Şərif Ağayar yazır
Dünən ANS televiziyasında yazıçı Həmid Herisçinin aparıcılıq etdiyi “Şəxsiyyət vəsiqəsi” verilişində görkəmli qəzəlxan şair Əliağa Vahidin yaradıcılığı müzakirə olunurdu.
Mövzunun maraqlılıq dərəcəsini nəzərə alaraq bu barədə yazmaq qərarına gəldim...
Əvvəl-əvvəl onu deyim ki, SSRİ-nin dağılması bir çox məsələlər kimi həmin dövrlərdə yazıb-yaradan tanınmış qələm adamlarının yaradıcılığını da yenidən dəyərləndirməyi zərurətə çevirdi. Eləcə də Əliağa Vahidin... Vahid nə Səməd Vurğun kimi şah taxtında əyləşdirildi, nə Hüseyn Cavid kimi sürgünə göndərildi, nə də Mikayıl Müşfiq kimi güllələndi.
Eyni zamanda yaradıcılığında nə Seyid Əzim Şirvani kimi sırf klassik dəyərlər üzərində yazdı, nə də Süleyman Rüstəm kimi “modern”ləşdirmək adı ilə qəzəlin belini sındırdı...
Taleyi də, yaradıcılığı da özünəməxsusu oldu Vahidin.
Dövlətin məqsədli şəkildə təbliğ etdiyi “bəxtli” şairlərin siyahısına daxil olmasa da, hamıdan çox tanındı, sevildi. Xanəndələrin dilindən düşmədi. Xırda istisnaları nəzərə almasaq, klassik dillə həyatdan, insanlardan, gördüklərindən yazdı. Hətta sovet hökumətini mədh etməyə də vaxt tapdı. Forma axtarışına cəhd eləmədi. Heç bunu lazım da bilmədi. Bütün yazdıqlarını həmişə ovxarlı olan təbinin ixtiyarına buraxdı. Və, danmayaq, yaxşı qəzəllər yazdı.
Səmimi deyim ki, Əliağa Vahidin kitablarını heç vaxt ciddi-ciddi oxuya bilməmişəm. Heç Seyid Əzimin də... Çünki qəzəli əsaslı şəkildə Məhəmməd Füzulidən oxumağa başladım. Sonra Seyidə baxdım. Bir möhtəşəm qəzəlin müqabilində beş dənə zəif, öz sırasında olmayan, qatarı pozan qəzəl gördüm. Qərara gəldim ki, Seyid Əzimi gözümdə uca saxlamaq üçün onun qəzəllərini əsaslı şəkildə oxumamalıyam. Belə, uzaqdan sevsəm yetər.
Vahid isə bütünlükdə Seyid Əzimin bax həmin o “aşağı lad”ının təmsilçisidir. Ona görə ciddi şəkildə diqqətimi çəkməyib. Ancaq, etiraf etməliyik ki, öz dövrünün ən yaxşı qəzəl şairi idi. Sadəcə dövr özü fərqli idi. Artıq tənqidi realizm aləmi başına götürmüşdü, ədəbiyyatda Sabir kimi böyük hadisə baş vermişdi. Bir yandan da Vladimir Mayakovski-Nazim Hikmət xətti ilə sərbəst şeir özünə yer eləyirdi. Üstəlik, “Oxuma tar!” tendensiyası klassik üslubu təkzib edirdi. Vahid hardasa dissident həyat sürürdü. Daha çox şifahi yayılırdı camaat arasında. Saraylarda deyil, kəndlərdəki palatka toylarında tanınırdı, sevilirdi. Özü də şeirlərinin yanında idi. Xalqın arasında... Kasıb-kusubun yanında... Özü demiş, meyxanələr küncündə. Amma saqın, Vahidin “meyxanalar küncü”nü Füzulinin və Seyidin “meyxana”ları ilə qarışıq salmayın... Bu, sözün məcazi yox, həqiqi mənasında meyxana idi.
