"Kitabçı" jurnalının 7-ci sayı çap olunub və bir neçə gündən sonra köşklərə çıxacaq. Bu sayın əsas mövzusu "Müharibə və ədəbiyyat"dır. Mövzuyla bağlı ilk yazı isə baş redaktorun "Hərb və sülh" köşəsidir. Jurnalın ənənəvi "Mətləblər-mülahizələr " rubrikasına yenə də xaricdən - Ukrayna, İran və Serbiyadan İqor Pavlyuk, Hümmət Şəhbazi, Milisa Yeftimiyeviç kimi nüfuzlu ədəbiyyatçılar yazıblar.
"Persona-söhbət" rubrikasının budəfəki qonağı Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdur. Nazirlə "İnsan-oxuduqlarıdır" adlı geniş və maraqlı söhbəti Səlim Babullaoğlu ilə Seyfəddin Hüseynli aparıb.
Zamin Axundovun "Erməni saxtakarlığına tutarlı elmi cavab" məqaləsində akademik Ramiz Mehdiyevin bu mövzuya həsr olunan yeni kitabının dəyəri və əhəmiyyəti vurğulanır.
"Kitabçı"nın ənənəvi Dəyirmi masası ətrafında bu dəfə, şef-redaktor Seyfəddin Hüseynlinin moderatorluğu ilə yeni ədəbi nəsildən olan yazarlar - Mübariz Örən, Cəlil Cavansir, Vüsal Nuru, Səxavət Sahil, Emin Piri və Ramil Əhməd bir araya gələrək, "Müharibə və ədəbiyyat" mövzusunu müzakirə ediblər.
Polşalı şair Zbiqnev Herbertin savaş haqqında şeirləri Səlim Babullaoğlunun, italyan yazıçı İtalo Kalvinonun müharibə mövzulu "Qərargaha gedəndə" hekayəsi S.Hüseynlinin tərcüməsində təqdim olunub.
Yusif Səmədoğlunun "46-cı ilin oyunları" hekayəsi, İsa İsmayılzadənin "Güllələr demədi" şeiri isə Azərbaycan ədəbiyyatında müharibə ilə bağlı örnək əsərlər kimi jurnalın əsas mövzusunun əks olunmasına yardım edir.
Sevinc Mürvətqızının "Dünya teatr sənətinin növbəti Bakı təntənəsi" və "Folklorumuzda savaş izləri" məqalələri də jurnalın bu sayındadır.
"Gərək hər adamın da kitabı çıxmaya" başlıqlı material şair Vaqif Bəhmənli ilə Fərid Hüseynin söhbəti, Elcan Salmanqızının "Böyük fəlakətlərin balaca hədəfləri", Cavid Qədirin "Müharibə deyiləndə" yazıları da diqqəti çəkir.
Dünyanın hələ də müharibələr burulğanında çırpındığı bir dövrdə və Birinci Cahan Savaşının 100 illiyi qeyd olunan bu ildə jurnalın "Müharibə və ədəbiyyat" mövzusuna müraciəti, əlbəttə ki, təsadüfi deyil. Xüsusən bu mənada ki, "Kitabçı"nın 7-ci sayında məhz Birinci Dünya Müharibəsinin başlandığı məkan olan, zaman-zaman savaş müsibətləri yaşayan Serbiyanın ədəbiyyatına, bu ölkənin ünlü ədiblərinin yaradıcılığına geniş yer ayrılıb.
Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə hazırlanan "Serbiya xüsusi əlavəsi"ndə böyük ədib, ədəbiyyat üzrə Nobel mükafatçısı İvo Andriçin "Bir dəfə Azərbaycanda" adı ilə təqdim olunan yazısı diqqəti çəkir.
Orijinalda "Sa puta po Azerbjdzanu" adlanan məqalə İvo Andriçin dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illiyi ilə bağlı Moskvada və Bakıda keçirilən tədbirlərdə iştirakından sonra yazılıb, 1948-ci ilin 17 fevralında o vaxtkı Yuqoslaviya Yazıçılar Birliyinin mətbu orqanı olan "Knjizevna Novine" qəzetində dərc edilib.
Görkəmli yazıçı Milorad Paviçin xanımı Yasmina Mixayloviçlə "Paviç sanki dünya şöhrəti qazanmaq üçün yaranmışdı" adlı söhbət də bu saydakı maraqlı yazılardandır. Xanım Mixayloviçin Azərbaycana səfəri ilə bağlı "Xəzərin sahilində" adlı təəssürat yazısı - müəllifin eyniadlı kitabının fraqmenti olan material A. M.Qarayevanın tərcüməsində verilib.
"Kitabçı"nın "Serbiya xüsusi əlavəsi"ndə dəyərli şair, Novi Sad "Matise Sprska" kitabxanasının direktoru Selimir Raduloviçlə "Müasir insana yetimlər adasında yaşayan tənha adam kimi baxıram" başlıqlı müsahibə mühüm yer tutur.
Milorad Paviç, Radomir Andriç, Selimir Raduloviç, Milisa Yeftimiyeviç-Liliç, Branislav Velkoviç və Duşka Vrxovasın şeirləri ilə birlikdə, "Kitabçı"nın baş redaktoru, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlunun Yazıçıların 51-ci Beynəlxalq Belqrad Toplantısında (51. st International Belgrade Convention of Writers) iştirak üçün gerçəkləşən Serbiya səfəri haqda qələmə aldığı "Bakı-Belqrad gündəliyi" təəssürat yazısı da jurnalın yeni sayındadır.
Yazıda müəllifin Serbiya, Belqrad haqqında təəssüratları, serbiyalı ədiblər, xüsusən Serbiya Yazıçılar Birliyinin sədri Radomir Andriç haqqında maraqlı fikirləri yer alıb. Bütün bu materiallar zəngin fotoillüstrasiyalarla müşayiət olunur. "Serbiya xüsusi əlavəsi"nin hazırlanmasında Katarina Paniç, Aleksandr Bozoviç, Sergey Qlovyuk, Yevgeniy Çislov, Nəcibə Bağırzadə, Rəbiqə Nazimqızının sətri tərcümələrindən istifadə olunub.
Baş redaktor Səlim Babullaoğlu "Serbiya xüsusi əlavəsi" ilə bağlı bildirib ki, bu, təkcə bir jurnal proyekti və publikasiyası kimi deyil, həm də çağdaş Azərbaycan oxucusuna müasir Serbiya ədəbiyyatı ilə bağlı optimal həcmdə rəngarəng məlumat ötürmək, onun fraqmentar təsəvvürünü zənginləşdirmək baxımından da vacibdir və Azərbaycan üçün ilk belə təcrübədir: "10 il bundan əvvəl Milorad Paviçin "Xəzər sözlüyü" romanının jurnal versiyasını istedadlı yazıçımız İlqar Fəhmin tərcüməsində, "Dünya ədəbiyyatı" jurnalının əlavəsi kimi, "DƏB" seriyasından nəşr etmişdik. Həmin nəşr də bir ilk idi. Onda bizdə təkcə oxucular deyil, hətta peşəkar ədəbi çevrələr belə, yazıçı Paviçi yaxşı tanımırdı. İndi isə onlar "Serbiya xüsusi əlavəsi" vasitəsilə Paviçi həm də gözəl şair kimi tanımaq, çağdaş serb poeziyası nümunələri, maraqlı müsahibə və məlumatlarla tanış olmaq imkanı qazanıblar. Hesab edirəm ki, bu, bir tərəfdən də, Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Kitabçı" jurnalı ilə çox uğurlu işbirliyidir.
525.az