Azərbaycanlı alim niyə Nobel ala bilmədi?

Azərbaycanlı alim niyə Nobel ala bilmədi?
10 dekabr 2012
# 10:46

Kulis.az Elçinin yeni hekayəsini təqdim edir.

Kölgə

1.

... sonra yenə Şah Tutun kölgəsini xatırladı və yenə də – son günlərdə neçənci dəfə? – xatirə onu əlçatmaz, ünyetməz bir keçmişdə – əbədi keçmişdə – qalmış o uşaqlıq çağlarına apardı, o vaxtlara ki, kəndin uşaqları ilə birlikdə hay-küylə, çığır-bağır sala-sala gedib Şah Tutun hər biri bir ağac gövdəsi yoğunluğunda olan budaqlarına dırmaşıb o qədər tut yeyirdilər ki, qarınları köpürdü, güclə nəfəs alırdılar, sonra da yayın cırhacır istisində Şah Tutun o sərin kölgəsində uzanıb xəyala dalırdılar.

İndi aradan bu qədər illər ötmüşdü və o yeniyetmə xəyallarının bir qismi, əlbəttə, həyata keçmişdi, ancaq o həyata keçən xəyalların özünün də o zamankı şirinliyi elə o xəyallar aləmində qalmışdı – niyə? – bunun cavabını gərək Fariz müəllim yox, həyat verəydi və Fariz müəllim öz-özünə: “Bax,- deyirdi.- Bakıda universitet bitirdin? bitirdin! ailə qurdun? qurdun! oğlun oldu? oldu! o vaxt o Şah Tutun kölgəsində bəyəm bunları arzulamırdın? arzulayırdın! bəs, indi nə deyirsən? – Öz-özünə növbəti dəfə sual verirdi.- Nə istəyirsən? nədən narazısan? – Özü də özünə cavab verirdi: – Heç nədən... Heç nədən narazı deyiləm... Həyatdı də...”

Ancaq elə bu cavabın özü də başdan-başa narazılıq idi və Fariz müəllim bunu çox yaxşı başa düşürdü, orası da gün işığı kimi aydın bir məsələ idi ki, bu daxili sual-cavablar 25-30 ildi həmişə onunla bir yerdə olsa da, onların, yəni həmin sual-cavabların ağrısının-acısının son günlərdə bu dərəcədə artmasının səbəbi Jan Batist Effelin Nobel mükafatı almağı idi.

Dörd gün bundan əvvəl dünyanın və o cümlədən də Azərbaycanın bütün informasiya agentlikləri xəbər verdi ki, fransız alimi Jan Batist Effel Cucurbita pepo L. hörümçəyinin kəşfinə görə və Cucurbita pepo L. – in, yəni həmin hörümçəyin tüpürcəyi farmakologiya sahəsində inqilab yaratdığı üçün Nobel mükafatı alıb.

Əlbəttə, bu, çox ağır bir xəbər idi.

Ağır idi ona görə ki, ədalətsiz idi.

Və ədalətsiz idi ona görə ki, dünya, ümumiyyətlə, ədalətsizlik üstündə bina olmuşdu və illər idi ki, Fariz müəllimin buna qətiyyən şəkk-şübhəsi yox idi.

Bu, mübahisəli bir məsələ deyildi.

Dünya indiyə qədər də belə olub, indi də belədir və indidən sonra da belə olacaq.

Məsələ burasında idi ki, düz 21 il bundan əvvəl, yəni 1991-ci il avqust ayının 23-də, cümə günü həmin bu Cucurbita pepo L.- i dünya entomologiyasında ilk dəfə Fariz müəllim kəşf etmişdi və o zaman Yer Kürəsində belə bir hörümçəyin mövcudluğu Jan Batist Effelin heç yuxusuna da girə bilməzdi.

Jan Batist Effel guya ilk dəfə kəşf etdiyi o hörümçəyin adını Cucurbita pepo L. qoymuşdu və Fariz müəllim xarici sözlər lüğətinə baxıb tapmışdı ki, bu – latın dilində “balqabaq” deməkdir; görünür, hörümçəyin qanadları sarı rəngdə olduğu üçün Jan Batist Effel ona belə romantik ad qoymuşdu.

Fariz müəllim romantik deyildi, ancaq Jan Batist Effelin o romantik adlı hörümçəyi, əslində, onun, yəni Fariz müəllimin Propellere F.-sı idi.

Bir dəfə Fariz müəllimin arvadı Kübra xanım dedi:

– Əgər Allah qismət eləsəydi ki, ya, Ələddinin çırağı əlimə keçsin, Fariz, bilirsən, Cinnən nə istəyərdim? Hə?

Kübra xanım Ələddinin çırağı barədə kitablarda oxumamışdı, çünki kitab oxumağa nə vaxtı, nə də həvəsi var idi, sadəcə, səhərdən axşama kimi evin işləri ilə məşqul olub, axşam mürgüləyə-mürgüləyə televizora baxanda Ələddinin çırağını da, o Cini də kinoda görmüşdü və Fariz müəllimin, əlbəttə, burasından xəbəri yox idi ki, Kübra xanım kinoda Ələddinin çırağını görəndən sonra, o çırağın içindən çıxan o bədheybət Cinlə dost olmuşdu, gecələr yuxuya getməzdən əvvəl tez-tez o Cini gözlərinin qabağına gətirirdi, ürəyində nə istək vardısa, evdə nə çatışmırdısa, hamısını bir-bir ondan istəyirdi, Cin də həmin istəkləri o saat yerinə yetirirdi və Kübra xanım beləcə şirin xəyal aləmində yuxuya gedirdi.

Kübra xanım yenə:

– Hə, Fariz?- soruşdu.

Fariz müəllim bilirdi ki, cavab verməsə, Kübra xanım təzədən soruşacaq və:

– Yox.- dedi.

– Tap də nə istəyərdim... Tapa bilərsən?

Fariz müəllim:

– Yox... Nə bilim?.. – dedi və həqiqətən də, nə biləydi ki, Kübra xanım Cindən nə istəyəcək, çünki, aydın məsələdir, Kübra xanımın istəyəcəyi o qədər şey ola bilərdi ki...

– Cinə deyərdim ki...- Kübra xanımın gözləri işıldadı və deyəcəyi sözün təsirini artırmaqdan ötrü bir az sükut etdi, sonra: – Deyərdim ki, evimizi remont eləginən!.. – Kübra xanım bu sözləri elə təntənəli surətdə dedi ki, elə bil, Cin artıq onun təvəqqesini yerinə yetirib və Fariz müəllimin on beş il ev növbəsində durub, 1975-ci ildə sovet hökumətinin mikrorayonda verdiyi, o vaxtdan etibarən də heç bir təmir üzü görməmiş bu üçotaqlı panel mənzili təmir edib.

Kübra xanım ərinin, necə deyərlər, şalvarının yan cibində də, arxa cibində də nə qədər pulu olduğunu yaxşı bilirdi və buna görə də ürəyində nə çəkirdi, bunu özü, bir də Allah bilirdi, ancaq heç vaxt ərinin maddi imkanlarından kənarda olan nələrisə nə tələb edirdi, nə də, ümumiyyətlə, bir umacağı var idi.

Və yenə də günlərin bir günündə Kübra xanım dedi:

– Fariz, Yevanı tanıyırsan də, bizim o biri blokdakı qonşumuzu? Mürsəl Ağayeviçin arvadını deyirəm...

İndi yay ayı olduğu üçün, Fariz müəllimin gözlərinin qabağına o saat köhnə həsir silindir gəldi, çünki uzun, arıq bir adam olan rus dili müəllimi Mürsəl Ağayeviç yayda həmişə başına həmin həsir silindiri qoyurdu, qabağını da quş dimdiyi kimi gözünün üstünə əyirdi, ilin qalan mövsümlərində isə bu həsir silindiri illərdən bəri lenti duz bağlamış məşhur zamşa şlyapa əvəz edirdi və bu binanın bütün sakinləri onu yaxşı tanıyırdı, çünki Mürsəl Ağayeviç bu sakinlərin arasında daima yaşadıqları binanın maraqlarının keşiyində mətanətlə dayanan yeganə adam idi, bu isə o deyilən söz idi ki, binaya qaz gəlməyəndə, işıq sönəndə, lift işləməyəndə, siçan çoxalanda və s. – Mürsəl Ağayeviç yuxarı təşkilatlara şikayət ərizələri yazırdı, tələb edirdi, televiziya kanallarını çəkilişə çağırırdı, qəzetlərə məlumat verib, bürokratları ifşa edirdi, bir sözlə, yalnız özünün və öz ailəsinin yox, bütün bina sakinlərinin hüquqlarını müdafiə edirdi.

Kübra xanım yenə soruşdu:

– Hə?

Fariz müəllim:

– Hə.- dedi.

– Onlar bilirsən, neyniyiblər?

– Yox.

– Bilirsən... – Kübra xanım yenə deyəcəyi sözlərin təsirini artırmaq üçün bir neçə an sükut etdi, sonra: – Özləri başdıyıblar evlərini remont eləməyə! – dedi. – Özləri e-e-e!..

Kübra xanım bu xəbəri verəndə oğlanları Mürşüd həmişəki kimi qəzet oxuyurdu – elə o vaxtlardan qəzet oxuyur, ancaq o zaman hələ Hollandiya söhbəti yox idi, dünyadakı iqtisadi vəziyyət də Mürşüdü maraqlandırmırdı – və anasının dediyi sözləri eşidəndə gözlərini qəzetdən çəkib zənnlə ona baxdı, Kübra xanım da tələsik əlavə etdi:

– Özləri, yəni ər-arvad e, ikisi!.. Yevaynan Mürsəl Ağayeviç!..

Mürşüd yenə gözlərini qəzetə zillədi və Kübra xanım da arxayın davam etdi:

– Sən demə, çətin iş döyülmüş e, Fariz!.. Sementdi, torpaqdı, paltaryuyan ləyənin içində mala düzəldirlər, raz-dva, divarların dəlmə-deşiyinə mala vururlar, quruyannan sonra da rəng, vəssalam!.. Hə, Fariz?

Və beləliklə, Fariz müəllim yavaş-yavaş tədarük görməyə başladı ki, Mürsəl Ağayeviç ilə Yeva kimi, onlar da mənzili özləri təmir etsinlər, çünki mənzil həqiqətən pis gündə idi, xüsusən vanna otağı dağılırdı, divarların sovet istehsalı olan kafelləri adda-budda tökülmüşdü və Fariz müəllim hər dəfə bu vanna otağına girəndə, o divarları görəndə uşaq vaxtı nağıllarda oxuduğu küpəgirən qarıların mırıq dişləri onun yadına düşürdü.

Fariz müəllim də, Kübra xanım da belə qərara gəldilər ki, təmiri vanna otağından başlasınlar və sonra da təmir üçün nə lazımdısa aldıqca, otaqları da bir-bir əldən çıxarsınlar.

Dünya ədalətsiz dünyadı, buna söz yox, amma bu ədalətsiz dünyanın qəribə işləri də var idi və bu da şəksiz idi.

Fariz müəllimgil ancaq duşda çimirdilər, çünki vannanın emalı da divardakı kafellər kimi adda-budda qabarıb tökülmüşdü və sonuncu dəfə bu vannanı nə vaxt su ilə doldurub içində uzanmağı, yəni vanna qəbul etməyi Fariz müəllimin yadına gəlmirdi, ancaq həmin tarixi cümə günü, yəni 1991-ci il avqust ayının 23-də axşam işdən qayıdanda birdən-birə, elə bil, fəhmi ona dedi ki, Fariz, get, vanna qəbul et.

Həmin 23 avqust günü aləm bir-birinə dəymişdi, bu həmin vaxt idi ki, Qorbaçov SSRİ-də aləmi bir-birinə qarışdırmışdı, amma bu hərc-mərclik Fariz müəllimlə Kübra xanımın qərarına heç vəchlə təsir etməmişdi: onlar sabah qollarını çırmalayıb vanna otağının təmirinə başlayacaqdılar, onsuz da neçə gün idi ki, Kübra xanım təkbaşına divardakı kafellərin hamısını bir-bir söküb çıxartmışdı və onların yerinə təzədən kafel düzməyəcəkdilər, sadəcə, divarları malalıyıb, gələn şənbə-bazara qədər qurumağını gözləyəcəkdilər, sonra da üstünə yağlı boya çəkəcəkdilər, vannanın da köhnə emalını qaşıyıb, təzədən emallayacaqdılar, əlüzyumaq çanağı ilə unitaz isə normal vəziyyətdə idi, sınığı, çatlağı yox idi, Kübra xanım onları həmişə tərtəmiz saxlayırdı və Fariz müəllim hərdən özü özünə sataşırdı ki, bu çanaqla bu unitaz bu mənzildə hələ gələcək nəsillərə də xidmət edəcəklər.

Və həmin cümə günü, axşam Fariz müəllim köhnə vannanı ilıq su ilə doldurub içinə girdi, uzanıb gözlərini yumdu və elə bil, canındakı yorğunluq cismani bir şey kimi bədənindən çıxmağa başladı. Avqust ayının bu istisi hara, o Şah Tutun kölgəsinin sərinliyi hara, ancaq Fariz müəllimin dəqiq yadındadı ki, bu gün xatırladığı kimi 1991-ci ilin 23 avqustunda da isti vannada gözlərini yumub, birdən-birə Şah Tutun kölgəsini xatırladı, kənd uşaqları ilə birlikdə tut yeyəndən sonra o kölgədə uzanmaqları gözünün qabağına gəldi və bir tərəfdən Şah Tutun kölgəsi ilə bağlı o gözəl xatirə, o biri tərəfdən də eşikdəki avqust ayının bürküsündən, çirkli havasından sonra vannadakı ilıq suyun təmizliyi birdən-birə bir ərəfə hissi yaratdı – yəqin, bu da fəhmin işi idi – Fariz müəllimə elə gəldi ki, bu saat nəsə çox böyük bir hadisə baş verəcək.

Və həqiqətən də, Fariz müəllim gözlərini açan kimi, elə həmin andaca o böyük hadisə baş verdi: Fariz müəllim o hörümçəyi gördü və əvvəlcə ona elə gəldi ki, bu görüntü də Şah Tut ilə bağlı o xatirələrin davamı kimi bir ilğımdır.

Ancaq bu, ilğım yox, möcüzə idi – real möcüzə!

Bu möcüzənin cüssəsinin yamyaşıl rəngi var idi və o yamyaşıl rəng par-par parıldayırdı, sapsarı qanadları adi qanadlar deyildi, propeller kimi fırlanırdı və cəmi üç ayağı var idi – ikisi yanlarından uzanırdı, biri də sinəsindən. Dünyadakı bir milyon iki yüz min həşəratı öyrənən entomologiya elmi bu hörümçəyi tanımırdı, bu hörümçək elm aləminə məlum deyildi və Fariz müəllimin buna qətiyyən şübhəsi yox idi (gələcək bunu bir daha sübut etdi!). Fariz müəllim yüksək ixtisaslı – bunu Azərbaycandakı bütün entomoloqlar təsdiq edə bilərdilər (və təsdiq edirdilər!) – araxnoloq idi və təbii ki, araxnologiyaya məlum olan bütün hörümçəklər Fariz müəllimə də məlum idi.

2.

Kəndlərarası o köhnə torpaq yolla gedib-gələn çox az olurdu, ildə-ayda bir atlı buradan ya keçəydi, ya keçməyəydi, çünki bütün bu ətraf kəndlərin camaatı avtomobillərə, marşurut avtobuslarına minib, təzə salınmış rahat asfalt yolla gedib-gəlirdi və bütün iş-gücünü də o asfalt yolun yolçuluğu ilə görürdü – kimi satmaq üçün şəhərə mal aparırdı, kimi hansısa bir işi ilə bağlı rayon mərkəzinə, kimi də qonşu kəndlərdə qohum-əqrabayla, tanış-bilişlə görüşməyə, toya, yasa gedirdi və s.

O köhnə torpaq yoldan iyirmi-iyirmi beş metr aralıda qollu-budaqlı və göz işlədikcə uzanan bu düzənlikdə tamam tənha bir tut ağacı var idi. Ətraf kəndlərdə bu ağaca “Şah Tut” deyirdilər, çünki hər yay ki, bəhrə verməyə başlayırdı, onun tutunun hər dənəsi az qala çöçələ barmaq boyda olurdu və bu cinsdən olan tut ağacları başqa yerlərdə də var idi, ancaq “Şah Tut” deyəndə, camaat bilirdi ki, söhbət məhz bu tut ağacından gedir.

Məlum məsələdir ki, Şah Tutun özünün insanların ona qoyduğu bu addan xəbəri yox idi və hər dəfə yayın əvvəllərində – iyunun ortalarında qonşu kəndlərin uşaqları gəlib onun budaqlarına dırmaşanda, acgöz bir səs-küylə, haray-həşirlə o yetişmiş iri ağ tut dənələrini ovuc-ovuc təpişdirəndə, Şah Tut öz yoğun gövdəsinin içində gülümsəyirdi, çünki onun çox güclü hafizəsi var idi, bu uşaqların atalarının, hətta babalarının da beləcə uşaq çağlarında gəlib onun budaqlarına dırmaşmağını, tut yeməklərini, sonra da yerə düşüb budaqlarının kölgəsində uzanaraq dincəlməklərini yaxşı xatırlayırdı və arxası üstə uzanmış o uşaqların tut yeməkdən donbalmış qarınlarına baxanda Şah Tutu gülmək tuturdu. Bu mənzərə Şah Tutun o qədər xoşuna gəlirdi ki, hətta qış yuxusuna gedəndə də bəzən nədənsə diksinib ayılanda birdən o mənzərə yadına düşürdü və qışın şaxtasında bütün içinə bir hərarət yayılırdı.

Ancaq Şah Tutun kölgəsi heç nəyi xatırlamırdı, çünki onun uzun ömrü əslində, birgünlük – hətta nəinki birgünlük, birgünortalıq – ömürlərin cəmi idi: hər dəfə gün çıxanda, elə bil, dünyaya təzəcə gəlirdi, gün yerini dəyişdikcə, o da Şah Tutun ətrafında yerini dəyişirdi, kiçilirdi, böyüyürdü, amma bu ətrafdan bir addım da kənara çıxa bilmirdi.

Yayda kənd uşaqları gəlib Şah Tuta dırmaşanda, bəzən onların da kölgəsi Şah Tut Kölgəsinin üstünə düşüb ona qarışırdı, sonra o uşaqlar çıxıb gedirdi və təbii ki, onların kölgələri də özləri ilə birlikdə gedirdi və hər dəfə də Şah Tut Kölgəsi özünü məcbur edirdi ki, bu yerlərdən uzaqlaşan o uşaqların kölgələrinin ardınca baxmasın, çünki baxanda – özündən asılı olmayaraq kövrəlirdi, bir lopa qəhər içinə dolub, az qalırdı onu boğsun.

Şah Tut Kölgəsi uzun ömrü – həmin birgünortalıq ömürlərin cəmi olan ömrü boyu yalnız Şah Tutun ətrafında yaşamışdı və bunu da yaxşı bilirdi ki, Şah Tutun ömrünün sonuna kimi də belə olacaq. Şah Tutun ömrünün sonu isə, aydın məsələdir ki, Şah Tut Kölgəsinin də ömrünün sonu olacaqdı və Şah Tut Kölgəsi bilirdi ki, dünyadakı bütün kölgələrin taleyi belədir, onların ömrü özlərindən asılı deyil, onlar özləri xəstələnmirlər, özləri saralıb-solmurlar, qəzavü-qədər onların öz başına gəlmir, əcəl onları girləmir, onlarla işi yoxdur – bütün bunların hamısı kölgənin yox, kölgəsi düşənin taleyinin qisməti idi.

Yaradan o kənd uşaqlarının kölgələrinin taleyinə bir xoşbəxtlik yazmışdı, ancaq o xoşbəxtliyi Şah Tut Kölgəsindən əsirgəmişdi: o uşaqların kölgəsi onlarla birlikdə gəzirdi, qaçırdı, oynayırdı, ora qalxırdı, bura sürüşürdü, ora gedirdi, bura gəlirdi, əlləriylə nəyinsə kölgəsini götürürdü, atırdı, oynadırdı, bir sözlə həmişə hərəkətdə idi, daima yerini dəyişirdi – yol gedirdi, dağa çıxırdı, ağaca dırmaşırdı... Eləcə də o köhnə torpaq yoldan ötən atların kölgəsi, o atlara minən insanların kölgəsi, hətta təkərləri cırıldaya-cırıldaya gedən o sınıq-salxaq arabalarının kölgəsi.

Təkcə Şah Tut Kölgəsindən başqa.

Nə üçün belə idi?

Şah Tut Kölgəsi uzun ömür sürmüşdü və bilirdi ki, Yaradanın işinə qarışmaq olmaz – bunu bilirdi, amma heç vəchlə bununla barışa bilmirdi, o bir lopa qəhər də elə buna görə onun içinə dolurdu, az qalırdı onu boğsun.

3.

O möcüzə nə üçün bu boyda Bakıda elə araxnoloq Fariz müəllimin vanna otağında peyda olmalıydı? – bu, bir sirri-xuda idi və fatalistlikdən uzaq, tamam həyati bir adam olan Fariz müəllim sonrakı illərdə yüz dəfə, min dəfə bu barədə fikirləşəndə bu suala heç cürə cavab tapa bilmirdi. Əgər bu möcüzəni kəşf etmək onun bəxtinə yazılmışdısa, o zaman nə üçün dünya entomologiyasının bundan xəbəri olmadı, yəni xəbəri olmadı ki, bu kəşfi ilk dəfə Jan Batist Effel yox, Azərbaycanda Fariz müəllim edib? Yox, əgər Jan Batist Effelin adı qızıl hərflərlə dünya entomologiyasına həkk olunacaqdısa, o zaman nə üçün 1991-ci il avqustun 23-də o möcüzə Fariz müəllimin vanna otağında baş verdi?

Fariz müəllim illər boyu bu sirrli suallar içində nə qədər götür-qoy edirdisə də, hər şey yenə də gəlib dünyanın əzəli və əbədi ədalətsizliyinə dirənirdi.

Bu ədalətsizliyin içində isə tam bir əlacsızlıq var idi.

Fariz müəllim mətbəxdə kibrit qutusunu boşaldıb, o yamyaşıl cüssəli, sapsarı qanadlı üçayaq hörümçəyi onun içinə qoyandan sonra bütün gecəni vanna otağında axtarış apardı, ancaq ikinci bu cür hörümçək tapmadı və vanna otağında, ümumiyyətlə, bu hörümçəyə məxsus ola biləcək heç bir şey yox idi. Bu hörümçək Fariz müəllimin vanna otağına göydən enib gəlməmişdi, onu Kübra xanımın Cini də gətirib Fariz müəllimin gözünün qabağına qoymamışdı, hardasa yuvası olmalıydı, ya yox?, toru olmalıydı, ya yox?, amma o yuvadan da, tordan da əsər-əlamət yox idi və ola bilsin ki, Kübra xanım kafelləri qoparanda o sovet kafellərilə birlikdə o hörümçəyin də izini-sorağını vanna otağından itirmişdi.

