İsmayıl Şıxlıya görə ərli qadını qəbul etmədi

İsmayıl Şıxlıya görə ərli qadını qəbul etmədi
28 mart 2013
# 08:15

Cavid Təvəkkül

Qızardılmış balıq

Balıq yeyirdilər, qızardılmış balıq. Q əvvəl yemək istəmirdi, ümumiyyətlə ac olmadığını deyirdi, buna baxmayaraq K. iki balıq sifariş etdi və balıq gələn kimi iştaha ilə yeməyə girişdi. Yəqin K.-nın belə iştaha ilə yeməyi Q.-ya təsir etdi və o da cütündən ayrılmış tənha balığı öz boşqabına çəkdi.

İndi hər ikisi də qızardılmış balıq yeyirlər.

- Heç ərim mənimlə maraqlanmır-deyə bir neçə dəqiqəlik yeməkdən əl saxlayıb Q. masanın üstündəki mobil telefonu götürdü. - Heç nə yazmır, nə yazıram qısa cavab verir, ya “hə”, ya “yox”... Zəng də eləmir.

K. istədi başını qaldırmasın, amma olmadı, bir neçə saniyəlik düz Q.-nın xumar gözlərinin içinə baxdı və dərhal da başını aşağı salıb qızardılmış balığı didişdirməyə davam etdi. K. anlaya bilmirdi, Q. düz deyir, ya yalan, amma bu sözlər ona təsir etdi, içini silkələdi.

Kənardakı televizorda xanım hava haqqında məlumatları deyirdi. Hər ikisi yeməyi saxlayıb televizordakı xanıma baxdılar.

Televizordakı xanım Q.-ya çox oxşayırdı, çox, gözü, qaşı, dodaqları, amma o deyildi...

Balıq yeyildi.

K. özünə və ona çay süzdü. Q. soyuqlamışdı, balaca pişiklər kimi sızıldayırdı, ufuldayırdı.

- Gəl boynumu ovxala bir az... - Q. düz K.-nın gözlərinin içinə baxdı.

K bu qəfil sözdən bir az həyəcanlandı bir az da çaşdı.

- Dur gəl də... - Q. qətiyyətlə dedi.

K. onun kürəyini, boynunu ovxaladıqca ürəyi bərk-bərk döyünməyə başladı, soyuq mart gecəsi istilik gəldi canına. K. çox xəfif etmək istəyirdi bunu, amma sevgisi əsəblərinə toxunurdu.

- Düz əmməli ovxalaya da bilmirsən - Q. narazılıqla bildirdi. K. Q.-nın bu sözləri deyərkən ürəyindən nə keçdiyini anlamışdı, amma...

Çox söhbət etdilər həmin axşam, ordan-burdan, K. həyatından danışdı, İstanbula getmək istədiyini bildirdi, bildirdi ki, burda insanlar səmimi deyillər, burda adamlar mental dəyərlər əsiridilər, guya burda istədiyi tabloları yarada bilmir və daha nələr-nələr.

Q.-sa öz kübarlığı, cazibədarlığıyla, gözəlliyiylə, arabir səmimiliyiylə K.-nı saniyəbəsaniyə məhv edirdi. Arada yaxın bir qohumunun Q.-ya telefon açması və bu zəngdən sonra onun gözlərində yaş gördü K., K.-ya elə gəlirdi ki, o heç vaxt ağlamır, ümumiyyətlə o, ağlamamalıdı, ona ancaq gülmək yaraşır, fəqət belədə olur.

K. gözlərini çəkmədən Q.-ya baxırdı, onun ağıllı-ağıllı danışıqlarını guya dinləyirdi, amma ürəyinin dərinliyində Q.-nı sinəsinə basıb iri bir meşənin içində torpağın üstündə oturmuşdu, sakitlik və hüzn içində, K. bu xəyallardan ayrılmaq istəmirdi, bütün ömür boyu belə olmasını arzulayırdı. Böyük bir meşə və Q.-nın çox sevdiyi taxta ev. Q.-nın bayaq işlətdiyi “heç ərim mənimlə maraqlanmır” cümləsi K.-nı ayıltdı.

- Yaxşı, gecən xeyrə - Q. K.-nın gözlərinin içinə baxdı, dərinliklərə qədər, kiçik bir pauzadan sonra yenə dilləndi: - Gedək bizə...

- Yox gecdi, sağ ol... - K. bu anda nəyin baş verdiyini anlayırdı, elə ona görə də gözlərini Q.-nın gözlərindən qaçırdı.

K. evə gəlincə yol boyu bayaq dənizkənarı restoranda nə danışdıqlarını xatırlamaq istədi, amma alınmadı...”KİŞİ və QADIN” filminin soundtrekini dinləyərək sürürdü maşını. Dəniz kənarında dayandı, qaranalıqdan dəniz heç görünmürdü, amma səsi eşidilirdi. İki siqaret çəkdi K. Onun beynində “ər” sözü iri hərflərlə, rəngarəng formalarda yazılırdı. Taleyinə söyürdü, bəxtini qarğıyırdı.

Bu vaxt mobil telefonuna esemes gəldi: “Mən bu gecə sənin olmaq istədim”.

K. bunu hiss etmişdi, restorandakı söhbətlərdən, hərəkətlərdən, amma...

K. cavab yazdı: “Mən səni sevirəm”.

Bu ismarıcdan sonra K.-nın ürəyində İsmayıl Şıxlı oyandı. Yadına düşdü ki, Qazaxda Şıxlı kəndində iri bir çinar ağacının altında dayanıb dərin bir nəfəs almışdı. İsmayıl babam da bu havadan udub. Ürəyinə qəti şəkildə nota göndərdi...Kişi-kişinin malına, övrətinə kəm baxmaz...

K. Q.-nın yanına qayıtmaqdan vaz keçdi.

K evdə oturub televizora baxırdı, türk kanallarının birində istedadlar şousu gedirdi, müxtəlif yaş dövründə insanlar öz istedadlarını “üç özündən razı adama” nümayiş etdirdilər. K.-nın qəmli və üzgün gözləri televizora baxıb güldü, insanlara gülürdü. ”Niyə mənə insani hisslər nəsib olmur, niyə mən adam balası kimi yaşıya bilmirəm, niyə başqaları məndən tez tərpənir?”

- Yemək yeyirsən..? – K.-nın həyat yoldaşı onu fikirlərdən ayırdı. K.-nın iştahası olmasa da, başıyla “hə” dedi.

Çox keçmədi K.-nın həyat yoldaşı onu səslədi: - Gəl...

K. yerindən qalxıb masaya əyləşdi və masanın üstündəki boşqabda qızardılmış balıq gördü, susdu... Yemədi...

K səhər emalatxanasında iri bir bayram tablosu çəkdi, bu tablonu görmək lazım idi. Adını da “Kosaynan Keçəldən zəhləm gedir” qoydu.

20.03.2013

# 3003 dəfə oxunub

Oxşar xəbərlər

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Bu, Kamal Abdullanın ən yaxşı hekayəsidir!" - Müzakirə

"Bu, Kamal Abdullanın ən yaxşı hekayəsidir!" - Müzakirə

15:00 9 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

12:40 3 sentyabr 2026
"Ana kitabımızın hafizi və yorulmaz təfsirçisi..." -  Əcəba, əbədiyyət yaddaşsızlıq deməkdirmi?...

"Ana kitabımızın hafizi və yorulmaz təfsirçisi..." - Əcəba, əbədiyyət yaddaşsızlıq deməkdirmi?...

12:00 3 sentyabr 2026
"Qara kabus"un kölgəsində insan taleləri - Hansı məqamda yanlış seçim edilir?

"Qara kabus"un kölgəsində insan taleləri - Hansı məqamda yanlış seçim edilir?

10:30 29 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər