Cavid Zeynallı “Katib Bartlbi” haqda
Herman Melvil öz dövründə - yəni XIX əsr Amerika ədəbi mühitində tanınmayan, sayılıb-seçilməyən yazıçılardan idi. Hətta o qədər ki, 1891-ci ildə öləndə “Nyu-York Times” qəzeti adını səhv yazmışdı: Henri Menvil... “İletişim” nəşriyyatı Melvilin “Katib Bartlibi” povestini Borxesin ön sözü ilə nəşr edib: “Yazıçının ölümündən 20 il sonra Britaniya Ensiklopediyası” ondan uğursuz dəniz əhvalatlarını qələmə alan yazıçı kimi söz açırdı”. 1851-ci ildə indiki dünyanın ən yaxşı romanlarından hesab olunan, vaxtında heç kimin diqqətini çəkməyən “Mobi Dik”i çap etdirdi və uğursuz ədəbi taleyi üzündən 33 yaşlı Melvil əməlli-başlı ruh düşkünlüyü yaşadı, nə edəcəyini bilmədi. Bu azmış kimi, 1853-cü ildə nəşriyyatın anbarında yanğın baş verdi, yazıçının kitabları məhv oldu. Əl-qərəz, bizim 80-cilər nəslinin təbirincə desək, qəhrəmanımız “naxışı gül açmayan”, “qədri sonra bilinən” yazıçı tiplərindəndir. Ta ötən əsrin 20-ci illərinə qədər ki, onun haqqında kitablar yazıldı, əsərləri yenidən nəşr olundu, romanlarına filmlər çəkildi.
Bu kitabı dünyanın üzünə deyilən ən sərt “Yox” nidası hesab edirlər.
Ülkər Nəsibbəylinin ingiliscədən dilimizə tərcümə etdiyi “Katib Bartlbi”ni Melvil uğursuzluq və fəlakətə düçar olduğu illərdə yazılıb. Amerika jurnallarından birində nəşr etdirdiyi hekayələr bir növ özünə təsəlli vermək, yazıçı kimi formada qalmaq üçün məşq idi. Və pisi budur ki, Melvilin naşiri bu hekayələrdən sonra yazdığı romanı nəşr etməkdən imtina etmiş, on doqquz il müddətində 3000 tirajlıq “Mobi Dik” hələ də satılıb qurtarmamışdı. Kimdir katib Bartlibi? Mürəkkəb, anlaşılmaz, nə istədiyini, niyə yaşadığını bilməyən, psixologiyası, həyatının ritmi, harmoniyası pozulan insan tipi... Borxesin sözləri ilə desək, Kafkanın xəbərçisi.
Nyu-Yorkun Voll küçəsində hər kəsin öz işi ilə məşğul olduğu vəkil kontoru. Kontor sahibindən başqa üç katib hüquq sənədlərinin üzünü köçürür: Hinduşka, Qısqac və Zəncəfilli Kökə. Və günlərin birində işə qəbul olmaq üçün kontorun qapısı ağzında bir adam görünür: Bartlbi.
“Bartlbi həyatım boyu görüb-eşitdiyim ən qəribə katib idi. Ondan başqa bütün katiblərin bioqrafiyasını yerli-yerində kağıza köçürə bilərəm. Məncə, Bartlbinin bioqrafiyasını tam və dolğun şəkildə aşkara çıxara biləcək heç bir material mövcud deyil. Bu isə ədəbiyyat üçün misilsiz itkidir. Bartlbi yalnız ilkin mənbələr əsasında araşdırıla bilən nadir varlıqlardan idi. Belə mənbələr isə demək olar ki, yox dərəcəsindədir”.
Bartlibi öz qəribə xasiyyəti, adamayovuşmaz xarakteri ilə nəinki kontordakılardan, hətta dörd tərəfdə olan hər kəsdən fərqlənir. Məsələn, əvvəllər hüquqi sənədlərin üzünü köçürəndən sonra onu əsli ilə tutuşdurmaqdan boyun qaçırırdısa, sonradan ümumiyyətlə, iş görməkdən imtina edir. Növbəsi çatanda poçta getmir, yaxınlıqdakı mağazadan kökə almaqdan boyun qaçırır, ona sual verəndə ancaq inkarla danışır: etməməyə üstünlük verərdim, getməməyə üstünlük verərdim, danışmamağa üstünlük verərdim: “Anlaşılmaz hərəkətlərinə görə Bartlbini daha diqqətlə müşahidə etməyə başlamışdım. Sən demə, o, nahara getmirmiş. Daha doğrusu, heç vaxt heç yana getmirmiş. Onun kontorda olmadığını bir dəfə də görməmişdim. Bartlbi öz küncünün dəyişilməz qarovulçusu idi”.
Kontor sahibi onu işdən çıxarmaq istəsə də, vicdanı yol vermir. Bartlbi günün birində acından ölə bilərdi. Bəs nə etməli? Artıq o kontorda heç bir işin qulpundan yapışmır, bir kəlmə söz danışmır, hamının əsəblərini tarıma çəkib. Kontor müdiri onu qovmaq istəyir ki, canı dincəlsin, getmir. Özü də, təbiətcə sakit və dürüst biridir. Dəfələrlə müdirin xırda-xuruş pullarını künc-bucaqdan tapıb stolunun üstünə qoyub, təzə gələndə maşın kimi işləyirdi, səhərəcən yerindən tərpənmədən tapşırılan işin öhdəsindən qüsursuz gəlirdi. Vəkil çıxış yolu kimi kontoru başqa yerə köçürür. Mənzilin yeni sahibləri də Bartlbi ilə bacara bilmirlər, onu qovurlar. Bartlbi bina bloklarının ağzında yatır, yenə heç kimlə dinib-danışmır. Vəkilin ürəyi dözmür, köhnə işçisini axtarıb tapır. Əsərin bu səhnəsi həyatda özünə yer tapa bilməyən, psixologiyası pozulmuş insan tipinin xarakterini açmaqdan ötrü ustalıqla işlənib. Bartlbiyə yaxın iş təklif olunsa da, hər birindən müxtəlif bəhanə ilə boyun qaçırır. Birində təmiz hava yoxdur, o biri iş başqasının yerinə əziyyət çəkməkdir, digəri maraqsızdır...
Barlbi hansı binanın blokunun ağzında gecələyirsə, kirayənişinlər həmin binadan uzaq gəzirlər, adamlar xuliqanların hücumundan qorxurlar. Və nəhayət polis onu həbs edir. Həbsxanada yenə eyni vəziyyət: aşpaz da, gözətçi də, dustaqlar da bu sakit, təmiz, ziyansız adamdan baş aça bilmirlər. Və nəhayət, günlərin birində onun meyiti tapılır...
Bartlbinin xarakterindəki qəribəlikləri, ruhi pozğunluqları saymaqla qurtarmaz. Və qorxuram, bu yazı əsəri danışıb qurtarmaq kimi anlaşılsın. Qətiyyən! Kitabı oxuyanda onlarla yerdə şrifti qaraltdım, həmin hissələrə bir də qayıtdım. Yəqin Melvilin qəhrəmanının hansı səbəb üzündən bu hala düşməyi sizi də maraqlandırdı. Gəlin, bunu mən yox, Melvil özü danışsın. Oxumaq ümidilə...
Katib Bartlbi
(Voll küçəsinin hekayəsi)
Mən ahıl yaşına çatmış adamam. Son otuz ildə peşəm məni, bildiyimə görə, bu günə qədər haqlarında heç nə yazılmamış maraqlı və qəribə insanlarla - hüquqi sənədlərin üzünü köçürən kontor işçiləri, başqa sözlə katiblərlə yaxınlaşdırıb. Mən onların çoxunu şəxsən və peşəkar cəhətdən tanımışam. Katiblər haqqında xeyirxah insanları gülümsədib, kövrək qəlbliləri ağlada biləcək xeyli əhvalat danışa bilərəm. Lakin Bartlibinin həyatından bir neçə epizodu danışmaq naminə qalan bütün katiblərin bioqrafiyalarını bir kənara qoymağa hazıram. Bartlbi həyatım boyu görüb eşitdiyim ən qəribə katib idi. Ondan başqa bütün katiblərin bioqrafiyasını əskiksiz kağıza köçürə bilərəm. Məncə, Bartlbinin bioqrafiyasını tam və dolğun şəkildə aşkara çıxara biləcək heç bir material mövcud deyil. Bu isə ədəbiyyat üçün misilsiz itkidir. Bartlbi yalnız ilkin mənbələr əsasında araşdırıla bilən nadir varlıqlardan idi. Belə mənbələr isə demək olar ki, yox dərəcəsindədir. Bartlbi haqqında təəccüb dolu gözlərimlə gördüklərimdən və rəvayətimin sonunda danışacağım bir üstüörtülü şayiədən başqa heç nə bilmirəm.
Onu ilk gördüyüm andakı kimi təqdim etməzdən əvvəl özüm, işim, işçilərim, vəkil kontorum və ümumi ətrafım haqqında danışmaq yerinə düşərdi. Əks halda danışacağım əhvalatın baş qəhrəmanını tam başa düşmək çətin ola bilər. Mən hələ cavan yaşlarımdan yaşamağın ən yaxşı üsulunun rahat həyatı seçmək olduğuna dərin inam bəsləmişəm. Buna görə də hamıya məlum olduğu kimi böyük ciddi-cəhd, möhkəm əsəb, bəzən hətta sərtlik tələb edən bir peşənin sahibi olsam da, heç vaxt dincliyimin pozulmasından əziyyət çəkməmişəm. Mən andlılar məhkəməsinə bir dəfə də müraciət etməmiş, ictimaiyyətin rəğbətini qazanmağa can atmayan, öz səliqəli sığınacağının rahatlığında varlı insanların səhmləri, girov kağızları, mülkiyyət sənədləri ilə əlaqədar mütəvazi işlərlə məşğul olan iddiasız hüquqşünaslardan biriyəm. Tanıyanlar məni son dərəcə etibarlı adam hesab edirlər. Poeziyaya vurğunluqdan uzaq bir insan olan mərhum Con Ceykob Astor ehtiyatlılığı mənim başlıca məziyyətim, intizamı isə ikinci üstünlüyüm adlandırarkən qətiyyən tərəddüd etməmişdi. Bu sözləri şöhrətpərəstliyimdən demirəm, lakin danılmaz faktdır ki, mərhum Con Ceykob Astor (etiraf edim ki, onun adını təkrar etmək xoşuma gəlir) da mənim xidmətlərimdən istifadə etmişdi. Con Ceykob Astorun adı çox dolğun səslənir, qızıl sikkə kimi cingildəyir. Açığı, mən onun müsbət rəyinə qarşı etinasız deyiləm.
Bu kiçik əhvalatdan bir qədər əvvəl işlərim xeyli artmışdı, kansler məhkəməsinin məmuru vəzifəsinə təyin edilmişdim. Hal-hazırda Nyu-York ştatında bu vəzifəyə xitam verilib. Mən nadir hallarda özümdən çıxıram. Haqsızlıqlar, pozuntular qarşısında təhlükəli hiddətə qapılmağı da özümə rəva bilmirəm, lakin bu dəfə ehtiyatı bir kənara qoyub deyəcəyəm ki, yeni konstitusiya ilə Kansler məhkəməsinin məmuru vəzifəsinin ləğv edilməsini vaxtından əvvəl və kobudcasına atılmış bir addım hesab edirəm. Bu vəzifəyə ömürlük gəlir yeri kimi baxsam da, öz mövqeyimdən cəmi-cümlətanı bir neçə il faydalana bildim. Amma bunu elə-belə yeri gəlmişkən dedim.
Vəkil kontorum Voll küçəsində ... nömrəli evin ikinci mərtəbəsində yerləşirdi. Kontorun bir tərəfi damdan işıqlandırma məqsədilə açılmış iri pəncərə dəliyindən başlayıb birinci mərtəbənin döşəməsinə qədər uzanan geniş boşluğun ağ divarlarına baxırdı. Peyzajist rəssamların dili ilə desək bu cansıxıcı mənzərədə “həyat yox” idi. Hər halda nə qədər cansıxıcı olsa da, bu mənzərə kontorun əks qurtaracağındakı pəncərədən görünənlərlə təzad təşkil edirdi. Buradakı pəncərə heç vaxt gün işığı görməyən, his tutmuş hündür kərpic divarlara baxırdı. Divarda gizli yuva salmış gözəllikləri görmək üçün durbinə ehtiyac yox idi. Uzağı görməyən tamaşaçıların işini asanlaşdırmaq üçün divarı kontorun pəncərəsindən cəmi-cümlətanı on fut uzaqda ucaltmışdılar. Qonşu binalar çox hündür, kontor isə ikinci mərtəbədə olduğundan bu divarlarla pəncərə arasındakı məsafə nəhəng dördbucaqlı çəni xatırladırdı.
Bartlbinin ortaya çıxmasından bir müddət əvvəl, kontorumda iki katib və gələcək vəd edən cavan bir oğlan köməkçi kimi işləyirdi: Hinduşka, Qısqac və Zəncəfilli Kökə. Deyəcəksiniz ki, bu qəbildən adlara telefon-məlumat kitabçalarında tez-tez rast gəlinmir. Bəli, əslində bunlar kontor işçilərimin zahiri görünüşlərinə və ya səciyyəvi xüsusiyyətlərinə görə bir-birlərinə yaraşdırdıqları ləqəblər idi. Hinduşka təqribən mənimlə yaşıddır. O, yaşı altmışa yaxınlaşan, bəstəboy, dolubədənli bir ingilisdir. Səhərlər Hinduşkanın üzü xoşagələn al qırmızı rəngə çalardı. Günorta saat on ikidən, yəni nahar vaxtından sonra isə onun sifəti kömürlə dolu Milad buxarısı kimi par-par parıldayar, tədricən rəngi solğunlaşsa da, təqribən axşam saat altıya kimi alışıb yanmağa davam edərdi. Saat altıdan sonra bu sifətin sahibini görmürdüm, lakin ən parlaq şəfəqlərini günorta vaxtı saçdığından mənə elə gəlirdi ki, Hinduşka eyni müntəzəmlik və tükənməz əzəmətlə səhəri gün yenidən doğmaq, yüksəlib qürub etmək üçün günəşlə birlikdə də batıb harasa yox olur. Həyatımda qəribə təsadüflər çox olub. Bunlardan biri də qıpqırmızı, par-par yanan sifəti alışıb yanmağa başlayanda, bəli, məhz bu ən gərgin vaxtda Hinduşkanın iyirmi dörd saatın qalan hissəsi üçün tələb olunan iş qabiliyyətinin xeyli azalması idi.
Yox, o heç də avaralıq eləməyə, işdən yayınmağa çalışmırdı. Əksinə lazım olandan artıq səy göstərir, qəribə, təlaşlı, vecsizlik dərəcəsində tələskən işgüzarlığa qapılırdı. Qələmini mürəkkəb qabına ehtiyatla batırmırdı. Sənədlərimin üstünə saldığı bütün ləkələr günortadan sonranın məhsulu idi. Əslində, günortadan keçdikcə o, ehtiyatı əldən buraxıb kağızları ləkələməklə kifayətlənmir, bəzən daha da irəli gedərək həddən artıq səs-küy salırdı. Belə vaxtlarda onun sifəti antrasit (əla növ kömür) üstdə qalaqlanmış parlaq alovlu kömür kimi alışıb yanırdı. O, tez-tez gurultu sala-sala stulunun yerini dəyişir, təmir etməyə çalışdığı qələmləri hövsələsizliklə sökür, sonra qəfildən özündən çıxıb əlindəkiləri yerə atırdı, ayağa qalxıb stolunun üstünə əyilir, yaşına yaraşmasa da, kağızları qarışdırıb ora-bura tolazlayırdı.
Buna baxmayaraq, çox cəhətdən dəyərli bir işçi olduğuna, günortaya qədər çox cəld və intizamla çalışdığına, işinin böyük bir hissəsini heç kimin ayaqlaşa bilməyəcəyi ustalıqla gördüyünə görə, vaxtaşırı narazılığımı bildirsəm də, Hinduşkanın qəribəliklərinə göz yummağa hazır idim. Onunla mülayim danışırdım, çünki səhər çox ədəbli, hətta nəzakətli, son dərəcə hörmətə layiq bir insan olan Hinduşka günortadan sonra heç nədən acıqlanmağa, düşünmədən danışmağa, bir sözlə kobudluğa meylli olurdu. Mən bir tərəfdən onun səhər saatlarındakı dəyərli xidmətlərindən imtina etmək istəmir, digər tərəfdən saat on ikidən sonrakı tutmalarından narahat olurdum. Sülhsevər bir insan olduğumdan Hinduşkanı kobud cavab verməyə təhrik etməmək üçün bir şənbə axşamı (şənbə günləri o, daha da dözülməz olurdu) onunla mümkün qədər nəzakətlə danışmaq qərarına gəldim, artıq yaşa dolduğunu nəzərə alaraq iş gününü ixtisar etmək istəyərsə etiraz etməyəcəyimə eyham vurdum. Qısası, o, saat on ikidən sonra naharını bitirib evə gedə, çay saatına qədər istirahət edə bilərdi. Amma yox, o, günortadan sonra da işinə sədaqətdən boyun qaçırmaq istəmirdi. Sifəti qorxulu dərəcədə qırmızı rəng alan Hinduşka otağın o biri başından əlindəki xətkeşi yelləyə-yelləyə bəlağətli nitqlə məni inandırmağa çalışdı ki, əgər səhər gördüyü iş faydalıdırsa, deməli günortadan sonra göstərdiyi xidmət daha da gərəklidir.
- Bağışlayın, ser – Hinduşka fürsətdən istifadə edib dedi. - Özümü sizin sağ əliniz hesab edirəm. Səhər mən öz əsgərlərimi cərgəyə düzüb yerbəyer etməklə məşğul oluram. Günortadan sonra isə qoşunun başına keçib, cəsarətlə düşmən üzərinə hücuma keçirəm. - əlindəki xətkeşi hiddətlə qaldırıb endirdi. – Bax belə!
- Hinduşka, bəs ləkələr? - sakitcə xatırlatdım.
- Bağışlayın ser, haqlısınız, amma bu ağ saçlara bir baxın. Qocalıram. Bu ağ saçların xatirinə qızğın iş gününün ikinci yarısında salınmış bir-iki ləkədən keçmək olmazmı. Qocalıq – hətta kağıza ləkə salsa da – hörmətə layiqdir. Bağışlayın, ser, biz ikimiz də “qocalırıq”.
Mənə yaxşı tanış olan qocalıq hissinə hesablanan bu sözlərə müqavimət göstərmək çətin idi. Başa düşdüm ki, xoşluqla gedəsi deyil. Katibimin bütün gün işləmək istəyi ilə barışmalı olsam da, günortadan sonra işinə göz qoyub vacib sənədlərin onun əlinə düşməyinin qarşısını almağı qət etdim.
Siyahımdakı ikinci adım – Qısqac iyirmi beş yaşında, bakenbardlı, solğun bənizli cavan bir oğlan olsa da, görkəmcə dəniz qulduruna bənzəyirdi. O, iki şər qüvvənin əsarətində yaşayırdı: şöhrətpərəstlik və mədə pozulması. Şöhrətpərəstlik özünü Qısqacın sıravi kontor işçisinin öhdəliklərinə qarşı hövsələsizliyində, hüquqi sənədləri şəxsən tərtib etmək kimi peşəkarlıq tələb edən ciddi işləri qeyri-qanuni ələ keçirməsində özünü büruzə verirdi. Mədə pozulmasından isə nəyisə səhv köçürəndə dişlərini bərkdən qıcırdatmağı, vaxtaşırı əsəbi hərəkətləri, gülümsəməyi, işin qızğın vaxtında fısıldaya-fısıldaya yerə-göyə qarğış yağdırmağı, arxasında əyləşdiyi stoldan daimi narazılığı xəbər verirdi. Təmir işlərinə əli yatsa da, Qısqac bu stolu heç vaxt özünə uyğunlaşdıra bilmirdi. O, stolun altına talaşa, cürbəcür taxta, karton parçaları yığırdı, hətta bir dəfə daha da irəli gedib su çəkən kağızlardan istifadə etməyə də cəhd eləmişdi.
Heç bir ixtira nəticə vermirdi. Belini incitməmək üçün stolun itiuclu küncünü çənəsinin altına qaldırıb işləyəndə, qollarında qan dövranının dayandığından şikayət edirdi. Stolu endirib işləmək üçün əyilməli olanda isə beli ağrıyırdı. Əslində o, nə istədiyini bilmirdi. Qısqacın bir istəyi var idisə, o da katib stolundan birdəfəlik xilas olmaq idi. Onun xəstəhal şöhrətpərəstliyinin təzahürlərindən biri də “müştərim” adlandırdığı, nimdaş paltolu, şübhəli yoldaşlarını kontorda qəbul etməyi xoşlamağı idi. Bilirdim ki, vaxtaşırı siyasi maxinasiyalarla yanaşı, Qısqac bəzən Ədalət məhkəməsində xırda-para işlərlə də məşğul olur, Nyu-York şəhər həbsxanasının pilləkənlərində də onu tanıyanlar az deyildi.
Məsələn, günlərin bir günü kontoruma gələn və Qısqacın təkəbbürlə “müştərim” adlandırdığı bir nəfərin əslində kreditor, iddia edilən mülk sənədinin isə adi qəbz olduğundan adım kimi əmin idim. Bütün uğursuzluqlarına, zəhlətökənliklərinə baxmayaraq, Qısqac da yoldaşı Hinduşka kimi dəyərli bir işçi idi, sənədləri səliqəli xətlə və sürətlə köçürürdü. Üstəlik istəyəndə özünü centlmen kimi apara bilirdi. O, əsl centlmen kimi geyinir, bununla da istəmədən də olsa, kontorumun hörmətini artırırdı. Hinduşkanın isə əksinə bu yolla nüfuzuma ciddi zərər vura biləcəyindən narahat idim. Onun yeməkxana iyi çökmüş paltarları həmişə çirkdən parıldayırdı. Yayda şalvarları torba kimi sallaq və ütüsüz olardı. Paltosu bərbad vəziyyətdə idi, şlyapasına iyrənmədən toxunmaq mümkün deyildi. Düzü, Hinduşkanın şlyapası o qədər də vecimə deyildi, çünki o, təbiətən nəzakətli və qaydalara bağlı bir ingilis olduğu üçün hələ kontora daxil olmamış şlyapasını çıxardırdı. Paltoya görə isə onu dəfələrlə əbəs yerə məzəmmət eləmişdim. Bəlkə də Hinduşka kimi kiçik gəlirli bir insan üçün bu cür parlaq çöhrəyə və parlaq paltoya eyni vaxtda sahib olmaq çətin idi. Qısqacın da bir dəfə dediyi kimi, Hinduşka pulunun çoxunu qırmızı mürəkkəbə xərcləyirdi. Bir qış günü, olduqca gözəl görünən, boğazdan dizə qədər düymələnən, boz rəngli, isti, pambıq paltomu Hinduşkaya təqdim elədim. Elə bilirdim, o bu yaxşılığımı qiymətləndirib nahardan sonrakı ipə-sapa yatmaz tələskənliyini azaldar. Amma yox. Hinduşka yumşaq və yorğan kimi isti paltonun içində daha da azğınlaşdı. Arpası artıq düşən at harınlayar. O, varı həzm eləyə bilməyən insanlardan idi.
Hinduşkanın gizli vərdişləri haqqında öz fərziyyələrim olsa da, bütün qüsurlarına baxmayaraq, Qısqacın içki düşkünü olmadığını bilirdim. Doğulduğu gündən əsəbi, brendi kimi acı xasiyyətə məhkum edilmiş Qısqaca şərabı təbiət özü içirmişdi, odur ki, əlavə içkiyə ehtiyac qalmırdı. Qısqacın kontorun ən səssiz-səmirsiz vaxtlarında qəfildən yerindən sıçrayıb qollarını geniş açaraq qucaqladığı stolu qaldırıb var-gücü ilə silkələdikdən sonra yerlə sürüdüyünü xatırladıqca başa düşürəm ki, onun üçün su ilə brendi arasında heç bir fərq yoxdur.
Xoşbəxtlikdən, Qısqacın mədə pozulmasından irəli gələn əsəbiliyi əsasən səhər saatlarına təsadüf edilirdi, günortadan sonra o nisbətən sakit olurdu. Hinduşkanın tutmaları isə saat on ikidən sonra tuturdu. Beləliklə, hər ikisinin qəribəliklərinə eyni vaxtda dözməli olmurdum. Katiblərin tutmaları növbətçi əsgərlər kimi bir-birini əvəz edirdi. Qısqac işə düşəndə, Hinduşka susurdu, Hinduşka coşanda Qısqac. Bu təbii nizam lap yerinə düşmüşdü.
