən.
- Amma sən axı, niyə anana danışmamısan?
- Mənası nədi?
- Gərək özünü həkimə də göstərəydin.
- Ola bilər, amma mənim müayinə olunmaqdan zəhləm gedir. Bir müddət havalı kimi gəzdim: görəsən, uşağa qalmışam ya yox. Elə onda da bu qərara gəldim. Özümə qəsd eləməyi deyirəm.
- Amma sən axı, uşağa qalmamısan.
- Elə ona görə də bu qərarı qəbul etdim. Əgər hamilə olsaydım, həyatımın davamını da yaşamalıydım. Nə bilim, uşağa, başqa nələrə görəsə... Sənə çatır? Onda nə ailənin, nə cəmiyyətin problemləri mənim eynimə olacaqdı. Amma mən uşağa qalmadım, ona görə də özümü ixtisara salmalıyam.
- Heç nə başa düşmürəm.
- Belə də bilirdim. Ona görə də bu məsələni açıb-ağartmırdım. Amma səni görəndə fikirləşdim ki, belə cavan gözlərə... Deməli, səhv eləmişəm.
- Amma axı, Susana, daha doğrusu Elena, heç adını da doğru-dürüst bilmirəm, mənə də bir qulaq as.
- Bilmirəm, fikir vermisənsə, mən axı bilərəkdən ağlamıram ki, sənə cavan qıza sataşırsan deyib ilişməsinlər.
- Çoğ sağ ol. Hətta mənim buna görə sənə nə qədər minnətdar olduğumu təsəvvür belə edə bilməzsən. Amma hər halda bir məni də eşit.
- Məsələ o qədər də qəliz deyil. Mən nə «ora», nə də «bura» məxsusam, hələ üstəlik üstümə hücum çəkib məni zorlayan həmin o birisi də nə ordandı, nə də burdan. Kim bilir, bəlkə də marslıdı. Mənə bir uşaq da eləyə bilmədi. Heç olmasa o uşaq yəqin ya buralı, ya oralı sayıla bilərdi. Ya da ora-buralı... Axırıncını ona görə deyirəm ki, heç olmasa o heyvanın da vətəninə birtəhər bir ad verə bilim. Qısası, yəqin sən özün də hiss eləyirsən ki, mən əməlli-başlı düyünə düşmüşəm.
- Bu düyünü birlikdə açmağın vaxtı deyilmi?
- Mümkün deyil. Doğrusu, indi deyəsən, mən heç o düyünün açılmağını da istəmirəm.
- Amma cəhd eləmək pis olmazdı.
- Doğrudanmı, sən başa düşmürsən? Həmin o gecədən sonra mən tullantı kimi bir
şeyəm, hardasa kənarda, bir künc-bucaqda atılıb qalmışam. Darıxa-darıxa gözlərini döyən bü kürən isveçliləri, hollandları, almanları görürsənmi? Bax indi onlar hamısı mənim gözümdə boş bir şeydi.
- Onlar elə məndən ötrü də boş şeydi. Özü də məni zorlayan-zad da olmayıb.
- Hə, boynuma alıram ki, mənasız danışdım. Amma axı, mən anamla dostuna, atamla rəfiqəsinə, qardaşımla, alman, uruqvaylı dostlarımıza baxanda da görürəm, onlar da mənim üçün boş bir şeydilər. Çünki mən daha tullantıyam, kənarda, qıraq-bucaqdayam. Hansısa bir əşya kimi, ehtiyat hissələri olmayan, köhnə, sınıq bir əşya kimi.
- Yaddan çıxarma, demisən, ağlamayacaqsan.
- Ki, səni həbs eləməsinlər. Gərək özümü sənə qurban verməyimi qiymətləndirəsən. Çünki doğrudan da, bu dəqiqə ağlamağımı zorla boğuram.
- Hər halda, elə bircə bu, sənin özünü daha yaxından tanınmağına kömək edəcək. Əgər indi dodaqların belə əsirsə, hönkürməkdən özünü güclə saxlayırsansa, elə bu özü o deməkdi ki, sən nə kənarda, nə də qıraq-bucaqdasan. Əgər sən doğrudan da bir küncə atılıb qalsaydın, gözündə yaş nə gəzərdi, quru, qupquru olardın.
- Sən hardan bilirsən?
Kinyones siqaret çıxarıb yandırmaq istədi, amma həmişəki kimi o dəqiqə alışdıra bilmədi, kibriti tutan əli nədənsə əsirdi.
- Hardan bilirəm? Ordan bilirəm ki, bir gün özüm də beləcə qurumuşam, qupquru olmuşam.
Təzədən dodaqları əsdi, amma bu dəfə on dörd yox, beş yaşlı qız uşağının dodaqları kimi. Ardınca özünü cəmləyib axır ki, limonadın içib axırına çıxdı. Nəsə demək istəyirdi ki, Kinyones qəflətən o qızın üzünün ifadəsinin dəyişdiyini gördü. Elə bil sifətinə maska taxdı.
- Diqqət, gəlirlər.
Yan-yörədə hər şey qəfildən tamam başqa şəkil aldı. Çünki qızın qocasıyla bir qadın – şübhəsiz ki, həmin o Rozalba iri, narahat, tələsik addımlarla onlara yaxınlaşırdı. Adətən, görüş yerinə gecikənlər belə yeriyirlər.
- Ah, nə yaxşı səni burda tapdıq, – Rozalba nəfəsini güclə dərib dilləndi. – Canımızı qorxu almışdı ki, bizi gözləmərsən.
- Elə tələsirdik ki, – bu dəfə qoca dilləndi. – Heç sərin bir şey içməyə də vaxtımız olmadı. Elqetayla əvvəlcədən danışmışdıq ki, oteldə görüşək. Həmin o çililini xatırlayırsanmı? Biz onunla Barselonada tanış olmuşduq.
- Ata, Rozalba, – qız ayın-oyunlarını yığışdıra-yığışdıra dilləndi. – Tanış olun, bu senyor Kinyonesdi. Tukumandan gəlib, argentinalıdı.
- Çox məmnunuq, – onun qocası və Rozalba Kinyoneslə tanışlığı belə qəbul etdilər.
- Senyor Kinyones öz qayğısını məndən əsirgəmədi, – qız davam elədi. – O, nəinki məni darıxmağa qoymadı, hələ üstəlik inamlı çıxışlarıyla məni özümə qəsd eləmək fikrindən də daşındırdı.
Rozalba azca karıxıb gülümsədi, amma onun qocası əməllicə güldü.
- Bağışlayın, senyor...
- Kinyones.
- Senyor Kinyones, qızıma görə, sizdən üzr istəyirəm. İndiki cavanları heç başa düşmək olmur.
- Məncə, sizin qızınız çox ağıllı, həm də yaraşıqlıdı.
- Siz çox xeyirxah insansız, – qızın qocası dilləndi. – Biz onu özümüzlə aparırıq. Siz indi rahat nəfəs ala bilərsiz.
- Çox sağ ol, Kinyones, – qız dedi.
Sonra qocayla Rozalbanın diqqətinin taksi axtarışına cəmləndiyini görüb iki barmağını dodağına yapışdırdı və gizlincə ona hava öpüşü göndərdi.
- Tez olun, cəld olun, biz axı, getməliyik, – tələsə-tələsə danışan atası həm də elə bil nədənsə narahat idi.
- Hə, – Rozalba onun tərəfini saxladı. – Atan düz deyir, vaxtımız yoxdu, İnes.