Tayqada olaydım -
“Bayıl”sız bir məkanda.
Mənə heyvanlar baş çəkəydi,
biri baş –
ağlı sönük,
biri nağdı “g”
müstəntiqlər əvəzinə.
Rafiq Tağı.
Bu gün Rafiq Tağının 63 yaşı tamam olur. Ad günündə mərhum yazıçını yad etmək üçün görüm dairəsində yastı-yapalaq gecəqondular olan doqquzmərtəbəyə yollandım. “Cəncəl yazılar”ı ilə ətalətdəki cəmiyyəti silkələməyi bacaran Rafiq Tağının bir zamanlar yaşadığı doqquzmərtəbəyə...
Qapını üzümə açan mərhumun həyat yoldaşı Mailə xanım ərinin məzarını dünən (söhbət avqustun 2-də olub – red.) ziyarət etdiyini söylədi. Mailə xanım qəbirüstünə Rafiq Tağının Rusiyadan gələn bacısı qızları ilə birlikdə çıxıb. Bununla belə yazıçının ömür-gün yoldaşı doğum günündə də həyat yoldaşını tək qoymayacağını sözlərinə əlavə edir: “Ad günündə də ziyarətinə gedəcəm”.
“1990-cı ildə Moskvadan bura köçəndən divarları ala-bula qalmış mənzildəki keçəlləri “oboy”lanmış” otaqda Rafiq Tağılı günlərə qayıtmaq, iki ilə yaxındır ki, Rafiqsiz yaşayan Mailə xanıma, “ata” kəlməsindən xitab kimi istifadə etməyən uşaqlara “Necəsiniz?” sualını ünvanlamaq elə də asan deyildi. Həm də ki, verəcəyim sualın cavabı əvvəlcədən bəndənizə bəlli idi: “Rafiqsiz necə ola bilərik?”.
Yazıçının oğlu Asiman hərbi xidmətdən qayıdıb, qızı Qəmər ali məktəblərə qəbul imtahanında 401 bal toplayıb. Bu amillər az da olsa dünyanın ən yaxşı insanını itirmiş ailə üçün təsəllidir. Daha doğrusu, quru təsəlli...
Mərhumun həyat yoldaşı Rafiq Tağının ölüm anını uzadan, “İlin dörd fəslində daşıdığı, milli iqtisadiyyatımız, səhiyyəmiz və ədəbiyyatımız qarşısında özünə görə xidmətləri olan hörmətə layiq “diplomatı”nın” hələ də müstəntiqdə olmasından giley-güzar edir: “Papkası hələ də müstəntiqdədir, qaytarmır. “Papka”da “bloknot”, bir də 50 illik yubileyinin kaseti vardı. Telefonunu aldım, evdədir”.
Qosqoca dünyada baş verən ədalətsizlikləri, problemləri hamı görsə də, yaşanan iztirabları sanki heç kim eşitmir. Bir növ hamı laqeydcəsinə insan faciəsinə, insan taleyinə qulaqlarını iki əlli qapamaqla məşğuldur. Tağı ailəsinin də problemləri yox deyil. Gün kimi aydındır ki, ailə üçün elə ən böyük problem Rafiqsiz “şeytana papış tikən belə-belə olmuş dünya"da yaşamaqdır. Bir aya yaxındır hərbi xidmətdən geri dönən Asiman “Qərb” universitetinin politologiya fakültəsini bitirsə də ixtisası üzrə çalışmır. Çətinə düşən ailənin yükünü daşımaq üçün Asiman hərbi formanı soyunan kimi marketdə işləməyə başlayıb. Üstəlik, Mailə xanım da çalışmır. Özünün dediyi kimi rəhmətlik heç vaxt onun çalışmasına rüsxət verməyib. Rafiq Tağı da dünyasını dəyişəndən sonra qayınları Mailə xanımın işləməsinə razı olmayıblar. Heç Asiman da anasının işləməsinə xoş baxmır. Mailə xanım deyir ki, Qəmərin ali məktəbə qəbul olmasına da düz-əməlli sevinə bilmirlər. Çünki Qəmərin topladığı bal çox olmadığı üçün pullu ali məktəbləri də seçmək məcburiyyətində qalacaqlar: “Qəmər qəbul olmağına olacaq. 401 bal yığıb. Pulluya düşəcək, ya pulsuza düşəcək bilmək olmur. Çətinlik çəkirik, dolana bilmirik. Asimana normal iş tapılsa yaxşı olardı. Müstəntiq söz vermişdi ki, əsgər gedib-gəlsin normal, ixtisasına uyğun iş düzəldəcəyik. Amma verilən söz elə də qaldı. Asimanın aldığı maaş da azdır. Qəmərə də atasına görə verilən təqaüd 18 yaşından sonra kəsiləcək”.
Problemləri say-say bitmir. Hansını qoyub, hansından danışasan. Hansı birini deyəsən. Qəhətə çəkilməyən bircə bizi qarabaqara izləyən problemlərdir. Rafiq Tağının anası Hüzrə nənə hələ də oğlunun öldüyündən xəbərsizdir. Qara xəbəri çatdırmağa heç kim ürək eləmir. Mailə xanım artıq neçə zamandır ki, qayınanası ilə danışmağa cürət etmir: “Yazıq anası hələ də Rafiqin öldüyünü bilmir. Deyir, Qəmər instituta girib, Rafiq niyə gəlmir? Heç xəyalına da gətirmir ki, Rafiq rəhmətə gedə bilər. Mən də artıq onunla danışa bilmirəm. Telefonda danışan kimi özümdən asılı deyil, qəhər məni boğur, ağlamağa başlayıram. Bax, buna görə danışa bilmirəm. Deyirlər, danışma, bildirəcəksən. Ona görə də zəng eləmirəm. Rafiq rəhmətə gedəndən arvadın üzünü görmürəm. Şikayətlənir ki, gəlin nə əcəb mənə zəng eləmir. İnciyir məndən. Getdim rayona. Ağlamaq tutdu, qapıdan qayıtdım. Qızı göndərdim. Uşaqlar da deyir ki, bildirməyin. Mən də məcbur olub qayıtdım”.
Hüzrə nənə yalnız gəlinindən deyil, “xaricə gedən oğlu”ndan da inciyib. Rafiqin zəng etməməsindən, ona baş çəkməməsindən şikayətlənir. Hətta keçən qış oğluna xaricdə soyuq olacağını deyirmiş. Hüzrə nənə oğlunun qayıdışına qurban da deyib. Kəsilməyəcək qurban...
Qətlə görə açılan cinayət işi isə dalana dirənib. Mailə xanım müraciətlərinin cavabsız qalmasından, işə etinasız yanaşılmasından şikayətlənir: “Nə vaxt soruşursan deyirlər iş gedir, nəticə yoxdur axı. Bu yaxınlarda müstəntiq qayınlarımı çağırmışdı. Rafiqin işlədiyi xəstəxanadakı qadınlardan biri Rafiqə təhdid zəngi gəldiyini deyib. O zaman Rafiqdən nə olduğunu soruşublar. Rafiq həmin qadına deyib ki, özüm həll etdim. Qadın Rafiqin telefonla danışanda hirsləndiyini söyləyib. Bu məsələ indi ortalığa çıxır, onun üzərində iş gedir. Rafiq axırıncı iynədən sonra öldü. Həkimlərlə oturub üz-üzbəüz danışmaq istəyirəm. Rafiq yaxşı idi. Axırıncı iynədən sonra getdi Rafiq. Baş həkim deyir ki, guya biz Rafiqə küftə-bozbaş vermişik. Biz o qədər avam olduq ki, Rafiqə küftə-bozbaş verdik? Həkimlərin dedikləri ağ yalandır”.
Onların – Mailə xanımın, Asimanın, Qəmərin, elə bizim hamımızın bircə arzusu odur ki, özünün tərtib etdiyi fotorobotda “killeri Apollon kimi gözəl” olan Rafiq Tağının qanı yerdə qalmasın...