Kamal Abdulla: “Mən o xanımı tanımıram”

Kamal Abdulla: “Mən o xanımı tanımıram”
13 dekabr 2012
# 17:08

Kulis.Az blitz müsahibələrə başlayır.

Bir neçə sualdan ibarət olan bu müsahibənin ilk qonağı yazıçı Kamal Abdulladır.

- “Ulduz”a müsahibənizdə deyirsiniz ki, Statkiyeviç “Yarımçıq Əlyazma”nın quluncundan tutub. Kimdir bu Statkiyeviç?

- Maks Statkiyeviç Amerikalı bir ədəbiyyatşünas, professordur. Viskonsin Universitetində işləyir. Orada bir müddət kafedra müdiri də olub.

"Yarımçıq əlyazma"nın ingiliscəsini ona bizim bir professor göndərib ki, vaxtı olsa oxusun. O da həm romanı oxuyub, həm də bununla kifayətlənməyib üstəlik "Kitabi Dədə Qorqud" Dastanını oxuyub. Sonra da bizim oxuculara artıq tanış olan o məqaləni yazıb göndərib. Məqalə yazmaq üçün icazə alarkən yazıb ki, roman onu heyran edib. Elə belə də yazıb. Bu münasibət məqalədən də görünür. Mənə indi maraqlı olan odur ki, mənim tanımadığım və məni bura qədər tanımayan amerikalı bir professor belə bir iş görərkən gedib Rövşən Qəmbərovdan və onun tam ədəbi təxribat yuvasına çevirdiyi "Oxu Zalı"ndan icazə almalı idi, ya yox?! Almayıbsa, ayıb bir iş görməyib ki?! Birdən bizimkilərin ağıllarına gələr ki, okeanın o tayından da mənə yarınmaq istəyənlər tapılır, nə bilim, bizim xəstə beyinlərə nə istəsən girə bilər. Bu barədə hələlik bu qədər.

- Elə həmin müsahibədə deyirsiniz: “Ancaq gənclərin arasında biri var ki, onu xüsusilə ayırmaq istərdim. Mənim üçün onun xüsusi çəkisi var...” Kimdir bu gənc? Bəlkə bu da bir oyundur?

- O gənc var və həqiqətən, xeyli istedadlı bir nasirdir. Nəfəsi var, intonasiyası var, tərzi var, cümləsinin sifəti var. Bunları ki, dedim, ağıllı oxucuya onun adını tapmaq problem olmamalıdır. Hər şey bizim bəzi"tənqidçilər" deyən kimi qızıl podnosda ədəbi məclisə gəlməməlidi. Oxucu da baş sındırmalıdı.

- Deyirlər ki, tənqidlərə dözümsüzsünüz...

- Bunu deyən ən azından ədalətsizdir. Faktla danışıram. "Yarımçıq Əlyazma" (daha çox), o biri romanlar qismən Azərbaycan ədəbiyyatında ən çox dartışılan əsərlərdir. Heç kim qoy bunu təvazökarsızlıq kimi qəbul etməsin. Mənim biblioqrafiyam var və orada bu romanlar haqqında yazılanlar ilbəil, aybaay qeyd olunublar. Məqalə, rəy, açıq məktubların sayı (mənim haqqımda yazılan ümumi yazıları demirəm, ancaq və ancaq "Yarımçıq əlyazma" haqqında yazılanlardan danışıram) çoxdan 100-ü keçib. Həm burada, həm də xaricdə. Xarici qoyuram bir kənara. Fransada, Polşada, Türkiyədə, Rusiyada, Braziliyada... ancaq xoş təəssüratlı yazılar yazılıb. Bəli, dostlarım yazıb, bəli, mənim yaradıcılığımı sevib hörmət edənlər yazıb. Onlar mənimlə elə bu cür romanlar yazdığım üçün dostluq edirlər, başqa cür, burdakıların ağlına gələn qara-qura, əcayib "yarınma" halı onların ağlına da gələ bilməz, ən azından vaxtlarına qıymazdılar. Bizdə isə bu yazıların yarısından da xeyli çoxu qarayaxma, söyüş, ittiham (məs., "xalq düşməni" kimi) və aşağılamaqdan ibarət oldu. İndi sual edirəm. Mən bu adamların hansına nə etdim?! Hansına dözümsüzlük nümayiş etdirdim?! Bir-iki məqam var ki, onları həmişə nümunə kimi gətirirlər, amma o məqamlar tamam başqa "operalardan"dır. Lazım gəlsə, mən bunları da açıqlamağa və araşdırmağa hazıram. Bax, əzizi-mən, "Əlahəzrət" fakt bundan ibarətdir. Kimlərsə mənim barəmdə ciddi-cəhdlə dözümsüz, aqressiv adam təsəvvürü yaratmağa çalışırlar. Nə məqsədlə -- bilmirəm. Bir dəfə Rasim Qaracaya dedim ki, sən və sənin tərəfdarların "Yarımçıq əlyazma" barədə çox qarayaxmalar çap edirlər. Buna görə sağ ol. Mat qaldı. Dedim ki, hər belə yazıdan sonra romanın alıcısı çoxalır. Fikrə getdi. Bir müddət səsləri-küyləri kəsildi. Belə-belə işlər...

- İradə Musayeva sizin haqqınızda deyir ki, Dədə Qorquda kol kimi girmək olmaz...

- Bu xanımı tanımıram.

- O sizin haqqınızda tənqidi məqalə yazıb, romanınızı tənqid edib...

- Eləmi? Tanımıram belə bir, necə dedin, tənqidçi... tanımıram.

- Kulis.Az-a bir hekayə verərsinizmi?

- Bu il yazdığım son hekayəni Kulis.Az-a göndərəcəyəm. Təzəcə bitirmişəm.

# 4114 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #