#

Şaiq Vəli: "Uşaqlarımı internata verdim"

Şaiq Vəli: "Uşaqlarımı internata verdim"
6 fevral 2013
# 23:53

Etimad BAŞKEÇİD

Bu yazımı Şaiq Vəli oxumayacaq…

Oxumaq iqtidarında deyil çünki.

Əlbəttə, hər şey Allahın əmrindədir, amma çox yəqin, möcüzə baş verməyəcək.

Qohum-qonşu, dost-qardaş isə hər şeyi bilir, onlardan gizlətməli heç nə yoxdur.

Şaiq artıq nə yemək yeyə bilir, nə su içir.

- İrana getdim, İran da götürmədi məni! – Şaiq artıq olacaqların fərqindədir.

Oldu, deyilənlər oldu,

Olacaqlar olacaqlar

Soldu, açıldı gül… soldu

Solacaqlar solacaqlar…

Şaiq olacaqların çoxdan fərqindədir əslində - bu sətirləri yazarkən də xəstə-filan deyildi.

Azərbaycanın gözəl qələm adamlarından biri, tamamilə özünəməxsus şair və son tikəsini də paylaşmağa hazır olan qəribə insan. Nəsli kəsilməkdə olan insan tipi.

Şaiqlə divanda oturub, Rusiyada yaşadığımız macəraları, olub-bitənləri xatırladıqca qəhər məni boğur, amma göz yaşlarımı tuturam. Bilirəm ki, belə şeylərdən xoşlanmır.

Şaiq Vəlini tanıyanlar bilir, o, heç vaxt taleyindən şikayətlənməyib. Nə qədər keşməkeşli, əzablı və hətta məşəqqətli həyat sürmüş olsa da. İndi də şikayətlənmir. Ona görə ki, talenin buyruğuna heç vaxt boyun əyməyib, onu özünə düşmən bilib, düşməndən isə şikayətlənməzlər.

O, indi də özünü talenin yıxıb-sürüdüyü əzabkeş kimi yox, sadəcə ona yenilmiş əsgər kimi hiss edir.

Onun bütün həyatı tale ilə qovğa və barışmazlıq nümunəsidir.

Baxın, hansısa obyektiv və subyektiv səbəblərdən ailəsi dağıldı, o yenidən ailə qurdu. Bir-birindən yaraşıqlı, ağıllı-kamallı iki yeniyetmə övladını itirdi, o, yeni övladlar dünyaya gətirdi və itirdiyi uşaqlarının adlarını onlara qoydu.

İllər uzunu özünə iş tapa bilmədi, müvəqqəti işlədiyi yerlərdə də pulunu kəsdilər və ya heç vermədilər. Amma kimsədən mədəd ummadı, heç kəsə yalvarmadı, yaltaqlanmadı, əvəzində uşaqlarını da götürüb, AYB-nin binasındakı məşhur demarşa qol qoydu… O zaman onu qınayanlar da az olmadı, amma bunun sadəcə ümidsizlikdən doğan bir jest olduğunun fərqində deyildi kimsə.

Şaiq ayaq üstəykən canını tapşırmış adamlardan olmayıb – bu çoxlarının görüb, özünü naqolay hiss etdiyi, ona görə də görməzdən gəldiyi bir gerçəkdir.

Ağla, gülməzlər gülməzlər,

Öl! Ölməzlər ölməzlər…

Məni bilməzlər bilməzlər,

Biləcəklər biləcəklər!

Şaiq Vəlinin ailəsi indiyə kimi hansısa qohumunun evində qalırdı. İndi bacısıgildə saatlarını sayır.

- Uşaqlar hanı, Şaiq? – Ailəsini ətrafda görməyincə, əslində, nəsə soruşmaq xətrinə soruşuram.

- Uşaqları uşaq evinə verdik… - Handan-hana xəcalətli səslə cavab verir, - şənbə-bazar gətirirlər, görüşürük, bazar ertəsi qaytarıb-aparırlar…

Bayıra çıxanda ürəyimdən qara qanlar axırdı.

Biz hansı zəmanədə, necə bir cəmiyyətdə yaşayırıq axı?

Tutaq ki, adam heç şair deyil (şairləri bir az başdanxarab sayanlar üçün deyirəm), sıradan bir Azərbaycan insanıdır. Onun öz evində, öz uşaqlarının əhatəsində yaşamaq demirəm, ölmək imkanı niyə yoxdur? Hələ dirigözlüykən uşaqlarını yetimxanaya vermək məcburiyyətində qalan atanın lənətinə gəlməkdən niyə qorxmur ilgili insanlar?

Həccə gedənlərin siyahısına düşmək üçün dəridən-qabıqdan çıxanlar, arıqlamaq üçün trenajor zallarından çıxmayanlar, ömründə daşı-daş üstə qoymayıb, insanlarla gəyirə-gəyirə danışanlar, televizor ekranlarındakı danışan başlar… Dövran sizindir, kef eləyin.

Rafiq Tağının qaranlıq tində bıçaqlanıb öldürülməsilə Şaiq Vəlinin bu vəziyyətdə sonu bəlli həyat mücadiləsi verməsi arasındakı fərqləri sadalayın. Əlibıçaqlı adamla biganəliyin arasındakı fərqləri sadalayın. Adam «Gözlənilən bir qətlin tarixçəsi»ni götürüb təzədən yazmaq istəyir…

# 4968 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

14:30 1 oktyabr 2024
Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

12:00 30 sentyabr 2024
“Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub

“Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub

14:22 28 sentyabr 2024
Məni diksindirən gənc şairlər - Şərif Ağayar

Məni diksindirən gənc şairlər - Şərif Ağayar

14:07 28 sentyabr 2024
Bu darıxmaq ki var, itin balası... - Bizim şairlər niyə it kimi darıxır?

Bu darıxmaq ki var, itin balası... - Bizim şairlər niyə it kimi darıxır?

12:00 26 sentyabr 2024
“Nəsildən nəslə teatr”  davam edir

“Nəsildən nəslə teatr” davam edir

14:30 24 sentyabr 2024
#
#
# # #