Xalq şairi Qabilin oğlu, jurnalist Mahir Qabiloğlunun bir neçə gün əvvəl AYB sədri, xalq yazıçısı Anar haqda “Anar yazıçı deyil və ya tənha Anar” adlı yazısı dərc olunub. Müəllif yazıda Anarın yaradıcılığı və şəxsiyyəti haqda təhlillər aparıb.
Xalq yazıçısı Anar da öz növbəsində Mahir Qabiloğlunun bu məqaləsinə cavab yazıb.
Kulis xalq yazıçısı Anarın Mahir Qabiloğluna ünvanladığı “Bilənlər bilir, bilmək istəməyənlər bilməsin” adlı yazısını təqdim edir.
Hörmətli Mahir! Ad günüm ərəfəsində saytlarda hədiyyə olaraq yerləşdirdiyin yazını kağızda çıxarıb mənə gətirdilər. Yazının adı xoşuma gəldi: “Anar yazıçı deyil və ya tənha Anar”. Uğurlu tapıntıdır, şübhəsiz, belə başlıq sayta girənlərin sayını qat-qat artıracaq. Şübhəsiz, bu məqsədlə daha sensassion başlıqlardan da istifadə etmək olardı, məsələn: “Anarın yazılarını özü yazmayıb”, yaxud “Anarın yazıları benqal dilindən tərcümələrdir”.
Hər halda buna da şükür. Öncə səni İlayda adlı nəvən olması münasibətilə təbrik edirəm. Unudulmaz dostum Qabilin sözlərilə desəm, “Bəxti gözəl olsun”.
Yazılarım haqqında, Yazıçılar Birliyində, parlamentdə gördüyüm az-çox işlər haqqında xoş sözlərinə görə sənə minnətdaram. Amma bununla belə, yazdığın bəzi məqamlarla razılaşmıram, bəzi məsələlərə isə aydınlıq gətirmək istəyirəm. Atana istinad edərək yazırsan ki, guya Qabil deyib: “Rəsul müəllimin məndən acığı gəlsə də (şəxsi yox, sərbəst və heca vəznində yazanların davası baxımından), yüksək tribunadan mənim üç şeirimi poetik kəşf adlandırıb” və bu sözlərə əlavə edirsən: “Heyf ki, adları mənim yadımda deyil”.
Adlarını mən deyim, sən də yadında saxla: “Küləkli havalarda, yağışlı havalarda”, “Məhəbbət deyil”, “Tramvay parka gedir”. Doğrudan da bu şeiri Rəsul Rza çox bəyənirdi və hər hansı Azərbaycan şeir antologiyasına düşməyə layiq bilirdi. Mən də bu şeirləri çox sevirəm, tərtib etdiyim “Min beş ilin Oğuz şeiri” antologiyasına Qabilin başqa şeirlərilə bir sırada bu şeirləri də daxil etmişəm. Rəsul Rzanın şəxsiyyət kimi də, heca və əruz vəznlərində yazan şair kimi də Qabildən xoşu gəlməməsi düz deyil. İntəhası, Qabil “Azərbaycan” jurnalında işləyərkən sərbəst vəzndə yazan gənc şairlərə müəyyən dərəcədə ögey münasibət bəsləməsindən razı deyildi və Fikrət Qocaya qarşı yazdığı məqaləsini ədəb və ədəbi etika çərçivəsində tənqid etmişdi.
Mənim Qabillə son dərəcə isti və mehriban münasibətlərim yəqin sənə məlumdur. Onun bir kitabına Ön söz və ümumiyyətlə müxtəlif illərdə haqqında dörd məqalə yazmışam. Onlardan birinin adı hamısı üçün səciyyəvidir: “Qabili çox sevirəm”.
Özünü “ədəbiyyatın partizanı” adlandırıb arada-sırada Yazıçılar Birliyi barədə solaxay fikirlər söyləsən belə, sənə də Qabilin oğlu kimi hörmətim var. Amma məhz Qabilin oğlu olduğun üçün gərək, məsələn, Mirzə İbrahimovun əsərləri haqqında “ürək bulandıran” ifadəsini özünə rəva bilməyəydin. Bu ifadəni dolayısıyla işlətsən də, 60-cılarla bağlasan da, bu sözləri sənin və mənim bu gün yazdığımız dilin qorunub saxlanmasında böyük xidmətləri olan Mirzə İbrahimova aid etmək (müəyyən əsərlərini bəyənməsək belə) çox böyük ədalətsizlikdir... Eləcə də 60-cıları bəhanə edərək “Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, siz sovet şairlərisiniz. Kimə lazımdır axı sizin yazdıqlarınız?” cümləsini bir an təsəvvür elə ki, eynən Qabilə şamil edəydilər, buna necə münasibət bəsləyərdin? Yazırsan ki, “atam həmişə Anarı mənə nümunə çəkirdi. Yazdığı “Sizsiz” əsərinə görə”.
Çox məmnunam ki, atanın bu sözlərinə riayət edirsən, xatirəsini daima əziz tutursan. Bu hər bir övladın vicdan borcudur, amma vicdanımız qarşısında daha bir borcumuz odur ki, ən xoş niyyətlə belə olmayanı yazmayaq...
1987-ci ildə, iyunun 18-də Yazıçılar Birliyinin Plenumunda mənim bu təşkilatın rəhbəri seçilməyim barədə yazırsan ki, namizədliyimi Qabil verib. Bu düz deyil. Mənim namizədliyimi ilk olaraq Əkrəm Əylisli təklif etdi, sonra İsi Məlikzadə, İsa İsmayılzadə, Tofiq Bayram dəstəklədi və sonda İsmayıl Şıxlı özü də bu çıxışçılarla həmrəyliyini bildirdi. Qabil o Plenumda çıxış etməyib. Plenumun stenoqrammı durur. Bu həqiqətdir. Amma o da həqiqətdir ki, işlədiyim bütün müddətdə Qabilin dost münasibətini də, mənəvi dəstəyini də duyurdum və mən də bu xoş davranışa qarşılıq olaraq ona layiq olduğu hörməti göstərirdim. Mənim təklifimlə Qabil Ağsaqqallar Şurasının və Sabir poeziya günlərinin rəhbəri seçilmişdi, onu xalq şairi adına təqdim etmişdik. Mənə həsr etdiyi şeiri də minnətdarlıq hissilə xatırlayıram.
Yazında razılaşmadığım bir məqamı da qeyd etmək istəyirəm: Bizim nəsil haqqında yazırsan ki, onlar özlərinə xüsusi ad – 60-cılar adı qoydular. Bu, düz deyil. Bu ifadə yalnız Azərbaycan ədəbiyyatşünaslığında deyil, bütün o vaxtkı sovet məkanında, o cümlədən, rus mətbuatında da bu nəslə aid termin kimi işlənirdi və indi də işlənir. Azərbaycanda bu nəslin guya “arxalı” olduğu haqqında fikrin də yanlışdır. Özəlliklə mənim haqqımda bunu dönə-dönə təkrar edirsən. Sən o vaxtı xatırlaya bilməzsən, amma o dövrün mətbuatına baxsan, görərsən ki, ilk çap olunan “Keçən ilin son gecəsi” adlı hekayəm, “Ağ liman” adlı ilk povestimdən tutmuş “Qobustan” toplusunun redaktoru kimi fəaliyyətimə qədər, “Kommunist”, “Azərbaycan gəncləri” qəzetlərində, “Azərbaycan kommunisti”, hətta “Kirpi” jurnalında necə amansız tənqidlərə məruz qalmışam. Eləcə də “arxalı” Vaqif Səmədoğlunun şeirləri… O vaxt artıq Moskva mətbuatında ən çox çap olunan Azərbaycan yazıçılarından idim (güman edirəm ki, bunu “arxam” olduğu üçün zənn etmirsən), Bakıda, Moskvada, xarici ölkələrdə kitablarım çıxmışdı, pyeslərim oynanırdı, filmlərim çəkilirdi, amma nəinki SSRİ Yazıçılar İttifaqının, heç Azərbaycan Yazıçılar İttifaqının da 40-dan çox üzvü olan İdarə heyətinə düşmürdüm. Atamın ölümünə qədər bir dəfə də olsun nə respublikanın, nə də SSRİ-nin yazıçılar qurultaylarına nümayəndə seçilmişdim. Budur mənim “arxalı” olmağımın göstəriciləri. “Arxalılar” sırasında Müslüm Maqomayevin, Emin Sabitoğlunun, Yusif Səmədoğlunun da adlarını çəkirsən: nədir, Müslümə babası Müslüm Maqomayev o gözəl səsi miras qoyub? Sabit Rəhmanın oğlu olmasaydı, Eminin bəstəkarlıq istedadı, Səməd Vurğunun oğlu olmasaydı, Yusifin yazıçılıq istedadı parlamazdı? Sən də məşhur şairin oğlusan, Mahir, sənin də hər hansı uğurunu atanın adıyla bağlasalar, bu, ədalətli iş olarmı?
Məndən hər hansı səbəbdənsə (ya əksər hallarda heç bir səbəbi olmadan) narazı qalanların daima çeynəyib tökdükləri iftiraların sənin yazında da yer almasını istəməzdim. Bilənlər bilir, bilmək istəməyənlər bilməsin, mən Bakıda da, Moskvada da deputat olduğum zaman xalqımızın ən ağrılı problemlərilə bağlı dəfələrlə çıxışlar etmişəm, Qorbaçovla şəxsi görüşdə onunla mübahisələrim olub, yalnız bir dəfə çıxışa yazılmadığım üçün Qorbaçovun mənə söz verməməsi indiyəcən bədxahlarımın ən sevimli mövzularındandır. Özü də mənim heç vaxt demədiyim, adımdan uydurduqları sözləri sən də təkrar edirsən. Guya mən “o tərbiyənin yiyəsi deyiləm axı, ailə tərbiyəsi görmüşəm” demişəm. Ailə tərbiyəsi gördüyüm doğrudur, amma başdan-ayağa uydurma olan o sözləri mən heç vaxt dilimə gətirməmişəm. Onu demişəm ki, Qorbaçov o gün çıxışa yazılmadığımçün mənə söz vermədi, amma səhərisi gün Rəyasət Heyətində onunla yanaşı oturan Püstə xanım Əzizbəyovanın vasitəsilə: “Mən sizin yazıçınızı tanımamışam, söz vermədiyimçün üzr istəyirəm” sözlərini çatdırmışdı. Ölkə başçısının bu üzrxahlığı mətbuatda da əks olunub, amma bunu görməzliyə vururlar, çünki məqsəd ayrıdır. Yeri gəlmişkən, Vəzirovdan da mənim heç bir şəxsi xahişim olmayıb, ictimai-siyasi problemlərlə, həbs olunanların azadlığa buraxılmasıyla bağlı müraciətlərim olub, amma hər dəfə bunları aləmə car çəkməliydimmi ki, əleyhdarlarım hər şeyi öz arşınlarıyla ölçməsinlər…
Bir dəfə Qabilin Şəhidlər Xiyabanında Ulu Öndərə yanaşmasının necə tərs yozulması yəqin yadındadır.
Dönə-dönə “Anar yazıçı deyil” yazırsan. Yəqin, bu da bir növ məzələnmədir, amma məncə, bu sayaq məzələnmə nə sənin, nə mənim yaşıma yaraşır. Bu sözləri israrla təkrar edib gözlənilmədən belə nəticəyə gəlirsən: “Anar yazıçı deyil. Amma Anar KLASSİK yazıçıdır”. Əgər bu sözlərin də zarafat deyil, səmimi etirafdırsa, çox sağ ol, amma mən özümü canlı klassik saymaqdan çox uzağam. Eyni zamanda yenə də sənin zənn etdiyin kimi nə yazıçıılığımı ictimai xadimliyə, ya Yazıçılar Birliyi sədrliyinə qurban vermişəm, nə də sənin sözlərinlə “özümü yazıçı kimi öz əlimlə silmişəm”. Düşündüyün kimi, Kəbirlinski də deyiləm, ömrüm boyu Kəbirlinskini dolamağa çalışan Məcidlərə (o da həmin povestin personajıdır) rast gəlsəm də.
İstərdim ki, vaxt tapıb mənim elə XXI əsrdə yazdığım povestlərlə, hekayələrlə, esselərlə, ssenarilərlə, Bakıda, Moskvada, Türkiyədə və son illər ona qədər başqa ölkədə nəşr olunmuş qalın-qalın kitablarımla tanış olasan, işdir, buna macalın yoxdursa, heç olmasa, ən son illərdə yazdığım əsərlər haqqında Bakı, Moskva, Türkiyə mətbuatında çıxan məqalələrə, son dövr yaradıcılığıma həsr olunmuş ayrı-ayrı kitablara baxasan. O zaman mənim yazıçı kimi sönüb sıradan çıxmağım sarıdan nigarançılığın qalmaz.
Əsərlərim haqqında dediyin xoş sözlərçünsə bir daha təşəkkür. Sənə ədəbi partizanlıq fəaliyyətində ədalətli, insaflı, obyektiv olmanı arzulayıram. Onda doğrudan da daşıdığın ata adına layiq olarsan.
Hörmətlə
Anar
9 mart 2016
axar.az