İntihar ənənəsi taleyə itaətdən daha çox iradə və ağla inanan qədim filosoflara məxsusdu. Stoik məktəbinə rəhbərlik edən müdriklər qibtə ediləcək qədər uzunömürlü olublar, amma bununla bahəm, demək olar ki, hamısı həyatla könüllü şəkildə vidalaşıb. Bir sözlə, taqətdən düşmələrini və ağıllarının azmalarını gözləməyiblər.
Lakin tarixə həyatlarının heç də qürub çağları ucbatından deyil, müxtəlif səbəblərdən özünə qəsd edən, özü də bu aktı təkbaşına yox, cüt həyata keçirən məşhurlar da məlumdu. Kulis.Az intihar etmiş məşhur cütlüklərdən bir neçəsinin həyatının son anlarını təqdim edir.
Altmışdan sonra həyatı yenidən başlamaq çətinliyi
“Düz yolla getməyə can atmayanda, dolanbac həmişə daha cəzbedici görünür” (Stefan Sveyq. “Ürəyin səbirsizliyi”)
Nasistlərin labüd qələbəsinə inanan Stefan Sveyq 1942-ci il fevralın 22-də Petropolis (Braziliya) şəhərində ümidsizliyə qapılıb, arvadı Şarlotta ilə birgə böyük dozada yuxu dərmanı içməklə özünə intihar edir.
Pirl-Harber olayından və Sinqapurun məğlubiyyətindən sonra Sveyq dünyada şər qüvvələrin qalib gəldiyini zənn edir və bu cür dünyada yaşamaq istəməyib həyatdan getməyə qərar verir. Arvadı etiraz etmir və onun taleyini bölüşməyə razı olur.
Ər-arvad ölümlərindən öncə on üç məktub yazırlar. Şarlotta öz hərəkətinə bəraət qazandıraraq, ölümün həm Stefan, həm də özü üçün qurtuluş olduğunu söyləyir. Qadın uzun illərdi ki, astmadan əziyyət çəkirdi.
Sveyqsə belə yazmışdı: “Altmışdan sonra həyatı yenidən başlamaq üçün adama xüsusi güc lazım olur. Mənsə illərdi vətəndən kənarda bütün qüvvəmi tükətmişəm. Bir də ki, ən yaxşısı, indi dik başla mövcudluğa son qoymaqdı. O mövcudluğa ki, əsas sevinci intellektual iş, ali dəyərisə şəxsi azadlıqdı. Bütün dostlarımı salamlayıram. Qoy onlara uzun gecədən sonra Günəşin doğmasını görmək nəsib olsun! Mənsə həddən ziyadə səbirsizəm və onlardan əvvəl buranı tərk edirəm”.
Bu cütlüyün hətta ölüm anında belə bir-birini qucaqlaması səhnəsi bütün qəzetlərin ilk səhifəsini “bəzəyir”.
Erix Mariya Remark bu faciəli epizodu özünün “Cənnətdə kölgələr” romanında əks etdirib: “Əgər onlar həmin axşam heç olmasa telefonla içlərini tökməyə bir kimsə tapsaydılar, bəlkə də, bu bədbəxtlik baş verməzdi. Lakin Sveyq qürbətdə özgə insanların əhatəsindəydi”.
“İnsanlar arasında tənhalıqdan betər bir şey yoxdu”, - Sveyqin özü faciədən iyirmi il öncə “Yad qadının məkrubları” novellasında yazırdı...
Arvadı iti də zəhərləyir
Oxşar hadisə qırx il sonra Londonda baş verir. Yazıçı Artur Köstler (1906-1983) və arvadı Sintiya (1927-1983) özlərini yuxu dərmanıyla zəhərləyirlər. Köstleri əlində bir qədəh konyak, kürsüyə yayxanmış halda tapırlar. O, artıq dünyasını dəyişmişdi. Sintiya isə divanda uzanmışdı, yanındakı masanın üzərində bir qədəh viski vardı. Yazı makinasındakı kağızda xidmətçi qadından polis çağırması xahiş olunurdu. Yazıçı qoca və ölümcül xəstə idi: Parkinson xəstəliyi, leykemiya, nitq pozğunluğu, hallüsinasiya.
Ölünü yararkən qasıq nahiyəsində metastazın nəticəsi olan şiş aşkar edilir. Əvəzində Sintiya cavan və sağlam idi. Köstler dostlarına ünvanlanmış vida məktubu qoymuşdu. Yazıçı son addımına cidd-cəhdlə hazırlaşmışdı – işlərini qaydasına salmış, “Eksiz” cəmiyyətinə üzv yazılmışdı (“Ləyaqətli ölmək hüququ uğrunda cəmiyyət”). Həyatla vidalaşmağın düzgün yollarına onu məhz bu cəmiyyətdə istiqamətləndirmişdilər.
Məktubun məzmunu Köstlerin həyatdan tək getməyi planlaşdırdığından xəbər verirdi (“...həyatda olan dostlarıma və ən əsası, arvadım Sintiyaya verəcəyim ağrı barədə düşünmək belə istəmirəm”), lakin qadın öz hökmünü verir. Elə həmin günün səhəri iti də zəhərləyib, sonra ərinin uzun məktubuna qısa əlavə edir: “...İçimdə həyat eşqi çırpınsa da, mən Artursuz yaşaya bilmərəm”.
Onların sonuncu söhbətlərinin şahidləri yoxdu, bəlkə, aralarında heç söhbət belə olmayıb. Beləcə, əri huşunu itirəndə Sintiya həmçinin barbiturat (çox miqdarda qəbul edildikdə mərkəzi sinir sisteminə ağır zərbə endirən yuxu dərmanı – red. ) içir. İstənilən halda Köstlerin guya sevimli arvadını öz iradəsinə tabe etməsi ittihamları tamamilə əsassızdı.
“Qocalıq məni yaxalamamış”
Leninin “marksizmi yayanların ən istedadlısı” adlandırdığı publisist və ədəbi tənqidçi Pol Lafarq (1842-1911) dahi materialist Karl Marksın kürəkəni idi. Filosofun hər iki qızı – Eleonora və Laura həyatlarını intiharla başa vurublar. Böyük qızı affektlərə meylli idi və 43 yaşında başdan-ayağa ağ geyinərək, sianid turşusu içməklə həyatıyla vidalaşır. Laurasa əriylə sözü bir yerə qoyub, qocalıqlarını gözləməyəcəklərini və taleyin mərhəmətinə etibar edəcəklərini düşünürlər.
Cütlük həyatdan birgə gedəcəyini əvvəlcədən planlaşdırır və bu addımı yetmiş yaşına çatmadan atacaqlarını vəd edir. Onlar qibtə olunası soyuqqanlılıq və nadir iradə nümayiş etdirərək vədlərinə xilaf çıxmırlar.
Polun ölümqabağı məktubunda belə yazılır: “Soyuq ağılla və möhkəm yaddaşla onu qeyd edirəm ki, amansız qocalıq məni yaxalamamış, fiziki və mənəvi gücümü əlimdən almamış, enerjimi iflic etməmiş, iradəmi sındırmamış və məni həm özüm, həm də başqaları üçün yükə çevirməmiş həyatıma sağ ol deyirəm...”
...Lafarq postskriptumda yeni sahibin itini sevməsini və incitməməsini xahiş edir.