Adını çəkdiyim üçüncü işçi – Zəncəfilli Kökə on iki yaşında cavan oğlan idi. Onun faytonçu atası ölməmişdən əvvəl oğlunu araba üstündə yox, hakim kürsüsündə görmək istəyən şöhrətpərəst bir insan idi. Odur ki, Zəncəfilli Kökəni həftədə bir dollar müqabilində şəyird, əlaltı, xidmətçi və süpürgəçi kimi işləməyə mənim kontoruma göndərmişdi. Heç vaxt istifadə eləməsə də, Zəncəfilli kökənin kiçik bir stolu da var idi, siyirməsindən həmişə çoxlu çərəz qabığı çıxardı. Doğrudan da, ali hüquq elmi bu iti zehinli yeniyetmənin gözündə fındıq qabığı qədər dəyərli idi. Zəncəfilli Kökənin xüsusi canfəşanlıqla yerinə yetirdiyi ən vacib vəzifələrindən biri də Qısqac və Hinduşkanı alma və kökə ilə təmin etmək idi.
Məlum olduğu kimi, hüquqi sənədlərin surətini çıxarmaq çox quru və cansıxıcı işdir, buna görə də katiblərim boğazlarını yaşlamaq üçün Zəncəfilli Kökəni Gömrük binası və Poçt İdarəsinin yaxınlığındakı dükanların çoxunda satılan spitzenberger sortlu almanın dalınca yollayırdılar. Onu adını daşıdığı girdə, hamar, qədərindən artıq ədviyyatlı kökəni almağa da tez –tez göndərirdilər. Soyuq qış günlərində iş həddən artıq darıxdırıcı olanda, kökələri vafli kimi üst-üstə yığıb (doğrudan da beş-altı kökə bir penniyə satılırdı) yeyən Hindişkanın ağzının marçıltısı qələminin xışıltısına qarışırdı. Onun günortadan sonra elədiyi səhvlərin və ehtiyatsızlıqların ən kobudu bir dəfə zəncəfilli kökəni dodaqlarının arasında isladıb girov sənədinə möhür yerinə yapışdırmağı olmuşdu. Az qala onu işdən qovacaqdım. Lakin o, şərqsayağı təzim edərək: “bağışlayın ser, sizi öz hesabıma dəftərxana ləvazimatları ilə təmin etdiyim üçün mənə hətta təşəkkür borclusunuz” deməklə məni yumşalda bilmişdi. Kansler məhkəməsinin məmuru vəzifəsinə təyin edildikdən sonra, daşınmaz əmlak, mülkiyyət və digər anlaşılmaz hüquqi sənədlərlə əlaqədar işlərim xeyli artmışdı. Təkcə katibləri tələsdirmək yox, həm də kənardan kömək almaq lazım idi.
Verdiyim elanın cavabında bir səhər kontorun kandarında, yay vaxtı olduğu üçün açıq qapının qarşısında cavan bir oğlanın hərəkətsiz dayandığını gördüm. Onun səliqəli görkəmi, acınacaqlı əlacsızlıq, tənhalıq yağan solğun və bezgin çöhrəsi indi də gözümün qabağına gəlir. Batlbi idi.
İxtisası ilə bağlı bir neçə sual verdikdən sonra onu işə qəbul etdim. Belə sakit bir adamın katiblərimin sırasına qoşulacağına sevinirdim. Mənə elə gəlirdi ki, o, hərdəmxəyal Hinduşkaya da, qəzəbli Qısqaca da yaxşı nümunə ola bilər.
Onu da demək yadımdan çıxıb ki, tutqun şüşəli qoşalaylı qapı kontorumu iki hissəyə ayırırdı. Bir tərəfdə katiblərim, o biri tərəfdə isə mən özüm işləyirdim. Əhval ruhiyyəmdən asılı olaraq, qapını gah açır, gah da örtürdüm. Bartlbini öz tərəfimdən ikilaylı qapının yanındakı küncdə yerləşdirmək qərarına gəlmişdim. Beləliklə, tələsik bir işim olanda, asanlıqla bu sakit adamı səsləyə bilərdim. Bartlbinin stolunu əvvəllər çirkli həyətlərə və his tutmuş kərpiclərə baxan, hündür binalar ucaldıldıqdan sonra isə, otağı bir az işıqlandırsa da, heç bir mənzərəni əks etdirməyən pəncərənin yanında əyləşdirdim. Pəncərədən üç fut aralıda divar var idi, işıq yuxarıdan iki hündür binanın arasından düşürdü. Sanki kiçik bir dəlikdən qaranlıq kümbəzə işıq sızırdı. Tam rahatlığa nail olmaq üçün yaşıl rəngli uzun bir pərdə də aldım. Bu pərdə Bartlbinin gözümdən gizlədəcək, eyni zamanda onun məni eşitməyinə mane olmayacaqdı. Beləliklə, həm məhrəmliyə, həm də birgə yaşayışa nail olacaqdıq.
Əvvəllər Bartlbi ağlasığmaz dərəcədə çox yazırdı. Elə bil, neçə vaxtdır, sənədlərin üzünü köçürməyin həsrətində imiş. O sənədləri acgözlüklə udur, fasilə verib yediklərinin həzm olunmasını isə gözləmirdi. O, gecə-gündüz gün işığında və şam işığında işləyirdi.
Ruh yüksəkliyi ilə işləsəydi, Bartlbinin bu işgüzarlığı məni həddən artıq sevindirərdi. Amma o, səssiz-səmirsiz, laqeydliklə, cansız maşın kimi işləyirdi. Üzü köçürülmüş nüsxəni sözbəsöz oxuyub yoxlamaq katiblərin gördüyü işin ayrılmaz hissəsidir. Kontorda tək olmayanda, onlar bu işdə bir-birlərinə kömək edirdilər. Katiblərdən biri nüsxəni ucadan oxuyur, digəri isə sənədin əslinə baxırdı. Bu, çox darıxdırıcı, yorucu, yuxu gətirən işdir. Təsəvvür edirəm ki, qaynar təbiətli insanlar üçün bu iş necə dözülməz ola bilər.
Məsələn, Bayron kimi ehtiraslı bir şair Bartlbi ilə yanaşı əyləşib, buruq xətlə, sıx-sıx yazılmış, deyək ki, beş yüz səhifəlik bir hüquqi sənədi yoxlamaq istəməzdi. Təcili iş olanda qısa sənədləri özüm tutuşdurub katiblərə kömək etməyə vərdiş eləmişdim. Bu məqsədlə Qısqac və Hinduşkanı yanıma çağırırdım. Bartlbini özümə belə yaxın əyləşdirməyimin məqsədlərindən biri də belə tələsik məqamlarda onun yardımından faydalanmaq idi. Səhv eləmirəmsə, Bartlbinin kontordakı üçüncü iş günü idi. Hələ onun köçürdüyü nüsxələri yoxlamaq zəruriyyəti yaranmamışdı. Əlimdəki kiçik bir işi təcili bitirmək istəyirdim, Bartlbini səslədim.
Tələsdiyimdən və haqlı olaraq katibimin dərhal itaət edəcəyini gözlədiyimdən gözümü stolun üstündəki vərəqlərdən ayırmadan, sağ əlimdəki nüsxəni əsəbi halda irəli uzatdım ki, yubanmadan öz sığınacağından çıxan Bartlbi dərhal sənədi götürüb işə başlaya bilsin. Elə bu vəziyyətdə də onu çağırıb nə istədiyimi, yəni mənimlə birlikdə kiçik bir sənədi yoxlamalı olduğunu tələsik izah elədim. Bartlbi yerindən qımıldanmadan mülayim amma qətiyyət dolu bir səslə: Yoxlamamağa üstünlük verərdim deyə cavab verəndə necə təəccübləndiyimi, daha doğrusu dəhşətə gəldiyimi təsəvvür etmək çətin deyil.
Bir anlıq heyrət içində səssiz-səmirsiz oturub özümə gəlməyə çalışdım. Birdən ağlıma gəldi ki, bəlkə də səhv etmişəm, ya da Bartlbi nə dediyimi tam başa düşməyib. Sözləri daha aydın tələffüz etməyə çalışaraq xahişimi təkrar elədim. Onun cavabı bu dəfə də çox aydın səsləndi: “Yoxlamamağa üstünlük verərdim”
“Yoxlamamağa üstünlük verərdim?” - həyəcandan yerimdə dura bilməyib ayağa qalxdım və ona doğru iri bir addım atdım. – Nə demək istəyirsən? Ağlını itirmisən? Sənədləri tutuşdurmağa kömək eləməlisən. Al, götür. – əlimdəki nüsxəni katibə uzatdım.
- Yoxlamamağa üstünlük verərdim.
Diqqətlə Bartlbiyə baxdım. Arıq üzünün təmkinli ifadəsi dəyişməmişdi, ala gözləri sakit və donuq nəzərlərlə baxırdı, simasından zərrəcə narahatlıq sezilmirdi. Əgər hərəkətlərində zərrəcə təşviş, qəzəb, hövsələsizlik, qabalıq, bir sözlə insani əlamət görsəydim, heç şübhəsiz onu düşünmədən bayıra atardım. Amma indi onu qovmaq gipsdən yapılmış Siseron heykəlini küçəyə atmaqdan fərqlənməyəcəkdi. Bartlbi yazı masasının arxasına keçdi. Bir müddət ona baxdıqdan sonra mən də öz yerimə qayıtdım. Çox qəribədir! İndi nə edim? – mən fikirləşdim və əlimdə təcili işim olduğuna görə, hələlik bu məsələni unudub, həlli barədə boş vaxtım olanda düşünmək qərarına gəldim. Qonşu otaqdan Qısqacı çağırdım, tezliklə sənədi yoxlayıb hazır elədik.
Bir neçə gün sonra Bartlbi dörd iri həcmli sənədin üzünü köçürüb qurtardı. Kansler məhkəməsinin məmuru kimi topladığım şahid ifadələrindən ibarət bu dörd nüsxəni təcili tutuşdurmaq lazım idi. Söhbət çox vacib bir məhkəmə çəkişməsindən getdiyindən, bu iş çox böyük diqqət tələb edirdi. Hər şeyi hazırladıqdan sonra qonşu otaqdan Hinduşka, Qısqac və Zəncəfilli Kökəni çağırdım. Nüsxələri işçilərimə paylayıb sənədin əslini özüm oxumaq istəyirdim. Hinduşka, Qısqac və Zəncəfilli kökə əllərində kağız sıra ilə yanaşı əyləşdikdən sonra bu maraqlı qrupa qoşulmaq üçün Bartlbini çağırdım:
- Bartlbi, cəld ol, gözləyirəm.
Stul xalısız döşəməyə sürtülüb astadan cırıldadı, çox keçmədən o tənha hücrəsinin girəcəyində peyda oldu.
- Nə tələb olunur? - mülayim səslə soruşdu.
- Nüsxələr, nüsxələr! – mən tələsik dedim. – Nüsxələri yoxlamaq lazımdır. Budur...
- Yoxlamamağa üstünlük verərdim – o sakitcə dedi və pərdənin arxasında gözdən itdi.
Bir anlıq cərgəylə düzülmüş işçilərimin başı üzərində donub qaldım. Sonra özümü ələ alıb bu qəribə davranışına görə Bartlbidən izahat tələb etmək üçün pərdəyə yaxınlaşdım.
- Niyə yoxlamaq istəmirsən?
- Yoxlamamağa üstünlük verərdim.
Başqası olsaydı, dərhal özümdən çıxar, əlavə sözə ehtiyac duymadan yaxasından tutub bayıra atardım, lakin Bartlbidə məni tərki silah edən, hətta təsirləndirib kədərləndirən nə isə var idi, dilə tutmağa çalışdım:
- İndi sənin yazdığın nüsxələri yoxlayacağıq. Bu sənin işini asanlaşdıracaq, çünki dörd nüsxəni bir dəfəyə bitirəcəyik. Qayda belədir ki, hər katib öz yazdığını yoxlamalıdır. Elə deyil? Niyə susursan? Cavab ver!
- Yoxlamamağa üstünlük verərdim.
Danışdıqca hiss edirdim ki, Bartlbi ağzımdan çıxan hər sözü diqqətlə götür-qoy edir. Deməli, nə demək istədiyimi başa düşmüş, vardığım qənaətlə də razılaşmışdı, amma hansısa daha ümdə bir prinsipə tabe olub dediyindən dönmürdü.
- Deməli, fikrin qətidir. Nə məntiqə, nə də ümumi qaydalara zidd olmayan xahişimi yerinə yetirməyəcəksən. Bartlbi yanılmadığımı göstərmək üçün qısa cavab verdi. Bəli, qərarından dönməyəcəkdi.
Gözlənilmədən ağlasığmaz etirazla qarşılaşan insan çox vaxt öz haqlılığından şübhəyə düşür, yanında kimsə varsa, üzünü ona tutub tərəddüdlərindən xilas olmaq üçün kömək istəyir.
- Hinduşka, - mən dilləndim. - Səncə, haqlı deyiləm?
- Bağışlayın, ser – Hinduşka nəzakətlə cavab verdi – Zənnimcə, siz tamamilə haqlısınız.
- Qısqac, mən dedim. Bəs səncə?
- Məncə, təpiyi vurub onu burdan qovmalıyam.
Sözsüz ki, dərrakəli oxucum başa düşəcək ki, səhər saatları olduğu üçün Hinduşka sakit və nəzakətli, Qısqac isə qəzəbli idi.
- Zəncəfilli kökə, - mən hər kəsi öz tərəfimə çəkmək həvəsilə dedim. - Bəs sən nə fikirləşirsən?
- Mən fikirləşirəm ki, ser, o bir az ağıldan kəmdi. – Zəncəfilli Kökə irişə-irişə cavab verdi.
- Eşidirsən, nə deyirlər? – üzümü pərdəyə tutub dedim.
Bartlbi cavab verməyə lüzum görmədi.
Yenə çaşıb qalmışdım, yenə təcili işlər məni gözləyirdi. Odur ki, bu dilemmanın həllini başqa vaxta saxlamaq qərarına gəldim.
Çətinliklə də olsa, sənədləri Bartlbinin köməyi olmadan yoxlayıb bitirdik. Hinduşka hər iki –üç səhifədən bir məsləyə öz münasibətini bildirir, “belə yaramaz”, “bu düzgün deyil” deyirdi. Qısqac isə mədəsindəki narahatlığın ucbatından stulda dartına-dartına tez – tez dişlərini qıcayıb, fısıldaya-fısıldaya pərdənin arxasındakı höcət gisbəsərə lənətlər yağdırırdı. O, birinci və axırıncı dəfə idi ki, başqasının işini havayı görürdü.
Bu müddət ərzində Bartlbi öz işindən başqa hər şəyə qulaqlarını və gözlərini qapayıb tənha hücrəsində əyləşmişdi.
Bir neçə gün ötdü. O, daha bir iri həcmli sənədin üzünü köçürüb qurtarmışdı. Anlaşılmaz hərəkətlərinə görə Bartlbini daha diqqətlə müşahidə etməyə başlamışdım. Sən demə, o, nahara getmirmiş. Daha doğrusu, heç vaxt heç yana getmirmiş. Onun kontorda olmadığını bir dəfə də görməmişdim. Bartlbi öz küncünün dəyişilməz qarovulçusu idi, lakin təxminən səhər saat 11-də Zəncəfilli Kökə Bartlbinin pərdəsini aralayırdı. Sanki Bartlbi onu heç bir söz demədən başının işarəsi ilə pərdənin arxasından hərəkətə gətirirdi. Sonra oğlan bir neçə pennini cingildədə-cingildədə kontordan çıxır, ovuc dolusu zəncəfilli kökə ilə geri qayıdır, əlindəkiləri hücrəyə çatdırır, zəhmətinin əvəzində iki kökə alırdı. “Deməli zəncəfilli kökə ilə dolanır” – mən düşündüm.
Demək olar, nahar eləmir. Bəlkə də vegeteriandır. Amma yox, axı o heç tərəvəz də yemir. Zəncəfilli kökədən başqa heç nə. Yalnız zəncəfilli kökə ilə qidalanmağın insan orqanizminə mümkün təsirləri haqqında düşünməyə başladım. Əlbəttə, içində çoxlu zəncəfil olmasaydı, öz ətrini əsasən bu ədviyyatdan almasaydı, bu şirniyyata zəncəfilli deməzdilər. Bəs zəncəfil nədir? Acı və kəskin dadlı ədviyyat. Bartlbidə acılıq və kəskinlikdən əsər-əlamət varmi? Yox, qətiyyən. Görünür, zəncəfilin Bartlbiyə heç bir təsiri olmamışdı. Olsun ki, o, heç bir təsirin olmamağına üstünlük vermişdi.
Vicdanlı insanları heç nə passiv müqavimət qədər əsəbiləşdirmir. Əgər müqavimət göstərən tərəfin passivliyi ziyansızdırsa, müqavimətlə üzləşən, az-çox insani xüsusiyyətlərdən mərhum olmayan şəxs səbri çatdığınca rəhmdillik göstərərək məntiqi ilə anlamadığını təxəyyülünün gücü ilə başa düşməyə çalışar. Mən də Bartlbiyə əsasən bu cür münasibət bəsləyirdim. Yazıq! – mən düşünürdüm. Aydındır ki, kobudluq eləmək istəmir. Üzünün ifadəsindən görünür ki, qəribəlikləri özündən asılı deyil. Gərəyim olur, onunla keçinə bilərəm. İşdən azad eləsəm, mərhəmətsiz bir müdirin əlinə düşə, pis rəftarla üzləşə, hətta aclığa məhkum ola bilər. Bəli içdən-içə özümlə qürrələnmək üçün asan yol tapmışdım. Bartlbiyə dostyana münasibət göstərmək, onun qəribə inadkarlığına göz yummaq mənim üçün çox ucuz, hətta pulsuz başa gələcəkdi, əvəzində yeri gələndə vicdanımı rahatlatmaq üçün əlimdə əsasım olacaqdı, lakin bu ovqatı həmişə qoruyub saxlaya bilmirdim. Bartlbinin laqeydliyi məni əsəbiləşdirirdi. Onu qəsdən qıcıqlandırmağa, mənə sərt cavab verməyə, özündən çıxmağa təhrik etmək istəyirdim. Sabun parçasından qığılcım çıxartmaq Bartlbinin sakitliyini pozmaqdan dada asan idi, lakin bir axşam içimdəki şeytani hissə müqavimət göstərə bilmədim:
- Bartlbi, - mən dedim – üzü köçürüldükdən sonra bu sənədləri səninlə birlikdə yoxlayacağıq.
- Yoxlamamağa üstünlük verərdim.
- Nə? Hələ tərsliyindən əl çəkməmisən?
- Cavab gəlmədi. Qapını taybatay açdım, üzümü Hinduşka və Qısqaca tutdum:
- Bartlbi, ikinci dəfədir, sənədləri yoxlamaqdan imtina edir. Hinduşka, buna nə deyirsən?
Günortadan keçmişdi, Hinduşka mis qazan kimi qızarmışdı, keçəl başından tüstü qalxırdı, əlləri ləkəli kağızların üstü ilə valay vururdu.
- Nə deyirəm? – Hinduşka kükrədi. – Deyirəm ki, bu dəqiqə pərdənin arxasına keçib gözünün altını göyərdəcəm!
O, bunu deyib ayağa qalxdı, qollarını pəhləvanlar kimi iki yana açıb vədinə əməl eləməyə tələsdi. Ehtiyatsızlıq edib nahardan sonra aşıb-daşan döyüşkənliyini oyatdığım üçün təəssüflənib Hinduşkaya mane oldum.
- Hinduşka, əyləş. Görək, Qısqac nə deyir. Qısqac sən nə fikirləşirsən, Bartlbini dərhal işdən azad etmək üçün əlimdə kifayət qədər əsas yoxdurmu?
- Ser, buna yalnız siz qərar verə bilərsiniz. O özünü qəribə aparır, doğrudan da mənə və Hinduşkaya qarşı haqsızlıq edir, amma bəlkə də şıltaqlığı müvəqqətidir, bir müddət sonra ötüb keçəcək.
- Aha! – mən bağırdım. - Qəribədi, deməli fikrini dəyişmisən. İndi də onu müdafiə edirsən!
- Pivədəndi – Hinduşka qışqırdı. – Mülayimlik pivənin təsiridi. Bu gün birlikdə nahar eləmişik. Ser, görürsünüz mən necə mülayiməm? Gedim gözünün altını qaraldım?
- Bartlbinin? Yox, Hinduşka, bu gün yox. Xahiş edirəm yumruqlarını endir.
Qapını örtüb Bartlbiyə tərəf getdim. Bəxtimi sınamaq həvəsim daha da artmışdı. Yeni müqavimətlə üzləşmək üçün yanıb tutuşurdum. Yadıma düşdü ki, Bartlbi heç vaxt kontordan çıxmır.
- Bartlbi – mən dedim – Zəncəfilli kökə gedib. Zəhmət olmasa, Poçt İdarəsinə get soruş, mənə nəsə göndərən varmı.
- Getməməyə üstünlük verərdim.
- Getmirsən?
- Getməməyə üstünlük verərdim.
Səndələyə-səndələyə yerimə gedib, düşüncələr içində yazı stolumun arxasında əyləşdim. Ram edilməz inadkarlığım təslim olmaq istəmirdi. Bu arıq, ac-yalavac məxluqdan – hər ay məvacib ödədiyim işçimdən təhqiramiz cavab eşitmək üçün daha neyləyə bilərdim? Daha hansı haqlı xahişimi yerinə yetirməkdən imtina edə bilərdi?
- Bartlbi.
Səssizlik.
- Bartlbi.
Cavab gəlmir.
- Bartlbi.
Cadugərlik ənənəsinə uyğun olaraq, əsl ruh kimi adı üç dəfə çəkildikdən sonra katib hücrəsinin girəcəyində peyda oldu.
- Qonşu otağa get, Qısqacı yanıma çağır.
O, astadan: - Getməməyə üstünlük verərdim- deyib yavaşca xəlvətə çəkildi.
Yaxşı, Bartlbi – mən soyuqqanlı, aydın, ciddi səsimlə ona qarşısıalınmaz, dəhşətli qisasımın gecikməyəcəyini başa salmaq istəyirdim. O vaxt qismən də olsa belə bir niyyətim var idi. Nahar vaxtı çatanda isə ən yaxşısı şlyapamı başıma qoyub çaşqınlıq və qəm-qüssə içində evə sarı addımlamaqdır deyə düşündüm.
Etiraf edim? Həmin gündən sonra, hamı kimi bir səhifəsi (yüz söz) dörd sentə sənədlərimi köçürən, Bartlbi adlı solğun bənizli gənc katibin otağımın küncündə bir masasının olduğu və onun öz köçürdüyü işi yoxlamaqdan azad olduğu kontorun dəyişilməz faktına çevrildi. Onun işini yoxlamaq şərəfi isə, heç şübhəsiz daha iti zəkaları müqabilində mükafat kimi Hinduşka və Qısqaca həvalə edilmişdi. Bundan başqa Bartlbi heç bir vəchlə xırda para işlərin ardınca göndərilə bilməzdi. Hamı bilirdi, ki yalvarsan da, Bartlbi getməməyə üstünlük verəcək, başqa sözlə qəti surətdə boyun qaçıracaqdı. Günlər ötdükcə Bartlbinin qəribəlikləri ilə barışmağa başlayırdım. Təmkini, pis vərdişlərdən uzaqlığı, bitib –tükənməz çalışqanlığı (pərdənin arxasında xəyallara daldığı anlar istisna olmaqla), hədsiz təvazökarlığı, hər şəraitdə dəyişməz qalan davranışı onu qiymətli tapıntıya çevirirdi.
Ən əsası o həmişə işdəydi. Səhər hamıdan tez gəlir, axşam hamıdan sonra gedirdi. Qəribədir ki, onun dürüstlüyünə zərrəcə şübhə eləmirdim. Ən vacib sənədlərimi çəkinmədən ona etibar edirdim. Düzü, bəzən ona qəzəblənməyə bilmirdim. Bartlbinin qəribəliklərini, kontorumda qalmaq üçün heç bir söz demədən kəsdiyi şərtləri, məndən qopardığı görülməmiş imtiyazları xatırla-xatırlaya yaşamaq asan deyildi. Təcili bir işi tez bitirmək istəyəndə bəzən özümü unudub, deyək ki, sənədləri bağlayarkən barmağını qırmızı lentin üstünə qoymaq üçün Bartlbini çağırırdım. Əlbəttə ki, pərdənin arxasından həmişəki cavab eşidilirdi: eləməməyə üstünlük verərdim. Adi insan bu cür tərsliyin qarşısında bağırmaya bilərdimi? Aldığım hər rədd cavabı mənə bir daha bu cür unutqanlığa yol verməməli olduğumu öyrədirdi.
(Ardı var)
Tərcümə: Ülkər Nəsibbəyli