Elnarə Akimova: “Dindirir əsr bizi”

Elnarə Akimova: “Dindirir əsr bizi”
18 dekabr 2012
# 17:03

Qan Turalının “Əsrin tələbi və mollanəsrəddinçilik epiqonizmi” məqaləsi M.Cəlil irsinə sayğının ifadəçisi olmaqla bahəm, bu isrin daimi aktuallığından dolayı narahatlığı də sərgiləyir. Bəli, bir əsr sonra belə Mirzə Cəlilin demək olar ki, bütün əsərlərində çağdaş zamanın ritmini, ahəngini duymaq olur. Bu əsərlərdəki simvollar və kodlar çağın gizlinlərini açmaqda iştirak və kömək etdiyindən ona yalnız xalqın milli ensiklopediyası kimi yanaşmaq zərurəti doğurur. Bəlkə də elə buna görədir ki, özündə mənsub olduğu millətin ruhunu və potensiallıq dərəcəsini, ədəbiyyatın estetik və ideya-məfkurə məzmununu ehtiva etdiyindən M.Cəlil irsi müstəqillik qazandığımız 1990-cı illərdən başlayaraq qabaran milli birlik və vəhdət zərurəti, milli mənlik şüurunun və kimliyinin dirçəlişi, milli ovqat və ləyaqət hissinin aşılanması problemlərinin həllində əvəzolunmaz məktəb olaraq qaldı. Yarandığı dövrlərdə "zəma­nənin vacib, mühüm, aktual problemlərini, mənəvi-əxlaqi portretini görükdürən" (A.Talıbzadə) M.Cəlil irsinə yeni minillikdə belə milli özünüdərk və tərəqqi proseslərinin dərinləşməsinə xidmət edən ölməz ədəbi nümunələr məcmusu kimi xüsusi diqqət ayrıldı:"… bu gün də-XXI yüzilliyin astanasında da "Nə etməli?", "Necə etməli!" suallarına ən yaxşı cavabı M.Cəlilin əsərlərində tapırıq. "Anamın kitabı" – bütün dövrlərin "ana kitabı" olaraq qalır. "Kiçik adamları" və "artıq adamları", "ölüləri" və "dəliləri", "saqqallı uşaqları" da millətə çevirən, xalqa öz "mən"ini genetik yox, milli səviyyədə dərk etdirən ibrətli əsərləri bizə yaxın yüz ildə hamıdan çox və hamıdan kəskin Məmmədquluzadə yazır. "Bir millət gərək bir kitaba, bir amala tapınsın" – əsrin əvvəlinin bu Mirzə Cəlil təlimi 90-cı illərin də aktual fəlsəfi-elmi təlimi, "milli ideologiyası" olaraq qalır” (Y.Qarayev)

Bəs Qan Turalı hansı aktuallığa etiraz edir? “Aradan yüz il keçib, rəsmi statistikaya görə ölkə əhalisinin 1 faizi yazıb oxumaq bilmir, ölkədə teatrlar var, kitabxanalar var, məktəblərin sayı 5 mindən bir az azdır, 50-yə qədər universitet var, Azərbaycan dilində yüzlərlə roman yazılıb (o zaman heç biri də yox idi). Mədəniyyət sahəsində problemlər yoxdurmu? Əlbəttə ki, var, bunu inkar etmək boşboğazlıq olardı. Lakin yüz il əvvəlin problemlərinin xeyli hissəsi indi yoxdur. Düzdür, onda da dini cəhalət vardı, indi də var, lakin nədənsə heç kimin o dövrlə bu dövr arasındakı cəhalətin miqyasını təsəvvür etmək ağlına da gəlmir.”

Maraqlıdır, əgər o problemlər bu gün də qalırsa, bir qədər başqa rəng və çalarda var-varlığını davam etdirirsə, o zaman bunu qabartmaq günün ziyalısının missiyasına daxil deyilmi? Məgər teatr və kitabxanaların fəaliyyəti, məktəb və universitetlərin missiyası, eləcə də yazılan minlərlə romanın yönəlik olduğu məqam həm də Molla Nəsrəddindən başlayan bu missiyanın əsr boyunca davamı demək deyilmi? Bütünlükdə toplumun maariflənməsinə yol açmaq. Əslində, bütün bunlar XX əsr gerçəklərinin vüsətlənməsini əngəlləmək nədənilə həmin maarifçi məramın güclənməsi şəklidir. Əsr bizi yenidən həmin xüsusda dillənməyə məcbur edirsə, demək ki, bu qədər kitabxana və kitab ordusu, məktəb və unuversitet zəkası, teatr və mədəniyyət hərəkatı ilə nadanlığın girdabından nicat tapa bilməmişik. Kitabxanalar oxucusuz, teatrlar tamaşaçısız qalırsa, ziyalısı yolun ortasındaca qanına qəltan edilirsə ... zaman qeyri-ixtiyarı bir əsr öncənin insanını, düşüncəsini, aqibətini alternativ olaraq bizə qənşər gətirir. “Yoxsa bu ayinədə əyri görürsən özünü”- problem M.Cəlil irsinin aktuallığındadır, yaxsa bizim nadanlıq sindromunun aktuallığında... M.F. Axundov haqlı deyildimi xalqın, toplumun şüurunun oyaq olmadığı təqdirdə aparılan bütün islahat cəhdlərinin əbəs olduğunu bildirəndə?! Yoxsa “sözünü o kəslərə de ki, səni dinləmək istəmir” təskinliyini təqib qılıb üzünü “sözün sərf olmadığı” çoxluğa tutmaq və hansısa inqilabi görkəm alıb dönüş yaratmaq niyyəti... sonda müəllifini Yusif Sərrac kimi kor kütlənin həmləsinə hədəf edə bilər. Guya ki, o zaman ədəbiyyat, teatr funksional olmamışmı? Eləcə də ədəbiyyat, sənət dili, yayılma gücü imkan verdiyi qədər dünya boyunca gəzişməmişmi? Molla Nəsrəddin məcmuəsi, Sabir şeiri, Mirzə Cəlil, H.Cavid və Ü.Hacıbəyov dramaurgiyası İran – Orta Asiya – türk dünyası hüdudlarında, Volqaboyu ərazilərdə yayılır, var-varlığını görükdürürmürdümü?!

O zaman yüz il sonra belə aktual olaraq qalmaq sənətkar üçün hünər işidir, bəs bir millət, xalq üçün eləcə yerində saymaq, cəhalət dirəklərini yara bilməyib də nadanlıq məftillərində ilişib qalmaq, çabalamaq deyilmi?! Halbuki, həm ədəbi yaradıcılığı, həm də publisistik fəaliyyəti baxımından bütöv bir ömrü qapsayan bu amal – Mirzə Cəlil missiyası birbaşa olaraq neqativləri dəf eləməyə, qafalarda “şüur inqilabı” yaratma niyyətinə yönəlik idi. “Ölülər” dirilmədi, Dəlilər ağıllanmadı, “Danabaş kəndinin əhvalatları” eləcə əhvalat olaraq oxunmadı, vətən qadınlarının - Zeynəblərin, Şərəflərin aqibəti dəyişmədi, “anamın kitabı” hamını bir kitaba tapınmağa səfərbər edə bilmədisə... bütöv bir ömür boşunamı getdi, yaradıcılıq enerjisi heçəmi sərf olundu?! Məncə, bu sual düşündürmə polifonizmi ilə böyük ədibin yaşarılığının, zamansızlığının əsas açılış nöqtəsidir. M.Cəlil bir sənətkar kimi burda qurtarır. Və elə burdan da başlayır...

Daha bir məqamla bağlı Qan Turalı yazır: “Mollanəsrəddinçilərin ideoloji rəqibləri vardı, o rəqiblər də məhz dövrün tələbini anlamaqdan uzaq idilər, yüz il əvvəlin təranələrini xatırlayırdılar, bəzən onların tezisləri bir neçə əsr əvvəlin tələbləri idi, buna görə də onlar Azərbaycanın ideya xəritəsində yer tuta bilmədilər, ictimai fikir tarixinin ölü doğulan ideyalar səhifəsinə öz adlarını yazıb getdilər Türkiyəyə... İndi mollanəsrəddinçilər adına füyuzatçılıq edirlər.”

Məgər füyuzatçıların əməli fəaliyyəti şüur oyanışına xidmətin göstəricisi deyildimi? Bu fəaliyyətin məntiqi yekunu kimi hasilə gələn Azərbaycan Demokratik Cümhuriyyəti belə bir əqidə və məslək birliyinin təzahürü, vətənə “can nisar eləmək” fədakarlığının nəticəsi idi.

Əhməd Ağaoğlu “Sərbəst insanlar ölkəsi” əsərində yazır: “Mən bir əsir idim, hürr olmaq istədim. Zəncirlərimi qırdım, qalanın divarını dəldim və açığa çıxaraq dərin bir nəfəs aldım. İndi önümdə geniş bir çöl vardı. Nərəyə gedəcəyimi, nasıl davranacağımı bilmirdim. Tərəddüdlə bir neçə addım atdım. Kəndimi iki yolun ayrıcında buldum və buraya dikilən bir dirək üzərində bu yazını oxudum:

Sol tərəfə gedən yol hürriyyət yoludur.

Sağ tərəfə gedən yol köləlik yoludur.

Sol tərəfi aldım. Sabaha qədər yürüdüm. Şəfəq sökülərkən kəndimi bir qalanın önündə buldum. Qalanın qapısı üzərində altun xətt ilə yazılı bu lövhəni oxudum:

“Sərbəst insanlar ölkəsi!”

Onlar hamısı, Cümhuriyyəti yaradanlar- M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topçubaçov, Ü.Hacıbəyli, N.Nərimanov, N.Yusifbəyli, C.Hacıbəyli, S.Məmmədzadə, habelə C.Məmmədquluzadə, M.Hadi, Ə.Cavad, H.Cavid və başqa millət çəfakeşləri soy, qan və gen birliyini hər şeydən uca tutub “elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmış bir millət çıxardaq” (M.Ə.Rəsulzadə) məramı ilə ölkə insanlarının sərbəst yaşayışının əldə olunmasına, xalqın milli-mənəmi dəyərlərinin, ədəbi irsinin qorunmasına, türklük və azərbaycançılıq ideallarının təbliğinə, islami dəyərlərin layiqincə təlqin olunmasına ömür sərf edən mənəviyyat sahibləri idilər. Həmçinin bu böyük nailliyyətin qazanılması tarixi ənənənin, XIX-cu əsrin sonlarında fəalliyyət göstərən M.F.Axundov, H.Zərdabi kimi şəxsiyyətlərin milli mənlik şüurunun oyanışına xidmətinin və xalqın öz iradi-mənəvi keyfiyyətlərinin təzahürü idi. M.Ə.Rəsulzadənin yazdığı kimi, Azərbaycan xalqının öz ruhundan doğan bir ümummilli hərəkat, hadisə idi. İndi, bu şəxsiyyətlər arasında yerlə göy qədər fərq yaratmaq ədəbiyyatımızda müəyyən fasilələrlə yaranan neonihilist düşüncənin rudimentləridir.

Halbuki, bu şəxsiyyətlər arasında qərəzli, düşmən münasibət deyil, fikir toqquşması, bədii-estetik düşüncə ayrılığı olmuşdur. Onlar "böyük bir xalqın ağır-ağır getdiyi palçıqlı yolun-eyni yolun eyni yolçuları idilər" (K.Abdulla), əqidə, məslək, ideya və məramları vahid idi. Mühacirət irsimizin layiqli tədqiqatçısı V.Quliyev adı hallandırılan şəxsiyyətlərin arasında görk ediləcək dərəcədə məslək birliyinin, ideal müştərəkliyinin olduğunu, onların tarixi gerçəklik qarşısında birləşməyi bacardıqlarını bildirərək yazır ki, "XX əsrin əvvəllərindəki Azərbaycan ziyalıları arasında bu gün bizə az qala qəribə görünən birlik və həmrəylik vardı. Onlar bir-birini bəyənməzlik, həsəd və qərəz­çilik hisslərindən əsasən uzaq idilər, yaxınlaşan təhlükə qarşısında bir­ləşməyi, çəkici bir yerə vurmağı bacarırdılar. Xüsusən, "Asiyanın oyan­masından" – 1905-ci ildən sonra milli ziyalılarımızın hamısının bir məqsədi, bir amalı vardı-xalqa xidmət etmək, onun gözünü açmaq, millətlərin imzaları içərisində öz imzasını görmək.

Onlar bu vahid məqsədə doğru müxtəlif yollarla gedirdilər. Bir-birinə qarşı döyüşən iki cəbhənin deyil, ümumi ideya uğrunda vuruşan eyni cəbhənin əsgərləri idilər"

Bəli, bizim zəka sahiblərimizin intellekt və emosiya potensialının çox hissəsi maarifçilik proseslərinə - millətin oyanışına, onun öz haqqını tanıması və onu tələb etməsi işinə sərf olunubsa, digər tərəfdən onların ədəbi isrindən bu problemlərin üzərinə işıq salınıb və mənzil başına yollar aranıbdı. Biz bəlkə də texnogen sivilizasiyasının elə bir pik mərhələsində yaşayırıq ki, bu dinamika ilə heç cür uzlaşmayan yüz il əvvəlinin insanı, onun həyatı, düşüncəsi ilə bağlı fikirlərin bu günün özündə belə aktual olub qalmasına qıcıqlanır, günəşi danmağın mənasızlığı qədər bu aktuallıqları görməzdən gəlməyə çalışaraq bir növ özümüz-özümüzü aldatmış oluruq. Bu isə artıq əsrin günahı deyil!

# 1661 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #