Kənd oğlanına oxşayan gözəl rus şairəsi

Kənd oğlanına oxşayan gözəl rus şairəsi
23 iyun 2014
# 10:29

Kulis.az professor Asif Hacılının tərcüməsində və təqdimatında görkəmli rus yazıçısı İlya Erenburqun “İnsanlar, illər, həyat” kitabından hissələri yayımlayır.

Marina İvanovna Svetayeva ilə tanış olanda onun iyirmi beş yaşı vardı. Onda təkəbbür və çaşqınlığın birləşməsi heyrətləndirirdi; məğrur görkəmi vardı – uzunsov alınlı başını dik tuturdu; çaşqınlığı gözlərindən görünürdü: iri, görkəmsiz, sanki görməyin gözlərindən – Marina zəif görünürdü. Saçları qısa kəsilmişdi. Ya heç kimi yaxın buraxmayan barışnya, ya da kənd oğlanına oxşayırdı…

… İlk dəfə onun kiçik mənzilinə daxil olanda özümü itirdim: bundan böyük səhmansızlıq təsəvvür edilməzdi. Hamı narahat yaşayırdı, ancaq məişət zahirən hələ saxlanılırdı. Marina sanki qəsdən öz yuvasını dağıtmışdı. Hər şey ətrafa səpələnmişdi, toz, tütün külü içində idi. Kiçik, çox arıq, solğun qızı yanaşdı və mənə sığınaraq pıçıldadı… Dəhşətdən üşüdüm: Svetayevanın qızı Alanın o vaxt beş yaşı vardı və o, Blokun şerini söyləyirdi. Hər şey süni, uydurma idi: mənzil də, Alya da, Marinanın danışdıqları da… Hər şey kitab uydurması, qəribə romantika idi və bunlar Marinaya əzablı, çətin həyatı bahasına başa gəldi…

***

Qarşısına qoyduğu məqsədə əzab, təklik, tənhalıq yolu ilə gedib çatdı…

… Marina həyatda çoxlarını dost adlandırmışdı, dostluq qəfil kəsilir və Marina növbəti xəyalla vidalaşırdı. Ancaq bir dostuna əbədi sadiq qaldı… Onun yazı masası – şerləri…

Həyatda çox şairlərlə dostlaşmışam, sənətkarın sənətə ehtirasının necə ağır başa gəldiyini bilirəm; ancaq, deyəsən, mənim xatirimdə Marina qədər faciəvi obraz yoxdur. Onun həyatında hər şey ilğım, xəyaldır: həm siyasi ideyaları, həm tənqidi mülahizələri, həm şəxsi dramları - hər şey, poeziyadan başqa. Onu tanıyan çox az adam qalıb, ancaq poeziyası indi-indi çoxlarının həyatına daxil olur…

Yeniyetməliyindən ölümünə qədər tənha idi, onun bu təkliyi mühitdən daim aralanması ilə bağlı idi: «həyatımın hər şeyini görüşlə yox, vidalaşmaqla, qovuşmaqla yox, ayrılıqla sevmişəm…»

… O çox şeyi məhz ona görə sevirdi ki, «olmaz»dı, qonşuları ilə eyni dəqiqədə alqışlamırdı, təklikdə enmiş pərdəyə baxırdı, tamaşaçı zalından hadisələrin cərəyan etdiyi vaxt çıxır və qaranlıq dəhlizdə ağlayırdı…

… Svetayevanın poetik taleyində mənə çox yaxın olan bir şey var – sənətin səlahiyyətinə daimi şübhə və eyni zamanda sənətdən aralanmağın mümkünsüzlüyü. Marina İvanovna tez-tez özündən soruşurdu: nə daha vacibdir – poeziya, yoxsa real həyat quruculuğu və cavab verirdi: «Müxtəlif cildli havayı yeyənlərdən başqa hər şey bizdən (şairlərdən) daha vacibdir…» Mayakovskinin ölümündən sonra yazmışdı: «İnsan kimi yaşayırdı, şair kimi öldü…»

Svetayeva heç vaxt həyatdan gizlənməyə çalışmayıb; əksinə, insanlarla birlikdə yaşamaq istəyib: tənhalıq onun üçün proqram yox, lənət idi; bu, Marinanın haqqında dediyi yeganə dostu ilə bağlı idi: «Bu insan – masadır…»

***

Moskvaya gəldikdən bir az sonra B.L.Pasternakla görüşdüm, məni evinə apardı. Qeyd dəftərimdə qısa yazı var: «Pasternak. Şerlər. Qəribəlik. Pilləkən»…

1917-1941… İyirmi dörd il ərzində mən Pasternakla görüşmüşəm, bəzən seyrək, bəzən az qala hər gün. Elə gəlir ki, hətta ən mürəkkəb adamı da tanımaq üçün kifayət vaxtdır; ancaq çox vaxt Boris Leonidoviç mənim üçün ilk görüşümüzdəki kimi sirli görünürdü… Mən onu sevirdim, poeziyasını sevirdim və sevirəm; rastlaşdığım bütün şairlər içində o, ən ağır dilli, musiqi axarına ən yaxın, ən cəlbedici və ən dözülməz idi…

***

Onu gördüyüm və anladığım kimi təsvir etməyə çalışacağam. Bu , əsasən 1917-1924-cü illərin Pasternakı olacaq, o vaxtlar çox söhbətlər edir, məktublaşırdıq…

Biz tanış olanda Boris Leonidoviçin iyirmi yeddi yaşı vardı…

Mən çaşqın və tutqun idim, Pasternak şən və ruhlu… Həmin il Pasternak böyük hisslər yaşayırdı, «Mənim bacım – həyat» kitabı yaranırdı. İlk görüşümüzü belə təsvir etmişdim: «O, şerlərini oxuyurdu. Bilmirəm, məni daha çox nə heyrətləndirdi: onun şerləri, sifəti, səsi və ya söylədikləri. Beynim səslərlə dolu, baş ağrısıyla getdim…»

… O həmin dövrdə tərki-dünya kimi tanınmırdı, insanlarla həvəslə görüşürdü, şad idi, o dövr şerləri də sevinclə dolu idi…

Həyatla taraz yaşayırdı. Şerlərindəki realizmi ədəbi proqramla bağlı deyildi, şairin təbiəti ilə diqtə olunurdu.

***

Yaxınlarda bir gənc mənə dedi ki, yəqin Pasternak tutqun, adamayovuşmaz, çox bədbəxt olub. Mənsə 1921-ci ildə Pasternak haqqında yazmışdım: «O yaşayır, sağlam və müasirdir. Onda payızdan, qürubdan və digər gözəl, lakin təsəlli verməyən şeylərdən heç nə yoxdur…»

…Həqiqətdə Pasternak xoşbəxt idi, cəmiyyətdən ona görə kənar yaşamırdı ki, bu cəmiyyət ona uyğun deyildi, ona görə ki, başqaları ilə ünsiyyətli, hətta şən olsa da, yalnız bir müsahib tanıyırdı: özünü…

***

…Pasternak təbiəti, məhəbbəti, Höteni, Şekspiri, musiqini, köhnə alman fəlsəfəsini, Venesiya rəngkarlığını duyurdu, özünü, bəzi yaxınlarını duyurdu, ancaq tarixi yox; o, başqalarının eşitmədiyi səsləri eşidirdi, ürək döyüntüsü və otların qalxmasını eşidirdi, ancaq əsrin addımlarını eşitmədi…

«Eqosentrizm» o qədər çox işlənib ki, sürtülüb və bir qədər də alçaldıcı çaları var, amma başqa söz tapmıram. Boris Leonidoviç özü üçün yaşamayıb – heç vaxt eqoist olmayıb, ancaq özündə, özüylə və özünü yaşayıb. Çoxdankı görüşlərimizi xatırlayıram – iki qatar hərəsi öz yoluyla gedirdi. Bilirdim ki, Pasternak məni dinləyir, amma eşitmir. Öz fikirlərindən, hisslərindən, assosiasiyalarından ayrıla bilmir…

… Özünə qərq olmaq (ilbəil dərinləşən) Pasternakın böyük şair olmağına mane olmadı və ola da bilməzdi. A.N.Afinogenovun yaxınlarda dərc olunmuş gündəliyində maraqlı qeyd var: «Əgər yazıçının sənətkarlığı insanları müşahidə qabiliyyətindən ibarət olsaydı, ən yaxşı yazıçılar – həkimlər və müstəntiqlər, müəllimlər və vaqon bələdçiləri, partkom katibləri və sərkərdələr olardı. Lakin belə deyil. Buna görə də yazıçı sənətkarlığı özünü müşahidə qabiliyyətindən ibarətdir…»

***

…Nədən öz keçmişinə baxarkən Pasternak çox şeyin üstündən xətt çəkməyə çalışırdı? Bəlkə, özündən narazılığa görə? Bilmirəm… Belə söyləyirdilər ki, bütün əvvəl yazılanlar yalnız yaxınlarda yazdığı yeganə əsil dəyərli əsərinə – «Doktor Jivaqo» romanına hazırlıq imiş…

… Əvvəllər heç vaxt xaricdəki poeziya xiridarlarını inandıra bilmirdim ki, Pasternak böyük şairdir. Şöhrət ona başqa tərəfdən gəldi…

… Nobel mükafatı haqqında hay-küy qalxanda mən Stokholmda idim. Küçələrə çıxır və afişaları görürdüm, onlarda bircə ad var idi; nəsə anlamağa çalışaraq radionu açır və yalnız bir şeyi anlayırdım: «Pasternak…» Bu, «soyuq müharibə»nin epizodlarından biri idi. O şəhər və o gecə deyildi. Pasternakın layiq olduğu əsil şöhrət tək bu deyildi…O, özünü güllələmədi, cavan ölmədi, ancaq sənətin bahasını yetərincə verdi – tədricən, inadla öldürən sətirlərin gücünü gördü…

***

… Haqqında danışdığım dövrdə çaşqın gəzərkən Boris Nikolayeviç mənimçün sənətin yaşarılığına zəmanət idi. Gənc, şən, gözəl, ilhamlı ərəbə oxşardı – xatirimdə əbədi olaraq belə qaldı, onu qocalmış, çal saçlı görsəm də…

***

Mayakovski ilə məni kimin tanış etdiyini xatırlamıram; əvvəlcə hansısa kafedə oturub kinodan danışırdıq; sonra məni Saltıkov döngəsində Petrovka yaxınlığındakı «San-Remo» mehmanxanasındakı otağına apardı. Bir qədər əvvəl onun «Böyürmək kimi sadə» kitabını oxumuşdum; onu gördüyüm kimi də təsəvvür edirdim – iri, ağır çənəli, ya qüssəli, ya sərt gözləri, səs-küylü, yöndəmsiz, hər an davaya başlamağa hazır atlet və xəyalpərəstin, dua oxuyaraq başı üstə gəzən orta əsr jonqlyoru ilə barışmaz bidətçinin çulğaşması...

***

… Otağa daxil olan kimi dedi: «İndi sizin üçün oxuyacağam…» Mən mizə oturdum, o ayaq üstə durdu.

Bir qədər əvvəl bitirdiyi «İnsan» poemasını oxumağa başladı. Kiçik otaqda məndən başqa heç kim yox idi, ancaq elə oxuyurdu ki, sanki qarşısında Teatr meydanındakı kütlə vardı…

***

Mayakovski məni heyrətləndirdi: onda poeziya və inqilab, Moskvanın qaynaşan küçələri və «Rotonda»da xəyal etdiyimiz yeni sənət birləşmişdi. Hətta mənə elə gəldi ki, o mənə düzgün yol tapmaqda kömək edə bilər. Başqa cür alındı: Mayakovski mənim üçün poeziyada və əsrin həyatında nəhəng hadisədir; ancaq bilavasitə mənə heç bir təsiri olmadı, yaxın və eyni zamanda sonsuz olaraq uzaq qaldı.

Bəlkə də, bu, dahilərin xüsusiyyətidir, bəlkə də Mayakovskinin – o, deyirdi ki, şairlər «fərqli» olmalıdır, «Lef», «Yeni lef», «Ref»in ilhamçısı olmuşdu, çoxlarını cəlb etmək, birləşdirmək istəyirdi, ancaq ətrafında yalnız öz tərəfdaşları, bəzən epiqonları yığışmışdı. Deyirdi ki, Moskva ətrafındakı bağında Günəşlə söhbət edib; özü günəş idi, ətrafında peyklər fırlanırdı…

***

… Bəla bundadır ki, Mayakovski müxtəlif əsatirlərin ehtiraslı dağıdıcısı olduğu halda, özü qeyri-adi sürətlə əsatiri qəhrəmana çevrildi. Sanki o, olduğu kimi olmamalı idi. Şahidlərin xatırladığı bir neçə sərt lətifə var. Məktəb dərsliklərinin səhifələri var. Nəhayət, heykəl var. Yeniyetmə «Yaxşı!» dan hissələri əzbərləyir. Evdar qadın trolleybusda narazılıqla soruşur: «Siz Mayakovskidə düşəcəksiniz?…» İnsan haqqında danışmaq çətindir…

… Mayakovski xatirimdə cavan qalıb. Ömrünün axırına qədər bəzi gənclik xüsusiyyətlərini, daha doğrusu, vərdişlərini saxlamışdı…

«Şairlər kafe» sinə A.V.Lunaçarskinin gəldiyi axşamı xatırlayıram. O, qıraqdakı masa arxasında sakitcə əyləşdi. Mayakovski ona çıxış etməyi təklif etdi. Anatoli Vasilyeviç imtina etdi. Mayakovski təkidlə: «Mənim şerim haqqımda dediklərinizi təkrarlayın…» Lunaçarski çıxışa məcbur olaraq, Mayakovskinin istedadı haqqında danışdı, ancaq futurizmi tənqid etdi, özünü tərifi pislədi.

Bu vaxt Mayakovski dedi ki, yaxınlarda ona heykəl qoyacaqlar – bax burada, «Şairlər kafesi»nin yerində… Vladimir Vladimiroviç yalnız bir neçə yüz metr səhv etmişdi…

Qeyri-təvazökarlıq? Özünəinam? Bu sualları Mayakovskinin müasirləri çox vermişdi. O, məsələn, öz poetik yaradıcılığının on iki illiyini bayram etmişdi. Dəfələrlə özünü ən böyük şair adlandırmışdı. Yaşadığı dövrdə qiymətləndirilməsini tələb edirdi…

***

Mayakovski haqqında həmişə fikirləşmişəm və fikirləşirəm; bəzən onunla mübahisə edirəm, ancaq daim onun poetik qəhrəmanlığına valehəm. Heykələ baxıram – heykəl yerində durur; Mayakovski isə yeriyir – Moskva kvartallarında, köhnə Parisdə, bütün planetdə… yeni fikir və duyğularıyla…

***

Berlini 1921-ci il payızın axırında tox və sakit Brüsseldən sonra gördüm. Almanlar vağzaldakı kimi yaşayırdılar, heç kim sabah nə olacağını bilmirdi…

… Əcnəbi soyğunçuların və «şiber» adlanan yeni dövlətlilərin mehrini saldığı məhlədə yazıçıların, rəssamların, xırda alverçilərin, fahişələrin sığınacaq tapdığı «Romanişes kafe»si vardı. Orada Mussolinidən canını qurtarmış italyanlara, Xorti türmələrindən qurtulmuş macarlara rast gəlmək olardı. Burada macar rəssamı Moqoli Nad Lisitski ilə konstruktivizm haqqında mübahisə edirdi. Mayakovski Piskatora Meyerxolddan danışırdı. İtalyan fantazyorları fəhlələrin Romaya beynəlxalq yürüşü haqqında xəyallar qururdu, işbazlar xırda dollarlar alıb-satırdı. Hörmətli bürgerlər bazar günləri Gedextniskirxeyə ibadətə gedəndə «Romanişes kafe»sinə qorxuyla baxır, burada dünya inqilabının qərargahının yerləşdiyini güman edirdilər…

***

Qərbi Berlin elə o vaxt da «qərbi» idi: bu yalnız tarixin küləkləri ilə deyil, adi küləklərlə də bağlıydi: Berlində, Londonda, Parisdə varlılar qərb rayonlarını seçmişdi – adətən küləklər okeandan əsir və zavodlar şərq ətrafında yerləşir…

Qərbi Berlində Qərbə ümid bəsləyir və eyni zamanda ona nifrət edirdilər: kommunistlərdən qorunmaq arzusu revanş hissi ilə qarışırdı. Dükanların vitrinlərində belə yazılara rast gəlmək olurdu: «Burada fransız malları satılmır», lakin bu, həqiqətə uyğun gəlmirdi və «şiber» arvadı Herlenin ətirini almaq üçün çox baş sındırmalı olmurdu; vətənpərvərlik qazanc ehtirasına uduzurdu. Lakin Moskva Kamera Teatrı Berlinə qastrola gələndə fransız operettası «Jirofle-Jiroflya»nı «Əkizlər», «Andrienna Lekuvrer»i «Saksonlu Morisa» adlandırmalı oldu…

***

… Şərqi və şimali Berlində isə hərdən «İnternasional»ı eşitmək olurdu. Orada dollar alveri etmir, Kayzeri ağlamırdılar. Yarımac yaşayır, işləyir və gözləyirdilər – inqilabın başlanmasını. Səbirlə gözləyirdilər, bəlkə də hədsiz səbirlə…

Bir neçə nümayiş görmüşdüm. Tutqun adamlar gedir, yumruqlarını qaldırırdılar. Ancaq nümayişlər düz saat ikidə bitirdi – nahar vaxtı…

***

…Aleksanderplasda pivəxanada ilk dəfə Hitlerin adını eşitdim. Bir müştəri vəcdlə bavariyalılar haqqında danışırdı: əsil qoçaqlar onlardır! Tezliklə hərəkətə gələcəklər. Öz adamlarımızdır, fəhlələr və əsl almanlar hamını yığışdıracaqlar: fransızları, yəhudiləri, şiberləri, rusları…Qonşular etiraz etdi, Hitlerin tərəfdarı inadla təkrarladı: «Mən alman və fəhlə kimi danışıram…»

***

«Aksion» jurnalının şairləri yazırdı ki, nepdən sonra Rusiyaya inanmırlar, almanlar dünyaya göstərəcək ki, əsil inqilab nədir. Şairlərdən biri deyirdi: «Müxtəlif ölkələrdə eyni vaxtda on milyon adamın öldürülməsindən başlamaq lazımdır, bu, minimumdur…»

***

Həmin illərin Almaniyası öz portretçisini tapdı – Georq Qrosü. O, barmaqları qısa sosiskaya oxşayan şiberləri çəkirdi. Keçmiş və gələcək müharibənin qəhrəmanları – dəmir xaçlı bəşər qatillərini təsvir edirdi. Tənqidçilər onu ekspressionistlərə aid edirdilər; şəkilləri isə – amansız realizmə, insanların nədənsə fantaziya adlandırdığı gələcəyi görmək qabiliyyətinin çulğaşması idi. Bəli, o, yazı masası arxasında lüt oturan gizli müşavirləri, meyitləri eşən kök, ədalı xanımları, ləyəndə qanlı əllərini səylə yuyan qatilləri çəkməyə cəsarət etmişdi. 1922-ci ildə bu, fantastika kimi görünürdü, 1942-də isə adiliyə çevrildi…

***

O vaxt bütün dünyanın gözü Berlində idi. Bəziləri qorxur, digərləri ümid edirdilər: bu şəhərdə Avropanın qarşıdakı onilliklərdəki taleyi həll olunurdu. Burada hər şey mənə yad idi – evlər, xasiyyət, səliqəli əyyaşlıq, rəqəmlərə, vintciklərə, diaqramlara inam. Bununla belə, o vaxt belə yazmışdım: «… Mənim Berlinə sevgi dolu sözlərimi o qədər xoşagəlməz təsvirlərlə doldurmuşam ki, sən yəqin Berlində olmadığına sevinəcəksən… Xahiş edirəm, mənə eləcə inan və Berlini sev – eybəcər abidələr və narahat gözlər şəhərini». İki il bu şəhərdə həyəcan və ümidlə yaşadım: mənə elə gəlirdi ki, cəbhədəyəm və topların susduğu qısa vaxt uzanıb. Tez-tez özümdən soruşurdum: nəyi gözləyirəm: İnanmaq istəyirdim və inana bilmirdim…

***

O vaxt Berlində nə qədər rus olduğunu bilmirəm: yəqin, lap çox, hər addımda rus danışığı eşidilirdi. Onlarla rus restoranı açılmışdı – balalayka, zurna, qaraçılar, blinlər, kababla və təbii ki, əndazəsizliklə. Miniatür teatrı vardı. Üç gündəlik, beş həftəlik qəzet çıxırdı. Bir ildə on yeddi rus nəşriyyatı yarandı; Fonvizin və Pilnyak, aşpaz kitabları, kilsə xadimlərinin əsərləri, texniki sorğu kitabları, memuarlar, həcvlər dərc olunurdu…

***

Berlində Nuh gəmisini xatırladan yer var idi. Burada təmizlər və natəmizlər sakitcə görüşürdü; bu yer «Sənət evi» adlanırdı. Adi alman kafesində cümə günləri rus yazıçıları yığışırdı. Tolstoy, Remizov, Lidin. Pilnyak, Sokolov-Mikitov hekayələrini oxuyurdu. Mayakovski çıxış edirdi. Yesenin, Marina Svetayeva, Andrey Belıy, Pasternak, Xodaseviç şerlərini oxuyurdu. Bir dəfə Estoniyadan gəlmiş İqor Severyanini görmüşdüm; əvvəlki kimi özünə heyran idi və yenə də «poezlərini» oxuyurdu. Rəssam Puninin məruzəsi zamanı fırtına qopdu; Arxipenko, Altman, Şklovski, Lisitski və mən kəskin mübahisə etdik. A.M.Qorkinin ədəbi fəaliyyətinin otuz illiyinə həsr olunmuş gecə isə, əksinə, sakit keçdi. İmajinistlər öz gecələrini təşkil etdilər, Moskvadakı «Peqasın tövləsi»ndəki kimi hay-küy saldılar. Bir ara Y.Çirikov gələrək Mayakovskiylə yanaşı əyləşib sakitcə qulaq asdı…

***

… İndi bütün bunlar mənə inanılmaz görünürdü. İki ya üç il sonra şair Xodaseviç (hələ Çirikovu demirəm) heç vaxt Mayakovskinin olduğu yerə getməzdi… Qorkini hələ bəziləri «yarı emiqrant» adlandırırdılar. Sonradan monarxist «Dirçəliş» jurnaının əməkdaşı olmuş Xodaseviç o vaxt Qorki ilə birlikdə ədəbi jurnal redaktə edir və deyirdi ki, Sovet Rusiyasına qayıtmaq istəyir. Smenavexovçularla əhatə olunmuş A.N.Tolstoy ya «rus torpaqlarının qoruyucusu» adlandırdığı bolşevikləri tərifləyir, ya da acıqla söyürdü. Duman hələ yığılırdı…

***

… Berlində sovet və emiqrant yazıçıların görüşdüyü daha bir ortaq məkan vardı – «Yeni rus kitabı» jurnalının səhifələri. Onu hüquqşünas və ədəbiyyət həvəskarı professor Aleksandr Semyonoviç Yaşenko dərc edirdi. Rusiyadan sovet pasportu ilə getmişdi və hamını birləşdirmək istəyirdi…

Mən çox işləyirdim. «Xulio Xurenito»dan sonra mənə elə gəlirdi ki, mən yola çıxmışam, öz mövzu və dilimi tapmışam; əslində isə sərgərdan idim, hər yeni kitabım əvvəlkinin üstündən xətt çəkirdi…

***

… Boris Andreyeviç Pilnyak Berlinə gələrək maraqla yad həyatı müşahidə edirdi, istedadlı və dolaşıq adam idi. Nə yazdığını yaxşı bilirdi. Rus və əcnəbi oxucuları yalnız təsvir etdiyi sərt məişət cizgiləri ilə deyil, həm də təhkiyənin qəribəliyi ilə heyrətləndirmişdi. Həmyaşıdları kimi iyirminci illərin əsərlərində dövrün təsiri vardı – kobudluq və quramalıq, aclıq və sənət kultu, Leskova meyl və bazar söyüşlərinin birləşməsi…

***

Yesenin Berlində bir neçə ay yaşadı. Darıxır və əlbəttə, şuluqluq edirdi. Onu gitarada çalıb-oxuyan imajinist Kusikov daim müşayiət edirdi. Çalır və oxuyurdular. Aysedora Dunkan Yesenini sakitləşdirməyə əbəs çalışırdı; bir səhnənin dalınca başqası gəlirdi…

***

Aleksey Nikolayeviç tutqun halda oturaraq qəlyanaltını tüstülədir, susur və birdən rahatlanaraq gülümsəyirdi. Bir dəfə mənə demişdi: «Mühacirətdə heç bir ədəbiyyat olmayacaq, görərsən. Mühacirət iki-üç ilə hər bir yazıçını öldürə bilər…». O, artıq bilirdi ki, tezliklə evə qayıdacaq…

Tolstoy haqlı idi: əksər rus yazıçıları üçün mühacirət ölüm idi. Səbəbi nədir? Doğrudanmı hər bir mühacirət yazıçını öldürür? Fikirləşmirəm. Volter mühacirətdə qırx iki il yaşayıb, Heyne – iyirmi üç il, Hüqo – on doqquz, Miskeviç – iyirmi altı; mühacirətdə «Kandid», «Almaniya. Qış nağılı», «Keçmişlər, fikirlər», «Səfillər», «Pan Tadeuş» yazılıb. Nə qədər ağır olsa da, əsas məsələ vətəndən ayrılmaqda deyil. Mühacirətdə fərqli yazıçılar ola bilər – kəşfiyyatçılar da, köçkünlər də.

***

Danton deyib ki, vətəni çəkmələrin dabanında aparmaq olmaz; bu doğrudur; ancaq vətəni şüurda, ürəkdə aparmaq olar. Uzaqlara xırda küdurətlə yox, böyük ideyalarla getmək olar. Hersenin taleyinin Buninin taleyindən fərqi də bundadır…

… «Skiflər», «Avrasiyaçılar», «Smenavexovçular» bir şeydə birləşirdilər: çürüyən, ölən Qərbə qarşı Rusiyanı qoymaqda. Avropanın belə ifşası slavyanofillərin köhnə mülahizələrinin əks-sədası idi…

***

«Prager-dile» kafesinə hərdən rus yazıçıları gəlirdi. Danışıqları küylü və dolaşıq idi; Kelnerlər heç cür bu qəribə müştərilərə alışa bilmirdi. Bir dəfə Andrey Belıy Şestovla mübahisə etdi: şəxsiyyətin iflası haqqında danışırdılar, ancaq peşəkar filosofların anladığı dillə. Sonra «polis saatı» başladı, kafenin işıqları söndü, fəlsəfi mübahisə isə bitmədi…

***

Başqa bir səhnəni necə unudasan?

Fırlanan qapının çərçivəsində Andrey Belıy və Şestov qışqırır. Özləri də sezmədən hər ikisi qapını qabağa itələyir və heç cürə küçəyə çıxa bilmirlər. Şestov şlyapada, saqqallı, iri çəliklə, əbədi jidə oxşar. Belıysa çılğın, əllərini yelləyir, başında kəkili pırpızlaşır. Üzlər görmüş qoca kelner mənə deyir: «Bu rus, yəqin, məşhur adamdır…»

***

… Dahi? Divanə? Peyğəmbər? Təlxək?… Andrey Belıy onunla görüşənlərin hamısını sarsıdıb… İndi bu həqiqətən qeyri-adi adam haqqında düşünəndə mən onun sirrini aça bilmirəm. Yəqin nəhəng sənətkarların taleyi anlaşılmazdır… Elə yazıçılar var ki, yazdıqları kitablardan kiçikdirlər: insanı xatırlayır və heyrətlənirsən – bunu necə yaza bilib? Başqaları da var. Mən indi də, qırx il əvvəlki kimi fikirləşirəm ki, Andrey Belıy bütün yazdıqlarından böyük olub…

***

… Ədəbiyyatın inkişaf yolları ayrı-ayrı yazıçıların taleyindən daha sirlidir… Az adam Velimir Xlebnikovun əsərləri külliyyatını əvvəldən axıra oxuya bilər. Ancaq böyük şair müasir poeziyaya təsir etməkdə davam edir – gizli, dolayı yollarla: Xlebnikovun təsir etdikləri təsir edir. Andrey Belıyın nəsri haqqında da bunu demək olar…

***

… Yazmışdım ki, nəsrimizin inkişafına Andrey Belıy və A.M.Remizovun təsiri olub, onların kitabları demək olar ki, hamı tərəfindən unudulsa da. Bu yazıçılar bir-birinə oxşamırdı. Andrey Belıy göylərdə uçurdu, bir gün də fəlsəfəsiz yaşaya bilmirdi, dünyanı gəzirdi, valeh olurdu, qızışırdı, mübahisə edirdi. Andrey Mixayloviç Remizov isə evcil idi. O yerdə, hətta yerin altında yaşayırdı, sözlərin kökündən ilhamlanırdı, Belıy kimi əllaməlik etmirdi, möcüzə yaradırdı…

1921-1922-ci ilərdə ədəbiyyata gənc sovet nasirləri – Boris Pilnyak, Vsevolod İvanov, Zoşenko və bir çox başqaları gəldi; demək olar ki, hamısı Andrey Belıy və Remizova aludə olmuşdu…

***

… A.M.Remizovla 1922-ci ildə Berlində tanış olmuşdum. Meşan alman mənzilində, yad əşyalar düzülmüş otaqda iri, maraqlı burnu və canlı, hiyləgər gözləri olan balaca donqar adam oturmuşdu. Arvadı Serafima Pavlovna qayğıkeşliklə qonaqlara çay verirdi. Yazı masasında kalliqraf ustanın yazdığı, daha doğrusu çəkdiyi əlyazmaları gördüm. İpdə kağızdan kəsilmiş cürbəcür şeytancıqlar yellənirdi…

… Remizov Berlində Moskva və ya Peterburqdakı kimi idi, həmin nağılları yazır, həmin oyunları oynayırdı, həmin şeytancıqları yaradırdı…

***

…1946-cı ildə Parisdə Aleksey Mixayloviçə dəydim. İyirmi il idi onu görmürdüm. Bunların necə illər olduğunu deməyə ehtiyac yoxdur. Aleksey Mixayloviç çox fəlakətlər yaşamışdı. Alman işğalı zamanı aclıq, səfalət çəkib, donurmuş. 1943-cü ildə Serafima Pavlovna vəfat etmişdi. Mən üç qat olmuş qoca gördüm. Tək, unudulmuş, atılmış, daim ehtiyac içində yaşayırdı. Ancaq gözlərində həmən hiyləgər işıq parlayır, otaqda həmin şeytancıqlar fırlanır, həmin cür yazırdı – qədim xətlə yuxularını, ölmüş arvadına məktublar yazır, heç kimin çap etmək istəmədiyi kitablar üzərində işləyirdi… Gözləri tutulurdu, çətinliklə yazırdı, özünü «kor yazıçı» adlandırırdı, ancaq, təəccüblüdür, gözləri yenə əvvəlki tək ifadəli; son gününə qədər işləmiş, eyni şeydən yazmışdı…

***

Elə gəlir ki, bu sabitliyə, özünə sədaqətə, ruhun gücünə həsəd aparmaq olar. Ancaq həsədlik bir şey yoxdur: Remizov insan bədbəxtliyini bütün dərinliyi ilə daddı. Bəzən onu qınayırlar ki, kitablarında uydurma çoxdur, ancaq həyatı uydura biləcəyi hər şeydən daha qəribə idi…

***

1931-ci ilin payızında həyatımda əhəmiyyətli hadisə baş verdi: ilk dəfə İspaniyanı gördüm. Bu ölkəyə səfər mənim üçün çoxlu səyahətlərdən biri deyildi. Mənə çox şeyi anlamağa və çox şeyi həll etməyə kömək edən kəşf idi.