Səhərki gün, yəni o şənbə günü ki, vanna otağının təmirinə başlamalı idilər, təmir qaldı bir tərəfdə, Fariz müəllim bir-bir otaqların da bütün künc-bucağını, Kübra xanımın cehiz gətirdiyi və indi köhnəlib rəngini itirmiş mebellərin altını-üstünü axtardı, amma axşama qədər davam edən bu axtarışların bir faydası olmadı.

Mürşüd bir müddət evin bütün dərmə-deşiyini ələk-vələk edə-edə hörümçək axtaran atasına baxdı, sonra gedib yatdı.

Qutu-matı qurumuş Kübra xanım Fariz müəllimi heç vaxt bu dərəcədə həyəcanlı görməmişdi və divanda oturub əsnəyə-əsnəyə ərinin hörümçək axtarmağına tamaşa edirdi. Divanın süzülmüş örtüyünün altından yaylar halqa-halqa qabarmışdı və Kübra xanım Fariz müəllimin axtarışlarına baxa-baxa soğan, yaxud badımcan doğramaqdan, nar təmizləməkdən ucları qaralmış barmaqlarını qabarmış halqaların üstündə gəzdirirdi, elə bil, yayların halqalarını tumarlayırdı. Arvad o şənbə günü Fariz müəllimin bu işinə o qədər mat qalmışdı ki, təmir barədə bir söz demirdi, Ələddinin çırağı, o bədheybət Cin də yadına düşmürdü və qorxurdu ki, Fariz müəllimin bu axtarışları sabah da, yəni bazar gün də davam edər, təmir qalar bir də gələn həftəyə.

Fariz müəllimgilin yaşadığı beş mərtəbəli binada yeddi blok var idi, hər blokda da on mənzil, bu, eləyirdi yetmiş mənzil və ola bilsin ki, bu mənzillərin də hansındasa o hörümçəklər məskən salmışdılar, ancaq Fariz müəllim bu möcüzənin araxnologiya və ümumiyyətlə, entomologiya elmi üçün nə dərəcədə böyük əhəmiyyəti olduğunu dərk etsə də, yetmiş mənzilin vanna otaqlarını bir-bir gəzib hörümçək axtara bilməzdi ki...

Fariz müəllim elə həmin cümə gününün səhəri sübh tezdən, hələ evdəki axtarışlara başlamamış, həyətə düşdü ki, bəlkə Kübra xanımın atdığı o kafelləri hələ aparmayıblar və doğrudan da Kübra xanım o kafelləri həyətin yuxarı başındakı zibil yeşiklərinin yanına necə yığmışdısa, onlar eləcə də orada qalmışdılar.

Fariz müəllim o kafelləri bir-bir tozun-torpağın içindən çıxarıb diqqətlə yoxlayırdı, ancaq heç nə tapa bilmirdi və bu vaxt rus dili müəllimi Mürsəl Ağayeviç əlində iri həsir zənbil, başında da həmin həsir silindir öz bloklarından çıxdı, yəqin bazara gedirdi, çünki səhər tezdən bazarda nisbətən ucuzluq olurdu (Kübra xanım da bazara sübh tezdən gedirdi) və mədəni və səliqəli bir adam olan Mürsəl Ağayeviç qonşunun zibillikdə eşələndiyini görəndə, doğrusu, xeyli təəccüb etdi.

Fariz müəllim belini düzəldib, salamsız-kəlamsız soruşdu:

– Mürsəl Ağayeviç, sizin evdə yaşıl rəngli, sarı qanadlı hörümçək yoxdu?

Mürsəl Ağayeviç həsir silindirin dimdiyinin altından diqqətlə Fariz müəllimə baxdı:

– Çto? (“-Nə?”)

Fariz müəllim yuxusuzluqdan və yorğunluqdan qızarmış və qapaqları şişmiş gözlərini qırpa-qırpa təkrar etdi:

– Hörümçək... Üçayaqlı hörümçək... Vanna otağınızda...

– Hörümçək?

– Hə.

– Bizim vanna otağında?

– Hə. Qanadları da propeller kimi fırlanır.

– Kak propeller? (“- Propeller kimi?”)

Fariz müəllim də dediklərini bu dəfə rusca təsdiq etdi:

– Da. (- Bəli.”)

– Özü də üçayaqlı, da? – Və birdən-birə gözgörəti pərt olmuş Mürsəl Ağayeviçin sifəti qıpqırmızı qızardı:- Mən sizi mədəni adam hesab edirdim!- dedi.- Kak vam ne stıdno!.. (“Ayıb olsun sizə!”) Ələ salmağa adam tapmırsız? Mən əməkdar müəlliməm!..

Mürsəl Ağayeviç bu sözləri deyib, hər biri bir metrdən artıq olan addımlarıyla sürətlə uzaqlaşdı və Mürsəl Ağayeviçin məsələyə bu cür münasibəti Fariz müəllimin elm aləmindəki böyük kəşfinə bundan sonrakı münasibətlərin də başlanğıcı oldu.

Başlanğıc necə idisə, eləcə də davam etdi.

Fariz müəllim elmi-tədqiqat institunda baş elmi işçi işləyirdi və düz üç gün heç cürə institutun direktoru, daima cürbəcür iclaslara tələsən akademik Nurullayevin qəbuluna düşə bilmədi, nəhayət dördüncü gün direktor yenə tələsik hansısa iclasa getdiyi vaxt koridorda onun qabağını kəsdi, mühüm kəşf etdiyini, yeni hörümçək növü tapdığını dedi.

SSRİ-də baş verən hadisələrə görə bütün televiziya tamaşaçılarının yaxşı tanıdığı bioloq alim, akademik Nurullayev tamam bir nigarançılıq içində idi, gözlənilməz siyasi hadisələrin sürətlə bir-birini əvəz etməsi onu çaşdırmışdı, məlum deyildi ki, bu hadisələrin hansının ətəyindən yapışmaq lazımdır və yəqin elə bütün bunlara görə də üz-gözünü turşudub:

– Vallah,- dedi.- Sən qəribə adamsan!.. A kişi, görmürsən ki, dünya dağılır?! Bu zırtazırtda sən də hörümçək kəşf eləməyə vaxt tapmısan?! Ay-hay!.. Mən səni seryoznı adam bilirdim... – Və başını bulayıb uzaqlaşa-uzaqlaşa: – Sluşay, – dedi.- Get, işinlə məşqul ol!..

Fariz müəllim arxadan səsini qaldırdı:

– Mənim işim elə budur də!..

Akademik Nurullayev gedə-gedə fikirləşdi ki, dünya həqiqətən dağılır və gör, indi necə bir vəziyyət yaranıb ki, Fariz də demoqoq olub...

Bir neçə gündən sonra Fariz müəllim koridorda direktorun qabağını bir də kəsdi:

– Hörmətli akademik,- dedi,- bir buna baxın!- və spiçka qutusunun içindəki hörümçəyi akademik Nurullayevə göstərdi.

Akademik Nurullayevin iri, ala gözləri var idi, ancaq bir az xam baxırdı, adama elə gəlirdi ki, pəncərəyə, qapıya, yaxud başqa bir adama baxır, əslində isə sənə baxırdı, bu dəfə də gözlərini qıyıb başını kibrit qutusuna tərəf əydi və Fariz müəllim çalışdı müəyyən etsin ki, akademik Nurullayev həqiqətən bu möcüzəyə baxır, ya yox?

Akademik Nurullayev başını qaldırıb, çox güman ki, Fariz müəllimə baxaraq:

– İnteresni!..- dedi.- Sonra gələrsən, danışarıq...- və yenə tələsik addımlarla hansısa iclasa getdi.

O danışarıq, bu danışarıq, SSRİ dağıldı, Azərbaycanda cəbhəçilər hakimiyyətə gəlib akademik Nurullayevi vəzifəsindən azad edənə qədər heç bir danışıq olmadı və bütün bu müddət ərzində Fariz müəllim kəşfi ilə bağlı ora-bura çox ayaq döydü, ancaq içindən bir şey çıxmadı, akademik Nurullayev demişkən, dünya doğrudan da dağılırdı.

Bir dəfə Kübra xanım televiziyada xəbərlərə baxa-baxa soruşdu:

– Fariz, bu işlərin axırı necə olacaq?

Fariz müəllim:

– Necə yəni axırı necə olacaq?- dedi.- Elə axırdı də!..

Sovet İttifaqı dağılandan sonra heç həşəratların adicə mikroskopik quruluşunu və metamorfozunu öyrənmək də mümkün deyildi, yəni o işi ki, üç yüz il bundan əvvəl Malliki İtaliyada, ya da Svammerdam Hollandiyada görmüşdü, indi, yəni XX əsrin sonlarında o işi görmək mümkün deyildi, çünki institutda bütün cihazlar sıradan çıxmışdı, təzəsi də yox idi.

Bütün bu çətinliklərə baxmayraq, Fariz müəllim kəşf etdiyi hörümçəyi – onun adını Propellere – F. (yəni latın dilində propeller, “F” isə Fariz müəllimin adının baş hərfi) qoymuşdu – anatomiyasından, fiziologiyasından, filogeniyasından tutmuş histologiyasına, embriologiyasına, morfologiyasınacan mümkün olduğu qədər tədqiq etmişdi və əlbəttə, institutda hamı bilirdi ki, Fariz müəllim entomologiya sahəsində universal bilik sahibidir, orasını da bilirdilər ki, Fariz müəllim nəsə kəşf eləyib, ancaq heç kim bunun fərqində deyildi, hərə öz başının çarəsini qılırdı, rəhmətlik akademik Nurullayev – cəbhəçilər onu işdən çıxarandan bir müddət sonra infarktdan vəfat etmişdi – demişkən, indi kəşf vaxtı deyildi, o biri tərəfdən də bu elmi işçilər araxnologiyanın əhəmiyyətindən və incəliklərindən xəbərsiz adamlar idi.

Fariz müəllim hərdən işdə əsəbiləşəndə evdə Kübra xanıma deyirdi:

– Bizim bədbəxtliyimiz odur ki, ürək həkiminin insanın ciyərindən xəbəri yoxdur, ciyər həkiminin beyindən xəbəri yoxdur, beyin həkiminin urologiyadan xəbəri yoxdu... Əsil araxnoloq o böyük entomoloq alimdir ki, kartsinologiyanı da yaxşı bilsin, koleopterologiyanı da, lepidopterologiyanı da yaxşı bilsin. Sən qarışqaları necə gözəl tədqiq edə bilərsən ki, mirmekologiyadan başqa heç nədən xəbərin yoxdu?!

Bu sözlərə qulaq asan Kübra xanım ürəyində fikirləşirdi ki, maşallah, Farizin yaddaşı əla qalıb, bu qədər qəliz sözəri əzbər deyir, amma onun, yəni Kübra xanımın yaddaşı tamam xarab olub. Mürşüd isə gözlərini qəzetdən çəkib, atasına baxırdı, sonra onun nazik bığının altından yüngül bir təbəssüm keçirdi və təzədən qəzet oxuyurdu.

Bir dəfə bazar günü Fariz müəllim evdə Mürşüdlə şahmat oynayırdı və oyun qurtarandan sonra – yenə Fariz müəllim udmuşdu – Mürşüd dedi:

– Vallah, sən şahmatla məşqul olsaydın, indi heç olmasa ustadan-zaddan olardın!..

Fariz müəllim heç nə demədi və yəqin heç Mürşüd özü də başa düşmədi ki, necə söz dedi. Sonralar Mürşüdün bu sözləri tez-tez Fariz müəllimin yadına düşürdü və bir dəfə bu sözlər işdə onun yadına düşdü. Fariz müəllim onunla bir otaqda oturan elmi işçilərə baxdı: bu insanların bəzisi ilə iyirmi beş il idi bir otaqda otururdu, bəzisi üç-dörd il idi gəlmişdi və birdən-birə bu adamlar ona çox yazıq göründü. Niyə, nə üçün? – bunun səbəbini bilmədi, əslində, bu barədə heç fikirləşmədi də, sadəcə, bir anın içində o adamlar Fariz müəllimin gözlərinin qabağında uzun bir iclas mizinin arxasında oturub nəzərlərini Fariz müəllimə zilləmişdilər və Fariz müəllimin özü də elə o adamların ortasında oturub baxışlarını düz onun gözlərinin içinə zilləmişdilər. Fariz müəllim özü də daxil olmaqla gözlərinin qabağındakı bu insanlara baxdı və onun ürəyi darıxdı, otaqdan çıxıb institutun həyətinə düşdü.

Həyətdə heç kim yox idi və həmin gün göyün üzü də tərtəmiz idi. Fariz müəllim başını qaldırıb göyə baxdı və birdən-birə fikirləşdi ki, təklik ancaq Allaha yaraşır, insan gərək tək olmasın.

Bu fikir, elə bil, Fariz müəllimin bütün içinə bir çəkisizlik gətirdi və institutun həyətində gəzişdiyi o dəqiqələrdə Fariz müəllim üçün dünyada hər şey boş və mənasız idi, o dəqiqələrdə hətta Propellere F. da onun yadına düşmürdü.

O ki, qaldı, Mürşüdə, Mürşüd hələ sovet vaxtı Xalq Təsərrüfatı İnstitutunu bitirmişdi və o vaxtdan da tez-tez iş yerini dəyişirdi, çünki işlədiyi vəzifələr onun mənəvi tələblərinə cavab vermirdi, indi də bir ildən çox idi ki, işsiz idi və Hollandiyadan xəbər gözləyirdi. Mürşüdün hansısa bir dostu Hollandiyaya gedib, oranın vətəndaşı olmuşdu və Mürşüdə söz vermişdi ki, ona da həmişəlik Hollandiyaya gəlmək üçün rəsmi çağırış göndərəcək.

Mürşüdün yaşı 40-ı haqlamışdı, amma hələ də evlənməmişdi və bir dəfə Kübra xanım yenə soruşanda ki, sən nə vaxt evlənəcəksən, Mürşüd qəflətən anasının üstünə çımxırdı:

– Mənimçün nə etmisiz ki, deyirsən, evlən?!

Kübra xanım:

– A-a-a!..- eləyib Fariz müəllimə baxdı.

Fariz müəllim bir söz demədi, amma ürəyində gülümsəyib fikirləşdi ki, Mürşüd olanda nə olar, düz deyir də, onunçun nə etmişik?, təkcə onu dünyaya gətirmişik, vəssalam.

O böyük kəşfdən sonrakı illər boyu hərdən bədbin fikirlər Fariz müəllimi yaxalayanda kolbada spirtin içində saxladığı o yamyaşıl üçayaqlı hörümçək – Propellere F. – onun dadına çatırdı, yəni Fariz müəllimin mənəvi sarsıntıları azalırdı, çünki Fariz müəllim bu dünyada heç nə etməsə də, bu boyda kəşf etmişdi və düzdür, onun bu kəşfindən dünya entomologiya elminin xəbəri yox idi, dünya araxnoloqları arasında Fariz müəllimin adı yox idi, ancaq hər halda onun özü bunu bilirdi və bu da az deyildi.

Fariz müəllim Propellere F. haqqında azərbaycanca böyük elmi iş yazmışdı, ancaq illər boyu bu elmi işi ingilis, hətta rus dilinə də tərcümə elətdirə bilmədi ki, nüfuzlu elmi jurnallara göndərsin və daha akademik Nurullayev də yox idi ki, heç olmasa karidorda onun qabağını kəsib nəsə xahiş etsin. Fariz müəllim ancaq buna nail ola bildi ki, elmi işindən bir neçə səhifəni azərbaycanca çıxan elmi-populyar “Elm və həyat” jurnalında çap etdirdi.

Yenə Bakıda isti bir avqust günü idi, Fariz müəllimin kəşfindən xeyli il keçmişdi və bütün bu müddət ərzində Mürsəl Ağayeviç hərdənbir həyətdə Fariz müəllimlə rastlaşanda o saat üzünü yana çevirirdi, salamlaşmırdılar. Ancaq onlar bu dəfə də həyətdə rastlaşanda Mürsəl Ağayeviç üzünü yana çevirməyə macal tapmamış Fariz müəllim:

– Salam, Mürsəl Ağayeviç!..- dedi.

Mürsəl Ağayeviç ağarmağa başlamış cod tüklü qaşlarını dartaraq həsir silindirinin dimdiyi altından zənnlə Fariz müəllimə baxdı və:

– O nə söz idi mənə deyirdiz?- dedi.- Propeller hörümçək?! Mən həyatımı elə yaşamışam ki, indiyə qədər heç kim mənə sataşmayıb!..

Mürsəl Ağayeviç elə danışdı ki, elə bil, bu söhbət neçə il bundan əvvəl yox, dünən olmuşdu.

Fariz müəllim:

– O da bir zarafat idi, alınmadı... – dedi.- Üzr istəyirəm, Mürsəl Ağayeviç!..

Mürsəl Ağayeviç həsir silindirinin dimdiyi altından yenə zənnlə Fariz müəllimə baxdı, yəqin fikrində bu sözlərin səmimiliyini götür-qoy etdi, sonra:

– Xoroşo!.. (“- Yaxşı!..”) – deyərək, hər biri bir metrdən də uzun olan addımlarla yoluna davam etdi.

Günlərin bir günündə isə belə bir qəribə hadisə oldu: Fariz müəllim gecə yerinə girib yuxuya getməzdən əvvəl yanında uzanıb həmişəki kimi gözəl yuxuya getmiş Kübra xanıma baxdı və birdən-birə Ələddinin çırağından çıxan o Cin Fariz müəllimin gözlərinin qabağına gəldi. Fariz müəllim o Cindən heç nə istəmədi, sadəcə olaraq, o Cin onu, yəni Fariz müəllimi ovcuna alıb, birbaş o Şah Tutun kölgəsinə apardı...

4.

Bir dəfə günün gözəl kölgə saldığı bir vaxt idi və o köhnə torpaq yoldan bir atlı keçirdi.

Atlı yaşlı adam idi və görünür, günün də altında çox yol getmişdi, Şah Tutun yanından ötəndə yüyəni çəkib, atı saxladı, yerə enib, dincini almaq üçün Şah Tutun altındakı kölgəlikdə oturdu.

Və o Atlı oturan kimi də onun kölgəsi Şah Tut Kölgəsinin kənarına düşdü.

Atlının Kölgəsi Şah Tut Kölgəsinə salam verdi və Şah Tut Kölgəsi də, təbii ki, qonaqla salamlaşdı, ancaq Şah Tut Kölgəsinin səsində elə dəruni bir kədər var idi ki, bu kədəri hiss etməmək mümkün deyildi və Atlının Kölgəsi də bu kədəri hiss etdi:

– Sənə nə olub belə?- soruşdu.- Bu cür kölgə salan gözəl günəşli gündə sən nə üçün belə kədərlisən?

Şah Tut Kölgəsi Atlının Kölgəsinə baxa-baxa fikirləşdi ki, bu xoşbəxt kölgənin, deyəsən, öz xoşbəxtliyindən xəbəri yoxdur, yəqin bu barədə heç fikirləşmir də, çünki Yaradanın bəxş etdiyi yerimək, yer dəyişmək, dünyanın cürbəcür yerlərini, kəndləri, şəhərləri, dağları, meşələri görmək xoşbəxtliyi onun üçün adi bir şeydir, onun həyat tərzidir və o, bəlkə, dənizi də görüb. Şah Tut Kölgəsi eşitmişdi ki, Yer üzündə ancaq dənizin kölgəsi yoxdur və dənizi görmək onun ən böyük arzularından biri idi, ancaq bu arzu heç vaxt gerçək olmayacaqdı.

Atlının Kölgəsi, görünür, hər şeyə maraq göstərən qonaqlardan idi və Şah Tut Kölgəsinin susduğunu görüb:

– Dinmirsən...- dedi və Şah Tut Kölgəsinin aşikar bir kədər içində olduğunu bir daha hiss edib, yenə soruşdu:- Axı, sənə nə olub?

Şah Tut Kölgəsi bir az aralıda otlayan atla bərabər otlayan At Kölgəsinə baxa-baxa daha artıq bir kədərlə:

– Sən bunu başa düşməzsən...- dedi.

Atlının Kölgəsi ilk dəfə tanış olduğu Şah Tut Kölgəsinin bu sözlərinə çox təəccübləndi, hətta pərt oldu və:

– Sən ki, məni tanımırsan...- dedi.- Nə üçün elə bilirsən ki, mən səni başa düşməyəcəyəm?

Şah Tut Kölgəsi:

– Çünki sən xoşbəxtsən!- dedi.

Şah Tut Kölgəsinin bu dəfəki cavabı isə o qədər gözlənilməz və sadəlövh oldu ki, Atlının Kölgəsini gülmək tutdu.

Və Atlının Kölgəsi eləcə gülə-gülə də:

– Bu harda görünüb ki, qul xoşbəxt olsun, hə?- soruşdu.- Bəyəm qul xoşbəxt ola bilər?

Şah Tut Kölgəsi heç nə başa düşmədi və Atlının Kölgəsinin beləcə gülməyi də onun xoşuna gəlmədi, açıq-aşkar bir narazılıqla:

– Nə qul?- soruşdu.- Mən nə deyirəm, sən nədən danışırsan?

Atlının Kölgəsi daha gülmədi, çünki o, bir neçə dəfə həmin köhnə torpaq yolla bu tərəflərdən keçmişdi, uzaqdan-uzağa da olsa, Şah Tut Kölgəsini tanıyırdı və ona elə gəlirdi ki, bu yaşlı və daima hərəkətdə olan kölgə dünya görüb, aqildir, amma indi başa düşdü ki, Şah Tut Kölgəsi həmişə hərəkətdə olsa da, yaşlı olsa da, hələ bu dünyada xoşbəxtlik ilə bədbəxtlik arasındakı fərqdən xəbəri yoxdur.

Atlının Kölgəsi isə:

– Mən elə sən deyəndən danışıram!- dedi.- Bax, o insan ki, sənin kölgəndə oturub, mən onun quluyam. Mən əlimi qaldırmaq istəməyim, ancaq o əlini qaldırsa, mən də qaldırmalıyam. Mən yatmaq istəyirəm, ancaq o qalxsa, mən də qalxmalıyam. Mən yeməyə nifrət edirəm, çünki sənin köklərin olmadığı kimi, mənim də mədəm yoxdur və onsuz da mənim içimə heç nə getmir, ancaq mən məcburam ki, o istədiyi vaxt onunla birlikdə yemək yeyim, o hara getsə, mən də onunla birlikdə getməliyəm, o nə etsə, mən də onunla birlikdə etməliyəm, ancaq mən özüm heç vaxt, eşidirsən, əziz dostum, heç vaxt öz istədiyimi edə bilmirəm. Mən necə xoşbəxt ola bilərəm? Hə?

Şah Tut Kölgəsi Atlının Kölgəsinin səsində yüngül bir istehza hiss etdi və Atlının Kölgəsi eləcə istehza ilə də təzədən soruşdu:

– İndi necə bilirsən, mən sənin dediyindən danışıram, yoxsa yox?

Şah Tut Kölgəsi bir söz demədi, çünki hiss etdi ki, Atlının Kölgəsinin eləcə gülməyinə, onun o istehzalı nidasına baxmayaraq, bu dəfə də bir lopa qəhər onun – Atlının Kölgəsinin içinə pərçim olub qalıb.

5.

İndi demokratiya idi və Fariz müəllim institutda direktorun kabinetinə girmək üçün o qədər də çətinlik çəkmirdi, ancaq Fariz müəllim bu imtiyazdan demək olar ki, istifadə etmirdi, çünki daha deyəcək sözü qalmamışdı, bir də ki, yeni direktor demokrat olduğu üçün o kabinetin divarından əvvəlki direktorun, yəni rəhmətlik akademik Nurullayevin portretini asdırmışdı və direktorun kabinetinə girəndə, Fariz müəllimə elə gəlirdi ki, elə bil, rəhmətlik akademik Nurullayev onu o biri dünyadan çağırıb ki, nəhayət, kəşfi barədə məlumatına qulaq assın. Belə bir hissiyyat Fariz müəllimə çox pis təsir edirdi və həmin anlarda onun beynindən əlavə bədbin fikirlər keçirdi.

Fariz müəllim axırıncı dəfə – elə bil, ürəyinə nəsə dammışdı – təzə direktorun qəbuluna abunə ilə bağlı xahiş üçün getmişdi ki, institut entomologiya üzrə heç olmasa bir-iki xarici elmi jurnala abunə olsun, xarici dil bilənlər o jurnalların qısa icmalını yazsınlar və bu sahə ilə məşqul olanlar bilsin ki, dünyada nə var, nə yox?

Direktor həmişəki kimi mehribancasına gülümsəyərək:

– Fariz müəllim, – dedi,- siz dünya görmüş adamsız! İnternet əsrində nə jurnal? Bir azdan daha heç kim jurnal buraxmayacaq! Gələcək internetindir!

Fariz müəllim rəhmətlik akademik Nurullayevin divardan asılmış portretinə baxa-baxa fikirləşdi ki, nahaq bu kabinetə girib və direktor da Fariz müəllimin baxışlarını izləyərək, başını çevirib rəhmətliyin portretinə baxaraq:

– Bəli,- dedi,- onun böyük nöqsanları var idi, institutda avtoritar rejim yaratmışdı!.. Ancaq on yeddi il bizim direktorumuz olub! Unutsaq, Fariz müəllim, unudularıq!..

Məlum deyildi ki, rəhmətlik akademik Nurullayev divardakı portretdən ona, yəni Fariz müəllimə baxır, yoxsa yeni direktora və Firuz müəllim gözlərini Nurullayevin portretindən çəkib, heç nə demədən kabinetdən çıxdı.

Düzdü, internet var idi, ancaq bu – Fariz müəllimlik deyildi, çünki Fariz müəllimin nə kampüteri var idi, nə də internetdə axtarış aparmaq həvəsi və dörd gün bundan əvvəl internetdə yox, qəzetlərdə oxuyanda ki, Jan Batist Effel Cucurbita pepo L.-nun kəşfinə və Cucurbita pepo L. –nun tüpürcəyinin farmakologiya sahəsində inqilab yaratdığına görə Nobel mükafatı alıb, bu, Fariz müəllim üçün dünyanın ən gözlənilməz bir xəbəri oldu: nə vaxt? Jan Batist Effel Propellere F.-ı nə zaman yenidən kəşf edib və ona Cucurbita pepo L. adı qoyub?

Elə həmin gün Fariz müəllim soraqlaşıb Bakıdakı internet klublarından birini tapdı və oranın işçilərinin köməyi ilə internetdə Cucurbita pepo L.-i də tapdı. Monitorda ingilis dilində nələrsə yazılmışdı, ancaq bunları oxutdurmağın, tərcümə etdirməyin heç bir əhəmiyyəti yox idi, çünki Fariz müəllim Cucurbita pepo L. adı ilə təqdim olunan hörümçəyin iri və rəngli şəklinə baxan kimi, tanıdı: bu, onun Propellere F.-sı idi və zərrə qədər də şübhəyə yer yox idi.

Fariz müəllim bütün varlığını sarsıtmış o müdhiş xəbərdən sonra həmin gecəni səhərə kimi fikrində gah Haaqa məhkəməsinə, gah İsveç akademiyasına müraciət etdi, tutarlı şikayət ərizələri yazdı, gah Bakıdakı xarici səfirlərin iştirakı ilə mətbuat konfransı keçirdi, orada kəsgin bir nitq söylədi, gah da tanış-bilişdən borc pul yığıb Propellere F.-nı Fransa Ölməzlər akademiyasına apardı və sürətlə bir-birini əvəz edən bu fikirlər, bu görümlər get-gedə Fariz müəllimin beynində bir-birinə qarışdı.

Çarpayıda arxasını Fariz müəllimə çevirib böyrü üstə yatmış Kübra xanım indi yuxusunun yeddinci qatında idi və Fariz müəllimin beynindən keçən fikirlər, əlbəttə, Kübra xanımın heç yuxusuna da girməzdi. Arxası üstə uzanmış Fariz müəllim isə əllərini başının altında çarpazlayaraq, gözlərini tavana zilləmişdi və bu dəm onun hov çəkmiş qızdırmalı beyninin içində nə vardısa, elə bil, boşalıb qaranlığa qarışdı.

Fariz müəllim yatmamışdı, sadəcə, onun beyni bir müddət beləcə bir ayıq boşluq içində qaldı, sonra elə bil, kimsə tanış bir səslə: “Nə var e, orda? – dedi.- Gəl bura... Rahat yerdi... Gəl, birdəfəlik canın qurtarsın...” – və Fariz müəllim qəflətən canına yayılan, tüklərini ürpüşdürən bir xof içində başa düşdü ki, bu, akademik Nurullayevin səsidir.

Onu o biri dünyaya çağıran akademik Nurullayev idi və Fariz müəllim hiss etdi ki, indicə bütün içindən gələn bir ehtirasla çığırıb akademik Nurullayevi qrafoman bioloq kimi biabır edəcək, illər boyu ürəyində dediyi sözləri indi onun üzünə deyəcək, ancaq bu vaxt birdən-birə onun beynindəki o boşluğa çox uzaqlardan bir işıq saçmağa başladı.

O işıq hələ aydınlaşmamış, öz görüntüsünü göstərməmiş Fariz müəllim artıq bilirdi ki, həmin işıq Şah Tut xatirələrindən gələn işıqdır və birdən-birə, elə bil ki, o Şah Tut kölgəsinin sərinliyi Fariz müəllimgilin kiçik yataq otağındakı bürkünü qovub eşiyə çıxartdı.

Fariz müəllim cismani olaraq o sərinliyi hiss edirdi və Haaqa məhkəməsi də, İsveçin, Fransadakı Ölməzlərin Akademiyaları da o sərinlik içində yox olub getdi.

Dünya ədalətsiz dünya idi, Fariz müəllimin də o ədalətsiz dünya ilə mübarizə aparmağı Don Kixotun dəyirmanla mübarizəsi kimi bir şey idi və bu sözləri, bu Don Kixot müqayisəsini Fariz müəllim fikirləşmədi, həmin sözlər də, həmin müqayisə də kiçik yataq otağına dolmuş o Şah Tut kölgəsinin sərinliyi içində cismani bir görüntü kimi görünürdü.

O anlarda Fariz müəllim dünyadakı ədalətsizliyin şəklini görürdü və bu şəkli söz ilə heç vəchlə təsvir etmək mümkün deyildi.

Və birdən-birə o yamyaşıl üçayaqlı hörümçək uça-uça o görüntünün ətrafında dövrə vurmağa başladı, ancaq bu – romantik bir uçuş idi, o hörümçək süzə-süzə, rəqs edə-edə uçurdu...

Fariz müəllim hələ səhər açılmamış yerindən qalxdı və elə yataq otağındakı paltar dolabına yaxınlaşdı, ayaqlarının ucunda dikəlib dolabın üstündə saxladığı kolbanı ustufca götürdü ki, Kübra xanım oyanmasın, sonra eləcə ustufca da mətbəxə keçdi.

Tamam bir sakitlik idi, son vaxtlar quşlar da, deyəsən, Fariz müəllimgilin yaşadığı mikrarayondan köçüb getmişdilər, sübh tezdən daha onların səsi gəlmirdi, eşidilən təkcə yanaşı otaqda yatan Mürşüdün xorultusu idi.

Fariz müəllim heç kim oyanmasın deyə mətbəxdə işığı yandırmadı və kolbanı mizin üstünə qoyub, özü də onunla üzbəüz oturdu, alaqaranlıq içində bir müddət Propellere F.- ya baxdı.

Mürşüd eləcə xoruldayırdı və onun xorultusu Mürşüdün uşaqlığını Fariz müəllimin yadına saldı, o vaxtları ki, Mürşüd hələ nəinki qəzet oxuya bilmirdi, heç hərfləri də tanımırdı və gecələr yatanda Fariz müəllimin burnunu tutub sıxırdı ki, xoruldama.

Fariz müəllim gülümsədi və kolbada spirtin içindəki Propellere F.- baxa-baxa yavaşdan dedi:

– Düz deyir də... Onunçun nə etmişik?..

Fariz müəllim bir müddət də qarşısındakı Propellere F.- ya baxdı.

Mənzillərində Fariz müəllim üçün ən məhrəm yer bu mətbəx idi, çünki bu mətbəxt, həm də, əgər belə demək olarsa, Fariz müəllimin iş otağı idi, gecələr Kübra xanım da, Mürşüd də yatandan sonra Fariz müəllim bütün yazı-pozu işlərini mətbəxdə, indi Propellere F.- in dayandığı mizin üstündə görürdü və buradakı qab-qacaq dolabının üst gözünə kitablarını yığmışdı, alt gözlərindən biri də şəxsən ona məxsus idi.

Fariz müəllim qalxıb dolabın üst gözündən xarici sözlər lüğətini, aşağı gözdən də kağız, qələm, yapışqan götürüb yerinə qayıtdı, vaxtı ilə Propellere F. yazıb kolbaya yapışdırdığı kağızı səliqə ilə şüşədən qopartdı, sonra xarici dillər lüğətində axtara-axtara tapdığı sözü kağıza yazdı: Moraseae.

Moraseae latın dilində tut ağacları demək idi.

Sonra Moraseae-nin yanına F hərfini əlavə edib nöqtə qoydu və üzərində Moraseae F. yazılmış kağızı kolbaya yapışdırmaq istədi, ancaq əlində tutduğu o kağız parçasındakı yazıya baxa-baxa onu əzdi, başqa bir kağıza yenidən Moraseae yazıb, nöqtə qoydu.

Sadəcə Moraseae. Vəssalam.

Fariz müəllim o kağız parçasını səliqə ilə kolbanın üzərinə yapışdırdı.

Sonra Fariz müəllim yenə o kolba ilə üzbəüz oturdu.

Səhər yavaş-yavaş açılırdı və Mürşüd də eləcə xoruldayırdı.

Fariz müəllim haçansa akademik Nurullayevin yanına köçəndə Moraseae.-nın taleyi necə olacaqdı? Əlbəttə, Moraseae.-nı kiməsə yadigar bağışlamaq olardı. Ancaq kimə? Dünyada elə bir adam yox idi ki, Fariz müəllim Moraseae.- nı ona yadigar bağışlasın və Fariz müəllim bu qərara gəldi ki, kolba hələlik yenə də evdə qalsın.

Hər halda akademik Nurullayevin yanına köçməyə tələsmək lazım deyil.

Və bu işlərin axırını da bilmək olmaz.

Fariz müəllim kolbaya yenicə yapışdırdığı kağızı yenidən qopartdı, əlində onu əzib zibil qabına atdı, mizin üstündə qalmış sonuncu kağız parçasına Moraseae yazıb, təzədən F hərfini əlavə etdi və nöqtə qoydu: Moraseae F.

Fariz müəllim o kağız parçasını da eyni səliqə ilə kolbanın üzərinə yapışdırdı və kolbanı götürüb yataq otağına keçdi. Ayaqlarının ucuna qalxıb kolbanı paltar dolabının üstündə əvvəlki yerinə qoydu, ancaq görünür, bu dəfə bir az ehtiyatsız oldu və Kübra xanım gözlərini açıb ona baxaraq:

– Nə tez durmusan?- soruşdu.

Fariz müəllim gülümsəyib:

– Eşitməmisən, tez yatıb, tez duran qazanar?- dedi.

Və bir neçə gündən sonra axşamüstü Fariz müəllim həyətdə yenə Mürsəl Ağayeviçlə rastlaşdı, səmimi salamlaşdılar.

Mürsəl Ağayeviç rus dilində:

– Kak vaşi dela? (“İşləriniz necədir?”) – soruşdu.

Fariz müəllim heç vəchlə başa düşə bilmədi ki, Mürsəl Ağayeviçi görəndə birdən-birə niyə kefi kökəldi və gülümsəyərək o da rus dilində cavab verdi:

– Otliçno! (“Əla!”)

Mürsəl Ağayeviç Fariz müəllimin cavabından gözgörəti məmnun qaldı və:

– Ya oçen rad! Nakones to ya vstretil çeloveka, u kotoroqo vsyo otliçno!.. (“Mən çox şadam! Nəhayət ki, mən bütün işləri əla olan bir insanla rastlaşdım!..”)- deyib, hər biri bir metrdən artıq olan addımlarıyla yoluna davam etdi.

6.

Şah Tutun kölgəsində oturmuş və təbii ki, kölgələrin söhbətindən xəbəri olmayan Atlı insan dilində öz-özünə:

– Ya Allah!..- deyib, ayağa qalxdı, sonra da:- Haydı!..- dedi.- Yolçu yolda gərək!

Atlının Kölgəsi də ayağa qalxdı, ancaq Şah Tut Kölgəsi ilə sağollaşmağa macal tapmadı və sahibi ilə birlikdə ata tərəf gedə-gedə fikirləşdi ki, Şah Tut Kölgəsi ilə bu qısa görüşdə nə oldu ki, indi bu ayrılıq ona – Atlının Kölgəsinə bu qədər təsir edir?

Şah Tut Kölgəsi isə atın belində yırğalana-yırğalana uzaqlaşan Atlının Kölgəsinin ardınca baxa-baxa heç özü də bilmədi ki, bütün varlığından qopan bir səslə necə qışqırdı:

– Mən də sənin kimi qul olmaq istəyirəm!.. Eşidirsən?! Mən də sənin kimi qul olmaq istəyirəm!..

Atlının Kölgəsi Şah Tut Kölgəsinin bu qışqırtısını, bu sözlərini eşitdi, amma başını çevirib Şah Tut Kölgəsinə tərəf baxmağa heç cəhd də etmədi, çünki bilirdi ki, bu – mümkün deyil.

Atlının Kölgəsi uzun illər boyu öz istəyinin üstündən keçməyə adət etmişdi və bu dəfə də eləcə yoluna davam etdi.

27 iyul 2012.

Zağulba

# 2722 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #