“Tərcümə problemlərinin aktuallaşdırılması”- LAYİHƏ
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə Kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.
Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Artıq “Türk dilindən tərcümə lazımdırmı?” və “İkinci dildən tərcümə problemi”, “Tərcümə mətinlərinin müqayisəli təhlili” mövzularının müzakirəsi ilə tanış olmusuz.
Bu dəfə “Poeziya nümunələrinin tərcümə çətinlikləri” mövzusu müzakirə olunub.
Şair, yazıçı Zahid Sarıtorpağın məruzəsini təqdim edirik.
Bir zamanlar Nazim Hikmətin şeir tərcüməsiylə bağlı işlətdiyi ifadə hələ də aktualdı. Dahi şairin fikri təxminən belədi: “Hətta şeirin ən uğurlu tərcüməsi belə ona bənzəyir ki, sən bir ürək şəklini olduğu kimi çəkirsən, amma baxanda, görürsən çatlarıyla alınıb.”
Tərcümədə dil faktoru nə qədər böyük rol oynasa da, şeirlərin çevrilməsində uğurlu həll heç də yalnız hər iki dili mükəmməl bilməkdən asılı deyil. Burada ən önəmli olan: birinci növbədə, bu şeiri tərcümə edənin kimliyi, imzası, istedadının ölçü həddi, poeziyada hansı mövqedə dayanması və ikincisi: müraciət etdiyi mətndi. Yəni, bu amillər poetik mətnlərin tərcüməsində çox şey deməkdi. Müqayisə üçün bir çox misallar çəkmək olar. Məsələn, Aleksandr Puşkinin “Yevgeni Oneqin” mənzum romanını dilimizə S.Vurğun, R.Rza, M.Müşfiq, M.Rahim çevirmişdir. Burada hər bir tərcüməçi mətnə öz imkanları daxilində yanaşıb. Götürək elə M.Rahimlə M.Müşfiqin tərcümələrindəki fərqi. Birincidə patetika, bayağılıq, şeirin ruhi qaynaqlarından uzaqlıq, mətni bir növ yaşaya bilməmək ucbatından onun ahənginə yad bir nəfəs qatılması nə qədər qabarıqdısa, həm orijinalı, həm də tərcüməni nə qədər urvatdan salırsa, ikincidə hər cür ritorikadan uzaq, mətnin ana xəttiylə şairin ruhunu dilimizin çəmbərində qanadlandıran, qeybdən əsirmiş kimi oxucunu sehrləyən ilahi bir nəfəs adamı heyran qoyur. Yəni dil burada öz diktəsini tərcüməçinin istedadının, mətnə yanaşma səviyyəsinin gücüylə etmiş olur. Belə örnəkləri çağdaş şairlərimizdən də gətirmək olar.
Tərcümə üçün seçilən poetik mətnlərdə qarşıya çıxan və tərcüməçiyə çətinlik törədən məsələlərdən biri də, adətən yad mətnlərdə dilimizlə müqayisədə rast gəlinən semantik uyğunsuzluqlarla bağlıdı. Bir dildə informasiya daşıyıcısı olan söz başqa dilə çevrildikdə, bəzən öz funksiyasını olduğu kimi saxlaya bilmir, itirir. Bəzən də dilin imkanları poetik mətni incələməyə, onu özününküləşdirməyə yetərincə imkan vermir. Çünki ortada ritmin, informasiyanın və bir sıra estetik müxtəlifliklərin çətinliyi durur.
Tərcüməsinə iki il yarım sərf etdiyim klassik ingilis şairi Con Miltonun məşhur “İtirilmiş cənnət” və “Qaytarılmış cənnət” epopeyalarını dilimizə çevirərkən, qarşıma çıxan çətinliklər haqda qısa bilgi verməyi özümə borc bilirəm. Orjinaldan edilmiş sətri tərcümə üzərində çalışarkən qəribə də olsa birdən-birə hiss etdim ki, iş təkcə mətnin necə var eləcə çatdırılması naminə edilən cəhdlə qurtara bilməz, burada həm də olduqca geniş bir diapazonda şairin fikirlərini özündə daşıyan bədii ruha dilimizin lirik müstəvisində meydan açmaq lazımdı. Bu baxımdan bir qədər dini, mifik, coğrafi adlarla yüklü sxalastik ingilis dilli orta əsr mətnini daha oynaq, axıcı, ritmik, dastançılıq ənənləri olan dilimizə çevirməyə cəhd göstərəsi oldum.
Ümumiyyətlə, ritmə əsaslanan verlibr, ağ şeir, sərbəst mətnlərin, vəznə söykənən ölçülü, qafiyəli poetik örnəklərin tərcüməsi zamanı ən vacib olan fakt şeirin yaşantısıdı, bir tərcüməçi kimi öncə onu öz süzgəcindən keçirmək bacarığıdı. Lap loru dildə desək susuzluğunu yatırmaq üçün içdiyin suyun su olduğuna, süd dadmadığına əvvəlcə özün inanmalısan, əmin olmalısan ki, sonra oxucuya təklif edəndə “bu, süd deyil, sudur!” bağırıb nələrisə sübuta çalışmayasan.
Şeirin tərcüməsiylə bağlı bir çox örnəklər göstərmək olar. Bəzən misraların, necə deyərlər, sadəcə şəklini çəkmək lazım gəlir, belədə şeirin ruhu itir. Bəzən şeirin ruhunu tutursan – şəkli alınmır. Yaxşı olar ki, hər iki məqamda tələskənliyə yol verilməsin, necə deyərlər, “qızıl orta” tapılanacan şeirin üzərində işlənilsin.
Bütün bunlarla yanaşı, uzun illərin təcrübəsinə və şəxsi qənaətimə əsaslanıb deyə bilərəm ki, şeir tərcüməsinin hazır resepti yoxdu və bu, hər cür nəzəri aspektin fövqündə dayanan bir könül məsələsidi. Yoxsa, hər yerindən duran bu iddiada olardı.
Səhv etmirəmsə, şeirin tərcüməsiylə bağlı bunu da böyük ustad Nazim Hikmət deyib: “tərcümə qadın qıçlarında kapron coraba oxşamalıdı – baxanda o üzünün də gözəlliyi görünməlidi, bu üzünün də...”
Bundan gözəl necə tərif vermək olar? Belə. Bu qədər.