İspaniya məni çoxdan cəlb edirdi. Çox vaxt olduğu kimi, mən bu ölkəni sənət vasitəsilə anlamağa başladım. Müxtəlif şəhərlərin muzeylərində uzun müddət Velaskes, Surbaran, El Qreko, Qoyyanın rəsmləri qarşısında dayanmışdım. Birinci dünya müharibəsi illərində ispanca oxumağı öyrəndim, «Romansero»dan, Qonsalo de Berseonun poemalarından təfriqələr, protoiyerey İtsli Xuan Ruisdən, Xorxe Manrikedən, Kevedodan tərcümələr edirdim: amansız realizm, daimi ironiya, Kastiliya və ya Araqon qayalarının sərtliyi, pafossuz çılğınlıq, ritorikasız fikir, eybəcərlikdə gözəllik və eləcə də gözəlliyin eybəcərliyi…

***

Xlll Alfonsu 1931-ci ilin aprelində qovmuşdular, bizsə vizaları payıza ancaq almışdıq: konsulun nə sovet pasportlarından, nə də mənim kitablarımdan xoşu gəldi…

***

...Hansısa şəhərə gələndə vağzalda bizi ya polislər, ya da sol ziyalıların nümayəndələri gözləyirdi; sonuncular bizim gəlişimizdən polislərdən xəbər tuturdular – mən Badoxos, Samora və ya San-Fernandoya gəlmiş ilk sovet vətəndaşı idim. Madriddən yüzlərlə təqdimat məktubu götürmüşdüm – hər bir şəhərdə tezcə həmsöhbət tapmaq üçün məktubları ispan yazıçıları, kitablarımın naşiri kommunist Roses, radikal jurnalistlər, deputatlar, təsadüfi tanışlar vermişdi…

***

Mən Ekstremaduranın ucqar şəhəri Kaseresə gəldim və bir neçə məktub göndərdim. Tezliklə mehmanxana sahibəsi yanıma adamların gəldiyini dedi. Mən əyalət vəkillərinə oxşar iki eleqant bekar adam gördüm. Əl uzatdım, onlar özlərini itirdilər və ciblərindən nişanlarını çıxardılar: «Biz polisik». Gülməli söhbət alındı: polislər qorxuyla soruşdular – mən Kaseresdə daimi qalacağam? Biləndə ki, iki ya üç günə gedəcəyəm, kövrəldilər və mənə xeyli təşəkkür etdilər…

***

İspaniyada çox şey məni bu ölkə ilə ilk, ötəri tanışlıqdan heyrətləndirdi – ilk növbədə çox kasıb, daim ac, çox vaxt savadsız adamlarda şəxsi ləyaqət hissi…

... Kasıb Sanabriya kəndində kəndli qızına alma üçün pul vermək istədim; puldan qəti imtina etdi. Yol yoldaşım ispan dedi ki, körpəyə vermək olar, ancaq qorxuram udar. Böyük uşaqlar isə heç vaxt almazlar. Çəkməsilən yeniyetmə fasiləyə bağlanmış tütün köşkü yanında durduğumu görüb, cibindən siqaret çıxardı və mənə təklif etdi. Mursiya yaxınlığındakı kəndli, apelsin üçün pul vermək istədikdə, başını yelləyib, «təbəssüm pesetdən dəyərlidir» dedi.

***

Vağzalda yük daşıyan söyləmişdi ki, «mən artıq bu gün işləmişəm, indi yoldaşımı çağırıram». Ayaqqabımı çəkməçiyə apardıqda arvadından soruşdu ki, nahara pulları varmı, biləndə ki, var, məni başqa çəkməçiyə göndərdi. İşsizlər heç bir vəsait almırdı. Soruşanda ki, acından necə ölmürsüz, deyirdilər ki, bəs yoldaşlar?! Əndəluz rəncbəri çörəyi iki bölüb yarısını işsiz qonşusuna verirdi. Barselona fəhlələri məvaciblərinin bir hissəsini həmkarlara verirdilər – işsizlər üçün – heç bir çağırış, təmtəraqlı sözlər olmadan, sakitcə, insan kimi.

***

Yazmışdım ki, İspaniya – cır-cındır içində olan iyirmi milyon Don Kixotdur. Bu obraza yalnız Servantesin romanını sevdiyim üçün qayıtmıram, həm də ona görə ki, Qüssəli Cəngavər obrazı bütün İspaniyanın ruhu deməkdir. 1931-ci ildə belə yazmışdım: «Burada dəyirmanı düşmən hesab etmək və dəyirmanla döyüşə getmək olar – bu insan aldanışları tarixçəsidir. Ancaq burada insanı dəyirman hesab etmək olmaz – o, əllərini müticəsinə qanad kimi yelləməyəcək…»

***

Bir neçə il sonra böyük, qabaqcıl, yaxşı təşkil olunmuş xalqlar bir-birinin ardınca faşizm qarşısında kapitulyasiyaya hazırlaşanda ispan xalqı qeyri-bərabər döyüşə girdi. Don Kixot özünə və insani ləyaqətinə sadiq qaldı.

***

İspaniya bir çox tərəddüdləri dəf etməyimə kömək etdi. Bilirdim ki, hələ çox yanlışlıqlır olacaq – bəzən hamıyla birlikdə, bəzən təklikdə. Qoy olsun. Yalnız vintcik, robot, butafor dəyirman olmayasan!

SON

# 2670 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #