Bu gün Türkiyənin görkəmli şairi və ictimai xadimi Ataol Bəhramoğlu doğum günüdür. Kulis.az bu münaibətlə Azərbaycan yazıçılarının XII qurultayına fəxri qonaq kimi dəvət edilən şairin vətənə qayıdandan sonra qələmə aldığı Bakı təəssüratlarını təqdim edir.
İlk günün müşahidələri
İllərdən bəri planetimizin bütün künc-bucağını gəzən birisi olsam da, bir şəhəri görmək üçün haradan başlamaq, haralarını görüb yazmaq gərək olduğunu yenə də tam öyrənmiş sayılmaram.
Bəlkə də tək bir üsulu yoxdur bunun. Bəlkə də ən yaxşısı içindən gələnləri sıralamadan yazmaqdır.
Əvvəllər də bir neçə dəfə gəldiyin şəhərdə onun hazırkı durumunu görməkdən daha çox, xatirələrin basqınına uğrayırsan. Qırıq-qırıq xatirələri nə vaxt, hansı gəlişdə yaşamısan?
1970-ci illərin əvvəllərindəki Bakı səfərimdə Moskva-Bakı təyyarəsindən endiyimdə elə bil uşaqlığımın keçdiyi Qarsa gəlmişdim.
Sonra qəpikləri udan, amma işləməyən şəhər telefonları Sovetlər Birliyinin fərqli bir bölgəsində, bizə daha çox bənzəyən bir yerdə olduğumu hiss etdirmişdi...
Nazim Hikmətin ssenarisi əsasında çəkilən “Bir məhəlləli iki oğlan”ı o ilk gəlişimdəmi, yoxsa 70-ci illərin ortalarında növbəti dəfə Türkiyədən bir kino qrupu ilə gəldiyim səfər zamanımı izləmişdim? Yadıma sala bilmirəm...
Sonrakı gəlişlərimdən biri Bakı Universitetində mövzusu şeir tərcüməsi olan bir simpoziumda çıxış məqsədilə baş tutmuşdu. Bakıya hər gəlişimdə bu şəhərin daha da dəyişdiyinin şahidi oluram. İnkişaf edib böyüdüyü şübhəsizdi.
Sovetlər Birliyinin dağılmasından sonra ən birinci toparlanan və ən yeni dönəmə çox çətinlik çəkmədən uyğunlaşan ölkələrin və şəhərlərin sırasında Azərbaycanın və Bakının başda gəldiyini söyləyə bilərik.
Hazırda qaldığım “Qafqaz” oteli də daxil olmaqla hər yandan yüksələn nəhəng binalar, əzəmətli hava limanı, İstanbul nəqliyyatından geri almayan avtomobil bolluğu da bunun sübutudur.
Fəqət bu, işin bir tərəfi...
Digər tərəfdən bu gün qurultayın açılış çıxışçılarından biri-dilimizə də çox sayda kitabı tərcümə olunan siyasi detektivlər müəllifi Çingiz Abdullayev öz həyəcanlı nitqində gəncliyin mütaliə etməməyindən şikayətlənirdi. Çəkdiyi misal isə təsirli idi: Əvvəllər Bakıda olan 114 kitab evinin hazırda sayı 4-ə enib...
Kitab evləri istehlak malları satılan mağazalara çevrilib...
Azərbaycanın böyük şəhərlərindən biri olan Gəncədə tək bir kitab mağazası qalmayıb...
Buna baxmayaraq, qurultayın keçirildiyi Milli Dram Teatrının böyük salonu, yəqin ki, əksəriyyəti Azərbaycan Yazıçılar Birliyinin üzvü olan, hər hansı Qərb şəhərində görülə biləcək sayda qadın və kişilərlə dolu idi.
Bir çox natiq arasında 1984-cü il təvəllüdlü çox gənc yazarın – Pərvin Nurəliyevanın axıcı və çox düzgün ana dilində söylədiyi nitqi Azərbaycanın gənc nəsli adına qürurverici, heyranlıq oyandıran çıxış idi.
Pərvinin Türkiyədə, “Akçağ” nəşriyyat evində “Balerin” adlı hekayə kitabı nəşr edilib. Mənim üçün imzaladığı bu kitabı maraqla oxuyacağam və məyusluğa uğramayacağıma ümid edirəm.
Yenə bu gün axşamüstü iki dəliqanlı – “Kulis.az” adlı internet dərgisi çıxaran Tural və Mirmehdi məndən müsahibə almaq üçün otelə gəldilər. Təxminən bir saat sürən müsahibədə sənətdən siyasətə, fəlsəfədən ictimai elmlərə qədər hər mövzuda söhbət etdik. Türkiyəni internet və televiziya vasitəsilə diqqətlə izləyən bu gənclər də məlumat bazaları, ağıllı suallarıyla məni Azərbaycan gəncliyi adına çox ümidləndirdilər...
Anar yenidən sədr seçildi və belə də olmalıydı. Azərbayan Yazıçılar Birliyinin (onlar Yazıçılar İttifaqı deyirlər) 80 ildən bəri mövcud olması böyük bir hadisədir.
Sovetlər Birliyi dağıldıqdan sonra dövlət dəstəyi (yerləşdikləri böyük və tarixi binanın qorunması, çıxardıqları dərgilərə ayrılan maddi yardım) bəlli ölçülərdə davam edib və etməkdədir.
Bunda Anarın seçilmiş şəxsiyyət, güclü yazıçı kimi əsas rol oynadığı şübhəsizdir...
Bizim qırx illik peşəmizin isə durumu ortada...
Azərbaycanın hər sahədə mövcud olan sıxıntıları təxirə salmadan aşacağına, iqtisadiyyatda olduğu qədər mədəniyyət və sənət sahəsində də regionun getdikcə daha da güclənən bir ölkəsi olacağına inanıram.
İkinci günün müşahidələri
Azərbaycana heç getməyən, ya da yaxın zamanlarda ora yolu düşməyən bir yurddaşımızın bu ölkənin paytaxtı haqqında hansısa təsəvvürü ola bilərmi? Sualı belə də qoymaq mümkündür: Təsəvvürü olmalıdırmı?
Əlbəttə, mütləq.
Bizim ziyalılar müxtəlif səbəblərdən ətrafındakı coğrafiyaya – bu həm də o deməkdir ki, mədəni, tarixi köklərinə qarşı biganədir.
Bakı lap yanımızda deyiləcək qədər yaxın bir türk və islam şəhəridir.
Bu səciyyələndirməni bir dəyərləndirmə olaraq deyil, mədəni, tarixi, etnik yaxınlığımızı, bəzi cəhətlərdən eyniliyimizi ifadə etmək üçün apardım. Çünki bu yaxınlıq ölkələr arasında müqayisə aparmaq baxımından da önəm daşıyır...
Paytaxtlar bütünlükdə ölkələr haqqında hansı ölçüdə fikir formalaşdıra bilər?
Azərbaycanda Bakıdan başqa heç yerdə olmadım. Bu səbəbdən ümumiləşdirmə apara bilmərəm. Ancaq yenə də bir misal çəkim. Bizdə olduğu kimi, orada da “xəbəri sürücüdən al” qaydasına əməl edərək Namık (onlar Namiq deyirlər) adlı taksi sürücüsüylə söhbətləşərkən Bakıda başıörtülü bircə qadın da görmədiyimi söyləyib Bakıdan kənarda da belə olub-olmadığını soruşduqda o, sualımı – bir az da Bakıdakı qadınlardan narazıymış kimi intonasiya ilə: “Xeyr, Bakıdan kənarda belə deyil” şəklində cavabladı.
Söhbət sürücüdən düşmüşkən, davam edim. Çoxulduzlu bir otelin qarşısından yola düşməsinə baxmayaraq, avtomobildə taksimetr yox idi. Gedəcəyim yerə yaxşıca dolaşaraq apardı məni. Ödənişin nə qədər olacağını az-çox bildiyimdən istədiyi rəqəmdə israr edə bilmədi...
Bu kiçik təcrübə Azərbaycanın bu cəhətdən (eynən Rusiya ya da Balkan ölkələri kimi) bizim 1950-ci illərimizdə qalmış olduğunu göstərir...
Buna rəğmən, yuxarıda toxunduğum kimi, bircəciyi belə başıbağlı olmayan qadınları, pırıl-pırıl gəncləri, tərtəmiz prospektləri, durmadan yeniləri inşa olunan binaları və müasir göydələnləri ilə Bakı hər hansı Qərb şəhərindən fərqlənmir.
İstanbuldan gələn birinin o dəqiqə diqqətini çəkən bir başqa cəhət isə şəhərin tənhalığı və səssizliyidir.
Qışqıra-qışqıra danışan iki adam səsi eşitmədiyimi deyə bilərəm.
Axşamüstü şəhərin mərkəzindəki parklardan birində dostlarla oturarkən körpələri və azyaşlı uşaqları ilə gəzintiyə çıxan, qadınlı-kişili dincələn bir qələbəliyə rəğmən, pozulmayan bu barışcıl səssizlikdən zövq almaq gözəldi.
Çay servisi kiçik nəlbəkilərdə mürəbbə ilə birlikdə təqdim olunur...
Qarsda keçən uşaqlığımda az qala hər axşamüstü evimizin eyvanında anamız samovar qoyanda bizdə də belə olurdu.
Bakıya hər gedişimdə uşaqlığıma qayıdırammış kimi hisslər keçirməyim boş yerə deyil...
Fəqət ən əhəmiyyətlisi Azərbaycanda gündəlik güzəran ənənələrinin davam etməsidir...
Qarabağ problemi qaysaqlanmayan bir yara kimi qanamağa davam edir və bəlli ki, hələ edəcək də.
Nə yazıq ki, çox deyil, bir neçə on il əvvəl bu şəhərdə qardaşcasına yaşayan Azərbaycan və erməni xalqı bu gün qan düşmənidir...
Həm fiziki, həm yaşam mədəniyyətləri ilə bir-birinə bu qədər bənzəyən iki xalqın beləcə düşmən cəbhələrə bölünməsinə heyifslənməmək mümkün deyil.
Ağlı başında olan ermənilər də Qarabağın Azərbaycan torpağı olduğunu yaddan çıxarmırlar.
Azərbaycanlı dostlarıma da söylədiyim kimi, keçən ilin aprel ayında Ermənistan Yazıçılar Birliyinin qonağı kimi dəvət olunduğum Yerevanda Qarabağdakı separatçı rejimin faşist rəhbərliyi barəsində simpatiya ilə söz açan bircə nəfərə də rast gəlmədim.
Azərbaycan hər mənada, hər baxımdan inkişaf edir. Aydındır ki, neft gəliri sadəcə yeni zənginlərin ciblərinə girməklə məhdudlaşmır, xalqın yararına da istifadə edilir. Ya da nə bilim, könlüm bunun elə olmasını istəyir bəlkə? Və arzum budur ki, belə də olsun...
2014