Vahidin yaradıcılığı estetik mənada meyxana ilə klassik qəzəlin arasında var-gəl edir. O, klassikaya bənzədiyi məqamlarda şair, yüngül, birqatlı mövzulara meyl etdiyi məqamlarda meyxanaçı idi. Onun şairliyini də, meyxanaçılığını da davam etdirmək mümkün idi. Ancaq, bayaq dediyimiz kimi, zaman o zaman deyildi. Artıq ədəbiyyatda yeni tendensiyalar qəbul olunmuşdu. Vahidin şairlik xətti davam etdirilmədi. Etdirilsə də, çox zəif, çox məhəlli, çox lokal mahiyyət daşıdı. Vahidin şair tərəfi qısır qalsa da, meyxanaçı tərəfi doğub törədi. Sürətlə çoxaldı. Sovet dövründə, bəlkə də haqlı olaraq, qadağa qoyulmuş bu bayağı folklor sahəsi müstəqillikdə keçənlərin əvəzini çıxdı sanki. Bir də onda ayıldıq ki, palatka toylarında etiraz ruhuyla yaranan meyxana efiri başına götürüb, vəzifəli və pullu adamlara yaltaqlanmaq metoduna çevrilib. Təbii ki, bu ürəkbulandırıcı mənzərə Vahidin şair tərəflərinə də kölgə salmağa başladı.
Həmid ağanın verilişində də gənc şairlər Aqşin Yenisey və Sevinc Çılğın Vahidin “meyxanaçı” tərəfini tənqid edir, filoloq Laləzar Əlizadə, Fürudin Qurbansoy və Arif Buzovnalı isə onun “şair” yanını müdafiə edirdilər.
Ümumiyyətlə, bizdə insanı mənfilikləri ilə qəbul etmək mədəniyyəti yoxdur. Biz anlamırıq ki, səhvi, günahı, zəiflikləri olan insanı, yazarı elə bu xüsusiyyətləri ilə bahəm qəbul etmək, hətta sevmək olar. Xüsusən, bir az yaşlı nəsil istənilən adamı ideallaşdırmağa amadədir. Verilişdə bu eyforiyaya o qədər qapıldılar ki, Vahidin içki içmədiyini belə söylədilər. Əfəndim, bu dünənin hadisəsidir. Vahidi gözüylə görən, onunla “yüz-yüz gillədən”, ona araq-çaxır, ot-mot verən insanlar arasında sağ olanlar belə var. Axı siz həqiqətdən niyə bu qədər qorxursunuz? Vahidin içməyən və ya içən obrazını yaratmağın onun şeirlərinə bir təsiri olacaqmı. İçib içib də! Adam ya içər, ya içməz, bunun məsələyə nə dəxli var? Bu da gəncləri haqlı olaraq etiraza vadar edirdi.
Ancaq gəncləri təmsil edənlər qarşı tərəf qədər hazırlıqlı deyildilər. Doğrudur, onların “köhnəlmiş düşüncələr”inə gülüb istehza edirdilər. Amma, elə sizə deyim ki, bu ən optimal çıxış yolu idi. Gənclik mühafizəkarlarla klassik ədəbiyyat mövzusunda intellektual mübahisəyə girə bilməzdilər. Ona görə “yenilik” bayrağının altına sığınmağa məcbur idilər. Xüsusən, Sevinc Çılğının “Əliağa Vahidin ədəbiyyata dəxli yoxdur” hökmü mübahisənin ciddiliyini şübhə altına saldı. Aqşin Yenisey isə Vahidi Hüseyn Cavid kimi böyük mövzulara müraciət etməməkdə qınayaraq, onu “bəsit” adlandırdı. Ancaq bir reallıq var ki, şairi NƏ yazmaqda deyil, NECƏ yazmaqda qınamaq olar. Bu məsələdə isə Vahid müasirlərinin heç birinə uduzmur.
Daha bir çağırılmış bayatı Arif Buzovnalıdan gəldi: “Vahid haqqında o vaxt tənqidi fikir demək olar ki, ən azı onun yarısı qədər yaza biləsən!” Və bu sözlər Aqşin Yeniseyin üzünə deyilirdi. Öz müasirini, məhz Əliağa Vahid kimi yazdığını ən yaxşı yazanlardan olan Aqşin Yeniseyi lazımı qədər tanımayan, başa düşməyən Arif Buzovnalının klassika sevgisindəki səmimiyyət, şəxsən mənim üçün qaranlıq qaldı. Bilik kimisə susdurmağa hesablanıbsa, təyinatı üzrə mənimsənilməyib.
Klassik bilgilərlə silahlanmış mühafizəkar yaşlılardansa, onu yaxşı bilməyən, amma tərəqqinin qaçılmazlığını dərk edən, üstəlik gülməyi bacaran gənclik daha faydalıdır. Amma ən faydalısı Arif Buzovnalı qədər arxanı, Aqşin Yenisey qədər qabağı görməkdir. Bizim sevimli məmləkətimizdə isə, belə adamlar öz layiqli yerini almır... Məsələn, verilişin aparıcısı Həmid Herisçi kimi...