Əli Kərimin oğlu Şərif Ağayara cavab yazdı

Əli Kərimin oğlu Şərif Ağayara cavab yazdı
22 iyul 2013
# 15:13

Yazıçı Şərif Ağayarın Kulis.Az saytında dərc olunmuş "Əli Kərimin öldürüldüyü yer" yazısı Əli Kərimin xanımı Elza Kərimovun narazılığına səbəb olmuş və o, yazarı məhkəməyə verəcəyi ilə hədələmişdi. Bu gün isə Əli Kərimin oğlu Paşa Əlioğlu Şərif Ağayara cavab verib. Kulis.az Paşa Əlioğlunun yazısını təqdim edir:

Şərif Ağayarın Kulis.Az saytında gedən «Əli Kərimin öldürüldüyü yer» başlıqlı yazısına dair bunları qeyd etməyi özümə borc bilirəm.

Əli Kərimin Kələntər Kələntərli adlı yaxın dostu olmayıb. Ə.Kərim onunla tanış idi, bir yerdə vaxt keçiriblər. Lakin tam məsuliyyəti ilə Ə.Kərim rəhmətə gedəndə hələ anadan olmamış Ş.Ağayara və onun sözlərinə inana bilənlərə məlumat verirəm: onun ən yaxın dostları Altay Məmmədov, Fikrət Qoca, Fikrət Sadıq, Adil Rəsul, daha gənclərdən Vaqif İbrahim, Feyzi Mustafayev idi (adlarını unutduqlarımdan üzr istəyirəm). Ə.Kərimin özündən yaşlılar içərisində ən çox hörmət etdiyi, həmsöhbət olmağa, öyrənməyə çalışdığı iki şəxs vardı: Rəsul Rza və Əhməd Cəmil (ən çox R.Rza). Ə. Kərimin o çətin zamanlarda və ölümündən sonra heç bir təmənnasız qayğıkeşi R. Rza olub. Ə.Kərim haqqında Feyzi Mustafayevin və Altay Məmmədovun xatirələr kitabı, Vaqif İbrahimin məqaləsi çıxıb. Baxın görün orda K. Kələntərlinin adına rast gələrsinizmi? İstəyirəm ki, hamı bilsin, K. Kələntərlinin ayrı-ayrı dərgilərdə, «Bu səfər bitən deyil» kitabında yazdıqları guya Ə.Kərim barədə xatirələrinin əksəriyyəti yalandır. Həmişə mənimlə normal münasibətləri olan, yanıma gələn K. Kələntərli o kitab çıxandan sonra məndən, Ə. Kərimi tanıyan başqalarından qaçırdı. Çünki bilirdi ki, soruşacaqlar: Sən bunları haradan uydurmusan?

Ə.Kərim hər adamı evinə buraxmazdı. Bizim evə gələnlər R. Rza, Anar, F.Qoca, F.Sadıq, A.Məmmədov, B.Vahabzadə, A.Rəsul, N.Həsənzadə, A.Zeynallı, C.Novruz, R.Zəbioğlu, V.İbrahim, İ.İsmayılzadə, C.Yusifzadə olmuşlar. Onların içində K.Kələntərli olmayıb. Xahiş edirəm heç kim yaşından böyük danışmasın. Kələntər müəllimin Yazıçılar Birliyindən umacaqları var idi. Bir müddət R.Rza haqqında çox tərifli xatirələr də yazdı. İstədiklərini ala bilməyəndə qisasını yalançı xatirələr yazmaqla almaq istədi.

Sən demə R.Rza Ə.Kərimin bədxahı imiş. Buna kim inanar?

Hazırda Yazıçılar Birliyindən intiqam almaq istəyən Şərif Ağayarın özü görəsən inanır buna? Əlbəttə ki, əsas məsələ inanmaqda deyil, mümkün qədər zərər vurmaqda, adamları hörmətdən salmaqdadır. Çox maraqlıdır, nə üçün bütün ömrünü Əli Kərimlə bir yerdə olmuş A.Məmmədovun «Tanıdığm Əli Kərim» adlı faktlarla zəngin 429 səhifəlik kitabından heç kim danışmır, belə iftiralar isə dillərə düşür. Altay müəllimin xatirələrində Ə.Kərimin R.Rzaya münasibəti çox aydın ifadəsini tapıb. Rəhmətlik Vaqif İbrahim kimi R.Rzaya da, Ə.Kərimə də sədaqətli olan adam az tapılar. Onu heç kim yalan danışmağa məcbur edə bilməzdi. Vaqifin vaxtı ilə «Ulduz» jurnalında çap edilmiş «R.Rza və Ə.Kərim doğmalığı» məqaləsini açıb oxuyun. Orada hər şey aydın yazılıb.

K.Kələntərli kimilərin iftira və böhtanlarına əsaslanıb yaşından böyük danışmaq lazım deyil. Nədənsə bəzən Yazıçılar Birliyindən, Anardan intiqam almaq istəyənlərin yadına Ə.Kərim düşür. Çox iyrənc hərəkətdir! Ş.Ağayara ayıb olsun ki, ömründə bir dəfə görmədiyi Əli Kərimin ailəsi ilə münasibəti barədə fikir söyləyir, «tipik Azərbaycan qadınının əsl istedada münasibəti»ndən danışır. Sən hardan bilirsən tipik Azərbaycan qadınının əsl istedada münasibətini? Bir daha təkrar edirəm K.Kələntərli bir dəfə də Ə.Kərimin qapısından keçməyib. O hardan biləcəkdi ailəsinin Ə.Kərimə münasibətini. O ki qaldı Ə.Kərimin şöhrətinin ailəsinə, övladlarına rahat yaşamaq üçün kifayət qədər imkan yaratmasına, burada da Ş.Ağayar lap ağ eləyib. Bu adamın deyəsən bizim həyatımızdan qəti xəbəri yoxdur. Ş.Ağayar, deyəsən səndən başqa hamı bilir ki, rahat yox, normal yaşamaq üçün heç kimin şöhrəti kifayət eləməz. Lazım olan gecə-gündüz çalışmaqdır!

Sonda Ş.Ağayar Ə.Kərimin övladlarına bir sual verməyi də özünə sığışdırıb: «Əli Kərim sağ olsaydı, özünü nə dərəcədə rahat hiss edərdi bu əbədi mühitdə?» O nə üçün belə sualla Ə.Kərimin övladlarına müraciət edib, başa düşmədim. Nə vaxtdan ədəbi mühitin məsuliyyəti bizim boynumuzdadır? Məncə çalışıb bütün şəraitlərdə, hətta iftiraya məruz qalanda belə adam kimi yaşamaq lazımdır. Ə.Kərim vətənini düşmənlərimizə, ermənilərə satan yazıçıları, onlara qahmar çıxanları görsəydi çox mütəəssir olardı, belələrinin dərsini şəxsən özü verərdi. İ.İsrafilovun Ə.Kərimin İrəvanda başına gələnlər barədə xatirələri çapdan çıxıb. O faşist Ermənistanının paytaxtı İrəvanın ən böyük «Armeniya» otelinin restoranında bir erməni danışığından azərbaycanlı olduğunu görüb Ə.Kərimə yaxınlaşır. “Rəsul Rza məndən borc alıb qaytarmadı, yalançıdır, siz haminiz yalançısınız” deyir. Ə.Kərim əvvəlcə ondan soruşur ki, Rəsul Rzanı tanıyırsansa, de görüm görünüşü necədir. Erməninin yalan danışdığı aydın olduqda restoranda bütün ermənilərin gözləri qabağında onu əzişdirib üzr istətdirir. İrəvanın ortasında bəzi xainlərin tərif oxuduğu ermənilərin gözləri qabağında! Bax, Əli Kərim belə adam idi! Öz hayıfını başqalarından çıxmaqdan zəhləsi gedirdi. O ki qaldı ədəbi mühitə, o da ayrı-ayı adamlardan asılıdır. Zəhmət çəkib adam kimi yaşamaq lazımdır.

Bu yazdıqlarımı Ə.Kərimi şəxsən görməyən oxuculara, vətəndaşlara ünvanlayıram.

# 3072 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
#
#
# # #