Kulis yazıçı Alpay Azərin “Məni çoxlu-çoxlu öp” hekayəsini təqdim edir
“Hisslər və macəralar” silsiləsindən
“Sevgi etirafı” filminin rejissoru İlya Averbaxın xatirəsinə
Məni çoxlu-çoxlu öp
(Besame Mucho)
Tələbəlik dostum, Sankt-Peterburq Dövlət Universitetinin şərqşünaslığında fars dilini öyrənən Aleksandr Skvortsov, yəni Saşa küçədə, metroda, avtobusda sevdiyi Svetlananın nə dalınca düşmüşdü, nə də ona məktub yazmışdı. Birinci kursda, noyabrın əvvəlləri potok mühazirəsində Svetanın qulağına pıçıldamışdı: “Sənə dəlicəsinə vurulmuşam”. Qız isə bir müddət susandan sonra dillənmişdi: “Saşa, sənin hisslərinə hörmətlə yanaşıram, amma gərək məni bağışlayasan”. Pərt olan dostum eləcə neyniyim, görünür, belə olmalıymış mənasında çiyinlərini çəkmişdi və əmin olmuşdu ki, ömrünün axırına qədər belə olacaq: ona görə Sveta mədəni şəkildə dediyi “yox” cavabından sonra soruşanda ki, məndən incimədin, Saşa üzünü ona çevirmədən barmağını Çin filosofu Lao-Szı haqqında danışan professora tərəf uzadıb demişdi: “Sveta, imkan ver mühazirəyə qulaq asım, maraqlı mühazirədir. Elə sən də qulaq as”.
Perm şəhərindən oxumağa gəlmiş Saşa kitablarını oxuyandan, seminarlara hazırlaşandan sonra axşamlar gitarasını götürüb basırdı bağrına: ispan melodiyalarını çalanda, dəhlizdən keçənlər otağının yanında ayaq saxlayırdı, – tanış, dost ərklə qapısını açıb içəri keçir, tanış olmayanlar isə divara söykənib, qulaq asdıqları musiqidən ləzzət alırdılar.
Sveta sankt-peterburqluydu, hərdən rəfiqəsi Kristinanı görmək üçün yataqxanamıza gələndə, dostum olurdu dünyanın ən xoşbəxt adamlarından biri. Ünsiyyətcil Saşa özünə yaxın hesab elədiyi tələbələrdən kimisə dəhlizdə tutanda, çox vaxt salırdı çənəsinin altına, söhbət edə-edə çəkib aparırdı darısqal otağına. Gedib mətbəxdə qonağı üçün çay dəmləyirdi və söhbət çay masası arxasında davam edirdi. Dostumun Ömər Xəyyamdan rübailər, qəzəllər deməyi də var idi, otağına gətirdiyi qonağına şeiri əvvəlcə farsca, sonra tərcüməsini oxuyurdu. Artıq ikinci kursun sonunda ümumi tanışımız, bizim universitetin fizika fakültəsində oxuyan iranlı tələbə Məcidin dediyinə görə, farsca az qala ləhcəsiz danışan Saşa beşinci kursun əvvəllərində artıq bu dildə şeirlər yazmağa başlamışdı. Bir sözlə, öz libidosunu bu cür şeylərlə yola verirdi.
Saşa Nizamini fars şairi sayırdı, mənsə türk və hərəmiz öz ənənəvi sübutlarımızla qırırdıq bir-birimizi. Mən onun Gəncədə doğulub ömrünün axırına qədər bu şəhərdə yaşamasını deyəndə, məni cırnatmaq üçün Füzulinin İraqda yaşamasını misal çəkirdi, onu “türk dilində yaza bilən məşhur ərəb şairi” adlandırırdı. “Necə olur, fars dilində yazan şair azərbaycanlı ola bilər, türk dilində yazan ərəb ola bilmir?” – belə bir sual da vermişdi mənə.
Yataqxanamızda qalanların çoxu şərqşünaslığın tələbələriydi və Saşa öz otağında qızlara şeirlər oxuyanda, bütün bunların arxasında, ruslar demişkən, “zadnyaya mısl” (“başqa niyyət”) olmurdu. Yəni, Saşanın otağının yanından keçəndə, bir dəfə də olsun ordan həzz iniltilərini eşitməzdin. Svetadan birinci kursda “yox” cavabı alsa da, sevgisinə sadiq idi Saşa. Sveta rəfiqəsi yataqxanada, bizim mərtəbədə qalan Kristinaya baş çəkəndə, arada dostuma da dəyirdi. Nə qədər də olmasa, fars dilində rübailər deyən, bu dildə yavaş-yavaş ləhcəsiz danışan, üstəlik, yuxarı kurslarda tələbə elmi jurnalında məqalələri çıxan Aleksandr Skvortsov bu qız üçün maraqlıydı.
Artıq üçüncü kursda oxumağına baxmayaraq, ərəb dilində üç cümlə dalbadal deyə bilməyən Svetayla ilk söhbətdən təxmin eləmək olurdu ki, bu qız ancaq ərə gedib seksual rahatlığını təmin etmək üçün, uşaq doğmaq üçün dünyaya gəlib. Bir zəhmli kişi lazımıydı uzun, açıq qəhvəyi saçları, alışıb-yanan yaşıl gözləriylə istənilən oğlanın boğazını qurudan Svetayla evlənib ram etsin onu. Dostuma həm yazığım gəlirdi, həm də ondakı səbrə hirslənirdim: sevdiyin sənə “yox” deməyə davam eləyə, sənsə dəlicəsinə sevəsən, ona rübailər oxuyasan, çaya, plova qonaq edəsən.
Saşanın bu qızdan əl çəkməməsi inquş Zaurbəyi də əməlli-başlı əsəbiləşdirirdi: “Biləsən, bu axmağın hərəkətləri necə əsəblərimə toxunur”. – “Niyə?” – soruşurdum. “Görmürsən, Sveta buna “yox” deyir, bu axmaq isə durub ona şeir həsr eliyir, plov bişirir. Mən istənilən qıza bircə dənə şeir həsr eləsəydim, çoxdan mənimiydi,” – lovğa-lovğa deyirdi Zaurbəy. “Sevir də, neyləsin, Zaurbəy? Sən heç qız sevməmisən?” – “Əlbəttə, sevmişəm. Sevsin, amma nəticəsi olsun. Boş-boş sevməkdən nə çıxar?” İnquş balasının məsələyə bu cür qafqazcasına yanaşmasına gülüb zarafatla: “Ay vəhşi dağlı, səninki sevgi deyil, səninki seksdi,” – deyirdim.
* * *
Hərdən bəyaz iyun gecələri Zaurbəylə bir yerdə qəşəng qızlarla tanış olmaq üçün Neva çayı boyunca gəzirdik. Belə gecələrin birində getdiyimiz yerdə Zaurbəy birdən dilləndi:
- Ora bax, gəlirlər, – dalınca istehzayla, – Aralarından Kamaz keçər.
Hardasa iyirmi-iyirmi beş metr aralı platonik cütlük üzbəüz bizə tərəf gəlirdi, aralarında bir metr məsafə olardı. Saşa qoltuğunda kitab ehtirasla nə haqdasa danışırdı, qısa don geyinmiş Sveta isə həmişəki kimi ancaq başını tərpədirdi. O dəqiqə başa düşdüm ki, cütlük bizə yaxınlaşan kimi, inquş balası başlayacaq bunlarla məzələnməyə. Az qala yalvarışla dedim:
- Zaurbəy, çox xahiş edirəm, bunları ələ salma.
- Əla salmaq nədi, mən Saşaya həyat haqqında mühazirə oxuyacam, – həvəslə əlini əlinə sürtdü.
- Qızın yanında yox, yataqxanada, təklikdə mühazirəni oxuyarsan, – deyib tez qolundan tutub bərk sıxdım ki, xahişimdə ciddi olduğumu bilsin.
Yaxınlaşdılar, salamlaşdıq, Saşanın özünü narahat hiss etməsi açıq-aydın hiss olunurdu.
- Sevgililərə eşq olsun! – Zaurbəy sanki şüar dedi.
- Eşq olsun! – Saşa isə sanki şüara haray verdi, həmin andaca qızardı və mənə elə gəldi ki, inquş balasının onlara sataşacığını hiss etdiyindən həyəcanlandı, rəngi dəyişdi.
- Dondurma yemişik? – Zaurbəy komandir kimi zarafatyana-əmr tonunda, birinci şəxsin cəmində soruşdu.
- Yemişik, şokoladlı plombir, – Saşa da zarafatyana əsgər tonunda cavab versə də, həyəcanı hələ keçməmişdi, elə bil xətrinə dəyəcək pis bir şey eşidəcəyini gözləyirdi.
- Körpülərin açılmasına baxmışıq? – Zaurbəy isə mənasız suallarından sanki həzz alırdı.
- Baxmışıq, – Saşa udqundu.
- Oxumuşuq? – cavab gözləmədən Zaurbəy Saşanın qoltuğundakı kitabı dartıb çıxartdı, titul vərəqinə baxdı, sonra açıb vərəqləməyə başladı.
Gözucu kitaba baxdım, adını unutduğum rus şərqşünaslarından birinin İbn Rüşdün fəlsəfəsi haqqında əsəriydi. Fikir verdim Sveta da həyəcanlıdı, elə bil Zaurbəyin hər ikisinə şit bir söz deyəcəyini gözləyirdi.
- Əla, uşaqlar, bəyaz gecədə elə fəlsəfə oxuyarlar, – kitabı bağlayıb öz yerinə, Saşanın qoltuğuna soxan Zaurbəy qol saatına baxdı. – Sveta, dostumuzu çox incitmə.
- Yox, mən dostunuzu heç vaxt incitmərəm, – Sveta tez cavab verdi.
“Vay-vay, bu sırtıx indi yüz faiz soruşacaq ki, körpülər bağlanandan sonra öpüşmüşüz,”
- Siz azadsınız, – Zaurbəy onları “azad etdi”.
“Lap yaxşı, çox dərinə getmədi”. Hər ikisi gülüşdülər və tələsik bizdən aralandılar. Əmin idim ki, Saşa, elə Sveta da inquş balasından canlarını qurtardığına görə sevinirdilər...
...Birinci kursda aralarında məsafə saxlayıb gəzən cütlüklər bir ay sonra əl-ələ verib gəzişirdilər, ay yarım sonra Nevanın sahilində, parklarda, avtobuslarda qucaqlaşıb öpüşürdülər, üç-beş aydan sonra isə əməlli-başlı sevişirdilər. Saşa və Sveta isə kursları adlaya-adlaya, qış-yay yenə aralarında bir metrlik məsafə saxlaya-saxlaya gəzməkdəydilər. Qışda, adamı şaxta kəsən havada yaxınlaşıb hər ikisinə demək istəyirdim: öpüşmək cəhənnəm, heç olmasa, bu soyuq havada əl-ələ verib gəzin ki, əlləriniz donmasın. Az sonra başa düşürdüm ki, sevgi birtəfəli olduğu üçün bu mümkün deyil.
Dostumun hikkəli sevgisi, qəribə də olsa, mənə Azərbaycanın kənd məktəblərində doqquzuncu, onuncu sinifdə oxuyan, özlərindən iki-üç parta irəlidə oturan qızlara vurulan, gecə-gündüz yanılıb-yaxılmalarına baxmayaraq, aylarla, bəzən illərlə bunu qıza etiraf etməyən utanıb-qızaran əlaçı oğlanları xatırladırdı. Təbii ki, Saşa utancaq adam deyildi, dediyim kimi, birinci kursun əvvəlində sevigisini də etiraf eləmişdi. Amma bizim kənd oğlanlarındakı kimi illərlə sevgisi onu yandırıb yaxsa da, sönmək bilmirdi.
***
...Həmin gün, yeni ilə üç gün qalmış Sveta yenə Kristinanın yanına gəlmişdi. Saşanın radiolokator qulaqları qızın səsini tutmuşdu, ya dəhlizdə rastlaşmışdılar, nəydisə, mən onun birinci dəfə Kristinanın otağına girib tək çıxdığını, ikinci dəfə əlini qapının çərçivəsinə söykəyib qızlara ərklə: “Mən sizi gözləyirəm, niyə gəlmirsiz?” – deməsini gördüm. İçəridən qızların səsləri gəldi: “Gəlirik, indi gəlirik”. Az sonra çay dəmləmək üçün mətbəxə girəndə, Saşanın öz dəm çaynikinə dilxor-dilxor baxmağından başa düşdüm ki, qancıxlar söz versələr də, bunun otağına gəlməyiblər. “Necəsən, Saşa?” – sonra bu suala görə özümü qınayacaqdım: axı görürsən ki, kefi yoxdur, niyə bu sualı verirsən. “Belə də,” – könülsüz cavab verdi. Vəssalam, həmin axşam dialoqumuz bununla da bitdi. Dəmlədiyim çayı otağıma apardım və yalnız beş-on dəqiqə sonra qonşu otaqdan gitarada çalınan şən bir ispan melodiyasını eşidəndə sevindim: ay qızlar, bayaqdan harda ölüb qalmısız? Gəlin çıxın da. Ürəyimdə Svetanı təriflədim, afərin sənə, ey rus qızı, dostumuzu sevməsən də, ən azından, hisslərinə hörmətlə yanaşırsan, səninçün çaldığı mahnılara qulaq asıb, yazığın əzablarını az da olsa yüngülləşdirirsən.
Az sonra dostum məşhur ispan melodiyası “Besame Mucho”-nu gitarasında çala-çala oxumağa başladı. (İspan dilindən “Besame Mucho” “Məni çoxlu-çoxlu öp” kimi tərcümə edilir). “Afərin Saşa, artıq birbaşa eyhamlara keçmisən”. Beş dəqiqə sonra həmin melodiyanı təkrar çalıb oxudu, üstəlik, bu dəfə gitaranın simlərinə güc verib daha gur səslə nəqarətdə səsini az qala zilə qaldırdığından xoruz buraxdı: Besame Muuçooooo!!! Beş il pianinoyla məşğul olmuşdum deyə, onun bu əndrəbadiliyinin yersiz olduğunu başa düşdüm. Ya Sveta bunu hələ də öpməmişdi, ya da qızlardan biri təkrar sifariş etmişdi. Mahnını bu cür kobud şəkildə oxumaqla qızlara bir növ çatdırmaq istəyirdi ki, məni lap bezdirdiz, nə qədər eyni şeyi çaldırmaq olar. Üçüncü dəfə Saşa sürətli tempdə hansısa ispan melodiyasına baş vuranda, belə bir səhnə gəldi gözümün qabağına: Saşa Svetanın qarşısında diz çöküb mucho (çoxlu-çoxlu) da olmasa, heç olmasa, bircə dəfə dodağından, ya heç olmasa, yanağından öpülməsi üçün bu melodiyanı çalır. Melodiya presto (çox tez) tempində davam etməkdəydi. Qəfildən bir-birinin dalınca şarraaq, şarraaq – qırılmaqda olan gitaranın taxta gövdəsinin küt səslərini, simlərin yazıq-yazıq zingildəməsini eşidəndə əvvəlcə çaşdım: “Görən, nə oldu? Axı, Saşa içən deyil?” Qəfildən başa düşdüm ki, Svetagil hələ də gəlməyib, Saşa bayaqdan onların gəlməsi üçün dalbadal Besame Muchonu çalırmış və axırda səbir kasası dolub, hirsini-hikkəsini neçə illik dostu gitaradan çıxıb. “Deyirəm axı bu qızlar niyə həmişəki kimi, əl çalıb, “bravo, bravo” qışqırmırlar”.
Sonra dəhlizə çıxan tələbələrin ayaq səsləri, səs-küy, Svetanın Saşanın qapısını döyməsi, “Saşa, bilirəm, səhv eləmişəm, aç qapını. Yalvarıram, aç qapını,” – deməsi, Saşanın ağlamsınmış səslə: “Get burdan, mən sənə görə on illik dostumu öldürdüm,” – reaksiyası yadımdadı. “Axmaq! – onu ürəyimdə söydüm. – Neyniyirisən sən? İstifadə elə də imkandan, sal otağına, görmürsən sənə yazığı gəlir? Belə vəziyyətdən istifadə edə bilərsən axı... Axx, Zaurbəy burda olaydı”. İnquş balası orda olsaydı, sözsüz, qapını təpikləyib Saşanı qapını açmağa məcbur edərdi, Svetanı otağa itələyərdi, üstəlik, Saşaya əmr edərdi ki, qapını arxadan bağlasın, heç kimə açmasın. O axşam Saşa sevdiyi qızın yalvarışlarına baxmayaraq qapını açmadı.
Hardasa bir həftə sonra qonşu otaqdan farsca deyilən rübailəri, Svetanın və Kristinanın “bravo”larını, əl çalmalarını, dalınca melanxolik ispan melodiyasını eşidəndə, başa düşdüm ki, arsız dostum aldığı təqaüdə özünə təzə gitara alıb və birtərəfli platonik məhəbbət öz axarına düşüb.
Üçüncü kursun sonu, yenə bəyaz gecələrin birində tək-tənha Neva çayı boyunca gəzən zaman, Svetanı Zaurbəylə qol-qola üzbəüz gəldiyini görəndə inquşdan çox (“oğraşlıq elədiyinə görə, nə olsun ki, rusuydu dostumuz”), Saşanı “əfəlliyinə” görə, qızı isə “qəhbə hərəkətinə” görə söymüşdüm ürəyimdə. Həmin an hələ də şənbə günləri otağında Sveta üçün gitarada ispan melodiyaları çalan, ona plov bişirən, qarağat mürəbbəsiylə çay verən dostuma olan nifrətim o qədər güclüydü ki, yataqxanaya qayıdıb onu yuxudan oyadıb dişimin dibindən çıxanı demək istəyirdim.
Təzə sevgililər, – bəlkə də çoxdanın sevgililəri, sadəcə, o vaxta qədər xəbərim olmamışdı, – məni görəndə əvvəlcə bir-birinə baxdılar, sonra Zaurbəy Svetaya nəsə dedi, qız güldü, yaşıl gözləri parıldadı. Üzbəüz gələndə heç nə olmayıbmış kimi ikisi də gülərüzlə “Privet” deyib yanımdan keçdilər. “Hara gedəcəkdilər ki? Yaxındakı parkda öpüşməyə, əlləşməyə. Davamı da aydın məsələdi, Zaurbəyin evində”. Zaurbəy ikinci kursun axırları yataqxanadan çıxmışdı, universitetin yaxınlığında otaq kirayələyirdi.
...Otağıma qayıdıb qrilyaj şokoladla limonlu çay içəndə, hirsim-hikkəm artıq soyumuşdu, başa düşmüşdüm ki, hərənin öz şəxsi həyatı var, Saşa qıza bir insan, ya dost kimi xoş gələ bilər, amma onu sevgili, seksual partnyor kimi qəbul etməməyi normaldı. Eləcə də Svetanın Saşanı yox, inquşu seçməyi onun öz şəxsi işiydi. Başqa şey də ağlıma gəlmişdi, – bəlkə də Saşanın nəticəsiz-platonik sevgisi bu üç ildə Zaurbəyi necə hirsləndimişdisə, axırda acığa düşüb belə hərəkət eləmişdi. “Əcəb olur sənə, Saşa! Bilirəm, xəbər tutsan hirs vuracaq təpənə, amma neyniyə bilərsən. Nə gücün, nə də cürətin çatar inquşla davaya çıxasan”.
Ertəsi gün axşam Zaurbəy çay içmək bəhanəsiylə otağıma gəlib sözarası göy gözləri ilə diqqətlə mənə baxıb “Dünən gördüyün ikimizin arasında qalsın” və dalınca etinasız “Sveta ona dost kimi yanaşır. Onsuz da tez, ya gec hər şey bilinəcək” xahişini eləməsəydi belə, universiteti bitirib Bakıya qayıdana qədər ötən gün gördüyümü nə Saşaya, nə də yataqxandakı dostlardan kimsəyə deyəcəkdim...
***
Hamımız universiteti bitirdik, mən və Saşa dissertasiya mövzuları götürüb hərəmiz öz ölkəmizin milli akademiyasında aspiranturaya daxil olduq. Zaurbəy öz İnquşetiyasına qayıdıb orda maşın biznesiylə məşğul olmağa başladı. Sveta isə Sankt-Peterburqa biznes sərgisinə gəlmiş özündən on iki yaş böyük olan iş adamı alman Ştefanla tanış oldu, ona ərə getdi, Berlinə köçdülər və iki uşaqları oldu. Bunu mənə sonralar Saşa emailimə yazmışdı.
O, artıq dissertasiya işini yazıb qurtarırdı. “Evlənməmisən ki?” – hərdən soruşurdum. “Yox”, dalınca elə bizim dildə yazırdı: “Subaylıq sultanlıqdır”. (Tələbə vaxtı mən öyrətmişdim ona bu el məsəlimizi).
Saşa Permdəki üçotaqlı evini, bağ evini satıb, özünə Moskvada ikiotaqlı mənzil aldı, – nəmişliyin yüksək olduğu Sankt-Peterburqun havası ona düşmürdü – az sonra anasını da gətirdi ora, qeydiyyata düşüb analı-balalı moskvalı oldular.
Hardasa iki il sonra məni Moskvaya elmi konfransa dəvət elədilər. Sevindim ki, gedib dostumla görüşəcəm, qabaqcadan emailinə yazıb xəbərdar etmədim ki, gəlişim sürpriz olsun ona. Moskvaya endiyim gün əlimdəkiləri oteldə yerbəyer edib, səhər yeməyini yeyib, bir kilo paxlava, kilo yarım iydəylə, – Saşa tələbə olanda hər ikisindən ötrü ölürdü, – yollandım bunların elmlər akademiyasının şərqşünaslıq institutuna. Dostumun işlədiyi İran filologiyası şöbəsində mənə dedilər ki, Aleksandr Vasilyeviç indi adını unutduğum hansısa məşhur həkimin adına olan uroloji klinikada böyrəyindəki problemə görə müalicə olunur.
Xəstəxananı da, yatdığı palatanı da tez tapdım. “İnanmazsan, sənin gəlişinə necə sevinirəm,” – Saşanın sevincdən gözləri parıldayırdı. Sonra qəfildən Anadolu türkcəsində: “Kardeşim, neden Moskovaya geleceğini bana imeyle yazmadın?” – soruşanda, “Oo sen artık türkce de konuşuyorsun,” – dedim. “Evet, hiç beklemiyordun, demi?” “Demi” (Anadolu türklərində “elə deyilmi?” mənasını verən) sualına bir növ cavab verərək “de, de” dedim, ikimiz də gülüşdük. Ruscaya keçdim: “Nə olub?” – başımla yerdəki içi sarı maye dolu bankaya və onun böyrünə birləşdirilmiş şlanqa işarə elədim, ilk dəfəydi belə bir şey görürdüm. “Buna dializ deyirlər, bununla mən işəyirəm”. Xəstəliklə bağlı sual verməyin yersiz olduğunu başa düşüb mövzunu tez dəyişdim, sabahkı konfransdan, edəcəyim elmi mərzudən danışmağa başladım. Sonra o, həvəslə mənə yazdığı məqalələrdən, son tərcümələrindən danışdı, dediyinə görə, dissertasiyasını (“Səid Şirazi poeziyasında sufi tematikasının özəllikləri”) yazıb qurtarmışdı, qalmışdı müdafiə eləmək.
Az sonra palataya kare saç formasında, arıq, bir suyu bizimkilərə oxşayan cavan qız girib Saşaya yaxınlaşdı, özüylə gətirdiyi şaftalı şirəsini və iki üstündə cem olan kökəni balaca dolabın üstünə qoydu. Saşa bizi tanış elədi və şirədən iki stəkana süzüb, kökəylə bir yerdə hərəmizə birini uzatdı. Nə illah elədisə, götürmədim, qız da imtina elədi, dedi ki, narahat olma, yemişəm bundan. Məlum oldu ki, Alyona fars dili öyrənir, Saşa isə akademiyada praktika keçən bu qıza elmi məsləhətlər verir. Elə yanımdaca ev tapşırığına cavab verdi: Firdovsinin “Şahnaməsindən” iki səhifə filoloji tərcümə eləmişdi. Saşa orijinala baxa-baxa qeydlərini deyirdi, Alyona isə dizinin üstündəki kağızda öz düzəlişlərini, əlavələrini yazır, eyni zamanda elmi məsləhətçisinə tək tələbə kimi yox, qara gözləriylə məsum aşiq kimi baxırdı. Elə oldu ki, bu qız məndən qabaq gedəsi oldu. Palatadan çıxan kimi dostuma göz vurub Anadolu türkcəsində soruşdum:
- Nasıl bir kız? Belki bu kızla evlenesin?
- Hayatda olamaz.
- Neden?
- Babası ermeni, annesi azeri.
- Ya şaka yapıyorsun, – ermənifobiyamın pik həddi olan vaxtlarım idi.
- Babası ermeni, Erivandan altımışlı yıllarda göç etmiş Moskvaya. Bu kızın soyadı Karapetyan. Karapetyan Alyona Aşotovna. Annesi rus, azeri değil, evet şaka yapdım.
- Azeri olduğumu anladı, o yüzden gitdi qaliba.
- Yok, canım, o nasionalist ermeni değil, yani onu Karabağ konusu hiç ilgilendirmez...
...Paxlava, əsas da, iydəyə görə xeyli təşəkkür etdi, mənə İran şairlərindən rus dilinə elədiyi tərcümələr kitabını hədiyyə elədi, mənsə Yunus İmrənin şeirlərini tapıb ona göndərəcəyimi söz verdim. Çox sevindi, dedi ki, gələn dəfə Moskvaya gələndə, bir gün mütləq mənim evimdə qonaq olarsan, səni İran plovuna qonaq edəcəm.
İllər bir-birini ötüb keçməkdəydi, artıq hər ikimiz filologiya elmləri namizədi olmuşduq. İkimiz də akademiyada işləyə-işləyə, universitetlərdə dərs deyə-deyə özümüzü dolandırırdıq. Elm məsələsində məndən çox fəal idi, – tez-tez xarici ölkələrdə konfranslarda olurdu, jurnallarda məqalələri çıxırdı. Fars, puştu, dəri, ingilis, fransız dillərini hələ universitet vaxtlarında mükəmməl bilməyi öz yerində, ərəb və almanı da öyrənməyə başlamışdı. Mən otuz bir yaşımda evlənmişdim, üç il sonra bir oğlum, dalınca bir qızım dünyaya gəlmişdi. O isə özünün dediyi kimi, hələ də subay sultan olmağa davam edirdi. Emaildən feysbuka keçmişdik: bir-birimizin statuslarına şərhlər yazırdıq, yazdıqlarımızı, şəkillərimizi “bəyənirdik”, çatda söhbət eləyirdik.
Sentyabrın ortalarıydı, səhər yeməyimi yeyib evdən çıxımağa hazırlaşardım ki, telefonuma sms gəldi: “Bakıdayam, axşam altıdan sonra Qız Qalası otelindəyəm, gəlsən sms at, lobbiyə düşüm”. Saat yeddidə otelin lobbisində (birinci mərtəbədə) görüşdük. Sabah BDU-nun akt zalında başlayacaq “Müasir İran poeziyasında İrfan problemi” mövzusunda beynəlxalq konfransda çıxış etməyə gəlmişdi. Dənizkənarı parkda gəzişmək, arada kafedə oturub söhbət etmək təklifimə razı oldu...
- ...Saşa, yadındadı, sənə yataqxanada kəklikotu çayı dəmləyirdim? – biz artıq xeyli gəzmişdik, bulvardakı kafelərdən birində oturub göy qutab yeyəndən sonra çaylarımızın soyumasını gözləyirdik.
- Əlbəttə, yadımdadı. Səncə elə şey yaddan çıxar?
- Bəs gitaranı divara çırpıb qırıq-qırıq etməyin necə, yadındadı? – göz vurdum.
- O da yadımdadı, – başını tərpətdi. – Elə şey səncə yaddan çıxar?
- Svetanı dəlicəsinə sevirdin ha, – qımışdım.
Acı təbəssümlə əlini yellədi, yəni, hər şey artıq arxada qaldı.
- Svetayla yenə əlaqə saxlayırsan? – soruşdum.
- Əlaqə saxlayıram, həmişəki kimi Berlindədir, tikinti şirkətində işləyir, uşaqları artıq məktəbə gedir.
- Moskvaya, Piterə gələndə görüşürsüz?
- Yox, mən belə məsələlərdə siz qafqazlılar kimi konservatoram. Ərli qadınlarla görüşlərdən qaçıram. Hərçənd Ştefan elə də qısqanc ər deyil.
Gic sual vermək keçdi ürəyimdən: yaxşı onda düzünü de, ərindən boşansa, iki uşağı ola-ola ona evlənmək təklif eliyərsən. Vaz keçdim sualımdan.
- Bura bax, – Saşa dilləndi, – bəlkə sən mənə burda evlənmək üçün azərbaycanlı qız tapasan? – başıyla sahilboyu gəzişən qızlarımızı göstərdi.
Bir növ sual şəklində verdiyi təklifi gözləmirdim deyə, çaşan kimi oldum, amma etika xətrinə tamam başqa şey dedim:
- Niyə də olmasın. Sən xoşuna gələn azərbaycanlı qız seç, ünsiyyət qur, mən də sizin evlənməyinizə kömək edim.
Əslində, başımdan elədim, bilirdim ki, din, mentalitet məsələlərinə görə, bu, bir az qəliz məsələdir. Düzü, rusa, xristiana ərə getməyə razı olan tanıdığım bir azərbaycanlı qız da yox idi ki, bunları bir-birinə calaşdırım. Saşa heç nə demədi və tərslikdən beynimdə tıxac yarandı: bilmədim ortaya hansı mövzu atım, danışmadığımız mövzu qalmamışdı. Gözümü masaya zilləsəm də, hiss edirdim ki, narahatçılığımı duyub. Qəfildən ikinci kursun əvvəlləri yataqxanamızda baş verən oxşar hadisə yadıma düşdü. Mən və Zaurbəy gecə Saşanın otağında çay içə-içə Qafqazda oğlanın sevdiyi qızı öz xoşuyla “qaçırtma”, “barışıq”, evlənmə adətlərindən danışırdıq. Saşa deyəsən, ilk dəfəydi bunları eşidirdi, birdən Zaurbəyə dedi ki, İnquşetiyaya gəlsəm, mənə evlənməyə qız taparsan. Zaurbəy qaşlarını çatdı və sakitcə dilləndi: “Saşa, sən çox qəliz sual verdin, çox qəliz”. Rus balası məsələni başa düşüb pərt oldu, bir müddət susdu. Və beləcə, illər sonra Bakıda eyni suala başından eləmək kimi cavab verməklə, onu bu dəfə mən dilxor elədim...
***
İllər keçirdi, Bakıdakı görüşümüzdən sonra bir dəfə də olsun, çatdakı söhbətlərimdə ona evlənməklə bağlı sual vermirdim. Evlənsəydi, yəqin ki, profilində toy, ya şənlənmə şəkillərini paylaşardı, status yazardı...
Hələ də işlədiyim Elmlər Akademiyasında qırx beş-əlli yaş arasında ailə qurmayan, bəzi dedi-qodulara görə, hələ də bu yaşda oğlan uşağı olan elm adamları varıydı. Danışırdılar ki, onları evləndirmək üçün vaxtilə qohumları, iş yoldaşları nə qədər çənə döyübmüşlər, xeyri olmamışdı. Hərəsinin də bir cür taleyi vardı, – biri evi olmadığını səbəb gətirib evlənməmişdi, o birisi də rus dostum kimi ömrü boyu ancaq birini sevmişdi, amma hisslər qarşılıqlı olmamışdı və sonda bu tiplər subaylıqlarına bir növ öyrəşməli olmuşdular.
“Oğlan uşağı” dedim, sonuncu kursda, bəyaz Piter gecələrinin birində yataqxanamızın mətbəxində siqaret tüsdülədə-tüsdülədə mən, Saşa, Kristina və İndoneziya filologiyasında oxuyan Maşa arasında olan söhbət yadıma düşdü. Düzü, söhbətin nədən başladığını xatırlamıram. Yadımdadır, necə oldusa, fırlanıb gəldik bakirəlik mövzusuna. Kristina dedi ki, adətən, fanat elm adamları arasında dəxli yoxdu, kişi, ya qadın, yaşı əllini keçmiş bakirələrə tez-tez rast gəlmək olur. Maşa barmağını gicgahına aparıb: “Onlara mən heç cürə normal adamlar kimi baxa bilmirəm,” – deyəndə, Saşa qəhqəhəylə güldü, dalınca qızları, elə məni də heyrətləndirən etiraf etdi: “O nə deməkdi? Belə çıxır ki, mən anormal adamam?” Onda biz sonuncu kursda oxuyurduq, Saşanın isə olardı iyirmi iki yaşı. Rusiya kimi ölkədə, üstəlik, qızlarla oğlanların eyni yataqxanada qaldığı bir yerdə ondan belə bir etiraf eşitmələrindən ilk kurslarda qızlıqlarıyla vidalaşmış Kristina və Maşa şok olmuşdu. Onlar heç cürə başa düşə bilmirdi ki, necə ola bilər, iyirmi iki yaşa çatan, bir tələbə oğlan indiyə qədər bir qızla sevişməyib, hərçənd, az öncə elə özləri qırx-əlli yaşlı bakirə alimlərdən həvəslə danışırdı.
Saşanın yersiz etirafından əsəbiləşmişdim, ürəyimdə söymüşdüm onu: “Ay gicbəsər, nə məcburuydu bunu deyəsən? Bunu səndən soruşan varıydı ki?” Etirafdan sonrakı dörd-beş saniyəlik sükutu çəkdiyi siqaretin külünü yerə tökən Maşa pozdu:
- Ömər Xəyyam yoldaş, – hərdən belə deyirdik ona, – nə vaxta qədər bu statusunda qalmaq fikrindəsən?
Sualı verəndə Maşanın bic-bic gülümsəməyindən dostum necə vəcdə gəldisə, sual ona necə ləzzət elədisə, qəhqəhəli gülüşlə dedi:
- Qızlar təşəbbüs göstərəndə.
Dediyi bir az ikimənalı alınmışdı: Saşa ümumiyyətlə, qızları da nəzərdə tuta bilərdi, ya da o cür cavabla yanımızdakı qızlara eyham vura bilərdi, yəni sizi nəzərdə tuturam, zəhmət çəkin, bakirəliyimi pozun. Az öncə bic-bic gülümsəyən Maşa, elə Kristina da sifətlərinə ciddi ifadə verdi. Verdiyi cavaba uğursuz reaksiyadan pərt olan dostum bir müddət pəncərədən çölə baxdı, sonra sükutu pozdu: “Həə, bir ay sonra bəyaz gecələr yavaş-yavaş bizi tərk edir”...
Otağımda öz-özümə qızları söyürdüm: “Qəhbələr! Allah bilir, yataqxanada neçəsinin altına yıxılmısız! Çayını içirsiz, şeirlərinə, çaldığı mahnılara qulaq asırsız, amma bu beş ildə canınız çıxardı bu bədbəxtə bir-iki dəfə kayf verəsiz. Heç olmasa, biriniz zarafata salıb deyəydiz ki, sənə toy gecəsi təşkil etməyə mən hazır. Guya belə desəz, öhdəlik götürəcəydiz bunun qabağında?”...
...İnanmırdım ki, Rusiyada da bizdəki kimi, anası, ya qohumları Saşanın gecə-gündüz baş-beynini aparsınlar ki, vaxt keçir, niyə evlənmirsən, sənin tay-tuşlarının uşaqları artıq orta məktəbi qurtarır. Olsa-olsa yaxınları bir-iki dəfə nəsihət vermiş olardı, xeyri olmadığını görüb, çox güman axırda susardılar.
Hərdən Svetanın feysbukdakı profilinə girib şəkillərinə baxırdım. Əri Ştefan və iki uşağıyla qış-yay o qitə sənin, bu qitə mənim, – dünyanın gəzməli ölkələrində dincəlirdilər. Acıqdan dostluq göndərmirdim ona, dostumun sevgisinə “yox” deməsini qırx yaşımda belə həzm edəmmirdim. Və feysdəki ümumi dostlarımızın sayının iyirmini keçməsinə baxmayaraq, ona olan nifrətimi hiss edirmiş kimi, o da deyəsən, acıqdan mənə dostluq göndərmirdi.
Yeri gəlmişkən, Saşa, Zaurbəy, üstəlik, Ştefan da onun dostları siyahsındaydı. İnquş balasının arsız-arsız öz keçmiş sevgilisinin tək, ailəvi şəkillərini “like” eləməyini yenə başa düşürdüm, vaxtında kefini görmüşdü bu qızdan. Amma bu birisinin qızın az qala bütün şəkillərini “like” eləməyi bir yana, bəzi statusların altında intellektual-kompliment şərhlər yazmağı ətimi tökürdü.
***
Bakıdakı son görüşümüzdən hardasa dörd il sonra elmi konfransla bağlı yenə Moskvadaydım. Bu dəfə dostuma qabaqcadan gələcəyimi demişdim. Paxlava və iydədən başqa, əncir mürəbbəsi, feyxoa, bir də, Yunus İmrənin irfan şeirləri olan kitab da götürmüşdüm özümlə.
Saşanın işlədiyi instituta yaxın bir yerdə, üç aylığa elmi praktikayla bağlı Vilnüsdən Moskvaya gəlmiş keçmiş qrup yoldaşı Vitautasla bir yerdə kirayələdiyi ikiotaqlı evdə qarabaşaq balıyla yaşıl çaydan içə-içə tələbəlik illərimizi yadımıza salırdıq. (O günlər Vitaustas bir həftəlik Berlinə getmişdi). Başıyla balı göstərib dedi ki, bunu o vaxt xəstəxanada gördüyün erməni qızı Alyona gətirib. Çay qaşığıyla baldan götürüb ağzıma apardım, çaydan bir-iki qurtum alıb dedim:
- Təmiz bala oxşayır, xoşuma gəldi. Bura bax, Saşa, xəstəxanadakı görüşümüzdən hardasa beş il keçib. Alyona sənə bal gətirirsə, deməli, münasibətləriniz də bal kimi şirindir, – bic-bic gülümsədim, fikirləşdim, yəqin elə Alyonaya görə evdən çıxıb və çox güman, Vitautas Moskvada olmayanda hərdən qızı bura gətirir.
- Bal kimi də olmasa, münasibətlərimiz əncir mürəbbəsi kimi şirindi demək olar.
- Hə, onda düz eliyib ayrıca otaq tutursan. Səndə proqres görürəm.
- Yox, məsələ sən deyəndə deyil. Sadəcə, son vaxtlar anamla yola getmirəm, tez-tez aramızda mübahisələr olur, ona görə evdən çıxmışam.
- Niyə yola getmirsən ananla? – təəccüblə soruşdum.
- Anam deyir ki, qırx yaşı keçmisən, hələ də evlənməmisən. Deyir, sənin taylarının az qala nəvələri var. Soruşuram ki, nəvə istəyirsən, deyir hə.
- Anan düz deyir də, adam anasının sözünə qulaq asar. Bura bax, Saşa, bəlkə, bir cəhd edəsən? – göz vurdum. – Alyona sənə uşaq, anana isə nəvə bəxş edər. Balın da ki, həmişə olacaq, – bir növ evlənmələrinə işarə vurdum.
- Yox, nə danışırsan? Bu, mümkün olan şey deyil.
- Niyə?
- Mümkün deyil də.
Gördüm ki, suala cavab vermək istəmir, məsələyə bir az başqa tərəfdən yaxınlaşmaq qərarına gəldim:
- Qəribədi, elə bilirdim, övladlarını evləndirmək məsələsində ruslar da avropalılar kimidi, yəni onların şəxsi həyatlarına qarışmırlar.
- Nahaq elə fikirləşirsən. Filoloq da olsan, tarixi pis bilmirsən. Bu ölkədə peçeneqlər də olub, tatarlar da. Biz daima Şərqlə Qərbin arasında olmuşuq. Ona görə istər-istəməz....
- Yaxşı, – sözünü kədsim, – tarixi qoyaq qırağa. Rəsmi, yəni pasportda möhür olmadan evlənmək istəmirsənsə, Alyonayla vətəndaş nikahıyla yaşamağa nə mane olur sənə?
Dostum birdən özündən çıxdı:
- Bu da mənə ikinci anam olub. Başa düşürsən, mənim vaxtım artıq keçib.
- Keçməyib. Sənin indi neçə yaşın var?
- Qırx iki. Əslində, mən heç vaxt mənasında demirəm. Görürdün Svetanı necə sevirdim. Üstəlik, keçən dəfə mən Bakıda olanda gitaramı sındırmağı özün yadıma saldın.
- Saşa, sən dəhşətiymişsən ki. İyirmi birinci əsrdə də bir qıza görə...
- Nə əsr, nə zaman? Belə şeylər on birinci əsrdə də olub, yaşadığımız iyirmi birinci əsrdə də olur, otuz birinci əsrdə də olacaq. Elə bil dünya ədəbiyyatı oxumamısan. Bir sözlə, mən ancaq bir qıza görə yaşayanlardanam. Başqa cür alınmazdı məndə, başa düşürsən?
- Yox, başa düşmürəm.
- Sən doğrudan, məni başa düşmürsən, ya bəlkə də heç başa düşmək istəmirsən, – duruxan kimi oldu. – Sən elə bilirsən Svetanın Zaurbəylə görüşməyindən xəbərim yox idi? Hər şeydən də xəbərim varıydı, – acı təbəssümlə gözünü masada bir nöqtəyə zillədi.
Bir təhər oldum, amma başa düşdüm ki, belə anlarda ən yaxşısı susmaqdı, qoy ürəyini boşaltsın, rahatlaşsın. Dayanmaq bilmirdi:
- ...Amma dəqiq bilirəm ki, oxuduğumuz o beş ildə Ştefana qədər tək Zaurbəy onun oğlanı olmuşdu, çünki sevirdi inquşu. Zaurbəy də Svetaya görə yataqxanadan çıxmışdı, guya istəmirdi onların münasibətlərindən xəbərim olsun, Primorsk rayonunda kirayə tutduğu evdə görüşürdülər. Bilirəm, məni xaraktersiz adam hesab edirsən, amma hər halda Sveta filologiya fakültəsinin sərxoş qızları kimi gündə birinin altına yıxılanlardan deyildi ki, ona nifrət edim. Dediyim kimi, sevirdi Zaurbəyi, – düz gözlərimin içinə baxdı.
Elə bil ürəyimi oxumuşdu, çatdırmaq istəyirdi ki, nahaq yerə inquşla görüşdüyünə görə indiyə qədər mənim Svetama nifrət edirsən. Bir müddət susub yenə etirafına davam elədi:
- Bəlkə də bunları sənə deməməliyəm. Amma dostumsan deyə deyəcəm. Yataqxanda, gecə Katya, sən, mən, Maşa söhbət edirdik, yadındadı?
- Yadımdadı.
- Yadındadı, axırda mən nə dedim?
- Yadımdadı, Saşa, hamısı yadımdadı, – dilləndim.
- Sən təsəvvür edirsən, o vaxtdan indiyə qədər mən Svetaya görə oğlan qalmışam?
“Vəssalam, bu da sənə son akkord. Ehh, sən deyəsən, ömrünü bu cür etiraflarla başa vuracaqsan,” – təbii ki, bunları demədim. Heç ürəyimdə də bilmədim bu bədbəxti söyəm, yoxsa halına acıyam. Üstəlik, söhbəti bu həddə gətirməklə dostumun kefini pozan mən olmuşdum deyə, özümə acığım tutmuşdu. Hələ təyyarədə, Bakıdan Moskvaya uçanda, özümə söz vermişdim ki, söhbət vaxtı Svetadan söz salmayacam. Amma köpəyoğlunun marağı, o dövrə nostalji bağlılıq elə şey idi ki, içimdəki sualların çölə çıxmağının qabağını ala bilməmişdim.
Az sonra sifətinə gözucu baxanda gördüm ki, illərlə içində gəzdirdiyi, yazışmalarımızda, görüşlərimizdə açıb söyləmədiyi bu sirri nəhayət, mənə deməklə rahatlanıb: elə bil üstündən ağır yük götürmüşdülər. Az öncəki peşmançılığım yox olmuşdu: lap yaxşı, deməli, ürəyini boşaltmaq üçün fürsət gözləyirmiş.
- Qulaq as, – dilləndi, – bəlkə də ürəyində mənə lağ edirsən, fikirləşirsən ki, mən impotentəm...
- Yox, elə fikirləşmirəm. – sözünü kəsdim, – Narahat olma, sən o vaxt gitaranı divara vurub qıranda bildim ki, impotent deyilsən, – tək onu sakitləşdirmək üçün yox, doğrudan, bu cür düşündüyüm üçün belə dedim.
- Ha-ha-ha, varam qafqazlıların bu zarafatlarına.
- Bəlkə yenə çay içək, – dedim.
Artıq mövzunu dəyişmək vaxtıydı, istəməsəm də çayı təzə söhbətə keçid kimi seçməyə məcbur oldum. Sanki bunu gözləyirmiş kimi, Saşa boş stəkanlara yaşıl çaydan süzə-süzə başıyla Yunus İmrənin şeirlər kitabını göstərib, Anadolu türkcəsində, bu dəfə hiss edilməyən ləhcəylə yeni mövzuya keçdi:
- Okey, efendim, şimdi böyle yapalım. Nizami Gencevi Azerbeycan türkü olsun. Şu meseleleri umarım çözdük.
- Tamam, çözdük, – gülə-gülə dedim.
- Amma Muhammed Füzuliyə bir daha döneriz, demi?
- De, de, hemen döneriz, – dedim və hər ikimiz şaqqanaq çəkib gülməyə başladıq...
Sərbəst şeirlər yazan müasir fars şairlərindən elədiyi tərcümələrə, gitarada çaldığı yeni mahnılara qulaq asa-asa, yaşı qırxı keçmiş bu adamdakı seksual hikkəyə, dözümə təəccüb edirdim: bir vaxtlar əsəbindən gitaranı divara çırpıb sındırasan, üstündən illər keçə, sevdiyin qıza görə oğlan uşağı qalasan. Fikirləşəndə ki, ömrünün axırına qədər həyatı bu cür davam edə bilər, bir təhər oldum.
Elə həmin gecə dostumun kirayələdiyi evdə, litvalı qalan otaqda qatlama çarpayıda uzanıb, rəflərdəki qalın, cild-cild kitablara, divara söykənmiş gitaraya baxanda, birdən mənə elə gəldi ki, keçən bu on beş-iyirmi ilin içində dostuma, onun tanışlarına, dostlarına həzz verən, Saşanın kaprizlərinə, hikkəsinə dözən gözümün qabağındakı bu gitara (əvvəlkini sındırandan sonra aldığı həmin o gitara) az da olsa, onun uğursuz sevgisinin qarşılığını verə bilib. Yerimdə sağ böyrü üstə dirsəklənib sakitcə dedim: “Təşəkkür, gitara... Sizə də təşəkkür düşür, rübailər, poemalar,” – rəfin bir-birinə söykənən sakinlərinə də təşəkkür etdim və yavaş-yavaş yuxuya gedirdim ki, qəfildən o biri otaqdan skaypdan gələn zəng səsini eşitdim:
- Privet, Sveta.
Tez dirsəklənib diqqət kəsildim.
- Yaxşıyam, sən necəsən?... Hə, görürəm yaxşısan.
Saşa artıq qulaqcığını taxmışdı deyə, Svetanın səsi eşidilmirdi. Mənə söhbət vaxtı dediklərini dostum ona danışmağa başlamışdı: müasir fars şairlərinin filoloji tərcüməsiylə məşğuldu, şərqşünas magistrantlara dərs deyir, həmişəki kimi xarici ölkələrə konfranslara gedir. Svetadan nəylə məşğul olduğunu soruşdu, sonra dedi ki, bilirsən, kim qonağımdı, adımı çəkdi, dadlı kəklikotu çayı dəmləməyimi yadına saldı. O biri otaqda yatmağımı, “Yoxsa sizi məmnuniyyətlə burda skaypda görüşdürərdim” deyəndə, öz-özümə mızıldandım: “Çox elə məndən ötrü gözü atır”. Sonra qızdan soruşdu ki, Ştefan neyniyir, uşaqlar necədir. Az sonra həyəcanla “Nə?! Ola bilməz!... Nə vaxt, necə oldu ki?” – suallarını verəndə cəld durub yerimdə oturdum, ilk ağlıma gələn o oldu ki, Ştefan avtoqəzaya düşüb, o dünyalıq olub. Skaypdakı söhbətin davamından aydın oldu ki, Ştefan sağ-salamatdı, sadəcə, Sveta son zamanlar əriylə heç cürə yola getmir, üstəlik, alman bir-iki dəfə buna əl də qaldırıb.
- Hə, əlbəttə gəl... Nə danışırsan?! Mütləq gəl, uşaqları da gətir özünlə...
Söhbəti bitirən kimi masaya bir zərbə vurdu dostum. Bu yumruqdan sonra mən dözmədim, cəld ayağa durub, elə alt paltarımda qapıya yaxınlaşdım, o olan otağa boylandım:
- Saşa, nə baş verib?
- Təsəvvür edirsən, Sveta Ştefandan boşanıb.
Dostumun gözləri həm parıldayırdı, həm də təlaş qarışıq ümid var idi baxışlarında, – hələ özü üçün müəyyən edəmmirdi, Svetanın məhz boşanma ərəfəsində Moskvaya gəlməyini ona deməsinin arxasında nə dayanır. Həm də ümidliydi, “Nəysə var ki, mənə zəng edib,” – yazılmışdı inamlı baxışlarında. “Deyirlər, belə şeylər ancaq hind kinolarında olur. Bu da sənə əsl həyat,” – fikirləşdim.
- Lap yaxşı, – dedim və divara söykənmiş gitaranı götürüb, heç nə demədən ona uzatdım, hələ də tursik-maykada otağımdan başımı çıxardıb ona baxırdım.
- Bağışla, səni də yuxudan oyatdım. Orda niyə dayanmısan, gəl bura, – gitaranı götürüb dedi.
- Paltarımı geyinim, indi gəlirəm.
Oturub bir-birimizə baxmağa başladıq, xəbərin həyəcanından bilmirdik mövzunu necə davam etdirək. Sükutu pozmaq üçün “Hə, belə-belə işlər, lap yaxşı xəbər oldu” dedim ki, söhbətə o davam eləsin. “Tam elədi,” (Tak toçno) – dedi və yenə susdu. Sonra gitarasını götürdü, həmişəki ehtirasla Besame Muchonu, sevdiyim rus rokerləri Yankanın, Çyorniy Lukiçin, Başlaçevin mahnılarını çalıb oxudu. Mən də onun kimi romantik bir ovqatdaydım, elə bilirdim son xəbərə gitara da sevinir.
- Saşa, bəlkə bu gitaranı da divara vurub qırıq-qırıq edəsən, maaş alanda təzəsini alarsan, – ciddi-ciddi dedim.
- Sən bunu zarafatla deyirsən, inanmazsan bəlkə də, amma məmnuniyyətlə qırıq-qırıq edərdim, – qol saatına baxıb ciddi-ciddi razılaşdı, – gecdir, saat ikini keçib, qonşuları narahat etməyək.
Havanın isti olmasına baxmayaraq, iki əliylə stəkanı bərk-bərk tutub sıxmışdı, elə bil üşüməyinin qabağını almaq istəyirdi: güman ki, qız buna nəsə ümidverici bir şey demişdi, yoxsa tək Moskvaya gələcəyini deməklə üşütməzdi dostumu. Həvəslə mənə orta əsrlər Şərq və Qərb poeziyası arasında olan fərqlərdən danışırdı. Arada şərq peripatetizmi, Allaha iman simvolları, lirik fəlsəfə kimi terminlər qulağıma çatırdı, üzünə baxsam da, fikrim onda deyildi. Deyəsən, ona qulaq asmadığımı duymuşdu, amma özünü duymamazlığa vurmuşdu. Danışanda da, arada fasilə verəndə də bilirdim ki, heç onun da fikri məndə deyil, qızın yanındaydı.
Mənimsə gözümün önünə belə bir səhnə gəlmişdi: Saşa 60-cı illərin fransız filmlərinin gənc kişi qəhrəmanları kimi ağ köynək, ensiz, uzun qara qalstukda, əlində üç dənə qırmızı qızılgül ayaqüstə dayanıb, tez-tez boynunu uzada-uzada aeroportun gözləmə zalına daxil olan Berlin-Moskva reysinin sərnişinləri arasında Svetasını axtarır. Budur, onlar bir-birinə doğru addımlayır və nəhayət, Saşa əlindəki qızılgüllərlə bir yerdə iyirmi ilə yaxın fantaziyalarında sevişdiyi Svetasını bərk-bərk qucaqlayır. Yox, pardon, Sveta onu bağrına basır, yanağından öpür və yaşıl gözləriylə deyir ki, sən qətiyyən narahat olma, hər şey yaxşı olacaq, bu gecə alınmaz, o birisinə qalar, əsas odur ki, həyatın o üzünü mən necə lazımdı görmüşəm, arxayın ol, səni çətin vəziyyətdən çıxartmaq mənlikdi.
31 oktyabr, 2014 – 18 oktyabr, 2015,
Bakı