Kulis.Az Enrike Vila-Matasın “Bartlbi və kompaniya” romanından seçmələrin VIII hissəsini təqdim edir. Roman bir neçə il bundan qabaq çap edilsə də kult romanlardan hesab olunur. Bol esseistik parçalarla zəngin olan roman yazmayan yazıçılar haqqındadır.
57) Bitirilməmiş şeirlər toplusu olan sinif yoldaşım Luis Felipe Pinedanı əla xatırlayıram.
Sanki məktəb dəbinin və davranış qanunlarının yaradıcısı olmaq istəyən Pinedanın düymələri açıq formada sinfə girdiyi 1963-cü ilin fevral gününü də həmişə xatırlayacağam.
Biz formaya nifrət edirdik, ən çox da tam düymələnmiş şəkildə gəzmək göstərişinə nifrət edirdik.
Ona görə Pinedanın görünüşü bütün sinfi, xüsusən də məni valeh etdi. Məhz o zaman mən özüm üçün çox şeyləri açmağa başlamışdım – ilk növbədə məndə istənilən formal qaydalara nifrət oyanmışdı, bu sonralar da mənim həyatımda vacib rol oynayırdı.
Bəli, Pinedanın gəlişi mənim yaddaşımda əbədi həkk olundu. Üstəlik müəllimlərdən heç biri sanki heç nə görmədi, heç biri ona artıq söz demədi. Bizsə Pinedaya “təzəgələn” deməyə başladıq, çünki o, məktəbimizə dərs ilinin ortasında gəlmişdi. Beləliklə, onu cəzalandırmadılar, bu da artıq hamıya məlum olan faktı təsdiqlədi: Pinedanın ailəsi çox yüksək yer tutur, valideynləri isə məktəbə çoxlu pul yatırırlar, bununla da məktəbi idarə edən insanların hörmətini qazanıblar.
Deməli, həmin gün – biz altıncı sinifdə oxuyurduq – Pinedanın məktəbə ilk gəlişində o, məktəb forması geyimində dərhal yeni dəb yaratdı, həm də nizam-intizama yeni münasibəti formalaşdırdı, biz hamımız ona valeh olmuşduq, xüsusən də mən – Pinedanın cəsarətli hərəkətindən sonra mən ona vuruldum, çünki onu gözəl, qeyri-adi, müasir, ağıllı, qocaq və ən başlıcası xaricilər kimi parlaq sanırdım.
Növbəti gün mən onun başqaları kimi olmadığına birdəfəlik inandım. Mən altdan-altdan ona baxanda birdən mənə elə gəldi ki, onun simasında xüsusi cizgilər var: məsələn, bizlərə xas olmayan özünəəminlik və ağıl ifadəsi. O, nəzərlərini dəftərə zilləyəndə sinif tapşırığını yerinə yetirən şagirdə yox, mühüm elmi problemlərlə məşğul olan tədqiqatçıya oxşayırdı. Amma mənə elə gəldi ki, onun simasında həm də nəsə qadınsallıq var. Düzdür, sonra bu sima mənə nə kişi, nə uşaq, nə qoca, nə cavan siması kimi göründü. Bu sima mənə minillik, yaşın fövqündə olan, bizə, adi öləri insanlara xas olmayan cizgilərlə əhatə olunmuş bir sima kimi göründü.
Mən onun kölgəsi, dostu olmaq qərarına gəldim, ona xas olan qeyri-adiliyin heç olmasa balaca bir hissəsini mənimsəmək qərarına gəldim. Bir dəfə dərsdən sonra məktəbdən çıxıb başqa uşaqların getməsini gözlədim, sonra isə öz utancaqlıq və natamamlıq kompleksimlə (ilk növbədə, əlbəttə, qozbel olduğuma görə) əzablı mübarizə apararaq Pinedaya yaxınlaşıb dedim:
- Bəlkə bir yerdə gedək?
- Gedək! – deyə o çox təbii və hətta sadəlövh tonla cavab verdi və mən onun səsində simpatiyaya bənzər bir şey eşitdim.
Pineda sonacan heç bir halda heç bir vaxt məni “Qozbel” adlandırmayan yeganə sinif yoldaşım olaraq qaldı. Mən ondan heç vaxt bunun “niyə?”sini soruşmurdum, amma bir dəfə o özü ciddi və hətta bir qədər yuxarıdan aşağı tərzdə bunun izahını verdi. Bu sözləri heç vaxt unutmaram:
- Ən böyük hörmətə layiq insan hər hansı bir fiziki qüsurdan əzab çəkən insandır.
O lap böyüklər kimi, daha doğrusu, istənilən böyükdən qat-qat yaxşı danışırdı. Çünki onun tərzində təbii alicənablıq var idi. Əvvəllər mənimlə heç kim belə danışmamışdı, yadımdadır, onun bu sözlərindən sonra mən duruxdum və uzun müddət ərzində bircə söz belə deyə bilmədim. O da susurdu, sonrasa qəfildən soruşdu:
-De görüm, musiqiyə qulaq asırsan? Hansına? Ümidvaram, sən qabaqda gedənlərdənsən?
Bunu deyib o dərhal güldü, özü də kobud tərzdə, sanki kəndli ilə söhbət etmək üçün ayaq saxlamış şahzadə var gücü ilə ona uyğunlaşmağa çalışır.
- Necə yəni – qabaqda gedənlərdən?
-Yəni təzə şeylərdən xəbərdar olub dəbdən geridə qalmamağa çalışmaq, vəssalam. Bəs oxumaq necə, kitab oxumağı sevirsən?
Özümü gülüş obyektinə çevirməmək üçün onun sualına doğru cavab verə bilməzdim, axı oxumaq baxımından işlərim heç də yaxşı getmirdi, bunu özüm də pis-yaxşı anlayırdım, onu da anlayırdım ki, burada başqasının məsləhəti, başqasının köməyi olmadan keçinə bilmərəm. Öz ədəbi zövqüm haqqında doğru-dürüst danışa bilməzdim, çünki o zaman dəlicəsinə sevgi arzuladığımı və bu səbəbdən ən çox bəyəndiyim kitabın Mişel Kuastın “Eşq yaxud Daninin gündəliyi” olmasını etiraf etmək zorunda qalardım. Musiqi ilə də eynən: axı necə deyə bilərdim ki, əsasən mahnısının sözlərini bəyəndiyim Mari Triniyə qulaq asıram: “De, kim on beş yaşındaykən özünü qucmağa imkan verməz? De, kim şeir yazmaz, tənha olmaz?”.
- Ümumiyyətlə, mən özüm də bəzən şeir yazıram, – deyə dilləndim, amma Mari Trininin mahnılarından ilham aldığım barədə susdum.
- Şeir? Nə şeir?
- Məsələn dünən “Yağışlı havada tənhalıq” adlı birini yazmışam.
O yenə də uğunub güldü, yenə də kəndli ilə söhbət etmək üçün ayaq saxlamış və ona uyğunlaşmağa çalışan şahzadə kimi.
- Mən də şeir yazıram, amma, bilirsən, heç vaxt onları bitirmirəm, – dedi Pineda. – Bu mənim üslubumdur: yalnız birinci sətri yazmaq – vəssalam. İndi haradasa əlli dənə yığılıb. Təssəvvür et, əlli dənə başlanıb atılmış şeir! İstəyirsən, gedək bizə göstərim. Anladın? Mən heç vaxt şeirləri bitirmirəm, amma, doğrusu, hətta oturub bir şeiri tam yazsaydım belə, mən onu heç vaxt tənhalığa həsr etməzdim. Tənhalıq əfəllərin, ağlayıb-sızlayanların mövzusudur, sən yəqin bunu bilmirdin. Tənhalıq – ucuzlu ştampdır. Gedək bizə, mən sənə öz şeirlərimi göstərim.
-İndi başa sal görüm, niyə sən onları axıracan yazmırsan? – təxminən bir saat sonra Pinedagilin evində mən ondan soruşdum.
Biz ikimiz onun geniş otağında oturmuşduq, mən isə Pinedanın gözəl valieynləri tərəfindən gözəl qəbulun təsiri altında idim.
O heç nə cavab vermədi və sanki artıq burada deyildi, tutqun baxışlarla bağlı pəncərəyə baxırdı, bir qədər sonra o siqaret çəkməyin təbi gəldiyini qərara alıb pəncərəni açdı.
- Niyə şeirlərini bitirmirsən? – deyə sualımı təkrar etdim.
- Qulaq as, – nəhayət, o dilləndi, – əvvəl biz səninlə siqaret çəkəcəyik. Sən artıq çəkirsən?
- Hə, – dedim yalandan, çünki ayda-ildə bir dəfə çəkirdim.
- Gəl tüstülədək, sonra isə artıq suallar verməsən mən sənə bir şey göstərəcəyəm. Sənsə bu barədə nə düşündüyünü səmimi şəkildə deyərsən...
O yazı masasının siyirtməsindən tütünlə kağız çıxardı, sonra siqaret bükdü, sonra birini də mənim üçün bükdü. Sonra pəncərəni açdı, biz də başımızı bayıra çıxarıb siqaret çəkdik. Dinmədən. Pineda musiqi cihazına yaxınlaşıb Bob Dilanın valını qoydu. Val Londondan gətirilmişdi, o mənə başa saldı ki, belə valları yalnız əsl xarici disklər satan xüsusi Barselona dükanından almaq olar. Bob Dilana qulaq asarkən gördüyüm hər şeyi çox gözəl xatırlayıram. Pineda isə tamamilə özünə daldı. Yadımdadır, onun gözlərini yummağını, görkəminin dəyişdiyini, musiqi axınına qoşulduğunu müşaiyət edərkən çox heyrətləndim. Bəs mən? Mən heç vaxt özümü bu qədər tənha hiss etməmişdim və hətta fikirləşdim ki, bu növbəti şeirimin mövzusu ola bilər.
Ən maraqlısı isə bir qədər sonra oldu: Pineda gözlərini açıb bir nöqtəyə zillədi, onun baxışları sanki qəlbinə, yaxud harasa uzaqlara dikilmişdi. Mən qarşımda əsl xarici olduğuna and içməyə hazır idim, o hətta dinlədiyi vallardan, Bob Dilanın musiqisindən daha orijinal idi. Dilan isə məni o qədər də tərpətmədi. Bunu təzə dostuma da dedim.
- Sadəcə sən onun mahnılarının sözlərini anlamırsan, – dedi Pineda.
- Bəs sən özün anlayırsan?
- Yox, amma xoşuma gələn də elə məhz budur, çünki istədiyimi xəyal edə bilərəm, bu məni hətta şeir, daha doğrusu, onun ilk sətrini yazmağa ilhamlandırır, mən heç vaxt heç nəyi yazıb bitirmirəm. Baxmaq istəyirsən?
O, yazı masasının həminki siyirtməsindən üstünə “Bitirilməmiş şeirlər arxivi” yazılmış göy qovluq çıxardı.
Əlli kağız parçasının üstünə qırmızı mürəkkəblə yazılmış bu atılmış şeirlər çox gözəl yadımdadır. Bütün şeirlər yalnız ilk sətirdən ibarət idi. Mən indiyədək onların bəzilərini xatırlayıram:
Sadəliyimin tvistini sevirəm.
Hamı kimi olmaq necə də gözəl olardı.
Deməzdim ki, mən cücüyəm.
Bütün bunlar mənə dəhşət təsir etdi. Bu yeniyetməliyimin ən parlaq xatirəsidir desəm, yanılmaram.
Ardı var...
Tərcümə: Nicat Məmmədov